Nəsr ustasının epik
poetikası
Tərcüməçinin qeydləri
Milli
söz sənətimizin ustadlarından biri olan Əli İldırımoğlunun
“Aqibət” romanının tərcüməsini öhdəmə
götürüb əsəri mütaliə etməyə başlayanda,
açıq desəm, bir az məyus oldum. Məni pərt edən,
hər şeydən öncə, yerinə yetirəcəyim
işin çətinliyi idi, çünki xalq dili
stixiyasının sadəcə dekorativ bir ibarəpərdazlıq
deyil, əsərin birbaşa mahiyyətini təşkil etdiyi
bu qədər təkmil mətnin tərcüməsi ilə
ilk dəfəydi ki, rastlaşırdım. Mətnin formal
quruluşu da işimi bir yandan məhdudlaşdırırdı.
Müəyyən standart düşüncəyə malik bir
adam kimi, mən romandakı hərəkətin “kitab” sistemi ilə
təşkilinə vərdiş etmişəm – “hissə”, “fəsil”
və sair və ilaxır. Kifayət qədər mürəkkəb
məzmunlu və elə bir onca da böyük həcmə
malik “Aqibət” romanından belə bir bölgünü
gözləməkdə haqlı idim. “Aqibət”in strukturu isə
fərqli ölçülərdə olan, ulduzlarla
ayrılmış başlıqların sadə zəncirindən
ibarət idi. Yalnız mətnlə dərindən
tanış olduqdan sonra başa düşdüm ki, müəllif
“xətası”, Qorkinin təbiri ilə desək, “müəllif
etinasızlığı” ilə bağlı əvvəlcədən
gəldiyim qənaət, əslində, əsərin orijinal
üslubi priyomu imiş. Ona görə də, “Aqibət”in
ruscaya tərcüməsi (“Vozdayanie”) işıq üzü
gördükdən sonra Əli müəllim özünün
digər romanının – “Zorən jurnalist”in şərhini mənə
etibar edəndə, qeyd etdiyim məsələ ilə
bağlı heç bir şübhəyə yol vermədən
işə başladım.
Fikirlərin
sərbəst uçuşuna imkan vermək – Əli müəllimin
bədii metodunun əsasında bu dayanır. Buna görə, əgər
ciddi desək, ustadın roman mətnlərinin hətta ən
sadə sistemləşdirilməsini belə qaydaya
uzaqbaşı könülsüz güzəşt kimi qiymətləndirmək
lazım gəlir. Əgər belə demək mümkünsə,
o, hər hansı əsərini bircə abzasa “yerləşdirə”
bilər. Amma yazıçı özünün bu hipotetik, xəyali
abzasını müəyyən hissələrə bölməklə
müəllifi cəlb edən “marafon məsafəsinə”
çatmaqda oxucuya, elə bil ki, nəfəsdərmə
imkanı verir. Roman nəsrinə məxsus bu özəlliyi Əli
İldırımoğlunu Ceyms Coys və Tomas Vulfa
yaxınlaşdırır və bu, şübhəsiz ki, Azərbaycan
yazıçısının sözügedən
yazıçıların roman dərslərini mənimsəməsi
və həyata keçirməsini göstərir.
Bununla
bağlı, hər iki romanda yardımçı epizodlara yer
verilməsi də özünü doğruldur. “Zorən
jurnalist” romanını təhlil edən professor Əliheydər
Haşımov haqlı olaraq yazır ki, əsərin təsviri
baxımdan çox mürəkkəb süjet xətti
çoxsaylı qollara ayrılır və yalnız baş qəhrəmana
bağlılıq hesabına bir araya gəlir. Bizcə isə
təkcə “Zorən jurnalist” yox, “Aqibət”in də məzmununu
formalaşdıran başlanğıc amil kimi ritmin rolunu
xüsusi vurğulasaq, tamamilə haqlı olarıq. Buna
görə, professorun Ə. İldırımoğluna məxsus
roman nəsrini məcrasından çıxmadan baş
alıb gedən çaya bənzətməsi ilə
razılaşmaq çətindir. Bu nəsrin ritmi mənə
dəyişkən ürək döyüntülərini daha
çox xatırladır – gah sakit, gah sürətli, gözlənilmədən
dayanan ürək döyüntülərini...
Yardımçı
epizodlar barədə sözümüzə davam edərək,
Əli müəllimin müəllif üslubunun daha bir özəlliyini
də qeyd etmək istərdik. Onun əsərlərində
şərti olaraq “hekayə içində hekayə” adlanan bir
üsuldan kifayət qədər tez-tez istifadə olunur. Buna
örnək olaraq, Nazim İlhamın dumanlı xatirələrində
əksini tapan Qaçaq Mürsəlin ömür hekayətini
(“Zorən jurnalist”), Kərbəlayi Mirzəxanın borana
düşməsinin rabitəçi Səfalət Savalanovun
taleyi ilə bağlı hekayətə daxil edilməsini (yenə
həmin romanda) və başqa epizodları göstərmək
olar. Beləliklə, Ə.İldırımoğlunun
belletristikasında XVIII –XIX əsr Avropa romantizmi, konkret desək,
Çarlz Metyurin (“Sərgərdan Melmot”) və Yan Pototski
(“Saraqosda tapılan əlyazmalar”), necə deyərlər,
“mücrü romanı” korifeylərinin ənənələri
aydın görünür.
Ə.İldırımoğlunun
bədii üslubunu ilkin romantiklərə bağlayan – fantastik
və ifşaedici, satirik məqamların qatı realist təhkiyəyə
daxil edilməsi kimi daha bir cəhət də var ki, buna da
Pototski və Metyurinin ardıcılı olan Ernest Hofmanın təsiri
kimi baxmaq olar. Əli müəllimin romanlarında müntəzəm
olaraq qarabasma və kabuslar zahir olur (Zabıxlının əcdadlarının
səsi, Mir Rahib və Qənirənin ruhları – “Aqibət”,
Qanun və Pulun şəxsləndirilməsi – “Zorən
jurnalist”), eləcə də bilərəkdən şarj
edilmiş obrazlar meydana çıxır, kəskin satira
çox tez-tez açıq qrotesk həddinə çatır
(vilayət komitəsi katibinin geniş iclası, Kərimlinin
saxta qatilləri üzərində məhkəmə – “Zorən
jurnalist”).
“Aqibət”
romanının rusca nəşrinin üzə çıxması
münasibətilə qələmə aldığı “Əjdahaya
qarşı qələmlə” adlı məqaləsində tərcüməçi-ədəbiyyatşünas
Nadir Ağasiyev yazır: “Yazıçının (Əli
İldırımoğlunun. – R.Qafarov) növbəti əsərinin
də cümlələri arxasında şəffaf bir nəhrin
dibindəki kimi və yenə də əvvəlki dəyişməzliklə
çılğın, həssas bir gənci
görürük, artıq səksəni adlamış bir
ustadın ikinci, bəlkə də, əsas təcəssümü
olan bir gənci”. Son üç ildə Əli müəllimin
əsərləri ilə yaxından tanış olan bir şəxs
kimi həmkarımın yuxarıdakı sözlərinin həqiqiliyini
qəti surətdə təsdiq edirəm. “Qızıl qələm”
mükafatı laureatı, keçmiş dövrlərə məxsus
ağsaqqalların klassik tipi kimi azdanışan, bir az quru və
adamayovuşmaz bir insan olmaqla yanaşı, Ə.İldırımoğlu,
əsil “islaholunmaz romantik” kimi gənclik
çılğınlığını da xoşbəxtcəsinə
qoruyub saxlaya bilib. Bu mənə hələ “Aqibət”in ilk səhifəsini
oxumağa başlayanda aydın olmuşdu, “Zorən jurnalist”
üzərindəki tərcümə təcrübəsi isə
onun haqqındakı bu qənaətimi qəti surətdə təsdiq
etdi.
Əli
müəllimin dünyaduyumunda təkcə canlılar yox, hətta
cansız təbiət də insaniləşdirilir. Onun nəsrində
balasını canavar parçalamış madyan dərin kədərə
düşür və “canı çıxır”,
insanların halına dözə bilməyən eşşək
gəbərir, kəsilmiş palıdı görən meşə
quşları dərdə-qəmə düçar olur, təpələr
qəhrəmanın acı qismətindən yasa batır,
atadanqalma iş aləti unutqan oğulu səssizcə məzəmmət
edir və sair və ilaxır.
Mənim
tərəfimdən edilmiş daha bir müşahidə. Ə.
İldırımoğlunun əsərlərində mürəkkəb
simvolikaya malik, hərtərəfli bir Quş obrazı var. Məhbəsdə
olan Sücəddin uçan quşları görüb fikrən
ata ocağına gedir (“Aqibət”), bunun tam əksinə, bəzgəklərin
səsi gənc Nazim İlhamın iztirablarına son qoyur. Qənirənin
ölümü ərəfəsində ölüm xəbərçisi
olan quş (alabaxta) onun qarşısında zahir olur (“Aqibət”),
birinci katib Şirxan İsmayılzadənin diri-diri
yanacağı talada peyda olan qarğa da eyni işi yerinə
yetirir (“Zorən jurnalist”).
Tərcüməşünas
Heydər Orucov özünün “Ağsaçlı ozanın
yeni nəğməsi” adlı məqaləsində “Aqibət”in
milli dastan ənənələrinə gedib çıxan
nağılvariliyini həssaslıqla qeyd edir. Mən bu məsələ
ilə bağlı öz tərəfimdən bunu əlavə
edə bilərəm. Vladimir Nabokov bir vaxt Qoqolun “Ölü
canlar”ını açılmış metafora fenomeni
adlandırmışdı. Məncə, Ə.İldırımoğlunun
adıkeçən romanı da eyni təyinata uyğun gəlir.
“Aqibət”in həlledici metaforik komponentləri bir-biri ilə
qarşılıqlı ziddiyyətdə olan Dəlmə
arxı və Dəvəbatan bataqlığıdır. Bu iki
kəsişən simvolun etimologiyası diqqətəlayiqdir: həyatın
qurumuş mənbəyi və məhsuldar ölüm
yuvası. Məkan
baxımından bunlar
vertikal və horizontaldır, yəni bədii baxımdan formal antipodlardır. Bununla belə, hər
iki simvol əzəldən eyniyyətə
malikdir – istər mütləq kəmiyyətlərinə
(ölüm və ölüm), istərsə
də keyfiyyət göstəricilərinə görə
(hər ikisi, “minus” işarəlidir: ölüm).
Yalnız bərpa olunandan
sonra arx burulğanın real antipoduna
çevrilir və müsbət anlam kəsb edir (həyat). Dəvəbatanla
isə belə metamorfoza prinsipcə mümkünsüzdür, o əzəldən
“minus”la (aşağıya
doğru) işarələnib:
ölüm.
“Zorən jurnalist”də
biz simvolların belə
incə oyunu ilə üzləşmirik,
bununla belə, əsərin diqqətli oxunuşu zamanı onun “Aqibət”lə səsləşən başlıca
fikir doğurucu motivini də görməmək mümkün
deyil. “Zorən jurnalist”in əsas qəhrəmanının mühakimlərindəki
yuxarıdakı obrazlara
“bağlılığa” da
bir allüziya kimi baxmaq lazım
gəlir:
“Nazim İlham prokurordan ayrıldıqdan
sonra adəti üzrə əlini belinə vurub tək-tənha şəhərdən
xeyli aralandı. Qızlarquşunun və göy qarğaların dəlmə-deşik
etdikləri yarğanların
dibindən axan çayın sahilinə endi. Onsuz da həmişə
bulanıq axan çay, yazqabağı olduğundan indi çamır gəlirdi.
Quzey tərəfdəki daşların
arasından pıqqıldayıb
çıxan bulağın
dumduru suyu çaya qarışanda öz şəffaflığını
itirirdi. Nazim bu qovuşan suların təzadını öz romantik aləmində başqa cür yozurdu. Bulaq sanki sahilə
yayılan ləpələri
durultmaq istəyir, lakin məcrasına sığmayan çayın
girdabında burularaq, saflığını itirib
özü də çirkablaşırdı. Neçə-neçə büllur
çeşmə qızmış
nər kimi ağzı köpüklənə-köpüklənə
aşıb-daşan bu
xırsız selin burulğanında necə də bulanıb çirkab olurdu...”
Allüziya haqqında söhbətə
bir əlavə də etmək yerinə düşərdi. “Aqibət” və “Zorən jurnalist”dəki obraz və hadisələr
ya birbaşa, ya da dolayısı
ilə Fərhad haqqındakı arxaik əfsanə ilə səsləşir. Cahangir və
onun oğlu Sücəddin (“Aqibət”)
öz ölkəsini susuzluqdan xilas edən daşçapan bahadırın qəhrəmanlığını
təkrar edirlər.
Nazim İlham da (“Zorən jurnalist”) öz növbəsində
birbaşa Fərhadla eyniləşdirilir. O tələbə
olarkən əfsanəvi
qəhrəman haqda yazılar yazır və ona öz
bildiyi cizgiləri şamil edir ki, bu da
simvolların diliylə
öz taleyini müəyyən etmək
anlamı verir. Və doğrudan da, hadisələrin gedişi
zamanı Nazim İlham fərhadsayağı
qəhrəmanlıqlar göstərir,
amma sadəcə tişə yox, kağız-qələmlə silahlanır.
Daha bir anologiya. “Aqibət” və “Zorən jurnalist”in ümumi leytmotivi Cəza və Qismət mövzusunun ardıcıl
inkişafıdır. Bu əsərlərin ən mənfur obrazları sonucda sadəcə həyati uğursuzluğa
düçar olmur, məsələn, tutaq ki, Çayqovuşanın
birinci katibi Nadir Nəsrullayev kimi qətl törətmək
üstündə sadəcə
həbs olunmur, həm də vaxtsız fiziki sonlarına çatırlar
– Qalaçı kolxozunun
sədri Lovğa Səftər kimi qorxudan ölür, Qızyetər və Minayə kimi güllələnir, dəyirmançı
Şahnəzər kimi
ölümcül zərbədən
canını tapşırır
(“Aqibət”), qəddar
Ziyad Kərimli kimi bıçaqlanır,
vilayət komitəsinin
başçısı Şirxan
İsmayılzadə kimi
diri-diri odda yanır, DTK-çı Nifaq Behbudov kimi ürək tutmasından keçinir
(“Zorən jurnalist”). Görmək çətin
deyil ki, göylərin qarğışı
onları bu romanların ən xeyirxah, ən təmiz qəhrəmanları
– məsum Qənirənin,
ləyaqətli Kar Bağırın, namusu ləkələnmiş Nəcibənin
həyatını məhv
etdikləri üçün
tutur.
Təəssüf ki, bu oçerkin həcmi bizə öz araşdırma predmetimizin
yalnız ən ümumi cizgilərindən
danışmağa imkan
verdi. Beləliklə,
biz “Aqibət” və “Zorən jurnalist”in idiomatik və digər üslubi özəlliklərini açıqlamaqdan
– ayrıca, geniş söhbətin mövzusu ola biləcək
məsələdən özümüz
də istəmədən
imtina etməli olduq. Eləcə də, Ə.İldırımoğlunun
roman poetikasına məxsus
bir sıra digər cəhətlərdən
də danışmaqdan
eyni dərəcədə
vaz keçmək zorunda qaldıq. Biz bu kəsirləri
“Qızıl qələm”
ustasının belletristikasına
məxsus ən səciyyəvi özəllikləri
özündə bir küll halında əks etdirən xüsusi bir essedə aradan qaldırmaq niyyətindəyik.
Rövşən Qafarov
525-ci qəzet.- 2013.- 8 mart.- S.24.