Bəzi
öhdəliklər- tərcümə
(Rus dilindən Seyfəddin
Hüseynli tərcümə edib)
Miskin sivilizasiya, adamı uzun bir nərdivanı
kürəyinə alıb küçədə fənərdən-fənərə
sürümək, hər fənərin yanında gündə
üç dəfə nərdivanla qalxıb-enmək, səhər
onları söndürmək, gündüz silib-təmizləmək,
axşam yenidən yandırmaq məcburiyyətilə
üz-üzə qoyanda, lap avam və bədxislət də
olsa, həmin adam özü-özüylə – elə nərdivanı
qədər yüksək mətləblər haqda –
danışmağa vərdiş edir.
Lampaçı Kvakeo bir dəfə sərxoş
vəziyyətdə nərdivandan yıxıldı.
Başı yarıldı, qolu qırıldı. Möcüzə
baş verdi – o sağaldı, iki aydan sonra xəstəxanadan
çıxdı, yenə də ayağını çəkə-çəkə,
alnında eybəcər bir şırım, çənəsində
saqqalı, kürəyində nərdivanı, öz mavi
köynəyində fənərdən-fənərə
dolaşmağa başladı. Hər dəfə nərdivanın
həmin o yıxıldığı bəndinə
çatanda mütləq eyni bir mülahizənin üstünə
gəlirdi:
– Bəzi öhdəliklər mütləq
olmalıdır – bu, labüddür. Olmasa yaxşıydı,
ancaq var bunlar. Kişi, öz qəlbinin dərinliyində,
arvadının əxlaqıyla heç maraqlanmaya da bilər.
Ancaq yox! Maraqlanmağa borcludur! Əks təqdirdə, hamı,
hətta xırdaca oğlan uşaqları da onu qınaya bilər.
– Buynuzlu Kvakeo! Ey, onlar buynuzu nə vaxt
taxırlar sənə, Kvakeo?
– İt balaları! – Kvakeo yuxarıdan, fənərin
yanından çığırır. – Belə məqamda
deyirsiniz bunu mənə?! İndi, şəhərə
işıq verdiyim vaxtda?!
Bax belə bir bəraəti var onun – şəhərə
işıq verir! Amma yenə də arvadının hərəkətlərinə
göz qoymağa borcludur. Bəlkə o,
arvadının xəyanətini anlamır? Məgər bu kerosin lampalarının
işığında görmək olurmu ki, oğrular bir evə
necə soxulurlar, yaxud palçıqlı, kimsəsiz tinlərdə
adamın üstünə necə cumurlar?!
– Oğru da özünüzsünüz,
cani də!
Kvakeo bələdiyyə müşaviri
kavaler Bissinin yanına yollandı: həm işinə görə
ona borcluydu, həm də bu adam, xidmətdəki
fəallığı müqabilində, vaxtaşırı
Kvakeonu mükafatlara təqdim edirdi. Hər
şeyi olduğu kimi danışandan sonra soruşdu ki, məgər
fənərləri yandırdığı vaxtlarda o, vəzifə
başında, xidmətdə sayılmırmı?
– Əlbəttə, – müşavir cavab verdi.
– Onda, deməli, məni təhqir edən kəs
– Kvakeo sözünün ardını bu cür gətirdi – vəzifə
başındakı dövlət qulluqçusunu təhqir
etmiş olur, belədirmi?
Deyəsən, kavaler Bissi bununla o qədər
də razılaşmır, çünki söhbətin
hansı təhqirdən getdiyini, Kvakeonun nədən şikayətləndiyini
bilir. O bu təhqirlərin Kvakeoya – onun kimi bir
lampaçıya dəxli olmadığını incəliklə
sübuta yetirməyə çalışır.
– Xeyr a, zati-aliləri – Kvakeo
razılaşmır. – Rica edirəm,
inanın mənə, zati-aliləri!
Və bu “zati-aliləri”ni
deyəndə Kvakeo gözlərini süzdürür, guya
çox sevdiyi bir şərabdan dadır: “zati-aliləri” onun
dilindən çox təsirli səslənir. Kavaler Bissiyə
gəldikdə, onun xüsusi bir şəxs kimi, bəlkə də
heç istəmədən üzərinə götürməli
olduğu öhdəliklərdən əlavə,
müşavirlik vəzifəsiylə sıx bağlı olan
çoxlu başqa işləri də var. Bütün bu şəxsi
və ictimai öhdəliklərə Kvakeo böyük
ehtiramla yanaşır: əgər hərdən-hərdən,
yersiz peyda olan bir damcı yaş onu əlinin arxasını
burnunun altına çəkməyə vadar edirsə də,
o, əlini uzun mavi köynəyinin ətəyinə səliqəylə
silir.
Kvakeo son dərəcə nəzakətlə,
azacıq da utana-utana müşaviri inandırmaq istəyir ki,
onu şikayət üçün buraya gətirən təhqirin,
ola bilsin, hansısa əsası da var, ancaq həmin fakt
yalnız o öz lampaçı vəzifəsini yerini yetirdiyi
məqamda gerçəkləşə bilər, nədən
ki, lampaçı yox, sadəcə, kişi – ər olduğu
vaxtlarda həm onun, həm də arvadının barəsində
pis söz deyən olmur. Arvadı onun yanında
fağırlaşır, özünü abırlı-həyalı
aparır: heç vaxt onun pis bir hərəkətini görməyib.
– Şəhərə işıq verdiyim
vaxtlarda təhqir edirlər məni, zati-aliləri, nərdivanda
dayanıb fənərdən yapışdığım, onu
yandırmaq üçün kibrit çəkdiyim vaxtlarda.
Hamı bilir ki, mən şəhəri qaranlıqda qoyub,
arvadımın nə iş gördüyünü, kiminlə
olduğunu güdmək, zəruri halda – xəyanəti qətiləşdirdiyim
məqamda onları öldürmək üçün evə
yüyürə bilmərəm, cənab kavaler!
Kvakeo “onları öldürmək” kəlməsini,
acı zərurətlə barışmış bir adama xas təbəssümlə,
xüsusi vurğulayır, çünki təhqir edilən ər
kimi belə bir öhdəliyi, istəməsə də, öz
üzərinə götürməyə borclu olduğunu
anlayır!
– Əlavə sübut istəyirsiniz,
zati-aliləri? Aydınlıq axşamlarda,
fənərlər yanmadığı vaxtlarda onlar mənə
qətiyyən sataşmırlar. Nəyə
görə? Ona görə ki, həmin axşamlarda mən
bir qulluqçu kimi vəzifə başında olmuram...
Əla mülahizələri var onun.
Amma təkcə mülahizələrlə kar
aşmır. Faktlara üz tutmaq
lazımdır. Di gəl faktlara çatanda ən
yaxşı mülahizələr də gözdən
düşür: həm də eynən Kvakeonun o dəfə bərk
sərxoş halda nərdivandan yerə gəlməyi kimi.
Kvakeo öz mülahizələriylə nəyə
nail olmaq niyyətindədir? Kavaler Bissi ona belə
bir sual verir. Əgər ailədəki həngamələrin
lampaçılıqdan irəli gələn vəzifələriylə
əlaqədar olduğunu düşünürsə, o halda həmin
vəzifələrdən imtina etsin. Bunlardan
əl çəkmək istəmirsə, onda camaatın dediklərinə
fikir verməsin.
– Bu, qəti qərardırmı? – Kvakeo
soruşur.
– Qəti, – kavaler Bissi cavab verir.
– Aciz nökərinizəm, zati-aliləri!
Nərdivan günbəgün
ağırlaşdıqca ağırlaşır.
Kvakeo nərdivanın uzun müddət işlənməkdən
pis günə düşmüş bəndləriylə
çətinliklə dırmanır: onun bir ayağı o
birindən gödəkdir.
O indi, təpənin başındakı
axırıncı fənərlərin yanındaykən
aşağı enməyə heç tələsmir, bir fənərə
sığınıb, əslində bütün bədəniylə
ona söykənib əllərini yanına salır,
başını çiyninə endirib, orada – yuxarıda
öz-özünə düşünür, mülahizələr
yürüdür.
Kvakeo kədərli və qəribə mətləblər
barədə düşünür. Məsələn, fikirləşir ki, ulduzlar
bütün səmaya səpələnsələr də, bəzi
gecələr gözə görünsələr də, hər
halda yerə kifayət qədər işıq verə bilmirlər.
Hədər parıltılardır! Ancaq nə
qədər də gözəl parıltılardır! İşə bax ha, bir dəfə Kvakeo yuxusunda
görüb ki, guya başı-ayağı bilinməyən,
haraya söykənəcəyi anlaşılmayan,
ağırlığına güc yetməyən bir nərdivana
dırmanaraq bütün bunları – bu səmadakı
işıqları yandırmaq işi məhz ona
tapşırılıb. Oraya, o cür
yüksəkliyə, o saysız pillələrlə ta ulduzlara
qədər necə dırmanaydı? Yuxu... Nə həyəcanlı,
narahat yuxular varmış!
İndi görün lampaçı olmaq, həm
də ən azından onun kimi, fənərləri
yandıra-yandıra mülahizələrə dalmağı vərdişə
çevirmək nə qədər hüznlü məşğuliyyətdir.
Təkcə elə qaranlıqda işıq
yandırmaq, uzun müddət ərzində bu işi görmək
faktının özü məgər ən tutqun beyində də
ani bir düşüncə işartısı yaratmazmı?
Kvakeo bir dəfə belə qənaətə
gəldi ki, o, işığa hökm etdiyi kimi, kölgəylə
də bu cür davrana bilər. Əlbəttə!
Biri o birindən ayrılmazdır bunların! Doğulan
bir gün ölür. Kölgə də,
eynilə ölüm kimi, hər kəsi izləyir. Deməli,
Kvakeonun fənərləri yandıranda sanki nərdivanın
başından aşağı yağdırdığı hədə-qorxu
kimi səslənən bu sirli kəlam da onun öz mülahizələrinin
birindən hasil etdiyi nəticədən başqa bir şey
deyil:
– Gözlə ha, gözlə, mən
ölümü sənin quyruğuna calayaram ha!
Kvakeo öz işinə – fənərləri
yandırmağa mötəbər əməl kimi baxır:
axı o, təbiətin səhvini düzəldir! Özü də
necə bir səhv – işıq qəhətliyi! Hələ bu
harasıdır: yaşadığı bu kiçik şəhərdə
Günəşi əvəz edir o! Əslinə
qalanda, Günəşin iki köməkçisi var – biri odur,
biri də Ay. Onlar öz aralarında
növbələşirlər. Ay çıxanda o –
Kvakeo dincəlir. Və onun işinin bütün əhəmiyyəti
məhz belə axşamlarda üzə çıxır: Ay olmalıdır,
ancaq yoxdur, çünki buludlar onun yeri
işıqlandırmasına – bəlkə də
xoşlamadığı, ancaq hər halda icra etdiyi bu öhdəliyi
yerinə yetirməsinə mane olur, nəticədə şəhər
qaranlıqda qalır.
Qaranlıq gecədə
yaxınlıqdakı hansısa işıqlı şəhərciyi
seyr etmək necə də xoşdur!
Hər axşam şəhərin
ucqarındakı axırıncı fənərlərə
dırmananda çoxlu bu cür işıqlar görür və
bir fənərin dirəyindən yapışıb boynunu
qatlayır, köks ötürüb həmin
işıqların seyrinə dalır.
Hə, o işıqlar işıldaquş sürüsü
kimi durmadan sayrışır və bəlkə Kvakeogilin
şəhərindəkindən də artıq məhrumiyyətlərin
gizləndiyi çirkli küçələrin, balaca evlərin
üzərində, qəmli sükut içərisində
sübhədək oyaq qalır; ancaq uzaqdan baxanda bu çox
gözəl mənzərədir, Kvakeo zülmət
qaranlığın qoynundakı işıqları seyr etməyi
xoşlayır.
Qaranlıqda küləyin şiddəti
artdıqca topa-topa “işıldaquşlar” titrəşir, sanki
köks ötürür. İlk
baxışda, uzaqdan elə görünür ki, guya
qaranlıqda yer üzünə səpələnmiş bədbəxt
adamlar orda-burda toplaşıb bir-birinə arxa durur, köməklik
göstərirlər: dərinə gedəndə isə, məlum
olur ki, heç də belə deyil. Əgər bir yerdə ev tikilirsə, o birisi, mehriban qardaş kimi,
onunla yanaşı tikilmir axı: yox, mütləq üzbəüz
tikir ki, qonşunun gözünün qabağını kəssin,
onu havaya həsrət qoysun; adamlar heç də yanaşı
yaşamaq üçün bir yerə toplaşmırlar,
savaşmaq üçün bir-birinin önündə
düşərgə salırlar. O – Kvakeo bunu əla bilir. Hər evdə əslində bir-birini sevməli,
yadlardan qorunmaq üçün öz aralarında dil tapıb
mehriban yaşamalı olan insanlar arasında qırğın
gedir. Məgər elə öz arvadı onun qatı
düşməni deyilmi?..
Kvakeo içirsə əgər, məhz
buna görə içir: içir ki, onu üzərinə bəzi
öhdəliklər götürməyə vadar edən mətləblər
haqda düşünməsin. O bunları üzərinə
götürmək istəməzdi, amma başqa cür
mümkün deyil.
– Bəs sən necə fikirləşirsən,
qoca siçan?
Kvakeo yarasaya deyir bunu.
Onu “qoca siçan” adlandırır: çünki yarasa –
qanadlı siçandır. Kvakeo sakitcə divarın dibiylə
yeriyən, arada qəfil dayanıb belini dikəldərək
onu marıtlayan pişiklərlə, ya da kimsəsiz
küçələrdə bir fənərin dibindən o
birinə tərəf ayaqlarını heysiz-heysiz sürüyən,
hər fənərin altında, ta kürəyi yanıncaya qədər,
şöngüyən süləngi itlərlə də
tez-tez beləcə danışır...
Bəs əgər kerosin yoxdursa, o, fənərləri
necə yandıra bilər? Bu axşam şəhər qaranlıqda qalacaq. Kerosin tədarükçüsünün bələdiyyə
ilə arası dəyib. Artıq neçə aydan bəri
ona bir qəpik də ödənilmir: o, kreditlə hardasa iyirmi
minlik mal verib, indi daha söz eşitmək istəmir.
Axşam düşəndə Kvakeo nərdivanını
götürüb şəhəri dolaşdı ki,
görsün fənərləri birtəhər yandırmaq
olarmı: keçən gecədən azacıq kerosin
qalmışdı. Fənərlər bir az
yanandan sonra söndü, lap qaranlıq oldu. Ötüb-keçənlər
gileylənirdilər, lampaçıya
acıqlanırdılar, guya təqsir ondaydı. Oğlan
uşaqları öz köhnə mahnılarını zilə
çəkirdilər:
– Buynuz, buynuz! Buynuz istəyən
var? Kvakeo, buynuz istəmirsən?..
Kvakeonun daha səbr etməyə tabı
qalmayıb. Həqarətdən
yayınmaq üçün baş küçədən
çıxıb, kürəyində nərdivan, döngələri
arxada qoyur. Amma uşaqlar da geri
qalmırlar. Sözlə sataşmaqdan
doymayan uşaqlar fürsət düşən kimi – yorğun,
dilxor Kvakeo adəti üzrə yuxarı dırmanıb fənərlərdən
birinə sığındığı vaxt nərdivanı
onun ayaqları altından çəkirlər – indi o, çarəsiz
halda göydə asılı qalıb.
Hə, belə oldu?!
Kerosin qıtlığı üzündən
lampaçı vəzifəsini icra edə bilmədiyi
üçün indi onun bir ər kimi öhdəliklərini
dürüst yerinə yetirməsinimi istəyirlər onlar?!
Onlar məhz bu
axşam – şəhərə işıq vermək bəhanəsinə
yer qalmadığı bir məqamdamı Kvakeonun
üstünü kəsdiriblər?! Yaxşı! Onda nərdivanı yerinə qaytarsınlar ki, Kvakeo
da onların istəyini yerinə yetirsin.
Nərdivanı gətirin, nərdivanı!
Lənət şeytana, bircə düşməyə imkan
versinlər, onda görərlər neylədiyini!
Üç-dörd nəfər, qəhqəhə
çəkə-çəkə, nərdivanı onun
ayaqları altına söykəyib birağızdan
qışqırır:
– Bıçağın varmı?
– Budur ha!
Kvakeo köynəyini qaldırıb,
şalvarının cibindən iri bir bıçaq
çıxarır, açıb göstərir:
– Yarayar?
– Yortacaqsan onu?
– Onu da, arvadı da – tutsam, yerindəcə...
Hamınız şahid olacaqsınız! Dalımca gəlin!
Və o, gödək ayağının
üstünə sarı əyilə-əyilə, qabağa
düşür. Oğlanlar qaranlıq,
dolanbac küçələrdə, Kvakeonun dövrəsində
çığır-bağır sala-sala, onunla birgə
üzüyuxarı gedirlər.
– Doğrudan yortacaqsan onları?
Kvakeo ayaq saxlayır, geriyə
çönüb təhrikçilərdən birinin
yaxasından yapışır:
– Siz hələ peşman
olacaqsınız! Mən ki indi sizinlə birlikdə, əlisilahlı,
öz öhdəliyimə əməl etməyə gedirəm,
hamınız mənim yanımda olmalısınız,
hamınız! Lənət şeytana!
Və o, tutduğu oğlanı var
gücüylə silkələyir. Çoxları qorxur, çaşqın,
karıxmış halda bir müddət arxada gedirlər,
bir-birinin qolundan tutub çəkir, geri qalırlar. Təkcə
ikisi – lap nadincləri onunla düz evinə qədər gedir:
ancaq ciddiləşiblər, daha irişmirlər, əksinə,
işə əl qatmağa, onu əyləməyə
hazırdırlar. Qapının ağzına
çatanda onlar doğrudan da Kvakeonun qolundan
yapışıb, gülə-gülə, məzələnə-məzələnə
onu hansısa meyxanaya aparmağa çalışırlar.
Ancaq Kvakeo dartınıb çıxır,
bıçağını çəkib hədə-qorxu gəlir:
qapını yumruqlayıb arvadını
çağırır:
– Aç, həyasız, aç! Bu dəfə
sənin hesabını çəkəcəm! Buraxın məni,
buraxın! Buraxın, yaramazlar, yoxsa sir-sifətinizi
dağıdaram!
Bu hədədən sonra uşaqlar kənara
çəkilirlər, o isə döş cibindən
açarı çıxarıb qapını açır.
İçəri atılıb arxasınca
qapını çırpır. Oğlanlar
qapıya cumub açmağa çalışırlar,
harayçılıq edirlər.
İçəridən söyüşlər
eşidilir.
– Cəlladlar, cəlladlar! – qışqırır
Kvakeo: bıçağı ovcunda sıxıb; az əvvəl
arvadının saçlarından yapışaraq onu
döşəməyə sərib, indi də
çarpayının altını axtarır; ayağına
keçəni alt-üst edir, hər tərəfi arayır,
çığıra-çığıra mətbəxə
üz tutur.
– Hanı o? De görüm
hanı o, harda gizlətmisən onu?
– Dəli olmusan? Sərxoşsan sən! Beynin niyə çönüb belə?
Məhəlləni onun ardınca gələnlərin
səsləri bürüyüb, hay-küyə adamlar
tökülüşüblər.
Yan-yörədə pəncərələr
açılır, hər kəs soruşur: “Nə olub, nə
haydır belə?” Qapını döyürlər.
Kvakeo arvadının üstünə
cumur:
– De görüm o hanı, öldürərəm
yoxsa! Qan, qan tökmək istəyirəm bugün, qan!
Daha bilmir haranı axtarsın.
Qəfildən, mətbəxin uçuruma
açılan pəncərəsinə nəzər salır.
Bu pəncərə yamanca hündürdədir,
həmişə də bağlı olur, şüşələri
hisdən qaralıb.
– Götür kürsünü, aç o
pəncərəni! Açmaq istəmirsən,
ifritə? Mən özüm açaram!
Oturacağın üstünə
çıxıb açır və... bu nə dəhşət!
Gözləri bərəlmiş halda dala çəkilir,
əllərini saçlarına atır, bıçaq
döşəməyə düşür.
Kavaler Bissi orda, uçurumun kənarında
dayanıb – ora təhlükəlidir.
– Allah sən saxla, birdən zati-aliləri
sürüşüb-eləyər! – qışqırır
Kvakeo, dəhşətdən güclə özünə gəlib
yumruğunu ağzına çırpır, dərhal da əsə-əsə
kavalerin köməyinə atılır.
– Ehtiyatla, ehtiyatla! Ayağınızı
çiynimə qoyun, zati-aliləri... Necə
gizlənə bildiniz burda? Gör ha, uçurumun
qırağında... Bu cür eybəcər arvaddan
ötrü boynunuzu sındıra bilərdiniz axı, olmaz belə!
Siz kavalersiniz axı, zati-aliləri!
Arvadına tərəf çönüb
onun sifətinə bir dürtmə vurur.
– Bu nədir belə? – qışqırır.
– Məgər sən onu belə bir yerdə gizlətməliydin?!
Bundan abırlı yer tapmadın?! Axmaq qadın, məgər görmədin ki, mən hər
yeri eşələdim, bircə pərdənin altındakı
divar şkafından başqa? Tez ol, götür
fırçanı, cənab kavalerin üstünü təmizlə!
Lütfən, zati-aliləri, beşcə dəqiqəliyə
şkafda gizlənin! Eşidirsiniz, küçədəki
çığır-bağırı? Bəzi öhdəliklər
var axı, zati-aliləri, inanın mənə! Heç istəməzdim,
amma neyləmək olar! Beşcə dəqiqəliyə,
lütfən! Mən onları qovaram!
Və o, kavaleri divar şkafında gizlədib,
küçəyə baxan pəncərəni açır,
qaçıb-dağılışan camaata sarı
çığırır:
– Heç kəs yoxdur! Açıram
qapını... Kim inanmırsa, girib baxsın.
Ancaq heç kim yoxdur burda!
Luici
Pirandello
525-ci qəzet.- 2013.- 29 iyun.- S.19-20.