Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
IV cild (1917-aprel 1918)
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın qrafikasına çevirəni, ön
sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd HÜSEYNOV
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
(əvvəli var)
Hürriyyət yolunda ölənlərin həqqi
verildikdən sonra hürriyyəti möhkəmlətməkdə
olan imdiki hökumət adamlarını təqdir etmək
növbəti gəliyor. Beyət əlləri qalxıyor. Rodziyankoya təbrik və etimad teleqramı göndərmək
təklifi gurultulu alqışlarla qəbula keçiyor.
Sonra bu məhəllədən müvəqqəti icra
komitəsi şurasına seçiləcək 5 nümayəndənin
nə şəkl ilə seçiləcəgini anlatıyorum. Hazırdakı xəlq
iyirmi-iyirmi ayrılacaq, hər iyirmi adam bir
adam seçəcək, sonra bu adamlar
yığışıb öz aralarından hər on adama
birisini seçəcəklər, onlar da gizli rəy vermək
surətilə beş adam seçəcəklərdir.
Deyirlər ki, biz adamlarımızı seçmişik.
– Nə
cür seçmisiniz?
– Hələ
ağızdan, aşkara.
– Bu olmaz,
düz degil.
– Lənkəranda
başqa cürə seçki mümkün degildir.
– Cəmaət,
siz imdi tazə hökumətə beyət etdiniz. Onun elan elədigi əsaslarındandır ki,
seçkilər gizli, ümumi, müsavi və müstəqim
olsun. İmdi Lənkəranda olmaz, deməginizlə
siz tazə hökumətə əks olmuş olursunuz.
Bu söz doğru seçki tərəfdarlarını cəsarətləndirməlidir
ki, “özləri üçün diyorlar, əsl doğru
seçki siz deyəndir və mümkündür” sözləri
eşidilir.
Orada bulunan doktor Əliheydər Cavadov mitinqə sədarət
ediyor, seçkilərə başlıyorlar, biz isə haman heyətimiz ilə Kiçik bazar məscidinə
azim oluyoruz.
Qarşımızda səmimi, həmahəng və
müttəhid bir cəmaət buluyoruz. Bir neçə
gün şagirdi olduğum Tağı bəyi də burada
buluyorum. Qocalmış, qiyafəsi dəgişmiş,
varatnik pencəgi atıb əba, qəba geymişdir. Görüşüyor, tanışıyoruz. Böyük bazardakı proqram burada da təkrar
ediyor. Tağı bəy Bayrambəyov sədarətində
xəlq seçkiyə başlıyor, biz isə kəndisini
vida edib Suxtəmərdaba gediyor, orada da mitinq və seçki
düzəltiyoruz.
Məhəllələrdə
seçilən seçkiçilər hamısı o günü gələcək.
Axşam saət 6-da bizim yanımızda şar
salmaq surətilə öz nümayəndələrini
seçəcəklərdi. İş sabaha
qalmadı. Haman gecə suxtəmərdablılar
mollaları molla Həmid Məhəmməd Əli oğlunu
seçdilər, Xəlil adlı birisini də ona naib qərar
verdilər. Qırmızı şərit
mərasimi-məxsusə ilə molla Həmidin sol qoluna
bağlandı.
Suxtəmərdablılardan sonra növbət
kiçikbazarlıların idi. 11 adamdan 6-sı namizədligini
qoydu, bunlardan 3-ü məhəllənin mollaları idi. Fəqət intixab üç mollanın
üçünün də qaralanması ilə nəticələndi.
Böyük
bazar nümayəndələrinə gəlincə məsələ
bir az müşkülatsız olmadı. Əksərən
kəsəbə sinfindən ibarət olan Kiçik bazar məhəlləsindəki
ittihad və sözübirligə
rəğmən “xan məhəlləsi” olan
Böyük bazarda nifaq və çəkişmə mövcud
olduğu, həm də şiddətli olduğu sezilib
çıxıyor, seçkilərin gizli olduğuna baxmayaraq
“pırtlıyıb” ortaya atılırdı. İki cərəyanın
qarşı-qarşıya gəldigi haman
seziliyor, fəqət Lənkərana, daha doğrusu,
Böyük bazara məxsus bir rəng alaraq məsələ əsasilikdən
çıxaraq şəxsiyyatə keçiyordu. Bərəkət versin ki, Lənkəran cəmaətini
biri-birinə bağlamaq üçün işlətdigimiz bitərəflik
ipi tərəfinin çəkişməsindən
qırılacaq qədər qaimsiz çıxmadı.
Gecə saət 11 idi. Bu günü nahar etməmişdik.
Tazə seçilmişlərin “ippaletlər”ini qollarına
bağlayıb yola salmış, özümüz də
şam edib yatmağa
səlahiyyəti-tam görmüşdük.
Xəlq
içindəki birinci günümüz böylə
keçmişdi...
lll
Birinci gün Lənkəranın bütün müsəlman
məhəllələri seçkilərini qurtarmış və
öz nümayəndələrinin qərarı ilə
hökuməti-müvəqqətiyə təbrik və biət
teleqramı göndərmişlərdi. İmdi şəhər
idarəsi ilə şəhərin mərkəzi məhəlləsi
və şəhərdəki cəmaət müəssisələrinin
nümayəndələrini seçmək məsələsi
qalıyordu.
Şəhər idarəsi başında duran Saturov nam
şəxs şəhərin həyəcan və
narazılığına səbəb oluyordu. Ətraf məhəllələr,
bilxassə bütün müsəlman hissələri bu
adamın tərəfgirligindən şikayət ediyor, bir
ağızdan çıxarılmasını tələb edib
duruyorlardı. Zatən bu xüsusda əvvəlcə
Bakıda iclas edən uyezdlər syezdində ondan şikayətlər
gətirmiş və quberniya komissarı İlyuşkindən
dəxi şəxsi-məzkurin əzlini istəmişlərdi.
Narazılıq səbəbi isə böylə göstərilirdi
ki, bu adam ancaq şəhərin mərkəzinə
– ki əksərən külliyyəti əcnəbilərdən
ibarətdir – xidmət edib digər məhəllələri
incitmiş, mövqeindən istifadə edərək məkulat
və bilxassə qənd satışı ilə məşğul
olmuşdur. Şikayət yalnız müsəlman
tərəfindən degildi. Lənkərana
gəldigimiz birinci günün axşamı rus
qadınları da mehmanxana qapısına toplanmış, “o
zalımı bizim başımıza təkrar ağa dikməyin”
– demişlərdi. “O zalım” isə Saturov imiş ki, “xəlqi
ac buraxıyormuş”. Əlbəttə,
böhranlı zamanlarda məkulat işi ilə məşğul
olan zat “hər kəsi” razı salamaz. Fəqət
bu qədər ümumi bir narazılıq qarşısında
dəxi heç bir “cəmaət adamı” üzə salıb
yerində qalmaz. Saturov isə yalnız
qlava yerini dolandırmayır, Lənkəranda təşkil
olunan müvəqqəti komitənin rəyasətini də
idarə ediyordu ki, bu surətlə Saturov əleyhinə olan
narazılıq bir növ komitə əleyhinə kibi
görülüyordu. Məntiq hökm ediyordu ki, Saturov
“günahsız da” olsa, ümumi iş xatiri üçün
işdən çəkilsin. Bununla belə
şəhər idarəsi tərəfindən tazə komitəyə
Saturov seçilmişdi. Fəqət rəylər
bərabər gəldigindən ötrü sədr olduğu
üçün öz rəyilə keçmişdi. Biz bunu qəbul etmədik. Seçkiyi
təkrar tazələdilər. Yenə
Saturov çıxdı. Üçüncü
dəfə tazələndikdə artıq məsələ həll
olunmuş, Saturov degil Əskərxan Talışinski
çıxmışdı.
Fəhlə
məhəlləsinin seçkisi də bir az
tul təfsil aparmışdı. Bu məhəllə
əksərən xristianlardan ibarətdir. Yaşayanları
məmurlar, balıqçılar, tacirlər, soldatlar və
sairdir. Sinif və mənafecə çox rəngarəngdir.
Birinci gün seçkiləri baş
tutmamışdı. İkinci gün 20 adamdan bir vəkil
hesabı ilə 19 adam gəldi. 19 adam seçəcəkləri bir adam
üçün 10-a qədər namizəd qoydu, səslər
bölündü, birinci dəfə kimsə əksəriyyət
qazanmadı, ikinci dəfə də məzkur Saturov mərkəz
məhəlləsinin nümayəndəliginə seçildi.
Cəmaət müəssisələrinə gəldikdə
Lənkəranda hazırda iki müəssisə bulduq. Bunlardan birisi
rus balıqçılarına məxsus “mülki kredit” cəmiyyəti,
ikincisi də “kooperativ” dükanı idi. Bu
böyük müsəlman şəhərində isə məəttəəssüf
cəmaət müəssisəsi naminə bir danə də
olsa cəmiyyət yox idi. Lənkəran əhli-məarifi
ilə bu xüsusda söhbət elərkən qəribə
bir hekayə nəql etdilər:
Cavanlar neçə ay bundan əvvəl
yığışır, bir məarif cəmiyyəti təsisinə
himmət etmək istərlər. Lənkəran əyanından
birisinin evinə yığışmaq, orada mətləbə
əncam vermək eylərlər. Ev
sahibinin oğlu bu mətləbin pişi-ahənkarından ikən
o günü vədə olunmuş evə gələn cavanlar
qapı ağzında əli çomaqlı “atanı” ki,
görərlər “gedin buradan, bənim evimdə belə
işlər olmaz” diyormuş. Fəqət
təəccüb orasıdır ki, “evində cəmaət
işlərinə məhəl verməyən” bu zat imdi “cəmaət
işlərindən” kənar durmaq da istəmiyor.
Nə isə, Lənkəran şəhəri
cəmaət müəssisələri tərəfindən də nümayəndə seçildi,
Vasilyev.
Artıq komitə əzaları tamamilə
seçilmiş, Lənkəran şəhər komitəsinin
şurası vücuda gəlmişdi. Şura cəmən on beş adamdan ibarət idi ki, bundan 11-i müsəlman,
biri rus, biri erməni, ikisi də əskər idi.
Vürudimizin ikinci günü axşam bütün
seçilmişlərlə şəhər idarəsinin
zalında şuranın birinci iclasını qurmuşduq. İclasa bən
sədarət ediyor, yoldaşım Kuznetsov da katiblik vəzifəsini
görüyordu. Şura öz arasında hələlik 7
nəfərdən ibarət bir komitə seçməgə qərar
verdi. Bu 7 nəfərdən
ikisi qarnizon nümayəndəsi olacaqdı. Yerdə
qalan beş adam isə seçki ilə
olacaqdı.
Nümayəndələr içəridə seçki
ilə məşğul olmaqda ikən, xəlq bayırda
gözlüyordu. Hətta arabir səbrsizlik edib
qapılardan içəriyə doluşuyordu ki, bəzən kəndilərini
məclisi tərk etməyə dəvət etmək lazım gəliyordu.
Axşam saət 7-dən işə başlayan şura nəhayət
saət 11-də işini qurtarmış, yeddi adamdan ibarət
bir komitə ilə bərabər tazə şura idarəsi rəisi
və ordu idarəsi komissarı seçmişdi.
Komitə
rəisliginə Lənkəran əhli-məarifindən
hüquqşünas Soltan bəy Qulubəyov, iki müavinliginə
Lənkəran notaryusu Qaniçev ilə doktor (zabit) Batanov; əzalığa
isə Tağı bəy Bayrambəyov, Əsəd xan
Talışinski, doktor Əliheydər Cavadov, Yusif bəy
Mehmandarov cənabları seçildilər. Daşdəmirov
cənabları da bunlara namizəd təyin olundu.
Seçkinin
nəticəsi aşkar olduqda şəhər idarəsi
starostası Saturov söz istəyib, altı ildən bəri cəmaətin
kəndisinə göstərdigi etimada təşəkkür
edərək imdi artıq vəzifəsindən istefa elədigini,
na görə də yerinə başqa
birisinin təyinini istədi. Cəmaət bu
işi məəttəşəkkür qəbul edərək
bir çox isrardan sonra notarius Qaniçevi şəhər
işlərini idarəyə təyin elədi. Sonra iləridə uyezd komitəsi təşkil
oluncaya qədər qərar verildi ki, komitə rəisi Soltan bəy
Qulubəyov uyezd naçalnikinin yanında komissar olsun və
onun imzası olmadan heç bir qərar və əmrnamə
sadir olmasın.
Məclisin
bu qərarı məclis sədri tərəfindən haman küçədə ayaz altında
gözləyən cəmaətə elan olunub eyni zamanda xəlq
dəvət olundu ki, öz seçilmişlərinə etimad
və kömək eləsinlər, tainki onlar özlərini
qüvvətli görərək cəsarət və mətanətlə
işləsinlər. Bu bəyan alqışlarla
istiqbal olunaraq hər kəs öz evinə getdi.
Lənkəranlılardan və bəzi Lənkəranı
tanımayanlardan eşitdigim mülahizələrə görə
deyə bilərəm ki, uyezd şəhərindəki şəxsiyyatə
biri-birini çəkməməzligə rəğmən
şura ilə komitəmiz müvəffəqiyyətlə təşkil
olunmuşdur.
Hələ Soltan bəy Qulubəyov ilə bələdiyyə
rəisliginə seçilən Qaniçev hər kəsin məqbulu,
hər kəscə möhtərəm və bitərəf
tanınmış adamlardır. Bunların
böylə bitərəf və namuslu tanınmaları ilə
bütün sinif əhli tərəfindən hüsni-qəbul
görmələri bizə böyük ümid veriyor və bu
ümidlə vəzifəmizi bitirmiş sayırdıq.
Artıq Lənkəran işlərimiz
qurtarmışdı. Astaraya getmək lazım gəliyordu.
Üçüncü gün saət 9-da yenə
lodkaya minib “İvan Kolesnikova” səvar olmaq üçün dənizə
çıxıyorduq.
Lənkərana bu ikinci dəfə gəldigim idi. Bir kərə
dəxi 1911-ci ildə gəlmişdim. O zaman da bir gün
Lənkəranda qalmışdım. İrandan
Bakıya gəlirdik. Fəqət qorxu ilə,
əndişə ilə səfər edirdik. Hər saət və hər dəqiqə
gözlüyorduq ki, “tutacaqlar”. İştə,
işlərimizi bacardığımızı bitirərək
mənəvi bir təşəffi-qəlblə paraxoda mindigim
zaman bilaixtiyar bu iki səfər arasındakı təfavütü
müqayisə etdim. İştə istibdad, iştə
hürriyyət! dedim!
lll
Üçüncü gün Astarada idik. Astara sərhəd
bir qəsəbədir. Rus tərəfi haman
sonradan gəlmə rus məmurları,
balıqçıları və sairdən ibarətdir. Burada bir şkol, bir aptek, bank istiqraz şöbəsi,
gömrükxanə və qarnizon vardır.
Dəniz kənarında lodkadan çıxarkən Rzayev
cənablarını bulduq. Saç və
saqqalı çallanmış Rzayev köhnə idarənin məqdurlarındandır.
1912-ci ildə mahalda zühur edən topraq
iğtişaşları əsnasında
inqilabçılıq töhmətinə uğrayaraq beş il nəfyi-bələd edilmiş idi. İmdi isə müvəqqəti Astara komitəsinin
əzasından, həm də ən fəal əzasındandır.
Rzayev cənabları ilə qədimdən mənəvi
bir münasibətimiz var. Mətbuatın dostu
olduqlarını biliyoram. İştə
öpüşüyor, bayramlaşıyoruz. Bir az rahət olub çay içmək
üçün Rzayev cənabları faytonumuzu
qapılarına çəkdiriyor. Bu dəmdə
müvəqqəti Astara komitəsinin əzaları da gəliyorlar.
Ögrəniyoruz ki, komitə cəmən 11
adamdan mütəşəkkildir. On bir
adamdan ancaq birisi, Rzayev müsəlmandır. Komitə icraatında təndrovluq etməmişsə
də, xidməti dəxi inkar olunmaz. İşlərində
təşkilat əsəri görülüyor. Pristavı, strajnikləri çıxarmış,
yerinə milis təyin eləmişdir.
Diyoruz bizə “Paris” mehmanxanəsində nömrə
hazırlasınlar.
Xəbər veriyorlar ki, kəndlilər gəlmiş,
komissarları gözlüyorlar. Qapıya
çıxıyoruz. Qırmızı
bayraqlı kəndlilər bizi təbrik ediyorlar. Dün də Astara kənarına
çıxmış, bizi gözləmişlər imiş.
zr istiyor, əsl mətləbə
keçiyorum. Ovzai-hazirə həqqində nitq
ediyoram. “Ura” sədası, alqışlara
qovuşuyor. Sonra gediyoruz ki, qarnizona salam
verək. Beş-altı zabitlə bir rota soldat səfi-bəstəyi-ehtiram.
Komissarlar görününcə zabitin biri əlində
sıyırma qılınc nitqə başlıyor. Tazə hökumətin nümayəndələrini təbrik
ediyor. Yeddi dəfə “ura”
çağrılıyor. Sonra
yoldaşım Kuznetsov hökuməti-müvəqqətə
ilə azad Rusiya millətləri naminə ordunu salamlıyor.
Yenə “ura” sədası ərşə bülənd
oluyor. Bu mənzərəyi tamaşaya gələn
xəlq simasında böyük bir sevinc görülüyor.
Sonra soldatlarla zabitlər Astara icra komitəsinə
birər nümayəndə seçməgə
başlıyorlar. Seçilmişlər
“ura” ilə qarşılanıyor. Soldatlar
tərəfindən əlüstə alınıb
atılırlar.
Qırmızı lentanı seçilmiş zabitlə
soldatın qoluna bağlıyoram.
İki saət sonra müvəqqəti Astara komitəsindəyiz. Komitəçilərdən
bir çoxu nədənsə özlərinin müvəqqəti
elan olunduqlarından xoşlanmıyorlar. Biz
mətləbi anlatıyor, Astara uçastok komitəsinin iki
qarnizon nümayəndəsindən, bir Astaranın
özündən, bir cəmaət müəssisələrindən,
iki kəndlilər nümayəndəsindən, bir də
mülkədarlar nümayəndəsindən
qurulacağını anlatıyoruz. Quberniya
komitəsinin qərarı bunadır – diyoruz. Bu komitənin uyezd komitəsinə, uyezd komitəsinin
də quberniya komitəsinə tabe və mərbut
olacağını anlatıyoruz. Aradan birisi:
– Lütf ediniz, bu yenə köhnə
qaidə oldu ki!... diyor.
Yumşaq bir dil ilə anlatıyoruz ki, Astara
özbaşına bir “cümhuriyyət” elan edəmməz. Əksəriyyət
mətləbi dərk ediyor. Bəzi
müfritlər quberniya komitəsinin qərarını tənqid
etmək istiyorlar. Tənqid edə bilərsiniz,
fəqət tənqidlə bərabər tabe də
olmalısınız – deyə başa salıyoruz.
Bu danışıqlar Astara kooperativinin idarəsində
oluyor, bayırda xəlq gözlüyor. Bir az
sonra çıxıyoruz. Yoldaşım rusca, bən
türkcə mətləbi xəlqə anlatıyoruz.
Ayın 22-də Astara seçkiləri təyin olunuyor. Cəmaət
müəssisələri də ki bir kooperativ ilə bir də
mülki kredit cəmiyyətindən ibarətdir. O
günü yığılıb öz nümayəndələrini
seçəcəklər. Mülkədarların
seçkisi isə asandır. Çünki bütün
Astara mahalında bir məllak var, o da Mir Əhmədxan
Talışinskinin mülkünü alan
Kaqandan ibarətdir. Demək “Kaqan” kəndi
başına komitəyə bir nümayəndə göndərəcək.
“Şəhər” seçkiləri həqqində
lazım gələn qərarları elan etdikdən sonra saət
6-da axşamçağı yola çıxıyor, kəndlərə
gediyoruz.
Gedəcəyimiz yol bir qədər faytonla gedilir. Ondan sonra isə
piyada getməliyiz. Rəhbərlərimiz Ərçivanın
məarifli cavanlarından Məşhədi Məhəmməd
Əskərov ilə Mirzə Hüseyn Axundov cənablarıdır.
Bu iki cavan rusca, türkcə savad əhli olub
Bakı uyezdləri ictimaində iştirak eləmişlərdir.
Bunların hürriyyət işinə xidmətləri
çoxdur və olacaqdır.
Faytondan eniyoruz. Artıq hava qaralmış, gecədir.
İki özümüz, iki rəhbərimizlə
bərabər bir neçə sair yoldaşlarımız da
var. Rusca-türkcə, talışca danışan bu beynəlmiləl
qafilə həvəs və şövqlə yoluna davam ediyor.
Bir azdan ay da çıxıyor. Mehtab,
meşənin içi, ağac arası, çayların
axıntısı, güllərin duruşu ruhi şəhər
həyatı məngənəsindən azad ediyor, insan
yalnız bu təbiət içərisindədir ki, tamam mənasilə
azad oluyormuş.
Hər bir yanda əzəmətli bir sükut hökmfərma. Bu sükutu
arabir gölün qurbağaları ilə meşənin
çaqqalları xələldar ediyor.
Ağız-ağıza verib ulaşıyorlar... Başqa bir vəqtdə əsəbə toxunan bu
bağırtılar nədənsə indi bizim xoşumuza
gediyor. Bunda bir yenilik buluyorduq.
Yolumuz dağlıq, dərəlik degil, düzənlikdir. Meşələrin
içindən keçiyor, çayların üstündən
atlıyoruz. Çayların üstündə
köprülər əksər ağac kötügündən,
şaxdan, budaqdan ibarət ki, keçməsi bir növ təcrübə
istər. Kəndli
yoldaşlarımızın bu xüsusda qayğıları
yox. Onlar təbiətin oğulları.
Fəqət biz təbiətdən ziyadə sənətə
ögrənmiş olan şəhərlilər
üçün yıxılıb büdrəmək, suya
batmaq bir hali-təbii.
Yalnız rəhbərlərimizin təcrübəsi və
həqqimizdə göstərdikləri mehmannəvazlığın
səmimiligi bizi bu cəhətdən təmin ediyor.
Xülasəyi-kəlam saət 8-də Ərçivan kəndinə
çatmışdıq.
Ərçivan hər nə qədər kənd hesab
olunursa da, nüfuzca Astaradan kiçik degildir. 21
yaşından yuxarı seçkidə iştirak edə bilən
500-ə qədər zükuri vardır. Bazarı,
tarixi-təsisi bəlli olmayan məscidi, hamamı vardır.
Gecəyi Məşhədi Nemətullah İmaməli
oğlunun evində qalıyoruz.
Ev Ərçivanın orta hallı evlərindəndir. Rütubətdən
saxlanmaq üçün mərtəbə yarım
biçimində tikilmiş ki, bu tikinti bura evlərinin
ümumi tərzi-memarisini təşkil edər. Evin pəncərələri beqədri kafi
havadardır, işıqdır. Yer
xalılarla döşəkli, eyni zamanda süfrə stolu ilə
oturaq stulları da var. Ləmələr bizim evlərdə
olduğu kibi qab-qacaqlarla bəzənmiş, dörd tərəfdəki
divar, buxarının üstündən mütəəddid nəlbəki
və gül qablar nəsbilə zinətlənmişdir.
Kəndə xəbər düşüyor. Bir azdan sonra odamız 20-yə qədər müxtəlif
sində qoca və cavanlarla doluyor. Şirin söhbətə
başlıyoruz.
– Həzarat,
tazə qaidəyə necə baxırsınız – diyoram.
–
Çox yaxşı! Cavabını alıyoram.
Fəqət bunun
yaxşılığını nədə görüyorlar, əcəba,
məsələsi bəni maraqlandırıyor.
–
Neçün, tazə qaidənin sizcə nəyi yaxşıdır?
Burada rəylər təfavütləşir. Bir az
mollaya bənzəyən və əmsalı arasında alim
görünən birisi:
– Bakı
bizə başdır, – diyor, baş məlum işdir, nə
deyirsə bədən onu qəbul etməlidir. Siz
cənablar bizim başımızsınız. Madam ki, siz tazə qaidəni qəbul və təklif
ediyorsunuz, demək ki, bizim xeyrimizi söylüyorsunuz – deyə
fikrini söylüyor.
Fəqət:
– Bu Bakı sizə bir həftə əvvəl başqa
hökmlər veriyordu. Bakının hər söylədigi həqq və
yaxşı olsa o zaman bundan əvvəlki qaidələrə
də yaxşı demək lazım gəliyor – işkalını
eşidincə qoca haman fikrini izaha
çalışıyor. Məqsədimiz cəmaət
müəssisələri, cəmaət başıdır –
diyor.
Anlatdıq, baş ancaq bədən salim olduğu zaman
düz işlər. Ona görə də lazımdır ki,
düzələsiniz, birləşəsiniz, azadlıq yolunda bərk
durasınız, tainki, başınız ağrıyıb sərsəmləməsin.
Digər bir qoca söhbətimizə iştirak eliyor. “Bən onu-bunu bilmiyorum” – diyor. “Bu qədər
bilirəm ki, keçən zamanda bura bir uryadnik gəlsə
idi, biz bu evin həndəvərinə də dolana bilməzdik. Amma imdi, diyorlar siz qubernator naibisiniz. Görüyoram bizimlə oturub qardaş kibi
şirin-şirin söhbət edirsiniz. İnsan
kor olmalı ki, bu boyda fərqi görməməlidir”.
Doğrudur, qoca, afərin – deyə rəhbərimiz Məşhədi
Məhəmməd nida ediyor. Vallah pristavın
hüzurunda titriyorduq. İmdi isə
bilirmisiniz qubernatorun özü ilə çay içirdik.
Bizim rəyimizi soruyor, mətləblərimizi can qulağı
ilə eşidiyordu.
Sonra söhbətlər müxtəlif mövzulara
keçiyor. Komitə seçkilərindən bəhs olunuyor, məktəb
lazım olduğundan danışılır. Bu vəqtə qədər cəmaət şkol istəmiyordu,
çünki onun ruhuna müvafiq degildi – deyə mətləb
anlatılır. Bundan sonra cəmaətin
öz dilində, öz ruhunda məktəblər
açılacağı müjdəlik verilir. Nəhayət,
necə bilərsiniz tazə idarədə kimlər gərək
işləsin sualı meydana atılır və qoca Məşhədi
İbad:
– Əlbəttə,
cavanlar! – deyə cavab veriyor.
“Qocalar məsləhət verər. Cavanlar işlər,
çünki qüvvət onlardadır”. İştə,
söhbətlərimizin xülasəsi bir yerə gəlib
çıxıyor.
Artıq saət 11-ə işliyordu. Yemək
verildi. Süfrə iddia edə bilərəm
ki, ortabab şəhər süfrələrindən artıqdı
ki, əksik degildi. Burada hər növ turşu, balıq,
əla kərə yağı, cücə kababı,
çığırtma, qovurma, plov hamısı sərrast
idi... Məkulat böhranı hiss olunmayırdı.
Evin
müxəlləfatı, müsahiblərimizin münəqişatı,
bizə qarşı göstərilən mehmannəvazlığın
dərəcəyi-səmimiyyəti, hamısı bu zahirdə
əvam və hətta astaralılardan bəzisi nəzərində
“küllən əvam” görünən kədlilərin
olduqca mədəni və hər növ tərəqqiyə
müstəid olduqlarını isbat ediyor. Rusiya
millətlərinin hürriyyətdən istifadə ilə
özlərini idarə edə biləcəkləri həqqində
bizə böyük ümidlər veriyordu.
Şam
yedikdən sonra ev sahibinə təşəkkür
etdik. Fəqət ən böyük təşəkkürümüz
xəlqlə bilavasitə etdigimiz müsahibədən
aldığımız mənəvi əzayə idi...
Biz istirahətə qaldıq. Kəndlilər də
sabahkı seçkilər həqqində öz aralarında məşvərətə
getdilər.
lll
4-cü gün səhər
Ərçivanda ətraf kəndlərdən gələn kəndli
nümayəndələrinə
seçkilərin necə olacağını ögrətərək
günorta Məşhədi Məhəmməd Əliəskərovun
evində bir az istirahət elədik. Binası, səlqəsi,
müxəllifatı tamam avropalaşmış bir şəhər
evinə bənzəyən bu evdə bir az
istirahət etdikdən sonra atlar hazır oldu. Yola
çıxdıq. Gedəcək, gecəyi
Tənkərudda qalacaqdıq.
Bənim atım sairlərindən qıvraq və
yerişli idi.
Üstündəkinin bir süvari degil, yazıçı
olduğunu nəzərə almayaraq heyvan həvəslə iləriyə
atılır, yerimək istiyordusa da “minici”nin
xamlığı “minik”ə çoxda meydan vermiyordu.
Qafiləmiz
yenə haman əvvəlki qafilə idi. Fəqət
bu dəfə M.
Xan da bizə yoldaşlıq ediyordu. Yol getdikcə
dağbaşı yuxarı çıxdığından mənzərə
daha şairanə bir hal alıyor, nəfəs daha təmiz bir
hava udmağa başlayırdı.
Bir tərəfdən
gögərməgə başlayan cəngəlli dağlar, digər
tərəfdən də uzaqda zümrüdin bir surətdə
görülən əngin dəniz, bu arada gögərən
parça-parça meşələr, orada-burada bozaran
dügü zəmiləri, zəmilərdə
çalışan əlvan qadınlar, günəş
şüai ilə gümüşlənən güllər bəni
düşündürüyor, böyük Astara
mahalının qitəcə Qaradağ
padşahlığı qədər olan bu ölkənin birdən-dirə
müsəlman əlindən, yerli istifadəsindən
çıxıb da kilkinti əlinə keçməsini fikirləşiyordum.
Yoldaşlardan
bir az aralanmış M.Xan ilə bərabər
gediyorduq, birdən:
– Xan, necə
oldu, bu boyda ölkə birdən-birə əldən
çıxdı? – dedim.
M.Xan sərin bir ah çəkdi.
– Sorma,
hekayəsi çoxdur – dedi.
Əsl sual kənarda qalıb Astara mahalının və
ələlümum Talışxan xanlarının tarixinə
aid təfsilat başladı.
Yana yaxıla söyləyən bu təfsilatda maraqlı
həqiqətlər var. M.Xan vəd ediyordu ki, bu həqiqətlər
həqqindəki vəsaiqi-tarixiyyəyi bənə göstərsin. Bu vəsaiq
içində məsələn, Petroqraddan göndərilən
əmrnamə var ki, “Müstəfa xan uşaqlarını
vuruşdurunuz”. Həm öylə də
oluyor. Müstəfa xan uşaqları
vuruşuyorlar, nəticəsi də o oluyor ki, Talış
mahalının qismi-mühümi zəbt olunuyor.
Xülasəsi
o ki, vəqtilə yarım müstəqil olan Talış
xanları siyasi intriqalara aldanaraq parçalanmış,
kiçilmiş, dağılmış, yer-yurddan əlləri
çıxmış, bir halə gəlmişlər ki, məsələn,
“M.Xan” kiçik qardaşını müftə əskərlik
məktəbinə verdirə bilmək üçün ərizə
vermiş, ərizəsində babalarının dövlətə
“xidmət” etdiklərini də qeyd eləmişdir. Nə cavab almış, bilirmisiniz?
– Sənin
bu ərizən bizə Krılov hekayəsindəki qazları
andırıyor...
Başqa
sözlə, Müstəfa xanın İrana
dönüklük edib də Rusiyaya kömək etdigi
müqabilində cüzi mərhəmət diləyən nəvəsinə
demişlər ki:
“Kirəm
pədər to bud fazil
Əz fəzle
pədər tora çe hasel”
– Bəli,
Romanov sülaləsi bizim xanədanə etdigi qədər,
ehtimal ki, kimsəyə ziyan vurmamışdır – deyə
M.Xan şikayətini tamam elədi.
Bu həzin
hekayə bitmiş idi ki, iləridə himhimə eşitdik. Bir
azdan qırmızı bayraqlar göründü.
–
Yaşasın hürriyyət!
Lənkəran
uyezdində ilk dəfə təsadüf elədigimiz şey,
müsəlman məktəb uşaqları
Bu sevimli
uşaqlar haman yol kənarına
düzüldülər. Biz onları qabaqladıq:
–
Yaşasın gələcək nəsil!
– Urra!...
Tənkəruda yaxınlaşdığımızı
duyduq. Bir az sonra müəllimin də gəldigini
gördük. Salamlaşdıq. Bu başına buraxılmış mahalda da məktəb
varmış. Bu bizə bir az təsəlli
verdi.
Bir az sonra dağ yamacında vaqe Tənkərudda
idik. Tənkərud da Ərçivan kibi
böyük kənddir. Kəndə
yaklaşdıqda gözləndigimizi gördük. Cəmaət məscid qabağına
yığılmış, yola baxıyor. Ətraf kəndlərdən
də çox adam var. Binə qərib bir
məhzər. Bu birinci meydandır ki, kədlilərin
çoxluğu ilə üz-üzə gəliriz.
– Kəndli qardaşlar, tazə azadlıq hökumətindən sizə salam! – deyə başladım. Bir saət sürən nitqdə hürriyyətdən, tarixdən, zamanın əhəmiyyətindən, vilayət hökumətlərinin şəklindən, kəndlilərin özlərinə neçə kənd komitələri, pristav komitələri və uyezd komitələri vücudə gətirəcəklərindən bəhs etdim.
Məşhədi Məhəmməd bənim sözlərimi talışcaya tərcümə etmək istədi isə də cəmaət əksərimiz türkcə başa düşürük, özümüz düşməyənlərimizə deyərik – deyə tərcüməyə ehtiyac olmadığını bildirdi.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 2 mart.- S.26-27.