Aşıq Valehin tarzən
nəticəsi
Söz
Azadlığını Müdafiə Fondu ötən ilin əvvəlindən
başladığı “Qarabağ muzeyləri” layihəsinin
icrasını davam etdirir. Layihə çərçivəsində
bir çox muzey rəhbərləri ilə görüşlər
keçirilmiş, foto və arxiv materialları əldə edilmişdir.
Gələcək də nəşri nəzərdə
tutulan eyniadlı kitabın bəzi
materiallarını oxucularımızın diqqətinə
çatdırırıq...
“Qarabağ muzeyləri” layihəsi çərçivəsində ilk görüşümüz Ağdamın Abdal-Gülablı kəndində fəaliyyət göstərmiş Qurban Pirimovun ev muzeyinin direktoru Fəxrdəddin Hacıbəyli ilə oldu. F.Hacıbəyli hazırda Quzanlı qəsəbəsində fəaliyyəti bərpa edilən Ə.R.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik edir...
Qurban Pirimovun ev muzeyinin yaradılması ideyası Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş və doqquz nəfərlik ştat vahidi nazirlik tərəfindən təsdiq edilmişdi. 1991-ci ilin sentyabrında Ağdam rayon Mədəniyyət Şöbəsinin müdiri işləyən Çimnaz Əliyevanın əmri və nazirliyin razılığı ilə F. Hacıbəyli muzeyin direktoru vəzifəsinə təyin edilir.
Qeyd edək ki, muzey direktoru olmamışdan əvvəl o, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini bitirən F. Hacıbəyli o dövrdə yenicə nəşrə başlayan “Ədalət” qəzeti ilə də əməkdaşlıq edirdi...
Eksponatların toplanılması çox çətin və mürəkkəb bir vaxtda həyata keçirilmişdi. Bununla yanaşı, Qurban Pirimova aid şəxsi əşyaların bir qisminin dağınıq vəziyyətdə, bir qisminin isə Azərbaycan Musiqi Tarixi muzeyində olması çətinlik yaradırdı...
F.Hacıbəyli ilə söhbətimiz zamanı məlum oldu ki, Mədəniyyət Şöbəsində yaradılan qrup ilk olaraq görkəmli tarzənin doğulduğu kənddəki mənzilinə baxış keçirmiş, Abdal-Gülablıda məscidin həyətinə yaxın istiqamətdə yerləşən həyətində boyu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının inşasına start vermək qərara alınmışdı. Bu bina köhnə mənzildən təxminən üç-beş metr aralıda idi...
Qeyd etmək yerinə düşər ki, Ağdam rayonunun mədəni irsinə çoxsaylı töhfələr vermiş kəndlərdən biri də Abdal-Gülablı kəndidir. Bu kənd həmdə Ağdamın əsas özək kəndlərindən sayılır. Bu sıraya isə Abdal- Gülablı ilə yanaşı Seyidli, Novruzlu və Sarhacılı kəndləri də aid edilir. Çox tez bir zaman kəsiyində bina inşa edilərək təhvil verilir. Bundan sonra nazirliyin bərpaçı rəssamlar qrupu başda Bəhram Əliyev olmaqla muzeydə təmir işlərini həyata keçirmişlər. Muzeyin girişində tarzənin xüsusi detaldan, əlində tar olmaqla, görkəmi hazırlanır. Qeyd edək ki, proseslər 1991-ci ilin oktyabr-noyabr aylarına təsadüf edirdi...
F.Hacıbəyli danışır ki, eksponat fondunun toplanılması zamanı ciddi problemlərlə üzləşsələrdə, tarzənin yaxınlarının köməyi ilə onun şəxsi əşyalarını toplamaq mümkün olmuşdu. Bu işdə Q.Pirimovun kürəkəni görkəmli yazıçı Mirzə İbrahimovun danılmaz xidməti olmuşdu. Muzeyin yaradılması ideyasını alqışlamaqla bərabər tarzənlə baglı özündə olan bütün əşyaları muzeyə təqdim etmişdi. Tarzənin qohumu mərhum aktrisa Əminə Babayevə tarzənə məxsus stol, stul, hətta ölçüsü kiçik olan royalı da muzeydə sərgiləmək üçün təhvil vermişdi. Bundan əlavə olaraq Azərbaycan Musiqi Tarixi muzeyinin direktoru Alla Axundova müraciətimizdən sonra muzeydə olan bəzi əşyaları, o cümlədən onun həyat və yaradıcılığını əks etdirən şəkilləri, digər qiymətli əşyaları muzeyin eksponat fonduna təhvil verdi. Tarzənin təsbehi, kostyumları, külqabısı, eynəyi muzeyin eksponat fonduna daxil edilmişdi. Bu minvalla az müddət ərzində muzeydə 70 müxtəlif adda qiymətli eksponat toplanıldı...
Söhbət zamanı F. Hacıbəylı qeyd edir ki, maraqlı eksponatlardan biri də tarzənin bülbüllərinin qəfəsi idi. Belə ki, hər səhər tarzən məşq edərkən onun ifasına qəfəsdəki bülbüllər belə oxuyarmış...
Abdal-Gülablı kəndində muzey istifadəyə verilsədə, orda eksponatların nümayişi az müddət olur. Belə ki, erməni silahlı dəstələrinin daimi olaraq kəndi atəşə tutmaları muzeyin eksponat fondunun yerdəyişməsinə səbəb olur.
Muzey sonradan Ağdam da keçmiş “Lenin” küçəsində (sonradan Eldar Bağırovun adına verilmişdi-V.T. ) əvvələr “Pioner evi” olmuş sonralar kitabxana kimi fəaliyyət göstərmiş, bir mərtəbəli binaya köçürmək qərarı verilmişdi. Kitabxanaın bir hissəsində Tarix-Diyarşünaslıq muzeyi, digər tərəfində isə Qurban Pirimovun ev muzeyi fəaliyyətə başladı. Hər iki muzeyin fəaliyyəti üçün tam şərait yaradıldı. Yenə nazirliyin bərpaçı rəssamı Bəhram Əliyevin iştirakı təmir- bərpa işləri həyata keçirildi...
1992-ci ilin əvvəllərində isə ermənilərin şəhəri və ətraf kəndləri daimi atəşə tutmaları muzeyin faəliyyətini sual altına qoydu. 1992-i ilin martında isə proseslər daha da intensivləşməyə başladı. Və bir neçə dəfə muzeyin binasının həndəvərinə düşən mərmi qəlpələri muzey eksponatlarına ciddi ziyan vurdu. Bu məqsədlə Ağdam rayon mədəniyyət şöbəsinin müdiri Ç. Əliyevanın təşəbbüsü Mədəniyyət Nazirliyinin razılığı ilə muzeyin çıxarıla biləsi ancaq 30-dək eksponatı mərmi atəşi altından çıxarıldı...
Beləliklə, qısa zaman kəsiyində fəaliyyət göstərmiş muzey iyirmi iki ildir ki, fəaliyyətsiz qalıb...
Söhbətimizin sonunda Fəxrədin Hacıbəyli maraqlı bir təkliflə çıxış etdi: “Qarabağ Azərbaycana və dünya mədəniyyətinə yüzlərlə layiqli insanlar verdiyini nəzərə alaraq məhz mövcud olmuş Qurban Pirimov ev muzeyinin əsasında Qarabağ Musiqi Mədəniyyəti Muzeyinin yaradılmasını məqsəduyğun olardı...”
Xatırladaq ki, Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII-ci əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Q. Pirimov bir çox məşhur xanəndələri tarda müşayiət edib. Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakıda vəfat edib.
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.- 5 mart.- S.2.