Sözünün sahibi
Bir
çinli filosof ahıl yaşlarında kədərlə
etiraf etmişdi: “Günlər necə də ağır gedir,
illər isə sanki uçur”.
Doğrusu, heç mənim də inanmağım gəlmir
ki, bu hündür, qalın eynəkli, istedadlı və
qaradinməz adamı 50 ildən çoxdur tanıyıram. Sanki hər şey dünən
olub: Konservatoriyadakı “kapustniklar”, teatr premyeraları, kitab
passajı, Nizami muzeyinin altındakı kitab mağazası,
üzü əllə köçürülən qadağan
olunmuş “samizdat”, rentgen lentinə
yazılmış caz musiqisi və bizim nəslin –
“altmışıncılar” ın yaşadığı daha nələr,
nələr. Coşqun, narahat və gözəl şəhərimiz
Bakıda sonralar, bütün ömrümüz boyu, sanki kompas
təki bizə yol göstərəcək “mayakı”, “istiqaməti”
də məhz 60-cı illərdə qazanmışıq. Bizim nəsil istər intellektual, istərsə də
mənəvi baxımdan xüsusi kübarlığı ilə
seçilirdi.
Bütün
Bakıda yayılmış, aforizmlərə
çevrilmiş məzəli sözlər, münasibətlərdəki
heyrətamiz dürüstlük, çətin anlarda mütləq
köməyə gələn dost, ədalətli qiymətləndirmələr,
hətta dost saymadığımız sadəcə
ağıllı, istedadlı adamların uğuruna sevinmək,
hər şeyin yaxşı olacağına romantik inam, comərdlik,
biliklərimizi təkəbbürsüz, filansız
dostlarımızla bölüşməyimiz, bütün bu gözəl cəhətləri
biz gənclər bir-birimizdən əxz edirdik. Altmışıncı
illərdə Bakı yaşamaq və yaratmaq üçün
rahat məkan idi və biz altmışıncılar öz
şəhərimizi sevir, onun mədəni dəyərlərini
inkişaf etdirir, donkixotluq edirdik. O illərin
Bakısının havasından hal-hazırda
çatışmayan bütün bunların (təkcə
bunların yox!) qoxusu gəlirdi.
Dünya paxıl, təmənnalı, abırsız olub,
indi nadir hallarda mərhəmətli və səmimi söz
eşitmək olar. Çox az adam – bəlkə də
elə o vaxtların yetirmələri 60-cı illər əqidəsinə
sadiqdir. “Altmışıncılar” nəslinin parlaq nümayəndələrindən
biri Bulat Okucava mərhəmətə bu cür səsləyirdi:
“Gəlin bir-birimizə komplimentlər deyək. Bu anların
işığında bir-birimizi sevək...”
Xəyalən gəncliyimə qayıdıram və
Anarı çiynində, heç zaman
ayrılmadığı çantası ilə
xatırlayıram. (İndi gənclər arasında bu obraz
çox dəbdədir, o zamanlar isə çox qeyri-adi idi.)
Və həmişə onunla görüşəndə,
düşünürdüm ki, görəsən, çantasında
nə gəzdirir?! Bəlkə lazım olan nələrisə...
İndi bunları yaza-yaza həmin çantanı bir daha
xatırladım və anladım ki, bu, onun özünəməxsus
yaddaş daxılı imiş, hansı ki, özündə
saxladıqlarını sonralar qaytarır və Anar ordan
süjetlər, mövzular götürür. Axı
elə Anarın özünün də dediyi kimi, mənəvi
zənginlik, həyat təcrübəsi və erudisiyadan daha
vacibdir. Və indi düşünürəm
ki, əgər tale Anara ağıl, qələm, istedad və
başqa nələrsə verib, “Bunlar yalnız sənindir,
heç kimlə bölüşmə!” – desəydi,
o razılaşmazdı, imtina edərdi. O, özü də bir
dəfə mənə
demişdi ki, “Əgər hər hansı uğur,
nailiyyət yalnız özün üçündürsə,
sevinc gətirməz...”
Bu məqaləmdə onun insanlığını, xasiyyətini
təhlil etmək niyyətim yox idi, amma bunsuz da olmaz. Anarın Sözə
çox unikal bir münasibəti var. (Yazıçı
sözünü nəzərdə tutmuram, bu barədə bir az sonra danışacam...) Kişi sözünə!
O, verdiyi sözə həmişə əməl edir.
Mən bilirəm, dəqiq bilirəm ki, şəhərə,
gəzməyə çıxmaq onun üçün necə
çətindir. İnsanlar onun səmimiliyini,
xeyirxahlığını hiss edib yaxınlaşır və
Qarabağ münaqişəsinin həllindən tutmuş məişət
problemlərinə kimi müxtəlif mövzularda xahişlərini
edirlər. Və o, bir qayda olaraq, imkanı
daxilində hamıya kömək etməyə
çalışır, verdiyi sözə əməl edir,
çünki insan sözünün sahibi deyilsə,
özünün də sahibi deyil.
Ona
(xüsusən Milli Məclisin deputatı olanda) ictimai xadim,
nüfuzlu şəxsiyyət olduğuna, yaxud da televiziya
ekranında tez-tez göründüyünə görə
yaxınlaşmırlar... Yox, o, siyasətçi
deyil, hərçənd, incəsənətin istənilən
sahəsi kimi ədəbiyyat özü də bir növ siyasətdir.
Anarın elə bir energetikası, aurası var
ki, hətta tanımadığı adamlara da xoş təsir
edir, ona inanırlar, elə buna görə də
yaxınlaşırlar.
1988-ci il idi, Qarabağ münaqişəsi
başlananda o, Mərkəzi Komitədə
çıxış edib Ermənistandakı azərbaycanlılara
muxtariyyat verilməsi məsələsini
qaldırmışdı. Anar
vurğulayırdı ki, Ermənistanda yaşayan azərbaycanlıların
Qarabağdakı ermənilərdən çox olması bizim
üstünlüyümüzdür. Amma təəssüf
ki, onu başa düşmədilər. Sonralar
o, deyirdi ki, Ermənistandan qovulmuş minlərlə adamı
Qarabağda məskunlaşdırmaq lazımdı, bu, ermənilərin
qarşısını alar, çünki bununla demoqrafik vəziyyət
əsaslı surətdə dəyişəcək. Və
yenə də heyif, çox heyif...
Ümumiyyətlə Anar siyasətə məhz
Qarabağ hadisələrinə görə cəlb
olunmuşdu. Bu hadisələr o zamanlar Parisdə akademik
Ağanbekyanın Dağlıq Qarabağın Ermənistana
verilməsi haqqında məlum bəyanatından sonra
başlamışdı. Və ilk etiraz
notları da məhz Azərbaycan Yazıçılar Birliyindən
gəlmişdi. O zaman Anar Qorbaçova məktub
yazmışdı. Həmin illərdə (o
zaman ki, kommunist partiyası özünün nüfuzunu və
hakimiyyətini sürətlə itirirdi) bu məktubu respublika
ziyalılarının çoxu imzalamışdı.
Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyi Azərbaycan
xalqının ictimai-siyasi maraqları naminə
çıxış edən yeganə təşkilat idi. Moskvada – çox çətin bir şəraitdə,
məlumatsız, laqeyd və əsasən düşmən
mövqeyi ilə köklənmiş auditoriyada Anar və
başqa azərbaycanlı deputatlar həqiqətlərimizi
dünya ictimaiyyətinə çatdırmaq üçün
əllərindən gələni edirdilər.
Sonralar
Anar, artıq Milli Məclisin deputatı kimi (1995-2005) mədəniyyət
məsələləri ilə məşğul oldu. Rəhbərlik
etdiyi komissiya on il ərzində Parlament tərəfindən
qəbul edilmiş 12 vacib qanun hazırladı.
Neçə
illər o, Şəhidlər Xiyabanında, keçmiş
“Dostluq” restoranının binasında, (daha sonralar “Xalqlar
dostluğu” institutu) Şəhidlər Muzeyinin
yaradılması üçün çalışdı. Anar təkcə Qarabağ müharibəsi, Xocalı
faciəsi, Qara yanvar
qurbanlarından danışmırdı. O, 1905-ci,
18-ci, 87-ci illəri, o illərdə xalqın başına gələn
fəlakətləri yada salırdı və bütün
bunların həmin muzeydə əks olunmasını təklif
edirdi. Yaddaş hər bir insan üçün,
xalq üçün müqəddəsdir. Keçmişi bilməyənin bu günü,
sabahı, gələcəyi yoxdur. Və mən
Anarla birgə 2011-ci ilin noyabrında İsraildə “Xolokost”
muzeyini ziyarət edəndə onun nə qədər haqlı
olduğuna bir daha əmin oldum.
Anar haqqında deyirlər ki, o “ağ köynəkdə
doğulub”.
Amma əlinizi ürəyinizin üstünə qoyub deyin, belə
“oğlan”ların sayı çoxdurmu? Və
onlardan hansı biri dörd hərfdən ibarət sadə bir
adı bütün dünyaya tanıda bilib?!
Mən hesab edirəm ki, Rəsul Rza və Nigar Rəfibəyli
kimi adamların övladı olmaq çox gözəldir. Onlardan Anara gen, xarakter
keçib və məhz valideynləri onu bir şəxsiyyət
kimi formalaşdırıb, təhsil, tərbiyə veriblər.
Bu isə çox dəyərli işdir.
Bir tərəfdən... Amma digər tərəfdən... Səmimi
deyəcəyəm! Rəsul Rza bütün istedadlı adamlar
kimi kifayət
qədər qəliz xarakteri, mürəkkəb taleyi olan insan
idi. Və təəssüf ki, onun ətrafında
paxıllığını çəkənlər,
böhtançılar və sadəcə Bulqakovun təbirincə
desək, “Şvonderlər” az deyildi. Və
əfsuslar olsun ki, həmin miras Anara bütöv şəkildə
keçib: ailənin dostları da, onların “xəstəliklər”i
də... Onun atasını, anasını sevməyən
(yaxud sadəcə paxıllıq edən) adamlar eyni hissləri
Anara yönəldiblər. Bəli, onu sevməyən,
yaxud paxıllıq edən adamlar var, qeybətini qıranlar da
az deyil, amma onu sevənlər daha
çoxdur. Bu yerdə bir ərəb məsəli yadıma düşür:
“İt hürər, karvan keçər”.
“Karvan” isə həqiqətən gedir. Və
karvanın adı “Anar”dı. O Anar ki,
iyirmi altı ildir Azərbaycan Yazıçılar Birliyinə
rəhbərlik edir. O, öz iş otağında insanları nəzakətlə
dinləyir – özüm bunun şahidiyəm – onlarda xoş,
nikbin ovqat yaratmağa çalışır. Və
bu, onun yüksək və dərin mənəviyyatının,
ziyasının göstəricisidir.
Mark
Zaxarov çox dəqiq deyirdi: “ Hər cildə
girmək olar, bircə ziyalılıqdan başqa...” Bəli, ziyalı – məncə, bu, hal-hazırda ən
nadir və ən şərəfli bir addır.
Çoxlu pulun, malın ola bilər,
dövlət mükafatları ala bilərsən... amma nə
olsun? Bunlarla ziyalı ola bilməyəcəksən...
“Nuvorişlər” elə öz-özlərindən fərəhlənən
“nuvoriş” olaraq da qalırlar...
Anar – əsl ziyalıdır, heç nəyə
baxmayaraq simasını dəyişmir (sözün həqiqi və
məcazi mənasında), aqressiv, qəzəbli olmur, yerinə
yetirə bilməyəcəyi heç nəyə görə
söz vermir.
Və bu
yerdə mən romalı filosof Senekanın nəsihətini
xatırlamaya bilmərəm: “Nə qədər bacarırsansa
özünə qapan, yalnız sənə daha yaxşı təsir
edənlərlə zamanını keçir, həm də
özünün ən yaxşı təsir etdiyin adamları
yaxınına burax...”
Hələ uşaqlıqdan o, Emin Sabitoğlu, Araz
Dadaşzadə, Yusif və Vaqif Səmədoğlu ilə
dostluq edib. Bu adamlardan üçü həyatda yoxdu, onun tez-tez
söhbətləşdiyi Vaqif qalıb ancaq. Onun nəsli
demək olar ki, qalmayıb, yeni nəsilləsə dil tapmaq çətindir. Anarın valideynlərinə çox nəcib
münasibəti vardı, övladlarına da eynilə bu
cür yanaşır. Və mən həmişə hiss
edirəm ki, unikal nəslin istedadı onun uşaqlarına da
bilavasitə keçib, bu “qanın diqtəsi...”dir. Onlar ailə
qanunlarıyla –vicdanlı, dürüst münasibətlər
ruhunda tərbiyə olunublar. Bu məqamda Anarın
xanımı, görkəmli alim Zemfira xanımın onun həyatında
istər ailənin, ocağın qoruyucusu, istər dost, istərsə
də həyat yoldaşı kimi rolunu xüsusi vurğulamaq
istərdim. O artıq çoxlu nəvələri olan nənədir.
Hal-hazırda Anarın oğlu Tural Azərbaycanın
Küveytdəki səfiridir, qızı Günel isə
istedadlı nasirdir və mən onun ədəbiyyatımızda
layiqli yer tutacağına əminəm.
Anarın
Pasternakdan, Yesenindən, Mayakovskidən, Blokdan, Yevtuşenkadan,
Voznesenskidən ... etdiyi tərcümələrlə
yaxşı tanışam. Onun
tərcümə edərək Azərbaycan oxucusuna
tanıtdığı ədiblərin adlarını sadalamaqla qurtarmaz. Bu, təkcə tərcümələridi. Gəlin baxaq, görək, onun qələmindən
necə orijinal, bənzərsiz
əsərlər çıxmışdır?! Bu mövzuda neçə-neçə
araşdırmalar aparılmış, dissertasiyalar,
monoqrafiyalar yazılmışdır. Onun
yaradıcılığı təkcə Azərbaycanda, MDB
ölkələrində deyil, Avstriya, Fransa, Yaponiya, Finlandiya,
Kuba, İran, İsveçrə, Hindistan, ABŞ, Kanada,
Türkiyədə, ərəb ölkələrində sevilir...
Anarın yaradıcılığı ilə
maraqlanan insanların yaşadığı bir çox ölkələrin
adlarını sadalamaq olar. Bu da təbiidir
– müasir dünyanın problemlərinə toxunan bir çox
dərin, fəlsəfi əsərlər Anar qələminin məhsuludur.
O, hər bir kitabında qəhrəmanlarının daxili
dünyasını açır, onların hansı çətinliklərlə
üzləşdiyini, milli adətlərin və mentalitetin
insan taleyinə necə təsir etdiyini göstərir.
Mən
onun bütün əsərlərinin adını çəkməyəcəyəm,
bu barədə bir az sonra yazacam. Onun son illərdə yazdığı əgər
belə demək olarsa, sənədli əsərlərini
xüsusi vurğulamaq istəyirəm. Mənə
belə gəlir ki, o, çiynində
daşıdığı həmin “məşhur”
çantasında uzun illər yığılıb
qalmış düşüncələrini oxucusu ilə
bölüşmək istəyib. Amma indiyə kimi də
saxladığı bu “məşhur” çantadan bəzən Anar
dostları üçün o zamanlar “defisit” olan çex pivəsi
də tapıb çıxarırdı.
... Lakin ciddi desəm, çantadakılar onun
oxuduqları, görüşləri, xaricə və Azərbaycanın
rayonlarına, kəndlərinə səfərləridir.
Bütün bunları o, son dərəcə səmimi
və dürüst şəkildə yazıya alır. Və nəticədə “Azərbaycanın Ədəbiyyatı,
İncəsənəti, Mədəniyyəti”
üçcildliyi yaranır.
Birinci cildə Azərbaycan ədəbiyyatının
klassiklərinə və müasirlərinə (bizim eranın
VII əsrindən başlayaraq) aid müxtəlif illərin
esseləri yer alıb. İkinci cildə – Azərbaycan
musiqiçilərinə, rəssamlarına, heykəltəraşlarına,
teatr və kino xadimlərinə həsr olunmuş esselər
daxildir. Üçüncü cild... Həmin
cild bu cümlələri oxuyan sizlərin masanız
üstündədir. Ona görə də
onun məzmunu haqqında geniş yazmıram. Bütövlükdə “Azərbaycanın Ədəbiyyatı,
İncəsənəti, Mədəniyyəti”
üçcildliyi “Dədə Qorqud” dövründən bu
günümüzə qədərki əsas mərhələləri
əks etdirir.
O, bü
üçcildliyi bizim üçün,
övladlarımız, nəvələrimiz üçün
yazıb. Yazıb ki, onlar Vətənin mədəniyyət
tarixini unutmasınlar... Həm də ona görə yazıb
ki, bu kitablara adları daxil edilmiş adamlar onlar
üçün mayak olsunlar və yaddaşlarında
qalsınlar...
... Anarın “Gecə düşüncələri”ndən
bir neçə sitat yaxşı yadımdadı. Siz də oxuyun, bu, məişətimiz haqqında
düşünmək üçün gözəl bəhanə
olar.
“... Çantanızı
daşımağa can atan adamlarla ehtiyatlı olun. Onlar öz lütfkarlıqlarını sizə
heç vaxt bağışlamayacaqlar və nə vaxtsa öz
könüllü yaltaqlıqlarına görə intiqam
alacaqlar.
... Qəlblə ağıl yaşıd olmur.
...
Puşkin haqlıdır, sənətkar ziyankar ola
bilməz. Onun alibisini, təqsirsizliyini sübut
edən istedadıdır.
... İstedad – tənhalıq deməkdir. Mütləq istedad mütləq tənhalıqdır”.
Məqaləmin əvvəlinə – səmimi,
dürüst, ürəyiaçıq, təmiz adamlar Ordeninə
aid edilən “altmışıncılar”a qayıdıram. Və əziz
oxucular, nə sizi, nə də özümü aldatmamaq
üçün Anara aid şaiyələrdən, alçaq və
rəzil yazılardan danışmaya bilmərəm.
Əfsus ki, paxıllıq dünyada hələ də
hökmranlıq edir. Ona görə bu yerdə “altmışıncılar”dan
biri Andrey Voznesenskidən sitat gətirməli oluram: “Siz
istedadsız və miskin olmanızı heç vaxt
bağışlamayacaqsız...”
Çox
sərt deyilib, amma nə qədər düzgün və dəqiqdir!
Anar, əsl ziyalı kimi, qəzəbini boğur,
simasını qoruyur. O, emosiyalarını içində saxlayır, qəzəbini
heç vaxt biruzə vermir, bunu mənliyinə
sığışdırmır. Və bu məqamda mənim
ağlıma belə bir fikir gəlir ki, o, bir çox
yazıçılar, filosoflar, aqillər kimi həyatının
böyük hissəsini öz İÇİNDƏ
yaşayıb.
Neynək, tarixlə mübahisə etməyək –
cahillik, ədəbsizlik, paxıllıq həmişə olub. Daha bir
“altmışıncı” Georgi Daneliyanın dediyinə görə
insan təbiəti dəyişilməzdir.
Məni Anarı tərifləməkdə
günahlandıra bilərlər. Nə etməli, Bulat Okucava mənə vəkillik edər:
“Gəlin bir-birimizə komplimentlər deyək...” Xüsusən də ona görə ki, yuxarıda yazdıqlarım
hamısı həqiqətdir. Və mənim
onun şəxsiyyətinə, istedadına heç nədən
asılı olmayan, tamam səmimi hörmətim var.
Anarı 50 ildən çox tanıdığımdan və
yaşca böyük olduğumdan onun haqqında
düşüncələrimi belə sadə və azad şəkildə
qələmə ala bildim və bununla da illər ərzində
heç nəyin sarsıda bilmədiyi dostluğumuzu bir daha təsdiq
etdim.
Onun haqqında çox bildiyimdən oxuculara 75 illik həyat,
60 illik yaradıcılıq yolu haqda xronoloji məlumat vermək
istədim. Bunun üçün
Anarın həyat və yaradıcılıq yolunu gözəl
şəkildə əks etdirən, E.Əfəndiyev və Z.Əliyevanın
topladığı biblioqrafik məlumatdan istifadə etdim.
Bu halda oxucunun
yorulmaz zəhmətkeşi və Azərbaycan ədəbiyyatının
dərin bilicisini daha yaxından tanımaq imkanı olacaq.
Anar (Rzayev Anar Rəsul oğlu) – nasir, dramaturq, ssenarist,
esseist, 14 mart 1938-ci ildə Bakıda yazıçı ailəsində
anadan olub.
Atası – Rəsul Rza, Azərbaycanın Xalq şairi, Sosialist Əməyi
Qəhrəmanı, anası – Nigar Rəfibəyli, Azərbaycanın
Xalq şairidir.
Onillik musiqi məktəbini (1955-ci ildə), Azərbaycan
Dövlət Universitetini (1955-1960), Ali Ssenari Kurslarını
(1962-1964), Moskvada Rejissor emalatxanasını (1970-1972)
bitirmişdir.
Nizami adına ədəbiyyat muzeyində kiçik elmi
işçi (1960-1961), Azərbaycan Radio və Televiziya Komitəsində
redaktor (1961-1962), həmin Komitədə baş redaktor
(1964-1967) işləmişdir. 1968-ci ildən 1987-ci ilə
kimi, 19 il ərzində özünün təsis
etdiyi “Qobustan” incəsənət almanaxının baş
redaktoru olmuşdur. 1964-cü ildə
Yazıçılar Birliyinin üzvü seçilib. 18 iyun 1987-ci ildən bu günə kimi
Yazıçılar Birliyinin rəhbəridir. Azərbaycan
SSRİ Ali Sovetinin deputatı (1987-1989), SSRİ Ali Məclisinin
Şura üzvü və Xalq deputatı, Azərbaycan
Respublikası Milli Məclisinin (1995-2000, 2000-2005) millət vəkili
seçilmişdir. Milli Məclisin daimi Mədəniyyət
Komitəsinin və Azərbaycan-Türkiyə parlamentlərarası
işçi qrupunun sədri olmuşdur.
Jurnalistlər İttifaqının,
Kinematoqrafçılar İttifaqının və Teatr Xadimləri
İttifaqının üzvüdür. Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibidir.
SSRİ Yazıçılar
Birliyinin katibi və idarə heyətinin üzvü, Azərbaycanın
Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin
sədri, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik
Komitəsinin sədr müavini, SSRİ Lenin və Dövlət
Mükafatları Komitəsinin üzvü seçilmişdir. Azərbaycan Türkiyə dostluq Cəmiyyətinin sədridir.
Azərbaycan Ensiklopediyasının baş
redaktor müavinidir.
İstanbulda Dialoq Avrasiya Platformasının ilk sədri
seçilmişdir, hal-hazırda həmin platformanın fəxri
sədridir. Eyni zamanda “Sərhədsiz söz” beynəlxalq
yazarlar forumunun sədri seçilmişdir.
Avropa,
Asiya, Afrika və Amerikanın 48 ölkəsinə,
keçmiş SSRİ-nin bütün dövlətlərinə
(Moldaviyadan başqa) rəsmi heyətlərin tərkibində,
həmçinin yaradıcılıq səfərləri
olmuşdur. Türkiyənin
Memar Sinan Universitetində Azərbaycan ədəbiyyatı fənnindən
dərs demişdir.
İlk əsərini 1952-ci ildə 14 yaşında
Şuşada yazmışdır. 1960-cı ilin dekabr ayında “Ötən
ilin son gecəsi” və “Bayram həsrətində”
hekayələri “Azərbaycan” jurnalında çap
olunmuşdur. 1963-cü
ildə “Bayram həsrətində” adlı ilk kitabı
Bakıda işıq üzü görüb. Ötən
əlli il ərzində Azərbaycanda, Türkiyədə,
İranda, keçmiş SSRİ respublikalarında, bir sıra
qərb və şərq ölkələrində
romanları, povestləri, hekayələri, məqalə və
esseləri, dram əsərləri
davamlı olaraq ayrı-ayrı kitablar şəklində
çap olunmuşdur. Bakıda Anarın Azərbaycan
və rus dillərində 50-dən çox kitabı, həmçinin
azərbaycanca 6 cildlik, rusca 5 cildlik seçilmiş əsərləri
işıq üzü görmüşdür.
Onun əsərləri 32 dilə tərcümə olunub. Moskvada (Məşhur
“Oqonyok” və “Drujba narodov”
kitabxana seriyalarında) və keçmiş SSRİ-nin
beş ölkəsində, 11 xarici ölkədə
kitabları çap olunmuşdur, eyni zamanda 15 kitabı
Türkiyədə, 10 kitabı Moskvada, beş kitabı
İranda işıq üzü görmüşdür. Bundan əlavə
Macarıstan, Özbəkistan, Estoniya, Polşa,
Bolqarıstanda, Rumıniya, ADR, AFR, İsveçrə,
İsveç, Kuba, Qazaxıstan, Tacikistan, Gürcüstan və
başqa ölkələrdə də kitabları çap
olunub. Bakıda iki kitabı ingiliscə nəşr
olunmuşdur. ABŞ-da Anarın ikicildliyi nəşrə
hazırlanır.
“Ötən
ilin son gecəsi” hekayəsi rus, türk, alman, ingilis, ispan,
polyak, macar, eston, belarus, tacik, tatar
oxucularına tanışdır, onu fars və benqal dillərində
də oxuyurlar. “Mən, Sən, O və telefon” hekayəsini isə
polyak, macar, ingilis, fransız, alman, ispan, fin, yapon, çex, fars, ərəb, ukrayna, tacik, qazax, türkmən
oxucuları öz doğma dillərində mütaliə edirlər.
Bu hekayə ABŞ-da (“Nyu vorld revyu”
jurnalında) və Kanadada çap olunmuşdur. Bundan daha öncə ruscaya tərcüməsi
Moskvada “Nedelya” jurnalında dərc edilmişdir.
“Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı rus, alman,
bolqar, çex, slovak, macar, eston, özbək
dillərinə tərcümə olunmuş, iki dəfə
böyük tirajla Moskvada, Türkiyədə (müxtəlif
tərcümələrdə), həmçinin İsveçrədə
və ADR, AFR-da (müxtəlif tərcümələrdə)
işıq üzü görmüşdür. “Ağ liman” isə
“Drujba narodov”, Polşada “Literatura na sveçe” jurnallarında
və ayrıca kitab şəklində Moskvada, Macarıstanda,
Bolqarıstanda, Estoniyada,
Türkiyədə, Qazaxıstanda, Özbəkistanda
çap olunmuşdur. “Əlaqə” povesti “Drujba narodov”
jurnalında, ayrıca kitab halında Moskvada, Türkiyədə,
Macarıstanda, Estoniyada, Parisdə “Anka” jurnalında, ADR və
Çexoslavakiyanın müxtəlif almanaxlarında çap
olunmuşdur. “Ağ qoç, Qara qoç”
povesti “Drujba narodov” jurnalında, Moskvada “Navajdeniye”
kitabında, Türkiyədə ayrıca kitab kimi, həm də
“Orta Doğu” qəzetinin bir neçə nömrəsində
hissə-hissə, ayrıca kitab halında Rumıniyada
(rumın və alban dillərində) çap edilmişdir.
Həmin povest qazax və ingilis dillərində
də işıq üzü görmüşdür. “Qırmızı limuzin” hekayəsi “Drujba narodov”
jurnalında, Türkiyədə, ABŞ-da, Polşada,
Avstriyada, Ukraynada, Litvada çap olunmuşdur. “Dədə
Qorqud” Moskvada (üç dəfə, böyük tirajla)
ayrıca kitab şəklində, Türkiyədə,
İranda (ərəb əlifbasıyla Azərbaycan dilində
və fars dilində), Qazaxıstanda,
İsveçdə işıq üzü
görmüşdür.
Moskvada
Anarın hekayaləri və esseləri “Drujba narodov”
jurnalından başqa “Novıy mir”, “Sovetskaya literatura” (xarici
dillərdə), “Voprosı literaturı”, “Literaturnı
obozreniye”, “Literaturnaya uçoba”, “Sovetskaya muzıka”, “Muzıkalnaya
akademiya” jurnallarında, “Pravda”, “Literaturnaya qazeta”, “Sovestkaya
kultura”, “Komsomolskaya pravda”, “Literaturnaya Rossiya” və b. qəzetlərdə
çap olunmuşlar. “Teatr” jurnalında isə
Anarın ayrı-ayrı məqalələrindən başqa
ümumittifaq komediya müsabiqəsinin mükafatına layiq
görülmüş “Qaravəlli” (V.Korastılyovun tərcüməsində)
pyesi, “Sovremennaya dramaturgiya” jurnalında isə “Yuxularıma gəlmə”
pyesi (“Təhminə və Zaur”) (L.Juxovitskinin tərcüməsində)
çap olunmuşdur.
Anarın pyesləri Azərbaycanın bütün
teatrlarında, həmçinin Moskvada (R.Rudinin Miniatür
teatrında), Türkiyədə (İstanbul Bələdiyyə
Teatrında), Polşada, Bolqarıstanda, Moldaviyada,
Tatarıstanda, Qırğızıstanda, Türkmənistanda,
Ermənistanda, Dərbənddə tamaşaya qoyulmuşdur. Özbək bəstəkarı
E.Kalantarov “Qaravəlli” pyesinin motivləri əsasında
musiqili komediya yaratmışdır ki, bu da Daşkənddə
Mukimi adına Dövlət Teatrında
tamaşaya qoyulmuşdur. Anarın librettosuna bəstəkar
Vasif Adıgözəlovun yazdığı səhnə əsəri
Musiqili Komediya Teatrında oynanılmışdır. Anar Fikrət Əmirovun Dövlət
Mükafatına layiq görülmüş birpərdəli “Nəsimi
dastanı” baletinin librettosunu yazmışdır. “Öən ilin son gecəsi” (müxtəlif
quruluşlarda iki dəfə. Baş rolda
Dobrcanskaya və Fadeyeva), “Mən, Sən, O və telefon” hekayələri,
“Səhra yuxuları” pyesi (Moldav Dövlət Teatrının
quruluşunda) Moskva Mərkəzi televiziyasının Birinci
kanalında nümayiş olunmuşdur.
Anarın ssenariləri əsasında “Azərbaycanfilm”
kinostudiyasında 12 tammetrajlı bədii film (Azərbaycanda
ilk ikiseriyalı “Dədə Qorqud” filmi), onlarla sənədli
və televiziya filmləri çəkilmişdir. “Mən, Sən,
O və telefon” hekayəsinin motivləri əsasında “Mosfilm”
kinostudiyasında “Hər axşam 11-də” filmi çəkilmişdir.
Türkiyədə Anarın əsərləri əsasında
(“Dantenin yubileyi”, “Mən, Sən, O və telefon” əsərlərinin
motivləri əsasında) iki film çəkilmişdir. Anar rejissor kimi öz ssenariləri əsasında
üç film çəkmişdir: “Dantenin yubileyi” (Gülbəniz
Əlizadə ilə müştərək), “Üzeyir
ömrü” və “Qəm pəncərəsi”. Rejissor
Ramiz Həsənoğlu müxtəlif vaxtlarda Anara həsr
olunmuş iki televiziya filmi çəkmişdir.
Rejissor Tofiq Kazımovun Dram Teatrında tamaşaya
qoyduğu “Şəhərin yay günləri” pyesinə
görə Anar 1980-ci ildə Azərbaycanın Dövlət
Mükafatına layiq görülmüşdür. Həmçinin
o, Əməkdar İncəsənət xadimi (1976-cı ildə),
Xalq yazıçısı (1998-ci ildə) fəxri
adlarına da layiq görülmüşdür. Nasirlərdən ilk dəfə ona “İstiqlal” ordeni
(1988-ci ildə), həmçinin yazıçılar
arasında ilk dəfə olaraq ona Heydər Əliyev
mükafatı (2012-ci ildə) verilmişdir. Anar
Türkiyənin nüfuzlu ictimai təşkilatlarının
üç ali mükafatına, Balkan
Yazıçılar Birliyinin mükafatına, Ukrayna və
Qazaxıstan dövlətlərinin yüksək ödüllərinə
layiq görülmüşdür. 2012-ci ildə
Anar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
mükafatını almış, həmin ildə Türkiyədə
“Türk dünyasında ilin ədəbiyyat adamı” elan
olunmuşdur.
Anarın iki bacısı var. Fidan Rzayeva – Bakı
Dövlət Universitetində ərəb dili müəllimidir,
Təranə Rzayeva – Azərbaycan Dövlət Pedaqoji
Universitetində ingilis dili müəllimidir. Anarın həyat
yoldaşı Səfərova Zemfira Yusif qızı –
böyük alim, Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvüdür. Oğlu Tural Rzayev – diplomat,
jurnalist, Azərbaycanın Küveytdəki Fövqəladə
və səlahiyyətli səfiridir. Qızı Günel
Rzayeva (Günel Anarqızı) – tanınmış Azərbaycan
yazıçısıdır. Günel “El”, “Pəncərə”,
“Ölkəm” jurnallarının təsisçisi və
baş redaktorudur. Anarın dörd nəvəsi
var.
Anar yaradıcılığına Bakıda və
Türkiyədə çap olunmuş iyirmiyə yaxın kitab
həsr olunmuşdur. (O cümlədən rus tənqidçisi Lyudmila
Lavrovanın, türk tədqiqatçısı Ayşə
Atayın kitabları.) Natavan Faiqin Anarla söhbətlər
kitabı Bakıda və Rumıniyada işıq üzü
görmüşdür.
Onun əsərlərinə aid yüzlərlə məqalələr,
rəylər Azərbaycan, Rusiya (Moskva və Leninqradda),
Türkiyə, İran, qərb ölkələri, MDB və ərəb
ölkələri mətbuatında çap olunmuşdur.
“Azərbaycanın
Ədəbiyyatı, İncəsənəti, Mədəniyyəti”
üçcildliyinin müəllifi Anar haqqında məqaləmi
yekunlaşdırarkən oxucuma daha bir məqamı bildirmək
istərdim... Ömrüm boyu çoxlu
dostlarım olub. Onlardan bəziləri həyatdan
köçüb, bəziləri uzun sürən dostluğa
tab gətirməyib, bəziləri etibarsız
çıxıb... Ona görə də indi dostlarım az qalıb... Çox sevinirəm
ki, onların başında Anar dayanır. Bəli,
biz hər ikimiz bu dəyəri qoruyub saxlamışıq.
Çünki bu odur – Anar, bu da mənəm –
Nazim İbrahimov
525-ci qəzet.-
2013.- 8 mart.- S.20-21.