Şeirimizin Əli
Kərim zirvəsi
(Böyük şairin ölümündən
44 il keçir)
Poeziyanın qəribə,
yazılmamış bir qanunu var: o şairlər ki, müəyyən
müddət ərzində dəbdə olan mövzularla oxucu
kütləsinin rəğbətini əldə edib geniş
auditoriya marağını qazanır, hətta dövlət səviyyəsində
təqdir olunur-onlar yalnız həmin müddətin, qısa
bir zaman kəsiyinin şairi olurlar. Təəssüf
ki, bu gün də belə şairlər var. Amma o şairlər
ki, “idrakın zirvəsindən, hissin yanğınlarından
keçir”, şeirinin yolu “əsrin ahəngi-vəzni”dir, ən
böyük mükafatını alqışlardan, gül dəstəsindən
deyil, şeirlərinin özündən alır-onların
şair tərcümeyi-halı bitib-tükənmir. ƏLİ
KƏRİM bu
ikincilərdəndir.
Yaşasaydı-bu il Əli Kərimin 82
yaşı olacaqdı və çox qəribədir ki, mən
bu yaşda Əli Kərim adlı qoca bir şair təsəvvür
eləmirəm..
Yaşasaydı-bu yaşda Əli Kərim
üz-gözü qırışmış,
saç-saqqalı ağarmış, yenə utanan,
sıxılan, tərifdən qızaran bir şəxs
olacaqdı və mən bu şəkildə Əli Kərimi
görmək istəməzdim.
Deyə bilmərəm, bu yaşda Əli Kərim
yenə gözəl şeirlər yazacaqdımı, poeziyada
möcüzələr yaradacaqdımı?
Yenə laqeydliyin, biganəliyin,
yaşaya-yaşaya unudulmağın pəncəsində
sıxılacaqdımı? Təsəvvür eləmirəm..
Görəsən bu yaşda da Əli Kərim
yenə görünməməyə can atacaq, iclaslarda
axırıncı cərgədə oturacaqımı?. Və güman ki, heç vaxt
XALQ ŞAİRİ olmayacaqdı.
Amma bir şey bilirəm ki, Allahın ona bəxş
etdiyi bənzərsiz istedadı və Əli Kərim statusunu
o heç vaxt qeyb etməyəcəkdi.
Yaşasaydı əgər... Amma Əli Kərim kimi şairlər bu qədər
çox yaşamırlar. Necə ki, Puşkin, Lermontov, Müşfiq
kimi şairlər...
Ölümdən-xəyanət
pis,
Ölümdən
rəzalət-pis.
Bəzən
necə gözəlsən,
Ölüm,
sən ey səadət!
Bəli, ölüm Əli Kərimlə Zaman, Əli
Kərimlə Dünya, Əli Kərimlə bizim aramızda
bir çox sədləri vurub uçurdu. Zaman Əli Kərimi
elə 38 yaşındaca saxladı, (Puşkin də bu
yaşda dueldə öldürüldü), qocalmağa
qoymadı. Dünya Əli Kərimin
ölümünə qıydısa, şairin ölməzliyini
etiraf etdi. Çünki Əli Kərim O Dünya-Bu Dünya
arasındakı mənzilin zamanca sonsuzluğunu isbat edən
şairlərdən biridir. Biz isə bu qəfil
ölümdən ayıldıq. Və
başladıq ondan böyük şair kimi
danışmağa. Halbuki, ölümündən
neçə il qabaq Əli Kərim cavan
yaşda dünyadan getməyin böyük faciə
olmadığını etiraf etmişdi:
Bəzən
haqq qazanır insan öləndə,
Hətta
unudulur ağır günahı.
Hamıya
dərd olur “cavan getməyi”,
“Olduqca az görüb, az yaşamağı”.
Deyirlər:
“Bilsəydik, ayıq olardıq,
Onu
qoyardıqmı heç gözdən iraq?
Hər
bir dərdinə də çarə qılardıq,
Nə
bilək, o belə
az yaşayacaq?”
Eh, bu
gün nə qədər xəyala daldım,
Eh, qəlbim
nə qədər alışdı, dindi.
Sən
mənim qədrimi biləsən deyə,
Bu
cavan yaşımda ölümmü indi?!
Altmışıncı illər hələ
başa çatmamış Əli Kərim
dünyasını dəyişdi. Onun qeyri-adi poetik istedadını ilk dəfə
böyük şairimiz Rəsul Rza duymuşdu. Əli Kərim sağ ikən o, ədəbi gəncliyin
axtarışları ilə bağlı bir sıra məqalələrində
onun şeirlərindən söz açmış, bu şeirləri
haqsız yerə tənqid edən həmkarlarına və tənqidçilərə
tutarlı cavablar vermişdi. R.Rza Əli Kərimin
ölümündən sonra da ona məqalələr həsr
etdi və o məqalələrin birində yazmışdı:
“Mən Əli Kərim haqqında danışanda
keçmiş zaman formasına müraciət eləmək istəmirəm.
Çünki o, canlı şair kimi, insan kimi bu
gün də yaşayır. Əgər
şairin yaşamağı, varlığı onun sənəti
ilə, onun əsərləri ilə ölçülürsə,
onunla müəyyən olunursa, deməli, Əli vəfat eləməmişdir.
Əli sağdır. Əli bu gün də
bizim sıramızdadır”.
“Deyə bildiklərinin, demək istədiklərinin
az, çox az bir hissəsini” (R.Rza) deyə
bilən Əli Kərim öz qısa
yaradıcılığı ilə poeziya tarixində mənalı
bir səhifə açdı. Bu səhifədə
orijinal, intellektual bir şairin poetik dünyası əks
olunmuşdur. Vəfatından keçən 44 il ərzində Əli Kərim poeziyasından
çox söz açıblar, hətta
sağlığında az qala onu ittiham edənlər də Əli
Kərimin böyük şair olduğunu etiraf ediblər.
Dahi Belinski məqalələrinin birində
yazırdı ki: “Hər bir poetik əsər şairin
bütün varlığına hakim kəsilən qüdrətli
fikrin məhsuludur. Əgər biz belə hesab etsəydik ki, bu
fikir şairin ancaq əqli fəaliyyətinin nəticəsidir,
bununla biz təkcə incəsənəti deyil, həmçinin
incəsənətin mövcud ola bilməsi
imkanını da məhv etmiş olardıq. Təbiətinə
görə şair olmayan adamın uydurduğu fikir dərin, həqiqi,
hətta müqəddəs də
olsa, fərqi yoxdur, onun əsəri yenə də cüzi
yalan, saxta, eybəcər və cansız çıxacaq,
heç kəsi inandırmayacaq, ifadə etdiyi fikrin
bütün düzgünlüyünə baxmayaraq, hər kəsi
məyus edəcəkdir!”
Əli Kərimi də bir şair kimi səciyyələndirən
məhz POETİK
FİKİR idi. O, heç bir şeirində zorla
fikir quraşdırmamış, həmişə fikrin
özü onu səfərbər etmişdir. Bir
zamanlar “intellektual poeziya” anlayışı ədəbi
mübahisələrdə tez-tez işlədilirdi və bəzən
bunu ancaq şeirdə dərin fikir söyləmək dərəcəsinə
qədər məhdudlaşdırırdılar, yəni belə
çıxırdı ki, şeir ancaq fikir naminə
yazılmalıdır. Ancaq şeirdəki fikrin mahiyyəti
məsələsinə gəldikdə burada bir həqiqət
unudulurdu-mücərrəd ideya ilə poetik ideya tamam
başqa-başqa şeylərdir. Belinski
demişkən, birincisi ağlın məhsuludur, ikincisi isə
məhəbbətin, ehtirasın, ürəyin. Yəni ağlın gücü, qüvvəsi ilə
nəsə bir fikir quraşdıra bilirsən, lakin bu fikir
ehtirasla, məhəbbətlə aşılanmalıdır.
Fikrin poetikliyi də, obrazlılığı da
belə yaranır.
Baxdım,
bulağa baxdım.
O, yox
idi elə bil.
Görünmürdü
havatək.
(Bəlkə
elə su deyil!).
O,
duruydu,
O,
safdı.
Ən
ülvi bir arzutək.
Özü
görünmürdü ki,
Dibindəki,
rəngarəng
əfsanəni tez görək.
Bu şeir müəyyən mənada Əli
Kərim poeziyasını səciyyələndirə bilər.
Doğrudan da, onun poeziyası duru, saf bir
bulaqdı ki, dibi də, görə bilmədiyimiz dərinliyi
də poetik bir nağıldı, əfsanədi.
Mən Füzulini çox sevirəm.
Neçə illərdir ha istəyirəm bu
sevgimi bir yazıda ifadə edim. Bacarmıram.
Böyük poeziya qarşısında sən
ancaq heyrət etməli və susmalısan. “Heyrət ey büt,
surətin gördükdə lal eylər məni”-Füzuli.
Eyni hissi mən Əli Kərimin poeziyası
qarşısında da keçirirəm. Əli Kərim
poeziyası da Füzuli poeziyası kimi möcüzələrlə
doludur. Əli
Kərim də sözü mərtəbəyə mindirməkdə,
ona dirilik bəxş eləməkdə dahi Füzulinin ən
layiqli şagirdlərindən biri idi.
Həsrətin
araya atdı dağ, dərə,
Sönən
işıq oldun, batan səs oldun.
Qayıt,
mənim gülüm, qayıt bu yerə,
Ey mənim
istəyim, nə gəlməz oldun!
Qayıt,
yerinə qoy Ayı, Günəşi
Yenə
olduğu tək görüm həyatı.
Qayıt,
gözüm nuru, könlüm atəşi,
Qayıt,
sahmana sal bu kainatı!
Əli Kərimin “Qayıt” şeirini
bütün zamanlar üçün ən gözəl sevgi
şeirlərindən biri hesab etmək olar.
İnsan istəyini, sevginin müqəddəs hiss olduğunu
bu qədər poetik, bu qədər şairanə ifadə eləmək...möcüzə
deyilmi?
Füzuli haqqında şeirin birinci
misrası:
Dünya
səni qocaltdı, yaşıdın olsun deyə.
Nə qədər obrazlı deyim.
Füzuli öz müdrikliyi, əbədiliyi ilə
dünyadan da qocaymış. Bunu ancaq böyük söz
ustası Əli Kərim deyə bilərdi...
Fikrimcə, Əli Kərim şeiri XX əsr Azərbaycan
poeziyasında SÖZÜN DİRİLMƏSİ, EHYA OLUNMASI, SÖZÜN POEZİYAYA
ÇEVRİLMƏSİ kimi böyük bir missiyanı həyata
keçirdi. Sovet poeziyası Sözün gizlinlərdə
qalan potensialının tam qüvvətlə üzə
çıxmasına böyük maneə yaradırdı.
Səməd Vurğunun və digər ustad
şairlərimizin poetik hünəri sayəsində şeir
lisanımız xəlqiləşdi, amma etiraf edək ki,
dilimizin bədii təsvir arsenalı, obrazlar, metaforalar, məcazlar
qatı tam açılmadı. “Bu dildə
varlığın hər sədası var”-bu Əli Kərimin
misrasıdır və həmin misra-dərk olunmuş zərurət
tam reallığı ilə ilk dəfə Əli Kərim
poeziyasında öz bəhrəsini verdi.
O zaman-
deyəsən vaxt qovuşanda
Şeirlə
musiqi bir ucalırdı.
Bütün
könüllərin sifarişilə
Damcılı
bulaqda Habil çalırdı.
Elə
bil köksündən çəkib çıxarır
Titrək
kəmanəni bir xəncər kimi.
qanı,
kəlamı
Töküb
titrədirdi hər gümüş simi.
Sözlü
ürəyinə əyib başını,
Hər
bir adiliyə yumub gözünü
Çalır,
yırğalanır səs dəryasında.
O
çalmır elə bil...
Unutmuş
bizi,
Dərin
bir yuxuya yuvarlanıbdır.
Hansı
əsrdəsə ilişib qalıb,
Neçə
əsrdir ki, xumarlanıbdır.
Mahir kaman ustası Habil Əliyevə həsr
olunmuş bu şeir sözlərin, söz birləşmələrinin,
misraların necə ahəngdar bir şəkildə birləşib
poetik vəhdət yaratmasının əyani sübutudur.
Hələlik şeirin yalnız ilk üç
bəndini təqdim elədik, amma bu üç bənddə
elə buradaca bitə, sona vara biləcək bir tamlıq var.
Şair həm Habilin zahiri görünüşündə
üzə çıxan daxili dünyasını əks
etdirir, həm də əsrləri dilə gətirir. Habil həm bu dünyanın-bu əsrin
adamıdır, həm də ötən əsrlərin. Davam edək:
Əli
kəmanədir,
kəmanə-əli.
Çalır
kamançanı
Kəmanə
özü.
Gözümdə
ilk məna dəyişir,
dönür,
Dünya
düşəcəkmi sahmana özü?
Elə
bil unudub segahı Habil,
Qırılsa
musiqi o neyləyəcək?
Habil
ilan dili çıxarır, nədir,
Arzu
qızmarında ilan tutantək.
Ürəyi
çırpınır barmaqlarında,
Onlardan
tökülür simlərə nəbzi.
Özü
də bilmir ki, çalır
ya çalmır;
Nə
dünyanı görür Habil,
nə bizi.
Bu üç bənddə isə Habil
kamanının sehri canlandırılır.
Habilin kamana, kamanın Habilə çevrilməsi “prosesi” sözlərin
yaratdığı çoxçalarlı məcazların
bir-birini əvəz etməsində üzə
çıxır. Misralar arasından Habil
kamanının yanıqlı səsini də eşidirsən.
Əli Kərimin bənzərsiz şair
istedadı onun ənənəvi mövzulara münasibətində,
daha doğrusu, bu mövzulara orijinal şair deyimlərini
qatmasında da nəzərə çarpır.
Təsəvvür edin, minillik Azərbaycan
poeziyasında Ana mövzusuna müraciət etməyən bir
şair tapılmaz. Ancaq Ana haqqında
yazılan şeirlərin çox böyük bir hissəsi
unudulmuşdur. Əli Kərim isə deyilənləri təkrar etməmiş,
poeziyada öz ANA obrazını yaratmağa müvəffəq
olmuşdur. Budur, onun üç bəndlik “Ana” şeiri:
Demirəm
göy kimi ucadır adın,
Yox, yox,
alçalmasın söhbətin, sözün.
Sən
ki, yaranışdan oxşar olmadın,
Ancaq
özün kimi böyükdür özün.
Əyilib
alnından öpəndə hərdən,
Könül
dodağıma bir də öp,-deyir.
Ağarmış
saçına əl vuranda mən
Əlim
Şah dağının başına dəyir.
Bu şeir 1952-ci ildə qələmə
alınıb və əgər həmin ildə ana
mövzusunda yazılan əksər şeirləri nəzərdən
keçirsək, doğrudan da Əli Kərimin bu mövzuda
bir kimsəyə bənzəmədiyinin şahidi olarıq. Xatırlayaq ki, Əli Kərimin
1954-cü ildə yazdığı “Qaytar ana borcunu” şeiri ənənəvi
poeziyada təzə söz demək, oxucuda təzə hiss,
duyğu, emosional əhval-ruhiyyə yaratmaq və şeirin böyük
auditoriya qazanmaq imkanına malik olması baxımından
misilsiz bir nümunə idi. Deyim ki, onun
“Atamın xatirəsi” adlı şeiri də Azərbaycan
poeziyasında Ataya həsr olunan ən gözəl şeirlərdən
biridir.
Əli Kərimdən söz açan əksər
tədqiqatçılar onu “assosiativ poetik təfəkkürə”
malik şair kimi səciyyələndirmişlər. Assosiativ şeirdə
bədii təsvir vasitələri-təşbihlər, istiarələr
qəfil və gözlənilməz mahiyyəti, səciyyəsi
ilə seçilir. Obrazlılıq,
sözün poetik incəliyi assosiativ şeirdə ən
önəmli xüsusiyyətdir. Ə.Kərim dünya ədəbiyyatında
gedən prosesləri izləyirdi, o, şeirin zamana görə
dəyişməsini, yeni mənalar kəsb etməsini
çox yaxşı bilirdi və “İntellekt və poeziya”
adlı bir yazısında deyirdi: “İndiki mürəkkəb
bir dövrdə hər şair, xüsusən, ədəbiyyata
mübarək qədəmlər atan şair çox çətin
problemlər qarşısında qalır. Bunu lazımınca
dərk edənlər, gələcəkdən də o yana bir gələcək görür,
arxasındakı zəngin keçmişi də
götürüb irəli gedə bilir. Enşteynin
bir sözü məni həmişə heyrətləndirir və
ruhlandırır. Sual veriləndə ki, bu elmi zirvəyə
çatmaq üçün sənə kim
daha çox kömək etmişdir, o deyib: Dostoyevski. Qəribədir, alim yox, yazıçı. ..Nisbilik nəzəriyyəsinin kəşfi zamanı
alimə təsir eləyən böyük Dostoyevski
psixologizmindəki ruhi “zəncir reaksiyası”, kompozisiya paralelləri
və polifoniya olub. ..Elm təkcə
formulalar cəngəlliyi, şeir-qafiyələr, rədiflər,
bəndlər, beytlər yığnağı deyil. Bu
cür şeiri əlifbanı bilən hər adam
yaza bilər. İztirabdan,
narahatlıqdan yoğrulmuş şeir başqa şeydir!” . Budur, Nəsiminin ölümünə, daha
doğrusu, ölməzliyinə həsr olunmuş “Şəhidliyin
zirvəsi” şeiri:
Altı
yüz ildir idrak
çırpınır pələng kimi.
Nərə
çəkir,
ağlayır,
tapa bilmir ki,
bilmir-
o bir sirri-xudanı.
Sirr-xuda Tanrıdır, gözəgörünməz
İlahidir. Bunu həm adi mənada, həm
də daha geniş mənada anladıqda insan idrakının
sirr-xudaya-onun möcüzələrinə, sirrlərinə
gücü yetmədiyi, izah edə bilmədiyi anlamı
yaranır. Yəni Allah insanı xəlq
edir, ancaq hər insanın özü də bir sirdir,
möcüzədir. Ancaq Yaradılan onu Yaradana-Sirr-xudaya oxşayır.
Necə ola bilər ki:
Təpədən
dırnağadək
soyalar bir adamı;
Necə
ola dinməsin,
Böyük
əqidəsindən
Bir
misralıq enməsin.
Gözündən
bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları
çatılmasın
bir xırda vergül qədər.
Diri-diri
soyulsun,
əqidədən keçməsin.
Altı
yüz ildir bəşər
ağrılardan inildər.
Altı
yüz ildir bəşər
düşünər,
çatmaz yenə
Məşəqqətli
ölümün
Nəsimi
zirvəsinə.
Əli Kərim modernist şair idimi?
Bəli! O, mümkün qədər şeirdə artıq
şablonlaşmış ifadə vasitələrindən,
çeynənmiş söz biçimlərindən imtina
edirdi, amma elə ənənəvi şeirin özündə
yeniliklər icad edirdi. Çünki;
XX əsr!
Dağ,
Dağ
boyda bir kəlmədir...
Onun
yamacına mən
dirsəklənib düşündüm...
Başıma
ulduz yağan
qalaktikaya döndüm.
Gördüm
ki, azalıbdır
məsafələr minə bir.
Gördüm
ki, şeirin vəzni
daha meridian deyil,
Nə də
axıcılığı
təyyarə sürətidir.
Bu misralar o zamankı modernist ruhlu gənc
Azərbaycan şairlərinin manifesti kimi səslənirdi.
Əli Kərim öz zamanında da
müasir şair idi, indi də müasir şair olaraq
qalır, gələcəkdə də belə olacaq,
çünki şeir hansı
dövrdə yazıldığından asılı olmayaraq həmişə
öz bədii-estetik təravətini
və səviyyəsini, mükəmməlliyini qoruyub
saxlamalıdır. Zaman, dövr, mühit dəyişə də bilər,
cəmiyyətdə yeni sosial münasibətlər yarana bilər,
amma şeir öz yaşarılığını
qorumalıdır və bu mənada Əli Kərimi
bütün sonrakı zamanlar üçün yaşadan
şeirlər çoxdur.
Sevdiyim şairlərdən biri-Ramiz
Rövşən deyir ki: “Əli çox böyük istedad
idi. Əlinin qədrini mühit də bilmədi.
Şair özünü qorumağı
bacarmalıdır. Şair gərək həyatını
elə qursun ki, hər şey onun sənətinə qulluq eləsin.
Əli daxilən çox tənha bir insan idi.
Son 50 il ərzində mənə elə gəlir
ki, Azərbaycan poeziyasında Əli Kərimdən
böyük itki olmayıb”.
Amma Əli Kərim öz qısa
ömrüylə Azərbaycan poeziyasında bir tarix yazdı,
sözün Əli Kərim zirvəsini yaratdı. Böyük şairimiz Bəxtiyar
Vahabzadənin bu sözləriylə yazını bitirək: “Əli
Kərimin şair ömrü onun ölümündən sonra
başlanır, o, həm də gələcək zamanların
şairidir”.
Vaqif
YUSİFLİ
525-ci qəzet.- 2013.- 29 iyun.- S.25; 28.