Özü olaraq qalmaqla yaşamaq
bacarığı
Qətiyyən
güman eləmirdim ki, qırx ilə yaxın bir müddət
ərzində iki gündən bir, ən azı həftədə
bir dəfə görüşdüyümüz professor dostum
Kamran İmran oğlu Əliyev haqqında yazmaq mənim
üçün bu qədər çətin olacaq. Bəlkə də
ona görə ki, indiyə kimi bir-birimiz haqqında (kitablara
ön sözlərdən başqa) rəsmi söz deməyə
ehtiyac duymamışıq. Fikirləşmişik ki, əgər
dost və qardaşıqsa, zamanın sınağından
çıxmış mənəvi-ruhi
bağlılığımız, özümüzdən
başlayıb ailəmizə keçən
doğmalığımız deyilə biləcək
bütün mümkün səmimi sözlərdən daha
yüksəkdə dayanır: nə desək olanların
hamısını əhatə etməyəcək. Bəlkə də arxayın olmuşuq ki,
ömür hələ qabaqdadı, içimizdən keçənləri
deməyə vaxtımız çox olacaq. Bəlkə də...
Amma... indi düşünürəm ki, demədiyimiz
sözu bizə mənəvi təskinlik verə biləcək
vaxtda dilimizə gətirməliyik.
Yaş fərqimiz
çox olmasa da, ilk tanışlıqdan Kamran bizim – mənim,
Muxtar İmanovun, rəhmətlik Vəli Nəbiyevin, Arif
Acalovun, Arif Rəhimovun qeyri-rəsmi ağsaqqalına
çevrildi. İnqilabçı və
inkarçı vaxtlarımız idi, əmindik ki,
dünyanı dəyişmək missiyası bizim boynumuza
düşüb, qan-qan deyirdik. Kamranın
soyuqqanlığı, təmkini, sözü deyib sonra fikirləşən
bizlərdən fərqli olaraq, düşünüb sonra
sözü demək şakəri olmasaydı, istəməsək
də, müqavimət göstərsək də bizi
sındıracaqdılar.
“Ağsaqqal” Kamran bizi qorudu. Maraqlı müdafiə metodu
seçdi: bizi başqalarından – bizi sındırmağa
çalışanlardan deyil, özümüzdən
qorumağa başladı. Dövrün və cəmiyyətin
normalarından kənara çıxan sözümüzü
eşidəndə, əməlimizi görəndə əksər
hallarda bığaltı qımışaraq, bəzən də
qara üz-gözünü daha da qaraldaraq deyirdi: hələ
yetişməmisiniz, gedin yetişməklə məşğul
olun. Bəzən etiraz, mübahisə edirdik,
amma bütün hallarda bizi inandırırdı və biz də
yetişməyə gedirdik.
Hətta ailə qurmaq məsələsinə də
yaxşı mənada fərqli münasibət bildirən
Kamranın “ağsaqqallığı” məişət səviyyəsi
ilə məhdudlaşmırdı, elm sahəsini də əhatə
edirdi. Əsas örnək özü idi. Həmin vaxtlar müasir ədəbiyyatdan, yaxud da istənilən
mövzunu sovet ideologiyası baxımından araşdırmaq
yalnız dəbdə deyildi, həm də elmdə, həyatda
rahat, asan mövqe qazanmağın, tez və maneəsiz
müdafiə etməyin əsas yolu idi. Sırf
elmi və ya milli ideallarla bağlı mövzuların
araşdırılmaya verilməsinə, veriləndən sonra
isə müdafiəsinə əngəllər
yaradılırdı (məsələn, rəhmətlik
O.Bayramlı “Həyat” qəzetində ədəbiyyat məsələləri”
mövzusunda hazırladığı namizədlik
dissertasiyasını uzun illər müdafiə edə bilmədi).
Kamran axına qoşulmadı, qarşıda onu müxtəlif
risklərin gözlədiyini bilə-bilə Azərbaycan
romantizmindən mövzu götürdü. Onun təcrübəsi
bizi inandırdı ki, birinci mərhələdə təkid
göstərməklə veriləndən imtina edərək
istədiyin mövzunu götürmək mümkündü.
Nəticədə Kamranın özü kimi, biz
də həyatımızın sonrakı mərhələsində
xəcalət çəkmədiyimiz araşdırmalara
(söhbət elmi zəiflikdən deyil, ideoloji xidmətkarlığa
görə gözükölgəliyin olub-olmamasından gedir)
adımızı yazdıq.
Namizədlik
dissertasiyasını uğurla müdafiə edən Kamran az müddət ərzində doktorluq işini
tamamladı. Romantizmdən və fərqli yazmağa
çalışdığına
görəmi, gənc yaşlarında doktorluğunu
tamamladığına görəmi, həsəddənmi,
qısqanclıqdanmı, deyə bilmərəm, amma onun
doktorluq dissertasiyası həmin dövrün tələblərinə
uyğun olaraq təsdiq üçün Moskvaya
çatmamış elmimizin keşiyində “ayıq-sayıq
duranların ifşa məktubları” artıq orada idi. Kamran doktorluğunu ikinci dəfə müdafiə elədi.
Özü də sınmadı, bizi də
növbəti dəfə sınmaqdan qurtardı.
Yeri gəldikcə müasir ədəbiyyatdan, nəzəri-estetik
fikrin müxtəlif aktual problemlərindən və ortaya qoyulan
məhsullarından da məqalələr, resenziyalar qələmə
alıbdır.
Amma onu filoloq kimi səciyyələndirən əsas
cəhət yaradıcılığı boyu iki mövzuya,
problemə sadiqlikdir. Kamran
axtarışlarında bir Azərbaycan romantizminin və bir də
milli folklorun araşdırılmasını ön plana çəkibdir.
Romantiklərin ədəbi-nəzəri
görüşlərini, Azərbaycan romantizminin poetik sistemini
tədqiq edən Kamran H.Cavid irsinə davamlı maraq göstəribdir. M.Hadiyə,
A.Səhhətə, A.Şaiqə vurğunluq və bələdlilik
onun bütün yazılarında qabarıq şəkildə
görünür. Sadəcə olaraq Kamran o tipli alimlərdəndir
ki, istənilən problemlə, şəxsiyyətlə,
mövzu ilə bağlı elmi əsər yaza bilər, amma
içini, normativ nəzəri mülahizələrin sərhəddini
aşan məhrəm, adi hallarda etirafı çətin, bəzən
də mümkün olmayan mülahizələrini yalnız onu
danışdıran müəllif, əsər, məsələ
olanda ifadə etməyi bacarır. Onu
danışdıran şəxsiyyətlərdən biri
H.Caviddi. Kamranın bu böyük şairlə,
mütəfəkkirlə bağlı araşdırmaları fərqli
münasibətin nümunəsidi.
Yaradıcılığının son on ilində onu
daha çox danışdıran isə Azərbaycan
dastanları, xüsusən də “Kitabi-Dədə Qorqud”
eposudur. Azərbaycan romantizmi və H.Cavid, Azərbaycan
dastanları və “Kitabi-Dədə Qorqud” nəzəri fikirdə
kifayət qədər araşdırılıbdı. Xələflərinin ənənəsini davam etdirən
Kamran romantizmin araşdırmasından başlayan öz ənənəsinə
də sadiq qaldı. 1987-ci ildə onun kitabına
yazdığım ön sözdən bir parçanı
nümunə gətirmək istərdim:
“Kamran Əliyev Cavid irsinin qlobal mahiyyətini filoloji
fikrimizdə ənənəyə çevrilmiş möhtəşəm
problemlərin təhlili ilə açmaq prinsipini detallar əsasında
araşdırmaq prinsipi ilə əvəz edib. Şeyx Sənan, İblis,
Knyaz və s. kimi romantik qəhrəmanların xarakteri epizodik surətlərin
səciyyəvi rolunu və əhəmiyyətini müəyyənləşdirməklə
açıqlanıb. Cavid irsində xronotop
problemi ağac, dəniz, meşə kimi ilk baxışdan
interyer, səhnə, tamaşa detalı təsiri
bağışlayan, əslində isə rəmz, simvol statusu
qazanan detalın araşdırılması ilə şərh
olunub”.
Özümdən sitat gətirməyimin yeganə səbəbi
Kamranın tədqiqat metoduna sadiqliyidir. Onun folklor sahəsindəki
araşdırmalarında da oxşar mənzərə ilə
qarşılaşırıq. Tədqiqatçı
mətni səciyyələndirən açıq (əsasən
görünən), yaxud da gizli (əsasən görünməyən)
detallara diqqət yetirməklə və onları mənalandırmaqla
mətnin məzmun tərəfinə işıq salmağa
çalışır. Nəticədə
irəli sürülən mülahizə yalnız nəzəri
səviyyəsinə görə deyil, eyni zamanda mətləbin,
həllinə cəhd göstərilən problemin bədii
sistemin bütövlüyünü təşkil edən ədəbi-estetik
faktlarla təsdiqlənməsi baxımından diqqəti
çəkir. Başqa sözlə desək,
Kamran tədqiqatlarında ideyaya, mətləbə uyğun gələn
ədəbi faktları seçmir, məhz ideyanı, mətləbi
zəruriləşdirən ədəbi faktlara istinad edir və
onları nəzəri təhlilə cəlb edir.
Kamran Əliyev haqqında ürəyimdən keçənlərin
hamısını yazsam, ünsiyyətdə olduğumuz uzun
illəri bir-bir vərəqləməliydim, onun
çoxsaylı kitablarını ayrı-ayrılıqda təhlil
etməliydim.
Üç amil sözümü saxlamağa səbəb
oldu. Birincisi, çox istədiyim keçmiş tələbələrimdən
biri maraqlı bir mülahizə söyləmişdi:
dünyanın sonuna heyf ki inanmıram. İnansaydım
bəhanə edib ürəyimdən keçənləri
ürəyimdəkilərə deyərdim. Hələ dünyanın sonu deyil, buna görə bəhanə
də lazım deyil.
İkincisi, Kamranın Yazıçılar Birliyindəki
yubiley mərasimini mən aparırdım. Tədbirdən sonra bir nəfər
dedi ki, yaxşı apardın, lap tamada kimi. Cavab
verdim ki, lap yaxşı, təqaüdə çıxanda
işsiz qalmaram. Bu epizod məni bir daha əmin
elədi ki, yalnız hər bir insan öz sözü boyda
deyil, həm də hər bir insan anladığı
boydadı. Ömrünü biznesə yox,
araşdırmalara həsr eləmiş, axtarışları
elmi mühitdə təsdiqlənmiş bir alim barədə 60
illik həyatında bir dəfə layiq olduğu xoş
sözün cüzi hissəsini deməyin yenidən
sağlıq kimi başa düşülməsi ehtimalı
çox ağırdır.
Üçüncüsü, Kamran Əliyevin
özüdü. Bütün alimlər kimi, Kamran da
özündən sonra danışacaq sözünü
kitablarına köçürüb. Onun
taleyini mənim və ya bir başqasının bu gün dediyi
sözlər yox, kitabları müəyyənləşdirəcək.
Kamran içi ilə yaşayan və danışan insan kimi
bir həqiqəti çox gözəl anlayır: çox
yazan, çox oxuyan Mövlana Rumi demiş, həmişə həddini
bilir. İllüziyalara qapılmadan həyatda həddini, elmdə
də yerini dəqiq bildiyindən müxtəlif vəzifələrdə
işləmiş Kamran Əliyev ömrü boyu heç kəsin
artırıb-azalda bilməyəcəyi, özünün də
mənəvi təskinlik tapdığı bir prinsiplə
yaşayıb-yaradıb və yaşayır-yaradır: həmişə,
bütün hallarda özü olaraq qalmaq! Kimliyindən
asılı olmayaraq, hər bir bəndənin, o cümlədən
Kamran Əliyevin arxada qalan və gələcəkdəki
ömrünü fərqləndirən əsas cəhət
budur: özü olaraq qalmaqla yaşamaq bacarığı!
Arif Əmrahoğlu
525-ci qəzet.-
2013.- 5 mart.- S.7.