Şeirimlə zaman gəzintisi
Yazdığım şeirlər yaşadığım ömrün, keçdiyim yolun məhsuludur. Yazdıqlarımı şeir saydığım dövrdən başlamaq istəyirəm. Yaşadığım dövrlə səsləşən şeirlərdən nümunələr misal gətirəcəyəm. Yaşadığım bu illər ərzində heç vaxt zamandan və baş verən hadisələrdən kənarda olmamışam. Diqqətli oxucularım mənim bu sözümü təsdiq edə bilərlər. Oxucularımı yormamaq üçün poemalarım, romanım, povest və hekayələrim haqqında məlumat vermirəm. Yalnız bəzi şeirlərimdən misralar, nadir hallarda şeirin əsas saydığım hissəsini təqdim edəcəyəm. Mən 1935-ci ildə dünyaya gəlmişəm. Şeirlərim isə məndən xeyli sonra, yəni 1956-cı ildən dünyaya gəldiyini sayıram. Ona kimi cızma-qaralarım vardı. Onları mən yonqar sayıram. 1956-cı ildə “Azərbaycan “ və “Kirpi” jurnallarında şeirlərim çap olundu. Elə bu vaxtdan şeirlərimin ömür yolu başlayır. Sizə hərəsindən bir kuplet dadına baxmaq üçün misal gətirdiyim şeirlər elə həmin ildə yazılsa da uzun illər sonra işıq üzü gördü.
Qarabuğdayı bir qıza yazdığım qoşmadan:
OLAYDI
Gecə-gündüz yar düşündüm, yar andım,
İnan sənə vəfalıdır, yar, andım.
Mən ki
belə bir utancaq yarandım
Barı ürəyimdə dözüm olaydı.
Elə həmin
ildə, yəni 1956-cı ildə Səməd Vurğunun vəfatına
yazdığım şeirdən:
ŞAİR ÖLÜMÜNƏ MƏN
İNANMIRAM
Bir durna təkləndi,
bir şam qaraldı,
Bir
dalğa qıy çəkib itdi dənizdə...
Şeir
rübabından bir tel qırıldı,
Bir səs çatışmayır xoş nəğməmizdə.
1956
1959-1964-cü illər tələbəlik illərim. Görüşlər,
tanışlıqlar insan bolluğu içində təklik –
tənhalıq, qəriblik, etinasızlıq, boşluq
ömrümə hakim kəsilmişdi.
DURĞUNLUQ,
BOŞLUQ şeirindən
Sənin
sərin,
mavi
baxışların
tək,
dənizin üzərindən
əsir mavi bir
külək.
boynumuzu
dalayır.
Sular da yorğun-arğın
sahilini
yalayır.
Eh...sənin
dodaqların
baxışından soyuqdu.
Əslində
bizim buna
heç
könlümüz də yoxdu.
Tənhalıqdan
qaçmışıq
tək
görünməyək deyə,
sığınmışıq hansısa
bir xatirə
kölgəyə.
Baxırıq
gah dənizə,
Gah ulduza, gah aya.
Bəlkə
heç ilk meymun da
bizim tək
etinasız
baxmayıbdı dünyaya.
Hələ
dediyin ad da
Öz əsl adın deyil.
Elə mənim
adım da
Demədim
öz adımı
Arabir fikrə getdik.
Sən
öz ərini andın,
Mən də öz arvadımı.
1962.
Moskva
Həmin Moskva tələbəlik illərində
yazdığım “Qaragül dərili quzu” şeirindən bir
neçə misra. Əslində bu şeirin adını
“Yazıq vətənim” qoymuşdum. Dostlarım
“Qaragül dərili quzu” yazmağımı məsləhət
bildilər.
Qaragül
dərili quzu,
Təbiətin
qəşəng qızı,
Elə ki
sən
Bu
dünyaya gəlirsən,
Çoban
başının üstünü kəsir
əli
bıçaqlı,
o da
özünü bilir haqlı.
Dərin
korlanmasın deyə
Səni həsrət
qoyur
bir
dünya gözəlliyə
başını
kəsir
lll
Quzum,
ürəyinə vurulan yara
dərin
oldu, dərin.
Quzum,
özün də bilmədin ki,
Sənin
qatilin
Öz gözəl dərin oldu, dərin.
1959-1964
BABALARIM
Babalarım bəy olub, mərd olub.
Qoçaq
olub, mərd olub!
Kasıb olub, mərd olub.
Qaçaq olub, mərd olub.
Bəs bu namərdlər hardandır?
Bax bu mənə dərd olub.
1965.
Bakı
Bu illərdə
səfər şeirləri ilə yanaşı şeirlərimin
mövzusu bir az başqa istiqamətdə
inkişaf edir.
MƏN
QANIM, YA QANMAYIM
Qansam əgər
bəlkə başım
daşdan-daşa dəyəcək,
Qanmaz
olsam dərd çəkmərəm,
bunu gərək
danmayım.
Bu da var
ki, onda məndən
çiçəklər inciyəcək,
İndi
düzü mat qalmışam,
mən
qanım, ya qanmayım.
Qansam gərək
həmdəm olam
hər
tanışa, hər yada,
Necə
qanım qanmazların halına
mən
yanmayım.
Mən
qanmasam bir qanmaz da
artacaqdı dünyada,
İndi
düzü mat qalmışam,
mən
qanım, ya qanmayım.
1967.
Bakı
Bu dövr “Rüşvətxorlar” və başqa bu kimi sərt
şeirlərim də işıq üzü gördü.
Səfər şeirləri 1962-ci ildən bu günlərə
kimi şeirlərimin, mövzularımın yol yoldaşı
olub. 1964-cü ildə Kamçatkaya ezamiyyət zamanı
“Uzaq Şərqin üfüqlərində Cavidi
xatırladım” şeirini yazmışdım.
Təyyarədəyəm,
göyləri
fəth
etmədə sürət,
Çərxi-fələyin sürətini ötmədə
sürət.
Yay idimi
yer, ox kimi atdı bizi ərşə,
Qaçqın günəşə çatmağa yerdən
üzü ərşə.
Cavid
göy üfüqlərində çiməndə
səni
andım,
Yandım, yenə yandım.
Karvanını
çəkmiş yenə səyyarə
buludlar,
Ahındımı, arzundumu anlar.
Nəğməndimi,
qu nəğməsi,
son nəğmən,
əzizim,
Neylim mən, əzizim?
Həsrətli
baxışlarını allam bu səmadan;
Bəlkə o baxışdan qalan izdir qızaran dan.
Sakit okean
bir tərəfindirsə, a şair,
Bir yanda
da qəlbin kimi çılğın
Xəzərindir,
Tayqa məzarındır. Ruhundumu,
könlündümü vulkan!?
Nəğməndimi,
qu nəğməsi,
son nəğmən,
əzizim,
Neylim mən, əzizim?
Bu “Neylim
mən, əzizim?” sualının cavabını yetmişinci
illərdə ulu öndərimiz Heydər Əliyev verdi. O illərdə Azərbaycan Sovet Sosialist
Respublikasının birinci katibinin belə hərəkət
etməsi böyük risk olmasına baxmayaraq, Əliyev Cavidin
nəşini gətizdirdi. O unudulmaz günlərdə mən
“Cavid gəlib aç qoynunu” şeirini yazdım.
Tale, nə
gözəl gündü bu,
sən
insafa gəldin,
Qırx
ildi gəlirdin, gəl a Cavid,
səfa
gəldin.
...Torpaq
gözün aydın,
Onu al qoynuna,
torpaq!
İtkin
düşən oğlun gəlir,
Yoldan gəlir, yorğun gəlir.
Ey ulu torpaq, ana torpaq.
Cavid gəlib
aç qoynunu,
Bas
bağrına torpaq!
Bu dövr elə bil gizlin bir ümiddən insanların
üzünə azadlığın işığı
düşürdü. Ürəklərə inam, qüvvət
verirdi. Neftayırma zavodları tikilirdi,
yeniləşirdi. Dərin özüllər
zavodunun özülü qoyulurdu. Peşə
məktəbinin bazasında zabitlər məktəbi
yaradılırdı. Bunların
hamısının arxasında böyük bir niyyət
dururdu. Azadlıq arzusu dayanırdı.
Eyni zamanda yaxşı bilirdik ki, azadlıq
böyük itkilərsiz keçmir. Bu
görülən işlər həm də itkiləri azaltmaq
üçün, xalqın qanı, canı bahasına
qazandığı azadlığı sonradan qoruyub saxlaya bilməsi
üçün daha vacib idi. Azadlıq
qurbansız olmur. Onda ola ki, sosializm
lagerindən azad olmaq elə türmədən qaçmaq kimi
bir şeydi. Biz bir ölkəni” lagerdən”
qaçırmaq istəyirdik. Bu doxsanıncı il iyirmisi yanvarsız olmayacaqdı. Amma mənim şeirlərim hələ səksən
birinci ilə keçirdi. Böyük
şairimiz Rəsul Rzadan sonra həyata vida edən,
şerimizin xanım şairi Nigarın tabutu yanında
durmuşdum, ürəyimdə şeirimlə
dayanmışdım. Artıq məlum idi
ki, onu Rəsulun yanında dəfn etməyəcəkdiər.
Anar da qərara gəlmişdi ki, ikinci xiyabanda
yox, anasını nənəsinin yanında dəfn eləsin.
Məncə də düz qərar idi.
Rəsul
Rzanın yarı,
Şeirimizin
xanım Nigarı
zamanın
çiynində getdi.
Bu isti yay
günündə
Günəş qovurğa qovurur başımızda.
Bir yandan da ölüm, ayrılıq.
Sərinlik
axtarırıq
bir damla göz
yaşımızda.
Bundan o yana sirr yoxdu,
hər şey bəllidi,
bəlli,
daha nə təsəlli.
Rəsulun
Nigara açılmış qolları
Bütöv Azərbaycan torpağıdır.
Hara qoysanız Nigarı
Ora Rəsulun qoynudur,
cənnət bağıdır.
Bu ürəyimdə
pıçıldadığım
Özümə
təsəllidir,
Nigar xanım, sənə ağıdır.
Mat
qaldım dünyanın oyununa,
İnsanın
əsl boyu
Məzarda görünürmüş.
Mat
qaldım məzarının
balaca boyuna.
Körpə
qızı qayıtmışdı
ananın qoynuna.
Rahat
yat
Nigar xanım.
Bu sənin
ana torpağındı,
Ana qoynu cənnətdən
də
sənə
yaxındı.
Torpaq
heç kəsin deyil,
Hamı torpağındı.
Rahat
yat
Nigar xanım.
1986-cı ildə özüm çox ağır bir cərrahiyyə
əməliyyatına məruz qaldım. Ayılanda
gördüm səsim heç yoxdu. Verilən
narkozun təsiri dörd ilə yaxın məndən tam getməmişdi.
Yaddaşım qırılırdı,
özümü yuxulu kimi hiss edirdim. Bir
müddət şeir yaza bilmədim. Çünki
mən şeir yazanda misraları bərkdən oxuyub, dinləyib,
rəndələyib, düzəldib yazırdım. İndi isə səsim çıxmırdı.
Misraların dadını, tamını hiss eləmirdim.
Başımı qatmaq üçün “Taleyin
ağır taleyi” adlı romanını yazdım. Məni o xəstəlikdən və əməliyyatdan
sonra ayağa qaldıran xalq hərəkatı odu.
Azadlıq meydanı, insanların birliyi 1989-cu il
ərəfəsində yenidən şeirə qayıtdım.
Özü də bu şeirlə:
YOXDU
Daş
olarmış nadan səsi,
Sındı könlümün şüşəsi.
Qanmaz
başlara düşəsi
Allahın bir daşı yoxdu.
“Dərd əlindən
çıxdım dağa”
Dərdim var dərd dağlamağa.
Görürəm
ey...ağlamağa,
Gözlərimin yaşı yoxdu.
Bu
günlərdən ötən yazıq,
Yetməyən
vay! Yetən yazıq.
Neyləsin
bu vətən yazıq,
Başçımızın başı yoxdu.
Zaman sel
kimi hamını, məktəbdən uşaqları,
onların arasında mənim də balalarım vardı, evlərdən
anaları, bacıları, qardaşları, onların
arasında mənim anam, üç bacım, beş
qardaşım, onların balaları vardı. Mən
də gedirdim. Daha doğrusu, məni də
bu sel aparırdı. Qoşurdu meydanda
dalğalanan insan dənizinə. Bir yandan
xalqımızın birliyi ilə iftixar edirdim. Bir yandan da vaxtın daraldığını, təhlükənin
yaxınlaşdığını hiss edirdim.
Görmüşdüm, Macarıstanın,
Çexoslavakiyanın inqilabının necə
yatırıldığını görmüşdüm. Onda
ola SSRİ-nin mədəsində olan balaca
Azərbaycan Respublikası ola. Bir bəhanə
tapıb gələcəkdilər, bəhanəsiz də gələ
bilərdilər. Kimdən utanacaqdılar?
Nəhayət mənim ov tüfəngimi gəlib evdən
apardılar başa düşdüm ki, vaxt az
qalıb. Amma nə yaxşı ki, o zaman
silahları əhalidən yığıblar. Çünki silahlı müqavimət göstərilmədi.
Daha çox insan qırmağa bəhanə
tapılmadı. O zaman mənim kifayət qədər
yaşım vardı, hələ tam
sağalmamışdım.
Səbrli adamam, görəcəyim işin nəticəsini
düşünən adamam. Bilmirəm tüfəngim,
qətərim evdə olsaydı mən dözüb dayana bilərdimmi.
Cavan qızların, oğlanların güllələndiyini
görüb dayana bilərdimmi? İnanmıram! Silahlar yığılmasaydı, özünü
tankın altına atan dəliqanlılarımıza necə
demək olardı ki, atəş açmayın. Desən nə xeyri vardı? Əli
yalın özünü tankın altına atana nə deyəcəksən?
Əlbət ki, əldə silahlar olsaydı, zəif
bir müqavimət göstərəcəydik. Mütləq göstərəcəkdik. O yerdə,
o vəziyyətdə insanın düşünməyə
vaxtı olmur. Əllərinə girəvə
verilmiş olacaqdıq. Bütün Azərbaycanı
“ekstremist” adlandırıb tank tırtılları altında əzəcəkdiər,
bacardıqca amansızlıqla əzəcəkdilər. Çünki başqa respublikalara bu dərs
olmalı idi. İran Azərbaycan sərhəddinin
sökülməsi bizə Moskvanın qurduğu tələ
idi, bizi ona salmışdı. Amma biz bir xalq kimi bu
döyüşdən üzü ağ,
alnı açıq çıxdıq. Bizi bu
döyüşdən qalib çıxardan birliyimiz odu. Biz şəhidlərimizi güllə altından
çıxartdıq, milyondan çox insanın
iştirakı ilə qərənfil yağışı
altında Şəhidlər Xiyabanına apardıq,
quduzlaşmış qoşun dönüb tamaşaçı
olmuşdu. Fabriklər, zavodlar qırx
gün susdu, şəhidlərin yasını saxladı.
Biz onda qalib gəldik, SSRİ onda çat verdi,
bizim zərbəmizdən çat verdi, dağıldı. Əslində o biri respublikaların da
azadlığında bizim birliyimizin rolu var. Mən inanıram
ki, o birlik xalq kimi bizim canımızın özəyində
bu gün də var, yaşayır. Biz
azadlığımızı bir daha əldən verən
deyilik, buna cəhd eləyən hər hansı bir qüvvə
qarşısında Azərbaycan xalqının birliyini görəcək.
Mənim indi yetmiş səkkiz yaşım var, bu
yetmiş səkkiz ildə qazandığımız (xalq
olaraq) ən qiymətli sərvət bizim
azadlığımız, müstəqil dövlət
olmağımızdır.
Mən azad
bir ruham,
Bədənim mənim vətənimdir.
Beynimdə,
ürəyimdə, ruhumda
Nə varsa azaddır, mənimdir.
Bədənimin
vətəni Azərbaycandır,
Onun da
ruhu var,
O da mənim
kimi bir candır.
Azad olmasa
döyüşər,
Ya qalib gələr,
Ya da şəhid düşər.
Azad olmasa
insan
məhv
olar bəşər.
1995-ci il
Qarabağ döyüşləri
başlamışdı. Hərə özünə bir dəstə
düzəldib guya döyüşürdülər.
Döyüşənlər arasında ixtisaslı zabitlər az idi. Universitetlərin müəllimləri,
akademiyanın alimləri, yun yuyan, limon-mandarin satan
hamısı hərbi mütəxəssis olmuşdu. əlbət ki, onların arasında canı
yanıb özünü oda toxuyanlar da vardı. Amma döyüş də dünyanın ən qədim
sənətlərindəndir. Onun da məktəbi
var. Bunların bəzisi axşam sıravi yatıb səhər
yuxudan polkovnik oyanırdı. Yaxın qohumum Sovet
İttifaqı Qəhrəmanı Məlik Məhərrəmova
dedim:
– Məlik
dayı, niyə gedib bunlara öz köməyini təklif eləmirsən?
– Nəyə
lazımdır? –dedi.
–
Cavanlarımız qırılır, kəndlərimiz
dağılır.
– Mənim
öz işim var.
– Dayı, belə olmaz. Azadlığımız əldən gedə bilər.
Orda mütəxəssis azdı. Axı sənin yüksək hərbi təhsilin,
çox böyük hərbi təcrübən var. Sən
yeganə adamsan ki, komandiri olduğun batareyanın on səkkiz əsgərinin
hamısı Sovet İttifaqı Qəhrəmanı olub.
Bu sənin vətənindi, get kömək elə.
Dayım əsəbiləşib
mənə acıqlandı:
– Əl çək məndən. Sən mənə
vətəni sevməyi öyrədirsən. – Sonra səsini
aşağı saldı, susdu. Az sonra
pıçıltılı səslə: –Getmişdim – dedi.
–
Getmişdim. Birtəhər qəbula
düşdüm. Dedim bəlkə gəlim, sizə
lazım olaram. Dedilər get işinlə məşğul ol! Sənin dövrün keçib. Sən
bunu bacarmazsan. Get mane olma.
Dayımın dediyi sözlər üzümə
şapalaq kimi dəyirdi. Məni tər basmışdı. Vəziyyətimi
görüb çiynimə əlini vurdu:
–
Yaxşı, yaxşı, fikir vermə. Neçənci
dəfədir bunu mənə deyirsən. Mən
də sənə demək istəmirdim. Rusların misalı var: zorla əziz ola bilməzsən. Neynək. Fikir vermə.
İllər
ötüb, o kişi də
dünyasını dəyişib. Amma indi də
ona verilən cavab yadıma düşəndə nədənsə
mən utanıram.
ÖMRÜN YÜKÜ
Ağıllının
səhvi
Təsadüfən
boynuna düşən
Bir yükdü.
Ağılsızın
verdiyi əzabı
ömürlükdü.
1992-ci il
Mən xoşbəxt insanam vətənimin bu günlərini
gördüm.
Yaramaz insanları görəndə də bir az
tutuluram, sonra düşünürəm ki, 1990-cı ildə
də bu insanlar var idi. Amma vətən darda
olanda, sınaq anında bizimlə qranit kimi birləşmişdi. Bugünkü qələbədə
onların da xidməti var. Xoş günlərdə,
arxayınlıqda, vətən təhlükəsi olmayanda
insanların vətən qeyrəti xumarlanır, dincəlir,
güman edirəm lazım oanda vulkan kimi oyanacaq. Amma mən şeirlərimi bu gün də
yazıram.
2013-cü ildi, fevralın 25-i “Kainatda bir qadın
hıçqırır” adlı şeir yazmışam. Sizə təqdim
edirəm.
Kainatda bir qadın
hıçqırır
Kainatda
hıçqırır
Tənha bir qadın səsi.
Evi xərabə
qalmış,
Evi – bu yer kürəsi.
Ağlayır
yana-yana
Ağlayır,
deyir, ana:
Cənnətdə
mən çıxmışdım
Atamızın
sözündən...
Düşdüm
onun gözündən:
Mən cənnətdən
qovuldum,
Atıldım yer üzünə.
Ev oldum, ailə odum.
Balalarım
var idi
Ağ,
qara, mulat, qızıl,
Qırmızı, sarı bəniz.
Ən
parlaq ulduz idi
kainatda evimiz.
Mənəm,
mənəm deyənlər
Özgə
haqqı yeyənlər
Üz-üzə
dayandılar,
Yandırdılar, yandılar.
Mən
özüməm günahkar,
Deməyə də sözüm yox.
Atamın
da yanına
Qayıtmağa üzüm yox.
Haram məndən
keçmişdi
İnsana – övladıma.
İnsanlar
nəsil-nəsil
Yanır mənim oduma.
Bu sonsuz
kainatda
Didərgin bir qadınam.
Sənin
qızın Həvvayam,
Mən sənin övladınam.
Düzdür,
böyükdür xətam,
Keç günahımdan, atam.
Məni
yenidən yarat,
Ya da cəhənnəmə at.
2013-cü
il
Şeirlərimlə qol-qola, hələ ki, yola davam
edirik. Haçana kimi? Allah bilir...
Fikrət Qoca
525-ci qəzet.-
2013.- 8 mart.- S.19.