“Füyuzat”ın
ən fəal müəllifi
Nizami adına Ədəbiyyat
İnstitutundakı birgə fəaliyyətdən yaxşı
tanıdığım mərhum Ofeliya xanım Bayramova 2006-cı ildə həyatının
deyərdim ki, ən mühüm işini başa
çatdırdı – “Füyuzat” jurnalının tam mətninin
latın əlifbasına transliterasiyasını əhatəli
ön sözlə birlikdə hazırlayıb çap etdirdi. Unudulmaz
müəllimimiz akademik Bəkir Nəbiyevin və Azərbaycan
MEA-nın müxbir üzvü Teymur Kərimlinin redaktəsi
altında işıq üzü görən və qısa
müddət ərzində biblioqrafik nadirəyə
çevrilən bu nəşr “Əkinçi” qəzetinin və
“Molla Nəsrəddin” məcmuəsinin analoji çapından
sonra milli mətbuat tariximizə işıq salan
üçüncü qiymətli mənbə
adlandırıla bilər.
Adını xatırlatdığım
digər nəşrlərdə olduğu kimi “Füyuzat”ın nümunəsində
də müəllifin öhdəsindən uğurla gəldiyi
vəzifə sadəcə texniki xarakter
daşımırdı. Söhbət Azərbaycan mədəniyyəti
tarixində yeni mərhələ açan, yeni ədəbi
istiqamətin manifestinə çevrilən bir məcmuədən
getdiyi zaman adi transliterasiya da elmi axtarışa, mühüm mənbəşünaslıq
tədqiqatına çevrilir. Nəticədə, biz
haqqında indiyə qədər yalnız XX əsrin əvvəllərindəki
ədəbi mühitə işıq salan tədqiqatlardan
müəyyən sistemsiz məlumatlar aldığımız
“Füyuzat” dərgisini ilk sayından son sayına qədər
oxumaq, onun nəfəsini və ruhunu duymaq imkanı
qazanmışıq.
Lakin
“Füyuzat”ın hamının tanış ola biləcəyi
mənbəyə çevrilməsi
nəşrlə bağlı bütün
qaranlıqları aradan qaldırmır. Əksinə, mətnin
kütləviləşməsi, onun yalnız ərəb əlifbasına
aşina olanların inhisarından çıxarılması
ortaya bir sıra yeni suallar qoyur, axtarışların əhatə dairəsini
genişləndirməyə imkan yaradır.
Bu əhatə
dairəsinə daxil olan ilk məsələlərdən biri məcmuənin
müəllif heyəti ilə bağlıdır. “Füyuzat”,
əgər belə demək mümkünsə, Azərbaycan mətbuatının
digər örnəkləri ilə müqayisədə məhz
bu baxımdan öz beynəlmiləl səciyyəsi ilə
daha çox fərqlənirdi. Məcmuəyə
yazı yazan, yaxud burada əsərləri çap
olunanların sırasına baş redaktor Əli bəy
Hüseynzadə ilə birlikdə Azərbaycan və
Osmanlı ədəbiyyatını təmsil edən,
müasir ədəbi fikirdə yetərincə populyar olan Həsən
bəy Zərdabi, Məmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət,
Abdulla Sur, Tofiq Fikrət, Səid Səlmasi, nisbətən az
tanınan Axund Yusif Talıbzadə (Abdulla Şaiqin
böyük qardaşı – V.Q.), İbrahim Tahir Musayev, Abdulla
Cövdət, Rəcaizadə Mahmud Əkrəm, Xalid Ziya
Üşşaqizadə daxil idi. Bəzi imzalar isə
müasir oxucuya heç nə demir. Yaxud çox az məlumdur.
Bu sırada məcmuənin səhifələrində
tənqidi məqalə və tərcümələri ilə
ardıcıl çıxış edən Əhməd Kamal, Əhməd
Raiq, Əliağa Həsənzadə, Əli Rza Krımzadə,
Bəkir Əməkdar, Asan (Həsən) Səbri Ayvazov kimi
müəlliflərin adlarını çəkmək
mümkündür.
Söhbətimiz
sonuncu haqqında olacaq.
Təbii,
buradakı tanınmamaq söhbəti nisbi xarakter
daşıyır. Çünki istər Asan Səbri Ayvazov,
istərsə də Əhməd Kamal öz tarixi Vətənlərində
kifayət qədər məşhurdurlar. Əsərləri,
eləcə də barələrində kitab və monoqrafiyalar
çap olunub, xidmətlərinə qiymət verilib. Ötəri şəkildə
olsa da Azərbaycanla bağlılıqlarına toxunulub. Lakin bütünlükdə, milli mədəniyyətimizə
xidmət etmiş bu ədəbi simaların şəxsiyyət
və yaradıcılıqlarının Azərbaycan ədəbiyyatı
kontekstində əhatəli öyrənilməsinə, ədəbi
irslərini müqayisəli şəkildə
araşdırmağa ehtiyac var.
Asan Səbrinin “Həyat”ın qürubundan,
“Füyuzat”ın tüluundan hasil olan təəssüratım”
adlı ilk yazısı məcmuənin 1906-cı il
noyabrın 13-də çıxan 2-ci sayında dərc
edilmişdi. Məqalə Azərbaycan mətbuatının təxminən
iki ilə yaxın çəkən qısa bir
dövrünün təsvirinə həsr olunmuşdu.
O.Bayramova bu yazını “məcmuənin nəşrinə sevinən türk
ziyalılarının Tatarıstandan” təəssüratı kimi dəyərləndirmişdi.
Əslində
isə müəllif Volqaboyundan – indiki Tatarıstandan deyil, Krımdan idi. Yaradıcılığının, sonralar isə
ictimai-siyasi fəaliyyətinin mühüm dövrü Azərbaycanla
bağlı olan, ədəbiyyat və mədəniyyətimizin
bir sıra məşhur simalarını şəxsən
tanıyan, onlarla uzun illər əlaqə saxlayan, mədəniyyətimizin
əldə etdiyi uğurlardan heyranlığını gizlətməyən
Asan Səbri Ayvazov haqqında daha əhatəli
danışmaq zərurəti meydana
çıxmışdır.
****
Krım-tatar
ədəbiyyatının klassiki, yazıçı, tənqidçi,
tərcüməçi və publisist Asan Səbri Ayvazov
(1878-1938) Krım yarımadasının Alupka şəhərində,
kasıb odunçu ailəsində doğulmuşdu. Yerli mədrəsədə
bir neçə il oxuduqdan sonra qohumlarından biri onu
İstanbula aparmışdı. Tərcümeyi-halında
yazdığına, lakin sənədlərlə təsdiqini
tapmayan məlumata (türk tədqiqatçısı
Zühəl Yüksəl “Krım Tatar milli hərəkatı
və Asan Səbri Ayvazov” adlı məqaləsində
İstanbul arxivlərində bu məsələ ilə
bağlı apardığı axtarışların heç
bir nəticə vermədiyini yazır) görə, burada ali
pedaqoji təhsil almışdı. Siyasi proseslərlə
maraqlanması və ictimai fəallığı nəticəsində
bir neçə tələbə yoldaşı ilə birlikdə
türk polisi tərəfindən həbs edilmişdi. Lakin
Rusiya təbəəsi olduğu bilindikdə haqqındakı hökm dəyişdirilmiş,
sadəcə ölkədən
çıxarılmışdı.
Beləliklə, 1898-ci ildə Vətənə
dönən Asan Səbri az sonra
Alupkada dərslərin səsli üsulla tədris edildiyi,
oğlanlarla qızların birlikdə təhsil
aldığı, proqramında tatar dili, coğrafiya, tarix kimi
fənlərin mühüm yer tutduğu məktəb
açmışdı. Dünyəvi biliklərin tədrisinə
görə yerli sakinlər arasında populyarlıq qazanan
dörd sinifli məktəbin ilk buraxılışı 1902-ci
ildə olmuşdu. Yenə də öz etirafına görə,
Quran təliminin əsas yer tutduğu təlim proqramından
imtina nəticəsində qaragüruhçuların təqibinə məruz
qalmış, hətta həyatına sui-qəsd cəhdinə
əl atılmışdı.
Mətbuatla
əməkdaşlığı erkən yaşlarından, “Tərcüman”
səhifələrində başlanmışdı.
İstanbuldan göndərdiyi məqalə və xəbərlər
bu qəzetdə nəşr edilmişdi. Həmin dövrdə
artıq türkçülük hərəkatının
öncüllərindən biri kimi tanınan azərbaycanlı
fikir adamı Əli bəy Hüseynzadə ilə ilk
tanışlığı da çox güman ki, Osmanlı
imperiyasının paytaxtında baş tutmuşdu.
Onun ədəbi
və ictimai-siyasi baxışlarının
formalaşmasından danışarkən Krım-tatar ədəbiyyatı
mütəxəssisləri bir qayda olaraq Qasprinski
ideyalarının və 1905-ci il inqilabının təsirini
ön plana çəkirlər. Krım-tatar
maarifçisi Asan Nurinin (1857-1903) qurduğu “Nicat” cəmiyyətində
katib, sonralar isə sədr kimi fəaliyyəti, yarımadada
rus və tatar dilində çıxan qəzetlərlə
sıx əməkdaşlığı öz növbəsində mətbuat
və ictimai həyatla daha geniş əlaqələr
yaratmasına təsirsiz qalmamışdı. Təbii ki,
bütün bu amillər inkaredilməzdir. Eyni
zamanda hər hansı tərəddüd hissinə yol vermədən
Krım-tatar ədəbiyyatının bir sıra digər
tanınmış təmsilçiləri kimi onun da fikri
inkişafına XX əsrin əvvəllərindəki Azərbaycan
ədəbi mühiti və mətbuatının, ilk növbədə
isə Əlimərdan bəy Topçubaşov, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev kimi görkəmli
simaların rolunu ayrıca qeyd etmək lazımdır.
Doğrudur,
XX yüzilliyin əvvəllərində Krım
yarımadası Rusiya imperiyasında Osmanlı təsirinin daha
geniş yayıldığı yer sayıla bilərdi.
Krım tatarları rəsmən Rusiya təbəəsi olsalar
da, tarix, dil, mədəniyyət baxımından Türkiyəyə
sıx bağlı idilər və bunu açıq şəkildə
büruzə verməkdən çəkinmirdilər. Sultan
İkinci Əbdülhəmid rejiminin təqiblərindən
xilas olub Avropaya qaçan “gənc türklərin” bəziləri
burada yerləşərək maarif və mətbuat sahəsində
fəaliyyət göstərirdilər. Osmanlı fəsi
Krımın şəhər və qəsəbələrində
də İstanbuldakı qədər populyarlıq
qazanmışdı. Osmanlı türkcəsi Krımda tədris
və mətbuat dilinə
güclü təsir göstərmişdi. Bu tarixin və
ortaq mədəni dəyərlərin diqtə etdiyi
bağlılıq idi.
Krımın
üz tutduğu, örnək kimi qəbul etdiyi digər mədəni
mərkəz isə, heç şübhəsiz, Bakı idi.
Bu məsələdə gənc həmvətənləri
üçün nümunə rolunu Azərbaycanla qohumluq əlaqələri
də daxil ən sıx ilişkilərə malik olan
İsmayıl bəy Qasprinskinin oynaması, təbii ki,
heç bir şübhə doğurmamalıdır. Krım-tatar cəmiyyətində
türklüyün mühüm mədəni mərkəzi
kimi Bakı ilə bağlılıq ab-havasını
yaradılmasında, dildə, fikirdə və əməldə
bir olmağın canlı örnəyinin ortaya qoyulmasında
Asan Səbri Ayvazov da öz müəllimindən geri
qalmırdı.
1905-ci
il inqilabı onu Krım-tatar ictimai xadimlərinin ön
sırasına çıxarmışdı. Gəncliyinə
və müəyyən təcrübəsizliyinə baxmayaraq
xalqının sözünü deyən, hüququnu müdafiə
edən seçkin şəxslərdən biri kimi
tanınmışdı. Rusiya təbəələrinə
müəyyən siyasi haqlar tanıyan 17 oktyabr 1905-ci il
Manifestindən sonra Krım tatarlarının nümayəndə
heyətinin tərkibində Peterburqda olmuş, daxili işlər
naziri Durnovo və digər dövlət rəsmiləri ilə
görüşərək onları təmsil etdikləri
xalqın problem və tələbləri ilə bağlı məlumatlandırmışdı. İkinci Dövlət
Dumasına Krımdan deputat seçilən tanınmış
maarifçi və ictimai xadim Rəşid Mehdiyevlə
(1887-1912) birlikdə “Vətən xadimi” qəzetinin nəşrinə
başlamışdı. Həmin dövrdə o, “Tərcüman”la
əməkdaşlığını davam etdirir, eyni zamanda
Misirdə çıxan “İctihad” məcmuəsinə
də ümumtürk və ümummüsəlman problemləri ilə bağlı məqalələrini
göndərirdi. Krım ictimai-siyasi fikrinin digər görkəmli nümayəndəsi Cəfər
Seyid Əhmədin yazdığına görə bu dövrdə
türk vurğunluğunu kimsədən gizlətmir,
nümayişkaranə şəkildə türk paltarında və
fəsdə gəzirdi.
“Füyuzat”da
ilk məqalələri çap olunanda Həsən Səbri
artıq bir maarif xadimi və jurnalist kimi həmvətənləri
arasında bəlli populyarlıq qazanmışdı. Lakin
bununla birlikdə özünü yuxarıda adlarını çəkdiyim
böyük həmvətənlərimizin
davamçısı, şagirdi saymaqdan və Azərbaycan mədəniyyətinin
vurğunu kimi təqdim etməkdən qürur duyurdu. Onu “Füyuzat”la sıx əməkdaşlığa
cəlb edən başqa bir mühüm amil də vardı: bu
da Əli bəy Hüseynzadənin yeni nəşrin ilk
sayında yer alan “məcmuənin səhifələri qüdrətli,
ədəbi qələm sahibi cəmi hürriyyətpərvər
mühərrirlərə açıq bulunacaqdır” – vədi
idi. Həmin dövrdə hələ otuz
yaşına çatmamış Asan Səbri “qüdrətli
qələm sahibləri” sırasına daxil olmasa da, artıq
Rusiya imperiyasındakı türk xalqlarının
azadlığı, milli inkişafı, siyasi haqlarına sahib
durması, vahid dil əsasında birləşmələri
ideyasının qızğın tərəfdarlarından
biri kimi tanınmışdı. Ötən əsrin əvvəllərindəki
Azərbaycan-Krım ədəbi əlaqələri
baxımından diqqəti çəkən digər cəhət
isə Asan Səbri ilə birlikdə Əli Rza Krımzadə,
Bəkir Əməkdar və s. krımlı müəlliflərin
də məcmuədə yaxından iştirakı
sayılmalıdır.
Ömrü
bir ildən də az davam edən və cəmisi 32 sayı
çıxan “Füyuzat”ın 24
nömrəsində Həsən Səbrinin
materialları çap olunmuşdur. Bura onun
yazıldığı dövrdə ədəbi-ictimai fikrin
diqqətini çəkən, 1907-ci ildə Bakıda
ayrıca kitab halında nəşr olunan və bəzi məlumatlara
görə Azərbaycan teatrının səhnəsində
tamaşaya qoyulan “Nədən
bu hala qaldıq?” pyesi və müxtəlif ədəbi-fəlsəfi
məsələləri əhatə edən məqalələri
daxildir. Mövzu baxımından
yazıların əhatə dairəsi kifayət qədər
geniş idi. Burada qələmə
alındıqları dövrdə türk-islam
dünyasını düşündürən əsas problemlər
öz əksini tapmışdı. Baş redaktor Əli bəy
Hüseynzadə və Məhəmməd Hadi ilə birlikdə
Asan Səbri məcmuənin yazı işlərinin əsas
ağırlığını öz üzərinə
götürən üç
aparıcı ədəbi simadan biri sayılmalıdır.
Çox güman ki, fəallığına və məcmuə
qarşısındakı xidmətlərinə görə
“Füyuzat” özünün 27 iyul 1907-ci ildə
çıxan 23-cü sayının üz qabığında
“Mühərrirlərimizdən Həsən Səbri Ayvazov” alt yazısı
ilə onun böyük portretini vermişdi.
Krım-tatar
müəllifin “Füyuzat”dakı ilk məqaləsi Azərbaycan
mətbuat tarixinin iki mühüm hadisəsinə – “Həyat”
qəzetinin bağlanmasına və “Füyuzat” məcmuəsinin
nəşrə başlamasına həsr edilmişdi. Yeri gəlmişkən, ilk saylarından etibarən Həsən
Səbri “Həyat”ın da fəal müəllifləri
sırasında yer almışdı. Rusiya türklərinin
milli və siyasi zəmində təşkilatlanmasında onun əhəmiyyətini,
ayıldıcı və birləşdirici gücünü
aydın başa düşürdü. Bu baxımdan da qəzetin
nəşrinin dayanmasını “millət və Vətən
uğrunda qələm çalanların qara günü” kimi dəyərləndirərək
yazırdı:
“Bununçün
“Həyat”ın vidasından ən ziyadə mütəəssir
və mütəəllim olanların biri də şu sətirləri
qaralayan acizdir... “Həyat”ın vidanaməsini oxuduğumda
şiddəti-təəssürümdən acı-acı
ağladım. Axıtdığım göz yaşları nə
üçün idi? Altı-yeddi milyonluq bir cəmaəti-islamiyyənin
iki qəzetəyi (“Tərcüman” və “Həyat” nəzərdə
tutulur – V.Q.) maddətən idarə və müntəzəmən
davam etdirəcək qədər müavinət, qeyrət, həmiyyət
ibraz edəmədikləri, daha doğrusu, əsrlərdən
bəri xaki-məzəllət içərisində
dalmış olduqları xabi-qəflətdən hənuz
oyanmadıqlarına idi”.
Özünü
yetim qalmış hiss edən, səsini, sədasını, fəryad
və fəğanını insanlara çatdırmaq
imkanını itirdiyindən hüzn və ələm duyan
müəllif ağır kədər içərisində sevinmək üçün də vəsilə
tapa bilmişdi. Bu da “Həyat”ın yerinin boş qalmaması,
onun ardıcılı, varisi kimi “Füyuzat”ın meydana
çıxaraq əvvəlki dəsti-xətti, əski
mübarizəni davam etdirməsi ilə bağlı idi. Asan Səbri mətbuat aləmindəki yeniliyi
obrazlı dillə təsvir edərək yazırdı:
“...paslanmış, cənglənmiş qəlblərə ruh
və həyat saçan “Həyat” son nəfəsində qarelərini
yetim buraxmamaq, onları ağlatmamaq üçün kəndi
meydanında buraxdığı “Füyuzat”ın qəribən
tülu edib oxucuların iktisabi-feyz edəcəklərini
təbşir edərək “Füyuzat” salamını təbliğ
etmiş idi. Bu təbşir, bu salam bəni təsəlli
etmiş və “Həyat”ın ölməyəcəyini
anlatmış idi. On beş, iyirmi gün müqəddəm
vidası ilə bağrımızı yaxıb
guşeyi-inzivaya çəkilən “Həyat” bu gün
başqa bir əlbisəyə bürünərək ətrafi-əknafə
tülu ediyor – “Füyuzat” doğuyor!”
Əli
bəy Hüseynzadəni yaxşı tanıdığı,
istək və məramına yaxından bələd olduğu
üçün Asan Səbrinin “Füyuzat”dan gözləntiləri
də böyük idi. Bütünlükdə
o, türk ruhunun oyanışını yalnız İstanbulda
deyil, həm də Qafqazda arayırdı, təqib və
basqılara baxmayaraq Azərbaycan türklərinin
aparıcı mövqe tutduqları bu bölgənin öz səsini
duyuracağına, mübarizənin önündə gedəcəyinə ürəkdən inanırdı.
Ona görə də “Həyat”ın süqutu ilə ruh
düşkünlüyünə qapılanları
“Füyuzat”ın meydana çıxması ilə müjdələyirdi.
Məcmuənin ədəbiyyat aləmində yol bilməyənlərə
doğru-düzgün istiqamət verəcəyinə
inanırdı. Və bu nikbin, inanclı hisslərin təsiri
altında gəncliyə xas bir atəşinliklə
yazırdı: “Qafqaz qiteyi-mübarəkəsi heç mücahidsiz
qalırmı? Cahanın ən qaranlıq, aləmi-bəşəriyyətin
ən vəhşi zamanlarında belə Qafqaz əqtari-ərzə
nur saçıyordu. Millətimizin bu
günkü gündən bəlkə də yüz dərəcə
də cahil bulunan bir zamanında Rusiya müsəlmanları
arasında mətbəəyi-islamiyyə ilk Qafqazda
açılmışdır. “Əkinçi”lər, “Kəşkül”çülər
Qafqaz övladları, Qafqaz qəhrəmanlarıdır.
Bunun üçün Qafqaz qitəsi boş qalmayacaqdır.
Orası bir ictihadi-mədəniyyətpərvəranə
meydanı olacaqdır”.
“Qafqaz”
dedikdə Asan Səbri ilk
növbədə Azərbaycanı və Azərbaycan türklərini
nəzərdə tuturdu. Çünki ötən əsrin əvvəllərində
yalnız Bakı deyil, Tiflis, İrəvan və
Dağıstan da türk ruhunun, türk
varlığının özünü güclü şəkildə
büruzə verdiyi mərkəzlər kimi diqqəti çəkirdi.
“Füyuzat”dakı başqa bir yazısında müəllif
yenidən Qafqaz türklərinin – azərbaycanlıların mədəni
tərəqqi sahəsində öncül mövqeyinə diqqəti
çəkərək yazırdı: “Qafqaz qitəsi Rusiya
müsəlmanlarına, hələ bəlkə Osmanlı
türklərinə belə hər kəsdən ziyadə xidmət
etmişdir, etməkdədir və edəcəkdir. Qafqaz hər
xüsusda Rusiya türklərinə müəllim olmuşdur və
olacaqdır. Bu gün iyirmi sənə müddəti-davamiyyəsi
ilə fəxr etdiyimiz “Tərcüman” Qafqaz “Əkinçi”lərinin
əkdiyi toxum deyilmidir? Keçən sənə
İsmayıl bəy həzrətlərinin “Yaşa, Həsən
bəy, yaşa!” namı altında yazdığı xitablar kimə
və nə üçün idi?”.
Asan Səbrinin
“Füyuzat”dakı yazıları əsasən ictimai-siyasi səciyyəsi
ilə seçilirdi. Toxunduğu məsələlərin əksəriyyəti
milli ziyalılar tərəfindən mətbuat səhifələrində,
ictimai fikirdə fəal müzakirə olunan mövzular idi. Bu da hər şeydən öncə dövrün tələblərindən,
cəmiyyət həyatının diqtə etdiyi şərtlərdən
irəli gəlirdi. Çünki mühüm ictimai-siyasi dəyişikliklər
məqamında xalqı səfərbər etmək, ona
kimliyini, haradan gəlib haraya getmək istədiyini,
qarşıda dayanan təxirəsalınmaz vəzifələrin
mahiyyətini anlatmaq lazım idi. Müəllif silsilə “Həyati-əqvam”,
“Bəşər və səy”, “Əsarət qurbanları”
kimi məqalələri əsasən milli mübarizəyə,
onun məqsəd və vəzifələrinə həsr
olunmuşdu. Bu mübarizə ümumtürk, ümummüsəlman
xarakteri daşımalı, türk qövmlərinin
hamısını bir araya gətirməli idi.
Digər
bir səciyyəvi cəhət isə həmin mübarizənin
təkamül prinsipi əsasında qurulmasının vacibliyi
ilə bağlı idi. Çünki adı çəkilən
yazılarda da diqqətə çatdırdığı kimi,
“qüvvət ilə əldə edilən bir iqbal, bir mədəniyyət
nə qədər parlaq
olsa da, kəndisini məğlub edəcək digər bir
qüvvəti-qalibə ilə məğlub olacağı təbiidir”.
Ona görə də Asan Səbri Rusiya türklərini
ilk növbədə maarifə yiyələnməyə, bunun
ardınca qəzet və nəşriyyatlar açmağa,
öz hüquqlarını bilən savadlı vətəndaşlar
yetirməyə və bu zəmində milli müstəqillik
uğrunda mübarizəyə səsləyirdi.
Müəllif
fikirlərini davam etdirərək milli inkişafın əsas
şərtlərindən biri kimi ictimai həyatın
mövcudluğu məsələsi üzərində ətraflı
dayanırdı. Çünki yalnız ictimai fəallıq
sayəsində ayrı-ayrı fərdlərdən ibarət
millət vəhdət halında birləşərək öz hürriyyət
və istiqlalını, maddi rifah və mənəvi tərəqqisini
təmin edə bilər. Yalnız bu yolla digər
millətlər qarşısında şərəf və
azadlığı qorumaq mümkündür. İctimai həyatı
–yəni siyasi institutları, mətbuatı, maarifi,
partiyaları, ümumişlək nəzarət mexanizmləri
güclü olan millət zamanın bütün dəyişiklik
və təzyiqlərinə davam gətirməyə
qabildir. Avropa xalqları tərəqqiyə yalnız silah
deyil, həm də ictimai fəallıq yolu ilə nail
olmuşdular. Türk xalqları da eyni yolu keçməli idilər.
Millətlərin
ayaqda qalmasının əsas şərtlərindən biri
kimi maddi imkan ilə mənəvi qüvvənin
mövcudluğunu ön plana çəkən müəllif
birincini ticarət, əkinçilik (kənd təsərrüfatı),
sənaye və xidmət sahəsi adı altında dörd yerə
bölür və dərin
təəssüf hissi ilə yazırdı: “Biz müsəlmanlarda
əsbabi-məzkurənin heç birisi də yoxdur desək
yalan olmaz. Ziraət bilməriz, bilsək belə ziraətçilik
etməyə torpağımız qalmayıb. Sənət
(burada sənaye mənasında – V.Q.) ilə dost deyiliz. Ticarətin
isə yabançısıyız. Xidmət desək, heç
yox. Bu halda hali-pürməlalımızın pək
acınacaqlı bir hal olduğunu təsmimdən başqa
heç bir çarəmiz yoxdur”.
Bəs
vəziyyətdən necə çıxmaq olardı? Həmin sualın cavabı məcmuənin növbəti
sayında dərc olunan “Bəşər və səy” məqaləsində
verilmişdi. İlkin orta əsrlərdən başlayaraq ərəblərin,
ardınca isə türklərin bəşər
sivilizasiyasına böyük töhfələrindən
söz açılan yazıda çağdaş
dövrdə müsəlman dünyasının öz
keçmiş ənənələrini unutması ətalətin,
durğunluğun təsiri, həyatı yaxşıya
doğru dəyişmək istiqamətindəki səylərin
çatışmaması ilə izah edilirdi.
Asan Səbrinin
“Füyuzat” səhifələrində toxunduğu mühüm
məsələlərdən biri də dillə, daha
doğrusu müştərək dil problemi ilə bağlı
idi. Onun fikrincə, dünyanın iki qitəsinə
yayılmış, özü imperiyalar quran və fərqli
imperiyalar arasında bölünmüş türklər daha
yüksək inkişaf səviyyəsinə yüksələn
Osmanlı türkcəsini ümumi dil kimi qəbul etməli
idilər. Tatar müəllifinin dillə bağlı
mülahizələrində orijinallıq axtarmağa lüzum
yoxdur. O, sadəcə “Tərcüman”ın ideya
platformasının əsasında dayanan, 1905-1907-ci illərdəki
türk qurultaylarında müzakirəyə
çıxarılan və ziyalılar arasında isti
münasibət görən məlum tezisləri təkrar
edirdi. Eyni mövqe daha ardıcıl və qətiyyətli
şəkildə “Füyuzat” redaktoru Əli bəy
Hüseynzadənin “Turani” imzası ilə çap olunan məqalələrində
irəli sürülürdü.
Məsələn,
Əli bəy məcmuənin 6 fevral 1907-ci il tarixli 9-cu
sayındakı “Türk dilinin vəzifeyi-mədəniyyəsi”
adlı məqaləsində yazırdı: “Ərəb dili
din və məzhəb dili oldu. Fars dili şeir və ədəb
dili oldu. Türk dili isə dövri-cədid üçün
tərəqqi və mədəniyyət dili olur. Bu həm
zamanın, həm də məkanın iqtizaatındadır”.
“Krım
türklərində milli kimlik və milli hərəkətlər”
(Ankara, 1996) kitabının müəllifi Hakan Krımlı
Asan Səbrinin dil məsələsini “Füyuzat”la
yanaşı “Vətən xadimi” qəzetində də
qaldırdığına diqqəti çəkərək
onun türklər üçün müştərək dillə bağlı
aşağıdakı mülahizələrini
xatırladır: “Lisan məsələsi məsaili-sairənin
ən əhəm və əlzəmi, ittihad və ittifaqın
yeganə səbəbidir... Rusiyada iyirmi milyonluq bir heyəti-əzimeyi
təşkil edən müsəlmanların qismi-əzəmi,
bəlkə də kaffəsi türkdür. Qanı, nəsli,
cinsi, əxlaqı, adəti birdir. Bu gün təkəllüm
etdiyimiz lisanın da əsli, kökü birdir. Mərəz və
dərdimiz, ehtiyac və zərurətimiz birdir. Bu halda
qullanılacaq lisan və şivəmizin də bir olması
iqtiza edər. Zira lisanımız birləşməyincə,
biri-birimizi anlamaq, yek digərimizə məlhəm olmaq
mümkün olmayacağı kimi aramızda ittifaq və
ittihadın təməl tutması da mümkün
olmayacaqdır. Millətimiz ən cahil bir
zamanında iyirmi sənə qədər bir müddət
lisani-ədəbimiz olan türkcəyi oxuduğu və istifadə
etdiyi halda, hali-hazırda
maarifi-milliyəmizin az və ya çox təmim və
intişar etdiyi bir zamanda nədən türkcəyi
anlamasın?”
Nəzəri
cəhətdən bu mülahizələrin ümumən
pozitiv xarakter daşıdığını və gələcəyə
yönəldiyini etiraf etmək lazımdır. Asan
Səbrinin timsalında da göründüyü kimi,
Osmanlı türkcəsinin bazasında yaranan ümumi dil
ideyasının tərəfdarları bir mühüm cəhəti
unudurdular – türk xalqları aralarındakı mövcud mədəni
və mənəvi bağların möhkəmliyinə
baxmayaraq kütləvi şəkildə osmanlılaşmaq
fikri birmənalı şəkildə qəbul edilmirdi.
Osmanlı dövlətinin Rusiya əsarətindəki türklər
üçün bir arxa, bir cazibə mərkəzi olması həqiqəti
heç kimdə şübhə, yaxud etiraz doğurmurdu. Lakin
hətta bu mühüm amil də ana dilindən imtina
üçün yetərli sayılmırdı.
“Meymunların
ədədi günü-gündən artmaqdadır” – deyə
danışdığı dili bir tərəfə buraxaraq
Osmanlı türkcəsini təqlid edənlərə sərt
münasibətini bildirən Firudin bəy Köçərli
şəxsiyyət və fəaliyyətinə bəslədiyi
hörmətə baxmayaraq Əli bəy Hüseynzadəni də tənqid hədəfinə
çevirməkdən çəkinmir, “kaş o alicənab
İstanbulda oturaydı, bizim bu şumbəxt Qafqaza təşrif
gətirməyəydi” – sözləri ilə “Füyuzat”ın
dil siyasətinə kəskin mənfi münasibətini ifadə
edirdi. Məcmuənin dilinin mürəkkəbliyi, klassik
Osmanlı türkcəsinə həddindən artıq
böyük önəm verilməsi hətta “dildə birlik”
ideyasının banisi İsmayıl Qasprinskinin də haqlı
iradını doğurmuşdu.
Qarşı
tərəf isə belə düşünmürdü
(Doğrudur, aradan illər keçəndən sonra “Molla Nəsrəddin”
redaksiyasında Mirzə Cəlillə görüşən Əli
bəy Hüseynzadə “sadə yazmaq özü də bir
hünərdir” – deyə ədəbi opponentinin haqlı
olduğunu etiraf etmək böyüklüyü göstərəcəkdi!),
əksinə, digər mətbuat orqanlarını da
“Füyuzat” kimi yazmağa səsləyirdi. Bu meyl Asan Səbrinin
yazılarında daha ardıcıl və israrlı şəkildə
ortaya qoyulurdu. O, “Molla Nəsrəddin”in “xalqın
açıq ana dilində yazmaq” xəttinə qarşı
birbaşa çıxmasa da, “Füyuzat”ın dilini etalona
çevirir, milli mətbuatı bu yolla getməyə
çağırırdı: “Füyuzat” isə
bütün cəraidi-milliyyə və məcmuələrimiz
miyanında ən fəsih, ən bəliğ, ən mükəmməl
lisan kullanan bir məcmueyi-nadirədir. Ümid ediyorum ki, er-gec
bütün Rusiya müsəlmanlarının nəhayət
varıb dayanacaqları lisan “Füyuzat” lisanıdır.
Bunu qarelər belə söylüyor, təsdiq ediyor”. Dil məsələsinə həsr olunmuş “Lisan
qovğası” adlı məqaləsində (29 aprel 1907, say 16)
Asan Səbri qəzet və məcmuələri oxucunun səviyyəsinə
enməməyə, əksinə, onların bilik səviyyəsini
yüksəltməyə çağırırdı.
Vahid ədəbi
dil seçimində Osmanlı türkcəsinə
üstünlük verməsinə baxmayaraq əvvəldə də
qeyd etdiyim kimi, Asan Səbri sözün həqiqi mənasında
bir Azərbaycan vurğunu, Azərbaycan heyranı idi. Rusiya türklərinin mədəniyyətə,
maarifə, ictimai tərəqqiyə qovuşmaları
baxımından təməl işlərin ən çox
Bakıda görüldüyünə inanır, gələcəkdə
də ümumi rəhbərlik və irəliləyişi Azərbaycandan
gözləyirdi. Milli ziyalılarımızın səmimiyyətinə,
hünərinə bel bağlayırdı. Bu məsələdə
əslində özünə daha yaxın saymalı olduğu
Krım-tatar həmkarları ilə kəskin polemikaya girməkdən
də çəkinmirdi. Yaradıcılıq
bioqrafiyasındakı bəzi nümunələr Asan Səbrinin
həmin prinsipiallığını aydın şəkildə
göstərməkdədir.
(Ardı gələn şənbə
sayımızda)
Vilayət QULİYEV
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.10-11.