Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
Ceffersonun belə düşüncəsi respublika
hökumətinin xalqın sadəlövh və nəhayətsiz
inamına əsaslanması variantından irəli gəlirdi. Respublika hökuməti
yalnız aşağıdakı müəyyən şəraitlərdə
uğurlu fəaliyyət göstərəcəkdir: mülkiyyətin
geniş şəkildə bölünməsi və ya vicdanla
qazancdan asılı olan həmin təmin olunmuş
insanların mövcudluğuna nail olunması; ictimai ləyaqətin
aşağı düşməsini kompensasiya etməyi nəzərdə
tutan qanunların və institutların olması. Virciniya üçün təklif edilən təhsil
sistemi də Ceffersonun respublika idarəçiliyi ilə
bağlı olan inamının bir hissəsi idi.
1789-cu ilin payızında Virciniyaya qayıdanda
ABŞ-ın birinci prezidenti seçilmiş Corc Vaşinqton
Ceffersondan yeni hökumətdə Dövlət katibi
olmağı xahiş etdi. O, xahişi xeyli
könülsüzlüklə qəbul etdi. Vəzifəsinin
icrasına başladıqdan az sonra o,
Aleksandr Hamiltonla ziddiyyətə cəlb olundu,
axırıncı isə hökumətdə Xəzinə
katibi – maliyyə naziri idi. O, Hamiltonun həyata keçirdiyi
maliyyə sisteminə qarşı çıxdı, bu sistemə
görə Konstitusiyaya uyğun olaraq səlahiyyətlər mərkəzə
ötürülürdü, bu isə xalqın əksəriyyətinin
mənafeyinə zidd idi və respublika institutları
üçün müəyyən təhlükəni təmsil
edirdi. Cefferson və Hamilton həm də xarici
siyasət məsələlərində
razılaşmırdılar, çünki əvvəlcə
Cefferson Fransaya tərəf, Hamilton isə Böyük
Britaniyaya tərəf meyl edirdi.
ABŞ-ın
birinci Dövlət katibi Tomas Cefferson 1793-cü ildə maliyyə naziri
Aleksandr Hamiltonla bir sıra konfliktindən sonra vəzifəsindən
istefa verdi. Hamilton güclü mərkəzləşdirilmiş
idarəetmə tərəfdarı idi, əsl demokratiya
carçısı olan Cefferson isə ştatların
böyük müstəqilliyinin bərqərar olmasına can
atırdı. O, həmçinin Hamiltonu xarici siyasət
sferasına müdaxilə etməkdə ittiham edirdi. Ceffersonun istefasının digər bir səbəbi də,
əlbəttə ki, Britaniya və Fransa yönlü istiqamətlərin
tərəfdarları arasındakı mübahisə idi.
Cefferson Fransa yönlü xətti müdafiə
edirdi. Aleksandr Hamilton da öz vəzifəsindən istefa
verdi.
İki adam arasındakı mübahisə heç də
şəxsi münasibətlər məsələsi deyildi. Bu mübahisə ölkəyə
yayılırdı və milli siyasi partiyaların bir siyasət
və prinsiplər kimi, şəxsiyyətə əsaslanmaq
üzərində formalaşmasına aparırdı. Beləliklə, iki milli partiyalı sistemin pretsedenti
və nümunəsi yarandı. Corc
Vaşinqtonun prezidentliyinin birinci müddəti başa
çatana yaxın artıq nə Cefferson, nə də Hamilton
Kabinetin üzvü deyildilər. Lakin hər
ikisi yeni partiyaların simvoluna çevrildilər. Cefferson demokrat-respublikaçıların, Hamilton isə
federalistlərin, indiki dildə desək, sifəti idi. Hər iki tərəf elektorat, Konqress və
ştatların qanunvericilikləri arasında öz təşkilatçılıq
bacarıqlarını inkişaf etdirir və mətbuatdan səmərəli
qaydada istifadə edirdilər. Gələcək, 4-cü
prezident Ceyms Medison isə Ceffersonun adətən,ç ən
bacarıqlı köməkçisi hesab olunurdu (o, həm də
Konstitusiyaya əlavə edilmiş insan haqları
haqqındakı Billin əsas müəllifi idi) və
axırıncı Con Adamsın prezidentliyində vitse-prezident
kimi fəaliyyət göstərən vaxt milli siyasətin mərkəzinə
qayıdana qədər partiyada fəal liderlik edirdi.
1798-ci ildə
Birləşmiş Ştatlar Fransa ilə müharibəyə çox yaxın olanda (bu XYZ
işi ilə əlaqədar idi, Fransa tərəfi ilə
danışıqlar aparan amerikan nümayəndə heyətindən
fransız diplomatları rüşvət istəmişdilər),
federalistlərin nəzarət etdiyi Konqress Əcnəbilər
və Qiyama Çağırış Qanunlarını qəbul
etdilər. Axırıncını xüsusən
federalist hakimlər tətbiq edirdi və onlar hökumətin
demokrat-respublikaçılar tərəfindən tənqidini
boğurdu. Cefferson və Medison
inanırdılar ki, bu Konstitusiyaya olan birinci əlavəyə
ziddir və ona görə də qeyri-konstitusiondur.
1800-cü il prezident
seçkiləri federalistlərin məğlubiyyəti ilə
başa çatdı. Bu yeni millətin
inkişafında həlledici bir dövr idi. Siyasətçilər kəskin surətdə
bölünmüşdü, bu, fövqəladə
düşmənçiliklə bağlı idi. Cefferson Hamiltonu respublika hökumətinə
düşmən kimi qiymətləndirirdi. Hamilton da Ceffersonu radikal demaqoq hesab edirdi. Hamilton elə bir böyüklük arzu edirdi ki,
burada o, fərdlərin bilavasitə maraqlarını da tabe etməyə
hazır idi.
Cefferson hökumətin niyyətini, yaşamaq
üçün fərdlərin haqqını,
azadlığını və xoşbəxtliyini himayə edən
kimi görürdü. Ceffersonun münasibəti və
davranışı məhz bu dövrdə aşkarlandı.
O, heç də Olimpiya sakitliyini nümayiş etdirmirdi, onun məktubları
bəzən öz opponentlərinə və onların bəzilərinə
fərdi qaydada qəzəb və ehtiras ifadə edirdi. Konfutsi
demişkən “Hirsli adam həmişə
zəhərlə dolu olur”. Ziddiyyətlərin
çox acılığı onu narahat edirdi. O,
nizamlanmayan ideoloji münaqişənin bölücü və
dağıdıcı effektini hiss edir və ondan qorxurdu. Bu nəinki Ceffersonun belə yüksək qiymətləndirdiyi
sosial harmoniyanı dağıda bilərdi, həm də
bütövlükdə respublika hökumətinin quruluş
parçasını cıra bilərdi.
Respublikaçılar onu 1796-cı ildə prezidentliyə
namizəd irəli sürmüşdülər, lakin o, Con
Adams tərəfindən məğlub edilmişdi. O, vitse-prezident kimi fəaliyyət
göstərməyə başladı. XYZ işinin
arxasınca prezidentin Fransa ilə müharibə tərəfdarı
kimi mövqeyi, nizami ordunun yaradılması və Əcnəbilər
və Qiyama Çağırış Barədə Qanunlar
(1798-ci il) Adamsla onun uzunmüddətli
dostluğunu pozdu.
1800-cü
il prezident seçkilərini federalist namizədlər
açıqca uduzsalar da, bu vaxt respublikaçı namizədlər
olan Ceffersonun və Aaron Barrın heç birinin üstün
olmadığını da üzə çıxardı. Seçki qabağı kampaniyanın özü
çox sərt keçmişdi. Ceffersona ən
ədalətsiz hücumlar olurdu. Yel
universitetinin prezidenti Timoti Duayt onun haqqında deyirdi ki, “əgər
bu adamı prezident seçsələr, biz
arvadlarımızın və qızlarımızın qanuniləşmiş
fahişə olacaqlarını görəcəyik, onlar
soyuqqanlılıqla namussuzlaşacaqlar, onların
könülü bu niyyətə müvafiq olaraq sadəlik və
ləyaqətdən məhrum olacaq, Allahın və insanın
söyülməsi hesabına qurbanlara çevriləcəklər”.
Tomas Ceffersonla Aaron Barrın hər ikisi seçkilərdə
73 elektor səsi almışdı və bu, seçim etməyi
Nümayəndələr Palatasının üzərinə
qoydu. Burada isə federalistlər Barrı müdafiə
edir və ölkəni Konstitusiya böhranı ilə hədələyirdilər.
Ancaq Cefferson nəticədə otuz altı səs
üstünlüyü ilə prezident seçildi. Bu qələbədə onun ideya əleyhdarı olan
Aleksandr Hamiltonun Ceffersondan xoşu gəlməməsindən
daha çox Barra inanmaması öz müsbət təsirini
göstərdi. Hamilton öz tərəfdarlarını
Ceffersona səs verməyə sövq etdi. Bu hadisədən
üç il sonra Aaron Barr dueldə
Aleksandr Hamiltonu öldürdü. Beləliklə,
demokratların lideri olan Cefferson birinci dəfə prezident
seçildi və 21 mart 1801-ci ildə inauqurasiya andı
içdi. O, ilk prezident idi ki, onun inauqurasiyası yeni
paytaxt şəhəri Vaşinqtonda keçirilirdi.
Ceffersonun inauqurasiya müraciətinin ruhu
barışdırıcı idi və beləliklə xeyli
geniş olmaqla, onun ilk administrasiyasının siyasətini ifadə
edirdi. Onun sonralar Luiziana Satınalınması və Embarqo
Aktının qəbul olunması kimi addımları da
özünün dediyi kimi, federalistlərin özündən
daha çox federalist münasibətin ifadəsi idi.
Onun inauqurasiyası güclü təsir etməklə
radikal dəyişikliklər meydana gətirdi. Ceffersonun daha çox
doktrinaçı və təhlükədən az hali olmasından asılı olmayaraq, ilk
partiyanın yaratdığı bu incə situasiya yeni idarəetmə
tarixində inzibatçılığın dəyişilməsinə
səbəb oldu. Birləşmiş Ştatların gələcəyi
bundan sonra daha az sabitliklə xarakterizə
olundu. Onun prezidentliyinin ən böyük nailiyyəti
Luiziananın Fransadan satın alınması oldu.
1803-cü ildə Luiziana ərazisinin əldə edilməsi
ölçüyə sığmayan bir əhəmiyyət
daşıyırdı, çünki bu, Birləşmiş
Ştatların ərazisini demək olar ki, ikiqat
böyüdürdü. Ceffersonun əvvəlcə planı
Missisipi çayının mənsəbində olan kiçik
zonanı satın almaq idi. Napoleon isə
bütöv ərazini satmağı təklif etdikdə,
Cefferson bunda öz uduş şansını gördü və
təklifi qəbul etdi. Onu da özü
yaxşı bilirdi ki, bu sövdələşməni
aparmağa onun heç bir konstitusiya səlahiyyəti yoxdur.
Ancaq o, inanırdı ki, bu satınalma qitəni
başlıca əcnəbi dövlətlərdən
uzaqlaşdırmaqla, Birləşmiş Ştatların təhlükəsizliyinə
kömək edəcək, nəsillər boyu respublika hökumətinin
stabilliyinə əminlik yaradacaqdır, çünki məskunlar
üçün nəhəng torpaqlar mənbəyinə malik
olmaq imkanı verəcəkdir.
Cefferson 1804-cü ildə yenidən prezident seçildi. Corc Klintonu
vitse-prezidentlikdə Börr əvəz etdi. Ceffersonun ikinci administrasiyası Börru
inandırmaqda uğursuzluğa düçar olduğuna
görə məşhurluq qazandı. Börr
cənubi-qərb ərazilərində xəyanətkar hərəkətlərə
yol vermişdi. Digər bir uğursuzluq isə
Napoleon müharibələri dövründə prezidentin
neytrallıq siyasətini güdmək cəhdləri və
okeanlarda neytrallıq hüququnu dəstəkləmək oldu.
Müharibədən uzaqlaşmaq sahəsindəki
aşıb-daşan istəyi onun cəsarətsizlikdə və
qətiyyətsizlikdə ittiham edilməsinə gətirib
çıxardı. Cefferson Napoleon
müharibələri dövründə Amerikanın
neytrallığını qoruyub saxlamağa ümid edirdi,
lakin neytrallıq ingilis-fransız
zorakılığını olduqca
ağırlaşdırırdı. Nəticədə,
yeni döyüşən tərəflər Atlantik okeanı
neytral kommersiya üçün bağladıqda o, 1807-ci ildə
Konqressi Embarqo Aktını qəbul etməyə
inandırdı. Bu Akt xarici limanlara
bütün ixracları qadağan edirdi.
1807-ci ildəki Embarqo Aktı şəxsi azadlıq
prinsiplərinə zidd olduğuna və güclü milli
hökumət ideyasına onun keçmişdəki
müxalifliyinə görə tənqid olunurdu. Qanun xarici millətlərlə
kommersiya əlaqələrini nizamladığına görə
Konqressin səlahiyyət dairəsinə daxil idi, Cefferson
prezident olmamışdan əvvəl bu qaydanı uzun müddət
dəstəkləmişdi. Lakin Aktın tətbiq
edilməsinin israr edilməsi və onun Dördüncü
düzəlişə zidd olduğuna görə sual doğura
bilərdi. Dördüncü düzəliş
isə evlərdə səbəbsiz axtarışları və
həbs edilməni qadağan edirdi. Cefferson
prezidentliyi tərk etdikdən sonra Konqress embarqonu ləğv
etdi.
Cefferson ölkənin guşələrinin tədqiq edilməsinə
böyük əhəmiyyət verirdi. 1804-cü ildə tədqiqatçılar
Merieter Lyuis və Uilyam Klark Missuri çayının hövzəsini
öyrənməyə yollandılar və Sakit okeana tərəf
12,5 min kilometr məsafə qət etdilər.
Missuri ərazisinin öyrənilməsinin təşəbbüsçüsü
hələ 1786-cı ildə Tomas Cefferson olmuşdu, həmin
vaxt o, Fransada səfir idi. Amerikanlar
qorxurdular ki, britaniyalılar Missuri çayının
yuxarılarına soxula bilərlər. Cefferson
özünün gənclik dostu Lyuisi ekspedisiyaya yollanmaq
üçün dilə tutdu. Konqress səyahət
planını 1803-cü ilin sonunda bəyənmişdi.
Ceffersonun prezidentliyi dövründə Baş hakim Con
Marşallın rəhbərliyi altında Ali Məhkəmənin
qüdrəti və nüfuzu artdı. 1803-cü ildə
baxılan Merburi Medisona qarşı işdə məhkəmə
özünün ədalət baxışını dəqiq
müdafiə etdi. Marşall Ceffersonun
qohumu olmaqla yanaşı onun barışmaz düşməni
idi.
Cefferson üçüncü dəfə də
uğurla prezident seçilə bilərdi, lakin o, Vaşinqton
kimi hərəkət edib, bundan imtina etdi və
Montiçellodakı malikanəsinə istirahətə
yollandı.
Cefferson azadlıq idealına ürəkdən
bağlı idi və hesab edirdi ki, “Azadlıq ağacı
vaxtaşırı vətənpərvərlərin və
tiranların qanı ilə suvarılmalıdır. Bu onun təbii
gübrəsidir”. O, özünə qarşı
bütün hücumlara mərdliklə sinə gərirdi və
güman edirdi ki, “həqiqətdən qorxmayan adam
yalandan da qətiyyən qorxmamalıdır”. O, həyata
yüksək ideallar nöqteyi-nəzərindən
yanaşırdı, heç vaxt maddi fayda barədə
düşünmürdü. Ona görə də
ona atasından böyük var-dövlət qalmasına
baxmayaraq, öləndə onun çoxlu borcu var idi və atasından
qalmış 500 akrlıq (226 hektar) torpaq sahəsi də
satılmalı oldu.
Dövlətin maliyyə resursları barədə isə
olduqca qənaətcil idi. Onun administrasiyası
dövründə (1801-1809-cu illər) bu sahədə
yaxşı nailiyyətlər əldə edilmişdi. Daxili vergilər ləğv edilmişdi, lakin milli
borc 83 milyon dollardan 59 milyon dollara enmişdi.
Birinci berber müharibəsi də onun prezidentliyi
dövründə baş verdi. ABŞ müstəqilliyini
elan etdikdən sonra Aralıq dənizində maneəsiz üzmək
və ticarət aparmaq üçün Əlcəzairə,
Tunisə və Tripolitanaya ianə ödəməli idi. Bu ianə ölkə gəmilərini dəniz
quldurlarından mühafizə etmək naminə ödənilirdi.
Cefferson Atlantik okeanı ticarətinin əleyhdarı
olduğundan Tripoli paşası Karamanlıya ianə verməkdən
imtina etdi. Bu ianə prezidentlər
Vaşinqtonun və Adamsın vaxtında daim ödənmişdi.
Üçüncü prezidentin bu hərəkəti
diplomatik münasibətlərin kəsilməsinə səbəb
oldu. Aralıq dənizinə kiçik hərbi
donanma göndərildi və 1802-ci ildə o xeyli gücləndirildi.
1803-cü ildə hərbi əməliyyatlar
başlandı və limanlar mühasirə edildi. 1805-ci ilin aprelində amerikanlar mühüm liman
şəhərini tutduqda Tripolinin işğal edilməsi təhlükəsi
yarandı. Bu, Karamanlını sülh
müqaviləsi imzalamağa məcbur etdi. 1814-cü ildə
ikinci berber müharibəsi baş verdi və
Şimali Afrikada dəniz quldurluğu qəti şəkildə
ləğv edildi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 2 mart.- S.18.