Dinlərin tarixi: Yəhudilik,
Xristianlıq və İslama müqayisəli
baxış
(davamı)
Bizim eranın
I əsrinin ikinci yarısında Məsihin şagirdi həvari Pavelin fəaliyyəti sayəsində xristianlığın
təlimi formalaşır
və yəhudiliyin milli məhdudluğundan yaxasını qurtarır. Xristianlığa görə, nə yəhudi var, nə ellin, Allaha bütün insanlar xoşdur, təkcə Məsihə iman gətirmək, salehlik yolunu tapmaq, tövbə edib Allaha dönmək
kifayətdir.
Tədricən xristianlıqda kilsə strukturu və kilsə iyerarxiyası təşəkkül tapır,
kilsə Allahla insan arasında vasitəçiyə çevrilir. II əsrdən etibarən yepiskoplar mürəkkəb
əqidə və ayinçilik məsələlərini
şərh edir, bidətçi sektalara qarşı mübarizə
aparırdılar. Kilsə
iyerarxiyası nümayəndələri
öz birliklərini toplantılarla
möhkəmləndirirdilər. Belə toplantılardan birincisi
325-ci ildə, ikincisi
381-ci ildə, üçüncüsü
isə 431-ci ildə keçirilmişdi.
IV əsrin əvvəllərində
imperator Konstantin kilsəni dəstəklədi
və tezliklə xristianlıq təqib olunan dindən hakim dinə çevrildi.
IV əsrin sonlarında
Roma imperiyasının Qərbi
və Şərqi imperiyalara parçalanması
xristian kilsəsinin də parçalanmasına
səbəb oldu. Qərbi imperiyada
imperatorun hakimiyyəti
zəiflədikcə kilsənin
mövqeləri möhkəmlənirdi.
V əsrdə güclü Roma yepiskopu
Papa elan edildi, Roma-katolik dünyası üzərində hakimiyyət
onun əlində cəmləndi.
XVI əsrdə Avropada
Reformasiya hərəkatı
başlandı. Kilsə strukturu və
ayinçilik sadələşdirildi.
Lüter, Kalvin və Müntser Papanın məsumluğu əqidəsinə, günahların
bağışlanması haqqında
pulla Papa adından fərman verilməsi praktikasına, kilsənin insanla Allah arasında vasitəçilik rolunun şişirdilməsinə qarşı
çıxdılar. Bütün bu
çıxışlar protestantizm
cərəyanının yaranması
ilə nəticələndi.
Bu gün xristianlığı
üç əsas cərəyan təmsil edir: pravoslavlıq, katoliklik, protestantizm.
İslam
İslam monoteist səmavi dinlərdən üçüncüsü
və axırıncısıdır. Quranda deyildiyi
kimi, onun müqəddəs kitabı
Quran axırıncı səmavi
kitab, peyğəmbəri
Məhəmməd də
axırıncı peyğəmbərdir.
Bu dində ciddi
və mükəmməl
tövhid əqidəsi
xüsusi yer tutur.
İslam özünü ərəblərin
əcdadı İsmail
peyğəmbərin atası
İbrahimin hənifiliyi
–təkallahlılıq əqidəsi
ilə bağlayır. Quran bildirir:
“İbrahim nə yəhudi, nə xaçpərəst idi.
O, ancaq, hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha)
şərik qoşanlardan
deyildi” (Ali-İmran,
67). Qurana görə,
İbrahim həlim xasiyyətli, duakar, özünü tamamilə
Allaha təslim etmiş bir zatdır (Hud, 75), Allah İbrahimi Özünə
dost götürüb (ən-Nisa,
125), İbrahimin dini Allaha xoş gedən yeganə dindir, bu dindən
ancaq səfehlər üz döndərər (əl-Bəqərə, 130), insanların
İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, islamın peyğəmbəri Məhəmməd
və ona iman gətirənlərdir
(Ali-İmran, 68), hənif
olan İbrahimin ardınca getmək lazımdır, çünki
o, Allaha şərik qoşanlardan deyildi (Ali-İmran, 95).
Biz, bu ayələrdə
islamın səmavi
din kimi yəhudilik və xristianlıqla əlaqəsinin şahidi oluruq. Hər üç din mənşəcə
İbrahim peyğəmbərin
hənifiliyi ilə bağlıdır.
İslam dini təliminin böyük bir hissəsini Allaha ibadətin öz düzgün məcrasına
qaytarılmasına çağırışlar
təşkil edir. Allah Quranda tez-tez Peyğəmbərdən tələb
edir ki, insanları namazı düzgün qılmağa,
orucu qəbul olunmuş qaydalara uyğun tutmağa, həcc ibadətlərinə
yerli-yerində əməl
etməyə çağırsın.
Kitabda namazın və dəstəmazın
qaydaları müəyyən
edilir, orucun vaxtı, tələb etdiyi hallar dəqiqləşdirilir, həcc
ibadətinə daxil olan mərasimlər ətraflı izah edilir. Yeni dinin tərbiyə
etdiyi həyat tərzi, hər şeydən əvvəl,
hənifiliyin ayin və mərasimlərinin ilkin saflığının
bərpa edilməsi zərurəti üzərində
qurulurdu. İbadətlər dinin mənimsənilməsində
nəzəri müddəalara
nisbətən daha təsirli rol oynayırdı.
Eyni zamanda islam
israrla bildirir ki, ibadət yalnız Allaha edilməlidir, Allahdan başqa heç kəsin ibadət edilməyə haqqı yoxdur: “Ey insanlar!
Rəbbinizə ibadət edin!”
(əl-Bəqərə,
21).
İslamın peyğəmbəri Məhəmməd
“tarixin gur işığında” dünyaya
gəlmiş, Fil ilində – 570-ci ildə Məkkənin Qüreyş
qəbiləsinin Haşim
soyunda doğulmuşdur. Təqribən
610-cu ildə ona peyğəmbərlik verilmiş,
622-ci ilə qədər
o, islamı Məkkədə
təbliğ etmiş,
sonra isə qüreyşilərin təqibindən
qorunmaq üçün
Mədinəyə hicrət
etmiş, Mədinədə
yaratdığı icmada
müsəlmanlarla yanaşı
yəhudi və xristianlar da təmsil olunmuşlar.
İslam özündən qabaqkı
səmavi dinləri, onların peyğəmbərlərini
və kitablarını
qəbul edir. Bunsuz islama
etiqad bütövlüyünü
təmin edə bilmədi.
İslamın baş məbədi Kəbədir. Qurandan məlum olur
ki, Kəbə İbrahim peyğəmbər
və onun oğlu İsmail peyğəmbər tərəfindən
Allaha ibadət məqsədilə tikilmişdir.
Bəzi
Quran ayələri və
hədislər bu məbədin tarixini Adəm peyğəmbərə
qədər aparıb
çıxaran təfsirlərlə
müşayiət olunur.
İsmail oğulları məhz
bu məbədin ətrafında törəyib
artmış, sonra ayrı-ayrı ərəb
qəbilələrinə bölünmüşdülər.
İslamın başlıca əqidəsi
bir olan Allaha itaət və ibadətdir. Allahın
birliyini, hər şeyə qadir olduğunu, hər şeyi gördüyünü
və bildiyini və Məhəmmədin
Onun peyğəmbəri
olduğunu qəbul edən hər bir müsəlman “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Mühəmmədən
Rəsulullah” şəhadət
kəlməsini deməklə
bunu təsdiq etməli, gündə beş vaxt namaz
qılmalıdır. Azan namaza çağırışdır.
Namaza təmiz – dəstəmazlı
halda durmaq lazımdır. Yetkinlik yaşına
çatmış və
ağlı başında
olan hər bir müsəlman Ramazan ayında orucunu tutmalı, malından yoxsulların nəfinə zəkat verməli, həcc ibadətinə əməl
etməlidir.
İslam qumar oynamağı, şərab içməyi,
fal açmağı
rəzil əməllər
kimi qətiyyətlə
rədd edir. Hər cür
çirkinlik islama ziddir, odur ki,
qan və donuz əti islamda haram sayılır.
Mədinə icması gücləndikcə
islam artıq
Mədinəyə sığmır,
ətraf qəbilələr
arasında, sonralar isə bütün Ərəbistan yarımadasına
yayılır. Ərəb
fütuhatları sayəsində
islam qısa
bir müddətdə
Asiya və Afrikada geniş ərazilərə, Avropada
İspaniyaya və Siciliyaya nüfuz edir. Orta əsrlərdə
islam qədim
yunan fəlsəfəsini
Avropaya qaytarmaqla nəinki avropalılara yeni biliklər verir, həm də burada mədəni proseslərin
inkişaf xarakterinə
güclü təsir göstərir. Avropa özünüdərkinin təşəkkülünə bir çox cəhətdən şərait
yaradır. Avropalıların müəyyən ərazi
və mədəni bütövlük kimi Avropa haqqında təsəvvürləri yalnız
səlib yürüşləri
zamanı təşəkkül
tapmışdı.
Səmavi
dinlərin tarixinə
ən qısa nəzər belə bu dinlər arasında dialoq, dözümlülük və
xoş münasibət
üçün təməl
ola biləcək
bənzər prinsipləri
aşkar etməyə
imkan verir. Bu prinsipləri belə təsnif etmək olar: Allaha münasibətdə
Onun birliyini tanımaq, Ona itaət və ibadət etmək; yaxınlara münasibətdə
mərhəmətli olmaq
və əlindən gələn köməyi əsirgəməmək; insanın
özünə münasibətdə
pis işlərdən
çəkinmək, yaxşı
işlər görməyə
həvəsləndirmək, pəhrizkar olmaq, oruc tutmaq. Bu
ona dəlalət edir ki, hər
üç dinin gətirdiyi mədəniyyətdə
insanın öz bəndəlik missiyası
həyata keçirmək
üçün kifayət
edəcək dəyərlər
vardır. Bu missiya isə hər şeydən əvvəl cəmiyyətdə
dinclik, barış və arxayınlıq yaratmağa xidmət məqsədi güdür.
Nəzərə alınmalıdır ki, dialoq eyniyyət demək deyildir. Dialoq mövqe
fərqlərinin, ixtilafların
olmasını istisna etmir, bu və
ya digər dinin təməl prinsiplərini dəyişdirməyi
tələb etmir, eyni zamanda dialoqda
elə cəhətlər
daha çox qabardılır ki, onlar qarşılıqlı
anlaşma və yaxınlaşma üçün
şərait yarada bilsin və əsasən cəmiyyət
üzvlərinin normal qarşılıqlı
əlaqələrinin yaranmasına,
sosial ədalət prinsipinə xidmət etsin. Qloballaşma və beynəlmiləlləşmə
şəraitində bu
cür dialoq labüddür. Dinlərarası dialoq stabillik və əminamanlıq üçün zəruri
bazanın yaranmasında
mühüm rol oynaya bilər. Bunun üçün təkcə
din xadimlərinin deyil,
eyni zamanda dövlət başçısının
siyasi iradəsi tələb olunur və onlar bir-birini
tamamlayır.
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.- 2013.- 1 mart.- S.6.