Sumqayıt hadisələri... Xuraman
Abbasovanın kələğayısı və 25 il
Ermənistan-Azərbaycan
münaqişəsi, 20 faiz torpaqlarımızın
işğalından söhbət düşəndə 1987-ci
ilin noyabr-dekabr aylarını xatırlayıram. Moskvadan “Vremə” xəbərlərdən ibarət informasiya proqramına
baxırdıq. Mixail Qorbaçovun Amerikaya Ronald Reyqanın
yanına olan səfərini göstərirdilər. Güya
Ronald Reyqanla nüvə silahlarının məhvi haqqında
saziş imzalayırdılar. Erməni katolikosu da bu
görüşdə idi. Gözümə bir məqam
sataşdı. Erməni katolikosunun arvadı əlində bir xəritə
Qorbaçovun “gorbagor” arvadı Raisaya yaxınlaşıb, xəritəni
ona göstərir, nəyisə izah edirdi. Sonradan bildim ki, arzu etdikləri “Böyük Ermənistan
torpaqlarının” xəritəsini göstərir və həmin
görüşdə ondan Qarabağı da istəmişdi. Əvəzində
isə Raisa Qorbaçovaya bahalı, çox bahalı bir
boyunbağı verdilər. Bunlar hamısı xəbərlər
proqramı vasitəsi ilə translyasiya olunurdu.
... Hədiyyə
öz işini görmüşdü. Aradan çox keçməsini
gözlətmədi. 1988-ci ilin sonunda İrəvanda yaşayan
soydaşlarımız doğma
torpaqlarından bir gecənin içərisində
qaçıb, canlarını qurtarıb gəldilər. Hərdən
fikirləşirəm ki, gərək
gəlməyəydilər. Dayanaydılar.
Öldürülsələr belə, dayanaydılar. Heç
olmasa üç gün. Bəlkə belə olsaydı,
dünyaya səs salmaq olardı ki, ermənilər rusun əli
ilə bizim soydaşlarımızı qırır. Axı
onda, hələ 1918-ci ildə ilk müstəqilliyini qazanan Azərbaycanın
114min kv.km torpaqlarından 86 min
kv.kilometri bizdə idi. 28 min kv.kilometrini Sovet İmperiyası
paylamışdı. Yəni ki, indi işğalda olan 20 faiz
torpaqlarımız getməmişdi. Ayaqyalın, başı
açıq, soyuq qış günündə İrəvandan
qatarlarda, maşınlarda gəlib Bakıya
tökülüşdülər. İnsanlarımız
şokda idi. Axı çoxumuz heç nə bilmirdik. Axı
bizə zaman-zaman “Qardaş olub Hayastan-Azərbaycan”
mahnısını öyrətmişdilər. Yəni ermənilərin
zaman-zaman rusun, ingilisin əli ilə başımıza gətirdikləri
müsibətləri nənə-babalarımız,
ata-analarımız Sovet rejimindən
çəkinərək
danışmamışdılar. Arxivlərdə, kitabxanalarda
isə demək olar ki, axtaranımız yox idi. Axtaranlar da dərdi ürəklərində gəzdirirdilər,
ya da ki, sovet zindanlarında dissident qismində həbs olunub,
sonra da “dəlilik” kağızı ilə
buraxılırdılar ki, danışdıqlarına kimsə
inanmasın. Biz Aleksandr Şirvanzadənin erməni-Azərbaycan
dostluğunu vəsf edən “Namus”, “Nakam qız” əsərini
oxumuşduq. Biz ermənilərlə can bir qəfəs
qonşu idik. Vəzifəli kişilərimizin əksəriyyətinin arvadı və ya sevgililəri erməni idi. Çünki
arvadı erməni, rus olmayanı vəzifə
kürsüsünə çəkmirdilər. Bizə sövet bu həyat və
dostluq dərslərini öyrədirdi.
...Onu
deyirdim axı. İrəvandan
bütün azərbaycanlılar qaçıb gəldilər.
O da yadıma gəlir ki, gələnlərin 50 yaşından
yuxarı olanları Bakının, Sumqayıtın
havasını götürməyib, dərddən
bağırları çatladı. Öldülər. Qoyub gəldikləri
Vətənlərinin ağrısını çəkə
bilmədilər. Bizim kəndləri də bəyənmirdilər.
Lap elə haqlı olaraq ağız büzürdülər
ki, İrəvanda kənd yolları asfaltlıdır, kəndlərdə
qaz, işıq problemi yoxdur. Məktəbləri,
mağazaları, iaşə obyektləri daha mükəmməl
imiş. Bu da Sovetin Azərbaycana münasibətindən irəli
gəlirdi deyəsən. Bəlkə də elə deyildi, bəlkə
təqsirkar elə özümüz idik ki, öz kəndlərimizə
işıq, yol, qaz çəkmirdik. Özü də bol olan
işığımız və qazımızdan.
...Qorbaçovun
Qarabağı ermənilərə
“peşkəş” etmək planı baş tutmuşdu. Əslində
Azərbaycan və Ermənistan
arasında
başlayacaq münaqişə
Amerikanın Soveti dağıtmaq mübarizəsinin ilk mərhələsi
idi. Bu oyunun da Sovetlər Birliyində ən gözəl
oyunçusu Qorbaçov idi. Münaqişənin
yaradılması tapşırığı əslində
Qorbaçova Reyqan tərəfindən
verilmişdi. Və İrəvandan azərbaycanlıların qovulması ilə, Soveti dağıtmaq planı işə
düşmüşdü. Sonra
Ağdamın mərkəzində baş verən hadisələr, hay-küy,
qara-qışqırıq, Sosialist Əməyi Qəhrəmanı
Xuraman Abbasovanın erməniləri
öldürməyə qalxan həmyerlilərimizin
ayağına atdığı kələğayısı...
Sonra
da dünyanın düzənini dəyişən Sumqayıt
hadisələri. Qorbaçovun
Sovet İmperiyasını yıxmaq üçün
aldığı tapşırığın yerinə yetirilməsi
üçün obyekt seçilən beynəlmiləl
Sumqayıt şəhəri. Və həmin ərəfədə
şəhərə gələn liviyalı ermənilər,
bu mənfur cinayəti həyata keçirmək
üçün illərlə hazırlanmış xüsusi təyinatlı sovet
KQB-sinin dəstələri... və bizim tora düşən,
dünyadan xəbərsiz cavanlarımız.
Elə
burada, yaddaşımın uşaqlıq illərinə
qayıtmaq istəyirəm. Sumqayıtda 4-cü mikrorayonda
Xruşovka deyilən beynəlmiləl bir binada
yaşayırdıq. 8-10 yaşım olardı. Təkcə
bizim blokda 3 erməni ailəsi
var idi. Rus, erməni, azərbaycanlılar. Can deyib-can eşidərdik.
Bizdən bir mərtəbə yuxarıda Artuş Arakelyan ailəsi
yaşayırdı. Mənim iki qardaşımla, bu ailənin
iki oğlu həmyaşıd idilər. Və təbii ki, bu dəcəl
oğlanlar gah bizdə, gah da
Arakelyan ailəsində yığışıb
oynayırdılar. Atam ailənin başçısı Artuş Arakelyana heç vaxt salam
verməzdi. Bilmirdik ki, niyə sevmir onu. Ancaq ailənin
qadını Asya xalanı, bütün məhəlləmiz
sevirdi. Çox hörmətli, abırlı bir qadın
idi. Deyirdi ki, atası yunandır. Anamın da, bizim də əzizimiz
idi. Bir dəfə də yenə
iki qardaşımla Arakelyangilə qalxmışdıq. Ata
Arakelyan oğlanları ilə mənim qardaşlarımı
güləşdirirdi və tez-tez də “türkes”, “hayes” deyərdi.
O yadımdadır ki, qardaşlarım döyüşdə məğlub
olanda o çox sevinə-sevinə, ürəyi köksündə
partlayırmış kimi “Hayes” deyib az qala
bağırardı. Bir dəfə atamdan soruşdum ki,
Artuş dayı belə bir iş eləyir. Ondan sonra, atam bir dəfə
onun qarşısını kəsib nəsə demişdi. Sonra böyüyəndə bildim
ki, onun cavabını yaxşıca vermişdi.
Aradan
illər keçmişdi. Biz köhnə məhəlləmizdən,
təzə məhəllədə aldığımız mənzilə
daşınmışdıq. Bizim blok qonşumuz olan
Arakelyanlar ailəsi də həmin
məhəllədə, lakin başqa binada mənzil
almışdılar. Biz yenə mehriban qonşuluq münasibətlərində
idik.
...1988-ci
il 15 fevral. İndiki kimi
yadımdadı. Boz bir fevral ayı idi. Mən
Daşkəndə uçmaq üçün yola
hazırlaşırdım. Birdən məndən kiçik bacım
Sevda əlində dolu bir çanta içəri girib dedi ki,
qonşumuz Leyla, bu həmin Leyla idi ki, anası erməni idi,
qızı da Qukasyan Slavikə ərə getmişdi. Qukasyan Slavik Sumqayıtda böyük bir ticarət mərkəzinin
direktorunun oğlu idi. Həm də mənim təhsil aldığım 23
saylı məktəbdə fizika və riyaziyyatdan dərs
deyirdi. Çox şık
yaşayırdılar. Qonşulara
qarışmırdılar. Kimsə
onları, bir xeyir, şər məclisində görməzdi.
Nə isə... bacım Sevda dedi ki, Leylagil köçürlər.
Təcili paltarlarını satır. Paltarların içərisində xəzdən olan
üst geyimləri daha çox idi. Sevda sonra onu da əlavə
etdi ki, büllur çilçıraqlarını da
satırlar...
Məni yola salmağa gələn Asya xala və başqa
qonşular da bu alverdən şübhələnmədik. Kimsə bilmədi
ki, bu təlaş nə üçündür. Aradan 2 həftə keçəndən sonra mən
Sumqayıtda o hadisələrin baş verdiyini eşitdim.
Qukasyan ailəsi itkin düşmüşdü.
Onları görən olmadı. Arakelyan Asya xalanın ailəsində isə çox
fəlakətlər oldu. Asya xalanın
başına çox işgəncələr gətirilmişdi,
ərini isə yandırıb külə döndərmişdilər.
Anam ağlaya-ağlaya deyirdi ki, onların evinə gələnləri
heç kim tanımayıb. Bu
adamlar əksəriyyəti erməniyə
oxşayırmış və ermənicə
danışırlarmış.
... Və
mən bir dəfə həmin hadisələrin guya “təşkilatçısı ” olan, güllələnmə
cəzası alan Əhməd Əhmədovun barəsində
yazı hazırlayırdım. O zaman Sumqayıt şəhər
prokurorluğunda Əzizağa adlı (üzr istəyirəm
ki, indi soyadını unutmuşam) bir hörmətli xüsusilə
mühüm işlər müstəntiqi ilə söhbət
elədim, o mənə Arakelyan ailəsinin niyə elə faciəyə
məruz qaldığının səbəbini dedi. Sən demə
Arakelyan 1950-ci illərdən fəaliyyət göstərən “KRUNK” cəmiyyətinə,
Sumqayıtda yaşadığı müddətdə 1 qəpik
də olsun pul ödəməyibmiş... buna görə də
aqibəti belə oldu...
“Space”
televiziyasında , “Panorama” qəzetində işlədiyim
vaxtlar, nə vaxtsa Gənclik şəhəri adlanan
Sumqayıtımı sevən birisi kimi, jurnalist səlahiyyətlərimdən
istifadə edib, 1988-ci ilin fevral ayının 28-də baş
verən dəhşətlər barədə televiziya və qəzet
üçün materiallar
hazırlayırdım. Və
hər il Sumqayıtın məktəbliləri, gəncləri
arasında bu
tarixi bilib bilmədikləri barədə sorğu
aparırdım. 90
faiz respondent xəbərsiz idi. Bilmirdi.
Unutmuşdular.
Bu problemlə
bağlı müxtəlif vaxtlarda, müxtəlif
insanların oturduğu kabinetlərinin qapısını döyüb dəfələrlə
Sumqayıt hadisələrinin baş verməsini anladan 5-6
metrlik bir lövhənin şəhərin görkəmli yerində
qoyulması barədə xahişlər etdim, təkliflər
verdim. Gülə-gülə “Borcumuzdur! Əlbəttə”-
deyib yola saldılar. Mənə verdikləri
sözü unutdular. Bu
gün həmin hadisələrdən 25 il
ötür. Bu 25 ildə Sumqayıtın o qədər
torpaqlarını iş adamlarına, ev
tikmək istəyənlərə istədikləri qiymətə
satıblar. Yaxşı alver gedib. Qazanıblar. Bu günə qədər də Sumqayıtda
mən və mənim kimi şəhərinin taleyi
üçün narahat olan onlarla vətəndaş bu lövhəni
görmək istəyir.
Uduzan isə gəncliyimizdir. Çox vaxt tarixindən xəbəri
olmayan, dünənki
tarixini bilməyən gəncliyimiz.
Bəs onlar bunu bilməyəcəklərsə, o şəhərə,
bu Vətənə necə sahib çıxa bilərlər?!
Qədim türk tarixini daşlara yazan Güntəkin
yadınıza gəlirmi?! Türk
dünyasının tarixini bu günümüzə Güntəkinin
daşlara yazdığı gətirdi, daşlar o tarixə
şahidlik etdi. Nə olar, ay Sumqayıt İcra Hakimiyyəti,
Bələdiyyə rəisləri,
siz də Sumqayıtda bir balaca torpaq sahəsi
tapıb, bir daş abidə
qoyun, o daşın üstünə şəhərimizin
başına gətirilən bəlanın doğru olanını
yazdırın. Yoxsa ki, ermənilər başqa
cür, özlərinə sərf eləyən kimi yazacaqlar.
Necə ki, yazırlar.
NƏTİCƏ:
Yuxarıda kələğayı söhbətini
yarımçıq saxlamışdım.
Sumqayıt hadisələrindən sonra Qarabağın
alınması planı mərhələ-mərhələ həyata
keçməyə başladı. O vaxtdan bu günə kimi, 22 ildir ki,
deyirik ki, torpaqlarımızı alacağıq. Mənim üçün ən
ağrılısı odur ki, gəzdiyim ölkələrdə
məndən “Torpaqlarınızı nə zaman geri
qaytaracaqsınız?” soruşulanda , xəcalət
çəkirəm. Deyirəm ki, “rus qoymur ki,
rus dayanıb erməninin arxasında. Dünya ictimaiyyəti
də erməniyə
bir güllə atan kimi, deyir ki, beynəlxalq
qaydaları pozursunuz. Ona görə də bacarmırıq”.
Bir dəfə
belə söhbətlərin birində bir dəliqanlı mənə
bilirsiniz nə dedi?! Dedi ki, “vuran oğul atasına baxmaz. Siz vuruşun qabağa gedin, sonra erməni
gücünüzü görüb geri çəkiləcək.
Halal torpaqlarınızı geri almaq üçün, çəkinməyin!
Onlar Sizin torpaqlarınızı zəbt ediblər...”. Razılaşdım dostumla. Ancaq biz hələ də
dünyanın reaksiyasını və “HƏ” deməsini
gözləyirik.
... HƏ...
Onu deyirdim axı. O kələğayını
o vaxt tapdamadılar. Üstündən keçmədilər.
Dedilər qeyrətimizdir. Ancaq
ondan sonra papaq qoymağa haqqı olmayan kişilərimizn
hamısı papaqla gəzir. Çünki
nə qədər ki, əsirlikdə qızlarımız, gəlinlərimiz
qalıb, bəlkə ləhcəmizi də itiriblər, ermənilərə
küçük doğublar, o papağı gəzdirməyə
haqqımız yoxdur axı. Bunu mən belə
fikirləşirəm. Hərdən generallarımıza da acığım
tutur. Fikirləşirəm ki, qəhrəmanlıq adları qaliblərə
yaraşır:
... Xilas
eləmirsə əsir qızları,
O əsgər,
general nəyimə gərək.
Vətən
torpaqları yağmalanıbsa,
Vətən Qəhrəmanı nəyimə gərək?!
Azərbaycan
Televiziya və Radio QSC-nin
Özbəkistan və Mərkəzi
Asiya Respublikaları
üzrə xüsusi müxbir postunun rəhbəri
Aida Eyvazlı
525-ci qəzet.-
2013.- 2 mart.- S.11.