Əbədi çölün düzündə görünənlərə
və görünməzlərə əbədi
Qadınlar haqqında
Qadınlar həm də bu dünyaya,
hətta Allaha da
kişilərin axıradək
anlamadığı
bir İtaətlə
də təsir edərlər,
həm də kişilərin heç zaman duymadığı
Allahdan gələn hansısa gizli bir qüvvəni
hiss edər, duyarlar,
eləcə də o anlar, həm də çox anlar
Allaha kişilərdən
daha yaxın olar onlar.
... Qadınlarda İlahidən
nəsə
zəriflikdən
doğan
insanüstü bir qüvvə də var,
elə
ona görə də
hətta dünyanı
sarsıdan,
dünyanı qorxudan ən qəddar imperatorlar da
çox zaman öz qadınlarından çəkiniblər,
o qadınlar həmişə
hökmdarlar haqda
tarixin bildiyindən daha çox şey biliblər.
Qadınlarda kişilərdən fərqli
başqa bir qüvvə də var,
kişilər çox zaman dünyanı,
qüvvəylə, güclə,
qolla, qıçla,
daha çox günahla, suçla alarlar,
qadınlarsa əbədiyyəti
öz zəif, zərif canlarıyla,
çiçəklərin açmasıtək
səssiz yerişləriylə,
Allaha doğma əzablarıyla,
Allah yanında bir an çəkən
əzablı min illəriylə,
min illər çəkən
əzablı anlarıyla
qazanarlar.
lll
Tək bir dərəsiz, dağsız da
Vətən yarım Vətən
demək
İllərdi Qarabağ sözünə,
həm də
dopdoğmaca Vətənimizi
qoruyan
dopdoğmaca əsgərlərimizə
hamımızdan çox
baş çəkən
Aqil Abbasa
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən
sonra
Şuşanı qorumağa qalxan
onlarla tar
hamısı orada döyüşüb
həlak olublar,
düşmən hələ
də qorxuyla yollara baxır,
həm də onlar bizim qayıtmağımızdan
çox,
Tarın
qayıtmağından qorxur,
Sən də, sən də hələ
sağsan, sevgililər
sevgilisi,
aşiqlər aşiqi,
dəlilər dəlisi
a saz?
Mən elə bilirdim, sən
də Şuşada şəhid olmusan,
səni döyüşlərdə
neçə yerdə
şəhid olan,
bütün şəhid ruhlarımıztək
elə vurulan an
yenidən qalxıb
döyüşə atılan
görüblər,
ancaq qardaşım saz, incimə,
ağılsız sinələrdə
çox ağılsız
görünürsən zaman-zaman,
düş o sinələrdən,
yenidən qılınctək
sıyrıl, eşqtək
şahlan.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım Vətən
demək,
əsgərləri yarım
əsgər,
generalları yarım
general demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl
qanı bayraq,
hər an göyünə,
qırmızına, yaşılına
yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda uç,
uç, uç, damarlarımızda bütöv
Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər
qarışıq Azərbaycan
–
Xəzərbəycan doğ.
lll
Qoyunun ağı da, qarası da
dövlətlərimizin adı
Qoyun üzlərə, qoyun gözlərə
Min illərdi düz demirlər:
yaxşılar gedir, pislər qalır,
pis həmişə
çox görükür,
nə
qədər yaxşı getsə də,
yenə minlər, yüzlər
qalır.
Yenə,
yenə min illərlə
eşq gözləyən
dağlar, düzlər,
üzlər, gözlər,
nazlar qalır,
öpülməmiş dodaqlarda
öpülməmiş səslər,
sözlər,
öpülməmiş közlər
qalır.
Hər nə gəldi diləyirik,
hər cür qələt eləyirik,
adama qoyun deyirik,
deyirik, son anda amma,
yenə bizə hamıdan
doğma
qoyun üzlər, gözlər qalır.
Vaqif Bayatlı Odər
525-ci qəzet.- 2013.- 2 mart.- S.16.