“Şair sözə əmanət..”

 

Ədəbiyyata xidmətin çoxsaylı yolları mövcuddu: kimi bədii sözü yaradır, kimi bədii sözu araşdırır, kimi bədii sözu sadiq oxucu kimi yaşadır, kimi bədii sözü mətn kimi ortaya çıxarır... Bütün bunların hamısını eyni vaxtda görməyə çalışanlar azdı, amma var. Onlardan biri də şair, nasir, tərcüməçi, araşdırıcı, təbliğatçı, imkanı daxilində xeyriyyəçi, dünyanın müxtəlif məkanlarında yaranan bədii söz arasına körpü salmağa çalışan Elçin İsgəndərzadədi.

Elçin İsgəndərzadə gələcəyini, taleyini, ömür yolunu, yaradıcılıq sahəsindəki fəaliyyətini təşkil etməyə çalışmayan ziyalılardan biridir. Daha doğrusu, o, adi həyatını yaşayır, şeirini yazır, nəşriyyatını işlədir, imkanı daxilində və gücü çatan dərəcədə müxtəlif insanlara yardım göstərir, çoxsaylı səfərlərə çıxır və çoxsaylı mükafatlar və s. alır. Adətən müxtəlif tip yaradıcı insanlar olur. Onlardan bir qismi iş görməklə, fəaliyyət göstərməklə kifayətlənir, “balıq bilməz, xaliq bilər” devizini əsas götürməklə görülən işlərin təqdiminə, təbliğinə önəm vermir. Bir sıra yaradıcı insanlar isə nəinki gördükləri, hətta görməyi planlaşdırdıqları işləri ictimai rəyə o dərəcədə sistematik, məqsədyönlü və sensasion şəkildə çatdıra bilirlər ki, bəzən formalaşdırılan imiclə konkret əməli fəaliyyət bir-birini tamamlamır.

İmic formalaşdırmağa çalışmayan ziyalılardan biri kimi Elçin İsgəndərzadənin yuxarıda yığcamcasına sadaladığımız yaradıcılıqdan kənar fəaliyyəti bəzən onun şair imicinin hərtərəfli görünməsinə “mane” olur. Ondan naşir kimi, alim kimi, xeyirxah insan kimi... danışıldığı halda, şairliyindən layiq olduğu dərəcədə bəhs edilmir. Məncə, bunun əsas səbəblərindən biri yalnız şairin təvazökarlığı deyil, eyni zamanda həm özü, həm də ətrafındakılar tərəfindən bədii yaradıcılıq axtarışları ilə müqayisədə ictimai-mədəni və naşir kimi fəaliyyətinə daha çox üstünlük verilməsidir.

Mən də razıyam ki, Elçin İsgəndərzadə naşir kimi kifayət qədər faydalı işlər görür: imkansız yaradıcı insanların ya pulsuz, ya da güzəştlə kitablarını oxuculara çatdırır. Böyük məbləği olmasa da (və ya məbləğsiz, fərqi yoxdur), müxtəlif həvəsləndirici mükafatlar təsis edir və “qələmlə dolana” (rəhmətlik Mir Cəlal müəllimin tez-tez işlətdiyi ifadə) bilməyən söz sahiblərinin bəzilərini mənəvi cəhətdən ruhlandırır, onların ən çox ehtiyac duyduqları təskinliyi verir.

Mən də razıyam ki, Elçin İsgəndərzadə beynəlxalq miqyasda, xüsusən də türk dünyasında qarşılıqlı ədəbi-mədəni əlaqələrin daha da gücləndirilməsi, ədəbiyyatımızın başqa dillərə, ayrı-ayrı xalqların ədəbiyyatının dilimizə çevrilməsi sahəsində faydalı işlər görür, müasir ədəbiyyatımızı müxtəlif ölkələrdə təmsil edir, şəxsi əlaqələri sayəsində xarici dövlətlərdəki yaradıcı insanların doğma Azərbaycanımızla, xalqımızla, ədəbiyyat və mədəniyyətimizlə yaxından tanış olmalarına yardım göstərir.

Mən də razıyam ki... Sadalanmanı bir az da uzatmaq olardı. Ortaya yenə də eyni mənzərə çıxır: bütün fəaliyyət sahələrindən danışılır, amma Elçin İsgəndərzadənin yaradıcılıq axtarışları növbəti dəfə arxa planda qalır. Halbuki Elçin İsgəndərzadə şairdir və bütün bu işləri də məhz şair kimi görür.

“Qürbət hücrəsində” adlı şeirlər və poemalar kitabı onun özünün özünə növbəti hesabatıdır. Son vaxtlar ədəbi proses üçün bir o qədər də səciyyəvi olmayan poema janrı Elçin İsgəndərzadənin bu kitabında önəmli yer tutur.

Kitaba toplanmış əsərləri oxuduqca bir daha əmin oldum ki, bəzi yaradıcı şəxslərin əsərləri onların özlərinə çox oxşayırlar. Nəzərə almalıyıq ki, bütün real, patetik tərifləri ilə birlikdə yaradıcılıq həm də oyundur və bu oyunda müxtəlif rollarda çıxış edən müəllif eyni zamanda özünün rolunu da ifa edir. Kimi özünü, içini, səviyyəsini, istedadını, dünyagörüşünü, əxlaqi dəyərlərini... mümkün dərəcədə olduğu kimi verməyə çalışır, kimi də maskalanır, məqsədli şəkildə olduğundan artıq – yaxşı, bəzən də olduğundan aşağı – pis görünməyə cəhd göstərir.

Gələcək nəsillər bəlkə də rolda görünənlə rolu ifa edən arasındakı ziddiyyəti, tərs mütənasibliyi aşkara çıxara bilməyəcək, amma fərqliliyi müasirlərdən gizlətmək çətin, qeyri-mümkün bir cəhd və istəkdir. Görünənlə bilinən, tanınan arasındakı fərqin üzə vurulmaması hələ bu fərqin olmadığının göstəricisi deyil. Bütün hallarda böyük C.Ruminin hikmətinin aktuallığı bir daha yada düşür: ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Hikmətin aktuallığını bütün dövrlərdə və zamanlarda saxlamasının səbəblərindən biri də bundan ibarətdir ki, Tanrının verdiyi bütün ömrü belə yaşamaq mümkün olmayacaq dərəcədə çətindir. Amma mümkündü və bəlkə də var, bəlkə də çoxdur.

Gerçək həyatdan fərqli olaraq, bədii yaradıcılıqda iki tərəfin istedadını birləşdirmək lazım gəlir: həm həyatdakı, həm də yaradıcılıq axtarışlarındakı istedadı. Həmişə nail olunmayan bu hal istər-istəməz belə bir deyimin ortaya çıxmasına səbəb olmuşdur: hərə öz qəbri boyda olduğu kimi, hərə həm də öz sözü boydadı. Deyimin müsbət və mənfi çaları var. Müxtəlif tərəflərə xas istedadın arasında fərq komiklik doğuracaq dərəcəyə çatanda deyim mənfi, fərq olmayanda, minimum həddə olanda müsbət çalar qazanır.

Yaradıcılığını bu yöndən nəzərdən keçirsək deyə bilərik ki, Elçin İsgəndərzadənin sözü, həqiqətən, özü boydadır və öz rolunu “ya göründüyün kimi ol, ya da olduğun kimi görün” prinsipinə mümkün dərəcədə yaxın ifa etməyə çalışır.“Qürbət hücrəsində” adlı şeirlər və poemalar kitabında deyilənləri təsdiqləyəcək kifayət qədər bədii nümunə tapmaq mümkündür.

Adından da göründüyü kimi, “Qürbət hücrəsi” kitabına şairin səfər təəssüratları əsasında yazdığı şeirlər toplanmışdır. Əslində səfər təəssüratı anlayışı şərti xarakter daşıyır. Dediyimiz kimi, Elçin İsgəndərzadə fəaliyyəti ilə əlaqədar dünyanın müxtəlif xarici ölkələrində səfərlərdə olur. Şair səfərlərdə olduğu ölkələrin görkəmli şəxsiyyətlərini də, həmin ölkələrin qeyri-adi məkanlarını, ağrı-acılarını və dərdlərini də... xatırlayır və xatırladır. Amma o, hara getsədə, içini və “içindəki təlatüm dənizini” də özü ilə aparır. Suriyada fələstinli qaçqın Xalidlə tanış olur. Ölkəsində “şeytan nökərlərinin” “hər gün qutsal azan səsinə” qurğuşun sıxdıqları Xalid ona içində özü ilə hər yerə apardığı ağrısını və dərdini xatrladır:

 

Qarabağlı qaçqın Məmmədə

Yaman oxşayır fələstinli Xalid,

Onun da gözlərində bir cüt Xarıbülbül

Qan içində ölümə gülümsəyir elə bil...

 

Xarıbülbül onun poeziyasında müvəqqəti itkisi ilə ürəyində iynənin ucu boyda Vətən sevgisi olan hər bir azərbaycanlının indi barışa bilmədiyi kimi, gələcəkdə də barışa bilməyəcəyi Torpağın rəmzidir (Bir şair ürəyində Xarıbülbül uyuyur. Hər şey birdən-birə oldu, birdən-birə Xarıbülbül gül açdı. Şuşada dolaşır Xarbülbül sevdalı xəyalım və s.). Xarıbülbül rəmzi bizə yalnız inildəyən torpağı xatırlatmır, həm də sevincimizin, ləyaqətimizin, qürurumuzun... anmaq istəmədiyimiz natamamlığını yadımıza salır. Biz bəlkə də unudarıq, bunun üçün həm də Xarıbülbülü unutmalıyıq, şahid və şəhid kimi məhv etməliyik. Özümüzü Qarabağı, Xarıbülbülü  unudan kimi göstərə bilərik, amma onların ağrısını gələcəyə vərəsə kimi qoyduğumuzu biz üzə vurmasaq da onlar bizi qınamaqla yada salacaqlar: axı Xarıbülbülü məhv etmək üçün dünya dağılmalıdı.

Mənəvi təklik çox vaxt ən doğmanla da bölüşmədiyin, təkrarlanmayan, hər fərdin yalnız özünün bənzərsiz şəkildə yaşadığı bir dərddi, təskinliyin vərəsəyə çevrilməməsidir. Xarıbülbülsüz təklik isə ümumi dərddi, özünün yaşadığın, səndən sonrakı doğmalarına, əzizlərinə vərəsə kimi saxladığın barışılmaz dərddi.

 

Bəlaya saldıq Vətəni,

Vətən-başımın bəlası.

İndi mən dərd oğluyam,

Balam dərdin balası.

 

Mən Vətən şeirləri yazmayanları qınamayanlardan, yazanları isə alqışlayanlardanam. Ona da əminəm və əmin olduğum üçün onu da təqdir edirəm ki, hər bir söz adamı zamanın sağaltmağa çalışdığı torpaq itkisi ağrısının qaysaq bağlamasına imkan verməyən və daha səmimi olması üçünbalam dərdin balası” qənaəti ilə sızıldayan ürəyinin sifarişi ilə nəsə yazmalıdı.

Elçin İsgəndərzadə yaradıcılığında Vətən mövzulu əsər yazmaq ənənəsi bir tərəfdən sabitliyi, digər tərəfdən də patetikasızlığı ilə diqqəti cəlb edir. Onun şeirlərində Vətənin dağı-daşı, tarixi abidələri və s. tərənnüm olunmur, ilk növbədə yurdun ağrısı, acısı, dərdi mənalandırılır.Tüfəng qundağına yazılmış şeirdə şeirlə tüfəng qarşılışdırılır. Bir nəslin şəcərəsinin tarixinin yığcam təsvirindən bir daha əminlik yaranır ki, əksər xalqlar kimi türk xalqı da əsrlər boyu qılıncla qələmi bərabər tutubdu: namusunu şeirinə və tüfənginə yazıbdı. Dövrün ən böyük bəlası və faciəsi bir də bundan ibarətdir ki, şəcərə yazmaq ənənəsində tədricən qırıqlıq yaranır: ya əlimiz, ruhumuz Aynalıya yadırğayıb, ya da Aynalı Qarabağda qalıb. Əksəriyyət kimi mən də qələmin gücünə, möcüzəsinə inanıram, amma yalnız qələmin gücü ilə torpağı və namusu qorumağın mümkünlüyünə birmənalı şəkildə şübhəm var. Tarazlıq bərpa edilməsə, şəhid deyil, şahid olan hər birimiz auditoriya ilə yox, özümüzlə danışdığımız və özümüz olduğumuz bir vaxtda Elçin İsgəndərzadə kimi deyəcəyik:

 

Allah, ölümdən betərdi

Savaşmadan məğlub olmaq dərdi.

 

Elçin İsgəndərzadə yaradıcılığından azı bu kitab səviyyəsində) Vətən şeirləri içdən və inamdan gəlir. Əksər xalqların, o cümlədən türk xalqlarının tarixində qılıncla qələm, ərənliklə müdriklik varlığın nizamını tənzimləyən həyatlüm, gecə-gündüz, sağ-sol və s. kimi bütövün tərəflərindən biridir. Qazan xan igidliyini Dədə Qorqudun müdrikliyi, Koroğlunun qəhrəmanlığını Aşıq Cünunun sazı-sözü tamamlayır, dolğunlaşdırır.

Qürbət hücrəsində” kitabına toplanmış əsərlərdə Vətən, qəhrəmanlıq kütləviləşmiş ənənəvi formada tərənnüm olunmur, Yurdun qorunmamasının acısı, igidliyin Aynalıdan daha çox qələmə keçməsinin ağrısı poetik ifadəsini tapır. Türk sufizminin düşüncə və həyat tərzimizdə yaşayan ərənlik və Tanrı eşqi ənənəsi zaman-zaman şüuraltı qatdan şeirlərə köçür.

Tanrı eşqi Ona qovuşmağa şansdı və insanı özünə qaytarmaqdan keçir.

 

Yenə Eşqdir bu dünyada

suçdan, günahdan vəfalı”.

 

Bəndənin özünə qayıtması isə ilk növbədə nəfsinə qalib gəlmək və Tanrının yaratdığı rəngarəngliyə, bakirəliyə, ilkinliyə... xələl gətirə biləcək mənəvixlaqi qüsurlardan xilas olmaq dözümü, səbri və bacarığıdı. Çünki

 

Bir sadiq yar yoxdu həmən

o bir Allahdan vəfalı”.

 

Onun şeirlərində rəssamlardan, onların taleyindən, əsərlərinin yaratdığı təəssüratlardan da danışılır. Bəzən rəng çalarının imkanları ilə söz çalarının imkanlarının əlaqələndirilməsinə cəhd də göstərilir. Bunu onunQırmızı ebrü”, “Ömür ebrüsü”, “Cənnət ebrüsü”, “Naxışlı ebrü”, “Qürbət ebrüsü”, “Ayrılıq ebrüsü” və s. kimi şeirlər silsiləsi də təsdiqləyir. Elçin İsgəndərzadə bu şeirlərdə əyani poetik lövhə, mənzərə yaratmağa çalışmışdır. Bir mənası da qələmsiz, fırçasız kağız üzərinə çiçək rəsmi çəkmək sənəti kimi tanınan ebrü onun şeirlərində sözlə mənzərə yaratmaqdan başqa, həm də mozaik formada verilən fikrin, mətləbin naxışını əyaniləşdirir.

Poemaların az yazıldığı bir vaxtdaQürbət hücrəsində” kitabına şairinBu qala bizim qala”, “Turan savaşçısının nəğmələri”, “Şahmar şikəstəsi”, “Adil Mirseyidin palitrası”, “Mavi mərmərə”, “Biganəlik iqlimi”, “Oğlum Əliyə dualarvə “Eşqpoemaları daxil edilmişdir. Səkkiz poemadan dördü Xudu Məmmədov, Çingiz Aytmatov, Şahmar Əkbərzadə və Adil Mirseyid kimi yaradıcı insanlar haqqında bədii-fəlsəfi düşüncələrdir. Əslində poemalarda onların həyatlarından, fəaliyyətlərindən deyil, ədəbi-elmi və ictimai rəydəki mövqelərindənlazımlı, faydalı və əhəmiyyətli xuduçuluqdan, çingizçilikdən, şahmarçılıqdan, adilçilikdən danışılır.

Talelərini özləri yazan və əməlləri, yaradıcılıqları ilə xalq yaddaşına köçən şəxsiyyətlər tədricən mifləşirlər. Olanlar və olmayanlar, amma onlara yaraşdığı üçün olanlara çevrilən faktlar, yozumlar və s. mifləşmiş şəxsiyyətlər haqqında bədii əsər, xüsusən lirik növdə əsərsüjetli, konfliktli, xarakterli və s. poema yaratmağı kifayət qədər çətinləşdirir (bəlkə də ehtiyacı aradan qaldırır). Elçin İsgəndərzadə adları çəkilən şəxsiyyətlərlə bağlı düşüncələrini sələf-xələf münasibətləri kontekstində mənalandırmışdır. Onlar mövcud ənənəni davam etdirməklə kifayətlənməyiblər, eyni zamanda yaşadıblar. Yaşatmayıblar ki, özləri yaşasınlar, yaşadıblar ki, dünya yaşasın.

Ədəbiyyata xidmətin çoxsaylı yolları mövcuddu: kimi bədii sözü yaradır, kimi bədii sözu araşdırır, kimi bədii sözu sadiq oxucu kimi yaşadır, kimi bədii sözü mətn kimi ortaya çıxarır... Bütün bunların hamısını eyni vaxtda görməyə çalışanlar azdı, amma var. Onlardan biri də şair, nasir, tərcüməçi, araşdırıcı, təbliğatçı, imkanı daxilində xeyriyyəçi, dünyanın müxtəlif məkanlarında yaranan bədii söz arasına körpü salmağa çalışan Elçin İsgəndərzadədir. Şairin sözə əmanət olduğuna inanan Elçin İsgəndərzadə.

 

 

Arif Əmrahoğlu

 

525-ci qəzet.- 2013.- 2 mart.- S.29.