Dini-mənəvi dəyərlərə
Heydər Əliyev münasibəti
“Heydər
Əliyev və dini-mənəvi dəyərlər” mövzusu
sözgəlişi götürülmüş mövzu
deyildir, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının
möhkəmləndirilməsi, milli mədəniyyətimizin
humanist potensialının, çoxəsrlik adət-ənənələrinin
qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində
möhtərəm Prezidentimizin gördüyü işlərə
nəzər salınması, bu işlərin əhəmiyyətinin
xalqa düzgün çatdırılması zərurətindən
doğan mövzudur. Biz, bu mövzuya dönə-dönə
toxunmuş, “Heydər Əliyev, din və mənəvi dəyərlər”
(Bakı, 1998) adlı kitab nəşr etmiş, onun müxtəlif
elmi toplantılarda mövzu ilə bağlı
çıxışlarını “Heydər Əliyev: Dinimiz
xalqımızın milli-mənəvi sərvətidir”
(Bakı, 1999) adı altında toplamış, Azərbaycan,
rus və ingilis dillərində çap etdirmişik. Ömrünü xalqın tərəqqisi, Vətənin
çiçəklənməsi işinə həsr etmiş
bu müdrik insanın, el ağsaqqalının, təcrübəli
siyasətçinin doğumunun 90 illik yubileyi ərəfəsində
mövzunun aktuallığı bir qədər də artır.
Son 20 ildə respublikamızda dünyəvi dövlət
şəraitində dövlət-din münasibətlərinin
tənzim edilməsi, dini-mənəvi dəyərlərin
pozitiv potensialından səmərəli və məqsədyönlü
istifadə olunması ilə bağlı görülən
böyük işlərin mahiyyətini düzgün başa
düşmək üçün müstəqillik
dövrünün ilk illərində ölkənin dini durumuna
ani olsa da nəzər salmaq labüddür.
Milli
müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti
üçün həyatın bütün sahələrində
olduğu kimi din sahəsində də müəyyən pərakəndəlik
səciyyəvi idi, 70 illik sovet rejimi dövründə
insanların zehnindən dini sıxışdırıb
çıxarmaq məqsədilə çox iş
görülmüşdü. İfrat dərəcədə
ideolojiləşdirilmiş stereotiplər bütövlüklə
materialist dünyagörüşünə əsaslanan əxlaqi
tərbiyə sistemi yaradılmasına yönəldilmişdi.
Bu sistem insanlara öyrədirdi ki, “Allah yoxdur, din mövhumat və
xürafatdan başqa bir şey deyildir, axirət inancı
yanlış inancdır, ancaq dünya həyatı var və
insan öləndən sonra hər şey bitir”. Sovet
dövründə yaşayıb-böyümüş insan bu
vaxta qədər alışmış olduğu ictimai
yönümünü itirdi – çaşıb qaldı, nə
edəcəyini bilmədi. Bəzilərində
bu hal daha kəskin xarakter aldı. Dini
ideyaya, hətta mistisizmə maraq artdı. Vəziyyətdən
sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə
qeyri-ənənəvi dinləri, deskruktiv sektaları yaymaq məqsədi
güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti
geniş vüsət aldı. Erməni təcavüzü
nəticəsində ölkə ərazisinin böyük bir
hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın
və köçkünlər ordusunun yaranması ilə
bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən,
cəmiyyətimizin, xalqımızın gələcəyi,
onun maüasir millətlər toplusuna daxil olması yolunda ciddi
əngəllər törədirdi. Din ölkədə
müxtəlif siyasi qüvvələrin süni surətdə
yaratdığı qarşıdurmaya cəlb edilir,
ayrı-ayrı bölgələrdə özünü
göstərən separatizm cəhdlərində ortaya
atılan şüarlarda dindən siyasi məqsədlərlə
istifadə etmək meyli, dini dözümsüzlük,
ayrı-seçkilik əhval-ruhiyyəsi özünü
büruzə verirdi. 1992-ci ildə tələsik, bölgədə
dinin yayıldığı tarixi şəraiti tam nəzarətə
almadan hazırlanmış “Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi
də dini durumda dövlət nəzarətini təmin edib,
köklü dəyişiklik yarada bilmədi. Əksinə,
əcnəbilər, vətəndaşlığı olmayan
şəxslər, müxtəlif missioner təşkilatları
qanundan və xüsusilə orada olan boşluqlardan istifadə
edərək insan haqları və əsas azadlıqlar adı
altında hətta milli təhlükəsizlik və ictimai
asayiş tələblərinə cavab verməyən dini firqələrin
ölkəmizə və millətimizə yad inanclarını
yaymağa başladılar. Bir çox dini
icma xaricdəki dini mərkəzlərin və missioner təşkilatlarının
ölkədə təbliğçilərinə
çevrilmişdi. Azərbaycanda dərin
köklərə malik olmayan qeyri-ənənəvi dinlər
geniş təbliğ edilirdi. Dini durumda tam
aşkar olmasa da qeyri-stabillik meylləri özünü
göstərir, radikallaşma prosesi canlanır və beləliklə,
ümumi stabillik və hətta dövlətçilik
üçün təhlükə notları səslənirdi.
Ümummilli lider Heydər Əliyev respublikada yenidən
hakimiyyətə qayıdanda cəmiyyətin dinə
bağlı durumu belə mürəkkəb və ziddiyyətli
idi. Bu cür çətin şəraitdən yalnız
yüksək dövlətçilik təcrübəsi olan bir
şəxs baş çıxara, vəziyyəti
düzgün qiymətləndirib dönüş yarada bilərdi.
Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək
bacarığı, mətin iradəsi, böyük idarəçilik
təcrübəsi, düzgün və uzaqgörən siyasəti
sayəsində dövlət-din münasibətlərini inzibatçılığa
yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq
şəkildə öz təbii məcrasına qaytara bilər,
dövlətin strateji xəttinə əsasən tənzim edə
bilərdi. İlk növbədə din-dövlət
münasibətlərində yaranmış uçurum aradan
götürülməli, qarşılıqlı inam bərpa
olunmalı, dövlətin antidin, ateist siyasəti yeritməməsinə
insanları inandırmalı, dinin həqiqətən də
milli-mənəvi dəyərlərdə yerini müəyyən
etmək tələb olunurdu. Bu asan və tezliklə həyata
keçirilməsi mümkün olan iş deyildi.
Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə
köklü dəyişiklik yaratmaq üçün problemə
münasibət bildirməklə yanaşı, qanuni zəmin
hazırlamaq lazım idi. Bu məqsədlə “Dini etiqad
azadığı haqqında” Azərbaycan Respubikası
Qanununda müəyyən dəyişikliklər edildi, bəzi
maddələr ləğv, bəzisinə isə əlavələr
edildi.
Prezident məscidlərə gedir, dini münasibətlərlə
keçirilən mərasimlərdə iştirak edir,
dindarlarla görüşür, dövlətin strateji xəttini
özü şəxsən izah etməyə
çalışırdı. Çıxışlarının
birində bildirirdi ki, Azərbaycanın straleji yolu demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğundan
keçir. Əlbəttə, dünyəvi
dövlətçilik prinsipi dövlətin dindən
ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə
xalq və millət dindən ayrı deyildir. 1-2 oktyabr
1998-ci ildə Bakıda keçirilən “Müasirlik və
dini-mənəvi dəyərlər” adlı beynəlxalq
konfransda Heydər Əliyev dünyəvi dövlətdə
etiqad azadlığı prinsipini daha geniş
açıqlayaraq demişdir ki: “Dövlətimiz insanlara
bütün azadlıqları vermiş və vicdan
azadlığını, din azadlığını öz
siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan
Respublikasının Konstitusiyası (18,48-ci
maddələr) din və vicdan azadlığını təsbit
etmiş, biz isə bir dövlət kimi bunun təmin
olunmasının qarantıyıq. Bəli, ona
görə də bizim dövlətimiz dünyəvi dövlətdir.
Ancaq biz dindən ayrı deyilik”.
Azərbaycanın
tutduğu demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu yolu millətin özünü dərindən dərk
etməsini tələb edir, milli özünüdərk isə
millətin ictimai və dini fikrinə, fəlsəfəsinə,
adət-ənənələrinə müraciət edilməsini
labüd edir.Çünki burada bir tərəfdən milli
substansiyanın özünüdərk təcrübəsi, digər
tərəfdən isə bu substansiyanın nisbətən
güclü və aydın mənəvi təzahürləri
cəm olmuşdur.
Bütün
bunları müdrik bir filosof kimi nəzərə alan Heydər Əliyev 5 sentyabr 1993-cü ildə
Təzəpir məscidində Mühəmməd peyğəmbərin
mövludu münasibətilə keçirilən mərasimdə
çıxış edərək demişdir: “Biz bir dövlət
kimi... Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda
hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə
xidməti və onlardan istifadə etməsinə bütün
imkanları yaradacağıq”. Ümummilli lider bütün sonrakı dövr
ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların
və etiqadların müasir Azərbaycan cəmiyyətində
oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel
1998-ci ildə Qurban bayramı münasibətilə Mir
Möhsün ağanın ziyarətgahında keçirilən
bir görüşdə qeyd etmişdir ki: “İslam dini bizim
doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri,
dinimizin adət-ənənələri bizim sərvətimizdir...
Bizim ənənələrimiz, mənəvi,
milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra
da yaşayacaqdır”.
Azərbaycan
dindarları bu sözlərin boş vədlər
olmadığının, onların arxasında gerçək
əməli iş durduğunun canlı şahidləri
olmuşlar. Heydər Əliyev Azərbaycanın
bir sıra məscidlərinin, tarixi mədəniyyət abidələrinin
bərpasında yaxından iştirak etmişdir.
Bakının ən böyük məscidi olan Təzəpir məscidinin,
qədim tarixə malik Bibi Heybət məscidinin, Mir
Möhsün ağanın ziyarətgahının bərpası
bilavasitə onun himayəsi altında həyata
keçirilmişdir.
Azərbaycan tarixən tolerantlıq, dini
dözümlülük ənənələri ilə fərqlənsə
də, tam qətiyyətlə deyə bilərik ki,
bugünkü mənada beynəlxalq standartlara cavab verən
tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin
xidmətləri sayəsində qurulmuşdur.
Çıxışlarının birində ümummilli lider
bildirmişdir: “Azərbaycan Respublikası çoxmillətli
bir dövlətdir. Azərbaycanda müsəlmanlarla
yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar
da yaşayır. Azərbaycan müstəqil,
demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi
öz ərazisində yaşayan bütün xalqlara,
bütün millətlərə dinindən, dilindən, irqindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq,
hürriyyət imkanları verir”.
Ölkəmizdəki bu tolerantlıq bir çox beynəlxalq
təşkilatlar tərəfindən etiraf olunur. Mən istər ABŞ
Dövlət Deparlamentinin dəvəti ilə “Xarici qonaqlar
proqramı” çərçivəsində Vaşinqton və
Nyu-Yorkda olarkən, istərsə də Böyük Britaniya
Lordlar Palatasınm dəvəti ilə İngiltərədə
olarkən müsahiblərim Azərbaycanda
tolerantlığın səviyyəsindən məmnunluqlarını
bildirmişdilər. Böyük Britaniyanın Lordlar
palatasında keçirilən seminarın mövzusu (Dünyəvi
dövlətdə dinlərin birgə yaşayışı:
Azərbaycanın pozitiv təcrübəsi) bir daha sübut
edir ki, ölkəmiz müstəqil inkişaf dövründə
dini tolerantlıq və dözümlülük nümunəsi
imicini qazanmışdır. Ümumi stabilliyin
bir hissəsi olan dini sahədəki stabillik ölkə rəhbərinin
dini durumla bağlı siyasətinin əməli nəticəsidir.
Bu ilin aprel ayında Azərbaycanda qonaq olan Rum
patriarxı I Varfolomey də ölkəmizdə
tolerantlığın canlı şahidi olduğunu
demişdir. Təkcə onu qeyd etmək
kifayətdir ki, son aylarda Bakıda iki yəhudi sinaqoqu və
Jen Mironosets Kafedral kilsəsi bərpa edilərək
dindarların istifadəsinə verilmişdir. Avropanın göbəyində yerləşən bəzi
ölkələr dini dözümsüzlükdən əziyyət
çəkdikləri halda biz Azərbaycanda yəhudilər,
xristianlar və müsəlmanlar arasında
qarşılıqlı hörmət və sıx əməkdaşlığın
daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq
Heydər Əliyevin düzgün və ədalətli siyasəti
sayəsində bərqərar olmuşdur.
Müxtəlif
etnoslar, konfessiyalar və mədəniyyətlərin təmsil
olunduğu Azərbaycanda tolerantığın möhkəmləndirilməsində
milli həmrəylik naminə, ənənəvi və qeyri-ənənəvi
dinlər arasında münasibətlərin qanun çərçivəsində
sivil yolla tənzimlənməsi dini ekstremizmə qarşı
mübarizədə bütövlükdə təhsilin, o
cümlədən, dini maariflənmənin rolunu nəzərə
alan Heydər Əliyev 1996-cı il fevral ayının 2-də
keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin
I forumundakı çıxışında demişdir:
“Ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi
aşılamaq istəyirlər və bunlar da bizim gənclərin
tərbiyəsinə zərər vurur...”.
ATƏT-in 2002-ci ildə Bakıda keçirilən
konfransında isə qeyd etmişdir ki, “yüksək
tolerantlıq ilk növbədə yüksək mədəniyyətin
təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin
formalaşdırılmasını uşaqlıq illərindən
başlamaq lazımdır...”
“İndiki dövrdə dinlərin cəmiyyətin həyatında
oynadığı rol dinamik şəkildə dəyişir” –
deyən ümummilli lider bildirirdi ki, “dinlərdən terrorizmə
və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək
hallarının qarşısını almaq üçün
“cəmiyyətin bütün təbəqələrinin,
xüsusilə siyasətçilərin, alimlərin,
dindarların və din xadimlərinin səfərbər edilməsi
zəruridir”.
Bu strateji istiqamət bu gün Azərbaycanda həyata
keçirilir və həssas barometrə daimi nəzarəti və
daimi qayğını bütün din adamları hiss edir.
Bu mühüm sahədə görülən
bütün işlər qanunvericilik aktlarına əsaslanır. Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi də Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata
keçirilməsi üçün müvafiq şəraitin
formalaşdırılması və dini etiqad
azadlığı ilə bağlı qanunvericilik
aktlarının tələblərinə riayət
olunmasını təmin etmək məqsədilə
yaradılmışdır.
Bu gün
Azərbaycanda dini zəmində münaqişələrin
olmaması insanların sərbəst olaraq öz əqidə
formasını seçməsi, dini dözümlülük və
tolerantlıq şəraitinin yaradılması, bu
uğurların bir çox beynəlxalq təşkilatlar,
dünyada nüfuzlu din xadimləri və böyük ölkələr
tərəfindən etiraf olunması ümummilli lider Heydər
Əliyevin dini sahədə balanslaşdırılmış
siyasət yürütməsinin və həmin siyasətin bu
gün davam etdirilməsinin nəticəsidir.
Roma
papası İoann II Pavel 2003-cü ilin mayında Bakıda
olarkən demişdi: “Azərbaycan üç müxtəlif
dinin dinc yanaşı yaşadığı nadir bir ölkə
və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.
Bu stabillik gərgin əməyin,
ölçülüb-biçilmiş çox incə bir
siyasətin və möhkəm iradənin nəticəsidir.
Bu milli adət-ənənələrə, mənəvi-dini
dəyərlərə ölkə rəhbərliyinin
münasibəti fonunda yaranmış əlverişli şəraitin
təbii təzahürüdür.
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 8 mart.- S.22.