Oralarda kimlər var:
Bağır Seyidzadə
SƏHİFƏNİN QONAĞI
TANINMIŞ JURNALİST VƏ TƏRCÜMƏÇİ
AKİF QƏHRƏMANLININ YAZISI:
QİYMƏTİNİ ALMIŞ
ADAM
“Kitab” Cəmiyyəti xəbər verir ki, “BAĞIR
SEYİDZADƏ 100” miniatür kitabını “İndiqo” mətbəəsində
nəfis şəkildə çap edilib.
Miniatür
kitab Əməkdar İncəsənət Xadimi Aydın
Kazımzadənin “O özünə inanır, tək
özünə arxalanırdı” məqaləsi ilə
açılır.Yazıda Əməkdar mədəniyyət
işçisi, respublikanın qocaman jurnalistlərindən
biri, milli kino sənətinin və mədəniyyətimizin
inkişafında böyük xidmətləri olmuş ictimai
xadim, diplomat mərhum Bağır Mirqasım oğlu Seyidzadənin
mənalı ömür yoluna nəzər salınır.
Miniatür
kitabda Bağır Seyidzadənin nazir olduğu dövrdə
Bakı kinostudiyasında “Bakının işıqları” bədii,
“Böyük yol”, “Hədiyyə xalçası”, “Quba
bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”,
“Sovet Naxçıvanı”, “Əməyə eşq olsun!”, “Gədəbəyin
sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”,
“Xəzər neftçiləri haqqında dastan” və s. sənədli
və elmi-kütləvi filmlər yaradıldığı
bildirilir. İstedadlı jurnalist olaraq qısa müddətdə
respublikada qəzet-nəşriyyat işinin bilicisi kimi
tanınıb, ömrünün son illərində Azərbaycan
Dövlət Teleqraf Agentliyində sədr müavini vəzifəsində
işləyib. O, “Əməkdar Mədəniyyət
İşçisi” fəxri adına layiq görülüb,
“Qırmızı Əmək Bayrağı” və “Şərəf
nişanı” ordenləri ilə təltif edilib.
Geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuş kitabda, Bağır Seyidzadənin
həyatının və ictimai fəaliyyətinin müxtəlif
dövrlərini əhatə edən ağ-qara formatda 30
fotoşəkil yer alıb.
Seyidzadə
Bağır Mirqasım oğlu: Mən onunla uzunmüddətli
və sıx təmasda olmamışam, cəmi bir neçə
mükaliməmiz, ötəri görüşümüz olub.
Amma qətiyyətlə söyləyə bilərəm ki,
müşahidəçi və diqqətli olan hər kəs
Bağır Seyidzadəni gördüyü ilk anlardaca onun
bütün insani keyfiyyətlərini ayırd edə bilərdi.
1967-ci
ilin payız ayları idi. Yaxın adamlar mənə dedilər
ki, Azər.Ta-da (o zaman Azər.TAC belə adlanırdı) tərcüməçi
axtarırlar. Boş vaxtlarımda ürəyimə yatan rusca mətnləri
Azərbaycan dilinə tərcümə etdiyimdən xəbərdar
idilər. O vaxtlar mən Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin axşam şöbəsində
təhsil alır, gündüzlər yeni
açılmış Bakı Metropolitenində işləyirdim.İş
ürəyimcə deyildi,heç təhsilimə də
uyğun gəlmirdi,amma dolanmaq üçün hardasa işləmək
lazım idi axı.Belə bir vəziyyətdə tərcüməçi
vəzifəsinə düzəlmək fürsətini
qaçıra bilməzdim.Odur ki, elə əynimdəki dəmiryolçu
formasında da Azər.Ta-ya gəldim. Məşhur tərcüməçi
Ənvər Quliyev məni direktorun tərcümə məsələləri
üzrə müavini işləyən İsaxan Ömərovun
yanına apardı. Rəhmətlik İsaxan müəllim mənə,
qiyafəmə, əlimdə aramsız
fırlatdığım dəmiryolçu furajkasına
baxıb “Ənvər, bunu hardan tapıb gətirmisən?”
sualını verdi və gözlərindən yaş gələnədək qəhqəhə
çəkib güldü. Ənvər müəllim əməllicə
qızarmışdı. Nə deyəcəyini
bilmirdi.İsaxan müəllim –”Sən harda dərc olunursan, tərcümələrini
kimlər görüb?” – sualını verəndə dedim ki,
“Tərcümə ilə evdə, özüm
üçün məşğul oluram”. Bu cavabdan sonra
İsaxan müəllim lap qəşş edənədək
gülüb dedi ki, “Qardaş, bura Dövlət İnformasiya
Agentliyidir, ən mühüm, başlıcası da ən təcili materialları tərcümə
edib kütləvi informasiya vasitələrinə veririk. Sənə
belə çətin və məsul işi
tapşırmaqmı olar?”.Mən işin öhdəsindən
gələ biləcəyimi deyəndə Ənvər müəllim
də bir qədər ürəklənib dedi ki, “Hə,
İsaxan, Akif çox istedadlı oğlandır, yəqin ki,
bacarar”.
Sonradan
başa düşdüm ki, Ənvər Quliyev Agentlikdən
getmək istəyir, amma tərcüməçi kadrlar
qıtlığı üzündən onu, yetkin
professionalı işdən buraxmırlar. Daş qayaya rast gəlmişdi.
Müxtəsəri,
mənim əcaib görkəmim və ona uyğun gəlməyən
danışığım sınaq tərcümələri
üçün Agentliyə yol tapmağıma kömək
etdi. Boş vaxtlarımda, bəzən
də Metropolitendəki iş vaxtımdan oğurlamaqla Azər.
TA-da xırda-para tərcümə işlərinə
girişirdim.
Sahəsi
başqa otaqlardan xeyli geniş olan redaktorlar otağında Cəfər Cəfərov,
İbrahim Novruzov, bir də Xalidə Kərimova (sonralar Rəhmanova)
otururdular. Mənə həmin böyük otağın bir
küncündə bir stol qoydular. Orada qurdalanırdım. Hər
dəfə kağız götürmək, yaxud lüğətə
baxmaq üçün yaşlılardan icazə istəyəndə
gülürdülər ki, sən burada özünü qonaq
kimi aparsan, heç vaxt tərcüməçi ola bilməyəcəksən.
Adım elə “utancaq oğlan” kimi də hallanırdı.
Azər
TA-da o zaman hamının “Xəlil Qasımoviç” deyə
müraciət etdiyi çox yaşlı bir təsərrüfat
müdiri vardı. İşçilərin maaşını
da o verirdi. Təsərrüfat işlərindən tutmuş
maliyyə məsələlərinədək bütün
sorğular ona ünvanlanır, dərhal da həllini
tapırdı. Xəlil Qasımoviç bir işi görməzdən
qabaq insanın qəlbini ovundururdu. “Düzələr, bala, bir
azca səbr et” – deyə hamını sakitləşdirir, lakin
məsələni də həqiqətən operativ həll
edirdi. Sanki bu insanın öz əsəbləri yox idi.
Bir
gün maaş verirdilər. Mən də İsaxan müəllimin
tapşırığı ilə qısa xəbərlərin
tərcüməsi ilə məşğul idim. Rəsmən
işə qəbul olunmadığıma, mənə verilən
materialların təkrar tərcümə (artıq istifadə
edilmiş) olduğunu, ya da mətbuata verilməyəcəyini
bildiyimə görə əmək
haqqı ala biləcəyimi heç ağlıma da gətirmirdim.
Odur ki,camaatın maaş aldığı tərəfə
heç boylanmırdım da.Birdən Xəlil
Qasımoviç qapını açıb mənə dedi:
“Oğul, Akif Qəhrəmanov sən deyilsən?”. “Mənəm”
– dedim. “Bəs niyə gəlib qonorarını almırsan?”
Çox
təəccübləndim. Utana-utana cavab verdim ki, “Dayı, mən
hələ işə qəbul olunmamışam”. “Nə olsun
– dedi – sənin də qonorarın var. Gəl, al!” Xalidə
xanım otaqda oturmuşdu, makinada nə isə çap etdiyindən
heç başını da qaldırmırdı. Amma birdən
sıçrayıb ayağa qalxdı. Mən onun bu hərəkətinin
mənasını başa düşmədim və elə o
andaca Xəlil kişinin çiyninin üstündən bir nəfər
girdəsifət adamın otağa, konkret olaraq mənə
baxdığını gördüm. Xəlil kişi tez
qapıdan aralanıb həmin adamdan üzr istədi, o da mənə
dedi: “Cavan oğlan, bilirsənmi
ki, utananın oğlu olmur? Utanmaq lazım deyil, get
qonorarını al!” Mən təəccüblə Xalidə
xanımın üzünə baxdım. Gülə-gülə
dedi ki, “Bu, Bağır müəllimdir, Bağır Seyidzadə...”
Həmin
gün qonorarımı da aldım, başqa işlər də
oldu, ən əsası isə onu öyrəndim ki, İsaxan
Ömərovdan əvvəl Agentliyin direktorunun müavini məhz
Bağır Seyidzadə olub. Gözəl, xeyirxah, ziyalı bir
insandır.
Bağır
müəllim baxışı, davranışı ilə mənə
güclü təsir bağışladığına görə mən elə o gündən
az-çox ünsiyyət qura bildiyim işçilərdən
onun barəsində bilgi almağa başladım. Söhbət
etdiyim hər kəs Bağır müəllim haqqında ən
xoş sözlər deyirdi. Məsələn,öyrənə
bildim ki, Bağır müəllim müxtəlif vaxtlarda
müxtəlif yerlərdə və şəraitlərdə ən
mühüm dövlət tapşırıqlarını şərəf
və ləyaqətlə yerinə yetirib. Bunlarla
yanaşı, jurnalistika, xüsusən tərcüməçilik
sahəsində müvəffəqiyqətlə
çalışıb. Karl Marksın “Kapital” əsərinin çox
uğurlu tərcüməsinin iştirakçılarından
biri olub? Başqa tərcümələri var, məsələn,
Pestalotsini tərcümə edib və sairə. Rəhmətlik
İbrahim Novruzov həmişə deyirdi: “Akif, Bağır
Seyidzadə kimi olmaq hər oğulun işi deyil.
O cür
adamları gündüz çıraqnan da axtarıb tapmaq
olmur. İranda sovet ziyalıları qrupu tərkibində elə
işlər görüb ki,
sovet hökuməti gərək onun evinin dirəyini
qızıldan tikəydi... Çalış, elələrinə
oxşa!”.
Uşaqların
təlim-tərbiyəsinin ibtidai təhsil illərindən
başlayaraq həyatla, istehsalatla əlaqələndirilməsi
nəzəriyyəsinin banisi, İsveçrənin demokrat
pedaqoqu Yohan Henrix Pestalotsinin əsərlərini, İtaliya
yazıçısı Canni Rodarinin nağıllarını
Azərbaycan dilinə tərcümə etməklə
xalqımızın bilik xəzinəsini zənginləşdirən,
övladlarımızın dünyagörüşünü
genişləndirən Bağır müəllimin öz şəxsi
davranışı ilə də gənclərin
formalaşdırılmasına xüsusi təsir göstərdiyinə
aid misallar gətirəcəyəm.
Bir
gün redaktorlar otağına daxil olub salam verdi. Otaqda bir
İbrahim Novruzov idi, bir də mən. Xırda bir mətnin tərcüməsi
ilə məşğul idim. İbrahim müəllimdən
soruşdu: “İbrahim müəllim, bu cavan oğlan necədir,
bir iş görə bilirmi?”.
“Hələ
ki, çalışır, pis deyil. Hər halda yaxşı
olar” – qeyri-konkret cavabından sonra üzünü mənə
tutub dedi. “Bala, tərcüməçi dil baxımından
eyni vaxtda azı 2 adamdırsa, bilik baxımından çox
adam olmalıdır. Dili bilməyən, sıravi adamlardan
xeyli zəngin biliyi olmayan adamdan
yaxşı tərcüməçi çıxmaz!”
Özü də bu sözləri son dərəcə
mehribanlıqla deyirdi. Zəngin
biliyi və həyat təcrübəsi olan Bağır müəllimin
həmin müdrik sözlərini mənim bütün
sonrakı həyat və fəaliyyətim sübut etməkdədir.
Onun bir
maraqlı fikrini də misal çəkmək yerinə
düşür: “Biz rus dilini ona görə
üyüdürük ki, xalqın əksər hissəsi onun
orijinalını həzm eləyə bilmir”.
Bağır
Seyidzadə ilə uzun müddət sıx təmasda işləmək
mənə qismət olmadığına görə indi də
təəssüflənirəm, çünki illər
ötdükcə daha yaxşı anlayıram ki, onun bilik xəzinəsindən
çox şey götürə bilərdim.
Tofiq ABDİN
525-ci qəzet.- 2013.- 2 mart.- S.23.