Yaponiya təhsil modelinə
Azərbaycandan baxış
Şərqi
Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən,
dörd böyük (Honsü,
Küsü, Hokkaydo, Sikoku) və çoxlu sayda kiçik
adalardan ibarət olan Yaponiya 47 prefekturaya (bölgəyə)
bölünüb. Yaponiyada təhsil dövlət, ailə və
ümumilikdə cəmiyyət tərəfindən himayə
olunur.
Yaponlar
kiçik yaşlarından ciddi və davamlı şəkildə
müvafiq biliklərə yiyələnməyə
başlayırlar. Uşaqlar bunu, yüksək səviyyəli
məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə
oxumaq, müvafiq seçimlərdə müsabiqələrdən
keçə bilmək, daha sonra isə qabaqcıl şirkətlərdə
çalışmaq üçün edirlər. Yaponiyada
yüksək səviyyəli təhsil hər bir şəxsin
gələcək uğurlarına zəmanət hesab olunur.
Təhsil
naziri Misir Mərdanovun dediyinə görə, təhsil
sistemində aparılan mütərəqqi islahatlar II Dünya
müharibəsindən sonrakı onilliklərdə ölkənin
tərəqqisi və iqtisadi inkişafında mühüm rol
oynayıb. 1947-ci ildə Fundamental Təhsil və Məktəb
Təhsili qanunları qəbul olunub. Məktəb Təhsili
Qanunu bu gün də mövcud olan təhsil sistemini müəyyən
edir: Məktəbəqədər
təhsil – 6 yaşa qədər uşaqları əhatə
edir. Ümumi orta təhsil – ibtidai təhsil – 6 il,
aşağı orta məktəb – 3 il, yuxarı orta məktəb
– 3 il. Ali təhsil- bakalavriat – 4 il, magistratura – 2 il, doktorantura
– 2 il. Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində-I-IX
siniflərdə təhsil icbaridir. 11 aylıq tədris ili
apreldə başlayır və martda başa çatır. Dərslər
məktəbdən asılı olaraq, həftədə 5 və
ya 6 gün keçilir. Tədris ili üç semestrdən
ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili
verilir. Məktəblərdə vahid məktəbli forması
sistemi tətbiq olunur. İbtidai məktəb şagirdlərinin
məktəbli forması orta məktəb şagirdlərinin
geyimindən fərqlənir.
Ölkədə bütün dərsliklər pulsuzdur. Məktəblərdə
alternativ dərsliklərdən istifadəyə də icazə
verilir. Eyni zamanda, fənn müəllimləri də
yardımçı dərslik, dərs vəsaiti hazırlaya
bilərlər. Ancaq təhsili idarəetmə orqanları tərəfindən
təsdiq edildikdən sonra onların istifadəsinə icazə
verilir.
M.Mərdanov
bildirib ki, Yaponiyada müəllim hazırlığına və
işə qəbul məsələsinə çox ciddi
yanaşılır. Müəllimlər tələbləri
kifayət qədər ciddi və sərt olan imtahan verdikdən
sonra işə qəbul edilir. Müəllimlərin
böyük əksəriyyəti könüllü şəkildə
axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul
olmaqla məktəbdə işlərini davam etdirirlər.
Yaponiyanın
orta məktəblərində bir müəllim eyni bir məktəbdə
6 ildən çox çalışa bilməz. Bu müddət
bitdikdən sonra prefekturadakı digər məktəbdə və
ya digər prefekturadakı tədris ocaqlarında işlə təmin
edilir. İş yerini dəyişən müəllimin evlə
təmin edilməsi təhsili idarəetmə orqanları tərəfindən
həyata keçirilir. 2009-cu
ilin statistik məlumatlarına görə, Yaponiyada 13536
uşaq bağçası, 22258 ibtidai məktəb, 10864
aşağı orta məktəb, 5183 yuxarı orta məktəb,
1026 xüsusi qayğıya ehtiyacı olanlar üçün
məktəb, 64 texniki kollec, 406 yeniyetmələr
üçün kollec, 773 ali məktəb, 3348 peşə
ixtisas kolleci fəaliyyət göstərir: “Yaponiyada bir
çox əcnəbi dillərin, xüsusilə ingilis dilinin tədrisinin
təkmilləşdirilməsi prioritet kimi qəbul edilib.
İngilis dilinin tədrisi səviyyəsinin yüksəldilməsi
üçün hökumət Yaponiya Mübadilə və Tədris
Proqramı çərçivəsində ingilisdilli ölkələrdən
müəllimlər dəvət edir”. Məktəbəqədər
təhsil haqda danışan M.Mərdanov deyib ki, Yaponiyada
uşaqların məktəbəqədər təhsilə cəlb
olunması könüllülük prinsipinə əsaslanır.
Məktəbəqədər təhsil müəssisələrində
uşaqların təlim-tərbiyəsi üçün nəzərdə
tutulmuş müvafiq proqramlar vasitəsilə tədris
aparılır. Məktəbəqədər təhsil həyat
boyu təlimin formalaşmasında əsas rol
oynadığı üçün bu təhsil pilləsi ən
mühüm mərhələ hesab olunur. Bu baxımdan ölkədə
hər bir uşağın keyfiyyətli məktəbəqədər
təhsillə təmin olunması xüsusi əhəmiyyət
kəsb edir. Ölkədə həm dövlət, həm də
özəl uşaq bağçaları mövcuddur. Məktəblər
məktəbəqədər müəssisələrlə
yaxından əməkdaşlıq edir. Onu da qeyd edək ki, məktəbəqədər
təhsil müəssisələrində 6 yaşa qədər
1636336 uşağın təlim-tərbiyəsi ilə 110692
müəllim məşğul olur: “Yaponiyada ibtidai və orta
təhsilin aşağı pilləsində təhsil icbaridir.
Uşaqlar 6 yaşdan 12 yaşa qədər – I-VI siniflərdə
bu təhsil pilləsində oxuyurlar. İbtidai təhsil pilləsində
şagirdlərlə əsasən, iki müəllim məşğul
olur. Dərslərdə daha çox tətbiqi bacarıqlara,
müzakirələrə və oyunlara üstünlük
verilir. İbtidai təhsil müəssisələrində
7063606 şagirdin təlim-tərbiyəsi ilə 419518 müəllim
məşğul olur. 2011-ci ildən
etibarən ingilis dili ibtidai məktəb kurikulumunun icbari hissəsini
təşkil edir. Əksər şagirdlər ibtidai, orta təhsilin
aşağı pilləsində dövlət müəssisələrində
oxusalar da, orta təhsilin yuxarı və ali təhsil pillələrində
özəl təhsil müəssisələrinə
üstünlük verirlər.
Qeyd
etdiyim kimi, Yaponiyada orta təhsil aşağı və
yuxarı pillələrə bölünür və
ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil
müəssisələrində 6947634 şagirdin təlim-tərbiyəsi
ilə 490113 müəllim məşğul olur.
Orta təhsilin
aşağı pilləsinə VII, VIII və IX siniflər
daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər bu təhsil
pilləsində oxuyurlar. Bu dövrdə məktəblərdə
əsas diqqət akademik fənlərə yönəldilir. Orta
təhsilin aşağı pilləsini bitirən şagirdlərin
96 faizi öz təhsillərini orta təhsilin yuxarı pilləsində
davam etdirirlər. İbtidai məktəblər kimi, orta məktəblərin
də böyük əksəriyyəti dövlətə məxsus
olsa da, onların 5 faizi özəldir. Özəl orta məktəblərdə
birillik təhsil haqqı orta hesabla 4000 ABŞ dollarına
(558592 yen) yaxındır. Bu məbləğ, hökumətin
dövlət orta məktəblərində oxuyan bir şagird
üçün müəyyən etdiyi 934 ABŞ dolları
(130828 yen) ilə müqayisədə, təxminən 4 dəfə
çoxdur.
Aşağı
orta məktəblərdə müəllimlər yalnız
ixtisaslarına uyğun fənləri tədris edirlər.
Müəllimlərin 80 faizi 4 illik kollec məzunlarından
ibarətdir. Siniflərdə şagird sıxlığı
çox yüksəkdir və orta hesabla bir sinifdə 35-dən
artıq şagird olur. Dərs keçmək üçün
şagirdlər deyil, əsasən, müəllimlər sinifdən-sinfə
dəyişirlər. Orta təhsilin
aşağı pilləsində tədris mühazirə
üsuluna əsaslansa da, müəllimlər digər texniki
vasitələrdən də istifadə edirlər. Eləcə
də dərs zamanı şagirdlər üçün
laboratoriya işləri müəyyən olunur.
M.Mərdanov
vurğulayıb ki, məktəblərdə kompüterləşməyə
hələ ötən əsrin 80-ci illərinin sonlarından
başlanılıb. Məlumatlara görə, 1989-cu ilə qədər
dövlət əsaslı orta məktəblərin 45 faizi
kompüterlərlə təmin olunub.
Tədrisin
bütün məzmunu orta təhsilin aşağı pilləsi
üçün nəzərdə tutulan tədris kursunda
müəyyən olunur. Orta təhsilin aşağı pilləsinin
kurikulumuna yapon dili, ictimai elmlər, riyaziyyat, təbiət elmləri,
musiqi, incəsənət, tibbi və fiziki təhsil daxildir.
Bundan əlavə, bütün şagirdlərə
maşın və mexanizmlər haqqında müvafiq məlumatlar
verilir, əmək təlimi tədris edilir. Şagirdlərin əksəriyyəti
dərsdən sonra bir sıra məktəb dərnəklərində
fəal iştirak edir, axşamlar və ya həftə
sonlarında isə özəl sinifdənxaric kurslara gedirlər.
Yaponiyada
3 il davam edən orta təhsilin yuxarı pilləsi məcburi
olmasa da, orta təhsilin aşağı pilləsini bitirənlərin
96 faizi təhsillərini bu pillədə davam etdirirlər.
Orta təhsilin yuxarı pilləsində özəl məktəblərə
tələbat daha çoxdur. Odur ki, təhsilin bu mərhələsində
özəl tədris ocaqları bütün orta məktəblərin
95 faizini təşkil edir. Onu da qeyd edək ki, orta təhsilin
yuxarı pilləsində təhsil həm dövlət, həm
də özəl məktəblərdə pulludur. Özəl
məktəblərdə bir şagird üçün nəzərdə
tutulan təhsil haqqı dövlət məktəblərindəki
xərclərdən iki dəfə çoxdur. Orta təhsilin
yuxarı pilləsində tədris əsasən əyanidir və
şagirdləri ali və peşə ixtisas təhsilinə
hazırlayan akademik kurslar təklif edən ümumi proqram əsasında
aparılır. Şagirdlərin 70 faizdən çoxu
ümumi akademik proqramlar üzrə təhsil alır. Məktəblərin
kiçik bir hissəsində isə qiyabi, axşam kursları
təşkil olunur. Proqramın birinci illərində
şagirdlərə yapon dili, ingilis dili, riyaziyyat və təbiət
elmləri tədris olunur və şagirdlərin qabiliyyət fərqləri
üzə çıxarılır. İkinci ildə isə tədris
kursunun məzmunu və məktəblinin seçimi fərdiləşdirilir.
Bunlarla yanaşı, ümumi proqramın tədrisi zamanı əsas
akademik materialın mənimsənilməsinə xüsusi diqqət
yetirilir. Orta təhsilin yuxarı pilləsində
çalışan müəllimlərin çoxu universitet məzunlarıdır.
Məktəblər bölmələrə ayrılır və
müəllimlər öz ixtisas sahələrinə uyğun
bölmələrdə çalışırlar. Bununla belə,
müəllimlər öz ixtisasları çərçivəsində
müxtəlif kurslarda da işləmək imkanına malikdirlər.
Tədris prosesində əsasən mühazirə üsuluna
üstünlük verilir. Orta təhsilin yuxarı pilləsində
fiziki cəhətdən qüsurlu şagirdlərin təlimi əsasən
peşəyönümlüdür. Bu, onların cəmiyyətdə
mümkün qədər müstəqil olmasını təmin
etmək məqsədi daşıyır. Şagirdlərin
fiziki qüsurundan asılı olaraq peşəyönümlü
təhsil fərqlənir. Onu da qeyd etmək lazımdır ki,
ümumiyyətlə, ölkədə peşə ixtisas təhsili
orta təhsilin ən vacib hissəsinə çevrilib.
Peşə
ixtisas təhsili barədə danışan M.Mərdanov qeyd
edib ki, gənc nəslin karyera qazanmaq imkanlarının
genişləndirilməsini, əhalinin məşğulluq səviyyəsinin
artırılmasını nəzərə alaraq, peşə
ixtisas təhsilinin ümumi inkişafı Yaponiyada hər zaman
diqqət mərkəzində saxlanılır, uşaqların
gənclik illərindən müəyyən peşələrə
yiyələnməsinə olduqca ciddi yanaşılır. Bu
baxımdan, peşə ixtisas təhsilinin perspektiv
inkişafını nəzərdə tutan strategiyanın
hazırlanması xüsusilə qeyd olunmalıdır.
Yaponiyada
peşə təhsili proqramlarına yüzlərlə
ixtisaslaşmış kurslar daxildir. Həmin kurslarda
informasiyanın emalı, gəmiçilik,
balıqçılıq, sənətkarlıq və digər
çoxsaylı ixtisaslar üzrə kadrlar hazırlanır.
Peşə ixtisas təhsili alanlar biznes və sənaye sahələri
ilə bağlı ixtisaslara daha çox üstünlük
verirlər. Peşə ixtisas kolleclərinin məzunları
yalnız müvafiq qaydalar çərçivəsində qəbul
imtahanı verdikdən sonra ali məktəbdə, texniki və
ya yeniyetmələr üçün xüsusi hazırlıq
kolleclərində təhsillərini davam etdirə bilərlər:
“Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona
yaxın tələbənin təlim-tərbiyəsi ilə 172
mindən artıq müəllim məşğul olur. Ən
nüfuzlu və qocaman dövlət ali məktəbləri
arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci
ildən fəaliyyət göstərən Kioto və 1931-ci
ildə yaradılmış Osaka universitetlərinin
adını çəkə bilərik. Onlardan başqa,
xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku
universitetləri də tələbələrin ən çox
maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli
mütəxəssislər yetişdirirlər. Özəl
universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və
Kansay universitetləri daha məşhurdurlar.
Dövlət
universitetlərinə daxil olmaq üçün mütləq
tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə
qəbul 2 mərhələdə həyata keçirilir.
Birinci mərhələdə, abituriyentlər universitetlərə
qəbulu həyata keçirən milli mərkəzin
apardığı sınaqlarda iştirak edirlər.
Sınaqdan müvəffəqiyyətlə keçənlər
bilavasitə universitetlərdə təşkil edilən qəbul
imtahanlarına buraxılırlar. Qeyd etmək lazımdır
ki, özəl universitetlər qəbul imtahanlarını
müstəqil olaraq həyata keçirirlər. Nüfuzlu və
tam formalaşmış özəl universitetlərin nəzdində
uşaq bağçaları, ibtidai, aşağı və yuxarı
orta məktəblər fəaliyyət göstərir. Belə
kompleks tədris ocaqlarında uşaq bağçasından
yuxarı məktəbə qədər müvəffəqiyyətli
nəticələr göstərmiş abituriyentlər
universitetə imtahansız qəbul olunurlar. Tədris prosesində
ümumi elmi və xüsusi fənlərə bölünmə
Yaponiya ali təhsilinin səciyyəvi xüsusiyyətidir. Tələbələr
ilk 2 il ərzində ümumi fənləri – tarix, fəlsəfə,
ədəbiyyat, ictimaiyyat və xarici dilləri öyrənməklə,
həmçinin gələcək ixtisasları ilə
bağlı xüsusi kursları dinləməklə ümumi
hazırlıq keçirlər. Bu dövrdə tələbələr
seçdikləri peşənin mahiyyətini daha dərindən
dərk edir, müəllimlər isə tələbə
seçiminin ixtisas baxımından düzgün
aparıldığına bir daha əmin olmaq, onun elmi
potensialını dəqiq müəyyənləşdirmək
imkanı qazanırlar. Bu mərhələni başa vurduqdan
sonra tələbə öz ixtisasını, hətta
fakültəsini də dəyişə bilər. Sonrakı 2
ili isə tələbələr seçdikləri peşəni
dərindən öyrənməyə həsr edirlər.
Universitetlərin
hamısında təhsil müddəti bakalavriat pilləsində
4 ildir. Ali tibb məktəblərinin tələbələri, stomatoloq
və baytar ixtisaslarına yiyələnmək istəyənlər
əlavə olaraq daha iki il təhsil alırlar. Bəzi istisna
hallardan başqa, tələbələrin bir universitetdən
digərinə köçürülməsinə icazə
verilmir. Lakin ayrı-ayrı universitetlər əcnəbi tələbələrin
II və ya III kursa qəbulunu həyata keçirirlər. Bunun
üçün əcnəbi tələbələrdən
xüsusi imtahanlar götürülür. Universitetlər tədris
prosesini əsasən semestrlər üzrə təşkil
edirlər. Tələbələrin qiymətləndirilməsində
vahid bal sistemi qəbul olunub. Bakalavr pilləsini uğurla
başa vurmaq üçün 124-150 arasında bal toplamaq tələb
edilir.
Elmi-tədqiqat
işlərində öz bacarıqlarını göstərə
bilən ali məktəb məzunları 2 illik magistr (suşi)
pilləsində təhsillərini davam etdirmək imkanı
qazanırlar. Magistr pilləsi üçün olan proqram ciddi
surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə
tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram
üzrə ikiillik təhsildən sonra buraxılış
imtahanı verilir. Fəlsəfə elmləri doktoru elmi dərəcəsi
(nakuşi) almaq üçün magistrlər 3 il, bakalavrlar isə
5 ildən az olmayaraq əlavə təhsil almalıdırlar.
Doktorluq dərəcəsi proqramını mənimsəmiş
doktorantlar 50 bal toplamalı, buraxılış imtahanı verməli,
müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında
dissertasiya işini müdafiə etməlidirlər.
Onu da qeyd
edim ki, fiziki cəhətdən qüsurlu gənclərin ali təhsil
almasını təmin etmək imkanlarının genişləndirilməsi
Yaponiya hökumətinin qarşısında duran əsas məqsədlərdən
biridir. Hökumət fiziki cəhətdən qüsurlu tələbələrin
ali təhsil müəssisələrinə daxil olması
üçün daha əlverişli qaydaların tətbiqinə
davamlı səylər göstərir”.
M.Mərdanov bildirib ki, Yaponiyada bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6 illik təhsil müəssisələri fəaliyyət göstərir. 4 illik kolleclər dövlət əsaslı milli universitetlər, prefekturaların, bələdiyyələrin təsis etdiyi yerli universitetlər və özəl təhsil müəssisələrindən ibarətdir. Kollec tələbələrinin böyük əksəriyyəti əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes, hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər və pedaqoji ixtisaslar daxildir. Ali təhsil müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil edir. Bu xərclərin ödənilməsini təmin etmək üçün tələbələr günün müəyyən bir hissəsini işləyir və ya hökumətin dəstək verdiyi Yaponiya Təqaüd Assosiasiyasından borc götürürlər. Yerli hökumət qurumları, humanitar təşkilatlar və digər qurumlar da ali təhsil xərclərinin ödənilməsi üçün tələbələrə yardım paketləri təklif edirlər.Yaponiyada elmin, təhsilin inkişafına göstərilən qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi yüksək əzmkarlıq ölkə həyatının bütün sahələrində özünü büruzə verir. Təsadüfi deyil ki, dünya universitetlərinin reytinq cədvəlinə görə Yaponiyanın Tokio, Kyoto, Keio, Uaseda universitetləri yüksək yerlər tutur. Özəl təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul olanların 80 faizini təşkil edir. Bununla belə, dövlət əsaslı milli universitetlərə qəbul olunmaq da yüksək qiymətləndirilir. Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri ilə eyni səviyyədədir. Bu təhsil müəssisələri texniki və yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərinə bölünürlər. Kolleclərdə humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif olunur. Əksəriyyəti özəl olan bu təhsil müəssisələrinə daxil olmaq istəyənlərin sayı olduqca çoxdur. Kolleci bitirənlər universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər. Texniki kolleclərdə natamam orta təhsili olanlar 5 il, tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat, maşınqayırma və digər fənlər tədris olunur. Yaponiyada yeniyetmələr üçün kolleclərdə mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi, aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar kurslar təklif edilir. Bir çox kolleclər yalnız qadınlar üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər, pedaqoji, gigiyena kimi fənlər tədris olunur.
Təhsilin idarə olunmasından bəhs edən
M.Mərdanov deyib ki, Yaponiya təhsili federal hökumət və
regional strukturlar – prefektura və bələdiyyələr tərəfindən
idarə olunur. Federal hökumətin fəaliyyətinə təhsil
sisteminin idarə edilməsi, milli kurikulum standartlarının
yaradılması, müəllimlərə lisenziyaların
verilməsi, təhsilin maliyyələşdirilməsi, dərsliklərin
paylanması aiddir. Prefekturalardakı təhsili idarəetmə
orqanları müəllimlərin məktəblərə təyinatını,
yuxarı orta məktəblərin yaradılması və idarə
olunmasını, məktəblərin tədris şəraitinin
yaxşılaşdırılmasını, xüsusi məktəblərin
açılması üçün icazənin verilməsini
həyata keçirirlər. Dövlət məktəblərinin
yaradılması və idarə olunması məsələləri
isə birbaşa bələdiyyələrin üzərinə
düşür.Təhsilə ayrılan xərclər də
bu üç orqan – federal hökumət, prefektura və bələdiyyələr
arasında bölüşdürülür. Yaponiyanın Təhsil,
Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyi tərəfindən
təhsil sistemini kollegial qaydada idarə etmək
üçün Təhsil Şurası yaradılıb. Bu
qurum ölkənin təhsil siyasətini müəyyənləşdirir,
yerli təhsil orqanlarının nümayəndələrinin fəaliyyətini
istiqamətləndirir və müvafiq təlimatlar verir. Hər
prefekturadan 1 nəfər Təhsil Şurasının
üzvlüyinə təyin olunur. Təhsil
Şurasının rəhbəri isə üzvlər
arasından seçilir. Yerli təhsili idarəetmə
orqanları Təhsil Komitəsi adlanır. Bu qurumun fəaliyyətində
idarəetmə və koordinasiya, ümumtəhsil, fasiləsiz
təhsil, mədəniyyət, idman sahəsi əsas yer tutur:
“Cəmiyyətin qapalılığı və dilin qəlizliyi
səbəbindən Yaponiya əcnəbi tələbələri
özünə cəlb edən dünya öncülləri
sırasına daxil olmayıb. Bu baxımdan, həyata
keçirilən ali təhsilin beynəlmiləlləşdirilməsi
siyasəti müsbət nəticə əldə olunmasına
təkan verir. Ölkənin ali məktəbləri əsasən
qonşu Asiya xalqlarından olan gəncləri özünə
cəlb edir. Əcnəbi tələbələr arasında
Çin, Tayvan və Koreyanın vətəndaşları daha
çoxdur. Avropa və Amerika ölkələrindən də
az sayda tələbələr Yaponiya universitetlərini
seçirlər. Yaponiyada təhsil almaq istəyən əcnəbi
tələbələrin qəbulu yerli abituriyentlərlə
eyni şərtlər daxilində aparılır. Beynəlxalq
Bakalavr və Abitur proqramları üzrə imtahan verənlər
də Yaponiya universitetlərində oxumaq hüququ
qazanırlar. İddialı şəxslər 12 illik tam orta təhsil
alması haqda sənəd təqdim edərək imtahanlara
qatıla bilərlər. Əcnəbi tələbələr
dünya tarixi, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya və
ingilis dili fənlərindən ümumi imtahan verməlidirlər.
Ən əsası isə yapon dilində olan test
yoxlamasından keçməkdir. Yapon dili üzrə test Beynəlxalq
Təhsil Assosiasiyası tərəfindən dünyanın 31
ölkəsində təşkil edilir. Məlum olduğu kimi, yapon dili
dünyada ən çətin dillərdən biridir. Bu dili
öyrənmədən Yaponiyanın mədəniyyətini,
idarəetmə üsulunu dərindən anlamaq, ali məktəblərdə
təhsil almaq mümkün deyil. Əcnəbi tələbələr
üçün Yaponiya ali məktəblərində təhsil
haqqı dövlət və özəl universitetlərdə kəskin
fərqlənir. Əcnəbilər üçün ən
bahalı təhsil iqtisadiyyat, tibb, filologiya və pedaqogika
ixtisasları hesab olunur. Yaponiyada əcnəbi tələbələrin
80 faizi öz vəsaitləri hesabına təhsil alır. Təqaüd
proqramları çərçivəsində oxuyan tələbələr
əsasən Yaponiya hökuməti, Yaponiya Assosiasiyası, Beynəlxalq
Həmrəylik, Təhsil, Mədəniyyət, İdman, Elm,
Texnologiya Nazirliyi proqramları tərəfindən maliyyələşdirilir.
Həmçinin bir sıra özəl fondlardan da təhsil təqaüdü
almaq mümkündür”.
M.Mərdanov
əlavə edib ki, Yaponiya ilə Azərbaycan arasında təhsil
sahəsində geniş əlaqələr yaradılıb,
ikitərəfli tələbə mübadiləsi
proqramları həyata keçirilir. Qurulan bu əlaqələr
sayəsində hazırda onlarlı azərbaycanlı gənc
sözügedən ölkənin nüfuzlu ali təhsil müəssisələrində
təhsil alır.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2013.- 8 mart.- S.14-15.