Azərbaycanda dini və etnik tolerantlıq:
fəlsəfi-psixoloji aspektdən baxış
(davamı)
Müsahibimiz
görkəmli filosof, Milli Elmlər Akademiyasının
müxbir üzvü, professor Səlahəddin
Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda
dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə
fəlsəfi-psixoloji aspektdən baxış təşkil
edir.
– Uzun illər
təbliğat maşını işlədi, bəs niyə
imperiyanın hamını ateist görmək, hər xalqı
öz dinindən ayırmaq ideyası məhvə məhkum
oldu?
– Əvvəla, ilk mərhələlərdə onlar
böyük uğur qazanmışdılar. Brejnev hakimiyyətə gələndən
sonra, xüsusən
70-ci illərdən sonra, yavaş-yavaş mərkəzi
hakimiyyətdə ideologiyanın özünün daxili
qüsurlarının üzə çıxmağa
başlaması ilə o proses ləngidi, bir tərəfdən
də bəzi ölkələrdə milli mədəniyyətlərin
özünüsaxlama instinkti işlədi, din, mənəviyyat
xeyli dərəcə yaşadı. Bununla belə,
Rusiyanın öz içərisində olan bir sıra xalqlar
sıradan çıxdı. İndi məsələn,
Sibirdə bir sıra xalqlar var ki, sadəcə adları
qalıb. Onların milli mədəniyyəti
aşınıb, sıradan çıxıb, hamısı
rusca danışırlar. Mərkəzi
Rusiyada olan xalqların çoxusu da bu təsirə məruz
qaldılar. XIX əsrdə Şimali
Qafqazdan bir sıra xalqlar köçürüldü. Amma Rusiya imperiyasının tərkibində olanda Azərbaycanda
bir ağrılı məsələ baş qaldırdı.
Ölkəmiz daxilində bir etnik qrupa – ermənilərə
mərkəzi dövlət tərəfindən himayədarlıq
göstərilməsi, onlara şərait yaradılması,
bütövlükdə erməniləşmə siyasəti
vüsət aldı. İran, Türkiyə
və başqa ərazilərdən ermənilər Azərbaycan
torpaqlarına köçürüldü, onlara daha
yaxşı şərait yaradıldı. Hətta
əhalinin böyük əksəriyyətinin azərbaycanlı
olduğu yerlərdə də erməni mədəniyyətinin
və dilinin üstünlüyü rəsmi Moskvanın
köməyi ilə təmin edildi. Artıq
Azərbaycanda Cümhuriyyət qurulan dövrdə belə bir
məsələ qalxdı ki, orada da xeyli ərazilər
artıq ermənilərin imiş, onlar da erməni dövləti
yaratmaq məsələsi ilə çıxış etməyə
başladılar. Hələ ona qədər
Ermənistan deyilən bir şey yox idi. Onlar
beləliklə, bizim ərazilərimizdə öz dövlətlərini
qurdular, sonra sosializm mərhələsində Ermənistan da
bir sosialist respublikası kimi SSRİ-yə daxil oldu. Biz tarixi torpaqlarımızın mənimsənilməsinə
qarşı çıxış etdikcə, Moskva deyirdi ki,
millətçilik etməyin, hamımızın bir amalı
var, o da sosialist quruluşudur, kommunist ideologiyasıdır.
Dini, milli ayrı-seçkilik olmaz. Amma olmaz deyib də ayrı-seçkilik siyasəti həyata
keçirilirdi.
İndi müasir dövrdə də Azərbaycanda ermənilər,
ruslar kimi gəlmə xalqlar yaşayır. Keçmişdən
hələ Alban dövlətindən qalan, xristian dinini qəbul
olunmasından bəri tarixən, minillər boyu burada
yaşayan etnik azlıqlar da var. Amma bu etniklərin əksəriyyətinin
xristian olması ilə sonralar dini fərqlər milli fərqlərə
çevrilib. Yəni, vaxtında situasiya
düzgün dəyərləndirilmədiyinə, millət
özünü dərk edə bilmədiyinə, milli
şüur səviyyəsi aşağı olduğuna və
elmi tədqiqatlar aparılmadığına görə dini
meyarlar əsas götürülüb. Məsələn,
biz hələ çoxdan özümüzə azərbaycanlı,
türk deməkdənsə, müsəlman demişik,
xristianlara isə ümumiləşmiş adla erməni deyilib.
Bu cəhət o dövr ahıl
adamlarının leksikonunda da öz əksini tapıb. Onlar “erməni-müsəlman davası” kəlməsini
işlədirlər. İndiyə qədər
də hətta bu terminlərdən istifadə olunur. Onda erməni deyildikdə də erməni milli tərəf-müqabil
kimi başa düşülmürdü. Bu,
xristian tərəf müqabili idi. Biz sadəcə,
xristianlarla müsəlmanları belə fərqləndirmişik.
İş elə gətirib ki, albanlara da xrisitian
olduqları üçün erməni deyilib, yəni müsəlman
olmayan. Moskvada şübhəsiz ki, bunu bilənlər
var idi. Rus tədqiqatçıları,
aimlər də bilirdilər. Bizdə isə elmi tədqiqatlar,
yüksək səviyəli tarixçi və ideoloqların
olmaması ucbatından və hətta tək-tək şəxslər
bunu dərk etsə belə, onlar bunu millətə anlada bilmədiklərinə,
təbliğat mexanizmləri-mətbuat və məktəblər
olmadığına görə, biz camaaatı başa sala bilməmişik
ki, dini və milli meyarlar fərqli anlayışlardır. Bunun bir tərəfdən yaxşı cəhəti
o olub ki, talış, kürd, ləzgi ayrı-seçkiliyi
olmayıb, müsəlman müsəlman kimi qəbul edilib.
Amma bir tərəfdən də xristian olanlar,
bir qismi bizim qədim soydaşlarımız olanların
hamısına yad kimi, bizim millətdən olmayan kimi
baxmışıq. Ona görə də
alban kilsələri, alban tarixi abidələri də bizə
yad ünsür kimi təqdim edilib. Məhz
bu səbəbdən indi bunların bir qisminə ermənilər,
bir qisminə də gürcülər yiyələnib. Çünki XIX əsrdə, Rusiya imperiyası
daxilində olanda bu düşüncə, bu bölgü belə
gedib. Amma halbuki, bunlar hamısı alban
abidələri olub. Bu, dərindən
araşdırılması vacib olan ayrıca bir problemdir.
Nə yaxşı ki, tarixçilərimiz son
illərdə bu istiqamətdə məqsədyönlü fəaliyyət
göstərirlər.
Biz həmişə tolerant olmuşuq. Başqalarını fərqləndirsək
də , bunu dözümlü şəkildə,
düşmənçilik aparmadan etmişik. Bizdə hələ
lap qədimdən bir düşüncə formalaşıb:
başqa xalqlara qonaq kimi baxmışıq, qonaq isə bizdə
həmişə üstün tutulub, qonağın yeri
yuxarı başda olub. Bu, yüz illər ərzində
milli psixologiyamızda formalaşmış düşüncə
tərzidir. Məhz bu prizmadan yanaşaraq
başqa xalqlara “qəribdirlər, yazıqdırlar, xətirlərinə
dəymək olmaz” deyib həmişə onları əzizləmişik.
Bu, bədii ədəbiyyatımızda da,
folklorumuzda da qismən öz əksini tapıb. Bizdə başqa millətlərə və digər
dinlərdən olanlara münasibət nəinki
dözümlülük səviyyəsində, bundan daha
üstün – xoşgörü səviyyəsində olub.
Biz onları hətta özümüzdən də
üstün tutmuşuq. Amma müqayisə
etsək, Avropa ölkələri bütün məsələlərdə
ilk olaraq öz millətlərinə üstünlük verirlər,
sonra digərlərinə. Bizsə həmişə
qonağa üstünlük verərik. Yolda
bir azərbaycanlı o birindən yolu soruşsa, sadəcə
göstəririk, amma bunu bir əcnəbi soruşanda, onu həmin
yerəcən aparmağa ərinmərik. Çünki
fikirləşirik ki, qəribdi, aza bilər və sair. Bu, həmişə belə olub. Bizdə tarixən
heç vaxt
kiminsə dilini, dinini, mədəniyyətini dəyişmək
tendensiyası olmayıb. Əksinə, öz
dilimizi, dinimizi, mədəniyyətimizi də qismən
onların hesabına zənginləşdirmişik. Azərbaycanda yaşayan başqa xalqların nümayəndələri
heç vaxt bizim dilimizdə danışmağa məcbur edilməyiblər.
Biz bunu nəinki müstəqillik dövründə,
heç sovet dövründə də eləməmişik.
İndinin özündə də Bakıdakı
rusların əksəriyyəti bütün ömrü boyu
burada yaşamağına baxmayaraq, bizim dilimizi öyrənməyiblər.
Niyə? Ona görə ki, məcbur
eləməmişik. Mən özüm əslən
Gürcüstandanam. Həmişə Tiflisə
gedəndə şahidi olmuşam ki, onlar rus dilində dinləmək
istəməyiblər. Axı, rus dili
keçmiş SSRİ-də millətlərarası, ümumi
bir ünsiyyət vasitəsi idi. Amma buna
baxmayaraq, gürcülərə rusca sual verəndə cavab da
verməzdilər, guya anlamırlar. Ona
görə də, biz ora gedəndə bir neçə kəlmə
vacib gürcü kəlməsi öyrənirdik. Gürcülər qədər millətçi xalq təsəvvür
etmək çox çətindir. Gürcülər
hətta ermənilərdən də millətçidir. Sadəcə, iqtisadi asılılıqları var. Həmişə,
indinin özündə də orada yaşayan azərbaycanlıları
çox sıxışdırırlar. Saakaşvilinin
dövründə kiçik bir nəfəslik
açıldı. Çox təəssüf, son dəyişikliklər
xoş bir gələcək vəd eləmir, yenidən millətçilik
əhvalı hiss olunur.
1972-ci ildə Yerevanda təşkil olunmuş
Ümumittifaq tələbə konfransında Azərbaycan tələbələrinin
nümayəndə heyətinin başçısı kimi
iştirak etmişdim. Onda mən rus dilində
çıxış elədim. Ancaq sonra
şəhərə çıxanda rus dilində hara
müraciət elədiksə, cavab vermədilər. Axırda soruşdular ki, türksünüz? “Hə” cavabı verəndə, dedilər ki, niyə
türkcə danışmırsınız? Hətta onların düşüncəsinə
görə, öz dilində danışmaq rus dilində
danışmaqdan üstün idi. Ermənilərin
əksəriyyəti türk dilində bilirdi, çünki gəlib
bizim torpaqlarımızda yaşayırdılar, kəndlərinin
adından tutmuş musiqisinə, dastanlarına qədər hər
şeyi bizdən mənimsəyiblər. Buna
görə dilimizi də bilirdilər. Dildən
söhbət düşmüşkən qeyd edim ki, tədqiqatçıların
araşdırmalarına görə, erməni dili yeganə
dildir ki, 95 faizi alınma sözlərdən ibarətdir.
Bunu mən Moskvada nəşr olunmuş kitabdan
oxumuşam. Hələ bəlli deyil, o beş
faiz də hara aiddir. Bu, sübut edir ki,
bunların öz dili də olmayıb, yoxdur, dilləri də
başqalarından oğurlanma, alınmadır. Sözlərin böyük əksəriyyəti
türk dilindən keçmə sözlərdir. Ona görə də, onlar rus dilində
danışmaq istəmirdilər. Çünki
sovet imperiyasının tərkibində onlar
başqasının torpağında müstəqil dövlət
qurmuşdular, bunun zövqünü hələ uzun müddət
yaşamaq istəyirdilər. Amma onlar
Qarabağ məsələsi ilə bağlı özlərini
elə günə qoyublar ki, hətta sovet dövründə
olan nisbi müstəqilliklərinin 90 faizini də itiriblər.
İndi rəsmi Moskvadan tam asılı vəziyyətə
düşüblər. Amma sovet
dövründə Azərbaycanda, xüsusilə Dağlıq
Qarabağda yaşayan ermənilər xeyli müstəqil idi və
onlara qarşı xeyli loyal münasibət vardı.
– Sözləriniz
bir daha təsdiq edir ki, Qafqaz regionunda həqiqətən də
ən dözümlü xalq bizik...
– Bəli, həmişə belə olub, indinin özündə də mən bizimkilərdə millətçilik görmürəm. Amma bizdə tolerantlıq sözü əsl mahiyyəti ifadə etmir. Tolerantlıq dözümlülük deməkdir. Biz sadəcə dözümlü deyilik, yenə təkrar edirəm, biz qeyrilərini özümüzdən üstün tuturuq. Bu bəzən də mənfi tərəfdən özünü göstərir. Çünki hər bir cəhət həddindən artıq olanda mənfi amilə çevrilir. Amma bəzi hallarda biz özümüzünkündən imtina edərək başqasını öyrənirik. Yəni öz dilini qoyub başqa dildə danışırsansa, öz mədəniyyətini unutmaq hesabına başqa bir mədəniyyəti öyrənirsənsə, təbii ki, bu yaxşı hal deyil. Yaxşı hal odur ki, özünəməxsus olanı mərkəzdə saxlayırsan, bu, taleyinin, həyatının mənasını təşkil edir və bunun üzərində özününkü olmadığını dərk eləyə-eləyə başqa bir mədəniyyətə, başqa tipli biliklərə də yer verərək zənginləşirsən. Amma bu proses başqalaşmaq, özgələşmək kimi yox, məhz zənginləşmək kimi getməlidir.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 7 mart.- S.6.