"Birliy"in Böyük
Britaniyadakı gənclərə hərtərəfli fayda verəcəyinə inanırıq"
Xəbər verdiyimiz kimi fevral ayından etibarən Böyük
Britaniyada universitetlərdə
oxuyan azərbaycanlı
tələbələr və
təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü
olaraq “Birlik” adında azərbaycanca aylıq ictimai-mədəni
gənclik qəzeti fəaliyyətə başlayıb.
Səkkiz səhifə və
500 nüsxə ilə
nəşr edilmiş
qəzet London və bölgələrdəki 25-dən çox universitetdəki azərbaycanlı tələbələrə
pulsuz paylanıb.
Müsahibimiz publisistika və
ədəbi fəaliyyətindən
tanıdığımız Mançester Universitetinin məzunu, “Birlik” qəzetinin baş redaktor Səməd Səfərovdur.
- Səməd bəy, “Birlik” qəzetinin yaratmaq fikri necə yarandı?
- Ötən ilin sonunda Mançesterdə təhsil alan
azərbaycanlı tələbələrlə
görüşərkən Böyük Britaniyada 600-dən
çox azərbaycanlı
tələbənin oxuduğunu
öyrəndim. O zaman
tələbələrlə söhbətlərimdən belə
məlum oldu ki, bu qədər
gənc həmyerlimizin
bu ölkədə toplaşmasına baxmayaraq,
onlar arasında ünsiyyət, tanışlıq,
əməkdaşlıq, təcrübələrin
bölüşülməsi aşağı səviyyədədir.
Onda mən publisistika və ədəbiyyat sahəsində müəyyən
təcrübəmə arxalanaraq
ictimai-mədəni gənclik
qəzeti nəşr etməyin tələbələrimiz
üçün faydalı
olacağını düşündüm.
Amma bu təşəbbüs mənimlə birlikdə zəhmət çəkmiş
tələbə dostlarımsız
qeyri-mümkün olardı.
Ona görə də Mançester Universitetindən
Ziya Qafarlı və Fərman Fərmanovun və Liverpul Universitetindən Anar Süleymanovun adlarını mütləq
çəkməliyəm. Onların köməyi və iştirakı olmasaydı,
bu layihə çətin ki, gerçəkləşəcəkdi.
- “Birlik” qəzetinin
azərbaycanlı tələbələrə
nə kimi faydası olacağını
düşünürsünüz?
- Qəzetimizin səhifələrində
biz məhz Böyük
Britaniyadakı gənclərin
tələblərinə və
maraqlarına hesablanmış
mövzuları işıqlandırmağı
düşünürük. Məsələn, ilk sayımızda Böyük Britaniyada sürücülük vəsiqəsinin
alınması və xarici pasportu itirdikdə vətəndaşların
nə etməli olduqları haqqında məlumat verilib. Bundan əlavə, gənclərimizin
tələbəlik həyatı,
onların güzəranları
qəzetimizdə əks
olunur. Məsələn,
xaricdə təhsil alan tələbələrin
əksəriyyəti sağlam
qidalanmır və bu müəyyən fəsadlarla nəticələnir.
Odur ki, ilk növbədə onlara sağlam qidalanma haqqında məsləhətlər verildi.
Digər
tərəfdən hər
bir tələbəni
maraqlandıran məsələlərdən
biri karyeradır.
Bu səbəbdən biz təhsildən sonra Böyük Britaniyada müvəqqəti qalmaqla
Azərbaycana birbaşa
qayıtmaq seçimlərini
müzakirə etdik.
Eyni zamanda ictimai fəaliyyətə,
mədəniyyətimizin təbliğatına
da xüsusi diqqət ayırırıq. Məqalələrdən birində Novruz bayramı təşkil etmək istəyən ictimai fəal tələbələrə faydalı
məsləhətlər təqdim
olundu. Biz həm də tələbələrin Böyük
Britaniyanı daha yaxından tanımaları
üçün bu ölkə və buradakı xalqların tarixi və mədəniyyəti haqqında
məlumatlara, əyləncə
xarakterli məqalələrə
də yer verdik.
Biz qəzetimizdə daima rəngarəng mövzuları
təqdim etməyə
çalışacağıq və ümid edirik ki, Böyük
Britaniyadakı azərbaycanlı
gənclər arasında
əlaqələndirmənin inkişaf etdirilməsində,
onların qürbət
həyatındakı çətinliklərin
həllində, bu təcrübənin uğurlu
alınmasında, Azərbaycanın
mədəniyyətinin təbliğatı
uğrunda əməkdaşlığın
genişləndirməsində, təcrübələrin bölüşülməsində
və istedadlı gənclərin üzə
çıxarılmasında öz töhfəmizi vermiş olacağıq.
- Böyük Britaniyadakı
azərbaycanlı gənclər
“Birlik” qəzetini necə əldə edə bilərlər?
- Bizim hazırda iyirmidən çox universitetdə təmsilçilərimiz
var. Biz bu universitetləri “Paylanma mərkəzləri”
adlandırırıq. Hər ay təmsilçilərimiz
bizə neçə qəzetin tələb olunduğunu
söyləyir və biz də onlara həmin miqdarda pulsuz qəzet
yollayırıq. Oxucular qəzeti həmin
paylanma mərkəzlərində əldə edə bilərlər.
Lakin bunun üçün onların universitetlərə
səfər etmələrinə ehtiyac olacaq. Yox, əgər
oxucular qəzetin birbaşa olaraq onların ünvanlarına
göndərilməsini arzulayırlarsa, bu zaman ayda 2 funt (2,5 AZN) dəyərində ödəniş etməli
olacaqlar.
Böyük
Britaniya hüdudlarından kənardakı həmvətənlərimiz qəzetimizin
elektron variantını qəzetin dərc olunduğu tarixdən
üç həftə sonra internet səhifəmizdə -
www.birlik.co.uk ünvanında oxuya bilərlər.
- Layihənizin
qeyri-kommersiya məqsədli olduğu qeyd edilib. Bəs,
büdcəniz necə maliyyələşir?
- Layihəmiz
qeyri-kommersiya məqsədlidir və biz bu layihənin
icrasından heç bir mənfəət əldə etmirik. Büdcəmiz, əsasən, reklam və ianələrin
hesabına toplanır. Səhifələrimizdəki
məqalələrin hamısı tələbə və məzunlar
tərəfindən qələmə alınır və biz
müəlliflərə qonorar ödəmirik.
Gələcəkdə büdcəmizin yüksəldiyi
təqdirdə səhifələrimizin və
tirajımızın sayını artırmağı
düşünürük. Amma məhdud tələbi
nəzərə alaraq, gəlirimiz yüksələrsə,
Böyük Britaniyada gənclərimiz üçün
müxtəlif ictimai-mədəni tədbirlər təşkil
etməyi də planlaşdırırıq.
- Səməd
bəy, bu xoşniyyətli layihənizdə sizə və
redaksiya heyətinin üzvlərinə uğurlar
arzulayırıq.
- Mən
də sizə təşəkkür edirəm və ümid
edirəm ki, qarşıya qoyduğumuz məqsədləri
layiqincə icra edib, Böyük Britaniyadakı gənclərimizə
böyük fayda verəcəyik.
525-ci qəzet.-
2013.- 2 mart.- S.7.