Səndən ayrı, Sənsizlikdə…
“Küləklər
də sığallamır çiçəkləri...”
Günlər keçir
ağır-ağır
səndən ayrı.
Yollarıma gecə-gündüz
çiskin-çiskin kədər
yağır
Səndən ayrı.
Qulağımda gülüşünün
şəlaləsi səndən ayrı.
Xəyalımda titrək, kövrək
Dodağının piyaləsi səndən
ayrı.
Dəniz gəlir dalğa-dalğa,
qıvrım-qıvrım
dönür geri
sənsiz görüb sahilləri.
Küləklər də
sığallamır
Çiçəkləri səndən
ayrı.
Nəğmələr də nəğmələnmir
səndən ayrı.
Şərqilər də ləpələnmir
sənsizlikdə.
Buludlar da yırğalanır
həzin-həzin.
Həsrətindən dəliləşib
qırçınları göy dənizin.
Quşlar susub, nəğmələnmir
sənsizlikdə.
Şəfəqlər də ləpələnmir
Sənsizlikdə.
İndi söylə, mən neyləyim?
Rəsul
Rza
525-ci qəzet.-
2013.- 29 iyun.- S.21.