Məleykə Abbaszadə: “Tanrının
bizə bəxş etdiyi bu cənnət ölkəni öz əməllərimizlə
daha da gözəlləşdirməliyik”
Bugünlərdə
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində
cazibədar
qadın olmaqla yanaşı, həm də məsul
vəzifə daşıyan xanımın qonağı olduq. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri
Məleykə Abbaszadə ilə söhbətimizə bu
günlərdə komissiyanın dərsliklərin monitorinqini
aparması məsələsinə toxunmaqla start verdik. Mükaliməmiz Məleykə
xanımın cəmiyyətdə gender balansı, 8 Mart Beynəlxalq
Qadınlar Günü ilə bağlı fikir və
düşüncələrinin bölüşməsi ilə
davam etdi.
– Məleykə
xanım, əvvəlcə sizi “Şöhrət” ordeni ilə
təltif olunmağınız münasibətilə təbrik
edirik. Bu, yəqin ki, yeni uğurlar
üçün böyük stimuldur.
– Təşəkkür
edirəm. İlk növbədə qeyd etməliyəm ki, mənim
“Şöhrət” ordeni ilə təltif edilməyimi möhtərəm
cənab Prezident tərəfindən bütövlükdə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə
verilən yüksək qiymətin təzahürü kimi
böyük minnətdarlıq hissi ilə qəbul edirəm.
Bilirsiniz, Allah bizim ölkəmizə hər şey bəxş edib. Tanrının bizə bəxş etdiyi bu cənnət
ölkəni öz əməllərimiz, xeyirli işlərimizlə
daha da gözəlləşdirməliyik. TQDK
xalqımızın təhsilli, intellektual gələcəyi
üçün bu istiqamətdə öz töhfələrini
verməyə çalışır. Müsahibəmizin
əvvəlində sizə sual verirəm; niyə TQDK-nın
imtahanlarına ciddi hazırlaşırlar?
–
TQDK-nın devizi bu suala cavab verir: bilik qiymətləndirilir.
– Bəli,
bunu bilirlər. Test imtahanının tətbiq olunduğu ilk
illər vəziyyət çətin idi. Dələduzlar
da, müəyyən problemlər də var idi. Həmişə bu proseslərə kimlərsə
müdaxilə etməyə çalışırdılar.
Amma biz öz yolumuzla gedirdik. Son ildə bizə yeni məsul vəzifələr həvalə
olunub. Bu, bizə göstərilən
etimaddır. Əgər ölkə rəhbərliyi
tərəfindən bizə etimad edilibsə, deməli ikiqat
artıq məsuliyyətlə işə yanaşmaq
lazımdır.
– Son
dövrlərdə Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası dərsliklərin monitorinqinin
aparılması məsələsi ilə gündəmdədir.
Hansı işlər görülür, hansı
nəticələr var?
– Ali və
orta ixtisas məktəblərinə qəbul imtahanlarının
test üsulu ilə həyata keçirildiyi vaxtdan bəri
imtahanın məzmunu ilə bağlı materiallar məktəb
dərslikləri əsasında hazırlanır. Bu məqsədlə dərsliklər təhlil edilir,
onlarda olan elmi-metodiki səhvlər, mübahisəli məqamlar
aydınlaşdırılır. İlk illərdə bu
proses yalnız bir neçə ekpert tərəfindən
aparılırdı. 1994-cü ildən TQDK-da
imtahan fənləri üzrə elmi-metodiki seminarlar təşkil
edilib. Həmin vaxtdan başlayaraq
hal-hazıradək dərsilklərin müzakirəsi sistemli
şəkildə aparılır. Müzakirələr
nəticəsində dərsliklərdə olan səhvlər
barədə məlumatlar hazırlanır və mütəmadi
olaraq “Abituriyent” jurnalında dərc olunaraq təhsil ictimaiyyətinin
diqqətinə çatdırılır. Bilirsiniz
ki, keçən ilin aprelindən möhtərəm
Prezidentimizin fərmanı ilə ümumtəhsil fənləri
üzrə dərsliklərin və dərs vəsaitlərinin
monitorinqi TQDK-ya həvalə olunub. Prezidentin
fərmanının icrasını həyata keçirmək məqsədilə
I-XI sinif dərslikləri barədə fikirlərini, rəy və
təkliflərini bildirmələri üçün pedaqoji
ictimaiyyətə elan ünvanladıq. Keçən
ilin oktyabrında TQDK-nın internet saytında derslik@tqdk.gov.az
səhifəsi yaradılıb. Hazırda
bu ünvana 10 minə yaxın- 9802 qeyd və təklif daxil
olub. TQDK-ya elektron və adi poçtla daxil
olmuş, açıq müzakirələrdə bildirilmiş
qeydlər iradlar və təkliflər müvafiq fənn
üzrə Ekpert Şuralarında diqqətlə
araşdırılıb. Araşdırmalar
nəticəsində formalaşdırılan yekun rəylərdə
dərsliklərin kurikulum proqramlarına uyğunluğu, məzmunu,
elmi-metodiki keyfiyyətləri, dil və üslubu, dizayn və
bədii tərtibatı, verilmiş tapşırıqların
mövzulara aid olmasına ciddi fikir verilib.
İbtidai sinif dərsliklərinin açıq
müzakirəsini aparmaq üçün TQDK-da 2012-ci ilin
oktyabr ayından ibtidai sinif müəllimlərinin
seminarları təşkil olunub. Dərsliklərin açıq
müzakirəsində iştirak etmək üçün Təhsil
Nazirliyinə, Təhsil Problemləri İnstitutuna, Bakı Təhsil
Şöbəsinə məktublar göndərilib və
onların müvafiq sahələr üzrə mütəxəssisləri
bu seminarlarda iştirak etməyə dəvət olunub. Dərsliklərin
açıq müzakirəsinə dair seminarlarda praktik müəllimlər,
metodistlər, AMEA-nın müvafiq sahələr üzrə
mütəxəssisləri, ail məktəblərin müəllimləri,
Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun
Kurikulum Mərkəzinin nümayəndələri, Dərslikləri
Qiymətləndirmə Şurasının sədri və
ekspertləri, dərslik müəllifləri
iştirak ediblər. Seminarlarda eyni zamanda Bakı və
Sumqayıt şəhərlərindən olan ibtidai sinif müəllimləri,
mütəxəssilər, metodistlər, eləcə də
TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran
və Quba regional bölmələri ilə yaradılan
videobağlantı əsasında həmin bölgələrin
müəllimləri və metodistləri iştirak edərək
qeyd və təkliflərini bildiriblər. Biz ,
əlbəttə, Təhsil Nazirliyinin dərslik siyasətinə
qarışmırıq, sadəcə TQDK-ya həvalə ounan
funksiyanı yerinə yetiririk. Biz hesab edirik ki,
2005-ci ildən dövlət vəsaiti hesabına
hazırlanaraq şagirdlərə pulsuz paylanılan dərsliklər
dərslik siyasətinin tələblərinə əsasən
şagirdlərin yaş psixologiyası və fizioloji
xüsusiyyətləri nəzərə alınmaqla,
düzgün tərtib olunmalı, elmi-metodiki və üslubi səhvlərə
yol verilməməlidir. Qaydaya görə,
dərsliklər müəyyən meyarlar əsasında Qiymətləndirmə
Şurasının Ekspertləri tərəfindən qiymətləndirilir.
Ona görə də, fikrimizcə istifadəyə
verilən dərslik komplekslərində ciddi qüsurlar
olmamalıdır. Yeri gəlmişkən, bir məsələni
qeyd edim ki, bəzi mətbuat nümayəndələri- əlbəttə,
peşəkarları buraya aid eləmirik,-
hər hansı bir xəbəri əldə edən kimi bundan
şou yaratmağa çalışırlar, məsələyə
birtərəfli yanaşırlar. Biz əlbəttə
qüsurları deyirik, amma uğurlardan da
danışırıq. İstəyirik ki,
media mənsubları bu məsələlərdə diqqətli
olsunlar, bir məlumat əldə edən kimi bundan tiraj
artırmaq üçün yararlanıb TQDK ilə Təhsil
Nazirliyi arasında qarşıdurma yaratmağa cəhd göstərməsinlər.
– Məleykə
xanım, dərsliklərin monitorinqi hansı qaydalara uyğun
aparılır? Dünya təcrübəsindən
yararlanırsınızmı?
–
Monitorinqin həyata keçirilməsi üçün qaydalar
hazırlanıb. Bu məqsədlə Avropa
ölkələrinin, Türkiyə, Rusiya və
Qazaxıstanın bu sahədəki təcrübələri
öyrənilib. Böyük Britaniya, Fransa, Macarıstan,
Rumıniya və Avstriyada dərsliklərin açıq
müzakirəsinin necə təşkil olunması barədə
sənədlərə də baxılıb.
– İndiyədək ibtidai sinif dərsliklərinin
monitorinqi aparılıb, yuxarı sinif dərsliklərinin
monitorinqi də nəzərdə tutulurmu?
– Bəli,
biz mərhələli və mütəmadi şəkildə
bu işləri görmək niyyətindəyik. Hazırda TQDK-da 5-ci siniflər üzrə dərsliklərin
müzakirəsi aparılır. Mart
ayının 10-dan sonra 2-ci sinif dərsliklərinin müzakirəsinə
başlanılacaq. Dərsliklərin
monitorinqi çox strateji sahədir. Çünki hətta
kitabdan uzaq ailələrdə də dərsliklər var, dərslik
uşağın əlinə aldığı ilk elm
kitabıdır. Ona görə də dərsliklərin
monitorinqi işi təhsilli gələcəyə nail olmaq
üçün görülən böyük miqyaslı
işdir. Prezidentin fərmanı ilə bizə həvalə
olunan işi elmi əsaslarla metodiki cəhətdən
düzgün qurmuşuq, nəticələr əldə etmişik və
bu monitorinqləri davamlı olaraq həyata keçirəcəyik.
– Gərgin
iş qrafiki ilə çalışan xanımsınız. Stereotiplərin mövcud olduğu cəmiyyətimizdə
sizə nələrsə çətinlik yaradırmı?
– Cəmiyyətdə qadınların kişilərlə
eyni hüquqları olmalıdır və biz bunu doğulandan
belə qəbul etmişik. Onu deyim ki, “Qurani- Kərim”də
də qadınlarla kişilərin bütün məsələlərdə
hüquqları bərabərdir. Hətta bəzi
mənəvi məsələlərdə qadınlara
münasibət müqəddəs kitabımızda daha
yüksək, daha alidir. Amma qadınlar deyəndə
ki, biz kişilərlə eyni hüquqa malikik və sonra
özləri üçün “qadınıq, bizdə kvota
olmalıdır, işimizdə bizi qabağa çəkməlidirlər,
heç olmasa prezidiumda bir qadın olmalıdırmı?” deyib
hansısa güzəşt istəyəndə, mən bunun əleyhinəyəm.
Hesab edirəm ki, əgər kişilərlə
eyni hüquqlara malikik deyiriksə, onda gərək kişilərlə
eyni səviyyədə işləməyi də bacaraq. Mən hansısa bir işin öhdəsindən gəlirəmsə,
mənə işləyən insan münasibəti göstərilməlidir,
istəmirəm ki, desinlər; “qadındır, bu işi
bacarıb”. Bu, mənim mövqeyimdir. Mən istəmirəm,
qadınlar üçün kvota olsun. Hesab
eləyirəm ki, bizim qadınların özlərinin kifayət
qədər gücü var ki, onlar öz intellektual
potensiallarını göstərə bilsinlər. Amma müəyyən sərhədlər var. Yəni,
cəmiyyətdə qadınlar üçün müəyyən
gözəgörünməz sərhədlər qoyulub. Bunlar yazılmamış qanunlardır. Bununla bağlı gender sahəsində hələ də
problem var; “şüşə tavan” problemi. O
görünmür, amma qadın müəyyən bir mərhələyə
çatandan sonra həmin “şüşə tavan” onu
inkişaf etməyə qoymur. Bizim cəmiyyətimizdə də
bu şüşə tavan var. O tavanı qırmaq, inkişaf
etmək lazımdır. Qızdır, xaricə
oxumağa getməsin, ya da şagird mübadilələrində
qızlar iştirak etməsin-bax, bunlar gözəgörünməz,
hər bir mərhələdə özünü göstərən
sərhədlərdir. Ali məktəbə
qızlar qəbul olanda –bu, xüsusi ixtisasdır, yalnız,
qızlar üçündür- tipli fikirlər və sair bu
sərhədləri müəyyənləşdirir. Bu qızların öz istəyidirsə, lap
yaxşı, axı bu təkcə qızların öz istəyi
deyil, qızları bu istiqamətlərə yönəldirlər. Müəyyən vaxt
keçəndən, insan özünü dərk eləyəndən
sonra başa düşür ki, axı niyə mən bu vəziyyətə
gəlib düşmüşəm? Bu
istiqamətdə müəyyən ekstremist fəaliyyət də
var. Tutalım, feminist cəmiyyəti buna misaldır. Bu da bir növ etirazdır.
–
Kişilərin üstünlüyü ələ
aldığı maskulin cəmiyyətinə qarşı
etiraz...
– Bəli,
doğrudur. İstəmirəm qadınlar o
günə düşərək belə etiraz etsinlər.
Mən insan cəmiyyətinin olmasını
arzulayıram. Ancaq etiraf edək ki, hələ
də bəzi məsələlərdə Azərbaycan cəmiyyəti
maskulin cəmiyyətidir. İstəmirəm
ki, belə maskulin cəmiyyətində qadına “zəifdir,
yazıqdır” deyərək münasibət bəsləsinlər.
– TQDK-da
iş rejimi gərgindir. Belə tələbkar
bir qurumda qadın amilinə necə münasibət göstərilir?
– Mən TQDK-da tək deyiləm, biz böyük
kollektivik və bu kollektiv gecə-gündüz çalışır. Kollektivimizdə
çoxlu qadınlar işləyir. Onların
arasında qadın-kişi fərqi də qoyulmur.Lakin biz ana
amilini həmişə nəzərə alırıq. Əgər işçimizin körpə
uşağı varsa, əlbəttə ki, biz onu səhər
altıda rayona göndərmirik. Amma digər
hallarda bizdə qızlar, qadınlar da kişilərlə
çiyin-çiyinə çalışır. Burada
konservativ ailələrdən də işləyənlər
var. Ancaq onlara başa salınır ki, bu, dövlət
qulluğudur, lazım gələndə gecə növbəsinə
də qalmaq
vacibdir.
– Məleykə
xanım, bayaqdan qadın amilindən danışırıq. Söhbətimiz də elə 8 Mart Beynəlxalq
Qadınlar Günü ərəfəsinə təsadüf
etdiyindən bununla bağlı da fikirlərinizi öyrənmək
istərdik. İlk 8 Mart hədiyyənizi
xatırlayırsınızmı?
–
Düzünü desəm, mart ayı mənim
üçün daha çox çərşənbələrlə,
Novruz Bayramı ilə assosiasiya olunur. Məktəbə
gedəndən sonra mən 8 Martla bağlı geniş məlumat
öyrəndim. Bilirsiniz ki, o vaxtlar 8 Mart ərəfəsində
oğlanlar qızlara açıqcalar yazırdılar. İlk hədiyyələr də məktəbdə
olub, öz sinif yoldaşlarımdan almışam. Sonra qardaşım mənə və bacıma 8 Martda
açıqca, şəkil çəkilmiş məktub
bağışlayırdı. Atam
anamı, nənəmi təbrik edirdi. Nədənsə,
atam daha çox anamı təbrik edirdi. 8
Martda bizə o qədər də diqqət yetirmirdi.
İndi mənim üçün ən vacib kişi
mənim nəvəmdir. Onun indi 7 yaşı var. Bilmirəm, o
8 Mart haqqında bilir, yoxsa yox, amma onun yaşadığı
Danimarkada Analar Bayramı var. Onlar həmçinin nənə,
baba bayramını da qeyd edirlər. Həmin
günlər orada yaşayan uşaqlar məktəbdə rəsm
çəkirlər. Qızım nəvəmin çəkdiyi rəsmləri
Facebook-a yerləşdirir və mən buna tamaşa edirəm.
–
Hansı gülləri sevirsiniz?
–Ümumiyyətlə,
bütün gülləri sevirəm. Həm də
təkcə buketdə olan gülləri yox, onları əkməyi,
yetişdirməyi də çox xoşlayıram. Güllərə qulluq edib sonra onların
çiçək açmasını görmək mənə
böyük həzz verir. Gül
açılanda, zəhmətimin bəhrəsini görəndə
mən çox sevinirəm. Bacım da da
bunları xoşlayır. Hara getsəm,
hansı ölkədə olsam, çalışıram oradan
gül toxumları gətirim. Düzdür,
bilirəm, bəzi ölkələrdə toxum gətirməyə
çox zaman qanunla icazə verilmir. Hansı
ölkələrdə oluramsa, botanika bağlarına mütləq
gedirəm və oradan da xoşuma gələn güllərin
toxumlarını əldə etməyə
çalışıram (gülür). Düzdür,
bilirəm ki, bu düzgün deyil. Ancaq nəzərə
alaq, mən bunu kütləvi yaymıram ki, evdə, dibçəkdə
bəsləyirəm. Gülləri
ümumiyyətlə xoşlayıram.
– İllərdir, məsul dövlət qulluğu ilə
analıq vəzifəsini bir arada necə uzlaşdıra
bilmisiniz?
–Mən
işə başlayanda analıq borcumu qismən yerinə
yetirmişdim. Uşaqlarımı 18
yaşına çatdırıb sonra dövlət
qulluğuna gəldim. Düzdür, buna qədər
də elmlə məşğul idim, öz sahəmdə bir
mütəxəssis kimi formalaşmışdım. Onu da bilirəm ki, əgər köməyin yoxdursa,
kiçik uşaqlarla bir yerdə gündəlik gərgin fəaliyyət
çox çətindir. Kömək deyəndə
də təkcə maddi köməyi yox, mənəvi və
fiziki köməyi də nəzərdə tuturam. İşini sevirsənsə, öz
emosiyalarını və enerjini işə verirsənsə,
onda uşağa sərf eləməli enerji çatmayacaq.
Bunlar da çox çətin və ciddi məsələlərdir.
Artıq qızlarımın
yaşı 30-dan çoxdur. Onlar artıq mənim
üçün həmfikir, dost, yoldaşdırlar. Ailə qurublar, məndən
asılılıqları yoxdur. İndi
onlar çalışırlar ki, mənim qayğıma
qalsınlar. Nə isə görəndə
zəng vururlar ki, get filan şeyə bax, al və sair. Mənə məsləhət verirlər, müəyyən
məsələrdə mənə iradlar da tuturlar. Hiss
edirəm ki, qeydimə qalmağa çalışırlar. Mən də buna müqavimət göstərirəm.
(gülür)
– Deməli,
zövq məsələsində heç kimə etibar
etmirsiniz?
– Yox, bəzi
məsələlərdə məsləhətləşirəm,
amma qərarları özüm qəbul edirəm. Təəssüf ki, nəvələrim Azərbaycanda
yaşamırlar, ona görə də onların gündəlik
qayğılarını hiss eləmirəm. Amma onlar bura
qısa müddətli-1-2 həftəlik gələndə mən
öz iş qafikimi onların burada olması ilə qismən dəyişirəm.
Bizim işçilərimiz bilir ki, mənim nəvələrim
burada olanda iş günü mütləq öz vaxtında bitəcək.
Yəni axşam 6-dan sonra mən heç kimi saxlamayacağam.(gülür) Artıq bilirlər ki, nəvələrim
Bakıdadırsa, onlar saat altı tamamda evə
buraxılacaqlar. Qanunu pozmuram, amma saat altıdan
sonra həmin günlərdə işdə qalmıram.
–Nəvələrinizlə
keçirdiyiniz zamanı həm də sizin istirahətiniz hesab
etmək olarmı?
– Belə
demək olar da, olmaz da.. Məncə,
böyük xoşbəxtlikdir ki, övladını
böyüdüb başa çatdırasan, sonra onunla bir
yetkin insan kimi təmasda olasan, onunla fikir
bölüşdürəsən. O xoşbəxtlik mənə
nəsib olub. Çünki mənim
qızlarım artıq formalaşmış insanlardır.
Mən onlarla fikir mübadiləsi aparıram,
onlar mənim dostumdur. Nəvələrim
isə balacadır, bir tərəfdən istəyirəm ki,
onlar böyük olsunlar və mən bildiklərimi onlara da
söyləyim, çünki onlar XXI əsrin uşaqları
olacaq. Eyni zamanda başa düşürəm
ki, onların yaşı mənim indi onlara söyləmək
istədiklərimi başa düşməyə imkan verməz.
Ona görə də onlarla öz yaş səviyyələrində,
onlar indi nəyi qəbul eləməyi bacarırsa, elə
danışıram. İstəyirəm ki,
danışdıqlarımın onlara zərəri olmasın,
faydası olsun. Fayda da verə bilməsəm,
heç olmasa onlar üçün xoş olsun. Mən
hiss eləyirəm ki, bu uşaqlar tamamilə dünyaya,
informasiyaya açıq, insan kimi normal formalaşırlar. Əsas olan budur. Mənim
uşaqlarım o yaşda olanda onlarla davranışım tamam
fərqli idi. Hələ uşaqlıqdan
övladlarımla uşaq kimi yox, yetkin şəxsiyyət kimi
danışırdım. Mənim onlara tələblərim
daha yüksək idi. 5 yaşından sonra
mən hansısa qərarı qəbul etməzdən əvvəl
mütləq onlarla müzakirə edirdim. Hansı
cizgi filminə baxmaqdan başlamış bütün məsələlərə
qədər. Baxmayaraq ki, anam çox zaman
deyirdi, niyə uşaqdan soruşursan, buna niyə vaxt sərf
edirsən? Məndə isə ayrı bir
yanaşma var idi. Mənim qızım da
indi öz uşaqlarını belə böyüdür.
Deməli, onlar da yetkin insan kimi formalaşacaqlar,
mən buna əminəm. Amma onu da bilirəm ki, nəvəmlə
nələrisə bölüşmək istəyim
üçün o, hələ çox kiçikdir. Bu fikirləri bölüşmək
üçün vaxtım çatacaq, çatmayacaq, onu Allah
bilir.
– Sizin
istirahətinizin əsasını nə təşkil edir?
– Kitab
oxuyuram. Mütaliə mənim üçün hava-su qədər
vacibdir. Bəlkə də mən susuz bir necə
gün yaşaya bilərəm, amma mütləq hər gün
yeni nəsə oxumalıyam.
–
Mütaliəniz hansı sahələri əhatə edir?
– Bədii
mütaliəni də çox xoşlayıram. Xüsusilə
gənc müəlliflərin kitablarını oxumağı
sevirəm. Çünki dünyaya gənclərin
gözü ilə baxmaq üçün onların
kitablarını oxumaq vacibdir. Elmlə
bağlı kitablar isə öz sahəmdə professional cəhətdən
mənə həmişə lazımdır. Monoqrafiyalar və jurnallar, internet vasitəsilə əldə
etdiyim biliklər də həmçinin. Elmin
inkişafı ilə bağlı sahələr də məni
çox maraqlandırır. Son oxuduğum
kitab psixogenetik araşdırmalardan bəhs edir. Düzdür, bu, sırf mənim sahəmə aid
deyil, amma indi elmin gündəmində olan problemlər-
astronomiyadan tutmuş, arxeologiyaya qədər- mənim
üçün bunlar həmişə maraqlıdır.
Yeni biliyə maraq olmasa, yaşamaq olmaz. Mən yeni biliklər əldə edəndə həzz
alıram. Bu, mənim üçün
istirahətdən əlavə, daxili tələbatdır.
İstəyirəm ki, mənim nəvələrimdə də
belə olsun, onlar da
öyrənməkdən həzz alsınlar. Musiqini, xüsusən də operanı
xoşlayıram. Çalışıram
konsertlərdə də olum. Amma gündəlik
işlər buna imkan vermir. Azərbaycan təbiətini,
təbiətin qoynunda dincəlməyi də sevirəm. Bunlar mənim üçün əsl istirahətdir.
– Bayaq
qeyd elədiniz ki, mart ayı sizin üçün Novruz
Bayramı ilə
assosiasiya olunur. Sizdan bu assosiasiyanın sözlərlə
ifadəsini
eşitmək istərdik.
– Əvvəlcə
xalqımızı qarşıdan gələn Novruz Bayramı
münasibətilə
təbrik edirəm. Novruz bayramı
bizim qanımızda, gen yaddaşımızdadır. Novruzqabağı yenilənməyə olan istək hər
bir azərbaycanlının qanındadır. Hər halda
mənim ətrafımda olan insanlarda da bunu hiss eləmişəm.
Sovet dövründə, 1967-ci ildə ilk dəfə Novruz
Bayramının necə coşqu ilə, ruh yüksəkliyi ilə
keçirildiyi o vaxt yaşım az olsa da
yadıma gəlir. Onda elə bil insanlar da təbiət kimi nurlanmışdı,
dirçəlmişdi. Bu, qan
yaddaşından gələn bir işıq, bir ruh yüksəkliyi
idi. Biz bunu qorumalıyıq. Çünki bu amil bizi birləşdirir. Qloballaşma dövründə milli xüsusiyyətlərimizi,
milliliyimizi saxlamaq üçün belə bayramlar, ənənələr
çox vacibdir. Bu, bizim
xalqımızın ruhuna aid olan, eyni zamanda genetik
yaddaşımızda yazılan məlumatdır. Bunu itirməməliyik. Bunları
itirsək, bir xalq kimi özümüzü itirə bilərik.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 8 mart.- S.10-11.