Yüz gözəl sevgi şeiri
PƏRVİNin təqdimatında
Dərsin
sonuna 5-3 dəqiqə qalmış tələbələrdən
biri sual verir: “Niyə xaricilərin, “meşşanlar”ın
sevgi hekayələrini yazırsız, amma
özümüzünkülər qalır?” Müasir gənclərin,
bildi-bilmədi, nəyəsə etiraz edib intellektual
görünmək cəhdləri mənə aydındı. Bu
vaxta kimi hansı
“meşşan”dan yazdığımdan xəbərsiz
olsam da, halımı pozmuram, təmkinlə cavab verirəm: “Azərbaycanlıların
sevgi hekayələrini yazmaq çətindi. Çünki
çox faktlar gizlədilir. Amma şübhəsiz, tarixdə
elə məşhurlar var ki, onlardan yazmaq olar. Məsələn,
Nigar xanımla Rəsul Rzadan...” Nə qədər
çalışsam da, ayrı ad gəlmir dilimə... Və Zəng
vurulur.
...Əlbəttə,
bir çox sənətkarların da, onların
xanımlarının da adı yadımdaydı. Amma söhbət
sevgidən gedirdi, axı...
Bu
günlərdə, Nigar Rəfibəylinin 100 illiyi ərəfəsində
üsyankar gənclə aramızda olan dialoqu xatırladım.
Nigar xanımın sevgi şeirlərindən birinə esse
yazmağı düşünürdüm. Böyük
şairənin “Ömrüm Sənsiz olmasın, şeirim
olmasın Sənsiz...” misralarını yadıma salıb fikirləşdim
ki, doğum günündə yazacağım esse də Onsuz
olmasa, Nigar xanımın ruhu şad olar. Ona görə bu dəfə
“Yüz gözəl sevgi şeiri” layihəsində iki şeir
təqdim edirəm...
Sevgi hər şeydən
öncə, düşünməkdi... Düşüncədən
başlanır bu hiss.
Elə ilk qığılcım dediyimiz də, beyni anidən
zəbt etmiş fikirdən başqa bir şey deyil. Ona görə fikri,
düşüncəni tərəddüdsüz-filansız sevgi təməli
adlandırmaq olar. Amma
zamanla o təməlin
üstündə qaldıracağın abidə ürəyinin
və ruhunun gücündən
asılıdı, beynindən asılıdı... Birinə aid fikirlərlə zəbt olunmuş
beynindən. Sevgi adlı abidənin ucalması, möhkəmlənməsi
də maraqlıdır, əslində. Əgər özünə
kənardan baxmağı
bacarırsansa, hisslərini təhlil elə. Qalaçan dünənkinə baxanda
bir “daş”
hündürdüsə, qazancındı. Amma
sabah səhər yuxudan
ayılıb görsən ki,
qarşında əzəmətli Qala
durub və sən yalnız onun içində nəfəs ala, yaşaya bilirsən
və sənin üçün ordan kənarda heç bir həyat, arzu, sevinc yoxdu, təəccüblənmə.
Möcüzələr təkcə nağıllarda olmur. Elə məhəbbətin
də əsas işi inanılmazı real etmək, əlçatmazı
yaxına gətirmək,
yalnız yuxuda görə biləcəyini
həyatda yaşatmaqdı. Bacarsan, zamanla bütün gözəllikləri
o sevgi qalanın
içinə daşıyacaq, rahatlığını, səadətini
bir adamda tapacaqsan. Bax budu ən böyük
xoşbəxtlik: başqa heç
kim, ayrı heç nə
lazım deyil sənə, dünya
malı, sərvət peşində deyilsən. Onunla arxayınsan, dopdolusan...
Ən təsirli musiqi – birgə dinlədiyiniz,
ən gözəl məkan – birgə getdiyiniz,
ən dadlı yemək – birgə yediyiniz,
ən maraqlı film – birgə
baxdığınızdı... Və bütün duyduğun “ən
gözəl”lər bu birgəlikdən
asılıdır. Əslində, belə sevmək... (belə
sevmək deyəndə ki, sevmək elə
belə olur) təhlükəlidi. Çünki fərqi yoxdu,
qısa müddətə olsun, ya Allah eləməmiş,
ömürlük, tənhalığa
dözə bilmirsən. Axı, o qala iki nəfər üçün düşünülüb.
Tək yaşamaq olmur
orda... Yarının uzaqlaşması ilə
hər şey – yer, göy, dünya,
hamısı gözündən düşür,
həyat mənasızlaşır. Yüz
kilometr aralıda olsun,
ya min... eynidi, uzaqlıq elə darıxmaqdı.
“Darıxanda yaz...” – deyir
ustad sənətkarlar. Görünür,
bu, illərin
sınağından çıxmış əlacdı, yaz, ürəyini boşalt,
bütün ruhunu
sarmış ehtiyacla, zaman
və məsafəylə
mübarizə apar.
Nigar Rəfibəylinin “Neyləyim”,
Rəsul Rzanın “Sənsiz” şeirlərini birləşdirən
əsas cəhət də budu. Hər ikisi darıxmaqdan yaranıb, hər ikisində
məsafəyə, uzaqlığa üsyan
var. Amma ayrılığın müvəqqəti olması
da, şeirlərdən aydın görünür. Çünki
misralarda həsrət, nisgil,
qubar nə qədər incəliklə təsvir
olunubsa, alt qatdakı
işıq, ümid, tezliklə qovuşmağa inam da o qədər zərif
ifadə edilib.
Şeirlərin
hər birində istər xanımın, istərsə də kişinin o əzəmətli
məhəbbət qalasındakı təkliyi və bu təkliyin dözülməzliyi hiss olunur. Dərd eynidi. Sevgilisi
uzaqdadı... Darıxır, həsrət çəkir. Həyat mənasızlaşıb, bütün
gözəlliklər, təbiət bozlaşıb. Şeirləri
eyniləşdirən daha bir
cəhət insan ovqatının təbiətə
təsiri, onun insan dərdinə
şərik çıxması, yaxud Onsuz olanda təbiətin
bozlaşmasıdı. Amma maraqlıdı
ki, əgər müəlliflər
gizlədilsəydi belə, birinci şeiri qadının, ikincini
kişinin yazdığı bilinərdi.
... Ala gözlü yarından
ayrı, hər gecəsi bir il kimi uzun,
üzücü olan
xanımın dərdinə çiçəklər şərik
çıxır. Nə qədər də həssas
və qeyri-adi yanaşmadı, deyilmi?! Şeirlərində
çiçəkləri hər zaman
öyən, əzizləyən
şairə bu dəfə
darıxmış, həsrətdən, ayrılıqdan yorulmuş qadının duyğularını
onların üzərinə keçirir. Çünki “gözü
yaşla dolmaq”,
“baxıb qəmgin olmaq”, “gözü yolda qalmaq”, “saçını yolmaq”,
“saçları pərişan olmaq”
qadına aid hisslər, hərəkətlərdi.
Və Nigar xanım bu
əhvalın, bu vəziyyətin
hamısını güllərin boynuna atsa da, azca
diqqətlə oxuyanda göz
önündə qəmgin, saçları pərişan,
gözləri yolda Qadın canlanır.
Qadın hisslərinin, darıxan xanımın
düşüncələrinin zirvəsi isə “Əsən
rüzgarın da yoxdur
vəfası, Düşmüşdür
başına özgə sevdası...” misralarıdı. Sevdiyini uzağa yola salan, ondan
ayrı düşmüş
qadının qısqanmaması mümkünsüzdü.
Və bu misralarda
xanımın sevdiyinə xəfif atmacası aydın nəzərə
çarpır. Qəribə bir sual hiss edirəm həmin
məqamda: Mən burda, səndən
ayrı darıxanda, güllərə, çiçəklərə
qoşulub solub-saralanda,
Sənin başına özgə sevda
düşməyib ki? Rəsul Rzanın “Sənsiz”
şeirində bu atmacanın, sualın
cavabı var: “Küləklər də
sığallamır çiçəkləri Səndən
ayrı!” Sakitləş... Əsən rüzgarın vəfası
var... Çiçəkləri
sığallamır.
...Həmin
hisslərlə, ağrıyla, nisgillə yaşayan
aşiq də öz
növbəsində yaşantılarını dilə gətirir.
Burada isə Kişi tənhalığı,
amma təmkinli, sakit tənhalıq
təsvir olunur. Çünki
məhz Kişi Ondan
ayrı günlərini ağır-ağır keçirəndə
“gülüşün şəlaləsini”,
“titrək, kövrək dodağın piyaləsini” xatırlayar.
Dəniz, külək, quşlar, buludlar aşiqə qoşulub
xiffət çəkirlər... Xanıma çiçəklər
həmdərd olduğu kimi.
...
Şeirlərin hər ikisini təkrar-təkrar
oxuyandan, təhlil edəndən sonra belə sevmək, belə darıxmaq, o Qalanı ucaldıb sonra
içində tək qalmaq barədə
düşünürəm. Nədi çarəsi, ürəyini
sızıldadan, başını rahat buraxmayan ağrıdan necə azad
olasan?! Elə bu
sualın da cavabı şeirlərdədi.
Əlacı sevdiyindən istəməlisən, ondan soruşmalısan... “Neyləyim?”, “İndi söylə mən neyləyim?” – deyərək.
PƏRVİN
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.21.