Su diplomatiyası
Yeni minillikdə qlobal problemlərin geosiyasətdə və
beynəlxalq münasibətlərdə təsiri daha da
güclənməkdədir. Artıq dövlətlərarası
münasibətlərdə ekoloji çirklənmə, insan təsiri
nəticəsində iqlim dəyişiklikləri, kosmik fəzadan
istifadə və sairə bu kimi faktorlar mühüm rol
oynayır. Eyni zamanda bütün bu
faktorlar dövlətlərin biri digərinə təzyiq vasitəsi
kimi əsas siyasi alətinə çevrilib. Bu baxımdan içməli su problemi də
günümüzün siyasi münasibətlərində
çox mühüm yeri olan komponentdir. Paralel
olaraq artıq beynəlxalq arenada su resurslarından siyasi təzyiq
vasitəsi kimi istifadə edilən “su diplomatiyası” deyilən
bir anlayış da ortaya çıxmışdır.
Müasir dövrümüzdə içməli su mənbələrinin
çatışmazlığı dünyanı təhdid edən
qlobal problemlərdən biridir. Hesablamalara görə hazırda
dünyada təxminən 1,5 milyard nəfər
içməli su çatışmazlığından əziyyət
çəkir. BMT-nin 1998-ci ildə bununla bağlı
hazırladığı hesabatında göstərilir ki,
1950-ci illərdə əhalisi 50 milyondan az olan yalnız 12
ölkə, 1990-cı illərdə əhalisi 300 milyon nəfər
olan 26 ölkə su qıtlığı problemi ilə
qarşılaşmışdır. 2050-ci ildə
isə 65 ölkədə 10 milyard nəfərə yaxın əhali
bu problemlə qarşı-qarşıya qalacaqdır.
Su problemi yeni minillikdə geosiyasi faktora
çevrilmişdir. XXI əsrdə su geostrateji əhəmiyyətinə
görə neftin XX əsrdəki yerini tuta bilər. Neft uğrunda aparılan gizli və açıq
mübarizələrin və hətta müharibələrin
yeni minillikdə su uğrunda olma ehtimalı da vardır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin
proqnozlarına görə 2020-ci ilədək inkişaf
etmiş ölkələrin bir-birləri ilə enerji
resursları üstündə deyil, məhz içməli su
üstündə müharibə ehtimalı daha
böyükdür.
Hesablamalara görə hazırda planetimizdə 2 və
daha artıq dövlətin ərazisindən keçən 261
su hövzəsi vardır. Artıq dünyada su
ehtiyatlarının yaratdığı dövlətlərarası
gərginlik nöqtələri mövcuddur. İsraildən Hindistana, Türkiyədən
Botsvanaya qədər su uğrunda mübahisələr
münaqişələrə çevrilmək üzrədir.
Afrikada dövlətlər arasında su problemləri bir
növ qitəyə məxsus xarakterik xüsusiyyətdir. Yaxın Şərqdə
Nil hövzəsində Misir-Sudan-Efiopiya, İordan
çayı hövzəsində İsrail-Suriya-İordaniya, Dəclə
və Fərat hövzəsində Türkiyə-Suriya-İraq
və İran-İraq arasındakı su münaqişələri
də aktualdır. Amerikada Uruqvay-Argentina, Braziliya-Paraqvay
arasında, Mekonq çayı hövzəsində
Tailand-Kamboca-Vyetnam arasında oxşar mübahisələr
mövcuddur. Lakin ən kəskin vəziyyət
Mərkəzi Asiyadadır.
Potensial su münaqişə bölgələri
Mərkəzi Asiya
SSRİ-nin süquta uğraması ilə keçmiş
ittifaq respublikaları arasında iqtisadi və təsərrüfat
əlaqələrinin vahid sistemi pozuldu. Bu baxımdan
Mərkəzi Asiya respublikalarının vahid su-energetika
kompleksi də dağıldı. Regionun əsas
su resurslarına sahib Amudərya və Sırdərya
çaylarının yuxarı hövzəsində yerləşən
Qırğızıstan və Tacikistan aşağı
hövzədə yerləşən Qazaxıstan, Özbəkistan
və Türkmənistanın əkinçilik təsərrüfatını
nəzərə almadan hidro qurğular tikməyə
başladılar.
Qırğızıstanda və Tacikistanda suya daha
çox ehtiyac qış aylarına düşür – elektrik
stansiyalarının məhsuldar işləməsi məqsədi
ilə artıq suyu çaylara buraxırlar. Nəticədə,
qış aylarında Özbəkistan və Qazaxıstan
torpaqları su altında qalır. Bu
ölkələrdə isə əksinə, yaz-yay aylarında
əkin sahələrinin suvarılması başlıca problemə
çevrilir. Külli miqdarda texniki bitkilər –
pambıq, qarğıdalı və s. istehsal edən bu regionun
suya böyük ehtiyacı yay aylarında yaranır.
Son illər region ölkələri arasında su
münaqişəsi daha da kəskinləşmişdir. 2012-ci ilin sentyabrında
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov
Qazaxıstana səfəri zamanı Tacikistanda Roqun və
Qırğızıstanda Kambarat-1 SES-lərinin tikilməsindən
və hər hansı böyük dövlətlə bu sahədə
saziş imzalanmasından öncə beynəlxalq ekspertiza
keçirilməli olduğunu bildirmişdir. Özbəkistanın
dövlət başçısı 350 metr
hündürlüyündə Roqun SES və 275 metr
hündürlüyündə Kambarat-1 SES-in tikilməsinin
regionda ekoloji fəlakətə yol aça biləcəyini
qeyd etmiş və problemin hətta müharibəyə səbəb
ola biləcəyi barədə xəbərdarlıq
etmişdir.
Regionda vəziyyəti gərginləşdirən əsas
amil isə iri dövlətlərin müdaxiləsidir. Rusiya, ABŞ
və Çin öz maraqlarına uyğun oyun oynayır, SES-lərin
tikintisinə investisiya qoyur, kredit ayırırlar. Su artıq regionda ən həssas məsələdir,
diplomatiya və siyasi təzyiq üçün əsas alətdir.
Tərəflərdən hər hansı birinin kəskin
addımı isə münaqişənin müharibə ilə
əvəzlənməsinə aparıb çıxara bilər.
Artıq bir sıra analitik mərkəzlər hadisələrin
kəskinləşməsi ilə bağlı proqnozlar da verirlər. Dünyaca məşhur
“Foreign Policy” jurnalı 2013-cü ildə dünyanın diqqətini
cəlb etməli olan münaqişə bölgələri
siyahısına Mərkəzi Asiyanı da daxil etmişdir.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin
hazırladığı “2030-cu ilədək qlobal tendensiyalar:
alternativ dünyalar” hesabatında da göstərilir ki, 2030-cu
ilədək Mərkəzi Asiyada su resursları uğrunda
dövlətlər arasında münaqişələrin
baş verməsi mümkündür.
Yaxın Şərq
Yaxın Şərq XX əsrin əvvəllərindən
başlayaraq dünyada ən qaynar nöqtələrdən
biri hesab olunur.
Regionda ən sadə qarşıdurma, hətta ola
bilsin ki, məişət zəminində belə baş verən
hadisə böyük müharibəyə səbəb ola bilər.
Siyasi, dini, etnik fərqliliklərin yaratdığı narahat
mühitdə su resursları da qığılcımın
alışması üçün əsas arqument ola bilər. Keçən əsrdə
neftin bu regionda oynadığı rolu indi su oynayır. BMT-nin keçmiş baş katibi və Misirin sabiq
xarici işlər naziri Butros Qali hələ 1989-cu ildə
ABŞ Konqresində çıxışında Yaxın
Şərqdəki bir növbəti müharibənin neft
uğrunda deyil, su üçün olacağını
bildirmişdi.
Yaxın
Şərqdə Nil hövzəsində Misir-Sudan-Efiopiya,
İordan çayı hövzəsində
İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində
Türkiyə-Suriya-İraq və İran- İraq
münaqişələri yaranmışdır və potensial
qaynar nöqtələr hesab olunur.Belə bir qənaət var
ki, “su Yaxın Şərqdə bəlkə də müharibə
üçün səbəb olmaya bilər, ancaq məqsəd
yaxın Şərqdə müharibə törətmək
olduqda “su” bəhanə olmaq üçün kifayətdir”. Fikrimizcə, qlobal güclərin maraqlarının
toqquşduğu bu bölgədə su nəinki diplomatik vasitə,
hətta diplomatik silah hesab oluna bilər. Buna
görə regionda qarışıqlıq yaratmaq istəyən
bütün qüvvələrin su müharibələri
strategiyaları mövcuddur. Məhz bu
prizmadan yanaşdıqda region tarixə “su müharibəsi”
adı altında düşməyə ən real namizəddir.
Nil hövzəsi
Nil çayı hövzəsi ölkələrində
halqavarı Misir-Efiopiya-Sudan-Cənubi Sudan
qarşıdurmasında artıq ilk qırılma baş
vermişdir. Doğrudur, Sudan-Cənubi Sudan münaqişəsində
neft və qaz ehtiyatları əsas rol oynamışdır.
Lakin Nil hövzəsi ölkələrinin
münaqişə tərəflərinə münasibətində
məhz su diplomatiyası özünü göstərir.
Belə ki, Misir su resurslarından istifadə
zamanı Sudanın yaratdığı problemlərə
qarşılıq olaraq Cənubi Sudanı dəstəklədi.
Bu isə müsəlman həmrəyliyinə
zidd bir addımdır.
Eyni zamanda burda növbəti bir münaqişə
ocağı da sezilir. Belə ki, region ölkələrindən
Efiopiya İsrail ilə fəal əməkdaşlıq edir.
Bununla İsrail Misirin qaz sanksiya və təhdidlərinə
qarşı Efiopiya vasitəsilə Misir üçün su təhdidi
yaradır. İsrailin Sudandakı silah
zavodunu bombalaması, bunun ardından İran donanmasına aid gəmilərin
Sudana getməsi regionda gərgin vəziyyətdən xəbər
verir. Misirin enerji təzyiqinə
İsrail-Efiopiya tandemi su diplomatiyası ilə cavab verir.
İordan çayı hövzəsi
İordan çayı hövzəsi ölkələrində
də su resursları strateji əhəmiyyət
daşıyır. İsrail, Fələstin, Livan və Suriya
daimi su qıtlığından əziyyət çəkir.
Regionda axan İordan çayı o qədər də sulu deyil və su tədricən azalır. Həm
də İsrail sudan istifadəyə dair
çox ciddi kvotalar qoyur, bu da ərəb dünyasında
narazılıqla qarşılanır. Regionda su uğrunda
mübarizənin əsas səbəbi isə İsrailin 1967-ci
il müharibəsində zəbt etdiyi Holan
yüksəkliyidir. İordan çayı bu ərazidən
keçir, ümumisrail kəmərini su ilə təchiz edən
Tiveriad gölü də burada yerləşir. Buna görə də Holan təpələrini
bölgədə su diplomatiyasının həlledici oriyentiri
hesab etmək olar.
Regionda əsas
su mənbələrindən olan Ölü Dənizin səviyyəsi
hər il 1 metr azalır. Hesablamalara
görə, hazırki dinamika davam edərsə bu göl
2050-ci ilədək xəritədən silinəcək. Bu su mənbəyindən istifadə edən ölkələr
arasında isə həm İordaniyanın, həm də
İsrailin müxtəlif təşəbbüsləri olsa da
vəziyyətdən çıxış yolu ilə
bağlı razılıq əldə etmək mümkün
olmamışdır. Ona görə də
su bu regionda həyati əhəmiyyət kəsb edir və su
uğrunda gələcəkdə hər hansı silahlı
münaqişənin yaranması hər zaman gündəmdədir.
Dəclə-Fərat hövzəsi
Dəclə və Fərat çayları bir tərəfdən
Türkiyə ilə İraq və Suriya arasında, digər tərəfdən
isə İranla İraq arasında münasibətlərə
öz təsirini göstərir. Region bununla
bağlı bir dəfə müharibə
yaşamışdır. Məlum olduğu
kimi 1980-1988-ci illər İran-İraq müharibəsində əsas
bəhanələrdən biri də Dəclə və Fərat
çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb
çayının bölüşdürülməsi
olmuşdur.
Hazırda da vəziyyət gərgin olaraq qalmaqda davam
edir. Sadəcə ABŞ-ın İraqa daxil olmasından
sonra yeni geosiyasi vəziyyət yaranmışdır. Əgər əvvəllər çayların
formalaşma mənbəyində yerləşən Türkiyə
İraq və Suriyanın su iddiaları qarşısında tək
idisə, indi İraqın şimalındakı
Kürdüstan muxtariyyəti da su məsələlərində
Türkiyəni dəstəkləyir.
Türkiyə ölkənin cənubunda cümhuriyyət
dövrünün ən nəhəng layihəsinə –
Güneydoğu Anadolu Projesinə (GAP) –
başlamışdır. Fərat çayı
üzərində 21 su anbarının tikintisini nəzərdə
tutan bu layihə region üçün strateji əhəmiyyətə
malikdir. Çünki bu layihənin
reallaşması nəticəsində Suriyaya daxil olan suyun
miqdarı maksimum azala, buradakı bəndlər isə
İraqa axan suyu daha da azalda bilər. Bununla
yanaşı İsrailin da su təminatına təsir göstərə
bilər.
İsrail öz milli təhlükəsizliyini və
iqtisadi təhlükəsizliyini əhatə olunduğu ərəb
ölkələri arasında qorumaq üçün
bütün alternativ mənbələrə
çıxışına güclü nəzarət edir. Bu mənada
İsrailin milli təhlükəsizlik strategiyasında su
resurslarına çıxış ən zəif bənddir.
Türkiyənin isə GAP layihəsini həyata
keçirməklə regionda İsrail də daxil olmaqla
bütün dövlətlərə təsir
rıçaqlarına yiyələnmək imkanı
yaranır.
Buna görə də Qərb-İsrail tandemi Türkiyənin
su diplomatiyasına qarşılıq verməyə
çalışır. Belə ki, Avropa İttifaqı (Aİ)
Türkiyənin bu quruma üzvlüyü prosesində preventiv
addımlar nəzərdə tutur. Aİ Dəclə
və Fərat çaylarının suyu və çaylar
üzərində tikilən qurğuların İsrail də
daxil olmaqla regionun digər ölkələri ilə birgə
istifadəsini Türkiyənin quruma üzvlüyü prosesində
müzakirələr üçün şərt olaraq irəli
sürmüşdür. Halbuki bu şərt
Avropaya inteqrasiya baxımından heç bir əhəmiyyət
kəsb etmir. Hətta Türkiyə Aİ-yə üzv
olacağı təqdirdə İttifaqın Yaxın Şərqə
təsir mexanizmi kimi faydalı ola bilər.
Görünən odur ki, su diplomatiyası
Türkiyə-İsrail və Türkiyə-Avropa
İttifaqı münasibətlərində böyük əhəmiyyətə
malikdir.
Tibet
Su
resurslarının münaqişəyə səbəb ola biləcəyi
bir başqa həssas region Çin –Hindistan sərhədidir. Mütəxəssislərə
görə, Asiyanın iki nəhəngi – Çin və
Hindistan arasında hazırda əsas problem su məsələsidir.
Bölgədəki 8 çay isə 1 milyard 800 min insan
üçün həyati əhəmiyyət
daşıyır.
Dünyanın
ən sıx əhalisinə sahib iki ölkə – Çin və
Hindistan arasında su mənbələrinə görə bu
günə kimi üstüörtülü də olsa,
mübahisə yaşanır. Çinin Tibet
yaxınlığındakı 8 çayın üzərində
inşa etdiyi su anbarlarının qapaqlarını zaman-zaman
açması qonşu ölkənin iqtisadiyyatına xeyli
ziyan vurur.
Çinin
Asiyada əsas iqtisadi rəqiblərindən biri də Hindistan
olduğundan iki ölkə arasında su diplomatiyası
yaxın gələcəkdə hər zaman özünü
göstərəcəkdir. Lakin indiki halda bu münasibətlərin
münaqişəyə çevrilmək ehtimalı çox
azdır.
Beləliklə,
yeni minillikdə geosiyasətdə su diplomatiyası
özünəməxsus yer tutmaqdadır. Dünyanın əksər
bölgələrində məhəlli xarakterli su
böhranları zaman-zaman özünü göstərir. Azərbaycan
da qonşu dövlətlərlə su münaqişəsi
yaşayır. Azərbaycanın transsərhəd
çayları qonşu Ermənistan tərəfindən zəhərli
maddələrlə çirkləndirilir. Bununla bağlı
aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara
müvafiq hesabatlar göndərilsə də Ermənistana
heç bir reaksiya verilmir. Hazırki vəziyyətdə Ermənistanın
Azərbaycana qarşı apardığı su müharibəsi
heç bir insani normalara sığmır.
Ölkələr
arasında su problemlərinin yaranmasında bununla bağlı
beynəlxalq hüquqda vahid yanaşmanın və universal
normaların mövcud olmaması da müəyyən rol
oynayır. Lakin əsas səbəb beynəlxalq hüququn
özünün bəzi dövlətlərin maraqlarına
uyğun olaraq dəyişkən xarakterindən irəli gəlir.
Newtimes.az
Ərəstü Həbibbəyli,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2013.- 5 mart.- S.5.