“Böyük çölün hekayələri” Bakıda təqdim
olunub
(Fotolar)
GÖRKƏMLİ QAZAX ƏDİBİ BERİK ŞAXANOV VƏ AİLƏSİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN MƏRASİMDƏ İŞTİRAK EDİB
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış qazax yazıçısı Berik Şaxanovun “Böyük çölün hekayələri” kitabının təqdimatı keçirilib. Tədbiri açan AYB- nin sədri, Xalq yazıçısı Anar qazax yazıçısını və ailəsini Yazıçılar Birliyində salamlamaqdan məmnunluğunu ifadə edib. AYB sədri Berik Şaxanovu qazax ədəbiyyatında öz mövqeyi olan ədəbiyyat ustası kimi səciyyələndirib: “Baxmayaraq ki, yazıçı Bakıya ilk dəfə gəlir, o, Azərbaycanla sıx bağlılığı olan adamdır. Ona təşəkkür edirəm ki, vaxtilə mənim əsərlərimi də qazax dilinə tərcümə edib. Sonra bizim başqa cavan yazıçıların da əsərlərini qazaxcaya tərcümə edib. Şadam ki, ədəbi əlaqələrimiz belə genişlənir”.
Kitabın tərtibçiləri yazıçı Elçin Hüseynbəyli və
şair Elxan Zal Qaraxanlı
çıxışlarında ədibin yaradıcılığından, kitabda yer alan əsərlərdən söz açıblar:
“Azərbaycan dilində ilk dəfə
nəşr olunan
Şaxanov iyirmi və iyirmi birinci əsrin qovşağında yazıb-yaradan qələm adamlarındandır. O, Abayın xələfi, Muxtar Auvezov və Oljas
Süleymenovun
çağdaşıdır.
Qazaxlar dünya ədəbi cameəsinə verdikləri müəlliflərlə
öyünə
bilərlər. Ötən əsrin altmışıncı illərində ədəbiyyata gəlmiş,
keçmiş
Sovetlər Birliyinin bir çox respublikasında,
o cümlədən də Moskvanın nüfuzlu
nəşrlərində çap olunan Berik Şaxanov modernist yazıçı deyil. Ümumiyyətlə,
onun əsərlərində hansısa bir “izm”i axtarmaq doğru deyil. O, sırf klassik üslubda yazıb-yaradan ustadlardandır. Bir az romantik, bir az duyğusal yazıçı təsiri bağışlayan
Şaxanov realist ədəbi məktəbin davamçılarındandır. Bəzi əsərləri impressionistlərlə səsləşsə də onun impressionizmi hisslərdən yox,
xatirələrdən doğur”. E.Hüseynbəyli yazıçının hekayələrinin bədii məziyyətlərindən də danışıb: “Berik
bəyin “İlğım” və “O nəğməni unutmaram”
hekayələri gənclərin sevgisindən bəhs edir. “Cilov” hekayəsində insan
tamahı
və müdrikliyi öz əksini tapıb. “Kəhər haqqında nağıl”da isə qazaxların at kultu
ön sıraya
çıxır. “Irıs nənə” povestində dünyanın faniliyi,
amma bu fanilikdə bir yurd, torpaq istəyi qabardılır.
Hər bir hekayədə
aul həyatı,
qazax
çölləri, təbiəti, ilin fəsilləri elə rəngarəngliklə
verilir ki, adam valeh olmaya bilmir. Bayaq dediyim kimi bu
əsərlərə realist boyalarla birgə bir nostalji də
hopub. Və adamı həyəcanlandırır”.
Yazıçının insani keyfiyyətlərindən
də bəhs edən E.Hüseynbəyli
Berik Şaxanovun xoşbəxtliyini əsərlərindəki
baba obrazını yaşamağı ilə əlaqələndirib.
E.Z. Qaraxanlı B. Şaxanovun ailəsində qonaq olduqlarını və aldığı təəssüratları
tədbir iştirakçıları
ilə bölüşüb:
“ Mən onların ailəsində qonaq olanda gördüm
ki, onlar Azərbaycan ədəbiyyatını,
xüsusilə də Xalq yazıçısı
Anarın əsərlərini
necə sevirlər. Biz Elçin Hüseynbəyli
ilə qərara gəldik ki, bu sevginin qarşılığını
göstərək. Çünki sevgi qarşılıqlı
olmalıdır və
onda bu kitabın
tərtib olunması ideyası meydana gəldi”.
Birliyin katibi Rəşad Məcid qonaqları salamlayaraq, onu təəəcübləndirən məqamları açıqlayıb:
“Bizi çox heyrətləndirdi və sevindirdi ki, qazaxlar Anarın əsərlərinə bu
qədər dərindən
bələddirlər. Bizim sevimli
xalq yazıçımıza
Qazaxıstanda belə
münasibətin olması,
əlbəttə, çox
kövrək məqamlar
doğurur. Anar müəllimə Astanada Türk dünyasında İlin Ədəbiyyat Adamı ödülü verilirdi və biz bu şənliklərin içərisində imkan
tapıb bu ailənin üzvləri ilə
tanış olduq. Və bizim üçün həqiqətən də
o mükafat real göstərici
oldu ki, təkcə Azərbaycanda
deyil, türk dünyasının başqa
xalqları arasında
da Anar müəllimin
yaradıcılığı belə sevilir. Çox xoşdur ki, Elçin Hüseynbəyli
və Elxan Zal belə bir
təşəbbüs irəli
sürərək bu kitabı tərtib ediblər”.
Xalq şairi
Fikrət Qoca kitabdakı əsərləri
dilimizə çevirənlərə,
bu nəşri ictimaiyyətə təqdim
edən yazarlara təşəkkürünü bildirib.
AYB-nin katibi Arif
Əmrahoğlu Xalq yazıçısı Anarın
bədii irsinin Qazaxıstanda sevilməsindən
məmnunluğunu dilə
gətirib və Azərbaycanda da qazax ədəbiyyatının
rəğbətlə qarşılandığını,
qazax yazıçılarının
əsərlərinin maraqla
oxunduğunu bildirib: “Azərbaycanda hazırda qazax ədəbiyyatına
aid beş dissertasiya yazılır. Onların ikisinin elmi rəhbəri mənəm.
Bu günlərdə də Muxtar Auvezovun hekayələrindən
ibarət kitab işıq üzü görəcək. İkinci vurğulamaq
istədiyim məqam isə Berik Şaxanovun kitabının
böyük bir ənənənin üzərində
ərsəyə gəlməsidir.
XX əsrin əvvəllərində
qazax ədəbiyyatında
böyük bir nəsil formalaşıb.
Berik Şaxanovun da gücü bunun üzərində dayanmasıdır.
Bizim təsəvvürümüzdə Qazaxıstan həm də SSRİ-nin müxtəlif yerlərindən
ziyalıların sürgün
məkanı kimi assosasiya olunur. Onu da bilirik ki,
qazaxların da çox sanballı ziyalılarından repressiyaya
məruz qalanları
var. Bugünkü qazaxların
həyatı Berik Şaxanovun əsərlərində
öz ifadəsini tapır. Bu, çox yaxşı haldır. Bizim qarşıda duran
əsas vəzifələrimizdən
biri yadlaşmanın qarşısını almaqdır.
Əsas işimiz bu qardaşlığı daha
da gücləndirməkdən
ibarət olmalıdır.
Mən bu kitabı da o qardaşlığın
nümunələrindən biri hesab edirəm”.
Gənc
yazar Pərvin Nurəliyeva çıxışında
Astana şəhəri ilə
bağlı təəssüratlarından
danışıb: “Biz Almataya
çatanda da, oradan çıxanda da qaranlıq idi. Amma Şaxanovlar ailəsinin
sayəsində Qazaxıstan,
o şəhər mənim
yaddaşımda çox
işıqlı, al-əlvan
qaldı. Orada bizim
müzakirələrimizin əsas
mövzusu Anar müəllimin yaradıcılığı
idi”.
Tədbirdə şair Oqtay Rza, Qazaxıstanın ölkəmizdəki səfirliyinin
əməkdaşı da
çıxış edərək
kitabla bağlı təəssüratlarını bölüşüblər.
Təqdimat mərasimində Berik Şaxanov və ailə üzvləri – xanımı Dərican Şaxanova, oğlu Qazıbəy Şaxanov çıxış edərək
Azərbaycanda gördükləri
isti münasibətə,
qonaqpərvərliyə görə
minnətdarlıqlarını bildiriblər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 6 mart.- S.7.