Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

IV cild

 

(1917-aprel 1918)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

Mitinqdən sonra Məşhədi Nəsrullah Hacıbaba oğlunun evinə düşdük. Çay gəldi. Səhih kərə yağı ilə bal gətirdilər. Bir az nəfəs aldıqdan sonra qürub çağı ayrı bir tamaşaya malik olan Astara mahalını quş uçuşundan görmək üçün yamaca çıxdıq.

Teymurşah Verdiyev, cavan müəllim özünün nə qədər darıxdığını anlatıyordu. Həqiqətən nə qədər şairanə olsa da, bu hər bir mədəni həyatdan uzaq olan bu çağda həyat ilə qaynayan bir cavan üçün payəndə təslim olub qalmaq böyük cihaddır. Fəqət ülvi və müqəddəs bir cihaddır. Bu “mücahid” əvvəldə çox darıxırmış. Çünki uşaqları türkcə bilmiyor. Müəllim də talışca anlamıyormuş. İmdi bir az onlar, bir az da bu yaklaşmış,  biri-birini anlamağa başlamışlardır.

Müəllim Bakıdan türkcə, rusca qəzetələr alıyor. Hətta Bakı qəzetələrinə bəzi müxabirələr belə göndəriyormuş.

Axşam “Tənkərud parlamanı” qurulmuş, müsahibə başlanmışdı. Müsahibəmizə Tənkərud ağsaqqalları ilə bərabər yaxındakı Pünəsər əyanı, əzcümlə möhtərəm Hacı Osman Əfəndi iştirak eləmişlərdi.

 Hacı Osman Əfəndi Pünəsər əhvalından xəbər veriyor, diyordu ki: bizim kəndin cavanları bir az yaxşı hərəkət etmiyorlar.

– Necə?

– Diyorlar ki, imdi artıq zaman bizimdir. Tazə hökumətə tazə adamlar lazımdır. Seçkilərdə cavanlar iştirak etməli, işi cavanlara tapşırmalıdır.

Yoldaşım Kuznetsov cavanların bu hərəkətini təqdir ediyor. Hacı Osman Əfəndi ilə Kuznetsov arasında uzun bir mübahisə başlıyor. Mübahisə nəticəsində anlaşılıyor ki, Hacı Osman Əfəndi fikri sabit bir mühafizəkardır. Fəqət mübahisənin qulaq asanlardakı təsiri hər halda mühafizəkarlıq lehinə olmadığı görülüyordu.

Cavan, qoca davasından ziyadə burada yer və topraq məsələsi iti bir haldadır. Bu itilik bilxassə “Tənkərud parlamanında” görülüyordu. Bizimlə bərabər olan M. Xan 1912-ci il topraq iğtişaşları əsnasında o zaman Astara mahalının sahibəsi olan Tağri xanımın amili imiş. Amil olmaq sifətilə M. Xan bittəbii xanımının tərəfini iltizam eləmiş, kəndliləri özündən narazı etmişdi. Halbuki sonra bilənlərin dediklərinə görə bu səyli müdir Tağri xanımdan öz məvacibini belə sud vasitəsilə almaq məcburiyyətində qalmışdır.

Müsahiblərimiz arasında diri, gözləri işıltılı bir tip var. Bu tip 1912-ci ildə kəndlilərin başına gələni anlatıyor. Yalnız dil ilə degil, gözləri ilə də danışıyor və diz-dizi iləriləyib az qalırdı ki, Xanı yesin. Fəqət yalnız Xan degil, bu müxalif hüzurdakı hacılara da “rəhm” etmiyor, “işlərini” açıyordu.

Yarım zərafətlə edilən bu “tənqidlər” öylə də tələqqi olunuyor, “ixtilafə” məhəl qalmıyordu.

Nəhayət, Xan pək tutqun bir halda: həzərat, bən sizə bəlkə də vəzifəm həsbi fənalıqlar etmişəm. İmdi siz özünüz bilərsiniz, bən sizdən az zərər çəkməmişəm. Köhnə səhvlərimi əfv ediniz, bundan sonra söz veriyorum ki, sizin üçün çalışam.

Məclisdə ev sahibinin gözlərindən zəkavət yağan kiçik oğlu da oturuyor. Bu cocuq Teymur Şahverdiyevin şagirdlərindəndir. Maraq ediyor. Əzbərlədigi parçalardan oxumasını istiyoruz. Qoçaq qalxıyor. Əvvəlcə rusca “Demyanova uxa”, sonra da türkcə “Cocuq” mənzumələrini oxuyor.

Bu talış uşağının ləhcəyi-məxsus ilə türkcə şeir oxuması bənə başqa bir zövq veriyor. Bu kiçik millətdaşı və gələcək vətəndaşı alqışlıyor, alqışlıyor, təhsin ediyoruz.

Müsahibə bitdikdən sonra yenə Ərçivan proqramı: plov, kabab, qovurma, kərə yağı, şirin yuxu...

Səhər günəş dəniz içərisindən qalxıb gümüşlənən sulara, biz də mehmannəvaz Tənkəruda vida edərək Astaraya əzm ediyoruz.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 24, 29, 31 mart,

4 aprel 1917,

 ¹432, 436, 438, 441

 

Məğdur – haqsızlığa uğramış

Nəfy – sürgün etmə

Müfrit – ifrat dərəcəsində olan

Məllak – mülkədar, torpaq sahibi

Rəhbər – yol göstərən

Vəsaiq – sövq edən

Məhzər – iclas, yığıncaq, cəmiyyət

 

Amil – agent, vəkil

İşkal – çətinlik, əngəl olma

Mütəəddid – çoxlu, cürbəcür

 

 

Bir böyük bayram daha

 

Rusiya hürriyyəti özünə sadiq qalaraq tutduğu ali yolunda mətin addımlarla iləriləyor. Hər gün vaqe olan tazə qərarları ilə məmləkəti saran istibdad zəncirinin birər həlqəsini qırıb atmaqla yeni bayramlar törədiyor.

Bir böyük bayram daha elan olunmuş: Rusiyadakı qeyri-ruslar həqqində mövcud nə qədər milli, dini və hüquqi təhdidat və qısıntılar varsa hamısı götürülmüş; azad Rusiya vətəndaşları arasında “ögey-doğma yoxdur” əsası elan olunmuşdur.

Hökuməti-müvəqqətənin bu xüsusdakı qərarı qismi-məxsusimizdə dərc olunmuşdur. Bu tarixi vəsiqə ilə tanış olan oxucu həqiqətən də məzkur vəsiqə nəşr olunduğu günün böyük bir bayram olduğunu dərk edər.

Köhnə Rusiyada ələlümum vətəndaş yox idi. Ancaq rəiyyətlər vardı. Bütün Rusiya millətləri kor çarımızın rəiyyəti idisələr, qeyri-rus denilən millətlər rəiyyətin rəiyyətləri idi. Qula qul olmaq – iştə köhnə Rusiyada yaşayan müsəlmanın, yəhudinin, erməni, gürcü və sair “ögey” millətlərin çəkilməz faciəsi! Köhnə Rusiya rəiyyəti arasında ayrıseçkinlik olmaq təbii idi. Çünki rəiyyət olan rəiyyət də saxlamaq istərdi. Zatən binai-zülm bir tərəfdən tabe olmaq, digər tərəfdən də mətbu bulunmaq əsasına bağlıdır. Rusiyada yaşayan millətlər azad vətəndaş olduqdan sonra, vətəndaşlar arasında sümüklü, qara sümüklülər bulunmamalıydı; vətəndə, mehriban ana olmaq istəyən böyük vətəndə yuxarı baş, aşağı baş ola bilməzdi. Yazının, sözün, ittifaq və cəmiyyətlərin azadlığını, şəxsin müqəddəs və hər növ təcavüzdən məsun olduğunu elan edən bir hökumət şübhəsiz ki, ayrı-ayrı şəxslərdən təşəkkül edən millətləri əsarətdə saxlaya bilməzdi. Onlara da hürriyyət verməlidi. Şəxs azad olunca şəxslərdən təşəkkül edən ailələrdən əmələ gələn millətlər – bu şəxsiyyəti-mənəviyyələr – dəxi azad olmalıdılar. Azadlıq hökuməti tutduğu yolunda büdrəməyib, elan elədigi əsaslara sadiq qaldı. Qulları azad etdikdən sonra qulların qullarını da azad etdi. Bu tazə azadlıq sayəsində rus olmayan bütün millətlərlə bərabər Rusiya türk-tatarları, müsəlmanlar böyük bir nemət qazanmış oluyorlar. Sənələrdən bəri gözlədigimiz, müqəddəs bir ideal kibi bəslədigimiz arzular artıqlamasilə verilmiş oluyor. Sənələrdən bəri yalvara-yaxara bir cəmiyyət, bir məktəb açmaq ixtiyarını ala bilmədigimiz halda, imdi rus inqilabi-əzimənin cavanmərdanə çizdigi bir qələmlə milliyyətimizin bəqasını təmin üçün nə lazımsa hamısını alıyoruz.

Bundan sonra bizi tərəqqidən saxlayacaq, hissiyyati-milliyyə və diniyyəmizi təhqir edəcək heç bir nizam və qanun qalmadı. Azadlıq hökuməti bu xüsusdakı fikrini əsasən ta əvvəlinci gün nəşr eləmişdi. Edə bilirdi ki, məsələnin bilfel həll edilməsini sonraya da atsın. Fəqət atmadı. Atamazdı da. Çünki bir neçə günlügə olsa da azad Rusiyada ögeylər, doğmalar qaldığını etiraf eləmək hər şeydən əvvəl hissi-inqilabı təhqir ediyor və hürriyyətpərvərlik məntiqinə sığmıyordu.

 

Yaşasın böylə hökumət!

 

Köhnə Rusiyada millətlər arasındakı nifaq son dərəcəyə çatmışdı. Bu təbii idi. Bu nifaq məqami-ali hökumətdən təbliğ olunuyor və ona ruh veriliyordu. Çünki “hökm etmək istərsən ayır” Makiavelli düsturu rasputinlər tərbiyəsinə qadir olan köhnə idarə məhfillərinin ən doğru sandıqları üsuli-idarə idi. Millətlərin biri-birindən hüquqda fərqli olduqları və bəzi millətlərin digərlərinə nisbət daha ziyadə iltifatə məzhər olduqları onları biri-birilə çaxışdırıyor, aralarına rəqabət və nifaq salıyordu. Əxlaqi-siyasiyyə və ictimaiyyəyi zəhərliyordu. Böylə acı və qatil bir zəhərlə simlənən Rusiya vücudunu sağaltmaq üçün millətlərin bərabərligini elan etmək və hər növ hüquqsuzluğu aradan qaldırmaqdan yaxşı bir padzəhr olamazdı. Millətin etimadına məzhər olan inqilab hökuməti iştə, bu padzəhri işlətiyor, millətləri hüquqi qardaş etmək istiyor. Böylə səmimi bir xahişlə heç şübhə yoxdur ki, istədiginə müvəffəq oluyor, millətlər ədavətlərini unutuyor, hər kəs özünə vaseh meydan və geniş nəfəs almaq imkanı verildigini gördükdə “məza-ma-məza” deyərək bağırıyor ki:

Yaşasın millətlər ittifaqı!

 

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 26 mart 1917, ¹433

 

Mətbu – təbəələri olan, tabe edən

Məza-ma-məza – ərəbcə “olan oldu, keçən keçdi”

Padzəhr – zəhərin təsirini məhv edən şey

 

Rusiya müsəlmanlarının ictimaı və Bakı müsəlman cəmiyyətlərinin borcu

 

İləridə Məclisi-Müəssisan yığışacaq. Bu məclisə imdidən hər kəs, hər parti, hər sinif, hər millət hazırlaşıyor. Müsəlmanlar da hazırlaşıyorlar. Bu hazırlıq naminə hürriyyət hökumətini qüvvətləndirməgə çalışanlar komitələr, təşkilatlar vücuda gətiriyorlar. Yerlərdə, şəhərlərdə qurulan komitələr sonra ictimailər vasitəsilə görüşüb zaman qarşısında nə kibi müttəhid hərəkətlərdə bulunmaq lazım olduğunu yəqin ediyorlar. Müsəlmanlar da təprəşiyorlar, birləşiyor, toplaşıyorlar. Günün hər tərəfdə görülən təşkilatı haman mövcud cəmaət müəssisələrinin, cəmiyyətlərinin ittihadından və müttəhid bürolar təşkilatından ibarətdir. Bu surətlə vücuda gəlmiş, sair sinif və millətlərdəki təşkilatlar da bu surətlə əmələ gəlmişdir. Orenburğ, İstavropol və sair müsəlman mərkəzlərindəki müsəlmanlar da bu surətlə toplaşmış, bu üsul ilə təşkilat vücuda gətirmişlərdir. Bakı cəmiyyətləri də bu yol ilə getmiş və bu xüsusda bir-iki qədəm götürmüşlərdi. Sonra ortaya girən təhəmmülsizlik, dargözlülük, əhəmiyyəti-zamanı layiqincə anlamamazlıq işi mətlub cığırından çıxarıb küçəyə salmış, arzu olunmayan dedi-qodulara səbəb olmuşdur. Nəticədə hər kəs təşkilatına bir şəkil vermiş olduğu halda, Bakı müsəlman fəalları hala bir ittihad əmələ gətirə bilməmişlərdir.Müsəlmanlar təşkilatsızlıqları üzündən böyük vaqeələrə qarşı hazırlıqsız qalmışlardı. Bu vaqeənin nəticəsində vüquə gələn müsəlman hərəkəti qarşısında Bakı müsəlmanları haman vəziyyətdə qalmış oluyorlar. Cəmaətə müntəzəmmən söz söyləmək, mətləb anlatmaq, yol göstərmək, cəmaəti təşkilat sahibi etmək, birləşdirmək, kəndlərə çıxmaq, səyyar natiqlər heyəti vücuda gətirmək, cəmaət arasına icrası mətlub lozunqlar (şüarlar) atmaq gərək. Bu gərəklər onsuz da az qüvvəmizi bölməklə vücuda gələ bilməz. Ayrılıb kəndi başına iş görmək istəyən qəhrəmanlarımız belə işə gəldikdə yenə kəndisi ilə barışa bilmədigi adamlara müraciət etmək məcburiyyətində qalıyorlar. Bu təbiidir. Bizdə cəmaət xadimi, iş adamı o qədər azdır ki, cəmi bir yerdə olsa yenə işə çata bilməz, dərdə dəva olamazlar. Harda qaldı ki, ayrılsınlar. İləridə bəlkə də ayrılacağız. Bəzi xüsuslarda məslək və rəviş fərqimiz olacaq, bu fərqlərə ayrılmamayı kimsə təklif etmiyor. Birləşəbilməz qüvvət və məsləkləri kimsə bihudə əmək sərf edib də birləşdirmək istəmiyor. İstənilən bir şey var ki, mümkündür, lazımdır. O da zamanın ortaya atdığı ümumi və milli məsələ ətrafında birləşməkdir ki, bu həm zərur, həm də mümkündür.

Bu günlərdə Gəncədə xüsusi bir məşvərət məclisi olmuş. Qafqasiyanın müsəlman şəhərlərindən oraya nümayəndələr getmişdir. Biz təşkilatımızı başa çıxaramadığımızdan oraya iştirakdan məhrum qaldıq. Bu ictima eşitdigimizə görə imdi rəsmi surətdə aprelin 5-də Bakıda vaqe olacaq. Ona hazırlaşmalıdır. Bu hazırlıq da ancaq müsəlman cəmiyyətlərindən və münəvvər sünufə mənsub ürəfanın birləşməsindən hasil olan müttəhid bir büro vasitəsilə mümkün ola bilər. Zaqafqaziya müsəlmanları ictimaindən sonra nəzərdə ümumrusiya müsəlmanlarının itcimai vardır. Oraya da hazırlaşmaq, nümayəndə göndərmək lazım gələcək. İştə, bu xüsusda müsəlman fraksiyası Bürosu rəisinin bu sətirləri qaralayan aciz naminə çəkdigi teleqraf:

“Petroqradda müsəlman fraksiyası əzası ilə Büro əzasından mürəkkəb Rusiya müsəlmanlarının müvəqqəti mərkəzi Bürosu təşkil olunmuşdur. Bilatəxir yaxında yığışacaq ümumrusiya müsəlman ictimaini hazırlaşdırmaq üçün bir nümayəndə seçib göndəriniz. Arzu olunur ki, göndərilən nümayəndə bütün müsəlman cəmiyyətləri tərəfindən vəkalətən gəlsin. Lazımdır ki, yerli müsəlman cəmiyyətləri birləşib bir Büro vücuda gətirsinlər”.

İştə, mərkəzi-məmləkətdə oturan və bütün Rusiya həyati-siyasiyyə və ictimaiyyəsini ətrafilə seyr və mühakimə edə bilmək imkanında bulunan müvəqqəti mərkəzi müsəlman Bürosunun təsəvvürü dəxi hürriyyətin ilk günlərində Bakı müsəlman cəmiyyətlərinin mərkəzini qurmaq istəyənlərin fikri ilə tutaşıyor. Başqa dürlü etmək mümkün də degildir; bihudə vəqt sərf eləməkdir. Şəkilbazlıqdır. Halbuki imdi şəkildən ziyadə məna lazımdır. Mənayı başqa dürlü düşünmək yanlışa düşməkdir. Doğru məna az-çox bacarır cəmaət xadimlərini bir araya toplamaq, onları birləşdirmək və müxtəlif cərəyanların xatirini əldə etmək surətilə müttəhid bir Büro vücuda gətirməkdən ibarətdir.

Bunun üçün bütün cəmiyyət nümayəndələrinə lazımdır ki, təkrar yığılsınlar. Hissiyyat və xoşgöftarlıqdan ziyadə əql və təsəvvürlərinə güc versinlər. 9 adamdan seçiləcək Büro əzasının siyahısını öylə tərtib versinlər ki, hər tərəfi razı salsın. Böylə bir razılıqdan sonra əksəriyyətlə məzkur siyahıyı keçirsinlər və haman işə başlasınlar. Böylə mühüm zamanda bu qədər sadə bir işi də bacarmaz, bu qədər böyük mənalar qarşısında məntiqsiz hissiyatımızı boğmazsaq mədəni və siyasi rüşdə yetişmədigimizi isbat etmiş oluruz. Haydı, millətdaşlar, ey cəmaət müəssisələri ilə sünufi-münəvvərə nümayəndələri, öhdənizdə böyük məsuliyyət olduğunu dərk ediniz, düşənbə günü saət 5-də toplaşaraq qərari-qəti almadan dağılmayınız. Bizi gözlüyor, bizdən iş istiyorlar.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 26 mart 1917, ¹433

 

Rüşd – doğru yol

İki baxış ortasında

 

Təngə gəlib də köhnə hökuməti başından atan Rusiya hürriyyətpərvərləri nəzərində həlli tələb olunan mühüm bir məsələ durdu. Müharibə necə olsun? Hökuməti-müvəqqətə ta əvvəlinci günündən etibarən müharibə son imkana qədər aparılıb zəfərlə bitsin, dedi. İlk nəzərdə bu məsələ üstündə iki rəy ola bilməyəcəgi də məntiqli görülüyordu. Məmləkəti bərbad edən, dövləti eybləndirən, hökuməti yıxan bir qüvvət şübhəsiz ki, eybli sülh imza edəməzdi. Böylə bir imza azad Rusiya cəmaətinin şərəf və namusuna toxunacaqdı. Fəqət günlərə keçdikcə hürriyyət dəstəsi içində iki cərəyan mövcud olduğu meydana çıxdı: liberallar cərəyanı, sollar axıntısı. Liberalların müharibə həqqindəki əzmləri haman qədimdən bəri bildigimiz əzm idi. Hətta bu əzmi idarə üçün seçilən vəzir belə siyasəti-aləm həqqindəki müəyyən nəzəri ilə tanınmış bir zat idi. Bu “əzm”ə görə Rusiyanın mənafei daxili islahata bağlı olmaqla bərabər xaricən dəxi bəzi müvəffəqiyyətlər, bir takım qazanclar əldə etməgə bağlıdır. Halbuki sol cərəyan, Kerenski, Çxeidze və onlardan daha solda bulunan bəzi əmələ təşkilatı məsələyi başqa dürlü mütaliə ediyorlar. Onlar müharib səfləri üstündən əl uzatmaq surətilə olsa da bir an əvvəl barışmaq və nahaq qan tökməmək istiyorlar. Əlbəttə, bunlar da o biriləri kibi eybli sülh əqdinə yanaşmazlar, Rusiya xəlqini “xain” mövqeində görmək istəməzlər. Fəqət eybsiz sülhün şəraitini təyində ehtimal ki, digərləri kibi müşkülpəsəndlik də etməzlər. Bu iki cərəyan arasındakı fərqin hal-hazırda nədən ibarət olduğunu kəsdirmək əldəki məlumata görə mümkün degildir. Çünki biz bu qədər bir şey biliyoruz ki, Soldat və Əmələ Vəkilləri Şurası bütün müharib dövlət əmələlərinə müraciətlə istəmişdir ki, nahaq qan tökülməsinə intəha verilsin və hər yanda cümhuriyyəti-ənam əsasının möhkəmləşdirilməsinə çalışılsın. Və təzminati-hərbiyyə ilə istiladan xali şərtlərlə sülh əqdinə çalışılsın. Böylə bir proqram liberal qisminin məramilə müvafiq gəliyormu, degilmi – burası daha bəlli degildir. Fəqət bu qədər məlumdur ki, Rusiya sollarının bu təklifi liberal qisminin, liberal mətbuatın xoşuna gəlməmişdir. Əmələ partiyası vaqe olan bu təklifi ilə xoşbavərlikdə, dost, düşmən tanımamaqda ittiham olunuyor. Zatən siyasi məsələlərdə, bilxassə xarici siyasət məsələsindəki bu iki ruhluluq inqilabdan əvvəlki Duma iclaslarında da görülüyordu. Bugünki xariciyyə vəziri Milyukov ilə bugünki ədliyyə vəziri Kerenski və bugünki fəhlə vəkilləri şurasının rəisi Çxeidze arasında münaqişələr vaqe oluyordu. Milyukov boğazlardan, İstanbulun lüzumundan bəhs edib durduğu zamanda Kerenski ilə Çxeidze buna “xəyalplov” namını veriyor, Rusiya demokratiyasının mənafeini burada degil, “Fransa inqilabını təqlid etməkdə” görüyorlardı.

Müharibəyi davam etdirmək bütün cərəyanlara mənsub Rusiya vətəndaşlarının bugünki bir sözüdür. Neçün davam etdirmək?iştə, ixtilaflı bir məsələ. Xarici məsələdə, bilxassə müharibənin məqsəd və əncamı üstündə sezilən bu iki nəzər, daxili siyasət məsələsində də yox degildir. Daxilən cümhuriyyəti-ənam əsasını dikəldib geniş bir səlahiyyətlə demokratik bir idarə qurmaq fikri ilə bu fikrə çox da mail olmayan varlı siniflər və ehtiyatlı liberallar arasında iki meyl mövcud olduğu sezilməkdədir. Bu iki meylin və digər meyllərin həqqi-bəqa qazanmasını şübhəsiz ki, Məclisi-Müəssisan həll edəcəkdir. Fəqət Məclisi-Müəssisanın bu – yaxud o qərara gəlməsini əvvəlcədən təmin etmək üçün hökuməti-müvəqqətəyi əllərində bulunduranlar tamamilə laqeyd qalamazlar. İnqilabın bütün məsuliyyət və ağırlığını boyunlarına götürən fədakar qüvvətlər əlbəttə istərlər ki, cəmaət bütün azadlığı ilə rəyini verib könlü istədigi idarə həqqində kəndi fikrini söyləyə bilsin. Ona görə də bu hökuməti ümidli əllərdə bulundurmaq arzusu ən təbii arzudur. Əcəba, Rusiya demokratiyasının, köhnə Rusiyada məhkum olan millətlərin mənafeini gözədəcək bir qüvvət, bir ümidli əl hankisidir. Heç şübhəsiz ki, bu qüvvət cümhuriyyəti-ənam əsasının zaman iqtizasilə degil, sinif mənfəəti ilə əskidən bəri bəslədigi arzu və əməl həsbilə ən səmimi tərəfdarı olan inqilab və demokrat firqələridir.

Buna görə bəsirətli olmalı, Məclisi-Müəssisana getdikdə hanki məslək, hanki sinif və hanki qüvvətlərlə etilaf və ittihad bağlamaq mənfəətimizdən olduğunu biz müsəlman kütləsi, biz müsəlman kütləsinin mənafeini gözədənlər, onun safiyyəti-mədəniyyə və məsuniyyəti-milliyyəsi üçün sinə sürtənlər yaxşıca ölçüb biçməli və o surətlə rəftar etməliyiz.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 27 mart 1917, ¹434

 

Xali – sərbəst

Xoşbavərlik – mötəbər olmamaq

Məsuniyyət – toxunulmazlıq

 

 

İki hökumət

 

Liberal qəzetələr iki hökumətlilikdən şikayətə başlamışlardır. Bakı mətbuatından isə “Baku” bilxassə bu halə qarşı protestolar ediyor və var qüvvəsi ilə çalışıyor.

Nədir bu iki hökumətlilik?

Oxucularımız bilirlər ki, hal-hazırədə qanuni bir hökumət var ki, o da Dövlət duması əzasından qurulmuş olan İcra Komitəsidir. Bu komitənin başında Dövlət dumasının rəisi Rodziyanko durmaqdadır. Rodziyanko sədarətindəki bu komitə məmləkətin səltənəti-aliyəsinə malik bir növ müvəqqəti hökmdardır. Məclisi-Müəssisan yığılana qədər millət və məmləkətin müqəddərati onun hökmünə tabedir. Bu komitə öz tərəfindən vəzirlər təyin edərək məmləkətin idarəsini və Məclisi-Müəssisan tərtibatının hazırlığını onlara mühəvvəl etmişdir.

Müvəqqəti icra komitəsi ilə bərabər bir də böyük bir komitə təşkil olunmuşdur ki, bu da fəhlə və soldat vəkillərinin şurasıdır. Bu şuranın rəisi sosial-demokrat Çxeidze, rəisi-naibi yenə sosial-demokrat Skoblevdir. Hər nə qədər rəsmən hökuməti-müvəqqət icra komitəsində isə də, həqiqətdə iqtidar Soldat və Fəhlə Vəkilləri Şurasındadır. Bu bir inqilab komitəsidir. Bir komitədir ki, həqiqi inqilab komitəsi onun əlindədir.

Fevralın axırlarında hökumət böhranı başladığı günlərdə, tərəqqipərvər blok əksəriyyəti yenə bir növ müdara siyasətindən əl çəkmək istəmiyor, fəhlələrlə soldatların tamamilə millət tərəfinə keçdikləri məlum olmadığı müddətcə Duma əksəriyyəti inqilab meydanına qədəm basmaq cəsarətini göstərə bilməyib büdrüyor, titriyordu. Hətta Petroqrad küçələrində qanlar tökülməgə başladığı son saətlərdə belə Rodziyanko əndişəli teleqramları ilə Nikolay Romanova müraciət ediyor, onu “əql və tədbirə” dəvət ediyordu.

Halbuki böyük bir qüvvət sahibi olaraq təşəkkül edən Vəkillər Şurası böylə büdrəmələrdən azad, cəsur bir müəssisə şəklində zühur edərək Duma liberallarını itələyib inqilab səhnəsinə sürümüş və çarizm ilə hakimiyyəti-milliyyə arasındakı ixtilafı ta kökündən qət edib atmışdı. Vəkillər Şurasının müdaxilə və israrı olmasa Nikolayın vəkili knyazların qələbəsinə lazım olan tədbirlər görülməyəcək və bu gün hər tərəfdə cümhuriyyəti-ənam tərəfdarlığı ilə meydana çıxan cəmaət firqələri dəxi özlərini göstərə bilməyəcəklərdi.

Doğrudur ki, bu gün məmləkətdə iki qüvvət icrayi-hökm ediyor. Bu qüvvətlərdən birisi denildi ki, Duma komitəsi, o birisi də Vəkillər Şurasıdır. Və əlbəttə, adi zamanlarda bir məmləkətdə iki qüvvənin bərabərcə icrayi-hökm eləməsinə təhəmmül olunamaz. Çünki bu nəhayət, hökumətsizligi mucib olar. Fəqət inqilab zamanı böylə degildir. İnqilab zamanı bir növ hərb zamanıdır. Hərb zamanında necə ki mülki hökumətlərlə bərabər əskəri hökumətlərə də yer verilər, öylə də inqilab zamanında inqilab qaillərinin işlərin mənafei-inqilab ilə davam getməsini gözətməgə həqləri vardır və bu mətlubdur da. Bu gün Fəhlə Vəkilləri Şurası olmasa və kəndisinə məxsus bir əzmlə işə müdaxilə edib də inqilabi bugünki mətlub dərəcəyə yetirməsə idi, kim bilir nələr olurdu. Bu gün “iki hökumət” varsa, o zaman bundan daha bədtəri olan – “çox hökumət”lilik meydana gələrdi. Vəkillər Şurasının bəzi xətalarını əldə bəhanə edib bar-bar bağıranlar və bu Şuranın dün etdigi böyük xidməti bu gün unudanlar burasını nahaq yerə nəzəri-etinadan dür tutuyorlar. Vəkillər Şurası bu gün soldatlarla əmələ və fəhlələri birləşdiriyor. Onların hərəkətinə intizam və birlik bəxş ediyor. Bu olmasa o zaman bir təşkilatsızlığın, başsızlığın fəci nəticələrini, idarə anarxiyasını dadmaqla zəhri-kam olacaqdır ki, bundan hər halda hürriyyət degil, əsarət istifadə edəcəkdi.

Keçirdigimiz inqilab liberal burjualarla inqilabçı solların ittifaqından hasil olmuşdur. Sollar ittifaq xatirinə və zamanın mənasını, ittifaqın mənafeini nəzərə alaraq hökuməti əksəriyyətlə liberallardan təşəkkül edən bir heyətə vermişlər. Özlərinə isə bir növ nigəhbanlıq vəzifəsini götürmüşlərdir. Bu nigəhbanlıq vəzifəsini görən idarə isə Vəkillər Şurasıdır. Vəkillər Şurasının doğrudan-doğruya icraiyyatə qarışması mətlub olmasa da, hökumət komitə icraiyyatinə icrai-nüfuz etmək və Duma komitəsi üstündə nigəhban olmaq borcudur. Bu borcunun ifasında səhlənkarlıq edəcək olursa, Vəkillər Şurası böyük bir xətayə düşmüş olar ki, demokratiya mənafeyi naminə bu xəta kəndisinə əfv olunmaz.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 28 mart 1917, ¹435

Müdara – yubanma, dözmə

Dur – uzaq

Nigəhban – gözətçi, qarovulçu

 

  (Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 8 mart.- S.26-27.