Milli teatr düşüncəsinin konflikti
140 İLLİK TEATR
KEÇMİŞİ
Mən Azərbaycan
teatr tarixinin tədqiqatçısı deyiləm, bu yolda aktiv
araşdırmalar aparmıram: çünki bu tarix müxtəlif
teatrşünaslar tərəfindən müxtəlif zaman
dönəmlərində müxtəlif həcmlərdə dəfələrlə,
lakin eyni bir siyasi-ideoloji istiqamətdə, eyni bir ictimai-sosial
pafosla, təqribən eyni bir düşüncə tərzilə,
eyni kulturoloji məqsədlərlə və eyni
araşdırma metodları ilə yazılıb: nəinki
yazılıb, hətta“bellənib”, “şumlanıb” və indi
artıq “dincə qoyulub”. Bu da birmənalı şəkildə
o anlama gəlir ki..
Azərbaycan
teatr tarixilə ilişikli nə indinin özündə, nə
də gələcəkdə qlobal, taleyüklü faktoloji “kəşflər”
gözlənilmir.
Odur ki, mən
Azərbaycan teatr təfəkkürünə, sadəcə
olaraq, bəzi təzə yozumlar gətirmək,teatr tarixinin səhifələrinə
səpələnmiş mənaları aktivləşdirəcək
qələviləri müasir teatr düşüncəsinə
qatmaq niyyətindəyəm. Fikir perspektivində məqsədim
budur ki, tapım-görüm, peşəkar teatrın tarixində
bu sənətə olan millət sevgisi, xalq sevgisi əvvəlcə
nələrdən cücərib boy atdı, böyüdü,
sonradan isə necə oldu tükəndi, nədən tükəndi
və niyə tükəndi. Azərbaycan teatrı həmişə
bizim teatr olub, milli düşüncəmizin teatrı olub,
lokal məkanın teatrı olub, məhəllə teatrı
olub, qohum-qonşuların teatrı olub, məmləkətin mədəni
həyatının energetik mərkəzi sayılıb və
heç elə halətə düşməyibki, yetim kimi
boynunu burub bir kənarda dursun. İndisə Azərbaycan
teatrı ola-ola, işləyə-işləyə,
tamaşalar hazırlaya-hazırlaya sanki o, bir özgəsidir,
yaddır, özünə qapanmış bir adadır.
Tamaşalar oynanılır, bir ovuc teatrsevər, bir ovuc
şünas, bir ovuc qəzet-jurnal əhli, bir ovuc da telexəbərçi
gedib onlara baxır, konteksti nəzərə alıb məqalələr
də yazır, reportajlar da çəkir; amma tamaşalar
ictimai həyatda, mədəniyyət aləmində partlayışa
çevrilmir ki, çevrilmir. Bunun bir xeyli səbəbləri
mövcud: hamısından danışmaq mümkünsüz;
hansını əvvələ çəkmək məsələsi
də müəmma. Mənsə... ilin-günün bu
vaxtında elə hesab eləyirəm ki, bu səbəblərin
birincisi və ən mühümü bizim teatr
düşüncəmizin özüdür, bizim teatr
düşüncəmizin konfliktidir.
Bu
xüsusda mən ondan başlamaq istəyirəm ki, tarixlə,
yəni zaman və məkan içində düzənlənən
hadisələr zəncirilə, ayrı sözlə, bəşəri
faktoloji fabula ilə tarixi yaddaşda qalmış süjet fərqli-fərqli
şeylərdir.
Tarix
faktlara söykənir, tarixi yaddaş – fakt ətrafında
xalqın dilində gəzən söhbətlərə,
camaatın müəyyən bir hadisə ilə bağlı
uydurduğu miflərə, əfsanələrə, hekayətlərə.
Tarixi
yaddaş faktın, olayın xalq qavrayışıdır,
xalqın fikir improvizəsidir, nağıl variantıdır. Hər
bir etnik coğa (qrup) öz tarixi yaddaşını
formalaşdırır: bunu mən yox, fransız Moris Albvaks
söyləyib.
Tarix
içrə faktın mimikası olmur.
Tarixi
yaddaşda isə fakt ifadə plastikası qazanır.
Tarix
faktı yaşadır, tarixi yaddaş isə, əgər belə
demək mümkünsə, faktın imicini.
Tarixi
yaddaş tarixi faktın və ya hadisənin
pritçasıdır.
Tarix
imlaya, tarixi yaddaş isə inşaya bənzəyir.
Tarix
şəxsiyyətlərdən yazır, tarixi yaddaş
yalnız dahilərdən danışır.
Tarix
tarixi faktların və tarixi mənbələrin ciddi şəkildə
araşdırılıb öyrənilməsinin elmi nəticəsidir
və sosial-siyasi qıcıqlar, təsirlər fövqündədir.
İdealda tarix dəyişmir və dəyişdirilmir.
Tarixi
yaddaş və ya kollektiv yaddaş isə ictimai həyatın
ayrılmaz hissəsidir: ona görə də toplumun tələblərinə
uyğun şəkildə yeniləşə, başqalaşa
bilər. Çünki folklor təbiəti daşıyır,
çünki cəmiyyətin rituallarına istinad eləyir,
rituallardan qaynaqlanır. Gərçi tarixi yaddaş yoxdursa,
tarixçi, əksərən, tapdığı faktla nə
edəcəyini bilmir. İbtidai icma quruluşu ilə, qədim
insanlarla bağlı faktlar var, tarixi yaddaş isə bizə
heç nə demir. Odur ki, biz ibtidai insanı heç vədə
özümüzdən bilmirik.
Tarixçilərin
kitablarını çox az adam oxuyur, tarixi yaddaş isə
diri-diri bizim yanımızdadır və hətta müasir
ritualların içində transformasiya prosesindən
keçir.
Azərbaycan
teatrşünasları da milli teatrın tarixini bir qayda olaraq
tarixi yaddaşın diktəsi, basqısı ilə
yazıblar, tarixi yaddaşın tanıtdığı teatra,
tamaşalara, aktyorlara, rejissorlara vurğunluq hissilə
yazıblar; teatr sənətçilərini “dahi”,
“mücahid”, “fədai” adlandırıb yazıblar. Azərbaycan
teatrının maarifçi pafosu həmişə sənətin
özündən bir addım öndə olub. Bu müstəvidə
tarixi yaddaş, əksərən, tarixdən, tarixi gerçəklikdən,
tarixi olayların, faktların özündən və tədqiqatçı
şəxsiyyətindən yuxarıda dayanıb, obyektivlikdən
üstün tutulub: tarixi yaddaş Azərbaycan teatrının
keçmişini müqəddəsləşdirib, mifləşdirib,
tarixi fakta münasibəti formalaşdırıb, yəni
tarixi yaddaş tarixi faktın özündən qabaqda gedib. Elə
bu üzdən müəyyən elmi-nəzəri ümumiləşdirmələr,
definisiyalar və dəyərləndirmələr tarixilik
baxımından obyektiv və dəqiq alınmayıb.
Tarixi
yaddaş və ya kollektiv yaddaş ol vədə aktuallıq kəsb
edir ki, tarix sısqalaşır, yalanlarla dolub
cılızlaşır, təhriflər və təriflər
içində batır, yabançı-sxematik yazı
üslubunun çərçivəsində aydın anlatmaq və
təsirləndirmək qüvvəsini itirir. Həmin
çağlarda insanlar tarixə yox, kollektiv yaddaşa
müraciət edirlər: çünki tarixə etibarları,
inamları qalmır. Tarixə etibarsızlıq isə
müasirlərə etibarsızlıqdır. Çünki
tarix müasirlərin sənədlər əsasında
quraşdırdığı, sıraladığı,
düzüm verdiyi konseptual tarixdir.
Tarixi fakt
həqiqətdir.
Tarixi
şərait və tarixi münasibətlər gümandır.
Tarixi
yaddaş isə təəssüratdır, imicdir, ağız ədəbiyyatının,
başqa sözlə, folklorun ormalarından biridir, ritualda
yaşayan tarixdir.
Tarixdə
də subyektiv məqamlar ola bilir: orada faktın, hadisənin
yozumu var, şərhi var.
Tarixi
yaddaş isə faktı götürüb improvizə eləyir:
bərpaçılıqla və romançılıqla məşğul
olur.
Kollektiv yaddaş
Azərbaycanda teatr sənətinin tarixilə bağlı bunu
deyir ki, bizim bu azərbaycanlılar, milli mentallığa rəğmən,
qafqazlı-müsəlman ənənələrinə rəğmən,
vərdişlərə, şakərlərə rəğmən
teatrı sevən bir xalq olub, bir az da kobud desəm, lap
teatrın ölüsü olub, teatr üçün sino gedib.
Niyə mən belə bir fikir yürüdürəm?
İş bu ki, mən Azərbaycan teatrı, onun
keçmişi haqqında təəssüratlar
mozaikasını teatrın tarixindən yox, xalqın tarixi
yaddaşından, millətin teatr folklorundan bir-bir rəngbərəng
şüşə qırıqları kimi
yığmışam. Mən hələ uşaq ikən evdə,
məhəllədə, bayır-bacaqda yaşlı adamlardan
öyrənmişəm ki, Sidqi Ruhullanın Qacarına, Ələskər
Ələkbərovun Vaqifinə, Otellosuna tamaşa etmək
üçün camaat teatroya hücum çəkib
qapıları sındırarmış... rayonlardan məxsusi
durub Bakıya gələrmiş... kassadan bilet almaq
üçün bir-birinin çiyni üstündən
aşıb keçərmiş... Abbas Mirzə Şərifzadənin
dilindən bircə kəlmə “Cülyetta” sözünü
eşitmək üçün saatlarla onun arxasına
düşüb gəzərmiş... Mirzə Ağa Əliyevlə
bağlı lətifələr isə Bakı əhlinin dilindən
düşməzmiş... Adətən, tarix
kitablarında“teatroya hücüm çəkib qapıları
sındırmaq”, “rayonlardan durub gəlmək”, “kassadan bilet
almaq üçün bir-birinin çiyni üstündən
aşmaq” məsələsi yazılmır. Ondan ötrü
ki, bu, xalis mifdir.
Bax, bu
tarixin yox,tarixi yaddaşın qoruyub saxladığı və
nəsildən-nəslə, məhəllədən-məhəlləyə
ötürdüyü Azərbaycan teatrıdır – fenomenal,
füsunkar və mifik Azərbaycan teatrıdır, şəhər
fiolklorunun yaratdığı Azərbaycan teatrıdır. Qəribəsi
budur ki, xalq şüuraltı səviyyəsində,
özünə hesabat vermədən yenə o keçmiş
teatrı, həmin o şəxsiyyətləri sevir. Bax, buna
deyirlər, kollektiv yaddaşın sehri, kollektiv yaddaşın
sirri və ya ictimai sevgi psixozu.
Ol səbəbdən
mən Azərbaycan teatrının tarixinə bir tədqiqatçı
iddiası ilə yanaşarkən qəfildən özüm
üçün aşkarladım ki, Azərbaycan teatrı XX əsrin
ortalarından ta müasirliyə qədər, əslində,
bir-birilə konflikt vəziyyətində olan paralel zamanlarda
mövcud olub: bunlardan biri gerçək fiziki zamandır,
davamlı tarixi zamandır, faktların tarix müstəvisinə
düzüldüyü zamandır, digərisə kollektiv
yaddaşda qorunub saxlanılan zaman. Yəni Azərbaycanda teatr,
teatr düşüncəsi həm müasirliyin indisində, həm
də keçmişin indisində ömür sürüb.
Milli teatr mədəniyyətimizdə keçmiş hər
vaxt indi olub: mifoloji keçmiş, müqəddəsləşdirilmiş
keçmiş teatr gerçəkliyindən, teatr indisindən
üstün tutulub, üstün sayılıb. Təsadüfi
deyil ki, biz hər hansı bir müasir teatrda tamaşaya baxarkən
kollektiv yaddaşda yaşayan teatrı da həmişə
özümüzlə birgə gətirib yanımızda əyləşdirmişik,
keçmişi, mifi indi bilmişik, onunla
hesablaşmışıq, məsləhətləşmişik,
dialoqa girmişik, səhnədə
gördüyümüzü sanki onunla müzakirə edib
zövqümüzü onun dedisilə
formalaşdırmışıq.
Azərbaycan
teatr mədəniyyətində indi həmişə
keçmişin sənət dəyərləri müstəvisində,
kollektiv yaddaşın qoruduğu tarix kontekstində qiymətləndirilib:
indi keçmişlə müqaiysə edilib və bu
müqayisə heç vədə indinin qələbəsilə
nəticələnməyib. Odur ki, teatrın indisi
keçmişə münasibətdə sanki həmişə
xəcalətli bir durumda, əskik bir durumda olub, sanki mütəmadi
aşağılanıb. Azərbaycan teatr mədəniyyətində
keçmiş elə bil ki indinin üfüq xətti kimi
yozulub, qavranılıb; elə bil ki teatrın
qarşısında daim bir vəzifə qoyulub: qaçıb
keçmişə çatmaq. Ona görə də Azərbaycan
teatrının davamlı indisi öz davamlı
keçmişi önündə bir natamamlıq, naqislik
kompleksi qazanıb və bu kompleksdən heç cür qurtula
bilməyib. “Qaçıb keçmişə çatmaq” isə
mümkünsüz, gərəksiz bir iş, boş bir iddia, mənasız
xülya; nostaljidən başqa ayrı heç nə. Amma gərək
unudulmasın ki, nostaljinin böyrü ilə həmişə
bir təbəssüm gəzir. Müasirlikdən
keçmişin dəblərinə tamaşa eləyərkən
insan həmişə gülümsünür və hətta
bu dəbləri gerçəkləşdirmiş adamlar
arasında özünü görərkən, məəttəl-məəttəl
soruşur ki, ya rəbb, görən, bu biz olmuşuq?
Hərçənd...yüz
dəfə əfsus ki, azərbaycanlı seyrçi də, eynən
peşəkarlar kimi, teatrın bugününə onun
keçmişindən, eşitdiyi miflər kontekstindən
baxıb və hər baxdığı təqdirdə öz
müasirlərini bir qayda olaraq bəyənməyib, onlara tənqidi
mövqedən yanaşıb ki, bu o deyil və yüz il
çalışsa belə, yenə o ola bilməz. Teatr
mühitində teatrın keçmişi sanki Damokl
qılıncı kimi hər an sənətçilərin
başı üstündən asılı vəziyyətdə
olub. Artıq bu vəziyyət neçə onilliklərdir ki,
davam edir.
Razılaşaq
ki, anormal bir haldır, məntiqsizlik həddidir: ölülər
diriləri “yeyir”; üstünlük apriori həmişə
ölülərin tərəfindədir.
Keçmiş
bütləşəndə indi öz keçmişinin
girovuna, köləsinə çevrilir və bu zaman
keçmiş ilğımlaşıb indidən öndə
gedir. Məsələ bu ki, Azərbaycan teatr
keçmişinin dahiləri tarix deyillər, tarixin səhifələrində
qalmayıblar, onlar ruh kimi əfsanələrdə
yaşayıb bugünün teatr situasiyasına aktiv təsir
göstərirlər. Teatr sənətilə bağlı elə
məclis, elə məşq, elə dərs, elə
toplantı yoxdur ki, orada həmin dahilər xatırlanmasın.
Xatırlanmağına xatırlansın, amma müasirliyin
meyarına, çağdaş sənətin
ölçüsünə çevrilməsin.
Müasirliyi
keçmişlə ölçmək – bu, nə qədər
məntiqidir? Bax, bizim müasir teatr indisinin keçmişi
ötüb keçə bilməməsinin səbəblərini
elə burada axtarmaq lazımdır. Bu, Azərbaycan
teatrının öz içinin dərin psixoloji konfliktidir.
Biz bunu aradan götürməyincə müasir teatrın
sürətli inkişafı problematik bir məsələ
olaraq qalacaq. Məndə belə bir təəssürat var ki,
Azərbaycan teatrının indisi öz keçmişindən
daim qorxur. Azərbaycan aktyorları səhnəyə
çıxanda sanki keçmiş qarşısında imtahana
çıxıblar həmişə: biliblər ki, yox, əmin
olublar ki, onları keçmişlə müqayisə edib qiymətləndirəcəklər.
Bu da səbəbsiz deyil: çünki günahı bizdədir;
müasir teatrın zəifliyini görəndə biz tarixi
keçmişin teatrını fetişləşdirib,
ideallaşdırıb müasirlərə
sırımışıq, keçmiş teatrın əlçatmazlıq
mifini uydurmuşuq; uydurub keçmişin arxasında gizlənmişik,
keçmişlə indimizə bəraət
qazandırmışıq.
Bu məqamın
pozitivi həmişə bizim beynimizə o fikri sızdırıb
ki, konkret tarixi zaman çərçivəsində Azərbaycan
teatrının şərəfli keçmişi, hadisə və
faktlarla dolu əfsanəvi keçmişi olub, artıq XX
yüzilin ortalarına qədər formalaşmış ənənələri
olub: Azərbaycan teatrının keçmişi indisindən
güclü olub... Bu, həqiqətən, belədirmi, yoxsa təsəvvürün
oyunudur, psixi təlqin nəticəsidir? Bəlkə bu bizə
öz böyüklərimiz tərəfindən
aşılanıb ki, teatrın keçmişini məhz bu
cür, yəni aşırı heyranlıqla qavramaq
lazımdır?
Bir vaxtlar
mən də Azərbaycan teatrının keçmişinə
bir heyranlıq içində bulunurdum. Amma sonra anladım ki, əsla,
belə olmaz: çünki bu, ölüləri sevmək,
nekrofil olmaq kimi bir şeydir. Bax, onda, başladım hər
faktı, hadisəni, əfsanəni emosiya və təlqinin
sehrilə yox, daha dəqiq, məntiqin gücü ilə
araşdırmağa. Bir gün qəfildən, lent
yazılarını tutuşdurarkən, aşkarladım ki, Biləgənli
Elxanın monoloqunu XX əsrin 70-90-cı illərinin aktyoru
Mikayıl Mirzə Azərbaycan teatr tarixinin əfsanəvi sənətçisi
Abbas Mirzə Şərifzadədən yaxşı oxuyur. Və
hətta... Abbas Mirzənin söylədiyi monoloq mənə
gülməli danışıq tərzi kimi
görünür. Elə o zaman yüngülcə bir şok
yaşadım və başa düşdüm ki, görmədiyini,
eşitmədiyini sevmək və ya ona heyran qalmaq absurddur, mifdə
yaşamaq kimi bir şeydir. Başa düşdüm ki, sevdiyim
və hər yerdə təriflədiyim teatr, aktyorlar
keçmiş nəslin teatrı, keçmiş nəslin
aktyorlarıdır. Bu, yanlış təəssüratdır,
aldanışdır, ilğımdır: belə ola bilməz.
Və əslində, hər bir nəsil öz müasirlərinin
teatrını sevməlidir: əgər öz müasirlərinin
teatrını sevmək mümkün deyilsə,
çalışıb başqa bir teatr yaratmalıdır: elə
bir teatr yaratmalıdır ki, sonucda onu, həqiqətən,
sevmək mümkün olsun. Azərbaycan teatrı isə sanki
həmişə keçmiş üçün,
keçmişin xoşuna gəlmək, keçmişə
özünü bəyəndirmək üçün
yaşayıb. Ona görə də zaman-zaman Azərbaycanda
müasir teatr özünü tapıb təsdiqləyə
bilməyib. Tarixi zaman içində keçmişlə
indinin balansı pozulanda insanlar dəyərləri müəyyənləşdirməkdə
çətinlik çəkirlər, çaşqın duruma
düşürlər.
Hərçənd...
son zamanlarda deyəsən bu keçmiş indinin sərhədlərini
tərk edib bir kabus kimi geri çəkilir, öz
keçmişliyinə qayıdır, indi olmaqdan vaz
keçir. Azərbaycan teatrı öz keçmişinin
sehrindən qurtulur. Ancaq bu keçmişin sehri yerinə,
keçmişin əfsanəsi, mifi, nağılı yerinə
nə olacaq, bax, o hələ ki bəlli deyil...
Bəlkə
də bu, ona görə belə olub ki, insan öz indisilə
heç vaxt xoşbəxt ola bilmir və öz xoşbəxtliyini
ya keçmişində görür, ya da gələcəyində
axtarır?! Düşüncənin konfliktindən qurtaran insan
nirvanaya çatır və öz əbədi indisində
xoşbəxt olur...
Aydın Talıbzadə
525-ci qəzet.-
2013.- 5 mart.- S.7