“Bəy”likdən “səmə”liyə qədər
Paşa Qəlbinurun miniatür romanları
haqqında düşüncələr
Tibb elmləri
doktoru, professor, bir neçə beynəlxalq elmi təşkilatın
həqiqi və fəxri üzvü, Dünya Azərbaycanlıları
Konqresinin həmsədri, ATU-nun oftalmologiya kafedrasının
müdiri, əməkdar elm xadimi Paşa Musayevin (P.Qəlbinurun)
iki romanı bir kitabda nəşr edilib. (Paşa Qəlbinur. Qara su. Göz dağı
(miniatür romanlar). Xatırladım ki, bu
romanların birincisi 2008-ci ildə “Azərbaycan” jurnalında
(¹4) çap olunub. Bundan əvvəl isə
roman böyük tirajla Moskvada Səyavuş Məmmədzadənin
tərcüməsində işıq üzü görüb.
Əvvəlcədən deyim ki, mən bu əsərləri
geniş filoloji təhlil etmək fikrində deyiləm. İstəyirəm, oftalmoloq və şair kimi
tanıdığımız Paşa müəllimin bir nasir
kimi özünəməxsus qələm sahibi olduğu barədə
imkanım daxilində əziz oxucularda müəyyən təsəvvür
yaradım. (Və ən çox da onu istəyirəm
ki, bu kitabı oxuyan azərbaycanlıların sayı çox
olsun!).
İki
adla təqdim olunsa da, bu əsərlərin bir süjeti var,
obrazlar da dəyişilməz qalır... Sadəcə
olaraq müəllif birinci hissədə (romanda) hadisənin əsas
epizodunu – Bəy Qasımın əməliyyata qədərki və
əməliyyatın baş tutduğu zamanı (Bəy
Qasımın komaya düşməsinə qədər) təsvir
edir. (Burada təsvir sözü tam yerinə
düşmür, ona görə ki, əsərdə təsvirdən
çox psixoloji yadasalmalar, rəmzlərlə diktəetmələr
üstündür!!). Roman(lar)da məzmun
çox lakonikdir – var-dövləti başından aşan Bəy
Qasım böyrəyini və qara ciyərini müalicə
etdirmək üçün həmyerlisi Aydının bir
böyrəyini və qara ciyərinin bir hissəsini
özünə köçürtdürür. Vəssalam!... Ancaq bu adi məişət
hadisəsini yazıçı necə ustalıqla bədiiləşdirirsə,
o cür də ictimailəşdirir, cəmiyyətin
ağır sosial bəlalarının
işıqlandırılmasına istiqamətləndirir.
Kimdi Aydın? Kimdi Bəy Qasım?! Niyə “Qasım bəy”
yox, “Bəy Qasım”?! Bax bunlar müəllifin
cavablandırdığı və cəmiyyətə
ünvanlandığı suallardır və bu gün göynəməkdə,
irinləməkdə olan, hələ qaysaqlana bilməyən
Qarabağ, əslində yüz illərdən bəri
parça-parça alınan torpaq dərdimizdən də
böyük, vacib milli-mənəvi qüsurumuzun özünəməxsus
qabardılmasıdır bu sualların cavabları. Mən az
qala iki dəfə oxumuşam bu əsəri və bu millətin dərdini cəkən
– M.Fətəli, M.Cəlil, M.Ə.Sabir, N.Nərimanov, Məmmədəmin
Rəsulzadə ...
gözümün önündən getməyib. Onlar millətin avamlığından,
kasıblığından, savadsızlığından... əzab
çəkmiş, bütün ömürlərini bu bəlayla
mübarizəyə həsr etmişdilər.
Bəy Qasımın həyata baxışı, tərbiyəsi,
mənəvi dünyası elə mühitdə
formalaşıb ki, onun indiki halına təəccüblənmək
olmaz. Müəllif
təyyarədə – “göyün yeddinci qatında” qəhrəmanlarının
düşüncələrini aşkarlayır: Bəy
Qasım böyrəklərinin, qara ciyərinin xəstələnməsinin
səbəblərini axtarır, yadına düşür ki,
atasının gizli əlaqədə olduğu qonşu
qadın “Tamoşka”nın qarğışı tutub onu;
anasının “təəssübünü çəkən”
uşaq acıq çıxarmaq üçün xəmir
kündələrini tapdayıb keçəndə Tamoşka
“böyrəklərin çürüsün...” – deyə onu
qarğamışdı. Bir də
xatırlayır ki, ağıldan kəm,
“dilsiz-ağızsız” qonşu oğlanı əndazəsiz
bir əxlaqsızlıqla təhqir etməsinin hayfını
çıxır, bəlkə, Allah ondan. Sonra
düşünür ki, yəqin kanistrdən şlanqla benzin
çəkərkən (bu, o zamanlar idi ki, o, yanacağı hələ
maşınlarla, vaqonlarla satmırdı!!) mədəsinə
gedən benzin böyrəklərini, qara ciyərini sıradan
çıxarıb. Ancaq Bəy Qasımın
günahı çoxdur; bir vaxt dostluq etdiyi (28 il)
Şahindən “əli gətirən” kimi uzaqlaşıb,
halbuki, imkanı ondan üstün olan Şahinə Qasım
çox borclu idi. Qasımın ən
böyük günahı, heç şübhəsiz,
qayınatasının – görkəmli alim və gözəl
ziyalının ölümünün baiskarı olması idi.
Bunu Bəy Qasım komada olarkən xüsusi ünsiyyət
seansı zamanı özü etiraf edir; o, arvadı ilə qəsdən
savaşır, o biri otağa keçib (Moskvadan) Bakıya zəng
vurub qayınatasına deyir ki, Aliyə heç nədən
savaşıb, indi də özünü 7-ci mərtəbədən
atmaq istəyir və telefonu qapadır. Səhəri
xəbər verirlər ki, 52 yaşlı qayınatası gecə
ürək tutmasından dünyasını dəyişib.
Beləliklə, evdə olan 30-40 min dollar pul
atasının vəsiyyəti ilə qızına –
Qasımın həyat yoldaşına çatır. Qasım əvvəlcədən bilirdi ki, atası
qızını çox istəyir, dövləti ona
çatacaq. Bunu ölüm
yatağında olan ərindən Vətəndən min
kilometrlərlə uzaqda Çikaqoda eşidən övlad –
Aliyə hansı psixoloji duruma düşər?! Bunu oxucu heyrət və həyəcanla oxuyur. Əsərdə Bəy Qasımın xarakterini
açan çoxlu epizodlar var (bunları ya o özü
xatırlayır, ya yuxuda görür, ya da komada olanda
özü danışır). Nəhayət,
yazıçının əsərin bir yerində qeydi özünü doğruldur:
“Qasım öz genetik naqislikləri ilə və onun törətdikləri
mənfiliklərin Tanrı dərgahındakı qeydiyyatla
mübarizəyə başlamışdı. Görəsən,
gec deyildi ki?..”. Əlbəttə,
gec idi. Oxucu şübhə etmir ki, Bəy Qasım əgər
bu ağır xəstəlikdən (o, artıq Səmə
Qasıma çevrilmişdi!!) sağalsa,
günahlarının üstünə daha dəhşətli
yenilərini əlavə edəcək!!.
Romanda Bəy Qasıma əks olan surət
Aydındır. Yazıçı onun nümunəsində
əsl ziyalılığın, insanlığın
timsalını yaradıb. Aydın
Qasımla bir kənddə böyüyüb, bir şəhərdə
şəxsiyyət kimi formalaşıb. Ancaq
onları heç bir mövqedən müqayisə etmək
olmaz. Aydın üçün Vətən,
millət, insani dəyərlər hər şeydən
üstündür.Amma cəmiyyətdə baş verən mənfi
meyllər təbii ki, onun da taleyinə sirayət edir (məsələn,
günahsız oğlunu həbsdən qurtarmaq
üçün əzalarını satmalı olur). Ancaq o, qətiyyən şəxsiyyətinin
aşağılanmasına dözə bilməz. Müəllif
bu məqamı ac ata ayının öz balasını yeməsi
epizodu ilə aydınlaşdırmağa
çalışır: “Çətinə düşəndə
heyvan öz balasını yeyir, insan isə öz əzalarını
satır ki, balasını xilas etsin”. Maraqlı
tutuşdurmadır!! Bununla alim, həkim- yazıçı
sanki insanlara (əlbəttə, naqisliklə yaşayanlara)
xatırlatmaq istəyir ki, axı biz insanıq, heyvan deyilik!! Aydın bir insan kimi təkcə öz namuslu valideynləri
ilə yox, yaxın-uzaq qohumları ilə də öyünə
bilər. Məsələn, 3 oğlunu Qarabağ
döyüşlərində qurban vermiş ata (Aydının
atası) başsağlığına gələnləri
qürurla qarşılayır, oğlunun yeganə yadigarı
olan körpənin... Müəllif bu qeyri-adi ata məhəbbətinin
ifadəsi olan hadisəni belə təsvir edir: “Mən
uşağı görmək istəyirəm, bələyini
açın” – dedi. Gəlin azca kənarda
durmuşdu, arvad bələyi açdı. Nəbi:
“Allah, şükür!” – deyib, sağ əlinin
şəhadət barmağıyla uşağın nəcisindən
götürüb ağzına qoydu. Hamı
donmuşdu. Bir an sonra
otaqdakıları qəribə titrətmə tutdu. Hamı
ağlayırdı... Çox güman ki, Paşa müəllim bu əsərin
əksər epizodlarını gördüyü, bildiyi,
eşitdiyi hadisələr əsasında, həmçinin
öz yazıçı təxəyyülünün
içindən keçirərək yazıb. (Əsərin reallıqlara əsaslandığı
faktlardan biri kimi müəllifin tələbə
yoldaşı, universitetimizin kafedra müdiri işləyən
professorla bağlı epizodu təbəssümlə
xatırlayıram!). Bəlkə də,
Aydın müəllifin özünün bədiiləşdirilmiş
obrazıdır. Elə buna görədir ki, bu obraz
oxucuya bu qədər doğma, bu qədər tanış
gəlir (axı indi belələri çox azdır!!).
“Qara su” və “Göz dağı” romanlarına şair təbiətli
alim rəmzləşdirilmiş adlar verib.
İkinci, məncə, açıq məna ifadə
edir: bəylikdən səməliyə enmiş Qasım indi
doğmaları, əzizləri üçün “göz
dağı”na çevrilib, özü boyda
bir dərddir. Birinci romanın adı daha
dolayısı ilə mənalandırıla bilər; məncə,
“Qara su” dünya işığından insanı məhrum edən
dəhşətli bir xəstəlikdir – Bəy Qasım xislətli
insanlar da cəmiyyət üçün eyni dəhşətli
(bəlkə ondan da artıq) ictimai bəla, ümummilli və
ümumbəşəri xəstəlikdir.
Roman(lar)ın
bədii keyfiyyətləri, özünəməxsus üslubu
haqqında onu deməliyəm ki, hər ikisi həqiqətən,
orijinal miniatür roman təsiri bağışlayır. Burada
mövzunun özündən, hadisələrin baş verdiyi məkandan
asılı olaraq,
təbiətin, əşyaların geniş təsvirləri
demək olar ki, yoxdur. Əvəzində hərəsi
ayrıca bitkin əsər (hekayə, rəvayət,
nağıl) təsiri bağışlayan xatiratlar var. Həm
də əsəri daha da zənginləşdirən mətn
boyu tez-tez rast gəlinən elmi faktlar, həyati ümumləşdirmələrdir.
Ən maraqlısı odur ki, Paşa müəllim bu
kiçik (hadisələrin genişliyi müqabilində) nəsr
əsərində tariximiz, siyasətimiz, milli-mənəvi
qüsur və dəyərlərimiz, yaxın-uzaq
keçmişimiz.... haqqında, necə deyərlər,
dürlü-dürlü, “xoruz səsi eşitməyən” xəbərlərdən
bəhs edir, bəzən oxucunu təəccübləndirən
elə hadisələri yada salır ki, adam heyrətini gizlədə
bilmir.Məsələn,
Aydın 20 Yanvar gecəsi “Salyan” kazarması tərəflərdə
olub, qaçaqaçda təzə ayaqqabısının bir
tayını itirib evə gedir. Səhərisi qan içində
olan ayaqqabısını tanıyan Aydın görür ki,
bir tay ayaqqabının içinə bir
cüt qərənfil qoyulub və bir qadın ağı deyib
sahibini ağlayır. Bu zaman Aydının keçirdiyi hissləri
oxucu, yəqin ki, dərindən dərk edir, buna əlavə
izah verməyə lüzum görmürəm...
Bəli,
dediyim kimi bu romanda elə hissələr var ki, mən onu bir
neçə dəfə oxumuşam, hər dəfə də
nə isə yeni bir fikir
tapmışam və kitabın səhifələrində
yığcam da olsa bunlara münasibətimi sözlərlə
yazmaqdan özümü saxlaya bilməmişəm.Və yenə
də təkrar edirəm ki, bu əsəri hamımız
oxumalıyıq və dərindən-dərinə
düşünməliyik. Sonda isə müəllifə
cansağlığı, uğurlar diləyirəm,
ideyalarının çin olmasını arzu edirəm və
bir daha bildirirəm ki, bu əsərin səriştəli bir ədəbiyyatşünasın
hərtərəfli təhlilinə ehtiyacı var. Mənim bu
yazımı isə olsa-olsa bir qədər milli təəssübkeşliyi
olan həssas oxucunun natamam qeydləri hesab etmək olar...
Müəllifə dərin hörmət hissi ilə A.F.Miriyev
ATU-nun kafedra müdiri, dosent
525-ci qəzet.-
2013.- 2 mart.- S.28.