Sən mənim anamsan
Doğum günümü sevmirəm. Artıq 20 ilə
yaxındır ki, həmin gün mənimçün qəribə
duyğusallıq, kövrəklik və hətta göz
yaşları ilə müşaiyət olunur. Artıq 20 ilə
yaxındır mən bu günü sevmirəm. Bunun nədənini
ilk dəfə olaraq yazmaq, oxucularımla bölüşmək
ehtiyacı duyuram. Və bu il həmin günü anamla, əzizlərimlə
keçirmək arzumu boğa bilmədiyimi hiss edirəm. Sabah
Bakıya yola düşürəm. Buna bir az da sevimli yazar
dostum Əkbər Qoşalının Dünya Gənc Türk
Yazarlar Birliyinin 15-ci yubiley Qurultayına və Türk
Dünyası Şeir Şölənində iştirak və
çıxış etmək təklifi təkan oldu, deyə
bilərəm. Amma necə olur-olsun, bu il doğum günümdə
Vətənimdə olacam.
Hər
Bakıya gəldiyimdə ilk görmək istədiyim insan –
bibimdir. Qəribənizə gəlməsin, çünki bibi
dediyim qadın – mənim Anamdır! Hər kəs öz
anasına “Ana” deyə müraciət edir, mənsə “bibi”
deyirəm. Nədən? Çünki ömrümün 25
ilini bu fədakar, qayğıkeş, cəfakeş insanın
mənim bibim olduğunu düşünmüşəm.
“Dünyada heç kəsin bibisi onu belə çox sevə
bilməz”,- demiş və körpəliyimdən içimdə
ona qarşı izahı mümkün olmayan sonsuz, incə
duyğular bəsləmişəm. 25 yaşımda isə, məni
böyüdən və “ana” dediyim insanın – bibim, “bibi”
dediyim qadınınsa məni dünyaya gətirən anam
olduğunu öyrənmişəm.
Bu xəbəri
necə qarşıladığımı soruşan olsa, filmlərdə
baxdığımız və romanlarda oxuduğumuz əhvalatlarla
heç bir oxşarlığı olmadığını deməliyəm.
Yəqin ki, mənə məlum əsərlərin
yazarları belə bir halı yaşamayan insanlar olduqları
üçün, romantik və duyğulu epizodlar qələmə
alaraq qəlbləri riqqətə gətirməyə
çalışmışlar. Əslində isə, bu – bir
neçə anda bir həyatın başqa bir həyatla əvəz
olunması, hisslərin uçurum başında dayanması,
sonradan isə qalan ömrün “bəlkə”lər və “nədən”lər
içərisində yaşanması deməkdir. Filmlərdə,
adətən, bunu öyrənən övladlar inciyib
küsür, təkliyə qapılır..., onu başa
salmağa və könlünü almağa
çalışırlar. Həyatda isə tamam başqa səhnələr
yaşanılır.
Azərbaycanın
baş geoloqu, alim, mühəndis Arif Şərif bəy
oğlu Şıxlinskinin ailəsində dünyaya gələn
beşinci övlad mən olmuşam. Övladı olmayan bibimin
himayəsinə verilərək böyümüş, ali təhsil
almış, ailə qurmuş və yalnız iki övlad
anası olduğum zaman əsl ata-anamın kim olduğunu
öyrənmişəm. 40 illik müəllimlik təcrübəsi
olan (Azərbaycan dili və ədəbiyyatı) olan ana dediyim
müdrik insan – rəhmətlik Afitab xanım Şıxlinskaya
– mənə həyatda çox şey vermişdir. Ədəbiyyata
vurğunluğum və şeirə olan ölməz sevgim,
irsiyyətdən əlavə, bəlkə də onun tərbiyəsinin
məhsuludur. Lakin hər necə olur-olsun, insan öz doğma
anasının kimliyini öyrənərkən, hələ bu
ananın onun ta körpəliyindən bəri bütün
çətin anlarında yanında olduğunu, hər zaman, hər
an öz varlığı ilə ona dayaq olduğunu
xatırlayarkən, onu nədən bu qədər dərin, həsrətli
məhəbbətlə sevməsinin səbəbini anlayarkən,
istər-istəməz dərindən ANAM deyib boynuna
sarılmaq istəyini boğa bilmir... amma boğmağa məcbur
olur. Və bu məcburiyyət insanın ruhunu anbaan, günbəgün
sarsıdır, kimsənin anlaya bilməyəcəyi
hüzünlərə səbəb olur.
Atamı
– doğma atamı, həqiqətləri bildiyimdən 2-3 il
sonra itirdim. Onu doyunca əzizləmək mənə nəsib
olmadı. Və bu bir neçə il ərzində də
gözlərini gözümə baxdırmadı atam. Səbəbini
heç zaman bilməyəcəm... Amma anam ki sağdır.
Onu ki əzizləyə bilərəm?!
Beləcə,
hər Bakıya gəldiyimdə, körpəliyimdən bəri
məndən və ondan asılı olmayan səbəblər
üzündən, səsinə, özünə, nəfəsinə
həsrət qaldığım, indi isə qürbət həyatı
ucbatından ildə yalnız bir-iki dəfə görə
bildiyim anamı görməyə can atıram. Amma mən onun
görüşünə getmək əvəzinə,
qapını açıb içəri girdiyimdən cəmi
bir neçə dəqiqə sonra, o mənim
görüşümə gəlmiş olur. ...Və hər dəfə
qapının zəngi çalınanda, ürəyimdə “sənə
qurban olum, ana” desəm də, qapını
açdığımda, illər vərdişi ilə “bibi”
deyib boynuna sarılıram.
Bir
neçə gün ürək sözlərimiz bitib-tükənmir.
Hətta gecələri belə danışmaqdan, bir-birimizin
söhbətini dinləməkdən doymuruq. Anamın nəfəsini,
səsini, kövrək əllərilə saçlarıma
çəkdiyi sığalı, bişirib qarşıma
qoyduğu yeməyin ləzzətini dünyanın
bütün var-dövlətinə dəyişmərəm. Bu
elə bir sərvətdir ki, onun yerini verəcək heç nə
ola bilməz.
Sevimli
şairimiz Məmməd İsmayıl tez-tez mənə mərhum
anasından danışır, kövrəlir, gözləri
dolurdu... Bir-birinin ardınca anası Gülzar xanıma həsr
etdiyi şeirlərdən söyləyir... lakin yenə də
ürəyi boşalmırdı. Əksinə, ana
yoxluğunun yerinin sızım-sızım sızladığını
hiss edirdim... Belə anlarda anamı görmək ehtiyacı
duyurdum. Onun, uzaqda olsa da, dünyada olması mənə
güc verirdi, Allaha min şükür edirdim.
Anam –
Mirvari xanım Şıxlinskaya – bütün
ömrünü balalarına, həyat yoldaşına və
evinin sonsuz sayda qonaq-qarasına həsr edib. “Bibingilə
gedirik” deyəndə, sevincimin həddi-hüdudu olmurdu. Bibi
sözünün arxasında – məni hər kəsdən
daha artıq sevən, dadlı-duzlu yeməkləri bir siniyə
düzüb mən yeməyincə arxamca gəzən, Sahil
Parkında ürəyim istədiyi bütün yelləncəklərə
mindirən, ağrıyanda, xəstələnəndə
yatağımın yanından çəkilməyən,
bütün günü yorulub əldən düşməsinə
rəğmən, yenə də maraqlı nağıllar və
əhvalatlar danışıb bizi əyləndirməyə
özündə güc tapa bilən bir insan dururdu. Və bu
insanı görmək mənimçün ən böyük
sevinc idi. Bibi uşaqları bildiyim, canımdan artıq sevdiyim
bacı-qardaşlarımdan, bu get-gəlli, qonaq-qaralı,
hay-küylü evdən və ən əsası da müdrik nənəm
Məsumə xanımdan ayrılıb yalnız kitablarımla
baş-başa qaldığım evə getmək hər zaman
ağrılı olurdu. Bəzən, “niyə bizim evdə də
nənə yoxdur, niyə mənim bacım, qardaşım
yoxdur” deyə ağladığım da olurdu. Sonra isə,
bacılı-qardaşlı həyatları əsk etdirən
macəra dolu, canlı həyatlar yaşanan kitablara sarılar,
gecəni sübhə kimi gözlərim qapanınca
oxuyardım.
Bəlkə
də bu sətirləri oxuyunca anam kövrələcək,
ağlayacaq. Ona heç zaman demədiyim və bundan sonra da
sözlə deməyəcəyim bu hisslərim onun qəlbinin
başına od salacaq. Amma mən tək böyüməyimin
ağrı-acılarının səbəbini anamda
görmürəm. O öz həyat yoldaşının
bacısına övlad bağışlayaraq bir ailənin
dağılmasının qarşısını
almışdı. Anam böyük ürək sahibi olduğu
üçün bu fədakarlığı etmişdi.
Heç zaman heyifsləndiyini söyləməsə də, mən
onun içindən nələr keçdiyini anlamamış
deyiləm. Bircə dəfə, yaxın günlərdə, mənə
“sən bizə gəlib gedəndən sonra ətrin burnumdan
getmirdi” demişdi, sonra isə söhbəti dəyişmişdi
anam.
Ana, ay
ana! Sən məndən daha xoşbəxt olmusan! Sən mənim
ətrimin necə olduğunu bilmisən, mən isə
bacı-qardaş ətrinin necə olduğunu heç zaman
bilməmişəm. Gəlinciklərimə ad qöyub, onlara
bacı deyib yatağımda yatırtmışam. Qardaşlar
bacılarını qoruyarkən, həyətdə, məktəbdə
müdafiə edərkən, axşamlar institutun
qarşısında qarşılayarkən – hər dəfə
gözlərim dolub.
Ana, sənin
böyük ürəyində hər kəsə yer olub, amma
nə yazıq ki, isti qucağında mənə yer
olmayıb. İndi isə, hər mən Bakıya gəldiyimdə
mənimlə yatır, əlinlə yedirir, saçımı
tumarlayırsan... körpə kimi. Halbuki mən artıq
körpə deyiləm. Lakin əllərinin istisinə hər
zaman möhtac olacam.
Məni
dünyaya gətirdiyin üçün sağ ol! Sağ ol ki,
qanımda axan misralarla sənə olan sevgimi izhar edə bilirəm.
Əlirza Həsrətin dediyi kimi, “Mən sənin ən
duyğulu əsərinəm!” Sən də mənim şeir
dolu dünyamsan, ana!
Anama “Səni
çox sevirəm, ana!” demək istəyirəm. Bunu dəfələrlə
desəm belə, hər zaman sevərək oxuduğu bu qəzetin
səhifələrindən bir də öz gözlərilə
oxumasını istəyirəm.
Ana, səni
çox sevirəm! Hər dəfə yanılıb “bibi”
dediyimdə məni bağışla. Sən mənim Anamsan və
bu həqiqəti dəyişməyə bir daha kimsənin
gücü yetməyəcək!
Sözlərimi
adətim üzrə bir şeirlə bitirir və bizi
dünyaya gətirən, bizə can verən, həyat verən
analarımıza uzun ömür diləyirəm!
Bir insan
var dünyada,
bilirsən
ki, o səni hər kəsdən çox istəyir!
Nə qədər
yorulsa da,
sən gəlib
çıxmayınca, yollarını gözləyir!
Bir insan
var dünyada,
öz
ömrünü-gününü sənə qurban eləyir!
Bir dəfə
çağıranda dilinə şəkər qatıb
yüz dəfə
“can” söyləyir!
Bir insan
var dünyada,
nəfəsilə
isidib, canına can qatır o!
Həzin
laylalarıyla
sən
yuxuya gedəndə, bəlkə bir az yatır o!
Bir insan
var dünyada,
gəncliyi
solsa belə yenə tərdi, gözəldi!
Onun
adı səninçün
hər
bir addan şirindi, hər bir addan əzəldi!
Qoruyur mələk
kimi,
min bir dərddən
hifz edir, kömək olur insana!
Bütün
kainat bilir,
bu müqəddəs
varlığın adı – ANAdır! ANA!
Afaq Şıxlı
525-ci qəzet.-
2013.- 26 iyun.- S.4.