Təhsil sahəsinin inkişafı və əməkdaşlıq
üçün Belarus təcrübəsi
Müstəqillik illərində təhsil sahəsində
Azərbaycanın beynəlxalq əlaqələrinin miqyası
xeyli genişlənib. Təhsil sahəsində geniş əlaqələrin
yaradıldığı, ikitərəfli tələbə
mübadiləsi proqramlarının həyata keçirildiyi
ölkələrdən biri də Belarusdur. Qurulan əlaqələr
sayəsində hazırda onlarlı azərbaycanlı gənc
sözügedən ölkənin nüfuzlu ali
təhsil müəssisələrində təhsil alır. Belarusiyanın təhsil sistemi müstəqillik illərində
ciddi dəyişikliklərə məruz qalmasa da,
islahatların həyata keçirilməsinə də kifayət
qədər diqqət yetirilib. 1991-ci ildə
“Təhsil haqqında” Qanun qəbul edilib. Ölkədə
əhalinin savadlılıq səviyyəsi 99,7
faiz təşkil edir. İbtidai və orta təhsil
pilləsində oxuyan şagirdlərin nisbəti Avropanın
inkişaf etmiş ölkələrinin göstəriciləri
ilə uyğundur. Dövlət məktəblərinin
daha çox olduğu Belarusda təhsilin bütün səviyyələri
üzrə təxminən 10 minə yaxın təhsil müəssisəsi
fəaliyyət göstərir. Bu təhsil
müəssisələrində təhsil alanların sayı 2
milyona yaxındır.
Təhsil naziri Misir Mərdanovun dediyinə görə,
Belarusun təhsil sisteminin qarşısında duran prioritet məsələlərdən
biri hamı üçün bərabər təhsil
imkanlarının yaradılmasıdır. Məktəbəqədər,
orta, texniki peşə, orta ixtisas və ali
təhsilə marağı artırmaq üçün kompleks
tədbirlər həyata keçirilir. Belarusda ümumi orta təhsil
səviyyəsi 3 pilləyə bölünür: ibtidai təhsil
pilləsi (I-IV siniflər),əsas təhsil
pilləsi (V-IX siniflər), tam orta təhsil pilləsi (X-XI
siniflər, axşam məktəblərində isə X-XII siniflər).
M.Mərdanov deyib ki, uşaqlar 6 yaşına qədər
məktəbəqədər təhsil müəssisələrinə,
daha sonra isə məktəbə qəbul edilir. Məktəbəqədər
təhsil icbari deyil. İbtidai təhsil pilləsində
şagirdlər ibtidai və ya orta məktəblərdə, eləcə
də gimnaziyalarda oxuya bilərlər: “Əsas təhsil pilləsi
bütün uşaqlar üçün icbari xarakter
daşıyır. İcbari təhsil pilləsinin
sonunda şagirdlərə əsas təhsil səviyyəsinə
dair sertifikat təqdim edilir. Bu sertifikat
şagirdlərə öz təhsillərini X-XI siniflərdə,
texniki peşə məktəblərində və ya
texnikumlarda davam etdirməyə imkan verir. Ümumi
orta təhsilə orta məktəblər, gimnaziyalar, liseylər,
kolleclər, o cümlədən ixtisaslaşmış orta məktəblərdə
yiyələnmək mümkündür. Orta
məktəbi bitirən şagirdlərə orta təhsil
haqqında sertifikat təqdim edilir. Gimnaziya
və liseylərdə daha yüksək səviyyəli tədris
mühiti formalaşdığına görə şagirdlər
həmin təhsil müəssisələrində oxumağa
üstünlük verirlər. Bir qayda
olaraq, liseylərdə universitetlərdə tədris aparan
müəllimlər işləyir, müasir tədris ləvazimatları
və avadanlıqlarından istifadə olunur. Gimnaziya və liseylərdə əsasən, daha
istedadlı və qabiliyyətli şagirdlər təhsil
alır. Ölkədə 212 gimnaziya, 29
lisey fəaliyyət göstərir”.
M.Mərdanov
qeyd edib ki, Belarusda ümumi, humanitar, elmi, incəsənət və politexnik təmayüllər
üzrə 5 növ lisey fəaliyyət göstərir. Liseylərə uyğun olaraq şagirdlərin
müvafiq profil üzrə ixtisaslaşması aparılır.
Kolleclərdə isə əsasən peşə
təhsilinə istiqamətlənmiş xüsusi orta təhsil
təklif edilir. Belə ki, kolleclərdə texniki peşə
təhsili ilə yanaşı, ümumi orta təhsil proqramı da tədris
olunur. Şagirdlər texniki peşə təhsilini,
həmçinin 9 illik əsas təhsil bazasını bitirdikdən
sonra da ala bilərlər. Ölkədə
219 texniki peşə məktəbi fəaliyyət göstərir.
Ölkə müstəqillik qazandıqdan sonra
başlanmış təhsil islahatları bu gün də uğurla
davam etdirilməkdədir. Bu islahatlar ölkənin
2020-ci ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə
tutan strateji proqram çərçivəsində həyata
keçirilir. Təhsillə bağlı
qanunvericilik bazası yenidən formalaşdırılır, təhsilin
ayrı-ayrı səviyyələri üzrə
normativ-hüquqi sənədlər hazırlanır. “Təhsil
haqqında” Qanuna əsasən, 2003-cü ildə “Texniki
peşə təhsili haqqında”, 2004-cü ildə xüsusi
təhsil ehtiyacları olan uşaqlar üçün
“Xüsusi təhsil haqqında”, 2006-cı ildə “Ümumi
orta təhsil haqqında” və 2007-ci ildə “Ali təhsil
haqqında” qanunlar qəbul edilib.
Təhsil
nazirinin sözlərinə görə, 2011-ci ildə təhsilin
inkişafı
üçün mühüm əhəmiyyət kəsb
edən Təhsil Kodeksi qəbul olunub. Bu sənədin
qəbulundan sonra təhsil sahəsində bir sıra müsbət
dəyişikliklər baş verib. Belə
ki, təhsilin strukturu dəqiqləşdirilib, təhsil səviyyələrinin
ad və məzmununda müəyyən dəyişikliklər
edilib. 2006-2010-cu illərdə orta məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
bir sıra ciddi işlər görülüb, tədris
prosesində kompüter texnologiyalarının tətbiqinə
daha geniş yer verilib. Bu dövrdə dərslik nəşri
üçün 96,2 milyard rubl (təxminən
35 milyon dollar) vəsait ayrılıb. 843 adda dərslik, dərs
vəsaiti və 192 adda
metodiki-tədris vəsaiti hazırlanıb: “Ölkənin
ali və orta ixtisas təhsili sistemi dövlət və özəl
sektora bölünür. Digər postsovet
respublikalarında olduğu kimi, dövlət təhsil müəssisələri
daha nüfuzlu hesab olunur. Orta ixtisas təhsili
dövrü şagirdlərin 9, yaxud da 11 il
orta təhsil almasından asılı olaraq, 2 və ya 4 il
davam edir. Orta ixtisas təhsili müəssisələrinə
texnikumlar, texniki məktəblər və kolleclər daxildir”.
Nazir vurğulayıb ki, ölkədə 121 dövlət,
11 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərir. Bu təhsil müəssisələrində 167,6 min nəfər təhsil alır. Belarus
Boloniya prosesinə qoşulduqdan sonra ali təhsil
sahəsində beynəlxalq əlaqələrini genişləndirib,
inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqinə
geniş yer verib. Ölkəyə gələn əcnəbi
tələbələrin və oxumaq üçün xaricə
gedən gənclərin sayı ilbəil artır.
Yüksək bal toplayaraq dövlət ali təhsil
müəssisələrinə qəbul olan tələbələr
üçün ödənişsiz təhsil imkanları
yaradılır. Özəl ali məktəblərdə
isə təhsil hamı üçün ödənişlidir.
Ölkədə təhsil siyasətinin həyata
keçirilməsini Təhsil Nazirliyi təmin edir.
Məktəbəqədər
təhsil haqda danışan M.Mərdanov bildirib ki, Belarusda məktəbəqədər
təhsil erkən yaşlı və məktəb yaşlı
uşaqların yaş və fərdi imkanlarını nəzərə
almaqla, hərtərəfli şəxsiyyətyönümlü
inkişafını təmin etməyə istiqamətlənib:
“Qeyd etdiyim kimi, məktəbəqədər təhsil icbari
deyil.Ölkədə 104 məktəbəqədər təhsil
mərkəzi, 87 sanatoriya rejimli uşaq mərkəzi, 981
uşaq bağçası, 2518
günüqısaldılmış qrup, həmçinin psixi
və fiziki imkanları məhdud olan uşaqlar
üçün 376 tərbiyə və təhsil qrupları fəaliyyət
göstərir. Körpələr evi və
bağçalarına uşaqların cəlb olunması 70
faiz təşkil edir. Məktəbəqədər təhsil
müəssisələrində çalışan ali təhsilli pedaqoqların sayı ilbəil
artır. Bu sahənin gələcək
inkişafı üçün “2009-2014-cü illərdə
Belarusda məktəbəqədər təhsil sisteminin
inkişaf proqramı” qəbul edilib. Bu
proqramda əsasən, məktəbəqədər təhsil
müəssisələrinin optimallaşdırılması,
uşaqların sağlamlığının qorunması,
göstərilən xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və maddi-texniki
bazanın, o cümlədən məktəbəqədər təhsil
sistemində işləyən işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması kimi məsələlər
əks olunub”.
M.Mərdanovun sözlərinə əsasən, Belarusda 6
yaşı tamam olmuş uşaqlar ibtidai təhsilə
başlaya bilərlər. İcbari təhsil mərhələsi
olan I-IX siniflər ümumi orta təhsil səviyyəsinin əsas
pilləsini təşkil edir. Ümumi orta
təhsil səviyyəsi şagirdləri mənəvi və
fiziki inkişafa təkan verən zəruri biliklərlə təmin
etməklə yanaşı, gələcəkdə əmək
və təhsil fəaliyyətinin davam etdirilməsinə
şərait yaradır. Qeyd etdiyimiz kimi, Belarusda ümumi
orta təhsil səviyyəsi 3 pilləyə
bölünür: ibtidai təhsil pilləsi (I-IV siniflər), əsas
təhsil pilləsi (V-IX siniflər), tam orta təhsil pilləsi
(X-XI siniflər, axşam məktəblərində isə
X-XII siniflər).
2011-ci
ilin statistik göstəricilərinə görə, ölkə
üzrə 3516
ümumi orta təhsil müəssisəsi fəaliyyət
göstərir. Onlardan 2265-i kənd, 1251-i isə
şəhər məktəbləridir. Həmin təhsil
müəssisələrində 940360 şagird təhsil
alır ki, onların da 220158-i (23,4 faiz) kənd,
720202-si isə (76,6 faiz) şəhər məktəblərinin
payına düşür. Ümumi təhsil
müəssisələrində tədris prosesi
altıgünlük dərs rejiminə əsaslanır. Həftənin bir gününü şagirdlər əsasən,
idman, əmək və yaxud da tədris istehsalat müəssisələrində
dərs keçirlər. Təhsil müəssisələrində
tədris əsasən, Belarus və rus dillərində
aparılır. Bundan əlavə, məktəblərdə,
ingilis, alman, fransız, ispan və Çin dilləri də tədris
olunur. Milli azlıqlara (polyak, Litva, Ukrayna və
digər xalqların) öz ana dillərini, mədəniyyətlərini
və ənənələrini öyrənmək imkanları
yaradılır. Tədris planına
uyğun olaraq icbari fənlərlə (74 faiz) yanaşı,
fakültativ fənlər (26 faiz) də tədris edilir. Fakültativ fənlər şagirdlərin istəyindən
asılı olaraq seçilir. Həmin dərslərdə
adətən hər qrupda 3-5 nəfər şagird olur:“Qeyd etdiyim kimi, gimnaziya və liseylərdə
daha yüksək səviyyəli tədris mühiti
formalaşdığına görə şagirdlər həmin
təhsil müəssisələrində oxumağa
üstünlük verirlər. Bir qayda olaraq,
liseylərdə universitetlərdə tədris aparan müəllimlər
işləyir, müasir tədris ləvazimatları və
avadanlıqlarından istifadə olunur. Gimnaziya
və liseylərdə əsasən, daha istedadlı və
qabiliyyətli şagirdlər təhsil alır. Ölkədə 212 gimnaziya, 29 lisey fəaliyyət
göstərir.
Belarusda
ümumi, humanitar, elmi, incəsənət və politexnik təmayüllər
üzrə 5 növ lisey fəaliyyət göstərir.
Liseylərə uyğun olaraq şagirdlərin
müvafiq profil üzrə ixtisaslaşması aparılır.
Kolleclərdə isə əsasən peşə
təhsilinə istiqamətlənmiş xüsusi orta təhsil
təklif edilir. Belə ki, kolleclərdə texniki peşə
təhsili ilə yanaşı, ümumi orta təhsil proqramı da tədris
olunur.Belarus məktəblilərinin əldə etdikləri
biliklər beynəlxalq olimpiada və müsabiqələrin nəticələrində
də özünü göstərir. Belə ki, son beş il ərzində keçirilmiş beynəlxalq
bilik yarışmalarında ölkə məktəbliləri
123 medal qazanıblar. Bunlardan 15-i qızıl,
48-i isə gümüş medaldır”.
Texniki peşə təhsili barədə danışarkən
təhsil naziri qeyd edib ki, Belarusda 219 texniki peşə təhsili
müəssisəsi fəaliyyət göstərir. Bu tədris
ocaqlarında 100 mindən artıq şagird təhsil
alır.Texniki peşə təhsili müəssisələri
ilə yanaşı, tam orta təhsil kolleclərində də
peşə təhsilinə istiqamətlənmiş xüsusi təhsil
təklif edilir. Ancaq həmin kolleclərdə
texniki peşə təhsili ilə yanaşı, ümumi orta
təhsil proqramı da tədris olunur. 9 illik əsas təhsil
bazasını bitirmiş şagirdlər də texniki peşə
təhsili ala bilərlər: “Bir məqamı xüsusilə
qeyd etmək lazımdır ki, Belarusun iqtisadi həyatında
texniki peşə təhsilli kadrların özünəməxsus
yeri var. 2006-2010-cu
illərdə iqtisadi və sosial sahələrdə
çalışmaq üçün 236000 nəfər texniki
peşə təhsilinə yiyələnib.
Texniki peşə təhsilinin inkişafına dövlət
tərəfindən hərtərəfli qayğı göstərilir. Bu sahənin
müasir tələblər səviyyəsinə
qaldırılması üçün müvafiq dövlət
proqramı həyata keçirilir, kadr
hazırlığında işəgötürənlərin
təklifləri nəzərə alınır. Görülmüş işlərin nəticəsidir
ki, texniki peşə təhsili müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilir, istehsalat təcrübələrinin
daha səmərəli təşkili məsələləri həllini
tapır. Texniki peşə təhsili
müəssisələrində təhsil alanların 96 faizindən
çoxu işəgötürən təşkilatların
sifarişi əsasında hazırlanır. Bütün
bu məsələləri tənzimləmək
üçün işəgötürənlə texniki
peşə məktəbləri arasında müvafiq müqavilələr
imzalanır.
Texniki peşə təhsili üzrə Belarusun əldə
etdiyi təcrübə bir sıra ölkələrdə tətbiq
edilməkdədir. Təsadüfi deyil ki, ölkənin bu sahədə
qazandığı uğurlar Avropa Təhsil Fondu tərəfindən
də yüksək qiymətləndirilir”.
M.Mərdanov
bildirib ki, Belarusda ali və orta ixtisas təhsili
sistemi dövlət və özəl sektora bölünür.
Digər postsovet respublikalarında olduğu kimi,
dövlət təhsil müəssisələri daha nüfuzlu
hesab olunur. Orta ixtisas təhsili müəssisələrində
tələbələrin şəxsiyyət kimi
inkişafına və iş həyatına
hazırlanmasına xüsusi diqqət yetirilir, onlara dərin nəzəri
biliklər verilir. Ölkə üzrə
ümumilikdə orta ixtisas təhsili almış 900 minə
yaxın işçi ayrı-ayrı sahələrdə
çalışır. Bu isə respublikadakı
ümumi işçi qüvvəsinin 23 faizinə bərabərdir:
“Qeyd etdiyim kimi, ölkədə 121 dövlət, 11 özəl
orta ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərir. Həmin məktəblərdə 167,6 min şagird təhsil alır. 2006-2010-cu
illərdə orta ixtisas təhsili müəssisələrində
ölkə həyatının müxtəlif sahələri
üçün 216 min mütəxəssis hazırlanıb.
Son illərdə həyata keçirilən tədbirlər
sayəsində orta ixtisas təhsilli kadrların məşğulluq
məsələlərinin həlli göstəriciləri xeyli
yaxşılaşıb. Bu, əsasən, orta ixtisas təhsilli
mütəxəssislərin hazırlanması zamanı
sosial-iqtisadi tələblərin düzgün
proqnozlaşdırılması sayəsində mümkün
olub. Dövlət ali təhsil müəssisələrində
yüksək bal toplamış şəxslər
üçün ödənişsiz təhsil imkanları
yaradılır. Özəl ali məktəblərdə
isə təhsil hamı üçün ödənişlidir.Ali
təhsil müəssisələrinin fəaliyyətinə də
Təhsil Nazirliyi nəzarət edir. Akkreditasiya,
lisenziya verilməsi, o cümlədən Dövlət Təhsil
Standartlarının işlənilib hazırlanması və tətbiq
edilməsi məsələlərini Təhsil Nazirliyi tənzimləyir.
1998-ci ildə ali təhsil müəssisələrinin
daha səmərəli idarə olunmasının təşkili
ilə bağlı Ali Təhsilin İnkişafı
Konsepsiyası qəbul edilib.1994-cü ildən ölkədə
ikipilləli ali təhsilin (bakalavriat və magistratura pillələri)
tətbiqinə başlanılması Belarusun təhsil tarixində
mühüm hadisələrdən biridir. Hazırda ali təhsil 4 illik bakalavriat və 2 illik
magistratura pillələrindən ibarətdir. Bakalavriat pilləsində
tələbələrə öz ixtisaslarına dair ümumi
bilik və bacarıqlar aşılanır, onların
intellektual, eləcə də yaradıcılıq
potensialı inkişaf etdirilir. Magistratura təhsili
pilləsində mütəxəssis hazırlığı
daha da dərinləşdirilir, tələbələr elmi tədqiqat
işlərinin aparılması vərdişlərinə yiyələnirlər.
Belarusda 45 dövlət və 10 özəl ali
təhsil müəssisəsi fəaliyyət göstərir.
Belarus Dövlət Universiteti, Dövlət İncəsənət
Akademiyası, Dövlət Pedaqoji Universiteti, Minsk Dövlət
Ali Radiotexniki Kolleci, Dövlət Kənd Təsərrüfatı
Akademiyası, Dövlət Fiziki Tərbiyə Universiteti,
Belarus-Rusiya Universiteti, Minsk Dövlət Dillər Universiteti və
digər ali təhsil müəssisələrində 300000-ə
yaxın tələbə təhsil alır. Ali təhsil
müəssisələri içərisində öz
nüfuzuna görə fərqlənən Belarus Dövlət
Universiteti 1921-ci ildə təsis olunub. Zəngin
ənənələri olan universitetin 17 fakültəsində
tələbələr üçün geniş təhsil
imkanları yaradılıb. Ali məktəblərdə
bakalavriat pilləsi üzrə 438, magistratura pilləsi üzrə
isə 192 ixtisas tədris olunur. Belarusda 2006-2010-cu illərdə
302000-dən artıq ali təhsilli mütəxəssis
hazırlanıb. Son beş il ərzində
tələbə kontingentinin ümumi sayı 400000-ə
yaxınlaşıb”.
Təhsil
nazirinin dediyinə görə, son illər Belarusda müşahidə edilən
iqtisadi inkişaf meyilləri elmi tədqiqat sahəsindən də yan keçməyib. Aspirantura və
doktorantura səviyyələrində mütəxəssislər
müstəqil elmi araşdırmalar aparır, konkret sahələr üzrə dərin nəzəri
biliklərə yiyələnirlər. Müvafiq statistikaya
görə, ölkədə ictimai və humanitar elmlərə
(46,5 faiz), texniki (18,7 faiz), incəsənət
(14,1 faiz), tibb (13,2 faiz), kənd təsərrüfatı (4,1
faiz) sahələrindən daha çox maraq göstərilir.
Elmi tədqiqat işlərinin yerinə yetirilməsində ali məktəblər xüsusi çəkiyə
malikdir. 2010-cu ildə ali təhsil müəssisələri
dövlət tərəfindən sifariş olunmuş,
fundamental və tətbiqi elmləri əhatə edən 1766 tədqiqat
işindən 735-ni həyata keçirib. Universitetlər
həmçinin ölkənin 300 istehsal müəssisəsi
ilə əməkdaşlıq edir, onların sifarişi əsasında
elmi tədqiqat layihələrini yerinə yetirirlər. Biznes strukturlarının yaradılması layihələri
də universitetlərin innovasiya fəaliyyətinin səmərəli
inkişaf istiqamətlərindən birini təşkil edir.
Ali təhsil müəssisələri belə
layihələrdən kifayət qədər iri məbləğlərlə
ölçülən qazanc götürür. Həmçinin, müvafiq elmi tədqiqat layihələri
əsasında əldə edilən məhsulların ixracı
həyata keçirilir. Həmin məhsullar
dünyanın 30-dan artıq ölkəsinə göndərilir.
2010-cu ildə innovasiya infrastrukturunun yaradılması və
inkişaf etdirilməsi məqsədilə Viteb Texnoloji
Universiteti və Poloç Dövlət Universitetində
elmi-texnoloji parklar, Xarbin şəhərində müştərək
Belarus-Çin innovasiya mərkəzləri, A.D.Saxarov adına
Beynəlxalq Dövlət Ekoloji Universiteti nəzdində
Texnologiya Transfer Mərkəzi, Çinin Çan Çun
şəhərində müştərək Belarus-Çin
texnoparkı yaradılıb. Bu sahədə
çalışan kadrların təkmilləşdirilməsi
üçün də müvafiq addımlar
atılır.Belarus universitetləri 58 ölkənin tədqiqat
qurumları ilə elmi və elmi-texniki əlaqələr
yaradıb. Bu baxımdan imzalanmış
700-dən çox müqavilə çərçivəsində
əməkdaşlıq inkişaf etdirilir, birgə elmi tədqiqat
layihələrinin əhatə dairəsi genişləndirilir.
Belarus Milli Elmlər Akademiyası 1929-cu ildə
təsis edilib. Akademiyanın işçi
heyətinə və tabeliyində olan institutlarda 5900 tədqiqatçı,
11200 laborant və texniki işçi çalışır.
Akademiya müxtəlif ixtisaslar və elmi tədqiqat
işlərini özündə birləşdirir. Hazırda 89 akademik, 126 müxbir üzv akademiyada və
universitetlərdə kənd təsərrüfatı, sənaye,
səhiyyə xidməti və digər çoxsaylı sahələr
üzrə tədqiqat işləri aparır.
Nazir vurğulayıb ki, Belarusda ixtisasartırma təhsili
ilə bağlı 390-dan artıq tədris müəssisəsi
fəaliyyət göstərir. İxtisaslar üzrə
təkmilləşdirmə, təcrübə keçirilməsi
və kadrların yenidən hazırlanması prosesinə
550000 işçi (ölkə üzrə ümumi
işçi qüvvəsinin təxminən 14 faizi) cəlb
olunub.
Müxtəlif peşə sahiblərinin
ixtisaslarının təkmilləşdirilməsi təhsilin
ayrı-ayrı pillələri üzrə aparılır. Yaşlıların
əlavə təhsili proqramının əsas hədəfi əhalinin
məşğulluq probleminin həllinə təkan verməkdən,
istehsal müəssisələrini müvafiq bilik və
bacarıqlara yiyələnmiş işçilərlə təmin
etməkdən ibarətdir. Ölkədə
uşaq və gənclərin əlavə təhsilinə də
maraq böyükdür. Uşaqların
bilik və bacarıqlarının inkişafı, peşə
seçiminin müəyyənləşdirilməsi və
onların cəmiyyətin tələblərinə uyğun
şəkildə hazırlanması baxımından əlavə
təhsil mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclərin əlavə təhsili
çərçivəsində idmanın müxtəlif növləri
üzrə ixtisaslaşmış tədris-idman kompleksləri
fəaliyyət göstərir. Bu tədris
müəssisələrində 70 minə yaxın şagird və
gənc məşğul olur. Fasiləsiz peşə təlimi,
ali və orta ixtisas təhsil səviyyələrində
əlavə təhsil imkanları da kifayət qədər
genişdir. Yaşlıların əlavə təhsili
müəssisələri və ixtisaslaşmış tədris
mərkəzləri əmək bazarının tələblərini
öyrənir, daha sonra isə işsizləri əlavə təhsilə
cəlb edir. Yaşlıların əlavə
təhsili müvafiq bacarıqlara yiyələnmək
üçün təcrübə keçən, təhsilini
davam etdirmək və əmək bazarının tələblərinə
uyğunlaşdırmaq istəyən şəxslərin
peşə baxımından təkmilləşdirilməsinə
imkan verir.
Yaşlıların əlavə təhsili sistemini inkişaf
etdirmək məqsədilə
Belarusda ömürboyu təhsil prinsipinə əməl
olunur. Gələcəkdə ölkənin innovativ
inkişaf tələblərinə uyğun olaraq kadrların
yenidən hazırlanması və təkmilləşdirilməsi
işinin daha səmərəli təşkili nəzərdə
tutulur.
M.Mərdanov
deyib ki, Belarus Avropa ali təhsil məkanında
ixtisasların qarşılıqlı tanınması-Boloniya
prosesinə qoşulmaqla dünya təhsil məkanının
fəal iştirakçısına çevrilib. Ölkə milli və mədəni özünəməxsusluğunu
saxlamaqla dünya təhsil məkanına inteqrasiyanı
reallaşdırmaq, elmi tədqiqat sahəsində əməkdaşlığı
genişləndirmək üçün ardıcıl
addımlar atır.Təhsil sahəsində müxtəlif
ölkələr və beynəlxalq təşkilatlarla 60-dan
çox müqavilə imzalanıb. Beynəlxalq
müqavilələrin tərəfdaşları arasında
Rusiya, Venesuela, Hindistan, Çin, Qazaxıstan, İsveçrə,
Almaniya və digər ölkələrin adlarını
çəkə bilərik. Fransa, Finlandiya, Avstriya, Belçika,
Polşa, Çexiya, Böyük Britaniya, Latviya, Litva, ABŞ,
Koreya və digər ölkələrlə daha çox elmi tədqiqat
sahəsində əlaqələr yaradılıb.
YUNESKO,UNİCEF, Avropa Təhsil Fondu kimi nüfuzlu
beynəlxalq təşkilatlarla əlaqələrə də
xüsusi diqqət yetirilir. Ölkədə TEMPUS, TASİS,
ERASMUS, MUNDUS və digər beynəlxalq təhsil proqramları
uğurla həyata keçirilir. Alman Akademik
Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq
tələbə mübadiləsinin genişlənməsinə
yol açır. Beynəlxalq təhsil proqramlarından hər
il təxminən 16 min nəfər yararlana
bilir. Əcnəbi tələbələrin də
təhsil proqramlarından bəhrələnməsi
üçün çevik sistem yaradılıb. Belarusda təhsil almaq istəyən əcnəbi tələbələrin
maraqları, ixtisas tələbləri nəzərə
alınır. Rus dilini bilməyən əcnəbi
tələbələr üçün hazırlıq kursları
təşkil edilir. Təsadüfi deyil ki, ölkənin ali məktəblərində təhsil alan əcnəbi
tələbələrin sayı son 5 il ərzində 10 min nəfərə
çatıb.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2013.- 2 mart.- S.14-15.