“Tolerantlıq bugünkü nailiyyətimiz
deyil, tarix boyu formalaşmış davranış tərzimizdir”
Müsahibimiz
siyasi elmlər doktoru Ramiz Sevdimalıyevdir. Söhbətimiz əsasən
Azərbaycanda millətlərarası və dinlərarası
münasibətlər fonunda tolerantlıq anlayışına
ümumi baxış, etnik münaqişələrin
xarakteristikası, Ermənistan-Azərbaycan münaqişəsinin
görünən və görünməyən tərəflərinə
siyasi nöqteyi-nəzərdən yanaşma, bu münaqişənin
həlli yolları və münaqişədən sonrakı
dövrdə digər xalqlarla birgəyaşayış məsələlərini
əhatə edir.
– Ramiz
müəllim, əvvəlcə Azərbaycanda millətlərarası
və dinlərarası vəziyyətin ümumi mənzərəsi
ilə bağlı fikirlərinizi, bu mövzuya münasibətinizi
öyrənmək istərdik.
– Bunun
üçün əvvəlcə Azərbaycanın yerləşdiyi
siyasi və coğrafi məkana diqqət yetirmək
lazımdır. Çox həssas, sivilizasiyaların kəsişdiyi,
Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən
məkandır. Geosiyasi baxımdan, kənar qüvvələrin
marağında olan ərazidir. Qısaca olaraq, Azərbaycanın
yerləşdiyi coğrafi məkanı lakonik şəkildə
belə xarakterizə edə bilərik. Bu baxımdan da bu ərazidə
məskunlaşmış etnik qruplar
müxtəlif olub. Bu gün də həmin müxtəliflik
saxlanılır. Çox maraqlıdır ki, bu məkanda tarix
boyu digər dövlətlərin maraqlarının olması səbəbindən
çoxsaylı müharibələr olsa da, bu müharibələr
siyasi, yəni, dövlətlərarası xarakter
daşıyıb və çox nadir hallarda etnik qruplar
arasında olan münaqişə olub. Bu ərazidə müxtəlif
dinlərin nümayəndələri məskunlaşıb.
İndi biz dünyaya nəzər salanda görürük ki,
dünyada bu və ya digər ölkələr arasında nə
qədər dinlərarası münaqişə var. Amma Azərbaycanda
belə bir problem yoxdur. Bu bizim həyat tərzimizdir ki,
müxtəliflik olmalıdır, müxtəlif etnik qruplar,
din nümayəndələri bizimlə birgə
yaşayırlar. Onların da bizimlə bərabər
hüquqları var, biz birgə normal yaşamalıyıq və
yaşayırıq da. Bu çox nadir və
başucaldıcı bir məqamdır. Bunu həmişə fəxrlə
qeyd etmək olar. Elə Bakı şəhərinə diqqət
yetirək: burada kilsələr,
məscidlər, sinaqoqlar, hətta bizə düşmən kəsilmiş
ermənilərin kilsəsi də çox böyük
qayğıyla qorunub-saxlanılır. Və heç kəsin
ağlına belə gəlmir ki, bunlar sökülməlidir,
dağıdılmalıdır və sair. Bu gün də
Azərbaycan
çoxmillətli və müxtəlif dinə mənsub
insanların məskunlaşdığı ölkədir.
Bunun
müsbət cəhəti də var, təhlükəsizlik
baxımından mənfi cəhəti də. Müsbət cəhəti
odur ki, müxtəlif xalqlar, fərqli dinə sitayiş edənlər
müxtəlif mədəniyyətlərə, inkişaf səviyyəsinə,
davranış qaydalarına malik xalqların
qarşılıqlı faydalanma məsələsi var. Bu da
inkişafa, tərəqqiyə impuls verən bir amildir. Mədəniyyətlərin
bölüşməsi və paylaşması buna təkan
verir. Məhz bu səbəbdən ölkəmizdə tez-tez
dinlərarası, sivilizasiyalararası dialoq adı altında
beynəlxalq tədbirlər keçirilir. Bunda iki məqsəd
güdülür: Həm bizim təcrübəmiz inkişaf
etdirilir, həm də digər dövlətlər iştirak edərək
qarşılıqlı mübadilələr aparılır.
Məsələnin
mənfi tərəfinə gəlincə, çoxmillətli
ölkələrin milli təhlükəsizlik
baxımından qarşılaşdığı təhdidlər,
risklər də mövcuddur. Bu, Azərbaycana da aiddir. Etnik
qrupların ölkə ərazisində məskunlaşma məsələsi
ciddi məsələdir. Bunlar toplum şəkildə bir ərazidə
məskunlaşıblar, yoxsa paylanıblar? Əgər bunlar
bir ərazidə məskunlaşıbsa, deməli, artıq
toplum şəkildə müəyyən səviyyədə
özləri bir gücə
malikdirlər. Amma pərakəndə halda
paylanıblarsa, bunlar toplum şəkildə güc deyillər.
Digər məsələ, müxtəlif etnik qrupların məskunlaşdığı
ərazilərin transsərhəd xarakteri
daşıyıb-daşımamasıdır. Azərbaycanın
qarşılaşdığı belə problemlər var.
Burada nəyi əsas vurğulamaq istəyirəm? Yəni,
müxtəlif etnik qrupların nümayəndələri
transsərhəd xarakterli ərazilərdə məskunlaşanda
istər-istəməz digər tərəfdən təhlükə,
risk yaranır. Ölkədən kənar qüvvələr bu
zaman daima prosesləri körükləyirlər,
çalışırlar ki, öz maraqlarına uyğun olaraq
separatçılıq meyilləri yaratsınlar və sair. Azərbaycan
geosiyasi baxımdan həssas dövlət olduğu
üçün müxtəlif güc mərkəzlərinin
burada maraqları var: Rusiya, İran, ABŞ, Qərb ölkələri
və sair. Ona görə də mütəmadi olaraq biz
Azərbaycanda
müxtəlif separatçı meyllərlə
qarşılaşa bilərik.
Özü
də etnik zəmində daha tez-tez qarşılaşmaq
ehtimalı var. Dini zəmində də cəhd olub, amma onun
qarşısı alınıb. 1988-ci ildə Dağlıq
Qarabağla bağlı problem baş qaldıranda ermənilər
çox istəyirdilər ki, bu toqquşmaya dini don geyindirsinlər,
burada etnik, siyasi zəmin olmasın.
– Məqsəd
nə idi?
– Məqsəd
Azərbaycanı təkləmək idi, bütün dünyaya
car çəkmək ki, Azərbaycanda guya, islam fundamentalizmi,
islam ekstremizmi var, buna görə də erməniləri
qırırlar.
– Yəqin
ki, əsas niyyətləri də xristian dünyasından dəstək
almaq idi...
– Bəli,
SSRİ-nin son prezidenti Qorbaçov da Bakıya ordunu yeridəndən
sonra televiziyada çıxışında bildirdi ki, Azərbaycanda
islam fundamentalizmi baş alıb, gedir, ona görə Bakıya
ordu yeridilib. Yəni, bunu çox istəyən qüvvələr
var idi. O vaxt ermənilər Azərbaycana qarşı ərazi
iddialarını ortaya qoyanda irəli çıxan liderlərdən
biri Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə oldu. O
1988-ci ilin fevralında ermənilərin katalikosu I Vazgenlə
görüşdü və onlar bəyannamə qəbul elədilər.
O bəyannamədə açıq-aşkar deyilir ki, bu
münaqişə dini zəmində deyil, etnik, siyasi xarakter
daşıyır. Bəyanatı
diqqətlə nəzərdən keçirəndə hətta
görürsən ki, baxmayaraq ki, onda Azərbaycan və Ermənistan
müstəqil dövlət olmasa da bu münaqişənin
siyasi, dövlətlərarası münaqişə olması
görünür. Ondan sonra dəfələrlə
Şeyxülislamın erməni katalikosları ilə
görüşlərində bu tendensiyanın
qarşısı alınıb ki, bu qətiyyən dini
münaqişə deyil. Yəni, Azərbaycana qarşı belə
iddialar olub və vaxtında qarşısı alınıb.
Bizdə dini zəmində münaqişə olmayıb.
Ermənilərin
dini zəminlə bağlı iddiaları öz yerini
tapmadığından sonra başqa variantlar ortaya atdılar.
Guya, ermənilər xalq kimi öz
müqəddəratlarını təyin etmək istəyirdilər,
amma bizim silahlı qüvvələrimiz onları
öldürür, buna imkan vermirlər. Dini zəminlə
bağlı planları alınmadığından sonra məsələni
məhz etnik münaqişə kimi təqdim etmək istədilər,
guya Dağlıq Qarabağ mübahisəli ərazidir, ermənilər
deyir bizimdir, azərbaycanlılar deyir, bizimdir. Çox
maraqlıdır ki, dünya ictimaiyyəti də bunu belə qəbul
etmək istəyir. Amma əslində Dağlıq Qarabağ
münaqişəsi sırf etnik qruplar arasında olan
münaqişə deyil. Bu dövlətlərarası, siyasi
münaqişədir, bu ərazi uğrunda gedən müharibədir.
Konkret olaraq, Ermənistan Azərbaycandan ərazi tələb
edir. Dövlətlərarası münaqişə olduğu təsdiqlənəndə
bu, o deməkdir ki, hər hansı bir dövlət digər
dövlətin ərazisinə iddia edir. Amma etnik qruplar
arasında münaqişə olanda hesab edirlər ki, titul
xarakterli xalq (yəni, əksəriyyət təşkil edən)
bizim situasiyamızda azərbaycanlılar, ermənilərin
hüquqlarını pozmuşuq, onlar guya öz müqəddəratlarını
təyin etmək istəyirlər, amma biz imkan vermirik. Bu da
mütləq şəkildə kənardan təhrik olunur, idarə
edilir. Bu həm də geosiyasi münaqişədir. Bir
çox ölkələrin ortaq məxrəcə gələ
bilməməsi, bir sıra dövlətlərin
maraqlarının toqquşması bunu sübut edir.
Bizdə
etnik münaqişələr həmişə kənardan
yaradılıb.
Azərbaycanın
müstəqil dövlət kimi formalaşması Rusiyanı
narahat edirdi, ona görə də buradan çıxmazdan əvvəl
gec partlayan bombalar qoydu. Bu bombalar isə
separatçılıq, etnik zəmində münaqişələr
idi. Ermənilərin Qafqaza köçürülməsi
haqqında həmişə danışılıb. Sadəcə
xatırlatmaq istəyirəm. Gülüstan və Türkmənçay
müqaviləsindən sonra Cənubi Qafqaza bir milyondan
artıq erməni köçürülüb. Bunu mən yox,
rus tədqiqatçıları deyiblər, hələ 1911-ci
ildə çıxan kitabda yazıblar. Nikolay Şavrov
yazıb ki, Cənubi Qafqazda yaşayan bir milyon üç
yüz min erməninin bir milyondan artığı aborigen ermənilər
deyil. Yəni, bunları çar Rusiyası
köçürüb və Yelizavetpol quberniyasının
Dağlıq Qarabağ bölgəsində yerləşdirib. Əslində
Dağlıq Qarabağ anlayışı da sonradan yaranıb,
daha doğrusu, onların Göyçə gölü sahilində
və digər strateji baxımdan maraqlı bölgələrdə sonradan müsəlman olan azərbaycanlılara
qarşı istifadə etmək məqsədilə yerləşdiriblər.
Və onlara Azərbaycanda hər cür şərait
yaradılıb, muxtariyyət verilib. Ermənistanda isə əksinə,
nəinki azərbaycanlılara muxtariyyət verilib, hətta
onların normal yaşaması da təmin edilməyib.
– Bizdə
az sayda erməniyə dediyiniz şəraitin yaradılması,
üstünlük verilməsi bizim hələ o vaxtdan həm
dövlət, həm də cəmiyyət səviyyəsində
həddindən artıq xoşgörülü, tolerant
olmağımızın nəticəsidir-deyə bilərikmi?
–
Tolerantlığın həddən artıq olması aydın
məsələdir. Digər tərəfdən, bu idealizmə
yaxın məsələdir. Əfsuslar olsun ki, eyforiyaya
qapılmaq, reallığı olduğu kimi qiymətləndirə
bilməmək, ona olduğundan daha yüksək qiymət vermək
bizdə var.
Bizim hədsiz
tolerantlığımız və digər bu kimi xüsusiyyətlərimiz
mütəmadi olaraq bizə zərər verib.
Eyni
zamanda ermənilərin üstün mövqeyinin saxlamasında
xarici qüvvələr də köməyini əsirgəməyib. Dünya ictimaiyyətinin mövqeyi
də aparıcı rol oynayıb. İraq 1990-cı ildə
ordusunu Küveytə yeritdi, dərhal İraqı təcavüzkar
adlandırdılar, Küveytə dəstək verildi ki, BMT Təhlükəsizlik
Şurası qətnamə qəbul elədi və
özünümüdafiə hüququndan istifadəyə
şərait yaratdı. Amma ermənilərlə bağlı
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul elədiyi qətnamələrin heç birində Ermənistan
təcavüzkar adlandırılmayıb və Azərbaycanın
özünümüdafiə hüququ da müvafiq olaraq təsdiq
olunmayıb. O mənada ki, BMT Təhlükəsizlik
Şurası qətnamələri qəbul edərkən
münaqişənin xarakteristikasını verməyib, müəyyən
eləməyib. Bu sırf dövlətlərarası
münaqişə olsa da BMT-nin sənədlərində
görünmür, yoxdur. Ümumiyyətlə, bütün
beynəlxalq təşkilatların, bu münaqişə ilə
bağlı tutduğu mövqe çox təəssüf
doğurur. İstənilən beynəlxalq təşkilatın
nümayəndəsi gəlir, yüksək səviyyədə
elan edir: biz Azərbaycanını ərazi
bütövlüyünü dəstəkləyirik. Ölkə
prezidentləri münaqişənin həllini hansı formada
razılaşdırsalar, biz dəstəkləyəcəyik. Vəssalam.
Bunlar demirlər ki, beynəlxalq hüququn normalarına əsasən
münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir – bu vacib ifadəni demirlər. Bunlar hesab edirlər
ki, sabah danışıq əsnasında Azərbaycan öz ərazisini
Ermənistana güzəştə getsə, bunu da dəstəkləyəcəklər.
Beynəlxalq hüquq normalarına əsasən, təcavüzkara
qarşı sanksiyalar tətbiq olunmalıdır. Bu mexanizm
işə düşməlidir.
– Amma yəqin
ki, bu vəziyyət əbədi davam etməyəcək..
–
Münaqişələr dondurulduqca onların yenidən
baş qaldırması ehtimalı artır. Ötən əsrin
40-cı illərindən bəri Fələstin münaqişəsi
davam edir. Əfsuslar olsun ki, belə bir nümunə də var.
Bu münaqişə getdikcə yeni çalarlar alır. Nəyə
görə bunu deyirəm: 60-70-ci illərdə Fələstinin
İsraillə apardığı mübarizə sırf Fələstin
dövlətinin yaranması uğrunda aparılan
münaqişə idi. Lakin 70-ci illərin ikinci
yarısından sonra artıq fələstinlilərin
apardığı mübarizə dini çalar almağa
başladı. Əvvəllər onların mübarizəsi
yalnız sivil xarakter daşıyırdısa, yəni o mənada
sivil ki, dini çaları yox idi, ancaq 70-ci illərin ikinci
yarısından dini hərəkatlar yaranmağa
başladı, cihad adı altında Fələstinin azad edilməsi
uğrunda motivlər ortya atıldı. Sonralar Hizbullah
yarandı və sair. Bu münaqişədə motiv dəyişdiyinə
görə dünya ictimaiyyətinin münasibəti də dəyişdi.
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə,
ilk öncə biz dünya ictimaiyyətini
inandırmalıyıq ki, Ermənistan Azərbaycanın ərazisinə
silahlı təcavüz edib, ərazilərimizi işğal
edib. Yəni, burada beynəlxalq təşkilatların
Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycana
və Ermənistana münasibəti fərqli olmalıdır.
Digər tərəfdən biz dünya ictimaiyyətini
inandırmalıyıq ki, heç bir halda biz ermənilərə
xalq səviyyəsində nifrət bəsləmirik,
Dağlıq Qarabağda yaşayan erməniləri
qırası deyilik. Əgər onlar Azərbaycanın
Konstitusiyasını qəbul edəcəklərsə, Azərbaycan
dövlətinin vətəndaşlığını qəbul
edərək bu ölkənin tərkibində yaşamaq istəyirlərsə,
onlar da bərabərhüquqlu vətəndaş olacaqlar. Bu
ciddi məqamdır. Çünki ermənilər dünyaya
car çəkirlər ki, azərbaycanlılar bizi
öldürürlər, onlarla bir yerdə yaşamaq
mümkün deyil. Biz ortaya bayaq
danışdığımız tolerantlığımızı, müxtəlif
xalqların və dinlərin nümayəndələrinə
hörmətimizi bir daha ortaya qoymalıyıq.
Amma
korrektə olunmuş, dəqiq şəkildə. Heç bir
halda ermənilərin bizimlə birgə yaşamaq hüququnu
təmin eləmək o anlama gəlməməlidir ki, biz ermənilərə
nəyisə güzəştə gedəcəyik. Ermənilərə
Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə
bəslənən eyni münasibət bəslənəcək,
onlara əlavə heç bir status verilməyəcək. Cəmiyyətdə
sabitliyi qorumaq üçün bu məsələdə hər
bir xalqın bərabərlik prinsipi çox vacibdir. Kiməsə
üstünlük verilsə, kimsə aşağılansa
sabitlik pozula bilər. Bayaq da qeyd elədiyim kimi biz
çalışmalıyıq ki, beynəlxalq təşkilatları,
dünya ictimaiyyətini əslində vəziyyətin nə
yerdə olduğuna inandıraq. İnanmaq istəməsə də
bu sahədə davamlı, ardıcıl iş aparmalı,
münaqişənin dinc yolla həllinə nail
olmalıyıq. Tolerantlığımızı,
xoşgörülü olduğumuzu bir daha dünyaya sübut
etməliyik.
– Azərbaycanda bu yönümdə
keçirilən beynəlxalq tədbirlər əcnəbilərin
özlərinin də etiraf etdikləri kimi
tolerantlığımızı sübut eləmirmi?
– Hazırda ermənilər dünyaya Dağlıq Qarabağ xalqı deyə bir ifadəni sırımaq istəyirlər. Dünya ictimaiyyətini bu ifadə ilə çaşdıraraq bildirirlər ki, guya azərbaycanlılar “Dağlıq Qarabağ xalqı”nı öldürürlər. “Dağlıq Qarabağ xalqı” yoxdur axı? Dağlıq Qarabağda məskunlaşmış ermənilər var, azərbaycanlılar var, müəyyən miqdarda digər kiçik etnik qrupların nümayəndələri olub. Ermənilər özlərini ayrıca bir xalq kimi təqdim edərək bunu da irəli sürürlər ki, guya “Dağlıq Qarabağ xalqı” öz müqəddəratını təyin etmək istəyir. Bayaq BMT qətnamələrindən danışdıq. Düzdür, orada Ermənistan təcavüzkar kimi göstərilmir, amma orada mənim çox xoşuma gələn başqa bir məqam var; orada “Dağlıq Qarabağ xalqı” məsələsi aradan götürülüb. Orada “Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış ermənilər” ifadəsi var. Bu da o deməkdir ki, bəri başdan qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanındır, orada ermənilər məskunlaşıb. Düzdür, demirəm ki, o qətnamələr lazımsız bir sənəd olub. Onlar çox vacib sənədlərdir. Sadəcə mütəxəssis kimi istəyirəm ki, onlar gərək çox yaxşı, mükəmməl sənəd olaydılar. İstərdim ki, orada bütün bunlarla yanaşı göstəriləydi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Orada gərək digər məqamlar da nəzərə alınaydı. Söhbət ondan gedir ki, bunu alayarımçıq ediblər.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 26 iyun.- S.6.