İsmayıl bəy Qasprinski haqqında
iki yazı
Böyük
krım-tatar maarifçisi İsmayıl bəy Qasprinski
(1851-1914) ötən yüzilliyin əvvəllərində Azərbaycanda
kifayət qədər yaxşı tanınan və adı böyük
ehtiramla çəkilən şəxsiyyətlərdən idi.
Onun təsisçisi və redaktoru olduğu “Tərcüman” qəzeti
“Əkinçi”dən sonra Azərbaycan ziyalılarının
üz tutduqları mühüm ictimai tribunaya
çevrilmişdi. Bu da nəticə etibarı ilə
İsmayıl bəylə onun azərbaycanlı həmfikirləri
və həmkarları arasında sıx əlaqənin
yaranmasına gətirib çıxarmışdı.
1904-cü
ildən etibarən Azərbaycanda milli mətbuat üzərinə
qoyulan qadağalar nisbətən yumşalandan,
çoxsaylı qəzet və jurnallar nəşrə
başlayandan sonra da “Tərcüman” qəzetinə və onun
qurucusuna olan maraq azalmamışdı.
“Tərcüman”ın
ilk sayının çapdan çıxmasının 20 illiyi
yalnız Krımda deyil, Azərbaycanda da geniş qeyd
olunmuşdu. Bakı, Gəncə, Şəki və digər
yerlərdən Krıma, redaksiyanın ünvanına
çoxsaylı təbrik teleqramları göndərilmişdi.
Azərbaycan hökumətinin iki gələcək
başçısı, həmin dövrdə Odessadakı
Novorossiysk universitetində təhsil alan Nəsib bəy Yusifbəyli
(1906-cı ildə o, həm də İsmayıl bəyin
kürəkəni – böyük qızı Şəfiqə
Qasprinskayanın əri olacaqdı) və Nəriman Nərimanov
Bağçasarayda keçirilən yubiley şənliklərində
iştirak etmişdilər. Görkəmli publisist Əhməd
Ağaoğlu (həmin dövrdə Əhməd Ağayev kimi
tanınırdı) isə bu münasibətlə əməkdaşı
olduğu “Kaspi” qəzetində “Nadir yubiley” adlı məqalə
çap etdirmişdi.
İsmayıl
bəy Qasprinskinin vaxtsız vəfatı da Azərbaycanda
böyük təəssüf və yanğı ilə
qarşılanmışdı. Həm Azərbaycan, həm də
rus dilində çap olunan Bakı qəzetlərində bu
münasibətlə çoxsaylı məqalələr, vida
sözləri, baş sağlıqları dərc edilmişdi.
Həmin matəm yazıları içərisində “Tərcüman”
naşiri ilə iyirmi ildən çox dostluq edən, onunla
birlikdə Rusiya müsəlmanlarının üç
qurultayını hazırlayan, türk dünyasının
oyanması yolunda əlbir mübarizə aparan Əlimərdan
bəy Topçubaşinin “Kaspi”də dərc etdirdiyi məqalə
xüsusi yer tutur.
Ağır
itkinin ertəsi günü yazılan və İsmayıl bəyin
vəfatının üçündə çap olunan bu məqalə
onun şəxsiyyətinə və irsinə, çoxcəhətli
fəaliyyətinə, başlatdığı böyük hərəkatın
gələcəyinə verilən ilk qiymət idi. Aradan
onilliklər keçməsinə baxmayaraq həmin qiymət
öz dəyərini və aktuallığını
günümüzdə də qoruyub saxlamaqdadır. Bu da
çoxsaylı müasirləri içərisində məhz
Əlimərdan bəyin İsmayıl Qasprinskinin kimliyini,
yalnız Krım-tatar xalqı üçün deyil,
bütün türk-müsəlman dünyası
üçün miqyas və əhəmiyyətini aydın dərk
etdiyini göstərməkdədir.
Bütünlükdə isə hər iki yazı bu gün təəssüf
ki, mövcudluğunu arzuladığımız şəkildə
görə bilmədiyimiz “türk ruhunun” və ortaq türk dəyərlərinin
bütün basqılara baxmayaraq yüz il əvvəl nə qədər
güclü, əzmkar olduğunu ortaya qoyur.
Yüz
il əvvəlin indi biblioqrafik nadirəyə çevrilmiş
qəzet səhifələrində qalan bu yazıları uzun
illik dostum, Azərbaycan ədəbiyyatının dəyərli
tədqiqatçısı, İzmirdəki 19 may universitetinin
professoru Əli Yavuz Akpinarın xahişi ilə mənim də
redaksiya heyətinin üzvü olduğum “Yeni türk ədəbiyyatı”
dərgisi üçün rus dilindən çevirmişəm.
Həmin dərginin Azərbaycanda o qədər də geniş
yayılmadığını nəzərə alaraq Əhməd
Ağaoğlunun və Əlimərdan bəy
Topçubaşinin öz əqidə və məslək dostu
haqqındakı məqalələrini “525-ci qəzet” də təqdim
etmək qərarına gəldim.
Budapeşt, 15 fevral 2013-cü il
Nadir yubiley
Qarşıdan
gələn may ayının 4-də Krım tatarlarının
“Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy
Qasprinski publisist fəaliyyətinin 20 illiyini qeyd etməyə
hazırlaşır.
Əgər
yubiley ideyanın təntənəsinin bayram edilməsi, bəlli
bir gündə bu ideyanın gerçəkləməsinə
sərf olunan ömrün mühüm anlarının göz
önündən keçirilməsidirsə, geriyə
qayıdıb görülən işlərə nəzər
salmaq və təbii şəkildə həmin işlərdən
zövq almaqdırsa, o zaman heç bir yubilyar özünü
cənab Qasprinski kimi məsud və xoşbəxt saya bilməz.
Bu xoşbəxtlik nə tərifli sözlərdə,
nə gurultulu alqışlarda, nə xalq şənliklərində,
nə də minnətdarlıqla dolu etiraflarda özünü
göstərməyəcək. Əsla! Qaranlıq
tatar mühitində xidmətlərinin miqyasından
asılı olmayaraq heç bir qələm adamı fəaliyyətinin
bu şəkildə etirafına ümid bəsləyə bilməz.
Bu nə Senkeviçin1 yubileyini təmtəraqla qeyd edən
polyak cəmiyyəti, nə də Hüqonu2 çiyinlərində
gəzdirən fransız xalqıdır! Yox! Bu hətta
zəruri minnətdarlıq hisslərini də yetərincə
ifadə etməyə qabil olmayan qaranlıq tatar mühitidir.
Lakin yubilyarın həqiqi xoşbəxtliyi sadəcə
zahiri təmtəraqdamı özünü göstərir? Məncə yox! Düşünürəm ki, həyatını bu və
ya başqa bir ideyanın gerçəkləşməsinə
həsr etmiş hər bir yubilyarın həqiqi böyük
xoşbəxtliyi ilk növbədə gördüyü
xeyirxah işin mahiyyətinə vara bilməsində,
keçdiyi çətinliklərdən və əldə
etdiyi nəticələrdən daxili məmnunluq duymağı
bacarmasındadır. Bu mənada cənab
Qasprinskinin xoşbəxtliyi böyük və hüdudsuzdur.
Onu yalnız insan
ayağı dəyməmiş boş və vəhşi səhrada
məskən salan, öz ağlı, iradəsi və zəhməti
bahasına həmin səhranı məhsul yetirmək
üçün yararlı vəziyyətə gətirən əkinçinin
duyduğu xoşbəxtlik və böyük daxili məmnunluq
hissi ilə müqayisə etmək olar.
Hələ görülməli işlər çoxdur, lap
çoxdur. Amma bununla belə əkinçi həyatının
qürub çağında tarlasını gözdən
keçirib qürurla deyə bilər: “Baxın, təkbaşına nə qədər
iş gördüm! Heç kimdən kömək
ummadan tarlanı ilan-çayandan təmizlədim, oradakı
bataqlıqları qurutdum, tikanlı kolları bir-bir
kökündən qazıb çıxardım. İndi
toxum səpməyə təmiz yer var. Əlbəttə, ətrafda
hələ öldürülməmiş ilan-çayan,
qurudulmamış bataqlıq qalıb. Amma daha
övladlarımı aclıq və ölüm təhdid etmir.
Onlar sadəcə başladığım
işi davam etdirməlidirlər. O zaman minnətdar torpaq
çəkdiyim zəhmətlərə görə nəslimi
səxavətlə mükafatlandıracaqdır”.
İsmayıl bəy Qasprinski həmin dövrə qədər
tatarlar üçün tamamilə yeni bir sahə olan çap
işinin əsasını qoydu, davam etdirdi və layiqli səviyyəyə
çatdırdı. Cənab Qasprinsikinin hansı ağlagəlməz
çətinliklərlə üzləşdiyini, hansı
keçilməz maneələri dəf etdiyini təxmini də
olsa anlamaq üçün tatar mühitində yaşamaq,
tatar olmaq lazımdır. Cənab Qasprinski
bu işə başlayanda tatarlar arasında nəinki çap
məsələlərindən xəbərdar olan, hətta
mürəttib işinin öhdəsindən gələ bilən
bir nəfər də yox idi. Ona görə
də cənab Qasprinski qəzetin həm mürəttibi, həm
çapçısı, həm redaktoru, həm də yeganə
əməkdaşı olmuşdu. Bütün
çətinliklərə baxmayaraq bir tərəfdən
daxilindəki müqəddəs işıq, o biri tərəfdən
isə xalqına və maarifə bəslədiyi sonsuz məhəbbət
ona tutduğu yoldan çəkilməyə imkan verməmiş,
güc və qüvvəsini artırmışdı. O,
cismi və zəkası ilə gecə-gündüz yorulmaq
bilmədən çalışırdı. Daxili,
mənəvi maneələrlə müqayisədə zahiri,
texniki çətinliklər heç bir şey idi. Qəzetin
nəşrinə başlayandan sonra həmvətənlərini
mətbuatı oxumağa həvəsləndirmək
üçün nə qədər güc, ağıl, enerji,
bacarıq, fərasət və ehtiyatlılıq
nümayiş etdirmək lazım idi! Cənab
Qasprinski qəzet nəşr etməklə birlikdə həm də
oxucu yaratmaq, oxucu tərbiyələndirmək haqqında
düşünməli idi. Lakin
qarşısındakı məqsədə sonsuz sədaqət
ona hər çətinliyə üstün gəlməyə
imkan verirdi. Qasprinski fəaliyyətə
başladığı dövrə qədər çevrəsindəki
tatar cəmiyyəti yalnız sxolastika qanunları ilə idarə
edilmişdi. Boş, mənasız, həlli
heç zaman mümkün olmayan problemlərdən başqa bu
cəmiyyəti heç vaxt, heç bir məsələ
maraqlandırmamışdı. Ətrafda isə həyat
qaynayıb-daşır, boş, bəhərsiz sxolastika
adasını öz kükrəyən dalğaları ilə
hər an yuyub aparmaqla təhdid edirdi. Lakin mühit yenə də heç nə ilə
maraqlanmırdı. Öz əqli geriliyindən,
əxlaqi naqisliyindən məmnun halda əvvəlki yaşam tərzini
sürdürməkdə davam edirdi. Bu
alınmaz qalaya necə yaxınlaşmaq olardı? Bir nöqtədə donub qalmış mühitdə
həyat zərrələrini necə hərəkətə gətirmək
olardı? Elmin, maarifin, fəlsəfi fikrin
nurlandırıcı, yeniləşdirici
şüalarını ora necə yönəltmək
olardı? Hər bir coğrafi
anlayışı, tarixi adı, elmi termini uzun-uzadı izah etmək
lazım gəlirdi. Qəzet eyni zamanda həm
məktəb, həm də qarşıya qoyulan məqsəd və
həyat üçün rəhbər rolunu oynamalı idi.
Lakin redaktorun hər an nümayiş etdirməyə məcbur
olduğu ehtiyatlılıqla, özünü və
sözünü daim nəzarətdə saxlamaq zərurəti
ilə müqayisədə bütün bunlar o qədər də
böyük çətinlik sayıla bilməzdi.İsmayıl
bəy demək olar ki, hər söz, hər ifadə üzərində
düşünməli idi. Hər bir fikri diqqətlə
götür-qoy etməli, onun bədxahların dilində necə
mənalandırılacağını əvvəlcədən
göz önünə gətirməli idi. Səma yerə heç nəyi
bağışlamır və göylərdə
yaşadıqlarını güman edənlər özlərini
hər zaman könüllü şəkildə
yuxarıların “müdafiəçiləri”
sayırdılar.
Ona görə də heç bir şey sxolastik
düşüncədəki kimi xırdaçı deyil. Heç bir
şey aşkar cahillik kimi daim qüsur axtarışına
çıxmır. Belələri hər hərfdə
nə isə bəd bir işarə görürlər, hər
kəlmədə “müqəddəs əsasların”
çökdürülməsinə xidmət edən cinayətkar
niyyət axtarırlar. Sxolastika mühitində
yaşayarkən siz özünüzü daim polis nəzarəti
altındakı adam kimi
aparmalısınız. Ani bir
ehtiyatsızlığa yol versəniz, sonunuz çata bilər.
Cənab Qasprinskidən öz kiçik qayığını
sualtı daşların arasından keçirmək və
sağ-salamat sahilə çatdırmaq üçün nə
qədər dözüm və ehtiyatlılıq tələb
olunurdu!
Təəssüf
ki, bütün bu işləri görərkən o, tamamilə
fərqli və
gözlənilməz çətinliklərə
qarşı da mübarizə
aparmalı idi. O, necə deyərlər, daimi
loyallığı barəsindəki sənədi yanında gəzdirməli
və özünü mətbuatın mühafizəçiləri
sayan adamlara göstərməli idi. Bu sonuncular
xırdaçılıqla bağlı məsələlərdə
sxolastiklərdən heç də geridə qalmırdılar.
Təkcə elə tatar dilində qəzetin nəşri
onların nəzərində “mövcud qaydaların
pozulması” idi. Odur ki, bu məsələ
ilə bağlı yazılan protokolların ardı-arası kəsilmirdi.
Nə etmək olardı? Rusiyada mütərəqqi
düşüncəli müsəlmanların taleyi belədir!
Öz müsəlmanları onları “müqəddəs əsasları
dağıtmaqda” təqsirləndirirlər, “maarifpərvər
qanun qoruyucuları” isə “ictimai asayişi pozmaqda”
günahlandırırlar!
Hər iki tərəfdən ittihamlar yağış
kimi yağır. Belə şəraitdə nə etmək,
hansı addımı atmaq daha məqsədəuyğundur?
Qorxaq, prinsipsiz adamlar, reklam və faydalı
sövdələşmə axtaran şəxslər belə
şəraitdən çox gözəl baş
çıxarırlar. Onlar bir tərəfin
izzəti-nəfsini oxşamaqla, o biri tərəfə isə
yaltaqlanmaqla hər iki cəbhəni istismar etməyə
çalışırlar. Təbii ki, onlar cəmiyyətə
heç bir şey vermirlər, heç bir faydalı iş
görmürlər. Çünki mahiyyət etibarı
ilə onlar zərərli mühitin təmsilçiləridir.
Zərərli mühit isə həyati
başlanğıca malik heç bir şey yetirə bilməz.
Yalnız qeyri-adi iradə möhkəmliyi, işə
böyük məhəbbət, doğma xalqa və maarifə
sonsuz sədaqət nəticəsində belə şəraitlərdə
mənliyini və şəxsiyyətini qorumaq,
tarazlığın pozulmamasına nail olmaq
mümkündür.
Cənab Qasprinski bütün həyatı boyu belə
şəxsiyyət olmuşdur. Müsəlmanları maarifləndirmək,
onları zəka prinsiplərinə əsaslanan mədəni həyata
səsləmək və bu yolla da bəşəriyyət ailəsinin
tam hüquqlu üzvünə çevirmək aradan keçən
iyirmi il ərzində onun həyatının
dəyişməz məqsəd və məramını təşkil
etmişdir. Onu ruhlandıran, ona güc və dözüm verən
mənəvi amillər tədricən tatar mühitinə yol
tapmış, bu gün
üzərində ilk cücərtiləri görməyə
imkan tapdığımız bəhərli tarlaya
çevrilmişdir.
Cənab
Qasprinski indi qürur və daxili məmnunluq hissi ilə bu
cücərtilərə baxa və qətiyyən
özünü aldatmadan deyə bilər: ”Bütün
bunları mən etdim. Həyatda çox az
adama bunca iş görmək nəsib olur. Sənə minnətdaram,
taleyim !”.
Onun iyirmi
ildən bəri maarifə və tərəqqiyə səslədiyi
tatarların üzərinə isə yalnız bir vəzifə
düşür: onlar ürəkləri müəllimlərinə
minnətdarlıq hissi ilə dolu halda Allaha dua edərək
İsmayıl bəyə müqəddəs fəaliyyətini
bundan sonra da eyni əzmlə davam etdirməsi üçün
güc və qüvvət arzulamalıdırlar.
Əhməd bəy Ağayev
“Kaspi” qəzeti, 29 yanvar
1903 – cü il, ¹ 93.
İsmayıl bəy Qasprinskinin xatirəsinə
Qasprinski öldü.
Son yarım əsr ərzində adı yalnız
Rusiyadakı müsəlmanlar arasında deyil, xaricdə də
çox yaxşı tanınan bu şəxs daha
sıralarımızda deyil. Yarım əsr ərzində
sakit, lakin inamlı şəkildə müsəlmanlara bilik, tərəqqi
və ictimai şüur yolunu göstərən insanı həmişəlik
itirdik.
Amansız
tale öz qəddar əli ilə işıq saçan şamı söndürdü. Bununla
da müsəlmanları dərin ələm və qüssəyə
qərq etdi.
Müsəlmanlar
arasında doğma xalqın mənafeyinə səmimi-qəlbdən
bağlı olan ictimai xadimlərə çox az
təsadüf edildiyindən ələm və qüssəmizin
miqyası da böyükdür. Çünki
indi unudulmaz İsmayıl bəy Qasprinskini əvəz etməyə
başqa adamımız yoxdur.
Hələ 1868-ci ildən başlayaraq əvvəlcə
Krım tatarları, sonra isə digər bölgələrdə
yaşayan müsəlmanlar Qasprinskini daim öz din
qardaşlarının maarif və mədəniyyətlə
bağlı maraqlarını qoruyan şəxs kimi
görüb-tanımışdılar. Mərhum hələ Krımda
sadə bir xalq müəllimi kimi
çalışdığı dörd il
ərzində nitqləri ilə insanların ürəyinə
yol tapa bilmişdi.
1872-ci ildə
o, təhsilini tamamlamaq məqsədi ilə xaricə yollanmışdı. Şərq dilləri sahəsində biliyini təkmilləşdirmək
üçün Şərq ölkələrində – Əlcəzairdə,
Misirdə və Türkiyədə olmuşdu.
Krıma qayıtdıqdan sonra İsmayıl bəy
doğma şəhəri Bağçasarayın ilk bələdiyyə
rəisi seçilmişdi.
Bütün bu müddət ərzində onun fikrini məşğul
edən əsas məsələ qəzet nəşri idi. Lakin “Məktəb”,
“Faydalı əyləncələr” adı altında qəzetin,
eləcə də bəlli abunəçiləri olmayan
müxtəlif ünvanlı ayrı-ayrı vərəqələrin
nəşri ilə bağlı niyyəti uğurla nəticələnmədi.
İsmayıl Qasprinski “Tərcüman” adı verdiyi
rusca-tatarca qəzetin nəşrinə icazə alana
kimi vəziyyət belə davam etdi.
“Tərcüman”ın ilk sayının çapdan
çıxdığı 1883-cü ilin 10 aprel günü
bütün müsəlmanların nəzərində
mühüm tarixi günə çevrildi. Həmin diqqətəlayiq
hadisənin ildönümlərinin (xüsusən də 1893 və
1903-cü illərdə) qeyd olunması bir daha göstərdi
ki, xalq kütlələrinin maarifləndirilməsində mətbu
nəşrlərin oynaya biləcəyi rolu müsəlmanlar
çox yaxşı başa düşür və yüksək
qiymətləndirirlər.
O
dövrdən etibarən İsmayıl bəy həyatda öz
həqiqi yerini tapdı, yaşadığı Tavriya
quberniyasının kiçik Bağçasaray şəhəri
isə müsəlman həyatının mərkəzlərindən
birinə çevrildi. Həmin
həyatın az və ya çox əhəmiyyət
kəsb edən hadisələri güzgüdə əks
olunduğu kimi İsmayıl bəyin fəaliyyətində
özünü göstərdi.
Təbiətin hər şeyi böyük səxavətlə
bəxş etdiyi, həssas və məhəbbətlə dolu
bir qəlb sahibi kimi Qasprinski müsəlmanların, xüsusən
də onların qabaqcıl hissəsinin maraq və diqqətini
lazımi səmtə yönəldə bilirdi. Müsəlmanların
ehtiyacları ilə bağlı olan, onlara fayda gətirə
biləcək hər məsələyə özünün zəruri,
lakin hər zaman mötədil və dəqiq münasibətini
bildirirdi. Ortaya
çıxan problemlərə parlaq zəkası, müsəlman
həyatına dərin bələdliyi ilə işıq
salırdı.
Mədəni inkişaf baxımından müsəlman
mühitindəki geriliyə hər zaman ürək
ağrısı ilə yanaşan mərhum İsmayıl bəy
daim din qardaşlarının maraqları keşiyində
dayanırdı. Böyük cəsarətlə bir tərəfdən
mövcud çatışmazlıqlara qarşı
çıxır, o biri tərəfdən isə müsəlmanların
üzərinə haqsız hücumlara qarşı mübarizə
aparırdı.
Bu müdafiəçilik rolu İsmayıl bəyə
xüsusi ilə yaraşırdı. O, həm ictimai və publisist fəaliyyətinin
başlanğıcında, həm də müsəlman ictimai
fikrinin hamı tərəfindən tanınmış lideri
kimi şöhrətinin zirvəsində olanda üzərinə
götürdüyü vəzifənin icrasından bir an da geri çəkilmirdi.
Başqa
bir şəxs deyil, məhz İsmayıl bəy irticanın
meydan suladığı səksəninci illərdə öz
balaca “Tərcüman”ının səhifələrində
mühafizəkar “Moskovskie vedomosti”3 qəzetində çap
olunan gurultulu antimüsəlman məqalələrə dəyanətlə
cavab verirdi.
Qoy bu
balaca “qəzetciyin” abunəçilərinin sayı cəmi-cümlətanı
bir neçə yüz nəfər olsun...Qoy qəzetin hətta
pulsuz göndərilən saylarından bəziləri oxucu qəhətliyindən
geri qayıtsın... Qoy abunəçiləri və köməkçiləri
olmadığından naşir-redaktor İsmayıl bəyin
özü haqq dərgahına qovuşmuş rəfiqəsi Xədicə
xanımla4 birlikdə nəşrin qara işlərini üzərinə
götürsün... Qoy o, iti qələmini bir kənara qoyub
qəzet üçün kağız kəsməklə,
hazır sayları büküb-qatlamaqla, zərflərə
qoymaqla, poçtdan yola salmaqla məşğul olsun...Qoy əvvəlcə
Peterburqda, sonra isə Simferopolda senzuranın çoxlu iynə
və tikanlarına məruz qalsın... Hər halda “Moskovski
vedomosti” və “Novoe vremya”5, islamşünas professor Smirnov6, bu
yaxınlarda ölən Çerivanski7 və onlara qoşulan
et tutti-qianti8 hamısı “Tərcüman”dan mərhum
İsmayıl bəyin qələminə xas sakit və mötədil
ahəngli, lakin layiqli cavablarını
almışdılar.Müsəlmanlar bilirdilər ki,
ünvanlarına yönəlmiş heç bir nahaq ittiham və ədalətsiz söz
cavabsız qalmayacaq. Bilirdilər ki, “Tərcüman”
mütləq cavab verəcək. Onların
nəzərində artıq qəzetin adı naşirinin
adı ilə eyniləşmişdi.
Müsəlmanlar 1893-cü ildə bir çox şəhərlərdə,
o cümlədən Bakıda və Tiflisdə özlərininki
saydıqları “Tərcüman”ın ilk on illik yubileyini qeyd
edəndə İsmayıl bəy Qasprinskinin bu xidmətləri
həqiqi qiymətini aldı.
Qəzetin abunəçilərinin sayı yalnız həmin
ərəfədə 1600 nəfərə
çatmışdı.
Bu məsələnin ən ağrılı tərəfi
idi. İsmayıl bəy “Oxucu yoxdur. Abunəçi
yoxdur” – deyirdi. Lakin heç zaman şikayətlənmirdi.
Çünki başladığı işin
uğuruna inanırdı. Hələ
şüur səviyyəsi o qədər də yüksək
olmayan xalqın onu tək qoymayacağına, səsinə səs
verəcəyinə əmin idi. Tədricən “Tərcüman”ın
könüllü müxbirlərinin sayı artırdı. Qəzetə bütün təbəqələrdən
olan insanlar yazı göndərirdilər. Onların
arasında xalq müəllimi, məhəllə mollası, hətta
imkanlı tacirlər də vardı.
Müsəlman həyatının özəlliklərinə
yaxşı bələd olan mərhum müxtəlif bölgələrlə
əlaqəni təkcə yazışmalar vasitəsi ilə
saxlamırdı. Şəxsən həmin yerləri ziyarət
edirdi. Müsəlman əhalinin üstünlük təşkil
etdiyi elə bir bölgə yox idi ki,İsmayıl
bəy orada olmasın.
Rusiyanın daxili quberniyalarının, Qafqaz və Türküstanın
müsəlmanları “Tərcüman”ın
naşir-redaktorunu öz aralarında görmək imkanı
qazanmışdılar. Onun hər belə səfərindən
sonra mütləq bir məktəbin, yaxud digər mədəni-maarif
və xeyriyyə müəssisənin binası qoyulurdu.
İsmayıl bəyin məqsəd və məramı hər
yerdə və həmişə eyni idi. Bu məqsəd
və məram həm də “Tərcüman”ın əsas qayəsini
təşkil edirdi. Həmin məqsədlər (mərhumun
1893-cü ilin aprel ayında mənə göndərdiyi məktubdan
iqtibas edirəm) “sadə və aydın idi: Rusiya müsəlmanlarının
ana dillərində düzgün təlim-tərbiyə
görmələri, xalq üçün anlaşıqlı ədəbiyyatın
inkişafı, müsəlmanlar arasında rus dilinin, elm və
mədəniyyətin mümkün dərəcədə
yayılması, müsəlman əhalinin elmi və maddi tərəqqi
zəminində ruslarla sıx birləşmələri”.
Onun müsəlmanların ibtidai təhsil müəssisələrinin
– “məktəblərin” islahına yönəlmiş fəaliyyəti
xüsusən təqdirəlayiq və faydalı idi. Maarif işinə
yaxşı bələd olan İsmayıl bəy Qasprinski hələ
1885-ci ildə Bağçasarayda əvvəlcə
oğlanlar, sonra isə qızlar üçün məktəblər
təsis etmişdi. Burada tədris
Qasprinskinin özü tərəfindən səsli metod əsasında
hazırlanmış dərsliklər üzrə
aparılırdı.
Yeni üsulla təhsil verən bu məktəblərin ən
mühüm nəticəsi onların bənzər nümunələrinin
digər yerlərdə də meydana gəlməsi idi. Köhnə məktəblər
tədricən tədrisin xarakterini dəyişərək yeni
məktəblərə çevrilirdilər.
İndi belə məktəblərin bütöv bir
şəbəkəsi yalnız Rusiya müsəlmanları
deyil, xaricdəki müsəlmanlar arasında da geniş
yayılmışdır.
Populyar ədəbiyyatın inkişafı ilə
bağlı “Tərcüman” müsəlman kitab
bazarının elmin müxtəlif sahələrinə dair
yeni nəşrlərlə, xüsusən də tədris
kitabları ilə zənginləşməsinə öz təsirini
göstərmişdi.
Xeyirsevər
adamlar tərəfindən maarif işləri üçün
xərclənmiş milyonlarla manat, səsli metodun tətbiq
edildiyi minlərlə yeni məktəbin açılması, ədəbi
və elmi xarakterli yüzlərlə tərcümənin və
orijinal kitabın nəşri, son zamanlarda isə kooperasiya
ideyasının həyata keçirilməsi,
qarşılıqlı yardımın və əmanət
kassalarının təşkili – müsəlmanlar
üçün həqiqətən də unudulmaz şəxsiyyət
olan İsmayıl bəy Qasprinskinin nəcib fəaliyyətinin
bəhrələri bax bunlardır!
Qasprinski
bu işləri görərkən hər zaman artıq haqq
dünyasına qovuşmuş Həsən bəy Məlikov-Zərdabini minnətdarlıq
hissi ilə yada salır, onu müsəlmanlar arasında ictimai
fəaliyyət və maarifin yayılması sahəsində
ilk cığır açan şəxs sayırdı.
Müsəlmanların mərhum İsmayıl bəyə
necə böyük sayğı göstərdiklərini həmişə
mühüm fəaliyyəti ilə seçildiyi müsəlman
qurultaylarında görmək olardı.
İsmayıl bəy Qasprinski kimi şəxsin vəfatı
müsəlmanlar üçün böyük itkidir. Onların kədəri
başa düşüləndir. Lakin qoy İsmayıl bəyin
müsəlman camaatın faydasına sərf edilən şərəfli həyat
yolu hər kəsə təsəlli olsun. Müsəlmanların
hər biri isə İsmayıl bəyin təzə məzarı
önündə bu sözləri deyə bilər:
“İsmayıl
bəy, çox sağ ol ki, doğma xalqının
maraqları keşiyində dayanaraq əlindən gələn
hər işi gördün. Sən həqiqi
insan kimi doğuldun, yaşadın və öldün”.
Əlimərdan
bəy Topçubaşov
“Kaspi”, 13
sentyabr
1914-cü il. ¹ 204
1 Henrik
Senkeviç (1846-1916) – məşhur polyak yazıçısı və ictimai xadim. Nobel mükafatı laureatı.
2 Viktor Hüqo (1802-1885) – məşhur fransız
yazıçısı, tarixi romanlar müəllifi.
3
“Moskovskie vedomosti” – 1756-1917-ci ildə Moskvada nəşr
olunmuş mühafizəkar istiqamətli gündəlik ictimai-siyasi
qəzet
4 Yanlışlığa yol verilmişdir. İsmayıl Qaspralının xanımının
adı Zöhrə idi (V.Q.)
5 “Novoe vremya” – 1868-1917-ci illərdə Sankt-Peterburqda nəşr
olunan gündəlik siyasi və ədəbi qəzet. Rus millətçilərinin
mətbu orqanı kimi tanınırdı.
6 Smirnov N.F. (1863-1931) – rus şərqşünası,
iranşünas. Naxçıvan xanlığının
tarixinə dair əsərin müəllifidir.
7 Çerevanski V.P. (1836-1914) – Rusiyanın dövlət
xadimi, Rusiya Dövlət Şurasının üzvü. İmperiyanın
türk-müsəlman əhalisinə mənfi münasibəti
ilə seçilirdi. 1901-ci ildə
Peterburqda çap olunan “İslam dünyası və onun
oyanışı” kitabının müəllifi idi.
8 Et
tutti-quanti (italyanca) – “hər şeydən bir az” mənasında işlənilir.
Vilayət QULİYEV
525-ci qəzet.-
2013.- 2 mart.- S.24-25.