Xanəndə Səttar Nəsirov:
“Yaşadığım ömürlə fəxr edirəm”
“FƏXRİ ADIM OLMASA DA, XALQIMIZ HƏMİŞƏ
İSTEDADIMI, İFAMI YÜKSƏK QİYMƏTLƏNDİRİB”
Bu
yaxınlarda Azərbaycan Dövlət Televiziya və Radio
Qapalı Səhmdar Cəmiyyətinin ali dərəcəli
solisti, xanəndə Səttar Nəsirovun 60 yaşı tamam
olur. S.Nəsirov mayın 1-də, 1953-cü ildə
İmişli rayonunun Qaralar kəndində dünyaya gəlib.
1972-75-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində
görkəmli müğam ifaçısı Xan
Şuşinskinin tələbəsi, sonra Azərbaycan Dövlət
İncəsənət İnstitutunun məzunu olub. S. Nəsirov
1979-89-cu illərdə dünya şöhrətli müğənni
Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət
Mahnı Teatrının solisti işləyib. R.Behbudovla birgə
bir çox xarici ölkələrdə- o cümlədən
İsveçrə, İsveç, Almaniya, Hollandiya, Belçika,
Fransa, İtaliya, İngiltərə, Əfqanıstan,
Hindistan, Tunis, Mərakeş, Yəmən, Pakistan, Rumıniya,
Polşa, Yuqoslaviya, Əlcəzair, Türkiyə, İran və
başqa ölkələrdə olmuş solist muğam və
mahnılarımızı özünəməxsus
ustalıqla ifa edib. Müxtəlif vaxtlarda fəxri fərmanlara
və mükafatlara layiq görülüb. Müğənni həmçinin
1990-cı ildə türk rejissor Yücəl
Çaxmaqoğlunun “Min elli Abdulla” ikihissəli bədii filmində
azərbaycanlı obrazını canlandırıb. Müqavilə
ilə 2005-2010-cu illər ərzində Türkiyənin Hatay
vilayətində Mustafa Kamal Atatürk Universitetində pedaqoq
kimi fəaliyyət göstərib. 1993-cü ildən
çalışdığı AzTV-nin həyata keçirdiyi
kütləvi-mədəni tədbirlərdə fəal
iştirak edib, “Əsgər proqramı”nın müəllifi
olub. Yubilyarla söhbətimiz zamanı o,
yaşadığı ömür yolundan, qazandığı
uğurlardan danışıb, eyni zamanda yaradıcı əməyinə
göstərilən laqeydlikdən dolayı incikliyini də dilə
gətirib. Böyüdüyü mühitdən söz
açan sənətkar seçdiyi sənətə
atasının xeyir-duası olmadan gəldiyini deyib: “Atam sənət
seçimimə qətiyyən xeyir-dua verməyib. Amma mən
bu sənəti o qədər sevirdim, ürəkdən
bağlanmışdım ki, onun etirazına baxmayaraq ürəyimin
istəyinin arxasınca getdim. Atamın əmisi Məmmədkərim
ağanın deyilənə görə, gözəl səsi
olub. O vaxtlar Mirzə Məmmədhəsənin qavalını
toylarda alaraq oxuyurmuş. Hələ orta məktəbdə incəsənətə
meyilli olmuşam. Teatra, musiqiyə, bədii
yaradıcılığa böyük həvəsim vardı.
Səkkizinci sinifdə pyes yazmışdım, müəllimlərim
mənə dəstək verirdi. Məktəb tədbirlərində
səhnəciklər, musiqili kompozisiyalar hazırlayırdım,
özüm divar qəzeti çıxarırdım. 1969-cu ildə
atamın tövsiyəsi ilə Tibb İnstitutuna imtahan verdim.
Məni imtahana qardaşım gətirmişdi. Müsabiqədən
keçmədim, kəsildim. Buna görə hətta sevinirdim.
Çünki qəti qərara gəlmişdim ki, müğənni
olum. Qardaşımdan xahiş elədim ki, məni Asəf
Zeynallı adına musiqi məktəbinə aparsın. Həmin
il olmasa da, sonralar həmin məktəbə daxil oldum. Beləcə,
enişli-yoxuşlu sənət yolu başladı. 1979-cu ilə
qədər həm mənəvi, həm maddi baxımdan
çox əziyyət çəkdim. Sonralar zamanla hər
şey düzəldi. Mahnı Teatrında işlədim,
qastrollarda oldum, indi də AzTV-nin solistiyəm. Onda da el şənliklərində
iştirak edirdim, indi də şəxsən dəvət eləsələr,
çıxış edirəm. Bunsuz mümkün deyil”.
Mətbuatda
görünməməsinin səbəblərini yubilyar belə
izah edib: “İndiki dillə desək, gündəmlə
ayaqlaşmıram. Bunun təqsirini də özümdə
görmürəm. Əvvəllər maraq göstərməmişəm,
sonralar da Türkiyədə işlədim, Azərbaycan mətbuatı
ilə yaxından əlaqəm olmadı. Amma səhv eləmirəmsə,
“525-ci qəzet” yeni yarananda iki dəfə haqqımda məqalə
yazılıb. Xarakterim belədir ki, mən
çağırılmayan yerdə görünmürəm.
Yaradıcı
insanlar da müəyyən mənada öz fəaliyyətləri
haqqında mətbuata məlumat verməkdə maraqlı
olmalıdırlar. O vaxtlar, yəni sovet dövründə
jurnalistlər özləri professional sənətkarları
axtarıb, tapıb müsahibə almağa cəhd göstərirdilər.
İndi elə tendensiya yaranıb ki, sənətçilər,
daha doğrusu sənət öyrənmək istəyənlər
özləri mətbuata yol tapmağa
çalışırlar. lbəttə, bütün sənətçilər
diqqət mərkəzində olmaq istəyir. Kim desə ki, istəmirəm,
yalan deyir. Amma mən özüm heç vaxt diqqət mərkəzinə
düşmək istəmirəm. Eyni zamanda etiraf edirəm ki,
bəli, bu sənətdə reklamsız mümkün deyil.
Sovetlər dövründə tamam başqa idi. O vaxt “Pravda”
kimi qəzetdə 5-6 cümləlik yazı sanballı məqalə
sayılırdı. Sovet dövründə haqqımda
dünya mətbuatında məqalələr dərc olunub.
Mahnı Teatrının tərkibində getdiyimiz qastrolları
həmin ölkələrin mətbuatı geniş
işıqlandırırdı. Hər dəfə də geriyə
qayıdanda “Bakı” qəzetinin baş redaktoru mərhum Nəsir
İmanquliyevlə görüşürdük, səfər təəssüratlarımızla
bağlı qəzet üçün böyük material
hazırlanırdı”.
İndiyədək
bir çox ölkələrdə olan həmsöhbətimiz
unudulmaz səfər təəssüratlarından bəzi məqamları
da oxucularla bölüşüb: “Çoxlu ölkələrdə
olmuşam, çoxlu maraqlı xatirələr var. Türkiyə
ilə Pakistana olan səfərlərin xatirələri isə
xüsusilə unudulmazdır. Sovet dövründə Pakistana səfərimiz
zamanı baş verənlər heç yadımdan
çıxmır. Sovetlər birliyindən Rəşid
Behbudovun rəhbərliyi ilə Pakistana ilk truppa olaraq qastrola
getmişdik. O zaman sevimli sənətkarımız Habil Əliyev,
tarzən Ramiz Quliyev də bizimlə idi. 14 günlük qastrol
idi. Ölkə bizi tanımırdı. Pakistanlılar
rusları görən kimi döyüb-söyür, qovurdular,
öz gözümüzlə bunun şahidi olurduq. İlk
konsertlərimizə imkan verilmədi. Onların “şeyx”ləri
hətta “cihad” elan eləmişdilər ki, kafirlər
Pakistandan çıxsın. Onların mətbuatı ancaq bu
haqda yazırdı. Həmin qəzetlər cəmi bir həftədən
sonra konsertlərimizi min bir gecə proqramına bənzədirdilər.
Buna Rəşid Behbudov böyük ustalıqla nail olmuşdu.
Rəşid Behbudov böyük sənətkar olduğu kimi
böyük də diplomat idi. Səfirimizə dedi ki, məni
şeyxlə görüşdürün. Buna nail olduqdan sonra
özü ilə bir qrup götürüb şeyxin yanın
getdi. Şeyxlə nə danışdısa, necə
danışdısa onların fikrini tamamilə müsbətə
doğru dəyişdi. Bizi aşağıda avtomatların,
yuxarıda snayperlərin müşayiəti ilə konsertə
apardılar. Biz konsert verəndə Pakistanın o zamankı
prezidenti general Məhəmməd Ziya ül-Həqq oraya gəldi.
Konsertdən sonra səhnəyə çıxıb dedi:
“Moskvanı alqışlayaq ki, bizə belə bir kollektiv
göndərib”.
Yubilyar
sonda sənət yolunun çətinliyindən
danışaraq, illərlə bu sənətə böyük
töhfələr verməsinə baxmayaraq, indiyədək fəxri
ad almamasından dolayı incikliyini də gizlətmədi:
“Jurnalistlərin
müsahiblərinə verdiyi ənənəvi sual var: bir də
dünyaya gəlsəniz, bu sənəti seçərdinizmi? Əgər
bu sualı versəydiniz, cavab verərdim ki, səs Allah
vergisidir, bunun əleyhinə deyiləm, amma bir də
doğulsaydım, qətiyyən, bu sənəti seçməzdim.
Heç vaxt övladlarımın da sənətçi
olmasını istəmərəm. Çünki onlar mənim
çəkdiyim çətinlikləri görüblər.
Yaxşı sənətkar olmaq üçün çox məşəqqətlərdən
keçmək lazımdır, hələ o da bəlli deyil ki,
bu çətinlikləri, zəhməti qiymətləndirəcəklər,
ya yox. Bütün gəncliyimi xalqıma xidmətə həsr
eləmişəm. Xalqımdan da çox razıyam. Fəxri
adım olmasa da, xalqımız həmişə
istedadımı, ifamı yüksək qiymətləndirib.
Xoşbəxtəm ki, Xan Şuşinskinin tələbəsi
olmuşam. Yaşadığım ömürlə fəxr
edirəm. Heç vaxt kimdənsə şəxsi təmənnam
olmayıb, bəziləri kimi qapıları dabanından
çıxarıb nələrsə istəməmişəm.
Əslində fəxri ad mənim üçün həyati əhəmiyyət
kəsb eləmir. Habil Əliyevin yaxşı bir sözü
var, deyir, fəxri adları elələrinə veriblər ki,
ad hörmətdən düşüb. Xalqın ürəyində
yaşayan sənətkar kimi tanınmaq istərdim. Ən
azından 9 il 3 ay Rəşid Behbudovla işləmək, o
böyük sənətkarın kriteriyalarına layiq olmaq
baxımından, yəqin ki, fəxri ad istəməyə
haqqım çatır. 60 illik yubileyim ərəfəsində
sənətə verdiyim illərin, çəkdiyim zəhmətin
ölkə rəhbərliyi tərəfindən qiymətləndiriləcəyinə
inanıram.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 2 mart.- S.19.