Heydər Əliyev zəkası və Füzuli dühası

 

Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. O, ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbi-tarixi əhəmiyyətini ön plana çəkib. Elə buna görə də “Klassik irsimizə, klassik ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən, bu ədəbiyyatın ictimai inkişafda, yeni insan tərbiyəsində oynadığı rolu yüksək qiymətləndirən və buna görə də onların sənətinin ölməzliyinin qarantı kimi çıxış edən Heydər Əliyevin özü də klassiklərin cərgəsinə daxil olmuş, onlar kimi ölməzlik qazanmışdır” (“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”. B.,“Şərq-Qərb” 2009. s.203). Olduqca dəqiq mülahizədir. H.Əliyevin klassik irs təlimində dahi qəlb şairi Məhəmməd Füzuli xüsusi yer tutur. Şairin 1994-cü ildə tamamlanan 500 illiyini dünya miqyasında ədəbi hadisə kimi qeyd etmək uğrunda fəal çalışan qüdrətli lider 1996-cı ilə kimi dəfələrlə şairin yaradıcılığına müraciət etmiş, böyük bir monoqrafiya yazmağa imkan verən fikirlər söyləmişdir. H.Əliyev Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı.

Füzuli yubileyinin keçirilməsi günləri Azərbaycanda mürəkkəb ictimai-tarixi dövrə təsadüf edir. Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinə böyük önəm verərək bu tədbiri “Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq hadisəsi” kimi qiymətləndirirdi: “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən  qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə,  mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.

Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir”.

Heydər Əliyevə görə bu yubiley və ümumən yubileylər xalqların özlərini dünyaya təqdim etmək, bəşəriyyətə tanıtmaq üsuludur. Heç  şübhəsiz ki, dahilərin yubileyləri həm də xalqın özünü-özünə tanıtmaq forması idi. Hər gələn yeni nəslin mənəvi-tarixi  ənənələr ruhunda tərbiyə olunması, formalaşdırılması imkanı idi. Bu həm də, bütün dünyaya “Füzuli azərbaycanlıdır” həqiqətini bəyan etmək demək idi. Ulu öndər deyirdi: “Füzulini dünyaya bir daha tanıtmaqla bağlı nəzərdə tutulan tədbirlər ilk növbədə keçirilməlidir”.

Füzulinin şöhrəti Azərbaycanın şöhrəti idi və bu niyyətinə Heydər Əliyev böyük  bir əzmlə nail oldu. Ümumi, tarixi-siyasi dəyərlənmələrlə bərabər, mütəfəkkir lider, Füzuliyə münasibətin metodoloji meyarlarını, füzulişünaslığın prioritetlərini də təyin edirdi: “Füzulinin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində işlər yubileydən sonra da davam etdirilməlidir”. Bu bir zərərli ənənəyə qarşı söylənilmiş perspektivli fikir idi: adətən, böyük hay-küylə klassiklərin yubileyləri keçirilir. Həqiqətən cahanşümul işlər görülür – klassik irs çap olunur, əcnəbi dillərə az-çox tərcümə edilir, yaradıcılığı haqqında tədqiqat əsərləri – məqalə, kitab və monoqrafiyalar yazılır. Fəqət bütün bu təntənələrdən sonra sanki həmin klassik yenidən tarixin panteonuna yola salınır və onunla bağlı bir məzarlığın sükutu başlanır. Fəqət Azərbaycan ədəbiyyatşünaslıq elmi Füzuli yubileyindən sonra dahi şairə yeni istiqlal metodu ilə yanaşdı, məsələn, mətbuatın qeyd etdiyi kimi G.Əliyeva Kəngərlinin “Azərbaycan füzulişünaslığı” (2007) fundamental monoqrafiyası ilə Azərbaycan füzulişünaslığının ötən mərhələləri yekunlaşdı və yeni mərhələnin əsası qoyuldu. Bu həm   yeni gələn nəsillərə Füzulini tanıtmaq yolunda uğurlu təşəbbüs idi.

Günahı tarixdə görən, hay-küyçü elmə qarşı Heydər Əliyevin söylədiyi bir fikir də maraq doğurur. Bəzi alimlər nəinki sovet dönəmindəki elmi-nəzəri yanaşmaları, hətta özləri-özlərini günahlandıranda Heydər Əliyev müdrikcəsinə demişdi: “Biz hamımız dövrün, zəmanənin övladları olduğumuzdan onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də indi kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır”.  Hesab edirik ki, bu olduqca düzgün yanaşmadır, belə yanaşma bizim sovet dövrü ədəbi-mədəni irsinin tədqiq metodologiyasının nəzəri əsasında dayanmalıdır. Çünki bu yanaşma tərzində tarixilik prinsipi ciddi surətdə nəzərə alınır. Heydər Əliyev Füzulinin yubileyindən istifadə edib, hələ hazırlıq dövründə bütövlükdə elmimizin, mədəniyyətimizin taleyinə liderə xas sərt və ciddi münasibət bildirirdi. 1994-cü ildə ilk iclaslardan birində teatrın, kinonun vəziyyətindən narazılıq edərək deyirdi: “Şübhəsiz ki, mən bu məsələlərin yoxlanılmasını tapşıracaq və ciddi ölçü götürəcəyəm. Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz. Gərək Füzulinin yubileyini elə hazırlayıb keçərək ki, xalqımız mənəvi irsimizə,  mədəni, milli irsimizə böyük hörmət bəslədiyimizin şahidi olsun. Biz Füzuli kimi dahilərin yaradıcılığından bəhrələnərək mədəniyyətimizin yeni böyük abidələrini yaratmalıyıq”. Tarix Heydər Əliyev zəkasının əzəmətini təsdiq etdi, Füzuli yubileyi həm Azərbaycanda, həm  bütün türk-islam aləmində həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi. Heydər Əliyevin uzaqgörənliyi bunda idi ki, Füzuli həm özünü, həm də Azərbaycanı bir daha dünyaya tanıtdı, həm də  və bizcə başlıcası budur ki, totalitar sovet ideologiyası  və imperiyaçı rejimi sayəsində pərən-pərən düşmüş türk xalqlarını yeni tarixi şəraitdə birləşdirə bildi...

Heydər Əliyev 1994-cü ildə Türkiyənin Bilkənd Universitetindəki çıxışında demişdir: “Bu gün xalqımız üçün böyük bayram günüdür. Türk dünyasının, Azərbaycan xalqının, Türkiyə xalqının, bütün türk xalqlarının böyük şairi, mütəfəkkiri, filosofu Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinin Türkiyədə, Ankarada, bu gözəl Bilkənd Universitetinin sarayında təntənə ilə qeyd edirik”.

Heydər Əliyevin ədəbi-tarixi  proses konsepsiyasına M.Füzuli “bütün türk xalqlarının böyük şairi” kimi daxil olur və bu tarixən olduqca düzgün qiymətdir.  Ulu öndər Füzuli irsini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirirdi.

Ümumiyyətlə, mütəxəssislərin (AMEA-nın müxbir üzvü T.Kərimli və professor V.Quliyev – S.Ə.) belə bir fikri yerinə düşür ki, “Klassik ədəbiyyat, Heydər Əliyev üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mədəni-mənəvi xidmət göstərmək potensialı ilə maraqlı və aktual idi. O bu tələbi klassik ədəbiyyatın bütün böyük nümayəndələri qarşısında qoyur və özü də onların həmin tələbə yüksək səviyyədə cavab verdiklərini məntiqi dəlillərlə əsaslandırırdı”.

Füzulişünaslıq böyük bir elmdir, tarixi dahi Füzulinin özündən  başlanır (G.Əliyeva Kəngərli). Bu istiqamətdə Azərbaycan, Türkiyə, Avropa, Orta Asiya, Rusiya... alimləri dəyərli monoqrafiya və kitablar yazıblar.  Bu əsərlərin hərəsinin öz məziyyəti, elmi-tarixi rolu var. Lakin Heydər Əliyevin Füzuliyə münasibətin daha orijinal və miqyas etibarilə qlobaldır. Onun konsepsiyasında Füzuli dünyaya Füzuli və türk dünyası müstəvisində təqdim olunur. Orta çağlarda iki nəhəng sənətkar M.Füzuli və Ə.Nəvai türk xalqlarını inam və iman yeri olmuşlar.

Heydər Əliyev Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, qədim türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətini (bir Türkiyədən savayı)  onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq, bu günlərə gətirib çıxarmışdır”.

Deməli H.Əliyevin Füzuliyə belə böyük önəm verməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası XX əsrdə parçalanmış türk dünyasını, pərən-pərən düşmüş türk cümhuriyyətlərini birləşdirmək imiş. Bu böyük siyasətçinin müdrik gedişi idi. O türk xalqlarını  birləşdirmək üçün birbaşa siyasi yol seçmədi, mənəvi yol seçdi, türk tarixini, türk mənəviyyatını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” yolunu, “Manas” yolunu, Füzuli yaradıcılığını intixab etdi. Uzaqgörən  siyasətçi böyük strateq həm Füzuli vasitəsi ilə Azərbaycanı dünyaya tanıtdı, həm türkün dünya sivilizasiyasındakı uca yerini göstərdi, həm də gələcək nəsillərə türkləri birləşdirməyin  yolunu göstərdi. Heydər Əliyev zəkası ilə Füzuli dühasının vəhdətindən doğan bədii-tarixi nəticə məhz bundan ibarət idi.

Heydər Əliyev Nizamiyə, Nəsimiyə, Füzuliyə – ümumən klassiklərə yüksək dəyər verərkən ictimai-tarixi məqsədlərlə bərabər həm də Azərbaycan ədəbiyyatının gələcəyini düşünürdü. Bu məsələni tədqiqatçılar xüsusi olaraq vurğulayırlar: “Heydər Əliyevin klassik ədəbiyyata və onun ölməz nümayəndələrinin irsinə verdiyi müstəsna əhəmiyyət bir də onunla bağlı idi ki, ədəbi inkişafın sonrakı dövrlərində ən istedadlı şair və yazıçılarımız klassik ədəbiyyatda qoyulmuş ümumbəşəri humanist mövzu və obrazlara dönə-dönə qayıdır və xalqın, millətin qarşısında duran problemləri həll etmək üçün onlardan uğurla bəhrələndilər” (T.Kərimli, V.Quliyev. Heydər Əliyev və klassik ədəbiyyat. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. B., “Şərq-Qərb” 2009. s.113).  Beləliklə də H.Əliyev ədəbi varisliyin yeni, optimal bir formasını gündəmə gətirir: klassik irs yeni ədəbi nəsillər üçün həm mövzu və ideya mənbəyi, həm də poetik örnəkdir! Bu həqiqətən belədir: Məsələn XX əsrin ədib və şairləri dönə-dönə Nizami, Füzuli mövzularına müraciət etmiş, onlarda öz əsrlərinin suallarına cavab axtarmış, həmin mövzulara ədəbi-poetik təravət gətirmişlər. Klassiklərin yeni zəmanədə dirçəlişi həmişə intibah səviyyəsində olması da, dünya ədəbi-tarixi prosesində mümkün olan bir hadisədir. Fikrimizcə, klassik ədəbiyyatın gücü, yaşarılığı və bəşəriliyi də ilk növbədə belə bir ideya-poetik gücə malik olmasındadır.

Heydər Əliyevin fikrincə, Füzuli kimi böyük sənətkarlar öz xalqlarının tarixdə irəliləməsinə kömək edir, tarixin qaranlıq dolanbaclarında onun irəliləməsi üçün bir növ mayaka çevrilirlər: “Azərbaycan xalqının həyatı böyük, çətin mərhələlərdən keçmişdir. Ancaq bütün çətinlikləri keçməkdə Azərbaycan xalqına onun böyük insanlarının, böyük şəxsiyyətlərinin yaratdıqları sənət əsərləri kömək etmişdir. Füzuli bunların arasında görkəmli yer tutur”.

Füzuli orta çağlar Şərq-Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi zirvəsidir. Ona görə də Füzulini görmək və göstərmək üçün onu öyrənmək lazımdır. Və H.Əliyev bu cəhətə – Füzuli irsinin nəşri və tədqiqi məsələsinə xüsusi önəm verirdi. Bu baxımdan XX əsrin sonunda keçirilən Füzuli bayramı təkcə türk millətlərinin birlik mərasimləri deyil, həm də bir növ XX əsr ədəbi-filoloji fikrinin yekunu idi. Heydə Əliyev bu fikirdə idi ki, “Biz elmimizin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın XX əsrdəki nailiyyətləri ilə fəxr edə bilərik”. Həqiqətən də XX əsrdə Azərbaycanda elm və mədəniyyət, xüsusilə də humanitar və ictimai elmlər, filoloji fikir vüsətli inkişaf yolu keçmiş, Azərbaycanda rəssamlıq, musiqi, aktyor və ədəbiyyatşünaslıq məktəbləri təşəkkül tapıb formalaşmışdır. Burada müxtəlif xalqların və onların mədəniyyətlərinin qarşılıqlı əlaqə və təmasda olduğu ümumittifaq mühitinin də rolu danılmazdır.

H.Əliyevin Füzuli ilə bağlı görüşləri onun ümumiyyətlə klassik irsə münasibətinin miqyaslarını əks etdirir. Heç şübhəsiz ki, tarixilik və müasirliyin vəhdəti onun klassik irsə münasibətinin metodoloji əsasını müəyyənləşdirir. Əslində bu, klassik irsi müasirliyin dili ilə oxumaq nümunəsidir. Füzuliyə münasibətdə Heydər Əliyev zəkası ilə Füzuli dühası bir-birini üzvi şəkildə tamamlayır. Füzuli dühasının mahiyyətini açmaq və bütün cahana göstərmək XX əsrdə hamıdan çox H.Əliyevə nəsib olmuşdur.

 

 

Salatın ƏHMƏDOVA,

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2013.- 7 mart.- S.7.