“Nə ömür əbədi,
nə həsrət bitən...”
AFAQ ŞIXLININ POEZİYASI HAQQINDA
DÜŞÜNDÜKLƏRİM
Şairə
Afaq Şıxlının şeirlərilə ilk
tanışlığım bir neçə il əvvəl
Moskvada olub. Tədbirlərimizin birində təmkinlə irəli
çıxdı və yeni şeirlərini oxudu. Sonra da mənə
bir ülvi məhəbbətlə yoğrulan, ətirli
dağ çiçəklərindən
hörülmüş nəğmə çələnginə
bənzəyən “Səni düşünürəm”
adlı şeirlər kitabını verdi.
İlk
eşitdiyim şeiri məhəbbət mövzusunda
yazdığı “Həsrətim” adlanırdı.
Sən
məndən aralı, mən səndən uzaq,
Mən
səni sevmişəm belə, həsrətim!
Zalım
ayrılıqdan nə qədər yazaq?!
Dönmüşəm
bir susuz gülə, həsrətim!
Şeiri
dinləyərkən nədənsə mənə elə gəldi
ki, Afaq təkcə öz hisslərini, duyğularını
yox, həm də bizim, eləcə də bütün ətrafımızda
olan neçə sevən qəlbin hisslərini,
duyğularını poetik ifadə edib.
Afaq
Şıxlının şeirlərini oxuduqca, eşq
mülkünə ayaq basan aşiqin halına yanırsan, gah
yüksələn, gah enən, gah açıq, gah duman
içində olan fikirlərinin əlində az qala əsir-yesir
olursan. Kimsənin səni anlamayacağını bildiyindən
tənha qalmaq istəyirsən, dərdlərinlə
baş-başa qalmaq keçir xəyalından,
üzünü göylərə çevirib ulu tanrıdan
bütün sevənlərə uğur diləyirsən.
Məhəbbət
mövzusu Afaqın poeziyasında mühüm yer tutur. Şairənin
şeirləri kövrək, incə duyğulardan yoğrulub və
sevgi odu ilə ürək dediyimiz bir təndirdə bişib
sanki. Onlar neçə il öncənin aşiqlərinin,
qaynar gəncliyinin, sevib-sevilmək, xoşbəxt yaşamaq
ehtirası ilə alışıb-yanan adamların
qarşıdakı ümid dolu günlərinin həzin nəğməsidir.
Bu şeirləri dinləyəndə adama elə gəlir ki,
dünya çalxalanıb çirkinlikləri kənara atacaq,
özün də, duyğuların da saflanacaq və bu
duyğular səni həmişə saf və təmiz
saxlayacaqdır.
Sən
– yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə
ötəri naxış deyilsən!
Sən
– mənim ömrümün beşinci fəsli,
Nə
bahar deyilsən, nə qış deyilsən...
Bu
misralarda həyat, sonsuzluq, sevgi, axarlılıq və ümdəsi
– yenilik və təravət var.
Afaq
Şıxlı şeirlərini həm sərbəst, həm
də ənənəvi formada yazır. Belə yazılan hər
iki şeir forması mənim üçün əzizdir. Nə
yaxşı ki, o hoqqabazlıq etməkdən uzaqdı. Ənənəvi
formada yazdığı şeirləri oxuyanda bir daha qənaətə
gəlirsən ki, A.Şıxlı ədəbiyyat nəzəriyyəsini
gözəl bilir və bu biliyə sökənəklik ona,
heca vəznində uğurlu əsərlər yaratmağa imkan
verir. Sərbəst şeirlərini oxuyanda isə, bu
üslubun gözəlliyinə vurulmaya bilmirsən. Ən
başlıcası isə odur ki, onun şeirləri səmimidir.
Həsrət inam və ümidə qarışır onun
misralarında:
İstəməzdim
sevdan adlı bu yuxudan oyanmaq,
Aramızda
yavaş-yavaş dan sökülür, deyəsən...
Bu dəfəki
ayrılığa asan oldu dayanmaq,
Bu
ayrılıq sahilləri niyə mənəm, niyə sən?
Yaxud:
Deyir kama yetir
bu gün diləklər,
Bizim də arzumuz göyə ərz ola!
Sonunda qovuşa sevən ürəklər...
Tanrıdan bu gecə məni arzula!
Afaq Şıxlı yaradıcılığında doğma
yurd, doğma ocaq həsrəti, taleyüklü problemlərimizə
əsl övladlılıq,
ülvi sevginin tərənnümü mühüm
yer tutur. Şeirləri, dünyaya gözəl
və nikbin baxışların bəhrəsi
kimi təravətli və cazibədardır.
Onsuz da qürbətdə yaşadığımdan
yamanca kövrəkdi qəlbim. Bir kövrək, bir
incə misra tutur məni, uzun-uzadı çalxalayır
qəlbimi, həzin, qəmli bir nəğmə kimi ruhumu oxşayır. Bəzən bir söz yuxumu
ərşə cəkir,
saatlarla özümə
gələ bilmirəm.
Əslində hər bir şair belə olmalıdır.
Yenə
axşam düşüb,
qərib bir axşam...
Qərib ürəklərin dolduğu
vaxtdı.
Uzaqdan baxana bu – adi
yaşam,
İçindən çəkənə – bir
qara baxtdı.
Ulduzsuz səmanı bürüyübdü
sis,
Dolmuş gözlərimə görünmür
ay da.
İllərdi gümana aldanırıq
biz:
“Bəlkə bu baharda..., bəlkə bu yayda...”
İncə qəlbə malik,
təbiət gözəlliklərindən
məst olan, çeşmələrin nurunda
durulan, ulduzların ətəyindən yapışan,
haqqın ardınca baş götürüb qəribliyə üz tutan Afaq xanım,
bizim hər birimizi gəncliyimizə, ötən çağlarımıza
qaytarır, haraylayıb
doğulub boya-başa
çatdığımız yurda, kəndə-kəsəyə,
müqəddəs torpağımızın
ziyarətinə aparir,
ümumi dərdlərimizi
dilləndirir...
Ay Afaq, dilindən düşməyir Vətən!
Eşqinlə qismətin gələcəkmi
tən?
Nə ömür əbədi, nə həsrət bitən...
Qürbətdə puç olan zamana heyif!
lll
İncimirəm, məni yanlış
qananlardan,
İncimirəm, həsəd çəkib
yananlardan,
İncimirəm, dediyini dananlardan,
Öz dilini,
Millətini,
Vətənini dananlardan inciyirəm!
Tanıdığımdan bəri Afaqın şeirlərindəki duyğuları
özümünkü hesab
etdim. Bir daha inandım
ki, nə qədər ki, insanlıq var, insanlar var sevgi
də var olacaq. Onun şeirləri də
sevən qəlblərə
hakim olacaq, əbədiyaşarlığıyla
seviləcək, yaddaşlarda
qalacaqdır. Düzdü, hər bir insan
kimi şairlərin də ömür yolu var. Özümün ömür yoluma boylananda onun da bircə an olması qənaətinə
gəldim... yamanca qısaymış. Lakin
Afaqın şeir dünyasıyla tanış
olduqda, şairin gümanının gerçəkləşəcəyinə
inandım – biz sözlərimizlə
yaşayırıq və
yaşayacağıq!
Afaq Şıxlı
artıq püxtələşmiş
şairdir, bədii yaradıcılığıyla həm milli, həm də beynəlxalq ədəbi mühitdə tanınmaqdadır. Onun şeirlərindəki
yüksək vətəndaşlıq
mövqeyi, ideyalılıq
və vətənpərvərlik
onun yaradıcılıq
yolunu müəyyənləşdirərək,
ucalığa səsləməkdədir.
Bu il şairə üçün çox məhsuldar və uğurlu il olub: Azərbaycanda, redaktoru və ön söz müəllifi gözəl
şairimiz Məmməd
İsmayıl olan “Ömrümün beşinci
fəsli” adlı yeni şeirlər kitabı və Türkiyədə, istedadlı
türk yazarı İmdat Avşar tərəfindən tərcümə
edilmiş “Dostlarım,
mənə də bahar göndərin!” adlı seçilmiş şeirlərdən ibarət
toplusu işıq üzü görüb. Bundan əlavə şairə dəfələrlə müxtəlif
şəhərlərdə şeir simpoziumlarında və konfranslarda iştirak edərək uğurlar qazanır və harada olur-olsun Azərbaycanın
adını ucaltmaqda davam edir.
Afaq Şıxlının insanı
dağ çiçəkləri
kimi məst eləyən misralarını
hər oxuduqca bu qənaətə gəlirəm ki, o zaman ilk eşitdiyim və sevdiyim “Həsrətim“ şeiri
mahir qələmlə
nəzmə çəkilmış
ulvi duyğularımızdır.
İnanıram ki, bundan sonra da, hələ
neçə-neçə könül
mülkü onun sevgi şeirləri ilə isinəcək.
Həsrətdən, hicrandan yorulanları,
həsrət içində
yaşayanları öz
şeirləriylə ümidlə
yaşamağa səsləyəcək.
Bu günlərdə ömrünün
44-cü baharını qeyd
edən şairəmizə
arzum odur ki, Azərbaycan poeziyasında öz səsi, öz sözü olan Afaq Şıxlı parlaq sənət yolu keçsin, ədəbiyyatda, doğulduğu
yurda – Azərbaycan poeziyasına nəhəng
korifeylər bəxş
etmiş Qazax elinə və Şıxlı soyadına
layiq yer tutsun. Mən bunun məhz belə də olacağına inanıram!
Və şairənin mənə göndərdiyi
ən son şeirlərindən
birini onun çoxsaylı oxucularına
ərmagan etmək istəyirəm:
Bir gün azdırın məni!
İtirin
ilim-ilim!
Azadlıq dillərində çalınan
nəğmələri
mən də dinləyə bilim!
Məni
elə azdırın
bilinməsin ünvanım.
Bəzi
xoşbəxtlər kimi
gecə rahat uyuyub,
sabah sakit oyanım!
Yer tapmıram özümə!
Yolumda
min bir çığır...
Haraya üz tuturam
Ümidlərim sarsılır, duyğularım
ağrıyır.
Etibarım çat verib, –
yaxşı bildiklərimin
gör neçə üzü varmış!
Mənə məni tanıdan
şəffaf aynaların
da
əyrisi, düzü
varmış...
Nolar azdırın məni,
ay bəxtəvər xəyallar!
Ağ atlı səadətim
bəlkə itdiyim yerdə gəlib mənə rast ola!
Ruhum üsyanlarına bəlkə
son qoya bilə!
Bəlkə qəlbimin gözü sevincdən doya bilə?!
Neçə ki, itməmişəm
tapmayacam özümü,
Yaşaya
bilməyəcəm
ürəyim istəyəntək
ürəyimdən keçəni.
Qayğısız xəyallarım,
Qorxusuz xəyallarım,
Getdiyiniz
yerlərdə bir gün azdırın məni!
Nəsib NƏBİOĞLU,
Rəsul Rza və Yuri Dolqoruki adına
beynəlxalq ədəbi
mükafatlar laureatı
525-ci qəzet.-
2013.- 25 iyun.- S.7.