Şamaxıda tatarların milli bayramı Sabantuy qeyd
edilib
Azərbaycan çoxmillətli və fərqli
dinlərin nümayəndələrinin məskunlaşdığı,
dünyaya örnək olan tolerant ölkə kimi burada
yaşayan etnik qrupların, azsaylı xalqların milli və
dini bayramlarını həyata keçirməsi
üçün həmişə lazımi şərait
yaradılmasıyla da seçilir. Bugünlərdə
Şamaxı şəhərində keçirilən Sabantuy
tatar xalq bayramının təntənəli şəkildə
qeyd edilməsi bunu bir daha təsdiqləyir. Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən qəzetimizə verilən məlumata görə,
bayram mərasimində “Rossotrudniçestvo”nun Azərbaycandakı
nümayəndəliyinin əməkdaşları və
“Sozvezdiye” gənclərin yaradıcılıq klubunun üzvləri
də iştirak ediblər. Yüzlərlə həmvətənimiz,
Azərbaycanın tatar təşkilatlarının nümayəndələri
ənənəvi bayramda iştirak etmək üçün
Şamaxıya toplaşıb.
Mərasimdə əvvəlcə Azərbaycanın
və Rusiyanın dövlət himnləri səsləndirilib.
Rusiyanın ölkəmizdəki səfirliyinin
müşaviri, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov bayrama
toplaşanları salamlayıb və
çıxışını milli tatar aforizmi ilə
açıb: “Kazanda belə deyirlər: Sabantuyu necə bayram
edərsən, o cür də məhsul götürərsən”.
Rusiyalı diplomat Sabantuyun iştirakçılarına
xoş bayram əhval-ruhiyyəsi arzulayıb. Sonra Azərbaycandakı
bir çox xalqların – azərbaycanlı, tatar, rus, ləzgi,
avar, ukraynalı və kürdlərin mədəniyyətlərini
təmsil edən yaradıcı kollektivlərin iştirakı
ilə böyük konsert proqramı təqdim edilib.
Bayramın yaddaqalan məqamlarından
biri yaxın vaxtlarda RİMM-in nəzdində
yaradılmış “Sozvezdiye” gənclərin
yaradıcılıq klubu üzvlərinin debütü olub.
Klubun üzvü Səid İsmayılzadə Sergey Yeseninin
sözlərinə yazılmış “Mənim dostum”
mahnısını və “Sarı gəlin” Azərbaycan xalq
mahnısını ifa edib. Mahnılar Münəvvər
Muxtarovanın ifa etdiyi rəqslərlə müşayiət
olunub.
Oxucularımız üçün
maraqlı olacağını nəzərə alıb
tatarların və bir çox xalqların milli bayramı hesab
edilən Sabantuy bayramının tarixi, ənənələri,
keçirilmə yeri və qaydaları ilə bağlı
yığcam araşdırma apardıq. Tatar, başqırd və
çuvaşlar arasında geniş qeyd olunan Sabantuyun hərfən
“kotan bayramı” kimi tərcümə olunur. Şimali Qafqaz
xalqlarından balkarlar və noqaylar da buna bənzər
bayramı qeyd edirlər. Sabantuy bayramının tarixi kökləri
çox qədimlərə gedib çıxır və aqrar
kultla bağlıdır. Əvvəllər Sabantuyu yazın
ilk vaxtlarında, əsasən apreldə, indi isə iyunun
sonlarında bayram edirlər.
Sabantuy çox sevilən milli bayram
olduğundan onu qədim vaxtlardan indiyədək bütün
qaydalarına əməl etməyə çalışaraq
qeyd edirlər. Doğrudur,
zamanla Sabantuyun ənənələrində müəyyən
dəyişikliklər də baş verib. Mütəmadi olaraq
yerli fərqlər aradan qalxaraq Sabantuy ortaq, müştərək
bir bayrama çevrilib. İndi Sabantuyu yaz əkin işləri
bitəndən sonra, biçindən əvvəlki fasilədə
– iyunda qeyd edirlər. Əvvəllər bayramın həftənin
hansı günündə keçirilməsinə fərq
qoyulmayıb, sonralar isə bayram şənliklərini daha
çox bazar günləri həyata keçiriblər.
Müasir Sabantuy tatarların milli bayramı hesab edilir. Lakin
sonralar bu bayram həm də çuvaşların,
başqırdların, udmurtların, marilərin də milli
bayramı səviyyəsinə yüksəlib. Hazırkı
dövrdə Sabantuy Tatarıstanın həm də dövlət
bayramı satusuna malikdir. Əsas Sabantuy paytaxt Kazanda bayram
edilir.
Qədim
ənənələr zaman keçdikcə müasirləşsə
də bayramın əsas keçirilmə qaydaları qorunub
saxlanılır. Bir qayda olaraq şəhərdə bayram
meydanda keçirilir. Ancaq kəndlərdə isə bayram iki
hissədən ibarət olur: meydan ənənələri və
riutal kimi, hədiyyə yığmaq. Sabantuy kənddə
doğmaların və dostların əsl qonaq qəbulu
zamanıdır. Buna görə də bayramöncəsi buna
ciddi hazırlıq görülür, evlərdə
yır-yığış edilir, qonaqlar üçün ləziz
təamlar hazırlanır.
Sabantuyda milli təamları bayram ərəfəsində,
şənbə, bəzən də cümə günü
hazırlamağa başlayırlar. Bayramın mərhələlərindən
biri də hədiyyə toplanmasıdır. Bəzi kəndlərdə
hədiyyələrin yığılması üçün
50 və daha çox ən yaxşı at səfərbər
olunur: gənclər mahnı oxuya-oxuya kənddən-kəndə
gəzərək hədiyyə – yaylıq, dəsmal,
parça toplayırlar və bunları atların yüyəninə
bağlayırlar. Gənclər çalışırlar ki,
atlarını hədiyyə ilə daha çox bəzəsinlər,
sonra isə onu qohum-qonşu, doğmalar və dostları ilə
bölüşürlər. Əgər at olmasa, bəzən
piyada da bu ritual həyata keçirilir. Tatarıstanın bəzi
kəndlərində isə hədiyyə toplanması ilə
ağsaqqallar məşğul olur. Bəzən ev sahibləri
özləri əllərində hədiyyələr evlərinin
qapısı ağzında gözləyirlər. Gənclər
hədiyyə verənlərə mahnılarla təşəkkürlərini
bildirirlər, sonra isə kəndin arasında gəzib
yığdıqları hədiyyələri nümayiş
etdirirlər.
Sabantuyda işləməli dəsmal vermək
adət idi, lakin son dövrlərdə bunu daha çox
kişi köynəyi ilə əvəz ediblər.
Bu bayramda yumurta yığmaq ritualı da
qorunub saxlanmaqdadır. Yığılan yumurtalar
satılır və Sabantuy üçün lazım olan digər
əşyalar alınır. Yumurtaları həmçinin komik
yarışmalar zamanı meydanda da istifadə edirlər. Bayram
keçiriləcək ərazi əvvəlcədən səliqəyə
salınır, meydan daşlardan, çınqıllardan təmizlənir,
bəzən orada tribuna da qurulur. Bayram çox vaxt eyni meydanda
keçirilir. Bayram günü meydanda qaliblərə təqdim
ediləcək hədiyyələrlə dolu stol qoyulur, burada həmçinin
satış yarmarkaları, bufetlər də fəaliyyət
göstərir. Bayramın təntənəli
açılışından sonra əyləncəli mərhələ
başlayır: müğənnilər, rəqqasələr,
idmançılar çıxış edir,
istedadlarını nümayiş etdirirlər. Konsertin sonunda tədbirlərin
keçirilməsi üçün vaxt və yer elan edilir.
İndi də milli güləş –
koreş bayramın ən populyar ənənəsi olaraq
qalır. Yarışlara iki gənc oğlan, bəzən də
iki qoca başlayır, sonra isə növbə ilə müxtəlif
yaş kateqoriyalarına mənsub digərləri
qatılır. Sonra isə güləşdə finala
çıxan iki nəfərin yarışı kuliminasiya
anı hesab olunur. Müasir dövrdə Sabantuyun qalibinə
kifayət qədər qiymətli hədiyyələr-
avtomobil, bahalı məişət əşyası, xalı,
paltaryuyan maşın və sair təqdim edilir. Ənənəyə
görə qalibə həmçinin diri qoyun da hədiyyə
edilir.
Sabantuyun meydanları bir çox
tanınmış güləşçilərin idman
karyerasına başladığı ilk yer kimi də
tanınır. Həmçinin milli güləş
növü – koreş tatarların sevimli idman növunə
çevrilib.
Meydanda ağırlıqqaldırma,
armrestlinq və idmanın digər çoxsaylı növləri
üzrə yarışlar da keçirilir.
Meydanlarda həmçinin gülməli,
komik yarışlar da təşkil olunur. Məsələn,
ağızda tutulmuş qaşıq-içində də
yumurta ilə qaçmaq. Bu zaman təbii ki,
qaşıqdakı yumurtanı yerə salmamalısan. Yaxud kisədə
qaçış, su ilə dolu vedrə ilə yüyürmək
və ya birinin sol ayağı digərinin sağ
ayağına bağlanmış vəziyyətdə
qaçmaq meydanda toplaşanlara əyləncə və
gülüş bəxş edir.
Meydan tamaşaları adətən səhər
saat 10-dan başlanır. Meydanda şirniyyatlar və digər ləziz
təamlar satılır, samovar ətrafında ailəvi
çayiçmə mərasimləri təşkil edilir.
Meydan tamaşaları bitəndən sonra gənclər
axşam oyunları üçün bir yerə
yığışırlar və əyləncə
saatları, yarışlar davam edir.
Sevinc MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.22.