Publisist-tərcüməçi Teymur Xaspoladov
Tofiq
ABDİN
A-dan Z-yə
–Artıq
müəyyən bir yaşa gəlmisiz.Bu hafizə və ya
yaddaş sizə xəyanət etmir ki...Çünki Sizinlə
söhbətimizdə uşaqlıq,gənclik və təhsil
illərini çox gözəl xatırlayırsız və qələm
adamı üçün bu çox vacib və gərəkli
məsələdi.
–Bəzən həmsöhbətlərim
deyəndə ki, müəyyən bir hadisəni xatırlaya
bilmirlər, təəccüblənirəm. Çünki məndə
belə huşsuzluq olmayıb. Düzdür, son vaxtlar bəzən
təzə olayları unuduram. Yəqin ki, bu da, son dövrlərin
informasiya bolluğu ilə əlaqədardır. Bir məsələni
qabardım ki, özümdə yaş məsələsi ilə
bağlı heç bir problem hiss etməmişəm.Bildirim
ki, özümdən icazəsiz və xəbərsiz
dünyaya göz açandan bəri hər şey
yadımdadır. Anadan olan gündən bəri deyəndə
yəqin ki, bunun bir az ağ olduğunu siz də başa
düşdüz. Bununla belə, üç yaşımdan
sonra həyatımda nə olubsa hamısını
xatırlayıram desəm, buna qəti şübhəniz
olmasın. Uşaq çağlarımızda yayda heyva
çubuğundan özümüzə “at” düzəldərək
kəndin tozlu yollarında çapmağımızı,
qışda evimizin alt tərəfindəki sahədə od
qalayıb külündə kartof bişirməyimizi və s.
bugünkü kimi xatırlayıram. Digər xatirələr də
onun kimi... O vaxtdan altmış ildən də çox müddət
keçməsinə baxmayaraq, mənə elə gəlir ki,
bütün bunlar dünən olub. Bir dəfə
axşamçağı uşaqlıq dostum ilə
yaxınlıqdakı kolxoz bostanından
oğurladığımız qarpızı yemək
üçün çox da hündür olmayan alça
ağacına çıxarmağa etdiyimiz uğursuz cəhd
xeyli vaxtımızı aparmışdı. Axırda
qarpız əlimizdən düşdü və para-para oldu.
Üç, ya da dörd yaşımda ilk dəfə məhz
bu hadisədən sonra başa düşdüm ki, mənə
haram düşmür və bütün sonrakı həyatım
boyu bu fikir mənə hakim kəsildi, yaşam tərzimin
formalaşmasında əsas və vacib rol oynadı. Bu
düşüncənin və bundan bəhrələndiyim, gələcəkdə
həyat yolumu işıqlandıran və düz yola
çıxmağıma rəvac verən həmin hadisənin
mənə indiyədək nə qədər xeyir, yaxud da zərər
verməsini deyə bilməyəcəyəm. Lakin daxilimdə
bir hiss həmişə mənə pıçıldayıb
ki, hər halda, düz yol tutmusan!
–Bu
güman ki,nəsildən gələn bir bəxtəvərlik
olmalıdı məncə.
–Gen mühəndisi olan alimlərimiz
sübut edirlər ki, nəsildə hansı psixologiya
mövcuddursa, o, hökmən nəslin digər
davamçılarında da özünü göstərəcəkdir.
Yəni, haram düşənlərə düşəcək,
düşməyənlərinsə heç bir nümayəndəsinə
düşməyəcəkdir. Kimə düşürsə
özü bilsin, amma bizim nəslə hər şey zəhmət
bahasına, əmək sərf etməklə başa gəlir.
Şahidi olmuşam ki,
Böyük Vətən Müharibəsinin
qanlı-qadalı döyüşlərindən sağ və
salamat çıxıb evimizə
dönmüş atam həyatda, əmək fəaliyyətində
hətta kiçik bir uğursuzluqla rastlaşanda belə həmişə
oturub fikirləşərdi: ilahi, görəsən bu günlərdə
hansı günahı işlətmişəm?! Fikirləşərdi,
fikirləşərdi, lakin tapa bilməzdi... Və axırda
“olan oldu” deyib işini davam etdirərdi. Uşaqlarına da həmişə
düz, ədalətli olmağı, hamıya əl
tutmağı tapşırardı.Məsələn, gecə-gündüz
kolxozun at ilxısını qorumaq, baş sayında tələfata
yol verməmək və s. kimi işlər buna misaldır. Məsuliyyət
tələb edən işlər də ki, bildiyiniz kimi,
nöqsansız olmur.
–
Nöqsan deyəndə nəyi nəzərdə tutursunuz?
– Yaşlı nəsil Stalin dövrünün xofunu hələ
də həyatda olan nümayəndələri yaxşı
xatırlayırlar. Həmin hadisələrdən tarix
kitablarında indi də bəhs olunur. Mağaza
satıcısı alış-verişdə 3 qəpiklik
yanlışlığa yol versəydi, ambardarın bir kiloqram
ya artığı, ya da əskiyi çıxsaydı, hesabdarın
balansında bir qəpik çatışmasaydı, necə
deyərlər, həmin maddi-məsul şəxs əlli-ayaqlı
gedərdi Sibirə. Belələrinin qohum-əqrəbası
da, həmçinin, pis vəziyyətə düşərdi.
Bax, elə həmin dövrdə gecə vaxtı atamın
növbə yoldaşı olan gənc at ilxısını iki
şəhəri birləşdirən magistraldan keçirərkən
təsadüfən yolda peyda olan köhnə bir yük
maşını dayçanın birini vurur. Səhər məhkəmə
qurulur. Həmin vaxt hadisə yerində olmayan atama 6 ay həbs
cəzası kəsirlər. Növbə yoldaşı isə
yeniyetmə olduğundan məsuliyyətdən azad edilir.
Axı, kimi isə cəzalandırmaq lazım idi...
–Açıq
deyək, bu cəzalar müəyyən işlər də
görürdü.
–Məsələ bununla bitmir. Həbsə
məhkum olunan şəxsin bütün ailəsi cəzalandırılmalı,
məhbusun həyətində, evində nə varsa, müsadirə
olunmalı idi. Bunun səbəbini illər ötəndən sonra başa düşdüm: həyətdə
heyvanımız olmadığından otun aparılması ailəmizin
üzvlərinə bir elə təsir etməmişdi. Oduna
qalınca isə, çox sonralar başa düşdüm ki,
qürurlu bəy qızı olan anamın yana-yana
ağlamasına səbəb, sən demə, qarşıdan gələn
sərt şimal qışından ailəni necə
çıxaracağı fikri imiş...Bəlkə də bu və
buna bənzər digər çoxsaylı, həmişə də,
bir qayda olaraq ədalətsiz şəkildə yekunlaşan olaylar və onların
heç olmasa gələcəkdə düzgün və ədalətli
həlli məsələsi (utopik sosializm xülyası)
atamın məni hüquqşünas görmək arzusuna vadar
etmişdi.
–Sonra nə
oldu?
–Sən saydığını say, gör
fələk nə sayır. Müəyyən səbəblər
üzündənmi, yoxsa alın yazısının qüdrətindənmi
mənsə hüquqşünas olmaq istəməmişəm.
Bir neçə dəfə, hətta o dövrlərdə
çoxlarının yalnız arzu edə bildiyi, Azərbaycanda
yeganə universitet olan ADU-nun hüquq fakültəsinə
daxil olmağımı məndən xahiş belə
etmişdilər. Düzdür, sovet dönəmində
yaşamış insanlar üçün bu, çox da
inandırıcı görünə bilməz. Hüquq
fakültəsini bitirmək həmin dövrdə çox
şey demək idi. Həmin adamın nəsil-nəcabəti,
qohum-əqrəbası, dostları, tanışları və
s. üçün gələcək xoş həyat təmin
edilirdi. O vaxt bunu hamı yaxşı bilirdi. Bircə məsələni
dəqiqliyi ilə bəyan etmək istəyirəm: hətta mənimlə
şərt kəsdilər ki, hüquq fakültəsinə
daxil olmağa razılıq ver, elə ilk kursdaca səni ən
ali idarələrin birində işə düzəldəcəyik.
Lakin mənim fikrimdə bircə məqsəd vardı:
jurnalist olmaq!
–Ay
qardaş, adam da belə təklifdən qaçardı?
–O dövrləri xatırlayanlar
yaxşı bilirlər ki, həmin vaxtlarda jurnalistika fakültəsi
yeganə fakültə idi ki,
daxil olmaq üçün ən azı iki il iş
stajı tələb olunurdu. Jurnalistika fakültəsinə sənəd
verən abituriyent, digər vacib sənədlərlə
yanaşı, iki il iş stajı barədə sənədi,
xüsusi istedada malik olması barədə
çalışıb iki il iş stajı
yığdığı müəssisənin rəhbərliyinin
tövsiyə məktubunu və müxtəlif qəzetlərdə
dərc etdirdiyi bir neçə məqaləni də təqdim
etməliydi. Əks təqdirdə heç onun sənədlərini
qəbul belə etməzdilər. Mən amalım uğrunda
mübarizəyə o zaman böyük zavodlardan sayılan
Bakı Şin Zavoduna fəhlə düzəlməklə
başladım.
–Hopbala, o vaxtlar hüquq fakültəsinə
girmək bir müsibət idi,
sizsə həmişə ordan qaçmısız?
ONLAR NƏ
DEDİLƏR:
Müzəffər
MƏLİKMƏMMƏDOV,
yazıçı-jurnalist
İnsan var ki, insanların naxşıdır.
Qırx ildən çox dostluq etdiyim Teymurşah Xaspoladov da məhz
belə insanlardandır. Dostluğa sədaqətli, sabitqədəm,
təmkinli, son dərəcə insanpərvər, ürəyiaçıq
və səxavətli olan Teymurşah həyatda ancaq
yaxşılıq etməyi bacarır. Geniş
dünyagörüşü, hazırcavablığı, həlim
təbiəti ilə seçilən bu insandan hələ
kiminsə incidiyini görməmişəm. Onda sözün əsl
mənasında insanlıq istedadı var.Yaradıcılıq
istedadına gəldikdə də
T.Xaspoladov çoxlarına nümunədir. Onun
istedadlı olduğunu hələ ötən əsrin 70-ci illərində,
tələbə vaxtı hiss etmişəm. Yataqxanada bir otaqda
qalırdıq. Digər otaq yoldaşlarımdan fərqli olaraq
o, daha çox mütaliə edər, elmin dərinliklərinə
baş vurmaq üçün gecə-gündüz
çalışardı. İstedadı və zəhmətkeşliyi
ona cəmiyyətdə layiqli mövqe tutmaq, yaxşı
jurnalist kimi tanınmaq imkanı verdi.
Yaxşı yadımdadır, Teymurşah
“Magistral” adlı sahə qəzetini nəinki yaratdı,
qısa müddət ərzində onu respublikanın ən
yaxşı mətbu orqanları sırasına
çıxardı. Lakin həmkarımın fəaliyyəti
bununla bitmədi. 17 il redaktorluq etdiyi qəzeti bütün
Sovet İttifaqında tanıtdı. Həm respublikanın, həm
də İttifaqın sahə qəzetləri redaksiyaları
“Magistral”ın iş təcrübəsini öyrənməyə
başladı. Qazanılan uğurlara görə redaksiya Azərbaycan
və SSRİ hökumətlərinin təltiflərinə
layiq görüldü.
Teymurşah Xaspoladov son dərəcə məsuliyyətli
qələm sahibidir. Nədən yazdığını, necə
yazmaq lazım olduğunu yaxşı bilir. Ona görə də
qələm dostumun məqalə və oçerklərini
jurnalistikamızın gözəl nümunələri
adlandırmaq olar. Gənc jurnalistlərə örnək olan
T.Xaspoladov kimi jurnalistlərimizin
yaradıcılığının tədqiq edilməsi və
gələcək nəsillərə
çatdırılması son dərəcə vacibdir.
(HƏR İKİ HİSSƏ
DAVAM EDƏCƏK
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.23.