Sözdə
səsin melodiyası
Ömür bir yoldur, – deyirlər. Vaxtı,
zamanı, məsafəsi, sonu bəlli olmayan bir yol... Bu yola iz
qoyanı da olur, sadəcə keçib gedəni də. Özünə
qoşa yol salanı da. Uşaqlıqda
nə vaxtsa arzularının qoynuna – Bakıya aparacağına
həsrətlə baxdığı Böyük Mərcanlı
kəndindəki evlərinin yanından keçən dəmir
yolu, onu çox sonralar qoşa qollarında sevdiyi Bakıya
aparacaq; gələcək həyatını qurmağa, arzularını
reallaşdırmağa.
Orta məktəbi bitirəndə yaxınlarına
elə gəlirdi ki, məktəbli Məleykə ingilis dili mütəxəssisi
olacaq. Ancaq bu çəlimsiz qızın qəlbində səhnəyə
nə boyda məhəbbət gəzdirdiyindən isə hər
kəs xəbərsiz idi. Hətta canı qədər sevdiyi
atası belə...
Qızının dram dərnəyində
aparıcı, rəqqasə, aktrisa, müğənni kimi
çıxışına qısqanclıqla yanaşan ata, bu
həvəsin keçici olacağını düşündüyündən
yavrusunun səhnəyə çıxması üçün
ona “elçi düşən” müəllimlərinə hər
dəfə könülsüz razılıq vermək zorunda
qalır. Onun bu jesti məktəbli Məleykəyə hər
dəfə unudulmaz anlar yaşadır...
Sonralar Xalq
Teatrı
səhnəsi, böyük məclislər. Hər dəfə tamaşaçı ilə ünsiyyət Məleykəyə bir başqa gözəllik yaşadır. O, bu
gözəlliyi doya-doya yaşamaq, yaşamaq istəyir...
Səhnə adamı olacaqdı Məleykə!
Bu istək ailədə necə qarşılanacaq? Mühafizəkar
kənd mühiti, ailə qadağaları...
İradə, səbr və prinsipiallıq!
Sonucda sərt qadağalarda yumşalmalar. Övladını
hüquqşünas və ya jurnalist görmək arzusunda olan
ata, sevimli qızının iradəsinin qarşısında
duruş gətirə bilmir, geri çəkilir. M. A. Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutuna daxil olduqdan sonra “mən sənə güvənirəm”,
– deyib yavrusuna yardımçı olmaq qərarına gəlir.
Tələbəlik həyatı.
İctimai-mədəni mühit. Filmlərdən
aldığı dəvətləri qəbul etmiş
olsaydı, bəlkə də bu gün onun
yaradıcığından bir başqa cür söz açacaqdıq.
Buna onun özü kimi, indi biz də üzülürük....
Və nəhayət efir həyatı. Milli
televiziyada müsabiqəyə qatılır, qalib olur; efirə
vəsiqə qazanır. O vaxtlar hər kəsə nəsib
olmayan qismət. Məleykə isə bunun fərqində deyil.
Televiziyada çıxış etmək ağlının
ucundan belə keçmir. Çünki o, teatr adamı
olacaqdı. Ancaq efirdən söylənən şeir
ifalarını anasının necə böyük sevgi ilə
izlədiyinin şahidi olduğu vaxtlar, məktəbli Məleykə
“zaman olacaq sənin qızın da efirdən bax, beləcə
şeirlər söyləyəcək”, – söyləmişdi
anasına. O gün gəlmişdi...
“Ozan” folklor toplusu: “Deməyi bizdən,
yozmağı sizdən...”. Sonralar saysız-hesabsız
verilişlərdə çıxışlar edəcəkdi Məleykə
xanım. Amma nədənsə tamaşaçılar onu daha
çox bu verilişlə xatırlayacaqlar. “Mən hələ
tələbə ikən bir tək “Ozan” verilişi ilə həyatımın
əsl şöhrətli anlarını yaşamışam!”,
– deyir Məleykə xanım.
Fərqlənmə diplomu. Bu onun təhsilinin
son göstəricisi sayılır. Gənc mütəxəssis
kimi ona ali məktəbdə qalıb, təhsilini davam etdirmək,
işləmək məsləhət görülür. Lakin....
Atanın vaxtsız ölümü. 11 uşaqlı ailə. Tək
ana. Məleykə – ailənin ikinci övladı...
Gediş. Rayonda mühüm vəzifə təklifi;
ev, maşın... Heç biri qəbul olunmur. “Mən geri
qayıdacam”, – deyir. Geri qaytarılması üçün
institutun rəhbərliyi tərəfindən rayona göndərilən
nümayəndələrə isə “dönəcəm, amma
bir az zamana ehtiyacım var”, – deyir Məleykə xanım.
Rayon Mədəniyyət Evi.
Özünün istəyi ilə bədii rəhbər vəzifəsi.
Hamı kollektivdə yeni bir canlanmanın yaranacağını
düşünür. O isə hər şeyini qoyub gəldiyi
yaradıcı Bakı mühiti üçün
darıxır.
Qayıdış. Bir vaxtlar onun gedişinə
üzülən doğma təhsil ocağı, istedadlı
yetirməsinin dönüşünə sevinir, yenidən ona
qucaq açır.
Yenidən efir həyatı. Səhnə.
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutu: 3 illik aspirantura həyatı. Və üstəgəl
elmi-pedaqoji fəaliyyət...
***
“Hər divar
bir qapıdır”, – deyir Emerson.
Məleykə xanım istedadın,
bacarığın mütləq hər divarda bir qapı
açacağını söyləyir tələbələrinə.
Bunun zamanla bağlılığını başa salır
onlara...
Məleykə Məmmədova (Məleykə
Alıqızı). Azərbaycan Mədəniyyət və
İncəsənət Univerisitetinin “Rejissor sənəti”
fakültəsi , “Kütləvi tədbirlər və bayramlar
rejissorluğu” kafedrasının dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru.
Məleykə Alıqızı.
Tanınmış bədii qiraət ustası. Sevilən,
müqəddəs olanlara önəm verən, daima
axtarışda olan bir sənət adamı.
Hər gün kafedraya, dərs
otağına daxil olanda dəhlizdə neçə-neçə
tələbə ilə rastlaşmalı olur: Kiminin əlində
tamaşanın ssenarisi, quruluş planı, məşq
vaxtı, yeri, kimininsə hazırladığı göstərinin
afişası, dəvətnaməsi... Hər birinin də
dilində, ürəyində bitib-tükənməyən
suallar... Cavablarsa aydın, səlist və sadə...
Bu gün Məleykə xanım
özünü daha çox müəllim-öyrətmən
kimi görür. (Məncə, öyrətmən sözü
ona daha çox yaraşır. Mən, Məleykə xanımın
dilindən bu sözü çox sevdim.) Hər nəyi varsa dərs
üçün, tələbələri üçün həsr
edən bir öyrətmən kimi. Çünki o öyrəncilərinin
(bu ifadəni də Məleykə xanım daha çox sevir) əhatəsində
ÖZÜ olur.
Tamaşaçılarından tez-tez
eşidər: “Sizin ifanızda lirik şeirlər gözəl
səslənir...” Bu sənətçi xanımın isə
daha çox Vətən duyğulu şeirləri söyləmək
hissi keçir qəlbindən. “Mən sevgi şeirləri
söyləyəndə itirilmiş yurdumun fəryadlarını
duyuram ruhumda, utanıram...”, – deyir Məleykə xanım.
Məleykə xanım tələbələrinə
təkcə sənətin sirlərini öyrətməklə
kifayətlənmir, o həm də gənc rejissorlara
müasirlik duyğusunu, zamanın tələblərindən
çıxış edərək vətəndaşlıq
mövqeyini ifadə etmək vərdişini
aşılayır. Yetirmələrinə hər dəfə,
dönə-dönə “siz sənətkar olmaya bilərsiniz,
lakin vətəndaş olmağa borclusunuz”, – deyir.
Sevimli müəllimləri haqqında
yetirmələrinin dilindən ancaq xoş sözlər
eşitməli olursan: “Mənim əziz müəllimim.”
“Uğurlarımızın hamısı sizindi.” “Sizin əziyyətinizin
bəhrəsidi.” “Sizin üçün çox
darıxmışıq.”
“Mənim uğurlarımın 90 faizi
alın tərimin məhsuludur”, – deyirdi Faradey.
Məleykə xanım indiyə qədər
nə qazanıbsa, yalnız öz istəyi, öz zəhməti
və öz iradəsinin gücü ilə qazanıb. Və təbii
ki, Uca Tanrının da nəzəri üstündə.
Ailə, dərs, yaradıcılıq,
doktorluk işi – bütün bunların yükünü,
ağırlığını sevə-sevə çəkir.
Hansı məqamda, nədənsə usansa belə biruzə
vermir. Sonda hər şeyə bir təbəssüm qatır.
Çox şeyi əvəzləyəcək,
ağrıları yox edəcək bir təbəssüm. O təbəssüm
özünə də bəs edir, ətrafındakılara da.
O, öyrətməkdən çox, nələri
isə öyrənmək həvəsindədir. Bu həvəs
onun həzz mənbəyidir. “Mən hətta tələbələrimdən
də öyrənirəm”, – deyir Məleykə xanım.
***
Sənət, ədəbiyyat ölümdən
oğurlanmış vaxtdır, – deyirlər.
Məleykə xanım mahir poeziya bələdçisidir.
Ruhuna doğma şeirləri seçib səsləndirməkdən
doymur. Poeziya onun ruhuna yeni rəng qatır. Söz sərrafı
olaraq şeiri cilalayır. Onu özünün ifaçı qəlbinə
salır. Məleykə xanım üçün hər bir
şeirin özü bir obrazdır. Obrazı yaratmaq
üçün ifaçıdan ürək tələb
olunur. Hər ifaçıda da ürək olmur ki... “Deklomasiya
söyləmək qiraətçi olmaq anlamına gəlməz”
– Məleykə xanım belə düşünür.
Şairin oxucularına verdiyi bir
ömür payını sənətçi
tamaşaçı, dinləyici yaddaşına
köçürür; öz səsiylə, ifasıyla. Onun səs
tembrində şair nəzərdə tutmadığı məqamları
görür, duyur, hiss edir. Şair ifadə edir, qiraətçi
ifa edir. Şeir söyləndikcə onların ikisi də sanki
bir canda bütövləşir, tamlaşır. Şairlə
bədii qiraətçi arasındakı dostluğun əsas səbəbi
şeirin-ifadə ilə ifanın vəhdətindən
doğur. Doğmalaşır. Doğmalaşdırır.
Gözəl görünüşü var
Məleykə xanımın. Səhnəyə çox
yaraşır. Qara qaşları, iri, qara gözləri, siyah
saçları, şux qaməti, ədalı duruşu, incə,
zərif, məlahətli səs tembri ilə səhnəyə
bir başqa gözəllik qatır bu sənətçi
xanım.
Amerikadan yayımlanan və Güney azərbaycanlıların
səsini dünyaya duydurmaq amacında bulunan Gün.Az.tv-nin
tamaşaçıları Məleykə xanımı “Səma
nəğmələri” adlı müəllif proqramından
yaxşı tanıyırlar.
Qardaş ölkədə keçirilən
bir çox qurultay, yubiley və festival tədbirlərində
Azərbaycan mədəniyyətini sevə-sevə təmsil edən
bu sənətçi xanım üçün Türkiyə
səhnəsi bir başqa aləmdir. Türkiyəli bir
tamaşaçının “Bu qızın səsi ilə
bütün Turanı ayağa qaldırmaq olar!” ifadəsi Məleykə
xanımın sənətinə verilən ən böyük
qiymətdir.
***
Ən çox baharı sevir Məleykə
xanım. Hər açılan çiçəyi,
gülü yeni yaranış kimi qəbul edir. “Təbiət
baharla başlayır”, – deyən Məleykə xanım təbiətin
təzə-tərliyindən öz təbəssümünü
əsirgəmir.
Son vaxtlar ağacların yarpaqlarına min
rəng qatan payızı sevir. Adama məyusluq gətirən xəzəlini
də. Amma məğrurluğunu qoruyub saxlamaq istəyən,
saralmış, üzüquyulu yerə sərilmiş, küləyin
belə oynada bilmədiyi çinar yarpaqlarına dözə
bilmir. Hamısını yığıb ağaca düzmək
istəyir. Təbiətdən, torpaqdan küsmüş
ağaca... Cəbrayılın əzəmətli
çinarlarına düzürmüş kimi.
Yolları, cığırları
örtmüş qurumuş yarpaqlara, çılpaq
ağaclı payıza öz baxışlarıyla bir bahar
sevdası bağışlayır. Həmişə
“gecikmiş yaz” dediyi payıza, sanki baxışlarıyla
yaşıl don geyindirir. Qoxusuz payız güllərinə bir
bahar ovqatı qatır.
... Sən
bahar havası qatdın payıza
əlində
qoxulu payız gülləri...
Dənizi bir
başqa özəlliklə sevir. Dənizlə söhbətdən,
ləpələrin pıçıltısından doymur. Xatirələrini
dənizə səpir, sonra dəniz dolu xatirələri yenidən
gözünə, ruhuna yığıb özüylə
aparır: Gecələr dənizlə özü-özüylə
danışırmış kimi danışmağa.
Məleykə xanımla Qarabağdan
danışmaq çətindir. Xoş ovqatı bir anda yox
olur. Bulud kimi dolur. İtirilmiş yurd yeri, kəndi,
atasının düşmən tərəfindən
dağıdılmış, anasının vətəndə
vətənsiz məzarları və yurdunda dəfn oluna bilməmək
rahatsızlığı... “Qarabağı itirəndən
sonra anladım ki, torpaqdan müqəddəs heç nə
yoxmuş həyatda!”, – deyir Məleykə xanım.
***
... Televiziyadan bir səs gəlir. Doğma
bir səs. Xanım başında kəlağayı, dənizin
kənarındakı qayalıqdan səngərdən
baxırmış kimi uzaq, çox uzaq yerlərə baxıb
yanıqlı bir səslə şeir oxuyur:
Bağında
bağlığın varmı,
Dağında
dağlığın varmı,
Köynəkdə
ağlığın varmı?-
Q A R A B
A Ğ.
İşıq
gəlmir çırağından,
Xəbərsizəm
sorağından,
Necə
çıxım qınağından,
Q A R A B
A Ğ.
Mənim
nəyim qalıb daha,
Dərd
alan yox satım baha,
Dərdlərim
çatmır Allaha,
Q A R A B
A Ğ.
Sanki o şeiri yox, şeir onu oxuyur...
İçinə axan göz
yaşlarının gilələri ovcuna, oradan da lal-dinməz
dənizə tökülür. Damcı-damcı. Bu alovlu damcılar
dənizi qaynadır.
Dənizin buxarı buludları
ağladır...
Dünya biri-birinə qarışır.
... “Müəllimə, müəllimə,
... ”, – deyə qışqıraraq ona sarı qaçan tələbələrinin
səsinə dönən Məleykə xanımın o iri qara
gözlərində qəfil bir sevinc parlayır. Bu, ümidli
gələcəyin sevinc qığılcımlarının
işartılarıdı...
Rəfail
Tağızadə
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.24.