Patriarx

 

(Yaşar Kamalın 90 yaşına gecikmiş dost sözü)

 

1.

 

Məndə elə bir təəssürat var ki, illər üstə il gəldikcə, elə bil, sutkaların 24 saatı da get-gedə sınıxır, cılızlaşır və o 24 saat ərzində ki, sən 20 il bundan əvvəl hansı işləri görürdün, bu gün onları  heç vəchlə 24 saatın çərçivələrinə sığışdıra bilmirsən. Bu sözləri ona görə yazıram ki, 2012-ci il oktyabrın 6-da mənim böyük dostum Yaşar Kamalın 90 yaşı tamam oldu və bu yazını da mən elə o vaxt yazmaq istəyirdim, ancaq sutkaların  o cür sınıxmasına görə, ya da sutkaların o cür sınıxmasını bəhanə etdiyimə görə, yalnız indi macal tapıb ədəbiyyatın böyük hərfli Patriarxı haqqında bu qeydləri yazıram.

Qəribədir, mənim əsil dost kimi ta gənclik illərimdən etibarən həyatıma daxil olmuş, doğma bir varlıq kimi həmişəlik xatirəmə hopmuş elə insanlarqələm əhli var ki, onlarla mənim aramda nəinki iyirmi il, otuz, hətta qırx, əlli il (!) yaş fərqimiz olub və mən bu sözləri yazıram, yaşları 100-ü haqlamış Əbülqasım Hüseynzadənin, Əli Səbrinin, Qulam Məmmədlinin, onlardan nisbətən cavan olan Məmməd Cəfər müəllimin, Abbas Zamanovun unudulmaz simaları gözlərimin qarşısında canlanır. Bəziləri hələ X1X əsrdə dünyaya gəlmiş bu insanlar mənim yalnız yaşlı və hörmətli həmkarlarım, müəllimlərim deyildi, eyni zamanda dostlarım idiağsaqqal dostlarım.

Yaş kimi, coğrafi məsafələr və sərhədlər də, görüşlərin, biləvasitə təmas imkanlarının məhdudluğu da dostluq münasibətlərinin yaranmasında sədd ola bilmir, çünki əsasinsanların  bir-birini duyması, hiss etməsidir.

Mən Yaşar Kamalı ilk dəfə düz 48 il (!) bundan əvvəl – 1965-ci ildə görmüşəm və o zaman Yaşar Kamal artıq  dünyada tanınan məşhur türk yazıçısı, mən isə universiteti yenicə bitirmiş, aspirantura imtahanlarına hazırlaşan və hekayələri də mətbuatda dərc edilən 22 yaşlı bir gənc idim.

Burası da yəqin əlamətdardır ki, aradan bu qədər illərin keçməyinə baxmayaraq, o ilk görüşün və tanışlığın təfərrüatları mənim yaxşı yadımdadır və o zaman cəmi 43 yaşı olan qapqara saçlı Yaşar Kamalın sağlam, enerjili, gülərüz görkəmi də indiki kimi gözlərimin qabağındadır. Ancaq buna baxmayaraq, mən Patriarx haqqında bu yazını yazmaq istərkən, axtarıb köhnə kağız-kuğuzların arasından o zamankı qeydlər dəftərçəmi tapdım və orada konkret günlər göstərilməsə də indi əl çatmaz, ün yetməz bir uzaqlıqda qalmış həmin 65-ci ilin iyun ayı ilə, o cümlədən də Yaşar Kamalın və Məlik Cövdət Andayın bizdə qonaq olmaqları ilə bağlı qeydlər var.

Mən biləvasitə mövzuma keçməzdən əvvəl o dəftərçədəki bir qeydə şərh vermək istəyirəm. Əvvəlcə 1965-ci ilin iyun ayında yazılmış həmin qeyd:

Rəqibləri məqalə kimi işləyib, çap üçünAzərbaycanjurnalında Teymur Əhmədova verdim (tənqid şöbəsinin yeni müdiridir). Fikrət Sadıq da orada idi, şeirlərini gətirmişdi. Redaksiyadan birlikdə çıxdıq və yol boyu yenə Mehdi Hüseyndən danışdıq. Onun dəfn olunduğu o küləkli ağır gün, elə bil, dünən idi, amma üstündən üç aydan da çox keçib... Mehdi Hüseynin Qazaxdan gəlmiş yaxın qadın qohumlarının ağı demələri indiyədək qulağımda səslənir... O küləkli gündə dəfn mərasimindən sonra Fikrətlə  “İnturistin zirzəmisinə getmişdik...”

Məsələ burasındadır ki, mənim universiteti bitirərkən müdafiə etdiyim diplom işimin mövzusu müasir hekayə janrının problemləri  kontekstində Mehdi HüseyninRəqiblərhekayəsininslində kiçik povestin) təhlili idi və Mehdi Hüseyn də həmin 65-ci il mart ayının 10-da vəfat etmişdi.

Mən gözümü açandan Mehdi Hüseyni görmüşdüm, hələ lap uşaqlıq çağlarımda onların, yəni Mehdi Hüseyngilin pəncərələri Bakıdakı ən gözəl heykəllərdən birinə – Mirzə Fətəlinin heykəlinə baxan evlərində çox olmuşdum, o binanın həyətində çox oynamışdım, Mehdi Hüseyn də, onun həyat yoldaşı Fatma xanım da bizim evin məhrəm adamları idi. Onlar, yəni İlyas Əfəndiyevlə Mehdi Hüseyn yaxın dost idilər, hələ 1944-cü ildə İlyas Əfəndiyevin hekayələri əsasında birlikdə “İntizarpyesini yazmışdılar, 48-ci ildə A.OstrovskininSon qurbankomediyasını da birlikdə tərcümə etmişdilər və onların dostluğu, olsun ki, hərdən-birin xırım-xırda um-küsləri ilə bərabər, 1965-ci il martın 10-na kimi davam etmişdi.

Yaxşı yadımdadır, martın 9-da axşam Mehdi Hüseyn telefonla zəng etdi və İlyas Əfəndiyevin iclasla arası olmadığını bildiyi üçün səhər, yəni martın 10-dakı həmin qalmaqallı və faciəli sonluğu ilə ədəbiyyatımızın hafizəsində qalmış o iclasaYazıçılar İttifaqı Rəyasət heyətinin iclasına gəlməyini xahiş etdilyas Əfəndiyev Rəyasət heyətinin üzvü idi)...

Mən, görünür, Mehdi Hüseynin həmin iclasda qəfil vəfatından sonra, onun xatirəsi qarşısında mənəvi bir borc kimi o diplom işini məqalə kimi yenidən işləyibAzərbaycanjurnalına vermişdim (orada da çap olundu) və dediyim ki, Mehdi Hüseynin vəfatından artıq üç aydan çox bir vaxt keçmişdi, Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının birinci katibi vəzifəsinə gətirilmişdi, ancaq bütün bunlar, əlbəttə,  başqa bir yazının mövzusudur, indiki halda isə mən bunları ona görə xatırlayıram ki, o köhnə dəftərçədə Yaşar Kamalla Məlik Cövdət Andayın bizə qonaq gəlməkləri ilə bağlı belə bir qeyd də var və onu da olduğu kimi də bu yazıya köçürürəm:

“Əziz Nesin, Yaşar Kamal və Məlik Cövdət Anday Bakıya gəliblər. Düzdür, Mehdi əminin vəfatından sonrakı hay-küy yavaş-yavaş yatmışdı, ancaq bununla bərabər, bizim ədəbi həyatın üzərində hüznlü bir aura yaranmışdı. Bütün bu müddət ərzində atamla söhbətlərimiz də özzünə fırlanıb gəlib onun ölümünün üstünə çıxırdı. Əziz Nesingilin gəlişi, elə bil, bu auranı nəhayət ki, dağıtdı, özü ilə bir ruh yüksəkliyi, mənəvi dincəliş (bilmirəm, belə demək olar, ya yox?) gətirdi.”

Doğrusu, bu qeydləri bu qədər ildən sonra yenidən oxumaq məndə çox xoş və çox da doğma olan nostalji hisslər oyatdı. O zaman Türkiyə mənim üçün reallıqla əfsanənin qovuşağında olan bir məmləkət idi. Reallığı aydındır, əfsanəni isə Sovet İttifaqı ilə Türkiyə arasındakı beton sərhəd yaratmışdı. Türkiyə coğrafi bir ərazidən, coğrafi məkandan mənim üçün arzular məmləkətinə çevrilmişdi və o bir tərəfdən Nazim Hikmətin, Orxan Vəlinin (yeri düşmüşkən, deyim ki, hələ o vaxt qonşum və dostum Fikrət Sadıq Orxan Vəlinin sərbəst şeirlərini əzbər söyləyirdi) timsalında modern şeirin vətəni idisə, o biri tərəfdən də içində yaşadığımız və şəxsən mənim üçün o vaxtlar əbədi bir məşəqqət kimi görünən Sistemin yaxına buraxmaq istəmədiyi milli mənliyin, “Dədə Qorquddan üzü bu tərəfə milli qürurun, mərdliyin, cəsarətin maqnit kimi özünə çəkən, ulu babalarımızdan qalma genetik bünövrəsi idi; mənim yaşadığım ölkədə rəsmi ideologiya o genetik bünövrə ilə, əslində, düşmən idi, Türkiyədə isə – bu yeganə müstəqil türk dövlətində o genetik bünövrə rəsmi ideologiyanın bir hissəsi idi.

O zamanlar Sovet İttifaqının ideoloji sövqü və dəstəyi ilə beynəlxalq bir təşkilatAsiya-Afrika Ölkələri Yazıçılarının Həmrəylik Komitəsi yaradılmışdı və həmin Komitənin sədri də, “görkəmli yazıçı” vəzifəsinə təyin olunmuş sovet ədəbiyyatı generallarından biri, Özbəkistan Yazıçılar İttifaqının sədri Kamil Yaşen idi. SSRİ Yazıçılar İttifaqı Əziz Nesini, Yaşar Kamalı və Məlik Cövdət Andayı həmin Komitənin Moskva konfransında iştirak etmək üçün SSRİ-yə dəvət emişdi. Yaşar Kamalgil də bu fürsətdən istifadə edib iki-üç günlük Bakıya gəlmişdilər.

Onların Azərbaycana gəlişi yalnız ədəbi müitdə yox, bütün cəmiyyətdə hadisəyə çevrilmişdi. Bizim oxucular Əziz Nesini yaxşı tanıyırdılar, onun hekayələri Sovet İttifaqında, o cümlədən də bizdə çox populyar idi, Yaşar Kamalı və Məlik Cövdət Andayı isə bizim oxucular tanımırdılar, ancaq məsələ onları tanıyıb-tanımamaqda deyildi, məsələ onda idi ki, o beton sərhədlərin arxasındansevimli Türkiyədən üç yazıçı gəlmişdi, onlar türk dilində danışırdı və biz də onlarla ana dilimizdə danışırdıq. Bizim onlara (eləcə də Nazim Hikmətə!) məhəbbətimizin arxasında təhtəlşüur bir Türkiyə sevdasının da dayanması, əlbəttə, şəksiz idi.

O zaman mən Yaşar Kamalın rus dilində – “İnostrannaya literaturajurnalında – “İncə Memetromanını oxumuşdum və bu o  zaman idi ki, mən oxuduğum bir çox əsərə yeni ədəbiyyat yaratmaq həvəsi və iddiası ilə, əgər belə demək  mümkünsə, bir ədəbi gənclik təkəbbürü ilə yuxarıdan aşağı baxırdım, ancaq “İncə Memetxüsusən dərhal adamı ələ alan koloritinə (təbii koloritinə!) və yazı mədəniyyətinə görə mənim xoşuma gəlmişdi. Əlbəttə, o vaxt mənim  ağlıma gəlməzdi ki, onilliklər keçəcək, bu onilliklər ərzində Yaşar Kamal “İncə  Memetin üzərində işləyəcək, “İncə Memetdörd böyük cilddən ibarət bir epopeyaya çevriləcək və bizim aramızda elə br münasibət yaranacaq ki, başqa kitabları kimi,  o dördcildlik “İncə  Memeti də belə bir avtoqrafla mənə göndərəcək:

Qədim dostum Elçinə və Nüşabə xanıma sayğı və sevgilərimlə. Yaşar Kamal. 4.12.2006.”

Ancaq mən, deyəsən, çox irəli getdim...

YUNESKO “İncə Memeti  1956-cı ilin ən yaxşı romanı elan etmişdi  və yeri düşmüşkən, deyim ki, xeyli sonralar, 70-ci illərin sonlarında gürcü yazıçısı Çabua Amiredcibinin də qaçaq həyatından bəhs edənData Tutaşxiaadlı romanı Moskvada rus dilində çap olunmuş və o vaxtkı sovet ədəbi prosesində hadisəyə çevrilmişdi, ancaq bu barədə də bir az sonra yazacağam, indi isə yenə 1965-ci ilin iyununa qayıdaq.

İlyas Əfəndiyev təbiəti etibarı ilə, yuxarıda qeyd etdiyim kimi, iclasları, eləcə də təntənəli görüşləri, canfəşanlıq edib, Bakıya gələn xarici qonaqlarla münasibət yaratmağı, onları gəzdirməyi, evə qonaq çağırmağı xoşlayan adam deyildi, ancaq Türkiyə onun üçün də doğma bir məmləkət idi və o doğmalıqdan başqa, məhz Türkiyədən gələn yazıçılarla söhbət etmək, onların ədəbi zövqünü, dünyagörüşünü öyrənmək də onun üçün maraqlı idi. Odur ki, İlyas Əfəndiyev Türkiyədən gəlmiş bu qonaqlarla nəinki Yazıçılar İttifaqındakı  görüşlərdə iştirak etdi, hətta onları, yəni Əziz Nesini, Yaşar Kamalı və Məlik Cövdət Andayı Qubaya gəzməyə də apardı.

İlyas Əfəndiyevin bacısı Məhbubə xanımın əri, təcrübəli pedaqoq Hədis Hacıyev 1956-cı ildə siyasi dustaqlıqdan azad olub qayıtdıqdan sonra Bakıda qala bilmədi, Qubaya getdi, rayonun 12-ci sovxozundakı (indiki Zərdabi qəsəbəsi) orta məktəbdə müəllimliyə başladı. Onunla birlikdə Məhbubə xanım da, onların oğlu Oqtay da (sonralar həmin məktəbin direktoru, daha sonra Qubada maarif müdiri oldu), qızları Atlas da (sonralar kiçik oğlanları Fikrət də ali məktəbi bitirib ora təyinat almışdı) həmin məktəbdə müəllim işləyirdi (bu gün onların hamısı haqq dünyasındadır). Bir sözlə, Türkiyəli yazıçıların Quba səfəri Yazıçılar İttifaqında əvvəldən tutulmuş rəsmi protokola İlyas Əfəndiyevin təklifi ilə salınmışdı, əslində, İlyas Əfəndiyev onları bacısıgilə qonaq aparmışdı və orada Təngə dərəsini, Afurca şəlaləsini,  Minarəni, Qudyalın sahillərini yaxşıca gəzmiş, o tərəflərin kənd camaatı ilə görüşmüş, onlarla oturub çay içmiş, sonra da Qəçrəşdə yaxşıca yeyib-içmişdilər.

Və İlyas Əfəndiyev Bakıda da onları evə dəvət etmişdi.

Və mən də yenə kiçicik şərhlər verə-verə o qeydlərə qayıdıram:

“... Ağa əmi (şərh: söhbət Mir Mehdi Seyidzadədən gedir və onun oğlu Araz ilə mən çox yaxın ilk gənclik dostu idik, İlyas Əfəndiyevgil Mir Mehdi Seyidzadəyə “Ağa”, mən isə “Ağa əmideyirdim), Əliağa (Kürçaylı; o da, Mir Mehdi Seyidzadə də Hüsü Hacıyevindiki Azadlıqküçəsi 19 ünvanlı məşhur Yazıçılar Evində İlyas Əfəndiyevlə eyni blokda yaşayırdılar), Məmməd Cəfər müəllim (akademik M.C.Cəfərov), Əmir müəllim və Soltan da (riyaziyyatçı) professor Ə.Həbibzadə və bəstəkar S.Hacıbəyov; onlar İlyas Əfəndiyevin yaxın dostları idi) bizdə idi. Qonaqlar saat 7 üçün gəldilər. Yaşar Kamal ilə Məlik Cövdət Anday  idi, Əziz Nesin isə “Kirpidə görüşə gedib, sonra onu elə oradan ziyafətə aparıblar.

Mən onları Natəvan klubunda keçirilən görüşdə görmüşdüm. Orada Əziz Nesinə nisbətən, xüsusən Yaşar Kamal  bir az quru adam təsiri bağışlayırdılar, indi isə çox səmimi və sadə idilər. Atam evdəkilərlə onları bir-bir tanış edirdi, mənimlə əl tutuşanda Əmir müəllim ona xas olan qarabağlı ədası  ilə:

– İlyasın oğlu da yazıçıdır!- dedi.

Yaşar Kamal:

Eləmi?- dedi və əlimi sıxa-sıxa əlavə etdi: – Səndəmi bizim günümüzə düşmək istiyorsan?

Mən nəsə  bir söz deyə bilmədim...

Çox gözəl bir məclis keçdi...

İki cəhəti xüsusi qeyd etmək istəyirəm:

1. İkisi də intellektualdır, klassik, xüsusən rus və fransız klassik ədəbiyyatını, müasir dünya ədəbiyyatını yaxşı bilirlər. Yaşar Kamal Tolstoyu və Dostoyevskini çox yüksək qiymətləndirir. Marsel Prustu, Folkneri və Dos Passosu bəyəndiyini deyir. Fransızlardan Kamyunu, Sartrı, de Bovuarı çox ciddi yazıçılar sayır. Mən Dos Passosdan heç nə oxumamışam. Gərək tapıb oxuyam. Bu günlərdə İslam İbrahimovla söhbət edirdim, o da onu tərifləyirdi.

2. İkisi də türk folklorunu gözəl bilir. Məlik Cövdət olsun ki, daha artıq elitardır, Yaşar Kamal üçün isə hiss olunur ki, folklor çox doğmadır. Dediyinə görə onun romanlarını ingilis dilinə arvadı Tilda xanım tərcümə edir.

Yaşar Kamal Mahmud Makal ilə Orxan Kamalı, xüsusən O. Kamalın “Murtaza” adlı romanını çox tərifləyirdi. Mən Makalın adını birinci dəfə idi eşidirdim. Soruşdum ki, bəs, Ömər Seyfəddin?  “- Təbii.- dedi.- O da iyidir. Ancaq sən Sait Faiqi duydunmu?”- soruşdu. Dedim ki, onun hekayələrini oxumuşam, çox da xoşuma gəlir. Dedi ki, YUNESKO Sait Faiqin “Xəritədə bir nöqtə” adlı kitabını nəşr edib, böyük fransız ədəbiyyat adamları Sait Faiki XX yüzilin ən böyük hekayəçisi hesab edir. Doğrusu, bu fikir mənə bir az şübhəli göründü... Bilmirəm, bəlkə doğrudan da belədir...

... Yaşar Kamal uşaq vaxtı bir gözünü itirib və dediyinə görə, ümumiyyətlə, uşaqlığı çox ağır keçib. Yəqin elə buna görə də Qorki yadıma düşdü, rus ədəbiyyatından danışanda Qorkiyə münasibətini soruşdum. “Qorki? Təbii, iyidir.”- dedi, ancaq mən hiss etdim ki, bu “iyilikdə”, deyəsən, əsas ədəbiyyat yox, əqidədir...

... Yaşar Kamal belə bir fikir söylədi:

“Son 150-200 ildə türk ədəbiyyatının yanlış yapdığı iş o oldu ki, fars-ərəb ətalətindən, “Divan ədəbiyyatı”ndan canını qurtarmaq üçün, Batını yamsılamağa başladı. Halbuki öz folkloruna baş vurmalı idi, xalq ədəbiyyatından bəhrələnməliydi. Bunu Nazim Hikmət etdi, ona görə də Batının yamsılayıcısı yox, böyük orijinal şair oldu.”

Bilmirəm, nə qədər doğru fikirdir?.. Ancaq maraqlıdır...

... Məlik Cövdət Bakını çox bəyəndiyini deyirdi: “Nazim Bakını İstanbula bənzədirdi. İstanbulun “qoxusunu” Bakıdan alırdı. Ancaq məncə, Bakı İzmirə çox bənzəyir.” Səttar Bəhlulzadənin əsərlərini və Qara Qarayevin musiqisini də çox bəyəndiyini deyirdi. Yaşar Kamal: “- Nizaminin, Füzulinin, Sabirin heykəlləri çox möhtəşəmdir! Siz çox irəli getmisiz!”- dedi. Bir az içib “siyasi sayıqlığını” itirmiş Əmir müəllim açıq-aşkar bir ironiya ilə: “- Sosializm belədir də!”- dedi. Yaşar Kamal da, deyəsən, “siyasi sayıqlığını” itirmişdi, gülə-gülə dedi ki, İlyas bəy, sarı kravatlı burda yoxdur, ona görə deyirəm, hərdən mənə elə gəlir, sizin aranızda kommunist, sosialist elə ancaq bizik! Soltan tez söhbətin istiqamətini dəyişdi, dedi ki, Qarayev “Hamlet” filminə musiqi bəstələyib, indi də “Hamlet” baleti üzərində işləyir...

... “Sarı kravatlı” məsələsi belədir: Quba səfərində onları bir nəfər “bığlı adam” da müşayiət edib. Atam deyir ki, danışdığımız kimi, səhər saat 8-də “İnturist”in qarşısında görüşdük. Gördüm ki, bizim maşından və Yazıçılar İttifaqının maşınından başqa bir “Volqa” da var. Əziz Nesingilin də yanında Çaplinin bığına oxşayan qara bığlı bir nəfər dayanıb, mən maşından düşən kimi, tələsik yaxınlaşıb salamlaşdı, dedi ki, İlyas müəllim, elə sizi gözləyirdik, gedək. Gömgöy köynək geyib, sarı da qalstuk taxmışdı. Başa düşdüm ki, “dənizqırağından”dır (şərh: KQB-nin əsas binası dənizqırağında yerləşdiyi üçün, yazıçılr, ümumiyyətlə, ziyalılar ora “dənizqırağı” deyirdilər), bizi müşayiət edəcək. Bütün səfər boyu ağzını açıb bir kəlmə də danışmadı, ancaq diqqətlə qulaq asırdı, gözləri də daima hərəkətdə idi ki, bizə kim yaxınlaşdı, kim kimə nə dedi...

... Yaşar Kamal Soltana qulaq asa-asa:

– Çox interesan!..- dedi.- Azərbaycan bəstəçisi “Hamlet” baleti yazır! Nə gözəl!..- Və birdən atama müraciət etdi.- İlyas bəy, mən bir sarı kravat alıb özümlə yadigar aparmaq istiyorum!.. Nasıl olar? – Və bərkdən güldü.

Əmir müəllim təəccüblə:

– Ə, bu burdan kravat almaq istəyir?- soruşdu.

Atam içilmiş bir xeyli konyakın nəşəsi ilə Əmir müəllimə:

– Hə, Əmir, – dedi.- Türkiyədə kravat tapılmır!.. – Sonra da: – Yaşar bəy, çox əla fikirdir!..- dedi.

Əmir müəllim sonradan başa düşdü ki, türklər qalstuka “kravat” deyirlər...

... Çox səmimi bir məclis keçdi. Onlar dağılışanda gecə 2-yə işləyirdi.

“Sarı kravat”lı, yəqin, çox nigarandır...

Sabah Daşkəndə, bir-iki gündən də sonra yenidən Moskvaya uçacaqlar.”

Bu mənim Yaşar Kamalla ilk görüşüm idi.

Orası da yaxşı yadımdadır ki, bir müddət sonra Moskvada, Lenin adına Mərkəzi Kitabxanada Dos Passosun hələ 1920-ci illərdə rus dilində nəşr olunmuş “Üç əsgər” və bu yazıçının ən məşhur əsərlərindən biri olan “Manxetten” romanlarını oxudum, ancaq gözlədiyimdən fərqli olaraq, bu romanlar mənim üçün bir kəşf olmadı.

Orxan Kamalın da əsərlərini oxudum və “Murtuza” doğrudan da maraqlı bir romandır (əslində povestdir), ancaq heç vəchlə yadıma sala bilmirəm ki, Mahmud Makaldan nəsə bir şey oxudum, ya yox?

 

2.   

 

Mən Yaşar Kamalı ikinci dəfə 1973-cü ildə yenə də Bakıda gördüm.

1973-cü ilin sentyabrında Nəsiminin 600 illiyi yalnız Azərbaycanda deyil, SSRİ miqyasında böyük təntənə ilə qeyd edildi və Bakıya gələn xarici qonaqlarda biri də Yaşar Kamal idi. O zaman mən Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsində (Məmməd Cəfər müəllimin şöbəsində!) baş elmi işçi işləyirdim və yubileylə bağlı tədbirlərə bizə də dəvətnamə göndərirdilər. Mən, necə deyərlər, hafizəmi təzələmək üçün o vaxtkı qeydlərimə baxıram və qırx il (!) bundan əvvəl yazdığım o qeydlərin bəzi məqamları, olsun ki, mənim bugünkü fikirlərimlə üst-üstə düşmür, ancaq onlara hansısa düzəliş etmək də, əlbəttə, düz olmaz, yalnız bəzi şərhlər verirəm:

“12 sentyabr.

Neçə gündü ki, Nəsiminin 600 illiyi ilə bağlı tədbirlər, əməlli-başlı bir Nəsimi bayramı keçirilir. Aydın məsələdir ki, bu tədbirlərin hamısı həqiqi ədəbiyyat söhbəti deyil, ancaq şübhəsiz ki, ümumilikdə, gözəl hadisədir. Bu, yalançı pambıq bayramı, ya traktor bayramı, ya da Brejnevin təzə orden almağının bayramı deyil. Bu – əslində milli mənin oyanmasına, milli qürur hissinin yaranmasına xidmət edən bir hadisədir.

Bu gün də Dostluq Evində SSRİ Yazıçılar İttifaqı ilə bizim Yazıçılar İttifaqının birgə iclası keçirildi. Mən Ariflə (şərh: indi dəqiq yadımda deyil, ancaq çox güman ki, söhbət mənimlə birlikdə Nizami institutunda işləyən rəhmətlik Arif  Abdullazadədən gedir) getmişdim. Xaricdən çoxlu qonaqlar gəlib, amma təəssüf  ki, onlar öz ölkələrindən biləvasitə Bakıya, biləvasitə Nəsimi yubileyinə gəlməyiblər və bu mənə, əlbəttə, pis təsir edir. Məsələ burasındadır ki, bir neçə gün bundan əvvəl Alma-Atada Asiya-Afrika yazıçılarının konfransı keçirilib, sonra da onların bir qismi Bakıya – Nəsiminin yubileyinə gətirilib. Belə çıxır ki, fürsətdən istifadə etmişik... Ancaq elə bunun özü də az iş deyil. Qoy, gəlib görsünlər, tanısınlar...

Rəyasət heyətində oturmuş qonaqların arasında Yaşar Kamalı gördüm. Elə səkkiz il bundan qabaqkı kimidir. Qəribədir, Türkiyədən gələn yazıçı görəndə, adamın içindən xoş bir dalğa keçir. Ancaq nə  üçün “qəribədir” yazıram?

İclası həmişəki kimi Mirzə İbrahimov açdı. Rəsul Rza məruzə etdi. Sonra Tixonov danışdı, o, Yubiley komissiyasının sədridir. (şərh: rus şairi Nikolay Tixonov o zamankı ən nüfuzlu sovet ədəbiyyat generallarından biri idi, ancaq mən 1975-ci ildə Yazıçılar İttifaqına katib gələndən sonra dəfələrlə bunun şahidi oldum ki, Tixonov Azərbaycana çox isti bir münasibət bəsləyir və o, çox da mədəni, xeyirxah bir insan idi.) Sonra başqa qonaqlar və Yaşar Kamal danışdı. Zal onu çox hərarətlə qarşıladı, bir neçə dəfə çıxışını kəsib əl çaldı.

Yaşar Kamal yaxşı, səviyyəli danışdı. Belə bir fikir də söylədi ki, “bu gün biz Nəsimidən çox şey öyrənirik”. Görəsən Yaşar Kamal doğrudan bu gün Nəsimini oxuyub ondan nəsə öyrənir? Ağlım kəsmir... Belə başa düşək ki, Nəsimi mübarizliyini nəzərdə tutur...

Sabah Lenin sarayında təntənəli yubiley gecəsi keçiriləcək. Sonra da Moskvada, Böyük Teatrda yubiley gecəsi olacaq. Əlbəttə, yubileyin Böyük Teatrda keçirilməsi böyük də hadisədir.

Axşam atam deyirdi ki, Yaşar Kamal çıxış edəndə yubileylə bağlı Bakıya gəlmiş  SSRİ Mədəniyət nazirinin müavini Kuxarski təəccüblə İmrandan (şərh: söhbət o zaman Yİ-nın katibi işləyən rəhmətlik İmran Qasımovdan gedir) soruşub ki, azərbaycanlılar türk dilini başa düşür?”

Səhərisi günkü yubiley gecəsində də mən Yaşar Kamalı eləcə yalnız uzaqdan gördüm.

1979-cu ildə isə mən Əziz Nesinin SSRİ Yazıçılar İttifaqına göndərdiyi dəvət ilə ilk dəfə Türkiyəyə getdim və o ilk Türkiyə səfərimdə görüşdüyüm yazıçılar, sənət adamları, ümumiyyətlə, bütün  səfər təəssüratımı “Yaxın, uzaq Türkiyə” kitabında yazmışam, ancaq o vaxt xaricdə olduğu üçün Yaşar Kamalla görüşə bilmədim.

Və mən bir də Yaşar Kamalla gözlənilmədən 1986-cı ilin iyun ayında Moskvada görüşdüm və həmin görüşdə bizim şəxsi dostluq münasibətlərimizin təməli qoyuldu, onun bioqrafiyasının bir sıra faktları, o cümlədən siyasi dustaq kimi həbsxanada yatmasının təfərrüatlarını da, atasının namaz qıldığı vaxt yeniyetmə Yaşarın gözlərinin qabağında qətlə yetirilməsini də mən elə o Moskva görüşləri zamanı onun özündən eşitdim.

1986-cı ilin həmin iyun ayında Moskvada SSRİ Yazıçılar İttifaqının Səkkizinci qurultayı keçirilirdi və mən o qurultaya Azərbaycandan nümayəndə seçilmişdim. Onda kimin ağlına gələrdi ki, bu – SSRİ Yazıçılar İttifaqının sonuncu qurultayı olacaq? Həmin qurultayın ilk günü Mixail Qorbaçov Kremlin Böyük İclas Zalında, qurutlayın rəyasət heyətində elə şəstlə oturmuşdu, rəyasət heyətinin hündürlüyündən zala elə baxırdı, elə bil bütün Yer kürəsinə yuxarıdan aşağı baxır.

Mən bu qurultaylardan üçünün – Altıncı, Yeddinci və nəhayət Səkkizinci qurultayın nümayəndəsi olmuşam və o qurultayların hamısı, əslində, ədəbiyyat hadisəsi yox, ideoloji hadisə olurdu, buradakı məruzələrin, çıxışların çox az istisnadan başqa, tam əksəriyyəti gur yanan partiya projektorunun saldığı işıq zolağında ərsəyə gəlirdi.

Ancaq biz mövzumuzdan uzaqlaşmayaq.

Moskvada mən Yazıçılar İttifaqında qeydiyyatdan keçdikdən sonra, elə İttifaqın  həyətində yerləşən Xarici Komissiyaya baş çəkdim ki, görüm qurultayın xarici qonaqları arasında Türkiyədən gələn varmı və məlum oldu ki, Yaşar Kamal da qonaqlar arasındadır. Elə oradaca Xarici Komissiyada Türkiyə üzrə kurator işləyən türkoloq və tərcüməçi Vera Feonova ilə görüşdüm və yeri düşmüşkən, demək istəyirəm ki, Vera Türkiyə ilə SSRİ, o cümlədən də Azərbaycan arasında ədəbi əlaqələrin yaranmasında, Əziz Nesindən tutmuş Aydın Hətiboğluna kimi müasir türk ədiblərinin SSRİ-yə dəvət olunmasında, onların Bakıya gəlməsində, bizim şəxsi təmaslarımızın baş tutmasında, münasibətlərimizin yaranmasında xidmətlər göstərmiş, ən başlıcası isə Türkiyəni sevən və o xidmətləri də ürəkdən göstərən bir insan idi. Veradan xahiş etdim ki, məni Yaşar Kamalla görüşdürsün və bir yerdə  şam eləyək.

Ancaq bu yerdə mən yenə köhnə qeydlərimdən istifadə etmək istəyirəm:

“25 iyun 1986.

Moskva.

Tezdən durub çıxışa hazırlaşırdım. Bir az keçmişdi, Vera zəng elədi ki, sonra səni tapa bilmərəm, indidən zəng edirəm,  istəsən, axşam səni Yaşar bəylə görüşdürə bilərəm və sözləşdik ki, saat 8-də SDL-də (şərh: bu – Moskvada, Yazıçılar İttifaqına bitişik Mərkəzi Ədiblər Evinin rusca baş hərfləridir; oranın çox məhrəmanə bir elitar restoranı var idi, deyirlər, indi özəlləşdirilib...) görüşək. Sonra SDL-ə zəng eləyib Belanı tapdım (şərh: restoranda sözükeçən xörəkpaylayan işləyən bu mehriban qadın osetin qızı idi və biz – mən, eləcə də Yusif Səmədoğlu, Anar – yolumuz Moskvaya düşəndə onun daimi müştəriləri idik) və xahiş etdim ki, axşam bizə miz saxlasın.

... Çıxışım axşam iclasında idi və  qulaq asmaq üçün Lixanov  da gəlmişdi. (şərh: mənim dostum, rus yazıçısı Albert Lixanov o zaman Moskvada 2 milyon tirajla nəşr olunan ədəbi-ictimai “Smena” jurnalının baş redaktoru idi; indi Rusiya Uşaq Fondunun sədridir.)Bizim Azər də orada idi. (şərh: o zaman Azər Mustafazadə SSRİ Yazıçılar İttifaqında məsləhətçi işləyirdi.)

... İclas bitən kimi, Azəri və Lixanovu da götürüb, elə onun maşınında SDL-ə getdik.

... Vera bizi tanış edəndə Yaşar Kamal əvvəlcə məni tanımadı, bu da, əlbəttə, təbiidir, onun bizdə qonaq olmağından iyirmi ildən artıq keçib. Belanın qulluq elədiyi gözəl mizimizin arxasında mən tanışlıq verdim, Məlik Cövdət Andayla birlikdə bizdə qonaq olduqlarını xatırlatdım. O: “- Eləmi?- dedi.- Əvət! Əvət!..” Onun bu “əvət”lərindən belə başa düşdüm ki, uzaq keçmişdə qalmış o günləri, deyəsən, yaxşı xatırlamır, amma bir az keçəndən sonra qəribə bir hadisə oldu: söhbət rus ədəbiyyatından düşmüşdü, Lixanov “Oblomov”u tərifləyirdi, Yaşar Kamal təəssüf edirdi ki, bu romanı oxumayıb və birdən – elə bil, Kolumb ilk dəfə Amerika sahillərini gördü – mənə baxaraq, yenə də : “- Əvət! – dedi,- təbii, xatırlıyoram! İlyas bəylə dağlara getdik!.. Yanımızda sarı kravatlı birisi də var idi!..” – və bərkdən güldü.

Doğrusu, “sarı kravat” əhvalatını  mən özüm unutmuşdum və Yaşar bəyin bunu xatırlatmağı mənə ləzzət etdi, elə bil, məclisimizə də bir hərarət gətirdi.

... Kosorukov içəri girib, ora-bura baxırdı, yəqin kimisə axtarırdı, bəlkə də şəxsən özü yoxlayırdı ki, qonaqlardan kim kimlədir (şərh: Aleksandr Aleksandroviç Kosorukov SSRİ Yİ Xarici Komissiyasının sədri idi, deyilənə görə KQB-nin də generalı idi, ancaq, insafən, pis adam deyildi). Veranı görüb, bizə yaxınlaşdı. Vera onu Yaşar Kamalla tanış etdi. Kosorukov Veradan kimisə soruşdu, sonra rus mujikinin bic baxışları ilə mənə baxıb gülümsəyərək: “- Elçin,- dedi.- Verçenko uje v kurse vaşeqo vıstupleniya... On ozoboçen...” (“Elçin, Verçenko artıq sizin çıxışınızdan xəbərdardır... Bir az qayğılanıb...”) Sonra Kosorukov dəvətimizə baxmayaraq, oturmadı, sağollaşıb getdi. (Bu yerdə mən yenə  şərh vermək istəyirəm: Mixail Suslovun, Leonid Brejnevin, Yuri Andropovun, Konstantin Çernenkonun dalbadal ölümündən sonra 54 yaşlı Mixail Qorbaçovun hakimiyyətə gəlməsi, elə bil, insanlarda mənəvi-gerontoloji düşgünlüyü nisbətən aradan qaldırmışdı, yeni ümidlər yaranmışdı, ancaq yazıçıların Səkkizinci qurultayı yenə əvvəlki inersiya ilə gedirdi. İyunun  24-də Səkkizinci qurultayın açılışından sonra SSRİ Yİ-nın birinci katibi yaşlı və xəstə Georgi Markov ənənəvi və solğun bir hesabat məruzəsini oxumağa başladı, bir az keçəndən sonra elə xitabət kürsüsündə özünü pis hiss etdi, onun qoluna girib salondan çıxardılar, məruzənin ardını isə başqası, səhv etmirəmsə, Vladimir Karpov oxudu. Mən Səkkizinci qurultaydakı həmin  çıxışımda Georgi Markovun məruzəsini tənqid edərək demişdim: “Gəlin əlimizi, necə deyərlər, ürəyimizin üstünə qoyub özümüz özümüzdən soruşaq: Səkkizinci qurultaya hesabat məruzəsi Yeddinci qurultaya, hətta Altıncı qurultaya hesabat məruzələrindən çoxmu fərqlənir? Yox!” Və çıxışı bu ruhda  da davam edərək SSRİ Yazıçılar İttifaqının rəhbərliyini ciddi tənqid etmişdim. Maraqlananlar Səkkizinci qurultayın kitab kimi nəşr edilmiş stenoqramına baxa bilərlər: Vosmoy syezd pisateley SSSR, stenoqrafiçeskiy otçet, Moskva, 1988, səh.: 141-142. Verçenko isə SSRİ Yİ-nın təşkilat üzrə nüfuzlu katibi, demək olar ki, əsas adamı idi.)

... Yaşar Kamal Kosorukovun arxasınca baxırdı, sonra da mənə baxdı və gülümsədi, bəlkə, yenə də “sarı kravatı” xatırladı?

... Yaşar Kamalın olduqca geniş mütaliəsi var. O, əksər türk solçularından fərqli olaraq, öz ədəbiyyatlarını da yaxşı bilir və divan ədəbiyyatına da kin-küdurət bəsləmir, sadəcə olaraq, onun mövqeyi belə bir həqiqəti ifadə edir ki, “divan ədəbiyyatı” öz missiyasını yerinə yetirib, güllə-bülbüllə, aşiqlə-məşuqla bugünün ədəbiyyatını yaratmaq olmaz. O, Türkiyəni sevir, ancaq özünü yalnız Türkiyənin vətəndaşı deyil, Türkiyənin vətəndaşı olmaqla bərabər, bütün Yer kürəsinin vətəndaşı hesab edir. O, sadə türk insanının təəssübünü necə çəkirsə, sadə ingilisin, rusun, ərəbin də eyni dərəcədə təəssübünü çəkir. O istəyir ki, Türkiyə azad, demokratik bir ölkə olsun, onun sözləri ilə desəm, “Amerika imperializminin təsirindən çıxsın, sosial ədalət prinsiplərini əsas götürsün...” Bir insan kimi də çox sadə və diqqətlidir, həm də bu sadəlik və diqqət mənim hiss elədiyim dərəcədə quraşdırma deyil, təbiidir. Gözəl yumor hissi var.”

Beləcə, gözəl bir axşam məclisimiz oldu.

Və o gözlənilməz Moskva görüşündən təxminən bir ay sonra yenə gözlənilməz bir hadisə baş verdi: mən İzmir Böyük  Bələdiyyə başqanı Burxanəddin Özfaturanın dəvəti ilə (o zaman Bakı ilə İzmir qardaşlaşmış şəhərlər idi) bir neçə dostla birlikdə ikinci dəfə Türkiyəyə gedəsi oldum və həmin səfər zamanı Yaşar Kamalla yenidən görüşdük.

Bizim marşrutumuz belə idi: Bakı – Moskva (vizaları Moskvada almalı idik) – İstanbul – İzmir və iş belə gətirdi ki, İstanbulun o zamankı Böyük Bələdiyyə başqanı Bədrəddin Dalanın (indiki İstanbul Yedditəpə Universitetinin təsisçisi) təkidi ilə İzmirə gedərkən də, qayıdarkən də bir neçə gün İstanbulda qaldıq.

Mən həmin səfərə çıxarkən tanıdığım türk yazıçılarının, o cümlədən də Yaşar Kamalın telefon nömrələrini özümlə götürmüşdüm, ancaq İstanbulda ona telefon açmağıma ehtiyac qalmadı, bizi bu yaxınlarda rəhmətə getmiş  mənim unudulmaz dostum şair Aydın Hətiboğlu görüşdürdü.

O zaman, yuxarıda dediyim kimi, Mixail Qorbaçov hakimiyyətə yeni gəlmişdi, sonralar boş vədlər, siyasi sürüşgənlik və rüsvayçılıq, xaos və xəyanət göstəricisinə çevrilmiş “perestroyka” yeni başlayırdı və ilk vaxtlar, elə bil ki, SSRİ-ni hər tərəfdən bürümüş qapalı, qartlayıb bərkimiş pəncərələrinin bulanıq şüşələrindən bir gözlük açılırdı, o gölükdən təmiz hava gəlməyə başlayırdı. Yuxarıda yazdığım kimi, o vaxt (elə indi də, ancaq bir az yumşaq!) Yaşar Kamal solçu dünyagörüşünə malik, kommunizmdən daha artıq sosializm ideyalarını bölüşən (Sartr tipli) bir qələm sahibi idi və elə buna görə də bizim Aydının dəvəti ilə İstanbulda, boğazın kənarındakı indi adını unutduğum xudmani lokantalardan birində oturub söhbətləşdiyimiz o görüş zamanı iyirmi il əvvəlki Bakı səfərini də, Moskva görüşümüzü xatırladığımız zaman yenə də birdən-birə gülə-gülə:

– Qorbaçovdan sonra yəqin sarı kravat bağlamazlar! – deməsi, doğrusu, mənə həm ləzzət etdi, həm də əlamətdar göründü.

Bu sözlər bir tərəfdən Yaşar Kamalın iti hafizəsindən və yumor hissindən xəbər verirdisə, o biri tərəfdən də (və mənim üçün daha əlamətdar olanı!) onun ideya fanatiki olmadığından, daxili tərəddüdlərindən, özü ilə özü arasındakı söhbətlərdən, daxili götür-qoylardan xəbər verirdi. Bu sözləri yazıram və  Yaşar Kamalın ehtiram bəslədiyi, xatirəsini həmişə uca tutduğu Nazim Hikmət yadıma düşür: qırxıncı illərin, əllinci illərin əvvəllərinin Nazim Hikməti ideyanın fanatiki idi, ancaq o SSRİ-yə  gəldikdən, burada yaşadıqdan sonra iti sənətkar gözləri və fəhmi ilə çox şeyi görmüş və başa düşmüşdü və mənim buna qətiyyən şübhəm yoxdur ki, ömrünün sonlarına yaxın o daxili tərəddüdlər burulğanı içində idi...

Səhəri gün Yaşar Kamal məni evinə dəvət etdi və onun mənzilində məndə elə bir təəssürat yaranmışdı ki, elə bil, evdə yox, kitabxanadayam. Məsələ yalnız bunda deyildi ki, Yaşar Kamalın mənzili başdan-başa kitab idi, bəlkə, daha artıq dərəcədə bunda idi ki, bu mənzilin aurasında açıq-aşkar bir kitab məhəbbəti, kitab əhvali-ruhiyyəsi, kitab müdrikliyi var idi, bu kitablar mənzildəki əşyaların atributu yox, daxili aləmin, ruhun, mənəvi özünüifadənin çox ağırçəkili, sanballı göstəricisi idi.

Yadıma gəlir, o vaxt rəflərdəki, dolablardakı o kitabları gözdən keçirərkən, gördüm ki, Stendalın eyni əsərlərinin eyni dildə – türk dilində bir neçə nəşri var və mən bunu deyəndə  Yaşar Kamal: “Dünya ədəbiyyatında mənim iki böyük ustadım var – Stendal və Tolstoy!”- dedi.

Görünür bu detal ona görə mənim hafizəmdə qalıb ki, Stendal İlyas Əfəndiyevlə mənim ədəbi fikir mübadilələrimizin, hətta ədəbi mübahisələrimizin qəhrəmanlarından biri idi – İlyas Əfəndiyev Stendalı çox yüksək qiymətləndirir, onu Balzak səviyyəli bir nasir hesab edirdi, mənim üçün isə Stendal o cür bir yüksəklikdə deyildi, mənə görə onda Balzakın psixologizmi yox idi və həmin psixologizmi yarımromantikliklə yarımacəraçılıq əvəz edirdi, mən onun İtaliya səfəri haqqında, yaxud Napoleon haqqında yazdığı sənədli yazılarını bədii əsərlərindən artıq bir maraqla oxuyurdum. Bunu da deyim ki, Yaşar Kamalın ikinci ustadı – qoca Tolstoy da İlyas Əfəndiyev üçün çox böyük ədəbi avtoritet idi və bu yerdə İlyas Əfəndiyev ilə mənim hansısa ədəbi mübahisəmizdən söz gedə bilməzdi, biz ədəbi müttəfiqlər idik.

Mən İzmirdən İstanbula qayıtdıqda da Yaşar Kamalla görüşdüm və bu dəfə yenə də Aydın Hətiboğlunun “təşkilatçılığı” ilə bizi – Yaşar Kamalı, Aydını və məni Əziz Nesindən sonra Yazarlar Sindikasının başqanı seçilmiş Dəmirtac Ceyhun Orta Köydəki çox koloritli bir lokantaya dəvət etmişdi.

İstanbuldakı o üç səmimi görüş Yaşar Kamalla mənim Moskvada yaranmış münasibətlərimizi səmimi və mehriban bir dostluğa çevirdi.

Bir neçə ildən sonra isə o nəhəng və zəhmli Sovet İttifaqı, elə bil, kartdan düzəlmiş bina idi, dağılıb tarmar oldu və Türkiyə artıq yenə də yaxın coğrafi bir məkana çevrildi. Deyə bilmərəm ki, mən hər dəfə yolum İstanbula düşəndə Yaşar Kamalla görüşürəm – vaxt az, iş çox – ancaq bu görüşlərin kəmiyyəti o dostluq münasibətlərinin keyfiyyətinə heç vəchlə təsir etməyib.

Və mən Patriarxla İstanbuldakı hələlik axırıncı görüşümüzün gözəl ovqatını xatırlayıram. İstanbulda olduğum günlərdən birində mənim dostum, məşhur uroloq, professor Ziya Akçətin bizi ailəlikcə evinə qonaq dəvət etmişdi və axşam Ziya bəyin şəhərin Asiya hissəsindəki qədim məhəllələrindən birində, Boğazın sahilində yerləşən mənzilinə getdik. Məlum oldu ki, daha bir qonaq da gəlməlidir və mən soruşanda ki, qonaq kimdir, Ziya bəy mənim qızım Günaya baxıb bic-bic gülümsəyərək:

– Elçin bəy, bu – sizə sürprizdir!- dedi.

Və bir neçə dəqiqədən sonra həyətdən maşın səsi gəldi, sonra da... Yaşar Kamal xanımı Ayşe xanımla içəri təşrif buyurdu (Tildadan sonra ikinci dəfə ailə qurmuşdu).

Sən demə, Ziya bəy əvvəldən Günaya deyibmiş ki, Yaşar Kamalı da dəvət edib, ancaq mənim xəbərim olmasın, “qoy, bu ikisi üçün də (yəni mənlə Yaşar Kamal üçün) sürpriz olsun”.

O axşam gecənin yarısına kimi oturduq, Ziya bəyin xanımının mizin üstünə düzdüyü gözəl təamlardan dada-dada, yavaş-yavaş rakı içə-içə keçmiş günləri xatırladıq, ədəbiyyatdan, sənətdən danışdıq, həyatdan və həyatın qəribə işlərindən danışdıq və mənim üçün çox xoş oldu ki, 90-na çataçatda Yaşar Kamal yenə də əvvəlki kimi yazmaq-yaratmaq əzmindədir, həyat onun üçün yenə də əvvəlki kimi maraqlıdır, heyrətamizdir, hafizəsi yenə də əvvəlki kimi itidir və yenə də əvvəlki kimi rakı içməyi bacarır.

Və uzun illərdən bəri bizim aramızda başqalarına heç nə deməyən bir “sarı kravat” zarafatı da yaranmışdı ki, mən Ziya bəygildəki o görüşümüzdə də:

– Yaşar bəy, – dedim.- Sarı kravat yadınızdadı də?..

– Ba!..- dedi.- Sarı kravatları unutmaqmı olur?..- və yenə də bir gənclik hərarəti ilə ürəkdən güldü.

 

3.   

 

Yaşar Kamal yaradıcılığı mənim üçün qətiyyən şübhə etmədiyim və həmişə də söylədiyiim bir fikrin, karküzar dili ilə desəm, “əyani nümunəsi”, göstəricisidir: ədəbiyyatda və ümumiyyətlə, sənətdə bəşəriliyə aparan yol millidən keçir.

Yaşar  Kamal  Avropada (və ümumiyyətlə, dünyada) yaxşı tanınan, populyar yazıçılardan biridir və burada mənim üçün hər şey gün işığı kimi aydındır: o, xaricdə bu qədər populyardır ona görə ki, ilk növbədə böyük milli yazıçıdır. Düzdür, dəfələrlə namizəd göstərilsə də o, Nobel mükafatı almayıb (ümid edək ki, hələlik almayıb!) və bu Nobel mükafatı verilərkən bəzən ədəbiyyata yanaşmadakı ikili standatların məntiqi nəticəsidir. Mən Yaşar Kamalı Lev Tolstoy ilə müqayisə etmirəm, ancaq bu gün biz deyirik ki, baxın, vaxtilə Lev Tolstoya Nobel verilmədi və mənim qətiyyən şübhəm yoxdur ki, sabah da deyəcəklər, baxın, vaxtilə Yaşar Kamala Nobel verilmədi.

Aşağı-yuxarı – eyni vaxtda Yaşar Kamalla yazıb-yaradan görkəmli türk nasirləri Səbahəttin Ali, Sait Faiq Əbasıyanıq, Orxan Kamal, Kamal Tahir, Əziz Nesin, Səmim Qocagöz, Həsən İzzətdin Dinamo, Bəkir Yıldız, Orxan Pamuk – mən ilk fikrimə gələnlərin adını çəkirəm – onları qətiyyən bir-birinə qarşı qoymadan və hər birinin ədəbiyyyatda tutduğu yerə kölgə salmadan demək istəyirəm ki, bu yazıçıların heç biri Yaşar Kamal qədər türk folkloruna, xalq yaradıcılığına yaxın və doğma olmayıb.

Onun elə əsərləri var ki, biləvasitə folklorla bağlıdır, misal üçün, məşhur “Dağın əfsanəsi” povesti romantik məhəbbət dastanlarının – “Əsli və Kərəm”in, “Leyli və Məcnun”un, “Tahir və Zöhrə”nin müasir yazılı ədəbiyyatda istedadlı ifadəsidir.

Eyni zamanda, Yaşar Kamalın elə realist əsərləri də var ki, onlarda biləvasitə folklordan sitat yoxdur, ancaq o əsərlərdə də xalq ədəbiyyatının nəfəsini duymamaq mümkün deyil. Onun “İncə Memet”dən sonra ikinci böyük epopeyası – üç cildlik “Firat suyu qan axır, baxsana” romanı (özü bunu “Bir ada hekayəsi” adlandırır) tragik bir realizmlə yazılmışdır və bu müasir əsəri oxuduqca, şəxsən mənə elə gəlirdi ki, qanlı Firat sularının hadisələrini hansısa bir dərviş, özü də bir az havalı bir dərviş danışır, mən az qala o dərvişin bu əhvalatları danışdıqca içindəki odla, alovla işıldayan gözlərini görürdüm.

Yaşar Kamal o böyük yazıçılardan biridir ki, onun romanlarında və nəinki yalnız romanlarında, hətta hekayələrində də həyat qaynayır, elə bil, o insanların – Yaşar Kamal qəhrəmanlarının arasındasan, onları bir-bir gözünlə görürsən, onlarla sən özün danışırsan, söhbət yazıçının təhkiyyəsindən getmir, bu hadisələri sən özün danışırsan, bu təsvirlər sənin özününküdür...

Bu, əlbəttə, böyük ədəbiyyat göstəricisidir.

Mən yuxarıda gürcü yazıçısı Çabua Amiredcibinin “Data Tutaşxia” romanını xatırladım (yeri gəlmişkən deyim ki, Çabua Amiredcibi də artıq 90-ı keçib və o da Yaşar Kamal kimi hələ bu dünyadakı missiyasını yerinə yetirməklə məşquldur!) və Yaşar Kamaldan xeyli sonra eyni mövzuda yazılmış bu romanı mən 70-ci illərin ikinci yarısında əlyazmasında (makinada çap olunmuş qrankalarda) oxumuşdum.

Mövzumdan bir az uzaqlaşsam da, deyim ki, o zaman “Drujba narodov” jurnalında nəsr şöbəsinin müdiri (sonralar jurnalın baş redaktoru oldu) Aleksandr Rudenko-Desnyak (Ukrayna ədəbiyyatı klassiki Oleksa Desnyakın oğlu) Bakıya gəlmişdi və o vaxta qədər mənim heç adını da eşitmədiyim çətin familyalı (Amiredcibi) bir gürcü yazıçısının rus dilində hələ çap olunmamış romanını gözgörəti bir heyranlıqla, ağız dolusu tərifləyirdi. Romanı jurnalda çap etməyə  hazırlayırdılar. Bir müddət sonra mən Moskvada olarkən həmişəki kimi “Drujba narodov”un redaksiyasına gedəndə o əsərin əlyazmasını Saşadan alıb oxudum və onun kimi tam bir heyranlıq içində olmasam da, əlbəttə, burası tamam aydın idi ki, söhbət istedad və professionallıqla yazılmış böyük bir romandan gedir.

Mən “Ədəbi düşüncələr”də o zaman bu iki roman haqqında qısaca yazmışdım və o qeydləri tapıb olduğu kimi burda da təqdim edirəm:

“İncə Memet”dən sonra “Data Tutaşxia” ilkin fəsillərində mənə deyilmişlərin təkrarı kimi göründü, ancaq Data Memetə nisbətən intellektualdır və bu romanın ən maraqlı cəhəti orasındadır ki, Data surətində ibtidai igidliklə (at belindəki igidlik! Koroğlu, Qaçaq Nəbi, Qaçaq Süleyman igidliyi!) intellektuallığın (“fəlsəfi dünya görüşünün” demirəm, məhz intellektuallığın) çox üzvi, təbii bir vəhdəti var.

Şəxsən mənə bu böyük (həcm etibarilə) romanı oxudan, həm də maraqla oxudan da həmin vəhdətin bədii ifadəsidir.”

Buradakı “Data Memetə nisbətən intellektualdır” fikrinə aydınlıq gətirmək istəyirəm. Bəli, Data intellektualdır, ancaq Memetin düşüncələrinin alt qatında, onun əməllərinin arxasında bir bünövrə kimi əsrlərin süzgəcindən keçib gəlmiş xalq müdrikliyinin dayanması da Yaşar Kamalın romanının bədii-fəlsəfi faktıdır. Memet – Robin Quddur, ancaq onda Robin Qud macəraçılığından artıq dərəcədə sadə, sadə olduğu qədər də dərin bir xalq müdrikliyi var.

Həmin xalq müdrikliyi Yaşar Kamalın çox uğurlu, az uğurlu – ancaq bütün əsərlərinin, hər halda mənim oxuduğum əsərlərinin görünməyən hissəsində, Heminqueyin dediyi aysberqin suyun altında qalmış üçdə ikisində çox möhkəm yer tutub və bu xalq müdrikliyi bir tərəfdən Yaşarın əsərlərinin sanbalını artırır, o biri tərəfdən də onlara estetik bir yüngüllük, şəffaflıq, oxunaqlıq gətirir.

Onun bir neçə il əvvəl oxuduğum “Ağ şalvar” adlı bir hekayəsi yadıma düşür. Süjeti təxminən belədir: kasıb bir kəndli yeniyetmənin – adı gərək ki, Mustafadır – ən böyük arzusu budur ki, varlı balalarının geydiyi kimi ağappaq bir şalvarı olsun və o yeniyetmə həmin ağappaq şalvar naminə qul kimi işləyir, xəyalındakı o ağappaq şalvar ona qüvvə verir, ancaq o ağ şalvar eləcə onun xəyallar aləmində qalır.

Belə bir ağappaq ləkəsizlik Yaşar Kamalın yaradıcılığına xas olan bədii-estetik bir xüsusiyyətdir, hətta mən deyərdim ki, bədii-estetik bir kateqoriyadır.

Yaşar Kamal dünyanın qara işlərini də ağappaq estetik bir ləkəsizliklə qələmə almağı bacarır.

Bu isə yalnız böyük istedad sahibi böyük sənətkarlara qismət olan bir vergidir. Allah vergisi.

 

***

 

Yaşar Kamal yuxarıda haqqında qısaca bəhs etdiyim üç cildlik “Firat suyu qanlı axır, baxsana” (“Fırat suyu kan akıyor baksana”) romanını belə bir avtoqrafla mənə yollayıb:

“Sevgili kardeşim Elçine. Yaşar Kamal.”

Mən də bu yazını sevimli böyük qardaşım Yaşar Kamala ən səmimi arzularımla bitirmək istəyirəm.

Yaşasın və yazsın!

 

4 may 2013.

B a k ı.

 

Elçin

 

525-ci qəzet.- 2013.- 29 iyun.- S.14-17.