Şabran-qədimliklə müasirliyin
qovuşduğu məkan
Azərbaycan
Respublikasının ərazisi fiziki-coğrafi baxımdan beş vilayətə bölünür. Bunlardan biri də Böyük Qafqaz fiziki-coğrafi
vilayətidir. Bu vilayət Azərbaycan ərazisinin
şimal və şimal-şərq hissəsində yerləşir.
Ərazi həm dağlıq, həm də
düzən relyefə malik olduğu üçün burada
bütün landşaft tiplərinə rast gəlinir.
1930-cu ildə təşkil edilmiş Şabran rayonunun ərazisi
keçmişdə qədim Şirvan yolunda hərəkət
edən dəvə karvanlarının dayanacaq yeri olub, burada Həftə
bazarı keçirilib. Yerləşdiyi coğrafi məkanın mərkəzi
yeri olan bu ərazinin adı ilə rayon 1944-cü ilədək
Dəvəçibazar, sonralar Dəvəçi rayonu, 2010-cu
ildən isə Şabran rayonu adlandırılır.
Şabran rayonu Böyük Qafqaz fiziki-coğrafi vilayətinin
şimal-şərq hissəsində yerləşir. Rayonun ərazisi
1088 km2 sahəyə malikdir. Rayonun
iqtisadi-coğrafi mövqeyinin başlıca xüsusiyyəti
onun turizm imkanlarını artırır. Belə
ki, rayonun Yan silsilə ilə Xəzər dənizi
arasında, şimala gedən tranzit yolunun üzərində
yerləşməsi burada infrastrukturun inkişafına əlverişli
şərait yaradır.
Rayonun düzən ərazisinin yarımsəhra
landşaftı olmasına baxmayaraq, Gəndov ərazisində
intirazonal landşaftın (meşələrin) olması burada
gözəl təbiət mənzərələrin
yaranmasına səbəb olub. Eləcə də, Xəzər
dənizi sahilində qızıl qumluqların və
dağlıq hissədə mineral bulaqların mövcudluğu
turizmin inkişaf prespektivlərinə geniş imkanlar
açır.
Yuxarıda
qeyd etdiyimiz kimi, Şabran rayonu turizm üçün əlverişli zonadır. Rayonda həm yay, həm də qış istirahəti
üçün coğrafi imkanlar var. Relyefi müxtəlif
olan rayon şərqdə Xəzərin mavi ləpələri
ilə qovuşur.
Düzənliklər tədricən təpəliklər,
daha sonra meşələr, sonra da dağlarla əvəzlənir. Sinəsini dənizə
açmış Şabran kürəyini, necə deyərlər,
dağlara söykəyib. Rayonun sıx
meşələri, sıldırım qayalar arasından axan
çaylar və müalicəvi əhəmiyyətə malik
olan kükürdlü su bulaqları var.
Artıq rayonda bir neçə turizm-istirahət obyekti
yaradılıb. Ötən il “Qalaaltı”
sanatoriyasının bazasında irihəcmli müalicə mərkəzi
və turist istirahət hotel kompleksinin inşasına
başlanılıb. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müraciəti əsasında ekstremal turizmin
inkişafı üçün 2011-ci ildə Nohurlar və
Çinarlar kəndində iki yerdə ayrılmış
torpaq sahələrində düşərgələrin
salınması nəzərdə tutulub.
“Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
Şabran rayonu ilə bağlı müddəalarının
bölgədə uğurla icra olunması digər sahələrdə
olduğu kimi, rayonda mədəniyyətin, turizmin
inkişafına da
təkan verib.
Şabranda turizmin inkişafı üçün
böyük potensial var. Hələ 2007-ci ilin avqust ayında
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
Şabranda olarkən rayonun çox geniş turizm
potensialına malik olduğunu qeyd edib. Bölgədə
turizmin inkişafı ilə yaxından maraqlanaraq bir neçə
əraziyə baş çəkib.
Qeyd edək
ki, yenidən qurulan, açılışında ölkə
başçısının şəxsən iştirak etdiyi
rayon Tarix-Diyarşünaslıq Muzeyində qədim
Şabranın ulu tarixini əks etdirən, turistlər
üçün də maraq kəsb edəcək çoxlu
eksponat var. Tarixi abidələrə gəlincə, ümumilikdə
Şabran rayonunda 15-dək tarixi abidə qeydə
alınıb.
Şübhəsiz ki, onlardan ən möhtəşəmləri
qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin
həm mədəni irs nümunəsi, həm
də turizm potensialı kimi təbliği yönündə
müəyyən işlər görülüb.
Rayon mərkəzinin şimal girəcəyində
Şabranın qədim tarixini özündə əks etdirən
və maraqlı kompozisiyaya malik “Şabran”, “Çıraqqala”
kompleksləri yaradılıb. Şabran şəhərinin
cənub girəcəyində isə yeni mədəniyyət
obyekti – “Poeziya evi” inşa edilib. Poeziya evinin
qarşısında keşməkeşli ömrünün bir
qismi Şabranda, zindanda keçmiş, öz ölməz “Həbsiyyə”sini
burada yaratmış XII əsr klassik poeziyamızın banilərindən
olan Xaqani Şirvaninin möhtəşəm abidəsi
ucaldılıb.
Qədim Şabran şəhəri və
Çıraqqala odlar yurdu Azərbaycanımızın
ümumdünya əhəmiyyətli nadir tarixi abidələrindəndir.Zəngin
tarixə malik Şabran doğma Azərbaycanımızın
siyasi, iqtisadi və mədəni həyatında mühüm
iz qoyan, şəhərsalma tarixinin nadir nümunələrindən
olan şəhərlərimizdəndir.
Tədqiqatçılar yazılı tarixə malik mənbələrə
və şəhərin müxtəlif hissələrində
aparılan arxeoloji qazıntılara əsasən burada hələ
eramızın əvvəllərində yaşayış məskəni
olduğu qənaətinə gəliblər.Şabranın
yaranması, şəhərin adının etimologiyası ilə
bağlı fikirlər müxtəlifdir. Şəhərin
adının burada yaşayan yerli türk tayfalarında olan
sabirlərin adı ilə bağlı əvvəllər
Saburan, sonralar isə fonetik səs dəyişikliklərinə
uğrayaraq Şabran şəklinə düşdüyü
güman edilir.
Şəhərin Sasanilər sülaləsindən olan
Şah Xosrov Ənuşirəvan tərəfindən qala-şəhər
kimi tikildiyi də yazılı mənbələrdə qeyd
olunur. Şabranda qaynar şəhər həyatı əsasən
IX-XV əsrlərə təsadüf edir. Tarixən
böyük savaşların meydanına çevrilən şəhər
XIII əsrin ortalarında monqolların hücumu nəticəsində
ciddi dağıntılara məruz qalır.XIII əsrdən
etibarən, Şabran tamamilə tənəzzülə
uğrayır və indi bu günümüzə qədim
şəhərin xarabalıqları gəlib
çıxıb. Amma qədim şəhərin
xarabalıqları əsasında tariximizin bir çox sirli
qatları, öyrənilməmiş səhifələri, əfsanə
və rəvayətlərlə dolu olayları qalıb.
Təsadüfi
deyil ki, respublika Mədəniyyət və Turizm Nazirliyinin
“Xalq yaradıcılığı paytaxtları proqramı”na əsasən Şabran şəhəri
2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilmişdi. Rayonun Şabran tarixi adının bərpa edilməsi
kimi, 2011-ci ildə “Əfsanələr paytaxtı” elan edilməsi
də Şabranın qədimliyinə verilən qiymət idi.
XVII əsr məşhur türk səyyahı və
tarixçisi Övliya Çələbinin verdiyi məlumata
görə Şabranda yetmiş məhəllə və hər
məhəllənin öz məscidi olub. Bu da şəhərin
bir vaxtlar gur həyatından xəbər verir. Çələbinin yazdığına görə
öz gözəl havası və saf suyu ilə Şabran Təbrizdən
sonra ikinci şəhər hesab olunurdu.
Şabran
şəhərinin xarabalıqlarında beş
yerdə arxeoloji qazıntı işləri aparılıb. Qazıntılar nəticəsində altı metr zəngin
arxeoloji təbəqə yaranıb. Arxeoloqlar
dörd tikinti dövrü aşkara çıxardıblar.
Azərbaycanda IX əsrə aid ilk kanalizasiya
sistemi məhz Şabranda aşkar olunub. Şəhərdə
su kəmərlərinin qalıqları, orta əsr Azərbaycan
şəhərlərində ilk küçələr məhz
Şabranda aşkara çıxarılıb.
Çıraqqala ölkəmizin III-V əsrlərdən
günümüzə qədər gəlib çatan
ümumdünya əhəmiyyətli nadir yerüstü abidələrindən
biridir. Ümummilli
lider Heydər Əliyevin 23 iyun 2003-cü il
tarixli sərəncamı ilə “Çıraqqala” Tarixi
Memarlıq Qoruğu elan olunub.
“Çıraqqala”nın yerləşdiyi möhtəşəm
Gilgilçay səddi, bəzi mənbələrə görə,
məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng
müdafiə istehkamıdır. Bu sədd
faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün
olan bütün yolları bağlayır. Səddin
üzərində hər 32,5 metrdən bir
bürc və ya qüllə ucaldılıb. Səddə ən
böyük bürcün hündürlüyü 14,7 metr, eni isə 7,2 metrdir. Divarlar
və bürclər əsasən bişmiş və çiy
kərpicdən hörülüb. Çıraqqala
memarlıq baxımından nadir sənət incisidir. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17
bürcdən ibarət düzbucaqlı formasındadır.
Çıraqqala
təkcə tarixi abidə deyil, həm də qoynunda şəfa
qaynağı olan bulaqları ilə turistlər
üçün cəlbedici məkan ola
bilər.
Hələ keçən əsrin 80-ci illərində
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə bu qədim tarixi abidələrə
diqqət və qayğı artırılmışdı. 1981-1983-cü
illərdə Heydər Əliyevin birbaşa rəhbərliyi
altında qədim Şabran şəhərinin
xarabalıqları tədqiq edilərək üzə
çıxarıldı və burada geniş tarixi-arxeoloji tədqiqatlar
aparıldı. Ulu öndər Heydər Əliyev
Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə
də tariximizə olan diqqət və qayğısını əsirgəməyib.
Belə ki, Heydər Əliyevin 2003-cü il
iyun ayında imzaladığı sərəncama əsasən
rayonumuzun ərazisində yerləşən qədim Şabran
şəhəri və Çıraqqala abidələri tarixi
qoruq statusunu alıb.
2011-ci ilin möhtərəm Prezidentimiz tərəfindən
“Turizm ili” elan olunması Şabranda da dövlət səviyyəsində
bir sıra turizm layihələrinin həyata keçirilməsinə
geniş imkanlar yaradıb. Dövlət
başçısının xüsusi göstərişinə
əsasən rayonun Pirəbədil kəndi ərazisində
“Yazıçılar evi”nin tikintisi, Qalaaltında doqquz mərtəbəli
otel kompleksinin tikintisi, Qaraqaşlı kəndi
yaxınlığında, Xəzər dənizi sahilində
ekoloji cəhətdən təmiz şəhər kompleksinin
(500 min nəfər) inşası, Xəzər dənizi sahilindən
Qalaaltı istirahət mərkəzinə nəhəng kanat
yolunun çəkilməsi nəzərdə tutulub.
Osman Osmanov,
Şabran şəhər 4 nömrəli
tam orta məktəbin coğrafiya müəllimi
525-ci qəzet.-
2013.-5 mart.- S.8.