Yollar məbəddə birləşir
Dəyərli qardaşım Orxan bəy!
Sizin yazılarınızın müntəzəm
oxucusuyam.
Bu yazıların hamısında bir Azərbaycan sevgisi,
Azərbaycan adamına xüsusi hörmət və məhəbbətiniz
hiss olunmaqdadır. Azərbaycanın uğurlarını öz
uğurlarınız, problemlərini öz problemləriniz
hesabında yazılarınıza köçürür, Azərbaycandan
başlayan bir dünyanı gözəl görmək istəklərinizi
sakit ahəngli,
böyük sənətkarlıqla qələmə
aldığınız publisistikanızda hər kəsə
çatdırmağı bacarırsınız. Cəmi
üç dəfə görüşmüşük, amma
sanki Sizi elə yaşınızın illəri qədər
tanıyıram. Yazılarınızın üslubu,
publisistikanızın ritmi, ahəngi Sizin xarakterinizi
tamamlayır.
Əzizim
Orxan bəy! Uzaq Almaniyada, qərib
bir ölkədə yaşamağınız Sizi Azərbaycandan
ayıra bilmir. Bəlkə bu qəriblik və bu uzaqlıq
Sizi Azərbaycanımıza daha güclü tellərlə
bağlamaqdadır. Mən Sizin bu böyük Vətən
sevginizi mənə də çox doğma olan, bizdə
çap olunan yüzlərlə qəzetin içərisində
özümə simsar bildiyim, daimi oxucusu və daimi müəllifi
olduğum “525-ci qəzet”dəki köşə
yazılarınızda gördüm və şəxsən
Sizinlə tanış olmaq arzum da o yazılardan doğdu. Və
günlərin bir günü türk dünyasının
böyük filosofu, qürurla müəllimim
adlandırdığım Səlahəddin Xəlilov bizi tanış etdi. Sizin “525-ci qəzet”dəki “Mən
yoxsam, orada kim var?” sərlövhəli yazınızın həsr
olunduğu “Fəlsəfə Dünyası”ndakı
görüşlərimiz məndə belə bir təəssürat
yaratdı ki, Orxan Arasın millətinə və bütün
insanlığa sevgi dolu bir ürəyi var. Orxan Aras milli
sevincimizi, milli dərdimizi bizimlə birgə yaşayan, bel bağlamalı,
ummalı bir insandır. Orxan Aras sənət dünyasına,
klassik və müasir türk dünyasına, ədəbiyyatına,
klassik Şərq və Qərb elmi təfəkkürünə
yetərincə bələd olan bir alimdir, öz
ideyalarını, ictimai maraq kontekstində olan
mövzularını yazıya çevirən ustad bir
publisistdir və nəhayət, qaldırıb hər kəsə
qürurla göstərə biləcəyimiz bir dostdur.
Bu
yazıda Sizin qələminizə xas olan lirik üslub bir az daha artıq görünür və elə
Sizə bu məktubum da, deyəsən, o gözəl
üslubun təsirindən doğdu. “Mən yoxsam, orada kim var?” sərlövhəsindəki kövrəkliyin
özü də mənə təsir etdi. Çox təəssüf
ki, ən çətin suallarımı cavablandırmaq
üçün tez-tez “Fəlsəfə dünyası”na gəldiyim
halda, Sizin yazınızın niyə bu qədər kövrək
üslubda olduğunu hər sualımı cavablandıran o Səlahəddin
müəllimdən soruşmadım. Bəlkə Səlahəddin
müəllimin də “heç yoxdan yaratdığı o “Fəlsəfə
Dünyası”nın kitab dolu balaca otaqları kövrəldib
Sizi? Bəlkə kitab dolu bu fəlsəfə məbədinin
ovqatından kövrəlmiziniz? Ya bəlkə
Qul Hümmətin yazıda misal gətirdiyiniz sətirlərindən?
Bilmirəm, hər halda nə gizlədim, mənim indi hər
şeyin kədərlisinə, hər şeyin qüssə,
hüzn dolu mahiyyətinə ehtiyacım var və Sizin o yazınız bu üslubu ilə məni
çox duyğulandırdı.
Siz bir az da reportaja yaxın üslubdakı o
yazınızda “Fəlsəfə Dünyası”nda
tanış olduğunuz insanlara qiymət vermisiniz. Sizin ancaq
Bakıda olanda “Səlahəddin bəyin yumşaq, dəvətedici
səsini duyub tez hazırlanıb oraya
qaçdığınız” o balaca otaqlarda təkcə Azərbaycanın
deyil, türk dünyasının bir çox elm, fikir
adamları, ünlü filosoflar qonaq olur və mən o
adamların bir neçə saatlıq söhbətlərindən
aldığım bilgilərə görə yenə də
“heç nədən yaranmış” o “Fəlsəfə
Dünyası”na borclu oluram. Bu “Fəlsəfə
Dünyası”nı yazının bir məqamında reportaj stilistikasında
detalları və görümləri ilə necə
dəqiq təsvir etmisiniz: “Fəlsəfə Dünyası”na
getmək sadəcə söhbət demək deyildi əlbəttə.
Divarlardakı rəflərdə düzülən
bir-birindən maraqlı kitablar və oraya gələnlərin
mistik duruşları insanı istər-istəməz fəlsəfəyə,
hikmətə, irfana, varlığa, yoxluğa, mənliyə
yönəlik sualların içinə atardı. O an ağlınıza niyə var olduğunuz
sualı və ya həyatınızın nələrdən
ibarət olduğu mövzusu gəlirdi”. Orxan bəy!
Etiraf edim ki, o, “Fəlsəfə Dünyası”na
ayaq basdığım gündən oranın məni niyə
bu qədər özünə çəkdiyini Sizin bu sətirlərdən
sonra daha yaxşı anladım. “Fəlsəfə
Dünyası”ndakı diskussiyalardan birində Prof. Dr. Aida
xanımın insan taleyi ilə bağlı bir sualına Səlahəddin
müəllimin Əbu Turxan fəlsəfəsindən sadəcə
bir sözlə verdiyi cavabı xatırladırsınız: “Bəzən
biz yolu seçərik, bəzən də yol bizi-...” Və
indi o söhbətin üstündən keçən çox
zamandan sonra bu cavaba Sizin şərhiniz məni
çox duyğulandırdı: “İnsanların çoxu nə
seçdiyi yoldan məmnundur, nə də onlar
üçün seçilən yoldan... Günahkar
bizikmi, yoxsa günaha itələyənlərmi?” Bu tipli əbədi suallar və o əbədi suallara
Səlahəddin müəllimin- Əbu Turxanın müdrik
cavabları bizi zənginləşdirən, elmə, irfana
qovuşduran məqamlardır.
Sizin essenizdə “Fəlsəfə Dünyası”nda
çalışanların elmi istedadı barədə həqiqəti
söyləyən maraqlı epizodlar oxudum. Fəlsəfə
elmləri doktoru, bizim gənc türk
qızlarımızın tipik obrazı kimi qəbul etdiyimiz
Könül Bünyadzadə haqqında, onun elmi istedadına
yönəlik fikirlərinizə görə Sizə təşəkkürlər.
Bilirsiniz, Orxan bəy, mən Sizə deməmişəm,
Könül xanım müqəddəs bir ocaqdan
çıxmışdır. Azərbaycanın
müdhiş 20 Yanvar gecəsində onun hələ o zaman məktəbli
qardaşı, şagird qardaşı Ülvi düşmən
tankları qarşısına çıxdı və əlacı
bircə ona qaldı ki, sinəsini güllə qabağına
verib kiməsə dəyəcək gülləni özünə
götürsün. O müdhiş gecə olmasaydı
Ülvi bu gün Azərbaycanın ən istedadlı bir
şairi kimi çoxlu kitabların müəllifi olardı...
Bu da “ot kökü üstə bitər” xalq sözünün
gücü və həqiqəti...
Sizin məhəbbətlə
təsvir etdiyiniz “Fəlsəfə Dünyası” bu ahıl
yaşımda mənim
təsəlli yerim, elmə, fəlsəfəyə
tapındığım bir məbəddir.
Mən də bu məbəddə fəlsəfənin, fəlsəfi
düşüncənin gücünü gördüm. Fizikadan tutmuş bədii
sözə qədər elmin bütün sahələrinə
öz səriştəliliyi ilə bizi heyran qoyan Səlahəddin
müəllimin vətəndaşlıq duyğularını,
milli təşəbbüskeşliyini, Azərbaycan dövlətçiliyinə,
bu dövlətin yaradıcılarına ehtiramını hiss
etdikcə adam mütləq və mütləq
bir boy artır. Mən bu fəlsəfə məbədində
Türkiyədən, İraqdan, Orta Asiyadan, İrandan,
ABŞ-dan, Rusiyadan... qonaqlar görmüşəm. O
qonaqlar “Fəlsəfə Dünyası”nın
hikmətinə böyük hörmətlərini
yaşadıqları ölkələrin jurnallarında, elmi
konfranslarında sıx-sıx bildirirlər. O “Fəlsəfə
Dünyası”nda rast gəldiyim qonaqlardan biri də Orxan Aras
oldu. Qonaq kimi gəldi, amma çox tezliklə
kitabla dolu o balaca otaqlara məhrəmləşdi, oranın
sakininə çevrildi. Bu da qürbətdə
yaşayan bir Azərbaycan ziyalısının elmə, elmi
söhbətlərə ehtiyacından doğdu... Bilmirəm, niyə Siz bütün yazı boyu
keçmiş zamanda danışırsınız? Siz heç vaxt bizim “Fəlsəfə Dünya”mız
və bizim o şirin, məzmunlu söhbətlərimiz
üçün keçmişdə qala bilməzsiniz.
Biz Sizi hər gün “Fəlsəfə Dünyası”nda
gözləyirik...
Siz
Bakıda türk dünyası filosoflarının
toplantısını xatırladır və oradakı
diskussiyada bir sualın hələ də yadınızdan
çıxmadığının səbəbini
açırsınız: “Orada bir türk elm adamının əxlaqı
insanın toplumdan aldığını söyləməsi
üzərinə Səlahəddin müəllim maraqlı bir
sual atmışdı ortaya... O əxlaq cəmiyyətdə
yoxsa, haradan almalı? Hər kəs bir cavab
vermişdi, amma heç cür gerçək cavab tapılmamışdı.
Fəlsəfənin özü bir az da həyatı
anlamaq üçün min bir cavablar ortaya çıxaran
sullar deyilmi?” Sizin bu sualınız da elə
Əbu Turxan fəlsəfəsinə çox yaxındır və
mən o suala cavabları bu şəkildə ümumiləşdirdiyinizə
görə Sizə təşəkkür edirəm.
Çünki o toplantı mənə də çox doğma
idi və Səlahəddin müəllimin şəxsən
özünün təşkil etdiyi o üçgünlük
toplantı mənə bu dünyanı bir az
daha artıq dərk etməyə kömək göstərdi.
Dəyərli
qardaşım Orxan bəy! Mən Sizin “525-ci qəzet”dəki
onlarca köşə
yazınıza qəsdən toxunmadım. Mən
heç sizin lap bu günlərdə Almaniyada çap olunan
Türkiyə türkcəsində və almanca çap
etdiyiniz “Referans” jurnalının türk dünyası
üçün necə böyük önəm kəsb
etdiyinin də üzərində geniş dayanmıram. Bu “Kültür, Sanat ve Edebiyyat dergisi”nə görə
Sizə Almaniyadan tutmuş Türkiyəyə qədər hər
kəsin minnətdarlığı şübhəsizdir.
O jurnalın nömrələrini uzaq Almaniyadan mənə
göndərdiyinizə görə Sizə – əziz dostuma təşəkkür
edirəm. Və yenə “Fəlsəfə Dünyası”na bağlı yazınıza qayıdıram. O
lirik, psixoloji yazının ikinsi abzası: “Bakıda ən
çox getdiyim yerlərdən birisi də Bülbül
küçəsiydi. Bizim oraların
bülbülünü, kəkliyini atam mənə
uşaqlığımda tanıtmışdı. Atam tez – tez ova çıxar, kəklik ovlardı,
amma bülbülə əsla toxunmazdı. “Onlar quşların şərqi söyləyənləridir,”
– deyərdi. Sonra da məşhur bülbül şərqisindən
də bir nəqarət oxuyardı mənə:
Ötmə,
bülbül, ötmə, şən deyil bağım
Dost sənin
dərdindən mən yana – yana...”
Və o lirik, psixoloji yazının
son abzası: “Bülbül küçəsindən indi kimlər
keçər, orada sadəcə sənətkar
Bülbülü deyil, atamın mənə
tanıtdığı bülbülü kimlər anar və
türküsünü söylər, bilmirəm. Mən indi bu sətirləri bir qış
günü, minlərcə kilometr uzaqda – Almaniyada yazarkən o
küçədən yüzlərcə insan keçməkdədir.
Amma görəsən neçəsi dönüb oralarda bir yerlərdə
olan “Fəlsəfə Dünyası”na
baxır? Bir də görəsən o evdən içəri
girərək ikinci mərtəbəyə çıxıb o
kitabların arasında oturan Səlahəddin müəllimə
kim, hansı sualı verməkdədir? Mən nə qədər orada olmasam da və həyatda
hər sualın da cavabının olmadığını bilsəm
də, suallara veriləcək daha çox cavablar vardır deyə
düşünməkdəyəm”.
Qardaşım
Orxan bəy! Mən bu gözəl, dəyərli və mənalı
sonluğa bircə cümlə əlavə edəcəyəm:
Nə yaxşı ki, bu dünyada Səlahəddin müəllim
kimi bir filosof var, nə yaxşı ki, onun heçdən yaratdığı
bir “Fəlsəfə Dünyası” var və bir də nə
yaxşı ki, biz Sizinlə o təmiz, saf, yalnız elm və
irfana bağlı o “Fəlsəfə Dünyası”nda
bir-birimizi tanımışıq.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2013.- 2 mart.- S.10.