Xaricdə saxlanılan əlyazmalarımız
haqqında dəyərli mənbə
Filologiya
elmləri doktoru, professor Azadə Musabəylinin bu yaxınlarda
çapdan çıxmış “Xarici ölkələrdəki
Azərbaycan əlyazmalarının toplu kataloqu” (Bakı:
“Elm”, 2012, 3 cilddə. Elmi redaktoru: filologiya elmləri doktoru Məmməd
Adilov; rəyçilər: filologiya elmləri doktorları:
Kamandar Şərifov, Möhsün Nağısoylu) Azərbaycan
əlyazma irsini, kitab tarixini öyrənmək cəhətdən,
son dövrlərin mənbəşünaslıq,
kitabşünaslıq sahəsində araya-ərsəyə gələn
ən möhtəşəm araşdırmalarından biridir.
Çağdaş zamanda belə bir mühüm əhəmiyyət
kəsb edən kataloqun meydana gəlməsində, əlbəttə,
tədqiqatçının əlyazmalar üzərində
apardığı çoxillik araşdırmaları, bu sahədəki
geniş elmi-tədqiqat bacarığı, təcrübəsi
böyük rol oynamışdır. A.Musabəylinin
çalışdığı AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutu hal-hazırda dünyanın ən zəngin əlyazma
irsi saxlanılan elmi mərkəzlərindən biridir. Burada
orta əsrlərdə üç dildə – ərəb, fars və
türk dillərində köçürülmüş 12
minə yaxın əlyazma kitabı (təxminən 60 min əlyazma
əsəri) mühafizə olunaraq qorunur. Vaxtilə müxtəlif
yollarla Azərbaycandan aparılmış təxminən o qədər
də xalqımızın mənəvi irsi bu gün
dünyanın müxtəlif ölkələrinin ən məşhur
kitabxana, muzey və ayrı-ayrı imkanlı adamlarının
şəxsi kolleksiyalarında saxlanılmaqdadır. Tədqiqatçı
uzun illərdən bəri çalışdığı
elmi tədqiqat institutundakı əlyazmalar üzərində
araşdırma aparmaqla bərabər, Azərbaycan mədəniyyəti,
elmi üçün böyük əhəmiyyət kəsb
edəcək dəyərə malik olan, olduqca vacib bir işə
girişərək, dünyanın müxtəlif ölkələrindəki
əlyazmalarımız haqqında ətraflı elmi-paleoqrafik
bilgi əldə edərək üçcildlik toplu kataloqu tərtib
edib. Kataloqa 685 azərbaycanlı müəllifin xarici ölkələrdə
saxlanılan 10.000-dən artıq əlyazma nüsxəsinin təsviri
məlumatı daxil edilmişdir.
“Xarici
ölkələrdəki Azərbaycan əlyazmalarının
toplu kataloqu”nda bədii əsərlər haqqında məlumat
əksəriyyət təşkil etsə də, onların
arasında müxtəlif elmlərə – dilçiliyə,
tibbə, astronomiyaya, hüquqa, tarixə, riyaziyyata,
leksikoqrafiyaya, ilahiyyata və s. aid əlyazmalar haqqında ilkin
təsviri informasiya verilir. Kataloqdakı mənbələrin
müxtəlifliyi çox güman ki, humanitar elmlərin
mütəxəssisləri kimi, ayrı-ayrı elm sahələrində
çalışan tədqiqatçıların da
böyük marağına səbəb olacaq. Kataloqda əlyazmaların
hansı ölkədə saxlanmasından, dilindən, aid
olduğu elm sahəsindən asılı olmayaraq, hər bir əsər
müəllifinə görə əlifba sırası ilə
düzülüb.
Çox
təəssüf ki, köçürüldüyü yer,
müəllifin, katibin azərbaycanlı olması nəzərə
alınmadan, mətninin dili əsas götürülməklə
əlyazmalarımız uzun müddət əcnəbi tədqiqatçılar
tərəfindən yadlaşdırılaraq, başqa xalqlara
aid edilib. Məsələ ilə bağlı bu sahədə
çalışan mütəxəssislər arasında uzun
müddət mübahisə də olub. L.Dimitriyeva və
O.Akimuşkin kimi təcrübəli rus tədqiqatçıları
öz əsərlərində dünya kitabxanalarında azərbaycanlı
müəlliflərə məxsus fars və ərəb dilində
yazılaraq köçürülmüş çoxlu sayda əlyazma
əsərlərini Azərbaycan kitabı hesab etmədiklərinə
görə, milli sərvətimizin əsas hissəsini təşkil
edən xaricdə saxlanılan əlyazma
kitablarımızın sayını minimuma endirmişlər.
Məsələn, L.Dmitriyeva məsələyə
qeyri-obyektiv yanaşaraq, əlyazmanın yalnız dilinə
istinad etməklə Rusiya EA Şərqşünaslıq
İnstitutunda cəmi “25-30 Azərbaycan manuskriptinin”
saxlandığını göstərib. Halbuki həmin
institutun kitabxanasının şərq bölməsi vaxtilə
Azərbaycandan aparılmış əlyazma kitabları əsasında
təşkil olunub. Bu gün oxuculara təqdim olunmuş
kataloqun tərtibçisi isə bu məsələyə
olduqca həssalıqla, diqqətlə yanaşıb, yəni hər
bir əlyazma əsərinin müəllifinin adını,
soyadını, künyəsini, katibini, həmçinin əlyazmanın
digər paleoqrafik əlamətləri üzərində dəqiqləşdirmələr
aparmaqla anadilli əsərlərlə bərabər, ərəb,
fars dillərində köçürülmüş əlyazmalarımızı
da müəyyənləşdirməyə müvəffəq
olub.
Üçcildliyə
tərtibçi geniş bir müqəddimə yazıb və
burada Azərbaycan əlyazmalarının dünya üzrə
səpələnmiş nümunələrinin ölkələr
üzrə hansı kitabxanalarda, muzeylərdə və yaxud da
şəxsi kolleksiyalarda yerləşdiyini hər bir əlyazmanın
təsvirində qeyd edib. Bundan başqa o, bugünkü Azərbaycan
əlyazmaşünaslığının vəziyyəti,
xaricdəki əlyazmalarımızın elmi-paleoqrafik
xüsusiyyətləri, Azərbaycan ədəbiyyatı
tarixinin və mətnşünaslığın tədqiqində
xaricdəki əlyazmalarımızın rolu, Şərq əlyazmaları
və Azərbaycan əlyazma kitabı, xaricdəki əlyazmalarımızla
bağlı bəzi tədqiqatlar, xaricdəki əlyazmalarımızla
əlaqəli görülməkdə olan və görüləcək
işlər, nəhayət toplu kataloqun nəşrə
hazırlanması və tərtibi prinsipləri məsələlərinin
geniş şərhini verib.
Azərbaycan
əlyazmaları mədəniyyət, din etibarilə bizə
yaxın olan Yaxın və Orta Şərqin əksər mədəniyyət
mərkəzlərində –Tehran, Məşhəd, Qum,
İsfahan, Konya, İstanbul, Qahirə, Tunis, Daşkənd,
Düşənbə, Kəlküttə, Laknau, Dəkkə,
Pəncab və s. şəhərlərin
kitabxanalarında saxlanmaqdadır. Şərq ölkələrinə
əlyazma kitablarımızın aparılması orta əsrlərdə
təbii bir proses idi. Yəni azərbaycanlı şair, alim, xəttat,
miniatürçü rəssamın və s. kitab
yaradıcısının Şərqin hansısa şəhərində
yaşayıb, orada fəaliyyət göstərməsinə o
zamanlar heç bir məhdudiyyət olmayıb. Belə də
ola bilərdi ki, Azərbaycanda
köçürülmüş əlyazmalar ya hədiyyə
kimi rəsmi şəxslərə verilib, ya da müharibələr
zamanı qarət olunaraq aparılıb. Tədqiqatçının
müşahidələrinə əsasən Şərqdə ən
çox əlyazmalarımız birinci növbədə
İranda, sonra isə Türkiyədədır. Avropada isə
əlyazmalarımız daha çox Moskva, Sankt-Peterburq, Londan,
Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo, Upsala və
ABŞ-ın bir sıra şəhərlərinin ən məşhur
kitabxana və muzeylərində saxlanılır və yaxud da
nadir eksponatlar kimi nümayiş olunur. Bu irsin yad ölkələrə
gedib çıxmasının da müxtəlif səbəbləri
olub. Burada ilk növbədə talançılığın
rolu olub. 1828-ci ildə Rusiya-İran müharibəsi sona
çatandan sonra Ərdəbildə Şeyx Səfi məqbərəsindəki,
Səfəvi hökmdarlarının uzun illərdən bəri
topladığı, zənginləşdirdiyi kitabxananı
bütövlüklə ruslar ələ keçirərək
Sankt-Peterburqa aparıblar. Məhz bu əlyazmalar əsasında
XIX yüzilliyin əvvəllərində Rusiyada şərqşünaslıq
elmi meydana gəlib və inkişaf edib.
Azərbaycan
əlyazma kitabının müxtəlif nümunələri
digər yollarla, vasitələrlə də Avropaya
aparılıb ki, bunu əlyazmaların özündə katiblərin,
kitab sahiblərinin və yaxud əlyazmanı alanların
yazdığı qeydlər bir daha təsdiq edir. Azərbaycanlı sənətkarların
hazırladığı əlyazma kitablarının
saxlandığı mərkəzlərdən biri Rusiyanın
Sankt-Peterburq şəhərindəki Dövlət
Ermitajıdır. Buradakı əlyazmalardan biri 1430-cu ildə
məşhur azərbaycanlı xəttat Cəfər Təbrizinin
Heratda köçürdüyü Nizaminin “Xəmsə”sidir.
Akademik Rasim Əfəndi və sənətşünaslıq
namizədi Toğrul Əfəndi yazır ki, “Xəmsə”nin
bu əlyazmasında 38 orijinal miniatür, ornament sənətinin
ən gözəl nümunələri ilə bəzədilmiş
çoxlu səhifələr vardır” (“Sankt-Peterburqda
saxlanılan Azərbaycan sənət abidələri”. “Elm” qəzeti,
8 aprel 2008). Xarici ölkələrdə saxlanılan azərbaycanlı
müəlliflərə məxsus bütün sənət əsərləri
kimi bu əsərin də Dövlət Ermitajına necə gəlib
çatması sualına cavab elə əlyazma
kitabının özündə verilib. Tədqiqatçılar
daha sonra yazırlar: “Bu nadir əlyazmanın ən maraqlı
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun
axırıncı vərəqində əsərin Ermitaja gəlib
çatana qədər keçdiyi yol qeyd edilmişdir. Qeyddən
məlum olur ki, bu əlyazmanı 1615-ci ildə Hindistanın
Heydərabad şəhərində Qolqonq şahzadəsi
öz şəxsi kitabxanası üçün
almışdır. Axırıncı qeyddən isə bilinir
ki, həmin əlyazması 1760-cı ildə Nadir şahın
sərkərdəsi Firudin xanda olmuşdur. Sonra uzun müddət
həmin sənət əsərinin izi itir, yalnız 1917-ci ildə
onu bir İran taciri Sankt-Peterburqda – baron Ştiqlisin muzeyinə
satır. İnqilabdan sonra isə ... bu nadir əlyazması
başqa eksponatlarla birlikdə daimi olaraq Dövlət
Ermitajına gətirilir”.
A.Musabəyli
dünyanın müxtəlif
ünvanlarında saxlanılan əlyazmalarımıza
aid kataloqu nəşrə hazırlayarkən belə bir
kataloqun ilk dəfə nəşr olunmasından,
mühümlüyündən və onun tərtib prinsiplərindən
söz açaraq yazır: “Azərbaycan əlyazma kitabı
yalnız öz dilində, öz ərazisində
yaranmamış və yarandığı ərazidə qərar
tutub qalmamışdır. Dünyanın demək olar ki,
bütün əlyazma xəzinələri və
kitabxanalarında indi Azərbaycanla bağlı minlərlə
abidəyə təsadüf edilir. Onlar haqqında bilgiləri
üzə çıxarıb sistemə salmaq, artıq geri
dönməyi müşkül sayılan bu əlyazmaların
sidilərinin, mikrofilm, foto və kserosurətlərinin ana
yurdda cəmləşdirmək indiyədək həlli vacib
problemlərdən biri sayılırdı. Azərbaycanda bu
missiya Əlyazmalar İnstitutunun üzərinə
düşür”. Uzun illərdən bəri bu istiqamətdə
iş iki planda aparılmaqdadır. Həm Əlyazmalar
İnstitutundakı əlyazmaların təsvirini başa
çatdırıb kataloqlarını tərtib etmək, həm
də xaricdəki əlyazmalarımızın haqqında eyni
işin yerinə yetirilməsi ən aktual məsələlərdən
biridir.
Bu
ağır işi öz öhdəsinə götürən
alimin qeyd etdiyi kimi, öncə Şərq əlyazma
kataloqlarının biblioqrafiyası hazırlanıb. Sonra
Özbəkistan, Tacikistan, Rusiya Federasiyası, İran,
Türkiyə, Hindistan, İtaliya, İngiltərə,
İsveç, İrlandiya, Almaniya, Fransa və başqa bir
sıra xarici ölkələrin kitabxana, muzey və əlyazma
xəzinələrindəki əlyazmalarının təsvirinin
daxil edildiyi Şərq əlyazma kataloqları əsasında
saxlandıqları məkanlara görə 12.000-dən
artıq nüsxələrindən məlumatları
özündə əks etdirən biblioqrafik kartoteka tərtib
edilib. Daha sonra əlifba sırası ilə müəlliflərə
görə sistemə salınıb. Beləliklə, dünya əlyazma
xəzinələri və kitabxanalarında saxlanılan əlyazmalarımızın
150-dən çox mənbədən toplanmış 10.000-dən
artıq nüsxəsi təsvir olunub.
“Xarici
ölkələrdəki Azərbaycan əlyazmalarının
toplu kataloqu”nun nəşri həm tərtibatına, həm də
ilk dəfə olaraq Azərbaycandan kənarda saxlanılan əlyazmalarımıza
həsr olunmasına görə ilk və qiymətli bir mənbədir.
Ümumiyyətlə, bu kataloqun nəşri ilə mənbəşünas,
həmçinin müxtəlif elm sahələrində
çalışan mütəxəssislərin yeni-yeni mənbələri
tədqiq etməsinə geniş imkanlar yaranacaq.
A.Musabəyli
kataloqu tərtib edərkən əsasən
aşağıdakı elmi-paleoqrafik prinsipləri
götürüb: müəllifin adı, müəllifin
qısa və ya məşhur adı, mötərizədə
daha geniş adı, yaşadığı əsr, təvəllüd
və vəfat tarixləri, əlyazmanın adı, eyni əsərin
bir neçə nüsxəsi olduqda onların xronoloji
ardıcıllıqla düzülüşü, toplu
biblioqrafik xarakter daşıdığından onlar haqqında
məlumat verən mənbələrin göstərilməsi, əsərlərin
öz aralarında əlifba sırası ilə düzülməsi,
əlyazmanın saxlandığı ölkənin və ya
şəhərin adı, kitabxana, muzey, əlyazma xəzinəsi
və s. adı, nüsxənin saxlandığı yerdəki
şifri, köçürülmə tarixi, həcmi (məcmuədədirsə,
hansı vərəqlərini əhatə etməsi),
ölçüsü (mötərizədə mətn
ölçüsü), sətir sayı, katibi, xətti,
hansı dildə olması, aid olduğu elm sahəsi,
götürüldüyü mənbənin
qısaldılmış adı, cildi, səhifəsi, sıra
sayı.
XX
yüzilliyin əvvəllərində yaşamış və
elmi-publisist yazıları ilə xalqımızın
taleyüklü problemlərindən dönə-dönə
söz açan, tanınmış jurnalist Fərhad Ağazadə
“Azərbaycan” qəzetində getmiş məqalələrindən
birində xaricdə təhsil alan azərbaycanlı tələbələrə
müraciət edərək yazırdı: “Qardaşlar! Bu zikr
edilmiş əsərlərdən (xaricdə saxlanılan əlyazmalarımız
nəzərdə tutulur – Ə.M.) bizə bir sovqat gətiriniz,
qarınca kibi hər yerdən Vətənimizə bir şey
toplayınız. Bu şeyləri cəmləyib sonra mükəmməl
tariximizi, ahəngli qəvaidəmizi, dəbdəbəli ədəbiyyatımızı
yapaq, daha doğrusu, yenidən icad edək. İcad edib də mədəniyyətə
doğru həvəsli bir millət olduğumuzu Avropaya
sübut edək” (“Azərbaycan” qəzeti, 23 kanuni-əvvəl,
sənə 1919, ¹ 351). Ancaq bu gün əlyazmalarımızın
əslini nə Avropadan, nə də başqa yerlərdən
geri qaytarmaq mümkün deyil. Çünki bu məsələ
ilə bağlı hələ ki heç bir beynəlxalq sənəd
ortada yoxdur. Belə olan halda, heç olmasa, onların surətini,
elektron variantını (əgər həmin kitabxanalarda varsa)
alıb gətirmək olduqca vacib bir işdir. Bu baxımdan
yenicə nəşr olunan, haqqında
danışdığımız kataloq əlyazmalarımızın
ünvanlarını göstərməkdə
yardımçı ola bilər.
Sonda qeyd etmək istərdim ki, professor Azadə Musabəyli “Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu” üçcildliyini nəşr etdirməklə olduqca ağır bir işi çiyinləri üzərinə götürüb, böyük uğurla yerinə yetirib və onu elmi ictimaiyyətə, xalqımıza ərməğan edib. Alimin dünya kitabxanalarında saxlanılan əlyazmalarımızı arayıb-darayıb ortaya çıxarmasını, bu vaxta qədər heç bir tədqiqatçının cəhd edib yaxın düşmədiyi, əgər bu iş yerinə yetirilərdisə, bir nəfərin yox, bəlkə də bir kollektivin görə biləcəyi ağırlıqda, çəkidə olan işi onun tək icra etməsini Azərbaycan elminə, xalqına sonsuz məhəbbətin ifadəsi, azərbaycançılığa xidmətin ən bariz təzahürü kimi başa düşmək olar.
Əli Məmmədbağıroğlu,
Füzuli adına Əlyazmalar
İnstitutunun elmi katibi
525-ci qəzet.-
2013.- 26 iyun.- S.8.