Oralarda kimlər var: Heydər Oğuz

 

Cəmiyyəti vicdanı ilə mühakimə etmək istəyən şair

 

"Bu yaşda dərc olunan ilk kitabıma baxıb üzüntü ilə sevinci eyni anda yaşayıram”.

Şair-publisist Heydər Oğuzun “Adını sən qoy!” adlı kitabı işıq üzü görüb. Bu kitab müəllifin, necə deyərlər, ilk nübarıdır. Şairlə söhbətimiz də onun ilk nübarı haqqındadır.

–Heydər bəy, həmişə ilk kitabın sevinci başqa olur. Nə hisslər keçirirsiniz?

–Doğrusu, qeyri-adi heç bir hiss keçirmirəm. Amma desəm ki, ümumiyyətlə sevinmirəm, bu da inandırıcı olmaz. Hər bir kitab müəllif üçün sevinc mənbəyidir. Zamanla yazıb dərc etdirdiyin və  bir araya topladığın şeirlərin nəhayət, kitab halına gəlməsi sevindirici olmaya bilməz. Bununla belə, sevincimdən  qanad çalıb uçmuram da. Kitabım 20 il bundan əvvəl çıxsaydı, bəlkə də sevincimin həddi-hüdudu olmazdı. İndi isə bu mənə o qədər də qeyri-adi gəlmir. Əksinə heyfslənirəm ki, bu kifayət qədər  gec oldu. Ona görə belə deyirəm ki, mən şeir yazmağa lap uşaqlıq dövründən başlamışam. İlk şeirlərim 13 yaşım olanda o dövrün yerli mətbu orqanlarından olan “Sovet Naxçıvanı” qəzetində dərc olunub. İndisə 44 yaşım var. Yəni 30 ildən artıq əli qələm tutan bir şairin ilk nübarını bu yaşda etməsi nə qədər sevindirici olsa da, həm də üzücü bir haldır. Bir sözlə, indi dərc olunan kitabıma baxıb üzüntü ilə sevinci eyni anda yaşayıram.

–Bəs, bu vaxta qədər niyə kitab çıxarmamısınız?

–Bilirsinizmi, istənilən yazar və ya şair üçün çıxaracağı kitabın təşviqedici tərəfi olmalıdır. İnsan kitabı niyə çıxarır- ya populyarlaşmaq, ictimai statusunu artırmaq, hansısa işini aşırmaq istəyir, ya kitabın satışından hansısa qazanc güdür, ya da sadəcə fikirlərini cəmiyyətə çatdırmaq istəyir. Mən heç vaxt kitab çıxarıb şair kimi tanınmağı, qazandığım ictimai statusuma görə cəmiyyətdə yer tutmağı ağlımdan keçirməmişəm. Şeir kitabından gəlir əldə etmək, maddi vəziyyəti düzəltmək də mümkün deyil. Ən azı ona görə ki, biz kitaba pul xərcləyən  cəmiyyət  deyilik. Kitaba xərcləyəcəyimiz 5 manatın üstünə 20-30, hətta 50-100 manat qoyub gündə hansısa kafedə yoldaşlarımızla şair xalqımızın, hardansa eşidib əzbərlədiyimiz şeirlərin müəllifinin şərəfinə içən toplumuq. Amma şərəfinə içdiyimiz şairin kitabına verəcəyimiz 5 manata qıymarıq. Şairin özünü görəndə cibinə pul qoymağa çalışarıq, amma onun kitabını alıb oxumarıq. Məhz bu xüsusiyyətimizin nəticəsidir ki, şairlərimizi də dilənçi xarakterli etmişik. Onları yaltaqlığa, ikiüzlülüyə təşviq etmişik. Kitabına isə qətiyyən qiymət verməmişik. Baxın, hazırda ölkəmizdəki çoxsaylı nəşriyyat və mətbəələrdə gündə onlarla şeir kitabı çıxır. Dərc olunan bu kitabların ən böyük tirajı 300-500 ədəd olur. Bir çox şairlərimiz çapdan çıxan bu kitabların böyük əksəriyyətini sata bilmir. Hansı ki, həmin şair oğluna və ya qızına toy eləyəndə ziyafətə dərc etdirdiyi kitab nüxsələrinin sayı qədər adam çağırır və hər birimiz böyük məmnuniyyətlə bu zifayətdə iştirak edirik. Belə çıxır ki, kitabın tirajı qədər şairin yaxınları, doğmaları olur. Amma kimi danışdırsan kitabının yaxşı satılmadığından gileylənir. Məni düzgün başa düşün, söhbət təkcə dərc etdirdiyin kitabın satılmayıb sənə maddi qazanc gətirməməsindən getmir. Söhbət sənin hisslərinin tərcümanı olan şeirlərinin hətta ən yaxın çevrən tərəfindən belə oxunmamasından gedir. Belə vəziyyətdə şeirlərinin oxunmasını istəyən şairin kitab çıxarmağa həvəsi qalmır. Yəni, ortada bir mənəvi amil çatışmazlığı var. Bu vaxta qədər kitab çıxarmamağımın səbəbi bu amillə bağlı idi.

–O zaman başqa sual yaranır: 44 yaşına qədər çap etdirəcəyi kitabının oxunmayacağını düşünən Heydər Oğuz birdən-birə vəziyyətin dəyişdiyinimi düşünüb kitab nəşr etdirməyə qərar verdi? Sizdə bu əminlik hardan yarandı ki, belə deyək, ilk nübarınızı etdiniz?

–Düzünü bilmək istəsəniz, kitabımın çap olunması mənim fikrim olmayıb. Müxtəlif zamanlarda şeirlərimi bəyənən bir çox ziyalılar, siyasi xadimlər onları toplayıb kitab kimi nəşr etdirməyi təklif ediblər. Hətta nəşrin sponsorluğunu da boyunlarına götürüblər. Mən dəfələrlə edilən bu təkliflərə çox da isti yanaşmamışam. Bu da səbəbsiz olmayıb. Baxmayaraq ki, həmin siyasilər və ziyalılar əqidəcə mənə çox yaxındırlar. Ancaq həyatın bir mərhələsində fikirlərimizin haçalana biləcəyini düşünmüşəm. Dərc olunan kitabıma görə onların qarşısında boynubükük vəziyyətdə qalıb daxilimdən gəlməyən səslərə baş əyməmək üçün kitabımın çapından nəzakətli bir üslubla imtina etmişəm. Daha sonra mənimlə bir yerdə Türkiyədə oxuyan tələbə yoldaşlarım kitabıma sponsorluq edəcəklərini və onu mütləq nəşr etdirməyimin vacibliyini bildiriblər. Bu tələbələrin isə heç bir siyasi iddiaları yoxdur və onların əksəriyyəti ölkə xaricində işgüzar fəaliyyətlə məşğuldurlar. Qəlbimdə onların bu təkliflərinə qarşı çıxacaq heç bir əsas və ya bəhanə tapa bilmədiyimdən kitabımın nəşrinə razılıq vermişəm. Bir sözlə, kitabımın çapı tələbə yoldaşlarımın və bəzi dostlarımın istəyindən irəli gəlib.

–Otuz ildən artıqdır ki, şeir yazdığınızı deyirsiniz. Belə çıxır ki, kitabınız 30 illik əməyinizin məhsuludur.

–Xeyr. Onların böyük əksəriyyətini son il yarımda yazmışam. Keçmiş şeirlərimdən kitaba sadəcə bir neçəsini salmışam. Ona görə ki, yaddaşımda qalan məhz bu bir neçə şeir olub. Mənim ən böyük problemlərimdən biri yığıcılıq qabiliyyətimin olmamasıdır. Şeiri yazaram, amma onu yığmaram. Kompüterlə işləməyi bilmədiyim zamanlar əksər hallarda qələmə aldığım şeirlər üzərində cızma-qara etdiyim vərəqlərdə qalırdı. Sonra isə itib batırdı. Kompüteri “kəşf” etdikdən sonra məndə yığıcılıq qabiliyyəti artdı. Xüsusilə yazıb facebook səhifəmdə paylaşdığım şeirlər məndən asılı olmayan səbəblərdən toplandı. Daha sonra – bir il bundan əvvəl isə İngiltərənin “Byte İT Ltd” şirkəti mənimçün bir sayt yaratdı. Bu sayt vasitəsilə yazdığım şeirləri daha rahat şəkildə toplaya bildim. Artıq şeirlərimin yaddaşımla yanaşı yığıldığı digər yer də vardı. “Adını sən qoy!” kitabım məhz bu saytın sayəsində ərsəyə gəldi.

–Kitabınızdakı şeirlər əsasən hansı mövzuya həsr olunub?

– Müxtəlif mövzulara. Orada vətənpərvərlik, satirik, məhəbbət  və əxlaqi məsələlərə həsr  olunmuş şeirlərə də rast gələ bilərsiniz. Amma ana xətt olaraq vətənpərvərlik mövzusu daha qabarıqdır. Bəzən soruşurlar, hansı mövzuda yazmaq mənə daha rahatdır? Deyirəm ki, özümün yazdığım hər şeiri qələmə almaq mənim üçün eyni dərəcədə asan və eyni dərəcədə çətindir. Şair də yazıçılar kimi öz içində duyduğu hissləri kağıza köçürür, bu hisslər sinədən müəyyən ölçüdə və ya ritmik şəkildə çıxdığına görə şeir olur. Məsələn, mən əksər hallarda qəzəl yazıram. Ona görə yox ki, bu janrda yaza bildiyimi camaata göstərim. Ona görə ki, beynimdə ilk beytlər elə yaranır, arxasını isə mən gətirirəm. Bəzən olub ki, şeir yazmağa başlayanda fikrimi sərbəstdə ifadə etmək istəmişəm. Sonra baxmışam ki, yazdığım sözlər rahatlıqla əruzun təfiləsinə uyğundur. Sərbəst vəzndə yazmaqdan vaz keçib onu əruza çevirmişəm. Qəribədir ki, uşaqlıq illərində mən daha çox sərbəst vəzndə yazırdım. Bununla belə, ürəyimdə əruzu öyrənmək istəyi də yaranmışdı. Onu öyrəndikcə, sanki ruhumu əruza təslim etdim, indi nə qədər çalışıram, sərbəst şeir yaza bilmirəm. Halbuki sərbəst şeir yazmaq daha asandır və onun şairə verdiyi sərbəstlik bütün fikirlərini olduğu kimi ifadə etməyə imkan yaradır. Di gəl ki, mən artıq o cür yaza  bilmirəm. Heca və əruzda özümü daha rahat hiss edirəm. Məncə, şair özünü necə rahat hiss edirsə, elə də yazmalıdır.

–Hər bir şairin özünün daha çox bəyəndiyi şeirlər var. Sizin hansı mövzudakı şeirləriniz daha çox xoşunuza gəlir?

–Mən hesab edirəm ki, şeir yalnız şairin fərdi istehsalı deyil. Onu sən yazsan da şeiri yaşadan, ona həyat vəsiqəsi verən oxucudur. Bəyənib-bəyənməmək də onun səlahiyyətlərinə aid məsələdir. Mənim durub hansı şeirim hansından daha yaxşıdır deməyim həm öz səlahiyyətlərimi aşmaq, həm də ürəyimdən gəlmiş sözlər arasında ayrı-seçkilik salmaq olar. Bu ona bənzəyir ki, valideyn bütün övladlarının yanında onlardan birinə “sən mənim ən sevimli övladımsan”- deyir və istər-istəməz digərlərinin könlünü yaralayır. Valideyn üçün bütün uşaqları eyni olduğu kimi, şair də şeirlərinə eyni gözlə baxır. Bəzən uşaqlar arasında fərq qoymaq hallarına da rast gəlinir, amma bu yanaşmalar adətən obyektiv olmur. Əksər hallarda valideynlər içlərindən gələn mərhəmət duyğusuna görə şikəst övlada daha çox mehr salırlar. Övladlara obyektiv qiyməti daha çox yaşadıqları məhəllənin sakinləri verə bilərlər. Şairin şeirinə obyektiv münasibəti də onun əsərlərilə tanış olanlar verər. Bəzən dostlarım deyirlər ki, məndə satirik qəzəllər daha gözəl alınır, ən uğursuzlar isə məhəbbət şeirləridir. Ancaq mən məhəbbət şeirlərimə də tamam başqa aspektdən baxıram. Bəlkə də qeyri-təvazökarlıq kimi görünəcək, amma bu şeirlərdə elə fikirlər, təsvir və ifadə vasitələri var ki, bunları ədəbiyyatımız üçün yeni obrazlılıq hesab etmək olar. Məsələn, bir şeirimdə belə bir bənd var:

 

O qədər tökər ki, gözüm yaşını

Ayağın altında coşqun çay olar.

Dağlar da uğrunda versə başını

Mənim gözlərimə ancaq tay olar.

 

Bu bənddə demək istədiyim budur ki, dünyada ən böyük fədakarlıq bir insan uğrunda başından keçmək ola bilər. Dünyanın ən dözümlü insanlarını isə biz dağlarla, daşlarla müqayisə edirik. Cəsurluq simvolu olan dağlar belə, sənin uğrunda bacara bildiyi ən böyük fədakarlığı etmək istəsə, çalışsa öz başından keçər. Nəticədə “dağlar” sözünün baş hərfi düşər və yerdə “ağlar” sözü qalar ki, bu da mənim sənin yolunda sadəcə gözümün etdiyi fədakarlığa bərabərdir. Çünki sənin yolunda mənim gözüm ağlardır. Bu cür ifadə vasitələrindən xeyli nümunə gətirə bilərəm. Amma müəllifin durub özü-özünü tərifləməsi yaxşı hal olmadığından qərarı oxucuların ixtiyarına buraxıram.

–Bundan sonra yaradıcılıq planlarınızda nə var? İkinci kitab haqqında fikirləşirsinizmi?

–Açığı, ilk kitabdan sonra məndə yeri gəldikcə kitab çıxarmaq həvəsi yarandı. Hətta bu məsələdə hisslərimə qapılıb təkrarən gecikdiyimi fikirləşdim. İnşallah, gələcəkdə şeir kitabıyla yanaşı, klassiklərimizin şeirlərinin şərhləri ilə bağlı qeydlərimi də nəşr etdirmək istəyirəm. Ümumiyyətlə, yaradıcılıq fəaliyyətimi bir neçə istiqamətdə inkişaf etdirmək barədə fikirləşirəm: publisistika, klassik ədəbiyyatımızın araşdırılması və poeziya. Mən bu vaxta qədər həyat şərtlərinin tələbinə uyğun olaraq yaradıcı fəaliyyətdən uzaqlaşmışdım. Diş texnikliyi ilə məşğul idim. Hardasa ömrümün 10 ilini bu peşəyə həsr etdim. Diş texnikliyi ilə yaradıcı fəaliyyət bir-birinə mane olur. Çünki insan həyatı kimi, bir gündə olan zaman da məhduddur. Hardasa gününün 10-12 saatını diş düzəltməklə keçirdikdən sonra əlinə qələm alsan belə ortaya ciddi heç nə qoya bilmirsən. Mən də özümü yaradıcılığa həsr etdiyim son bir ildə işlərini yubatmağım səbəbindən əməkdaşlıq etdiyim həkimlərin böyük əksəriyyətini itirdim. Düzdür, onlarla əlaqəni yenidən bərpa edə bilərəm. Amma onda  yaradıcılıqdan ayrılmalıyam. Yaş isə 44-dür. İndi ortaya nəsə qoya bilməsəm, bir neçə ildən sonra qocalıq dövrü başlayacaq. Qoca adamın yaradıcılığı isə vərdişə əsaslanmasa, o öz potensialını qəbirə aparmalı olar. Yaradıcı fəaliyyətsə səni maddi problemlərlə üz-üzə qoyur. Bu iki seçənək arasında orta bir xətt tutub, onunla getməyi fikirləşirəm. Planlaşdırdığım orta xətti publisistik fəaliyyətimlə nizamlamaq istəyirəm. Qismət olsa, ikinci şeir kitabımın “Heydər Oğuz divanı” adlanmasını arzulayıram. Yazacağım bu kitab təbii ki, klassik divanlardan fərqlənəcək. Həm mövzu, həm də şeirlərin forması baxımından. Klassik divanların əsas mövzusu eşq və ya Allaha münəcaat idisə, mənim “divan”ımda satirik qəzəllər daha çox yer tutacaq. Məhəbbət və sosial məsələlərə həsr edilmiş qəzəllərimi də “divan”ıma salmağı düşünürəm. Yəni adı “divan” olacaq. Oraya ancaq əruzda yazdığım şeirlərimi toplayacağıma görə bu adı seçmişəm. Divan çoxmənalı sözdür, həm məhkəmə, həm də insanlara verilən işgəncələr mənalarına gəlir. Obrazlı desəm, bu kitabım vicdanımın cəmiyyətimizi mühakiməsi toplusu olacaq.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 8 mart.- S.23.