Ucalıqdan zirvələrə (Portret-esse)
“Yalnız o adam xoşbəxt yaşayır ki, öz vəzifə borcunu yerinə yetirəndə sevinc tapsın”.
Siseron
Bizim Lerikdə şiş ucları buludlarla öpüşən, qəlbi dağların zirvəsində qərar tutan yurd yerlərindən biri də qədim Zuvand torpağıdır. Diabar adlanan çökəklikdə yerləşən Zuvandı yubanmadan, bəri başdan təqdim edib burasını da deyim ki, bu yerlər dövlət yasağıdır.
Öz əsrarəngiz, füsunkar təbiəti, çay vadilərində, kəhriz döşündə gah uzanan, gah da burula-burula dərələrin dibiylə, qayaların döşüylə qucaqlaşan, ucu-bucağı görünməyən bol mer-meyvəli bağları, suyu diş göynədən şır-şır axan bulaqları, təmiz, saf havası ilə çox yox, bircə dəfə bu yerlərə yolu düşənləri hayıl-mayıl edən bu torpağı məşhurlaşdıran həm də onun adına-sanına layiq, tən-dürüst, şöhrətləri bir elə, bir obaya sığmayan övladları olub.
Zuvandın təkcə Lerikin özündə deyil, bölgənin hüdudlarından çox-çox uzaqlarda tanınan, şöhrəti el-el gəzən kəndləri çoxdur. Ancaq tərəddüdsüz deyirdi ki, Kələxan kəndi o sırada lap başda duranlardandır. Keçən əsrin otuzuncu illərində Azərbaycanda kollektiv şəkildə savadsızlığın ləğvində əyyami-qədimdən savadlılar, ziyalılar kəndi hesab olunan Kələxan oxumuşlarının danılmaz xidmətləri olub. Bu kəndin savadlı cavanları qonşu kəndlərdə özlərindən yaşlılara müəllimlik edib, onlara yazıb-oxumaq öyrədib. Adı bu gün də ehtiramla çəkilən neçə-neçə ziyalısı dövrün, zamanın təməl prinsiplərinə uyğun vəzifə daşıyıb, idarə edib, quruculuq işlərində qulluq mövqeyi ilə fərqləniblər.
Bir yana baxanda bu, beləcə də olmalı idi! Bəlkə də bu, başdan-binədan Kələxanın
qismətinə düşən bir paydır. Axı, araşdırıcıların yozumuna
görə, kəndin adı güclü, böyük mənasındadır.
Kələxanın da sakinləri yəqin ki, elə
həmişə, hər vaxt gücdə, böyüklükdə
öz ulu babalarının ənənələrini ləyaqətlə
yaşadıb davam etdiriblər.
Bir vaxt
paytaxta – Bakıya, eləcə də keçmiş
SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil ardınca oxumağa yollanan leriklilərin
ilk qaranquşları da elə, necə deyərlər,
“güclü, böyük” kələxanlılar olublar.
Neçə-neçə
elm adamı, mötəbər vəzifə sahibi – bir sözlə,
bir çox tanınmış lerikli tərcümeyi-halında
anadan olduğu yerin adını göstərəndə,
iftixarla “Kələxan” sözünü yazıb. Beləcə, kələxanlılar həm
tanınıblar, həm də doğulub boya-başa
çatdıqları o balaca vətənləri – Kələxanı
tanıdıblar.
Kələxanlı Quliyevlər cənub bölgəsinin
ağır-urvatlı, tanınan soyköklərindəndir və
bu soykökündən adı el-obada hörmətlə
çəkilən neçə-neçə comərd
kişilər yetişib. Keçən əsrin 50-ci illərində, M.
Bağırov rejimi dövründə Respublika prokurorunun
müavini vəzifəsində çalışıb, o illərin
acı ruzigarından qeyrəti, cəsarəti sayəsində
sağ-salamat qurtaran Ağa Quliyev, Lerikdə hər bir ailənin
indi də adını ehtiramla andığı Höcət və
Adil Quliyevlər, Özbək Quliyev, elə Araz müəllimin,
Qəhrəmanın, Elman müəllimin ataları Hilal
Quliyev. Hələ mənim şəxsi ünsiyyətdə
olmadığım daha neçə-neçə kələxanlı
alim, müəllim, həkim...
Kiminə
uzun, kiminə qısa portret-esse adlandırdığım bu
yazıda, bəlkə də hələ ki, öz yaxın
qohum-qardaşından, öz həmyerlilərindən, oturub-durduqlarından
savayı çoxunun bir elə yaxşı bələd
olmadığı, yalnız elmi titullarına görə
tanıdıqları – axı, elmlər doktoru, professor
olmaq asan iş deyil – Quliyevlərin Elman adlı bir oğlundan
söz açmaq fikrindəyəm. Həm də
onun alimlik şöhrətindən daha çox, bir fərd
kimi şəxsi keyfiyyətlərindən, məziyyətlərindən
danışmaq istəyirəm.
Burasını da deyim ki, Elman müəllimin
özündən əvvəl rəhmətlik qardaşı
Araz müəllimi tanıyırdım. Yoldaşlığımız,
dostluğumuz da var idi. Quliyevlərin Kələxan kəndini
ikiyə bölüb keçən Zuvand çayının
güneyində, quzey taydakı şiş zirvəsində səthi
nəhəng qranit qayalarla sanki ilahi qüdrətə malik
memarın ürəyinin şirəsi ilə
hörülmüş mərmər qalaça ilə üzbəüz,
bağ-bağatlı, gen-geniş həyətlərində
atalarının – el-obanın sayılıb-seçilən
kişilərdən olan Hilal dayının hələ
sağlığında da, sonralar da ara-sıra qonaq da
olmuşam, xeyirdə, şərdə də iştirak eləmişəm.
O
güllü-gülüstan həyətdən neçə-neçə
yeni yurd yeri göyərib. İndi paytaxtda
yaşayıb elmimizə xidmət etsə də Elman müəllim
o yurdu unutmur, ilk fürsətdə üzünü Kələxana
tutur, ürəyi ata ocağına qızınır, ürəyinin
hərarətindən həyət-bacaya paylayır. Mərmər qalaça ilə üzbəüz evlərinin
işığını yandırır, bağını,
bağçasını solmağa qoymur.
Söhbətimi
bir az da uzaqdan davam etdirsəm, deməliyəm
ki, cavanca Elmanın toyu yadımdadır. Elə
öz soylarına layiq bir ailənin müəllimə
qızı ilə ailə qurdu və onun toyunda qol
götürüb oynamasam da, yaxın ailə dostu kimi
iştirak etmişəm, uca Tanrıdan ona xoşbəxtlik də
diləmişəm. Sevinirəm ki, bir vaxt
toyunda iştirak etdiyim səbəbkar indi üç vətənpərvər
övlad atasıdır.
O da
xatirimdədir ki, uzun illər kənd arası yollar idarəsində
müdir işləyən, çox sevilən, deyib-gülən,
xətirli-hörmətli kişini – Elman müəllimin
atası Hilal dayını bütün tanıyanları, eləcə
öz övladları da əzizləyə-əzizləyə
“Hili”, – deyə çağırırdılar. Elman müəllimin
böyük qardaşı Araz Quliyev o vaxtlar, yəni ötən
əsrin 80-ci illərinin əvvəllərində Lerikdə
çıxan “Bolluq uğrunda” rayon qəzetində şöbə
müdiri idi və özü kimi imzası da yaxşı
tanınan jurnalistlərdən idi. Dost-tanışla
söz-söhbətinin bir mövzusu da, çox vaxt
özündən balaca qardaşı Elmandan olardı. Qardaşının gələcəyinə
inanırdı və Elmandan danışanda bu inamı onun
üz-gözünü nura boyayırdı. Nə yaxşı ki, sonralar Elman Quliyev öz şərəfli
ömür yolu, pedaqoji və elmi uğurları ilə
qardaşının inamını doğruldub
el-obasının istəklisi, iftixarı oldu. Həm də qardaşının ruhunu şad etdi.
Elman Quliyevin bir müəllim və alim kimi yetişməsi,
bir növ elə gözlərimin önündə olub. Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına
APİ) filologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirən Elman Quliyevin təyinatı Lerikə verilmişdi. Mən o zamanlar Lerikdə
çalışırdım. Yadımdadır,
onu Kəlvəz kəndinə müəllim göndərmişdilər
və o da tez bir zamanda rayonda savadlı, bacarıqlı bir gənc
müəllim kimi hamının hörmətini qazandı.
Elman Quliyev rayonun ictimai fəallarından idi. Perspektivi olan
fəal ziyalı kimi adı həmişə ehtiyat rəhbər
kadrlar siyahısına daxil edilirdi. Lakin onun vəzifəyə
can atdığı, karyera haqda fikirləşdiyi yadıma gəlmir.
Rəhbər işçi kimi bir müddət
yalnız məktəb direktorunun müavini oldu. Elmi
işlərə marağı olmasaydı, şübhəsiz,
vəzifə pillələrində də layiqincə yüksələcəkdi..
Elman müəllim elm, irfan yolunu seçdi. Yerli “Bolluq uğrunda” qəzetində
maraqlı, oxunaqlı yazılarla çıxış edən
E. Quliyevin imzası az sonra Bakıda – mərkəzi
mətbuat orqanlarında da görünməyə
başladı.
Quliyevlərlə səmimi münasibətlərim öz
yerində. Təvazökarlığı, səmimiyyəti və
ciddi iradəsi Elman müəllimi mənə daha da
doğmalaşdırmışdı. Elman
müəllimin aspiranturaya daxil olub Xalq
yazıçısı, akademik Mirzə İbrahimovun
yaradıcılığı haqqında namizədlik
dissertasiyası yazmasına, həmin dissertasiyanı uğurla
müdafiə etməsinə də qəlbən sevinmişdim.
Elə o vaxtlar ona rəğbətimi artıran bir səbəb
də bu olmuşdu ki, Elman müəllim başqaları kimi
aspirantlığını əlində dəstavüz edib
Bakıya qaçmamış, rayonda qalıb ailəsinə
kömək edə-edə, gecəsini-gündüzünə
qata-qata dissertasiya yazmışdı, müəllim işləyə-işləyə
namizədlik dissertasiyasını müdafiə edərək
alimlik dərəcəsi almışdı.
1991-ci ildə
vaxtilə təhsil aldığı ali məktəbə
işə dəvət ediləndə Elman Quliyev artıq ədəbiyyatşünaslıq
elmi sahəsində öz sözünü deməyi bacaran
yetkin bir alim idi. Elman müəllim Bakıya
köçdükdən sonra da onunla əlaqələrimiz
üzülmədi və mən uzaqdan-uzağa da olsa, onun
uğurlarından xəbər tuturdum. Həm
müəllim, həm də bir tədqiqatçı alim kimi
inkişaf edən, bu inkişafa görə yalnız öz
istedadına, zəhmətinə borclu olan Elman müəllim
indi təkcə Azərbaycanda deyil, qonşu İran və
Türkiyədə də dəyərli bir tədqiqatçı
– alim kimi tanınır və sevilir.
Ədəbiyyata, ədəbiyyatşünaslığa
olan həvəsim öz yerində. Elman müəllimlə
şəxsi tanışlığım həm də məni
onun yaradıcılığı, elmi axtarışları ilə
daim yaxından maraqlanmağa sövq edib. Nəşr
olunan qalın-qalın kitablarını sətir-sətir
“oxumuşam” – desəm, yəqin ki, inandırıcı, səmimi
olmaz, ancaq elmi uğurlarını müntəzəm izləmişəm
və bu uğurlara həm də möhkəmcə sevinmişəm.
Görkəmli sənətkarımız, nəsrimizin
klassiklərindən olan Mirzə İbrahimovun ədəbi-estetik
görüşlərini və sənətkarlıq
xüsusiyyətlərini araşdırıb tədqiq etməklə
alim adını qazanan Elman müəllim sonrakı tədqiqatlarının
böyük bir hissəsini Cənubi Azərbaycan ədəbiyyatının
öyrənilməsinə, xüsusilə o taylı ədəbiyyatımızın
klassiki olan Məhəmmədhüseyn Şəhriyarın
yaradıcılığına həsr edib.
Qocalı-cavanlı
elə bir azərbaycanlı tapmaq olmaz ki, bu taydan unudulmaz
şairimiz Səməd Vurğunun məşhur “Azərbaycan”
şeirindən heç olmazsa üç-dörd bəndi əzbər
bilməsin:
Dağlarının
başı qardır,
Ağ
örpəyin buludlardır,
Böyük
bir keçmişin vardır,
Bilinməyir
yaşın sənin,
Nələr
çəkmiş başın sənin...
Qətiyyətlə
deyərdim ki, qocalı-cavanlı hər bir azərbaycanlının
həm də o taylı ustad şairimiz M.Şəhriyarın
“Heydərbabaya salam”ı da dilinin əzbəridir:
Heydərbaba,
yolum səndən gəc oldu,
Ömür keçdi, gələmmədim gec oldu.
Heç
bilmirəm, oğlun-qızın nec oldu.
Bilməz idim döngələr var, dönüm var.
Ayrılıq
var, itkinlik var, ölüm var...
M.Şəhriyarın ölməz poeziyası yüksək
ədəbi zövqə və elmi-nəzəri biliklərə
malik Elman müəllim kimi filoloq alimin diqqətini, əlbəttə,
cəlb etməyə bilməzdi. Elman müəllim faydalı və
çox vacib bir iş görmüş, zəhmətə
qatlaşaraq M. Şəhriyarın kitablarını ərəb
qrafikasından yeni – latın qrafikasına
çevirib nəşr etdirməklə kifayətlənməmiş,
həm də böyük şairin həyatı və
yaradıcılıq yolu barədə sanballı elmi iş
yazmış, uğurla müdafiə də edərək
filologiya üzrə elmlər doktoru adını
almışdır.
Onun Şəhriyar yaradıcılığına
müraciət etməsi, əlbəttə, təsadüfi
deyil. İstər elə həyatının, istərsə
də yaradıcılığının bir hissəsi Cənubi
Azərbaycanla bağlı olan böyük ədibimiz Mirzə
İbrahimovdan sonra Elman müəllimin Şəhriyar
yaradıcılığına müraciət etməsində
bir qanunauyğunluq görürəm. Şəksiz
ki, bu, Elman müəllimin yaradıcılığında həm
də bir Savalan istəyi, Savalan sevgisidir və burada mənim
yadıma yenə də onun ömür yolunun cavanlıq illəri
düşür.
Ali təhsilini
başa vurub doğma rayona qayıtdıqdan sonra əlinə dərs
jurnalı alan Elman Quliyev ilk dəfə
müəllim kimi kəndlərinə qonşu olan Kəlvəz
məktəbində sinfə girib. Burasını
da deyim ki, onun doğma kəndi Kələxanla bir vaxt
çalışdığı Kəlvəzin arası təxminən
üç-dörd kilometr olar. Burası da var ki, Kələxandan
Kəlvəzə doğru o üç-dörd kilometr yol qəlbi
Qoşqara, Kəpəzə həsrət Savalan dağına
sarı, bir az da cənub tərəfdədir.
Dediyim kimi, o uzun müddət Savalan dağı ilə
üzbəüz Kəlvəzdə müəllim işləyib. Hər səhər
evdən çıxanda üzü Kəlvəzə Savalanla
göz-gözə yol gedib. Elə sinif
otağının pəncərəsindən də, yəqin
ki, Savalana sarı çox baxıb. Kəlvəzi
qucağına alan Sahal dağı ilə
qoşa qanad kimi gərilib qalan Kələxananın
başında tac kimi dayanan Mərmər qalaçadan
Savalanın qarlı zirvələrini seyr edib.
Mərmər
qalaçadan söz düşmüşkən söhbətimin
bu yerində qoy burasını da deyim ki, bu təbii sərvəti
tədqiq edən görkəmli geoloq alimimiz, akademik Mirəli
Qaşqay vəfat edərkən vəsiyyət etmişdi ki, məzarının
üstünə bu daşdan bir parça da olsa, qoysunlar. Məşhur alimin bu vəsiyyəti yerinə
yetirilib.
Cənuba doğru o məkanda
yerləşən kənd məktəbindən çox yox,
vur-tut beş-altı yüz metr aralıda o tayı bu taydan,
şimalı-cənubdan ayıran tikanlı sərhəd məftilləri
keçir.
Bəlkə
də hər gün üzü Savalana, cənuba sarı yerimək,
buz kimi soyuq sərhəd məftillərinin ox kimi gözə
sancıldığını görmək və hətta
damarlarını donduran qanı ilə də hiss etmək –
bax, bəlkə də elə bunlar Elman müəllimin cənub
həsrətini, cənub nisgilini birə-beş artırıb.
Yəqinimdir ki, Elman müəllim o
taylı həsrətimizin nisgilli tərənnümçüsü
M. Şəhriyarın misralarını öz-özünə
pıçıldaya-pıçıldaya təsirlənib də:
Bir
uçaydım bu çırpınan yel ilən,
Bağlaşaydım
dağdan aşan sel ilən,
Ağlaşaydım
uzaq düşən el ilən,
Bir
görəydim ayrılığı kim
saldı?
Ölkəmizdə
kim qırıldı, kim qaldı?
Düşünürəm ki, yaşadığı,
içində olduğu bu mühit onu cənub ədəbiyyatının
tədqiqatçısı olmağa daha çox cəlb edən
amil olub.
Elman müəllimin alim kimi
yaradıcılığı çoxşaxəlidir və
onun elmi tədqiqatlarının bir istiqamətini də
türk xalqları ədəbiyyatının problemlərinin
araşdırılması təşkil edir. Bu sahədə
apardığı araşdırmalar, yazdığı dərsliklər
və tərtib etdiyi proqramlar onu tanınmış türkoloq
alim kimi də şöhrətləndirib.
Təvazökar
insan və gözəl müəllim olan Elman Quliyevin istər
ölkəmizdə, istərsə də ölkəmizin
hüdudlarından kənarda çap etdirdiyi kitablar, elmi
simpoziumlarda, konfranslarda oxuduğu məruzələr, tərtib
etdiyi proqramlar həm də bir alim kimi onun necə bacarıq və
keyfiyyətlərə malik olduğuna da dəlalət edir. İndiyə kimi aldığı mükafat və
ödüllər də Elman müəllimin pedaqoji sahədə
olduğu kimi, elm sahəsində də nüfuzlu söz və
mövqe sahibliyinin bir sübutudur. Elman müəllimi
çoxdan tanıyan və bu uğurlarına sevinən
yaxın bir adam kimi yəqinimdir ki, bundan
belə də onun neçə-neçə elmi-pedaqoji nailiyyətlərinin
şahidi olacağıq.
Elman müəllimi neçə illərdir ki, görməsəm
də, dediyim kimi, elmi-pedaqoji fəaliyyətinin
sorağındaydım. Yaxın bir tanışım Elman Quliyevin
son illərdə qazandığı uğurlardan bəzilərini
mənə sadalayanda ürəyim dağa döndü.
Özbəkistanın
Mirzə Uluqbəy mükafatı, adı ilə az qala bütöv bir türk
dünyasını tanıdan Cəlaləddin Ruminin 800 illiyi
ilə bağlı 2007-ci ildə YUNESKO-nun keçirdiyi beynəlxalq
müsabiqənin laureatı, elə həmin 2007-ci və
2010-cu illərdə “İlin alimi” və bir il sonra ali təhsil
müəllimləri arasında “İlin müəllimi”
müsabiqəsinin qalibi...
Dövlətimiz
də Elman müəllimin elmi-pedaqoji fəaliyyətini
yüksək dəyərləndirmiş və Elman Quliyev
keçən il “Tərəqqi” medalı
ilə təltif olunmuşdur.
Zaman-zaman turançılıq uğrunda
fırtınalara sinə gərmiş görkəmli
insanların adlarını qoca tarix öz yaddaşında
yaşatmaqdadır. Yəqin ki, gələcək nəsillər
bu sırada Elman müəllimi də xatırlayacaqlar.
Axı, Elman Quliyevin türk xalqları ədəbiyyatı
problemləri ilə bağlı neçə-neçə
kitabı Türkiyədə, İranda, İraqda, Türkmənistanda,
Şimali Kiprdə və digər türkdilli ölkələrdə
də çap olunmuş, türk ədəbiyyatı problemlərinin
öyrənilməsi sahəsindəki xidmətlərinə
görə o, “Ən yaxşı tədqiqatçı alim”
qızıl medalına layiq görülmüşdür.
Vallah, təltiflər adamın qəlbini dağa döndərir,
dostları sevindirir və nə yazıq ki, bədxahları da
kədərləndirir. Ancaq Elman kimilər bədxahları kədərləndirmək
üçün yox, dostları sevindirmək üçün
gecələrini gündüzə qatırlar.
Bunlar cavanca bir alimin öz haqq payıdır və nə
yaxşı ki, Elman müəllim bu yaşında belə təltiflərə,
ödüllərə layiq görülüb.
Məlumdur
ki, görülən işi tam bəyənəndə “əla”
deyirik və bu “əla”nı rəqəmlə bildirəndə
“5” yazırıq.
Təsadüfən eşidib bildim ki, Elman müəllimin
yaşının tamamıdır. İki 5 rəqəmi yanaşı
duracaq: 55
Elman müəllimin ömür yolu da beləcə
qoşa-qoşa beşlərə layiqdir.
Qədim
çin hökmdarlarından birinin vannasında belə bir
cümlə həkk olunub: “Özünü hər gün təzələ,
dönə-dönə təzələ, təzələ, təzələ!..”
Elman
müəllim kimi alimlər isə öz aramsız elmi
axtarışları ilə həm özlərinin, həm də
saysız oxucularının beyinlərini, qəlblərini, hiss
və duyğularını təzələyirlər.
Professor Elman Quliyev indi həm ömür-gün, həm
də yaradıcılıq yolunun ən coşqun, ən məhsuldar
çağlarını yaşayır. Bu yolda ona yeni-yeni uğurlar
diləməklə yanaşı inanıram ki, bundan sonra da həmişə
onun xoş sorağını eşidəcək və bir
eloğlu kimi bütün bunlara sevinənlərdən biri də
özüm olacağam...
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2013.- 8 mart.- S.16.