Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

(davamı)

 

Ceffersonun şəxsi kitabxanasında 6 min kitab var idi, bu kolleksiyanın əsasında ABŞ Konqresinin kitabxanası yaradıldı. Onun fəaliyyətinin ən nəcib nümunələrindən biri Virciniya universitetinin əsasını qoyması idi.

Ölümündən on gün əvvəl İstiqlaliyyət Deklarasiyasının 50 illiyini bayram etmək üçün Vaşinqton şəhəri (Kolumbiya mahalı) sakinlərinin onlara qoşulmaq barədə təkliflərinə cavab verdi. O, xəstəliyinə görə ora gedə bilməzdi, ona görə də ən xoş arzularını göndərdi və bayram edilən Deklarasiya barədə belə yazmışdı:

“Bəlkə də o bütün dünyaya, başını yuxarı qaldıran adamlara, rahib cəhaləti və xurafatı ilə özlərini bağladıqları zəncirləri qırıb dağıtmaq və özünüidarənin xoşbəxtliyini və mühafizəsini öz üzərinə götürmək barədə siqnal idi. Mən inanıram ki, bu belə olardı (dünyanın bəzi hissələri üçün tezliklə, digərləri üçün sonra, ancaq nəticədə bütün dünya üçün)”.

Cefferson Montiçelloda çox zəifləyəndə köhnə dostu Con Adams Massaçusetsdə ölüm ayağında idi. Onların hər ikisi öz ömürlərinin mərkəzi cəhdini və nailiyyətini rəmzləndirən günün 50 illik yubileyinə qədər yaşamaq istəyirdi. Onların bu istəyi uğurlu oldu. Cefferson 4 iyul 1826-cı ildə, günorta saat 1-dən bir qədər əvvəl öldü. Adams isə bir neçə saat sonra öldü, onun son sözü deyilənlərə görə belə olmuşdu: “Cefferson hələ sağdır”. Cefferson Montiçelloda dəfn edildi. Qəbir daşı üzərindəki epitafiya belə idi: “Burada Amerikan İstiqlaliyyəti Deklarasiyasının, dini azadlıq barədəki Virciniya Qanununun müəllifi, Virciniya Universitetinin atası Tomas Cefferson dəfn edilmişdir”.

Birləşmiş Ştatların bani-atalarından biri də həyatdan getdi. Bu banilər arasında Tomas Cefferson, heç şübhəsiz, daha çox filosof idi. Platonun vaxtilə arzu etdiyi Ceffersonun şəxsində öz əksini tapmışdı, dövləti filosof idarə etmişdi.

 

Simon Bolivar

 

Xoşbəxtliyə yalnız bir yol mövcuddur, ondan ötəri bizim iradəmizə tabe olmayan şeylər barədə narahat olmağımızı dayandırmalıyıq.

 

Epiktet

 

Great crises produse great men, and great deeds of conrage (ingilis dilində) – Böyük böhranlar böyük insanlar və böyük igidlik işləri əmələ gətirir.

 

Con F.Kennedi

 

Simon Bolivar, sərkərdə və dövlət xadimi olmaqla yanaşı, Latın Amerikasının altı respublikası ispan ağalığından azad olmaqda məhz ona borcludur. Həm də o, ispan-amerikan dünyasının meydana çıxardığı ən böyük düha kimi qiymətləndirilir. Simon Bolivar Amerikada ispan koloniyalarının müstəmləkəçiliyə qarşı müharibəsinin ən nüfuzlu və məşhur rəhbərlərindən biri olmuşdur. Venesuelanın milli qəhrəmanı, general idi. Yuxarı Peru ərazisində yaranan Boliviya respublikası onun şərəfinə belə adlanmışdı. Öz dövründə beynəlmiləlçi kimi məşhurlaşmaqla, onun nüfuzu ömrünün sonuna qədər xeyli böyüdü. Avropa tarixində olduqca az sayda şəxsiyyət, Birləşmiş Ştatlar tarixində isə heç kəs Simon Bolivarın fərqləndiyi kimi gücün və zəifliyin, xarakterin və temperamentin, peyğəmbərcəsinə baxışın və poetik qüdrətin belə nadir vəhdətini nümayiş etdirməmişdi. Nəticə kimi onun həyatı və əməlləri öz qitəsinin xalqı arasında əsl mifik ölçülərə yüksəldi.

Bolivar ispan əsilli Venesuela kübarının oğlu idi, 24 iyul 1783-cü ildə Karakasda kreol ailəsində anadan olmuşdu. O, varlı olmalı və gələcəkdə yaxşı vəzifə tutmalı idi. Onun üç yaşı olanda atası öldü, anası isə altı il sonra dünyadan köçdü. Əmisi irsə yiyələndi və ona müəllim tutdu. O, çətin idarə edilən uşaq idi və müəllimlərindən yalnız biri ona təsir göstərə bilirdi. Bu Jan Jak Russonun şagirdi Simon Rodriges idi o, Bolivarı XVIII əsr dünyasının liberal fikirləri ilə tanış etdi. Bu baxışlar ona dərin və uzun müddətli təsir göstərdi.

Bolivar 16 yaşına çatanda Avropaya göndərildi ki, orada təhsilini tamamlasın. O, üç il İspaniyada yaşadı və 1801-ci ildə ispan kübarının qızına evlənib, onunla birlikdə Karakasa qayıtdı. Gənc gəlin nikahdan bir il keçməmiş sarı qızdırmadan vəfat etdi. Onun faciəli ölümü Bolivara böyük təsir göstərdi və bu, onun çox cavan yaşında siyasi karyeraya qatılması üçün bir səbəb oldu.

1804-cü ildə Napoleon öz karyerasının zirvəsində olanda Bolivar Avropaya döndü. Parisdə o, öz dostu və müəllimi ilə görüşdü və Simon Rodrigesin təzələnən bələdçiliyi altında Lokk, Hobbs, Buffon, d`Alamber və Helvetsi kimi rasionalist mütəfəkkirlərin əsərlərini öyrənməyə girişdi. Üstəlik o, Volteri, Monteskyeni və Russonu oxuyurdu. Axırıncı ikisi onun siyasi düşüncələrinə çox dərin təsir göstərdi, ancaq Volter onun həyat fəlsəfəsini daha güclü surətdə rəngləndirdi. Parisdə o, həmçinin alman Aleksandr fon Humboldtla görüşdü. Bu adam yenicə İspan Amerikasına olan səfərindən qayıtmışdı və Bolivara dedi ki, o, inanır ki, ispan müstəmləkələri müstəqillik üçün yetişmişlər. Bu ideya Bolivarın təxəyyülündə kök saldı və 1805-ci ildə Romaya səyahəti vaxtı Monte Sakro yüksəkliyində dayanaraq and içdi ki, öz ölkəsini azad edəcəkdir. Romada o, Napoleona İtaliya kralı tacı qoylan təntənəli mərasimi müşahidə etdi.

Bu vaxt onun intellektini bir təcrübə də zənginləşdirdi: o, Napoleona 1804-cü ildə fransızların imperatoru kimi şərəfləndirilməsini  başa çatdıran qeyri-adi bir hadisəni müşahidə etdi. Bolivarın imperatora münasibəti sadə bir adamın nailiyyətlərinə valehliklə, həm də Napoleonun inqilab ideyalarına xəyanət etməsi barədə rəyinin qəflətən baş verən dəyişməsi arasında dalğalanırdı. Bolivarın xarakterində şöhrət arzusu daimi amillərdən biri idi və burada azacıq şübhə ola bilərdi ki, bu, Napoleon tərəfindən qızışdırılmasın. Buna baxmayaraq, Napoleonun nümunəsi bir xəbərdarlıq xarakteri daşıyırdı və Bolivar bunu nəzərə almalı oldu. Sonrakı dövrlərdə o, daim təkid edirdi ki, “Xilaskar” titulu digər başqa titulların hamısından yüksəkdir. O, bu titulu nə kral, nə də imperator adı ilə dəyişməyəcəkdir. 1807-ci ildə o, Birləşmiş Ştatlardan keçməklə Venesuelaya döndü. Birləşmiş Ştatlarda o, şərq şəhərlərində olmuşdu.

Latın Amerikasının müstəqillik hərəkatı Bolivarın vətənə dönməsindən bir il sonra başlamışdı. Bu, Napoleonun İberiya yarımadasına müdaxiləsi ilə əlaqədar idi. İspan xalqı müdaxiləçilərə müqavimət göstərirdi və legitim kralın yoxluğu ərzində xunta dövlət hakimiyyətini öz əlinə keçirmişdi. Napoleon da həmçinin ispan müstəmləkələrinin dəstəyini almaq cəhdində tam uğursuzluğa uğramışdı, o, onların özlərinin qulluqçularını hakimiyyətə gətirmək hüququnu müdafiə edirdi. Ana ölkənin nümunəsini əsas götürərək, onlar devrilmiş İspaniya kralı adından idarə etmək üçün xuntanın yaradılmasını istəyirdilər. İspan sakinlərindən çoxu isə bu hadisələrdə ancaq İspaniya ilə əlaqələrin kəsilməsi imkanlarını görürdülər.

Buenos-Ayresdə 1810-cu ildə hərbçilərin qiyamı qalxdı, nəticədə yerli inqilabi xunta – xalq yığıncağı hakimiyyəti öz əlinə götürdü və ispan vitse-kralını devirdi. 1808-ci ildən başlayaraq Amerikadakı ispan müstəmləkələrində müstəqillik əldə etmək uğrunda üsyanlar baş verirdi. I Napoleonun Pireney yarımadasına müdaxiləsi və qardaşı Jozef Bonapartın İspaniya kralı elan edilməsi onların yayılmasına, genişlənməsinə səbəb oldu. İspaniyadakı hadisələr Latın Amerikasında liberal istiqamətli xunta hərəkatını meydana çıxardı. Bu proses həm də onunla gücləndi ki, İspaniyanın fransızlar tərəfindən işğalı, ispan qoşunlarının Amerikaya göndərilməsini dayandırdı.

Ən böyük üsyanlar Kiotoda, Boqotada, Santyaqoda və Buenos-Ayresdə baş verməklə, bu şəhərlər tezliklə hərəkatın mərkəzlərinə çevrildilər. Onlar fransız inqilabı ideyalarının təsiri altında idilər.

Bolivar bir çox gizli yığıncaqlarda iştirak etdi və Venesuela qubernatoru onu məzəmmət etdikdə o, cəsarətli qaydada cavab verdi ki, İspaniyaya müharibə elan edir və geri çəkilməyəcəkdir. 19 aprel 1810-cu ildə qubernator Emparan öz səlahiyyətlərindən məhrum edildi, Venesueladan sürgün edildi və xunta hakimiyyətə gəldi. Kömək əldə etmək üçün Bolivar elçi sifətində Londona göndərildi. O, İngiltərədə inqilabi müstəmləkənin bədbəxt vəziyyətini izah etməli, onun tanınmasına nail olmalı, silah və maddi kömək əldə etməli idi. Bütün məsələlərdə o, uğursuzluğa düçar olsa da, onun İngiltərəyə qısa müddətli səfəri digər nöqteyi-nəzərdən məhsuldar oldu. Bu səfər ona Birləşmiş Krallığın institutlarını öyrənməyə imkan verdi, bunlar isə onun üçün siyasi müdriklik və stabillik modelini təmsil edirdi. Daha vacibi isə o idi ki, orada sürgün olunmuş Fransisko de Miranda ilə görüşdü. O, 1806-cı ildə Venesuelanı boş əllə azad etməyə cəhd etmişdi, Bolivarın onunla görüşündə onu Karakasa dönüb, müstəqillik hərəkatına başçılığı öz üzərinə götürməyə inandırması inqilab işini sürətləndirdi.

Venesuela qıcqırma içərisində idi. 1811-ci ilin martında Karakasda Konstitusiya layihəsini hazırlamaq üçün Milli Konqress keçirildi. Konqressin nümayəndəsi olmamasına baxmayaraq, Bolivar özünü ölkədə qalxan müzakirələrin içərisinə atdı. Özünün ilk ictimai çıxışında o, bəyan etdi ki, “Qoy biz qorxmadan amerikan azadlığının künc daşı olaq. Tərəddüd etmək məhvə getməkdir”. Uzun müzakirələrdən sonra Milli Assambleya 5 iyul 1811-ci ildə Venesuelanın müstəqilliyini elan etdi.

Bolivar bu vaxt gənc respublikanın ordusuna daxil oldu, bu ordunun baş komandanı Miranda idi. Onların Londondakı qısa müddətli görüşündən sonrakı az müddətdə artıq siyasət məsələlərində bu iki adam bir-birindən fərqli qaydada var-gəl edirdilər. Miranda Bolivarı “təhlükəli gənc” adlandırırdı, Bolivar isə yaşlı generalın qabiliyyətinə şübhə ilə yanaşırdı. İspanlar müstəmləkəyə nəzarəti ələ keçirmək üçün həmlə etdikdə, Bolivar Venesuelanın həyati limanı olan Puerto Kabelloya  təyin edildi. Bolivarın zabitlərindən biri xəyanət hərəkəti edib, istehkamlanmış qalanı ispan qoşunlarının üzünə açdı. Miranda bu limanın itirilməsinin hərbi əməliyyatlar üçün məhvedici olduğuna inandığından, ispan baş komandanı ilə danışıqlar aparmağa başladı. 1812-ci ilin iyulunda atəşkəs müqaviləsi imzalandı, bu, bütün ölkəni İspaniyanın mərhəmətinə sürükləyirdi. Miranda ispanların əlinə verildi, bəzi müəlliflər deyirlər ki, bu, Bolivarın təhrikçiliyi ilə baş vermişdi. Miranda öz ömrünün qalan hissəsini ispan zindanında keçirməli oldu.

Mübarizəni davam etdirmək qərarında olan Bolivar ölkəni tərk etmək üçün pasport əldə etdi və Yeni Qranadadakı Kartaxenaya yollandı (bu gün bu şəhər Kolumbiyadadır). Burada o, özünün ilk böyük siyasi bəyanatı olan “Kartaxena manifestini” çap etdirdi. “Mən bədbəxt Karakasın oğluyam, onun siyasi və maddi xarabalıqlarından fövqəltəbii qaydada qaçmışam, mən... buraya gəlmişəm ki, azadlıq bayrağının arxasınca gedim”.

Onun fövqəltəbii qaçmaq barədə dediyi sözlər 26 mart 1812-ci ildə baş verən fəlakətli zəlzələ ilə əlaqədar idi. Bu zəlzələ Karakasda və digər şəhərlərdə çox sayda qurbanların meydana gəlməsinə səbəb olmuşdu. Venesuelanın iflasından o, istifadə etməkdə tərəddüdə yol vermədi: “İspanlar deyil, bizim özümüzün pərakəndəliyimiz bizi geri, quldarlığa qaytardı. Venesuelanın etdiyi ən mühüm səhv siyasi teatra girmək idi, bu heç şübhəsiz, dözümlülük sisteminin – zəif və səmərəli olmayan sistemin məhvedici şəkildə qəbul edilməsi idi...” Bolivar bu vaxt İspan Amerikasında yaranan respublikalar üçün güclü hökumət qurulmasının tərəfdarı kimi meydana çıxdı.

Onun çağırışına Yeni Qranada xalqı cavab verdi və o, ekspedisiya qüvvəsinin komandanı oldu. Onun vəzifəsi Venesuelanı azad etmək idi. O, altı baş döyüşdə ispanlara qalib gəldi və paytaxta nəzarəti ələ keçirdi. 6 avqust 1813-cü ildə o, Karakasa daxil oldu, ona “Xilaskar” titulu verildi və bu, əslində siyasi diktatorluq demək idi.

Lakin istiqlaliyyət müharibəsi yenicə başlanırdı. Venesuela xalqının əksəriyyəti müstəqillik qüvvələrinə qarşı düşmən idi və qurbanlıq olmaq bəxtini daşımağa dözürdü. Anarxiya xarakterli dəhşətli və qanlı vətəndaş müharibəsi başlandı. Bolivarın özü “ölüm müharibəsi” və əsirlərin güllələnməsi kimi fövqəladə tədbirlərə əl atırdı. O, bütün əsirləri məhv etməyi əmr etdi. Lakin onun sərtliyi öz məqsədinə çatmaqda uğurlu olmurdu. 1814-cü ildə o, daha bir dəfə ispanlar tərəfindən məğlub edildi. Axırıncılar Orinoko vadisindəki çobanları da müharibəyə cəlb etmişdilər. Bu çobanlar səmərəli döyüşən vəhşi süvarilər idilər və Bolivar onları dəf etməyi bacarmırdı. Onların başçısı Boves 1814-cü ildə Karakası tutdu və şəhəri vəhşilik səhnəsinə döndərdi. Beləliklə, ikinci Venesuela respublikası öz ömrünü başa vurdu.

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 8 mart.- S.18.