Yetmişin gəlib çatdı, Mövlud....

 

(Xalq yazıçısı Mövlud Süleymanlının 70 yaşı tamam olur)

 

Mövlud Süleymanlı Azərbaycan nəsrinə onun keçən əsrdə ən çiçəkləndiyi bir vaxtda gəldi. Məlumat üçün deyim ki, nəsrdən əvvəl Mövlud şeiriyyət aləmində addımlayırdı. Eyni zamanda Azərbaycan radiosunda əməkdaşlıq edir, sonralar “Bulaq” adı ilə tanınan və xalqın ürəyinə yol tapan həftəlik veriliş üçün ssenarilər yazırdı. Mövlud sonralar da şeir yaradıcılığını davam etdirdi, “Bulağ”ın mənəvi müəlliflərindən biri oldu. Amma tarix onu ədəbiyyat səhnəsinə NASİR kimi tanıtdırmaq istəyirdi.

Mövludun ilk nəsr kitabı çapdan çıxanda yetmişinci illərin sonlarıydı.  Bu elə bir dövr idi ki, meydanda İsa Hüseynov, Sabir Əhmədli vardı. Onlar ən gözəl romanlarını, povestlərini yazmışdılar və yenə yazmaqda davam edirdilər. Anar, Elçin, İsi Məlikzadə, Fərman Kərimzadə, Sabir Azəri, Sabir Süleymanov, Çingiz Ələkbərzadə, Əlibala Hacızadə (“altmışıncılar”) isə yeni ruhlu, bir sıra stereotipləri uçurub-dağıdan əsərləriylə nəsrdə yeni səhifələr yazırdılar. Doğrudan da, nəsrdə sözün həqiqi mənasında artıq normativləşməyə başlayan üslubla təzə-fərdi üslubların mübarizəsi gedirdi.  Ədəbiyyatda fərdi insan talelərinə, psixoloji aləmin təsvirinə maraq ön plana keçirdi. Mövlud Süleymanlı da bu polifonik dəstədə öz yerini tuta bildi.

İndi yetmiş yaşına gəlib çatan (hərçənd ki, bu yaşı ona vermək olmur) Mövlud Süleymanlı üçün geriyə, yaşanılmış ömür yoluna boylanmaq heç bir günah cizgisi və xəcalət duyğusu ilə yadda qala bilməz, yəni Mövlud Süleymanlı keçmişi üçün utanan insan deyil.

O, Xalq yazıçısıdır və buna tamamilə layiqdir. Prezident təqaüdü alır və  buna da tam haqqı çatır. Uzun illər Azərbaycan Radio və Televiziya Şirkətində sədrin müavinlərindən biri olub. Mövludun kinostudiya, “Ulduz” və “Azərbaycan” jurnallarında şöbə müdiri kimi təcrübəsi olub.

Hər hansı bir yazıçını ilk növbədə, onun fərdi üslubuyla tanıyarlar və Mövlud Süleymanlı da ədəbiyyata gələndə öz cümləsiylə, həyata, insan münasibətlərinə fərdi yanaşma tərzi ilə qədəm basdı. Onun hər hansı əsərindən lap elə bir neçə cümlə oxusanız, dilinin şirinliyi, özünəməxsus obrazlı ifadə tərzi və hətta bir qədər qəribə təsir bağışlayan təhkiyə forması sizi cəlb edəcək. O zaman (yetmiş-səksəninci illərdə) bəzi tənqidçilər bunun normativ yazı üslubuna, ənənəvi deyim tərzinə (hansı ki, sovet dövründə illər boyu Azərbaycan nəsrinin boynuna biçilmişdi) uyğunlaşmadığını görüb haray qoparırdılar.  Nəsrdə sanki bütün zamanlar üçün eyni normativ qrammatika ilə nəfəs alan vahid üslub, yazıçıdan yazıçıya, kitabdan kitaba, əsərdən əsərə addımlayan, fəqət irəliləməyən bu yeganə ifadə tərzi dili öldürürdü. Eynilik sənətin düşmənidir və Mövlud Süleymanlının bir yazıçı kimi uğuru bu eynilikdən qaçması oldu.

Mövludun fərdi üslubunda dil qışqırmır, haray çəkmir, yaxud publisistik bir əda ilə protokol sevinci ilə nitq eləmir. Onun dilində bəzi nəsr əsərlərinə məxsus bayağı, sentimental örtükdən əsər-əlamət yoxdur.Burada hər şey adiliyin və təbiiliyin mətn daxilində birdən-birə qeyri-adiliyə çevrilmə prosesini əks etdirir.

“Dan yeri sökülmüşdü. Havada sazaq vardı, amma dörd tərəf ki, uca-uca, sıra-sıra dağlar idi, sazağın səmti bilinmirdi. Bilmək olmurdu ki, ağ yeldəndimi, qara yeldəndimi..

Otlar-əncərlər, çiçəklər boyu üzünü dikəlib sazağa sarı açılmışdı. O yolacın o otunnan, bu yamacın bu otuna qəribə bir duyğu , qoxu gəlirdi ki, otlar-əncərlər, güllər-çiçəklər də bu qoxunu, bu duyğunu duymuşdu. O yamacın o gülünnən, bu yamacın bu gülünə yellər sevgi gətirirdi, buna da Şamil kişi “puçur yeli” deyirdi.

Quzuların dırnağıyla, Bəkilin ayağıyla sevgi gəlirdi. Bu yamacın otları bu sevgini udub ayılırdı. Quşlar, böcəklər, arılar güllərə, otlara sevgi daşımaqdaydı”.

Əsərlərində xalq ruhunu ifadə edən yazıçılar az deyil. Nağılları,əfsanə və rəvayətləri “müasirləşdirib” poema, povest yaxud pritça yazanlarımız da var. Lakin elə yazıçılar var ki, xalq bədii təfəkkürü onların yaradıcılığına ana südündən gəlir.Mövlud Süleymanlının bir sıra hekayələrində və “Köç” romanında Azərbaycan nəsri üçün təzə və görümlü olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir.

“Altı yaşlı İmir bir il idi yuxusunda burulğana düşürdü. Göyidimi, suyudumu, quruydumu, haraydısa, bir quyunun ağzıydı. Min cür boya bir-birinə qarışa-qarışa İmir də içində yumrulanıb-yumrulanıb dörd oynayırdı. Əlləri, ayaqları, üzü-gözü əyilənə kimi fırlanırdı. Nəsə deşilirdi, bir-birinə qarışa-qarışa burulan rənglərin qanı axırdı. İmir yavaş-yavaş yerindən dururdu, yatağından qalxırdı, iri-iri açılan göyümsov gözləri ilə yox, bütün canı ilə görə-görə dünyanın üstüylə addımlayırdı” (“Köç” romanından).

Balaca İmirin bu yuxusu əslində, böyük bir kökün, nəslin xatırlanmasıdır. Qarakəllə kökü bu uşağın yuxusuna çökməklə əcdadı, sələfi unutmamağı təlqin edir. Və uşaq bu ağır, dəhşətli yuxuların təzyiqinə davam gətirmir, yuxu görə-görə ayağa durur, yeriyir. “İmir dayanıb səssizcə baxardı, elə bil, durduğu yerdəcə yuxu görürdü. Üç yüz ilin başından çıxan köç, İmirdən də keçib gələcəyə gedirdi”.

Xalq şairi Bəxtiyar Vahabzadə “Köç”ü “xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyası” adlandırmışdı”.Bəxtiyar müəllim daha sonra yazırdı ki: “Əzizim Mövlud! “Köç”lə o yurddan bu yurda köçən, yurdlara sığmayan dədə-babamızın geniş ruhunu, təbiətin özü qədər narahat təbiətini,iqlimdən-iqlimə salam aparan nağıllı, əfsanəli ürəyini ürəyimizə köçürdün, qanımızı qaynatdı. Özümüzdən gizli qanımızda yaşayan o ruhu dilə gətirdin,bizi özümüzə qaytarıb təzələdin.Bu əsər “Yol” da ola bilərdi, çünki bu, bir xalqın doğula-doğula, ölə-ölə təkcə torpaq üstündə deyil,həm də tarix boyu keçdiyi enişli-yoxuşdu, davalı-şavalı bir yolun təsviridir”.

Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır və M.Süleymanlı bu ideyanı özünəməxsus bir tərzdə təcəssüm etdirmişdir.

Ümumiyyətlə, Mövlud Süleymanlıdan söz açanda, onun yaradıcılığının başlıca istiqaməti haqqında düşünəndə XALQ anlamı yada düşür və əslində, bu anlamsız onun nəsrinə qiymət vermək mümkün deyil. XALQ bütün qütbləri və aspektləri ilə Mövludun əsərlərinin mahiyyətini təşkil edir. Təkcə etnoqrafiq tərəfləri ilə deyil, mənəvi, ictimai-siyasi yönləriylə. Konkret olaraq, Azərbaycan xalqı onun əsərlərində mübarizələrlə dolu tarixi bir yol keçir, özünü dərk edir.     M.Süleymanlının “Şanapipik”, “Duzsuzluq”, “Ot”, “Noxtalı adam” povestlərində də “Köç” romanında olduğu kimi, kənd məişəti, xalqın etnoqrafik həyat tərzi, çölçülük, əkinçilik, maldarlıq təsərrüfatı və bu sahədə çalışan insanların psixologiyası, kənd qarılarının, ağsaqqal kişilərin, cavan qızların və oğlanların dünyası öz əksini tapmışdır. “Şanapipik” povestində müharibədən sonrakı ilk illər təsvir olunur. Müəllif kəndin bir-birindən fərqli, səciyyəsinə görə biri digərini təkrar etməyən, özünəməxsusluğu ilə seçilən müxtəlif tipli adamlarını təsvir edir. Bu adamlar eyni mühitdə yaşasalar da, hər biri fərdi cizgilərə malikdirlər.

Yetmişinci-səksəninci illərdə Mövlud Süleymanlıya həm şöhrət qazandıran, həm də tənqidə məruz qalan bir əsəri burada yad etməmək insafsızlıq olardı. “Dəyirman” povesti deyə bilərik ki, həmin illərin mərhələvi əsərlərindən biri idi. O mənada ki, bu tipli əsər nəsrdə az-az yaranırdı və deyim ki, İsa Hüseynovun “Yanar ürək”, “Doğma və yad adamlar”, Sabir Əhmədlinin “Yamacda nişanə”, “Dünyanın arşını”, “Qanköçürmə stansiyası” kimi sərt həyat həqiqətlərini qələmə alan əsərlərlə bir sıraya gəldi.

Bəli, Mövlud Süleymanlı da bəzi qələm yoldaşları ilə  (onların sayı çox deyildi) totalitar sovet dövründə GƏMİDƏ OTURUB GƏMİÇİ İLƏ BARIŞMAYAN, ONA MÜXALİF OLAN yazıçılardan idi. “Dəyirman” povesti bunun əyani təcəssümü idi.  Simvolik Dəyirman obrazı vasitəsilə M.Süleymanlı artıq sovet quruluşunun çürüməyə başladığını real lövhələrlə əks etdirirdi. El inamında ruzi, bərəkət mənbəyi olan Dəyirman artıq dən üyütmür, adamları ehtiyacın, qara günün pəncəsindən xilas etmir- indi o, sərxoş başları ovundurur. Burda tamahlarını kabab tikələrinə çevirən, xalq malını, el sərvətini mənimsəyənlər izafi pullarını əridir. Dəyirman indi qadınların fəryadını eşidir, balaca buynuzlu toğluları kababa çevirib qarınlara sovurur, “qızıl oğlanları” şəhvət meydanına səsləyir. “Dəyirmanın balaca bacası süd əmirmiş kimi Günəşin son işığını sormaqdaydı. Amma bu işıqdan da heç kəsin xəbəri yoxuydu. Bir dəyirman baş yırğalanırdı, bir dəyirman əl can verirmiş kimi titrəyə-titrəyə, ölgün-ölgün oynaşırdı. Sınıq-sınıq sözlər, yarımçıq-yarımçıq cümlələr stəkan səslərinə qarışıb çeynənmiş sözlərlə namusdan danışan var idi. Əl var idi, başının üstündə pul silkələyirdi. Kəsilən toğlulara, bişən kabablara, əllərdə oynayan pullara , iyirmi-iyirmi beş üzdən yox, iyirmi-iyirmi beş dəri yüzlükdən baxan kimi baxırdı. Ciyər kababının qarasından hamı burnunun ucuna kimi ləkəliyli, amma heç kim burnunun ucundakı ləkəni görmürdü”.

O zaman bu əsər əksər yazıçılar, tənqidçilər tərəfindən çox hiddətlə qarşılandı. Əslində, povestin sovet cəmiyyətinə, SİSTEMƏ yad, yabançı bir əsər olduğunu duyanlar səhv etmirdilər. Ancaq bu əsəri yüksək qiymətləndirənlər də oldu.

1980-ci ildə Yazıçılar Birliyinin “Natəvan” klubunda əsərin müzakirəsi ilə bağlı keçirilən iclasın protokolu durur.  Mən stenoqrafçı gəlmədiyinə görə Yazıçılar İttifaqı Tənqid seksiyasının rəhbəri Yaşar Qarayevin təklifiylə stenoqrafçını əvəz etdim.İndi istəyirəm üstündən 33 il keçməsinə baxmayaraq həmin protokoldan bəzi çıxarışları nəzərinizə çatdırım.

YAŞAR QARAYEV: “Son illər ədəbiyyatımıza yeni istedadlı gənclər gəlmişlər. Bu gün əsərini müzakirə edəcəyimiz Mövlud Süleymanlının yaradıcılığı da maraqlı bir hadisədir.  Əsər obyektiv təhlilə möhtacdır. Yaxşı, uğurlu cəhətləri ilə bir sırada povestdə müəyyən qüsurlar da müşahidə edilir. Ona görə də, bəri başdan, çıxış edən yoldaşlardan müəllifə kömək və qayğı dolu sözlər də eşitmək istərdik”.

XƏLİL RZA: “Dəyirman” povestini ürək ağrısı ilə oxudum. Əsər kommunist əxlaqının antipodlarına qarşı böyük bir qəzəb hissilə yazılıb. Nədir bu qəzəb?  Cəmiyyətin içərisində dolaşan, onun inkişafında zərrə qədər xidməti olmayan, ictimai ideallarımıza yad görünən bu cür müzür ünsürlərə  tuşlanıb bu qəzəb”.

ŞAMİL  SALMANOV: “Mövlud Süleymanlının “Dəyirman” əsəri doğrudan da maraqlı, düşündürücü əsərdir.  Onun müəllifi gənc olsa da, artıq bir yazıçı kimi formalaşır. “Dəyirman” povesti yazıçı mövqeyi haqqında da mübahisələrə imkan yaradır. Məncə, yazıçı mövqeyi burada gizli formada təcəssüm olunur, yəni üstüörtülü”.

İLYAS ƏFƏNDİYEV: “Məncə, “Dəyirman”  bu günki nəsrimizdə bir ədəbi hadisədir”.

ƏZİZ MİRƏHMƏDOV: Mövlud Süleymanlı istedadlı nasirdir. Onun folklor poetikasına və xalq yaradıcılığına bələdliyi hekayə və povestlərində də görünür. Mənim fikrimcə, müəllif “Bulaq”da qazandıqlarını “Dəyirman”da itirmişdir. Povest adamda heç bir nikbin təəssürat oyatmır, əksinə, onu çox bədbinləşdirir..Əsərdə təsvir olunan kənd də yeni deyil. Elə bil, 60-70 il bundan əvvəlki patriarxal Azərbaycan kəndidir. Obrazlar da müasir kəndi təmsil eləmir. Hanı yazıçının fəal həyat mövqeyi? O, yalnız təsvir etməklə, göstərməklə kifayətlənmişdir”.

ƏLİ VƏLİYEV: “Dəyirman” əsəri məni qane etmədi. Əsərdə təsvir olunan kənd bizim gördüyümüz müasir kənd deyil. Oradakı adamlar da həmçinin.  Bol-bol söyüşlər əsəri korlayır”.

İSMAYIL  ŞIXLI: “Mövludun yaradıcılığı məni tam qane edir. O, düzgün yoldadır”.

ƏNVƏR MƏMMƏDXANLI: “Məncə, Mövlud Süleymanlını bu əsərə görə alqışlamaq lazımdır. O, istedadlı nasirdir. Əla yazı manerası, təmiz dili, üslubu var”.

AYDIN MƏMMƏDOV: “Dəyirman” əsərində sərxoşların, alkoqolizmə düçar olanların həyatı təsvir edilir, onların nə üçün bu dərdə tutulduqlarının səbəbi izah edilir. Povestdəki obrazların düşüncələri yalnız sərxoş başların düşüncələridir”.

ƏLİSƏFA MƏMMƏDOV: “Dəyirman” əsəri bu günkü Azərbaycan nəsri və Azərbaycan kəndi üçün tipik deyil. Povestdə heç bir müsbət surət yoxdur. Kənd müəllimi Temir sərxoş və alkoqolik kimi təsvir edilmişdir.  Dəyirmanın novluğuna çəkilən əxlaqsız qızlarla bağlı təsvirlər inandırıcı deyil. “Bulaq” kimi gözəl veriliş hazırlayan bir yazıçı belə uğursuz əsəri qələmə almayaydı..

GÜLRUX ƏLİBƏYOVA: “Mən Əziz müəllimin fikriylə razı deyiləm. O deyir ki, “Dəyirman”da müəllif mövqeyi nəzərə çarpmır. Məlumdur ki, bədii əsərdə müəllifin açıq tendensiyasının nəzərə çarpdırılması mütləq vacib deyil.  Mövludun povestində də yazıçının ürək yanğısı hiss edilir. Hökmən deyil ki, o öz yanğısını ucadan elan eləsin”.

ƏLƏVİYYƏ BABAYEVA: “Dəyirman”da çoxlu açıq-saçıq səhnələr var. Söyüş (72 dəfə) çoxdur. Əsas qüsur isə müsbət qəhrəmanın yoxluğudur”.

Bu çıxışlarda siz əslində, iki ədəbi sistemin qarşı-qarşıya durduğunun şahidi olursunuz. Artıq yetmişinci illərdən başlayaraq ədəbiyyatda da müəyyən stereotiplərin qırıldığını hiss etmək olurdu. Diqqət yetirsəniz, görəcəksiniz ki, ədəbi əsərlərə yeni münasibət formalaşmaqda idi. Ancaq buna baxmayaraq hələ də yeniliyin, novatorluğun qarşısına sədlər çəkilirdi. Hətta yeniliyi müdafiə məqsədilə edilən təşəbbüslərə də imkan verilmirdi. Həmin illərdə unudulmaz Xalq şairi Rəsul Rza “Dəyirman dərdi” adlı bir məqalə də yazmışdı, ancaq onun çapına imkan vermədilər, məqalə R.Rzanın ölümündən sonra işıq üzü gördü. R.Rza həmin məqalədə yazırdı:  “Bu dəyirman əhvalatına  “Dəyirman dərdi” adı versək, daha doğru olar. Elə bir dərd ki, müalicəsi mümkün, lakin çətin olan ictimai bir dərddir. Bu dəyirmanın prototipini axtarmaq lazım deyil. Bütün suyu-havası, bütün rəngi-çalarları ilə belə bir dəyirman yazıçı təxəyyülündən yaranmışdır. Burada yazıçı ritorik yollarla deyil, bədii obrazlar, təşbih və paralellər yolu ilə bir dəyirman havasını yarada bilmişdir. Bu, sözün konkret mənasında, dəyirman deyil. O, çoxdan öz hərəkət, ünsiyyət yuvalığını itirmiş, kənd içinə düşmüş bir ləkə, bir bəladır. Povestdə təsvir olunan hadisə adamlarda iyrənc bir fikir yaradır. Müəllif bu əsərində yaxşı və pisləri qarşı-qarşıya qoymaq kimi primitiv yolla getməmişdir. Bu, konkret bir oçerk deyil..” “Dəyirman”dan sonra M.Süleymanlı “Duzsuzluq” povestini qələmə alır və bu əsərdə də bəsit, bayağı həyat tərzinə qarşı çıxır. Hər iki povestdə tənqidçilərin aradıqları “müsbət qəhrəman” obrazları ilə rastlaşmırıq. Müəllif mənfilikləri, cəmiyyətdəki mənəvi bəlaları daha çox qabardır və sanki bununla demək istəyir ki, məhz bu neqativ hallar getdikcə qorxulu hala çevrilir. Mənfiliyin ifşası isə hər halda, müsbət, işıqlı idealların təsdiqi deməkdir!

Eyni tendensiyanı biz Mövlud Süleymanlının səksəninci illərdə qələmə aldığı “Səs” və “Ueviz qurdu” romanlarında da izləyirik. Bu romanlarda da sovet ədəbiyyatının baş qəhrəmanı olan “müsbət” qəhrəmana təsadüf etmirik. Doğrudur, öz əməlləri, davranışı və əxlaq tərzi ilə rəğbət doğuran obrazlar var, ancaq bunlar “müsbət qəhrəman” deyillər.

“Səs” və “Ceviz qurdu” romanlarında müəllif cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirir. Hadisələr həm ailə-məişət çərçivəsində, həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı fərdlərin düşüncələrində cərəyan edir. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edir. Bu da təsadüfi deyil. Biz M.Süleymanlının hekayə və povestlərində də bunun əyani şahidi olmuşuq. “Səs” romanında SƏS, “Ceviz qurdu”nda isə CEVİZ  QURDU metaforik obrazları müəllif qayəsinin açılışına vasitə olur. İnsan öz içindəki səsi itirəndə, özündən,  kökündən, ilkinliyindən ayrılır, onun səsi itmiş-batmış olur.

Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanına gəldikdə isə bu, sırf roman-pamfletdir, erməniliyin kökü və mahiyyəti barədə konkret faktlarla, misallarla cizgilənən bədii-publisistik bir əsərdir.

Yetmiş yaşı ərəfəsində Mövlud Süleymanlı “Yer üzünə məktub” adlı etnoqrafik düşüncələr romanı ilə oxucuların görüşünə gəlib.Altmışıncı illərdən-”Bulaq” verilişindən başlamış qələmə aldığı əksər yazılar, xalq ruhunu və mənəviyyatını ifadə edən fikirlər, duyğular, düşüncələr-hamısı bu romanda toplanıb. Və bu əsər də göstərir ki, Mövlud Süleymanlı bütün yaradıcılığı boyu XALQ adlı maddi, mənəvi varlığa sadiq qalmışdır....

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2013.- 8 mart.- S.25.