Məmmədxanlılar
(davamı)
Az qala
iyirmi il ərzində – keçən əsrin 90-cı illərindən bəri-
üzərində işlədiyim “Əsrim,əslim,nəslim”
adlı anılar, düşüncələr romanını
bitirmişəm. Bu roman beş kitabdan ibarət olan “Keçən
keçdi,olan oldu” silsiləsinin birinci
kitabıdır. Silsilənin o biri hissələri “Mübarizə
bu gün də var”, “Sizsiz”, “Həyatım
ağrıyır” artıq
çap edilib və oxuculara
tanışdır. Silsilənin beşinci kitabını “Yaşamaq zamanı,yazmaq
zamanı”
anılar-düşüncələr romanını bu
yay tamamlamaq niyyətindəyəm.
“525-ci qəzet”in
oxucularına “Əsrim, əslim, nəslim” kitabından bir fəsli – “Məmmədxanlılar”
fəslini təqdim etmək istəyirəm.
O
dövrün məişət tərzini, insanların xarakter və
fəaliyyətini təsəvvür etmək istəyənlərə
Rəsul Rza Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”
pyesini bir də oxumağı tövsiyə edir:
“Eyni hadisələr, eyni əxlaq və anlaq normaları. Bu qədər
desəm kifayətdir ki, mənim bibimin oğlanlarından biri
Bakıda təhsil alırmış, bir yay zamanı tətil
vaxtı kəndlərinə gəzməyə gəlir, ikinci
gün atasının kənddəki müddəiləri,
heç bir günahı olmayan bu oğlanı vurub
öldürürlər. Bu iki tayfa, iki əmi nəvələri
arasındakı müddəilik hətta 21-22-ci illərə qədər
davam edirdi”(Rəsul Rza. Avtobioqrafiya.
Məndəki əlyazması.)
Ailəsini
dilmanclıqla, mirzəliklə, bir qədər də tacirliklə
saxlayan İbrahim
kimi dinc peşə sahibinin də düşmənləri –
müddəiləri olub. Nənəm
danışardı ki, bir gecə taqqıltı səsinə
ayıldıq. Küçədən kimsə
evimizin divarlarını ara-sıra güclü zərbələr
vururdu. İbrahim bütün gecəni bir əlində
tapança, bir əlində tüfəng hazır dayandı.
Mən də gözümü qırpmadım.
Səhər gördük ki, buzovumuz
başını soxub badyanın içinə, çıxara
bilmir, badyalı başını elə hey divara
çırpırmış.
Atamın
ana babası Göyçaya XIX əsrin 80 –ci illərində gəlmiş Molla Hüseyn daha
qabaqlar Güneydən Quzey Azərbaycana keçmiş Culfa Rza
adlı bir xırdavatçının oğlu olub. Rzayevlər
soyadı həmin bu Rzadan gəlir və Culfa ləqəbi güman ki, onun İran Culfasından
olmasının əlamətidir. Molla Hüseyn qatı dindar
imiş, atam onu yaxşı xatırlayırdı: “Alnında qara bir ləkə
vardı, namaz qılmaqdan möhürün yeri
qalmışdı alnında”.
Farsca bilirmiş, Firdovsini, Sədini, Camını
oxuyarmış, Ömər Xəyyamı dinsiz
saydığı üçün sevməzmiş. Ömrü
boyu özü də şair olmaq arzusuyla yaşayıb. Həzrət Əliyə Məsnəvi həsr edib.
Həzrət Əlini fanatik bir məhəbbətlə sevərmiş.
Rəsul Rzanın “Babam kimi və bu günkü adam kimi”
şeirində sətirlər məhz bu babasına – Molla
Hüseynə aiddir.
Babam da şeiri sevərdi,
Mən də sevirəm.
O,Qumrunu,Racini sevərdi,
Mən
Füzulini, Sabiri.
Nə o
bu günün adamı idi,
Nə mən o günün.
Babam
öz vaxtının oğlu idi
Mən öz vaxtımın.
Babam avam
idi
–indiyə görə.
Mən avamam sabaha
görə.
Ay
tutulanda vahiməyə düşərdi babam
Mən
aya adam göndərəcəyəm.
Baxsın
görsün nə var,nə yox.
Vaxtilə
atamın bu şeiri dərc olunanda kimsə ona parodiya
yazmışdı və parodiyada məzəli misralar da
vardı:
Babam
Nizami Gəncəvini oxuyardı
Mən
Novruz Gəncəlini...
Təəccüblüdür,
necə olub ki, qatı dindar Molla Hüseyn qızı Məryəmin Mirzə
İbrahim kimi açıq fikirli adama ərə getməsinə
razı olub. Bəlkə Mirzə İbrahimin mütərəqqi
baxışlarından gec xəbər tutub, sonra duyuq
düşüb və elə ona görə də kiçik
qızı İmmihanini İbrahimin kiçik qardaşı
Qaffara vermək istəmirmiş.Qafar əmi İmmi xalanı
götürüb qaçıb və buna görə Molla Hüseyn
qızını qarğıyıb. Həbibə
deyərdi ki, o kişidən, yəni dost-doğmaca babası
Molla Hüseyndən xoşu gəlmir, çünki anamı
onun qarğışı tutdu, bütün ömrünü əzab-əziyyət
içində yaşadı, bir xoş gün görmədi.
Gah sovet hökumətindən qaçaq kimi gizlənən
əri Qaffarın nigarançılığını çəkdi,
gah Vətən müharibəsində almanlara əsir
düşmüş, sonra da Stalin rejimi tərəfindən
Sibirə sürgün edilmiş kiçik oğlu Niyazinin.
Həbibə xanım güman edirdi ki, İmmi xalanın
qoşulub qaçmasında onun böyük bacısı Məryəm
xanımın da əli olub, nənəmə sataşardı:
–Getdin,
gordün ki, Məmmədxanlılar yaxşıdır,bacını da onlara gəlin elədin...
Molla
Hüseynin arvadı, atamın ana nənəsi (
ona Tavat ciji deyirdilər) qarabağlı idi, Qaradolaq
obasındandı, hətta deyilənə görə xan qızı Natavana uzaq
qohumluğu çatırmış. Rəsul Rza
Qarabağ torpağına xüsusi yaxınlıq, məhrəmlik
duyur, necə deyərlər qanı çəkirdi. Məktəb
yoldaşım mərhum bəstəkar Vasif Adıgözəlov
da, şair
dostum Ənvər Əhməd də
hərdən mənə :səninlə həmyerli, hətta
qohumuq- deyirdilər. Onların əsilləri
də Ağcabədinin
Qaradolaq obasındandır.
Tavat ciji
yaxşı yadına gəlirdi atamın: “Çox gözəl,
ağ-çağ xanım- xatın bir qadın idi. İri ala
gözləri vardı”...
Təbii
ki, atamın Qarabağa xüsusi məhəbbətini nənəsiylə əlaqələndirmək
sadəlöhvlük olardı, Şuşaya gənclik xatirələriylə
bağlıydı. Qarabağın
başının üstündən daimi təhlükə
kimi asılmış bədxah erməni niyyətlərini
çox erkən vaxtlardan duymuşdu. Bu barədə
şeirlərində,çıxışlarında dönə-dönə xəbərdarlıq
edirdi. Buna görə də daşnak xislətli erməni yazıçıları
Rəsul Rzanı millətçilikdə ittiham
edirdilər. Bədnam Sero Xanzadyan atamdan Moskvaya SovİKP MK-ya
uzun bir danos yazıb göndərmişdi, onu Lenin milli siyəsətinə
düşmənçilikdə, qatı millətçilikdə
suçlayırdı (belə yerdə deyiblər:
adımı sənə qoyum, səni yana-yana qoyum.)
Əlbəttə,ümumi milli amallarla yanaşı Qarabağ
atama nənəsinin yurdu kimi də doğma idi:
Gözəllər
gözəli
Qarabağım
mənim
Nənəmin köçəri yolları.
Göyçayda
məskən salmış nənə-babasının
Qarabağ həsrətini, Qarabağ nisgilini onların dilindən
ifadə edirdi:
Bağları
bağlar bağı
Dağları
dağlar dağı
Qalasının
hər divar daşı
Düşmən
gülləsinə qalxan
olub
Gümüş-gümüş
ulduzları
Dan
sökəndə axan olub
Üç
ay sürüləri başyuxarı gedir
İki ay
başaşağı
Yamacları
– əlvan xalı!
Şırranları
– nənə qurşağı!
Nəğmələr nəğməsi –ordadır.
Cabbarın,Seyidin səsi – ordadır.
Molla
Hüseynin iki bacısı olub – Ümsəltənət(onun
oğlu Əlmərdan atamın ən yaxın uşaqlıq
dostu imiş),Gülsüm. Gülsümün nəvəsi
Rəhim (qabaqlar Rəhim Əli yaşırmış
adını) Məmmədhüseyn Rzayevin yaxın dostu olub.
Əlimərdanı
görə bilməzdim (çox qabaqlar ölüb), Məmmədhüseyn
dayı yaxşı yadıma gəlir, Rəhimlə isə...
Nyu –Yorkda tanış oldum. 1973-cü
ildə. O vaxt səksənə yaxın yaşı
olardı.
1973-cü
idə kinematoqrafçılar dəstəsiylə ABŞ-a
getmişdim. Səfər qabağı atam birdən: Bilirsən-dedi-
Göyçayda bizim bir qohumumuz vardı, Rəhim,dayım Məmmədhüseynin yaxın dostu
idi. Sonra burdan çıxıb getdi,bir
müddət Türkiyədə yaşayıb deyəsən,
indi də, eşitdiyimə görə Amerikada Nyu-Yorkdadır,əgər
sağdırsa,gör bəlkə onu tapa bildin? – 14 milyonluq şəhərdə
Rəhim adlı adamı ünvansız-flansız
necə tapmaq olar?-dedim. Atam eyni tonla: –Eşitmişəm ki,
orda Göyçay familini götürüb. İnanmıram ki, 14 milyonluq şəhərdə
Göyçay familiyalı adam çox
ola.
Gülüşdük. Bu təşəbbüsün
mənasızlığını və uğursuzluğunu hər
ikimiz yaxşı dərk edirdik.
Amerikaya
gedən kino işçiləri qrupuna məşhur aktrisa Lidiya
Smirnova rəhbərlik edirdi.Qrupa
komediya rejissoru Leonid Qayday, ssenarist Kunin və
başqaları daxil idi. Azərbaycandan mən
idim, bir də Maqsud İbrahimbəyov. Dəstəmizə
“Lenfilm” kino-studiyasının redaktoru Frija Qukasyan da daxil idi.Frija yazıçı
Yuri Germanın ssenariləri üzrə çəkilmiş
bir neçə filmin redaktoru olmuşdu.Germanlarla – Yuriylə və
onun oğlu, sonralar məşhur rejissor kimi
tanınmış və bu
yaxınlarda vəfat etmiş Aleksey Germanla ailəvi dost idi.Yuri Germanın
böyük qardaşı çox illər qabaq Amerikaya
köçmüş,
Nyu-Yorkda dövlətli
adam olmuşdu. Leninqradda Germanlardan onun telefonunu almış
Frija Nyu-Yorkda Yurinin milyoner qardaşına zəng elədi ,özünü təqdim etdi və
bir gün həmin adam (təəssüf ki, adını
unutmuşam) arvadıyla bir yerdə qaldığımız
otelə gəldi. Frija Maqsudla məni də onunla tanış etdi. Və
amerikalı German bizi restorana, şam yeməyinə dəvət
elədi. Zənginlərin, kübarların gəldikləri
bahalı restoran
idi. O zaman – 73-cü illərdə belə-belə şeylərə
alışmamış
biz-sovet adamları mat qalmışdıq ki, German
yeməyin hesabını pulla ödəmir, ofisiantın gətirdiyi
kağıza qol çəkir, vəssalam.Nyu-Yorkun əsas
teatrları yerləşən Brodveyə yaxın olan bu
restoranın bir özəlliyi də
vardı. Restoranın qarşısında atlar
qoşulmuş bər-bəzəkli faytonlar durmuşdu və
bu faytonlar istədiyiniz vaxt sizi Brodveyin hər hansı
teatrına çatdıra bilərdi. Restoran
da əsasən elə teatra gedən tamaşaçılara
xidmət edirdi. Biz teatr tamaşasına gedəsi deyildik,
amma German lütfkarlıqla:- nə kimi
arzularınız var?- dedi.Xahiş edirəm çəkinməyin,hər
bir istəyinizi yerinə yetirməyə imkanlarımız var.
Mən nə
isə birdən atamın sözlərini xatırladım:-Bir
istəyim var – dedim. Məlumat bürosundan
Göyçay familiyalı bir adamın telefon nömrəsini
öyrənmək olarmı? Ünvanını bilmirəm,
amma Nyu-Yorkda
nadir familiya olduğu üçün bəlkə öyrənmək
mümkündur .
German işarə elədi və ofisiant çox qalın
bir telefon kitabçasını gətirdi. Lazım olan hərfi
tapdım, diqqətlə baxdım, belə bir familiya yox idi.
Şam yeməyindən sonra German bizi mənzilinə, qəhvə
içməyə dəvət etdi. Mənzili göydələnin
çox uca mərtəbəsində
yerləşirdi. Pəncərədən
Nyu-Yorkun fantastik gecə mənzərəsi
görünürdü. Bu evdə də
yalnız çox varlı adamlar yaşayırdı.
German qonşuları haqqında: onun üç, bunun beş mənzili
var –deyirdi.( O vaxt bizə anlaşılmaz və
qəribə görünən bu “çoxmənzillilik”
qırx il sonra Bakımızda da təzahür etdi).Qapı
qonşusu haqqında soruşduq: –Bəs bu adamın neçə
mənzili var? – Onun haqqında neçə mənzili var deyə
soruşmaq düz olmaz-deyə güldü. Soruşun neçə
oteli var,həm də dünyanın müxtəlif qitələrində.
Nə isə qəhvə içə-içə
gözüm telefonun yanına qoyulmuş bayaqkı kimi
çox qalın məlumat kitabçasına
sataşdı.Ancaq bu bayaqkı kitab deyildi. Demə bayaq
restoranda Nyu-Yorkun Bruklin rayonunun məlumat kitabçası
imiş, bu isə Bronks rayonunku idi. Götürüb
kitabı vərəqləməyə başladım, birdən
gözlərimə inanmadım – münasib hərfə aid olan
səhifədə Göyçay famili
yazılmışdı, inisialı da R. idi.
İnanılası şey deyildi, saman tayasında iynəni
tapmışdım deyəsən... Ev sahibindən xahiş
etdim ki, tapdığım telefonla zəng eləsin, ingiliscə
başa salsın ki, onunla Azərbaycandan gəlmiş adam danışmaq istəyir.
Nömrəni
yığdı, ingiliscə lazım olan məlumatı çatdırdı və
dəstəyi mənə uzatdı.
–Rəhim
bəy, salam –dedim.
Telefon mübhəm bir sükuta qərq oldu. Sonra zəif
,boğuq bir səs – qoca səsi
gəldi.Təəccüblə:
–Salam-dedi.
–Sizinlə
danışan göyçaylı dostunuz Məmmdhüseynin
bacısı oğlu
Rəsulun oğludur—dedim.
Budəfəki
sükut azı yarım dəqiqə çəkdi,elə bildim rabitə kəsilib, yaxud gözlənilməz
zəngdən kişinin ürəyi gedib.Ya da heç
danışmaq istəmir.Nəhayət bayaqkindən də zəif,
bayaqkindən də çox təəccüb ifadə edən
səs eşidildi:
–Nə, kim? Məmmədhüseyn?
–Bəli.
–
Sağdır Məmmədhüseyn?
–Yox, 45-ci
ildə rəhmətə getdi.
–Sən
kimin oğlusan?
–Rəsulun.Məmmədhüseynin
bacısı oğlunun.
Yenə
uzun bir sükut çökdü,sonra bu dəfə
də məni təəccübləndirən
bir sual eşitdim:
–O vaxt Rəsul
ağacdan yıxılmışdı,ayağına
tilişkə batmışdı, ayağını kəsmək
istəyirdilər, nə oldu?
O vaxt – yəni 1919-cu
il.O vaxt doqquz yaşlı Rəsul
ağacdan yıxılıbmış, ayağını zədələyibmiş,
qanqrenadan ehtiyat edib hətta qıçını kəsmək
istəyirmişlər. Bu hadisədən 54 il
sonra Rəhim onun nəticələriylə maraqlanırdı.
–Yaxşıdır
atam-dedim.Ayağını da kəsməyiblər.Sizə
çoxlu salamı var.
Rəhim
bəy:
–Əleyküssəlam-dedi,sonra əlavə etdi- azı 15 il olar azərbaycanca
danışmamışam.
Vallah
yadımda qalmayıb,azərbaycanca dedi,ya türkcə. Axı o vətəndən
gedəndə dilimizin adı türk diliydi. Mən
də həyəcanlanmışdım və onunçün
bunun fərqinə varmamışdım.İndi bu barədə
yazanda ağlıma gəldi ki, Rəhim bəy görəsən
necə dedi, türkcəmi, azərbaycancamı? Hər
halda məsələnin mahiyyəti aydın idi – 15 il doğma dilində
danışmamışdı.
–Hansı
oteldə qalırsan?
– Komamador
oteldə- dedim.
–Səhər
gələcəm yanına – dedi.
Səhər
oteldə nömrəmizin qapısında saçları qar
kimi dumağ, orta boylu, arğaz bir kişi
dayanmışdı.Bu Rəhim bəy idi. İçəri
dəvət elədim. Söhbətə başladıq,
Rəhim bəy ixtisasca naturapat – yəni təbii bitkilərlə
müalicə edən həkim idi.Türkiyədə,
İsveçrədə təhsil alıb,sonra
Amerikaya köçub. Arvadı neçə il
bundan qabaq vəfat edib və Rəhim bəy adamla dop-dolu
böyük dünyada tamamilə tək –tənha qalıb.
“Axı burda azərbaycanlılar da yaşayır,nə əcəb onlarla ünsiyyətiniz
yoxdur – deyə xəbər alıram. –Burda azərilərin iki
dərnəyi var,biri Nyu –Yorkda, o biri Nyu Arkda- dedi.Bir dəfə
Nyu-Yorkdakına getdim, bir müddətdən sonra Nyu-Arkdan məktub
aldım: Bir də ora getsən səni öldürəcəyik.
Bir səfər də Nyu-Arkdakı dərnəyə getdim.Onda
da Nyu-Yorkdan telefon etdilər: Bir də ora getsən elə edəcəyik
ki, həkim kimi qəbuluna heç kəs gəlməsin.
Bundan sonra heç birinə getmirəm – nə Nyu –Yordakına, nə
Nyu-Arkdakına.
Maqsudla bir nömrədə qalırdıq. O da söhbətdə
iştirak edirdi. Arada otaqdan çıxanda Rəhim bəy əyilib
qulağıma pıçıldadı:
–Onun
yanında demək istəmirdim,bilirsən
ki, sənin əsl familiyan Məmmədxanlıdır?
–Bilirəm-dedim-Maqsud
çıxan qapını göstərdim – O da bilir.Bunu hamı
bilir, odur ki, heç narahat olmayın.
Rəhim
bəyin xasiyyətindəki,
danışığındakı bəzi qəribəlikləri
bilmirdim nəylə bağlayım – sinniyləmi,tənhalığıylamı,
yalqızlığından əmələ gəlmiş
yüngül düşüncə
sapıntılarıylamı? Küçəyə
çıxanda məni inandırmaq istəyirdi ki, buradakı
meyvələri alıb yemək olmaz –rəngarəng, parlaq
görünsünlər –deyə üzərlərinə boya çəkirlər,
boyalar da zəhərlidir. O vaxt mənə əcaib görünən bu
fikri indi daha gerçəkçi
baxışdan qavrayıram, axı doğrudan da
qidalandığımız məhsulların çoxu zəhərli
gübrələr, parıltılı əlavələr nəticəsində
zərərli şəklə düşüblər.
Rəhim
bəy mənə başqa bir “sirri” də açır: Con Kennedini öldürüb eləməyiblər,
yəhudilər onu qaçırdıb İsraildə gizlədir.
Məzarı da bomboşdur.
Nyu –Yorkun Bronks rayonunda onun evinə metroyla gedirik. Dolaşıq
Nyu-York metrosunda özü də yolu çaşdırır.
Gəlin onlardan xəbər alaq-deyə
yanımızdan keçən zənci gənclərini
göstərirəm.
–Nəbadə-deyir.
Rəhim bəy- aldadarlar,tamam əks istiqaməti
göstərərlər. Sən burdakı
adamları tanımırsan.
Bir an mənə
elə gəlir ki, Rəhim bəy bura neçə il qabaq deyil, elə bu gün gəlib,
özü də Göyçayın ən ucqar kəndlərinin
birindən təşrif gətirib.
Axır
bir təhər yolu tapıb evinə gəlib çıxdıq. Bir neçə geniş otaqlı mənzili
vardı. Vaxtilə arvadının
çaldığı pianonu indi heç kəs dilləndirmir,
üstünü toz basıb. Mənzilin
bir hissəsində pasientləri qəbul edir, o biri hissəsində
tək- tənha ömrünü başa vururdu.
İri, boş, hənirsiz, səssiz, yarıqaranlıq
otaqlar, toz basmış nimdaş avadanlıq, çox illər
əvvəl vətənindən didərgin
düşmüş ixtiyar...Bu mənzildə insan tənhalığının
ən kədərli, ən acı görsənişləri, təzahürləriylə
rastlaşdım. Rəhim bəy heç cür məni buraxmaq istəmirdi,
“yüz ilin tənhalığından” sonra uzaq vətəninin
sözünü-sorağını, dilini gətirmiş adam idim, evində nə vardısa mənə
bağışlamaq istəyirdi. Təbii ki,
imtina edir və son dərəcə gərgin turizm
proqramımı pozmamaq üçün qocadan bir təhər
ayrılmağa çalışırdım. Məni
evindən oteləcən ötürdü.Ünvanını
götürdüm, atama verəcəm, sizə məktub
yazacaq-dedim. Atamın adresini də verdim. Siz də yazın. – Yazacam.
Ayrılıq dəmi gəldi. Rəhim bəyin
gözlərində yaş vardı.Cəmisi bir neçə
saat bundan qabaq gördüyüm adamla ayrılıq məni də
qəhərləndirmişdi.
Bakıda
atama bu sərgüzəştləri danışanda o da mat
qalmışdı. Hər şeyə təəccüb edirdi,
Rəhimin sağ olduğuna, onu yadında
saxladığına, hətta ayağının zədələndiyini
belə unutmadığına, mənim onu 14 milyonluq şəhərdə
tapmağıma...
Atamla məktublaşmağa başladılar. Rəhim bəyin
atama yazdığı altı məktub və atamın ona
yazdığı məktublardan birinin surəti indi məndədir.
Rəhim bəyin iki məktubu ruscadır.Təəccüb
qaldım ki, rus dilini də unutmayıb, çox savadlı
yazısı var.
Bu məktublardan
bəzi parçaları yazıldıqları şəkildə gətirirəm:
“Əziz qardaşım Rəsul! Təqribən 10-11 ay
bundan əvvəl evdə oturmuşdum, birdən telefon
çaldı. Bir hanım səsi ingiliscə: indi birisi
sizinlə öz dilinizdə danışacaq – dedi. “Rəhim bəy, mən Anar, Rəsulun oğlu, 15
gündür turist olaraq Amerikadayıq və üç
gün sonra Bakıya qayıdacayıq.
Möcüzəyə inanmırdım. 52 il
sonra bizimkilərdən birinin mənimlə Nyu- Yorkda telefonla
danışmasına möcüzədən başqa nə ad
verilə bilər?
Vəlhasil getdim Anar ilə görüşdüm,
yoldaşı ilə (Maqsudu nəzərdə tutur-A.) mənə
çox hörmət etdilər, yedik, içdik və bol-bol
danışdıq. Hamınızı sordum. Bəzilərinin ölüm xəbərini aldım.
Allah rəhmət etsin. Öz dilimizi yaddan
çıxartmadığıma çox təəccüb
etdilər.Mən Nyu-Yorkda
yaşadığım zaman 27.4.1968-də İstanbuldan, Saleh Gəncərdən
bir məktub aldım: “15 gün əvvəl Azərbaycandan 20
kişilik bir yazarlar və şairlər qrupu turist olaraq
İstanbula gəlmişdi. Bunların içində Kamil
Arranın qız qardaşı, şair Nigar Rəfibəyli, qocası Resul Riza və yazar Enver Mehmetxanlı da
vardı, bunlar sizin çox yaxın
akrabanızdır.Adresinizi bendən istediler. Lütfən
adresinizi bana gönderin onlara göndəreyim, sizə mektub
yazsınlar”.
Mən bu
habere çox sevindim və dərhal adresimi Saleh Gəncərə
göndərdimsədə ondan cavab gəlmədi. Bir zaman sonra Salehin vəfat etdiyini eşitdim.Allah rəhmət
eyləsin.Böyləcə bizimkilərlə
görüşmək və təmasda bulunmaq röyyası
suya düşmüş oldu.
Bu
röyyam keçən il yenidən
canlanmağa başladı.O gündən bəri hər
gün Meksikaya getmək məsələsi olduğu
üçün sizlərə məktub yazamadım.Avqustun 8
–də Meksikaya gəldim və bir apartman buldum.Bir odam
vardır.Göyçayı və hepinizi çox özlədim.Göyçayın
52 yıl əvvəlki planı və hepimizin 52 yıl əvvəlki
yaşınız daima gözümün önündədir. Rəssam
olsaydım hepimizin rəsmini sizə göndərə bilərdim.
40 il bundan əvvəl Zeynəb balamdan bir
məktub aldım. 1928 yılında Səriyyə
bacımın çocuq doğarkən vəfat etdiyini və
oğlu Üzeyirə baxdığını
yazırdı.Onlardan bana bir haber verə
bilseniz çox mütəşəkkür oluram. 52
yıldır ki,dünyayı
dolaşıram.Heç bir yerdə ayaq tutmaq səadətinə
nail olamadım. Sevdiyim və çox yaxın əqrabalarım
olan sizlə təmasda bulunamadım. Kəndimi çox
yalnız hiss ediyorum. Bana məktub yazsan beni
çox sevindirmiş olarsan. Kubra və Sarə
bacılarıma, Ənvər və Anara çox-çox salam edər və sənin gözlərindən
öpərim. Rəhim. Məktubunu
bəklərəm”.
Cavab məktubunda
atam Rəhim bəyi
Azərbaycana dəvət edirdi. Rəhim bəyin
başqa bir məktubundan parça:
“Çox aziz və çox qiymətli şair və
biricik kardeşim Resul! Bu fani dünyada benim tək bir arzum vardır
,o da ölmədən əvvəl sizləri yəni qohum və qardaşları
görə bilmək bəxtiyarlığı olmasa da
heç olmasa hepinizlə məktublaşmaq və dərdləşmək
səadətinə nail olmaqdır. Onun üçün səndən
böyük bir ricam var: bu məktubu alır almaz lütfən
heç olmasa 1.Üzeyirin, 2. Səlimin qızı İfrat və
anasının və 3.Ənvərin adreslərini bana göndər.
Məktubunu
lütfən (zakaznoy göndər) uçaq ilə
göndər. Hepinizi birər-birər (tək-tək)
selamlar, həsrətlə məktubunu bəklərəm.Qərib
kardeşin Rəhim”.
Rəsul
Rza Rəhim bəyə göndərdiyi məktublardan (məndə sürəti
olan məktubunda) birində yazır:
“Mənim didərgin, qərib qardaşım Rəhim!
Hər iki məktubunu almışam. Birinci məktubuna cavab
yazmadan istədim yoxlayam sənin xəbər tutmaq istədiyin
qohum qardaşdan kim qalıb? Göyçayda uzaq qohumlarının nəvələrindən
bir neçə nəfər var. Dövlət idarələrində
işləyirlər.Dolanışıqları çox
yaxşıdır. Üzeyir Məmmədov
–Səriyənin oğlu Əli –Bayramlı şəhərində
işləyir. Özünü görməmişəm,
deyirlər iki qızı var. Bu günlərdə Səlimin
(Məsmə xalanın oğlu) qızı İfrat Əliyeva
anası ilə bizə gəlmişdi. Bundan başqa (Səlimin
özü on il əvvəl vəfat edib)
bir qızı, bir oğlu da var, hər ikisi yaxşı vəzifədə
işləyirlər.
İndi Göyçay sən görən yarı
kənd,yarı şəhər deyil. Çox
böyüyüb, artıb,gözəlləşib,
5-9 mərtəbəli evlər, çoxlu məktəb,
texnikum, mədəniyyət sarayları var. Göyçaydan
çıxmış yüzlərlə ali təhsilli həkim,
alim, aqranom, müəllim, yazıçı var. Bizə gəlincə
1930-cu ildən Bakıda yaşayırıq.
Bizim ölkə haqqında bir sıra uydurmalar, əfsanələr
yayılıb.
Yaxşı olar ki, gəlib həqiqəti
görəsən. Bir turist kimi olsa da gəl,
sənin ünvanını qohumlarına verdim ki, sənə məktub
yazsınlar. Hələlik bu qədər.
Səni bağrıma basıram. Rəsul
Rza”.
Digər
məktublarında Rəhim bəy yazırdı ki, o da Vətənə gəlməyi çox istəyir və
mütləq gələcək, amma indi Meksikaya gedir,
çünki onun sağlamlığı üçün bol
günəşli və saf meyvələri olan bir ölkə
lazımdır. Meksika isə məhz belə
ölkəymiş. Sonra məktubların
arası kəsildi və uzun bir fasilədən sonra Rəhim bəydən
gələn məktubda çox pis xəbərlər
vardı. Meksikada Rəhim bəyi – səksən
yaşlı qocanı döyüblər, qarət ediblər, xəstəxanaya
düşüb, uzun müddət orada yatıb. Özü də ona təcavüz edənlər zəncilərmiş.
Yazıq Rəhim bəy,demə Nyu –Yorkda
metroda zəncilərdən ehtiyat etməkdə
haqlıymış. Atamın xəstəliyi də
şiddətlənmişdi o vaxt, deyəsən daha Rəhimə
məktub yaza bilmədi. Bəlkə də
yazıb, bilmirəm, amma hər halda Rəhim bəydən daha
kağız gəlmədi.
Uzun müddət yolum ABŞ-a düşmədi. 14 ildən
sonra 1987-ci ildə getdim Amerikaya, amma səfər
marşrutumuzda Nyu –York yox idi. Yolum Nyu –Yokra düşsəydi
belə Rəhim bəyi axtarmağımın mənası
vardımı? Yəqin ki, bu qoca, xəstə, həm
də xuliqanlardan ciddi xəsarət almış tənha insan
dünyasını çoxdan dəyişib. Altı il qabaq atamla anam da dünyalarını dəyişdikləri
kimi. Bəlkə Rəhim bəyin öldüyünü bilməmək bunu qəti bilməkdən daha
yaxşıdır.Kimdən öyrənə bilərdim qəbrinin
yerini? Telefon kitablarında məzar yeri göstərilmir axı...Bu
şəhərdə kimi vardı Rəhim bəyin – 14 milyonun içində
Göyçay soyadını daşıyan yeganə
insanın?
Son bir məqama toxunaraq yazımın “Məmmədxanlılar”
fəslinə nöqtə qoymaq istəyirəm. Nənəm deyərdi ki, İbrahim hərdən bir
Gəncəyə gedərmiş. “Ələkbər
bəylə məsləhətləşməyə gedirəm”-
deyərdi. Nənəm də, anam, atam da güman edirdilər
ki, Mirzə İbrahim məsləhətə anamın babası Ələkbər bəy Rəfibəylinin
yanına gedərmiş.
Mən isə bunu güman kimi yox, qəti təsdiq
olunmuş fakt kimi qəbul edirəm. O vaxt Gəncədə Ələkbər
bəy Rəfibəylidən başqa yanına məsləhətə
gediləcək hansısa
başqa bir Ələkbər bəy varmıydı? Mirzə İbrahimin Ələkbər bəylə
tanışlığı isə çox sadə izah olunur.
Ələkbər bəy bir müddət Ərəş
mahalında pristav işləyib və Göyçayın
nüfuzlu adamlarından olan Mirzə İbrahimlə
tanış olması
təbiidir.
Beləliklə
çox sonralar Rəsul Rzayla Nigar Rəfibəylinin izdivacları vasitəsiylə
qohumlaşan bu iki nəslin – Məmmədxanlılarla
Rəfibəylilərin – ilk təması,ilk ünsiyyəti Ələkbər
bəylə Mirzə İbrahimin görüşləri
zamanı başlayıb.
1993-2013.
Bakı, Zuğulba.
ANAR
525-ci qəzet.- 2013.-
7 mart.- S.4.