“Nahaq
nədir, Haqq nədir”i biləndə...
ŞAİR İBRAHİM
İLYASLININ 50 YAŞINA
Bir düşüncəyə
görə, ədəbiyyat
ormana bənzəyir. Bu ormanın içində fərqli boy-buxunu ilə bir-birinin qonşuluğunda qardaşca
neçə ağac torpaqdan güc alıb Allaha dil açır. Nazim Hikmət demişkən;
Yaşamak bir ağaç
gibi tek ve hür
Ve bir orman gibi
kardeşçesine
Bu hasret bizim.
Həm də bu ağaclar
böyüklüklərinə, kiçikliklərinə görə
onlara can verən Allaha asilik-filan da etmirlər. Çünki ormanda böyüyün
böyük, kiçiyin
kiçik yeri var. Və böyük ağaclar kiçiklərə
üstən aşağı
baxıb alçaltmırlar
da, çünki bilirlər ki, o kiçik ağaclar olmasaydı, o böyük
ağacın da yaşamaq şansı qalmazdı. Bəlkə elə o böyük
ağacı böyük
yapan ondan bu və ya
başqa ölçüdə
kiçik olan ağaclardır. Bəlkə
elə o kiçik ağacların da talelərinə hardasa belə boyun əymələrinin, hüzur
içində böyümələrinin
ən başlıca səbəbi böyüyüb
ormanının ən
böyük ağacı
olmaq “düşüncəsidir. ” Əsas olan
ormanda yer almaqdır, yer aldınmı davamı mütləq gələcək!
Nədən də olmasın.
Bu düşüncələrə boşuna varmadım. Yaradıcılığına və şəxsiyyətinə
hörmət etdiyim şair İbrahim İlyaslının 50 yaşı
tamam olur. (Və o ədəbiyyat “ormanımızın” əsla
kölgədə qalan
“ağacı” deyil. ) Gizləmirəm, bu 50 rəqəmi bir az məni çaşdırdı
da. Bu arada
1990-cı ilin məşum
yanvar qırğınından
sonrakı bir hadisə düşdü yadıma. Onda çoxumuz elliklə
yas içində olduğumuzdan üzümü
qırxmırdım və
ilk dəfə idi ki, saqqalım bir bu qədər
uzanmışdı. Bu
o vaxt idi ki, mənim də hələ yenicə 50 yaşım tamam olmuşdu. Amma uzanan saqqalıma
baxıb içimdəki
qara dərdlərimin necə bəmbəyaz olub üzə vurduğunu görəndə
yalnızca özüm
deyil, görənləri
də təəccübləndirmişdim: ”Qocalıq əl verdi, daha nə şişmək!”
Hətta rəhmətlik
İsmayıl Şıxlı
ilə Yazıçılar
Birliyinin pilləkənlərində
qarşılaşanda üzümə
baxıb: “Biz sizin ədəbi nəsli hələ çox cavan bilirdik, ay kişi, siz nə zaman bu
yaşa çatdınız,
siz cavan qalmadınızsa, biz də
qocaldıq” – deyərək
təəccübünü gizlətməmişdi!
İndi İbrahim İlyaslının
50 yaş xəbərini
eşidəndə mən
də eyni duyğuları yaşadım. Amma onun
şeirlərini oxuyanda
bu keçilən yaşın elə-belə
keçmədiyini görmək
elə də çətin deyil. Doğrudur, təvazökarlığı yaxasını
hələ də buraxmayıb. Buraxsaydı,
bu misranı yazardımı: “Deyəcəyim
sağəməlli söz
deyil! Amma bu misrası ilə bizi qandıra
bilməz ki! Bir də Füzuli dədəmiz demirdimi, “aldanma ki, şair
sözü, əlbəttə,
yalandır?!”
Əslində onun şeirlərinə
yaşından gələn
bir müdriklik də yol yoldaşlığı
edir:
Dərviş olmasam da dərviş misalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub
qalam,-
Adım İbrahimə şikaram indi.
Bəlkə bu bənddəki “şikar” kəlməsinə
qulp da qoymaq
olardı. Amma məqsədimiz qulp
qoymaq olmadığından
deyim ki, mən, bizdən xəbərsiz bizə verilən adların bizim gələcək taleyimizə işıq tutacağına inanan adamam. İbrahim İlyaslı! Həm ad, həm soyad
bizi peyğəmbərlər
dünyasına aparır.
Və bəlkə onun şeirlərini də elə bu yöndən
incələmək istəyi
bu adlar düzümündən doğur.
Bugünkü Azərbaycan şeirinin bozbulanlıq axarında İbrahimin şeirləri
mükəmməlliyi ilə
seçilir. Bu şeirlərdə,
Blok demişkən, “imkansızlığın
imkan qazanması” var. Bir az əvvəl internet sitələrindən
hansındasa birisinin “qazaxşina” yazısına
rast gəldim. Oxudum, cavab verməyə lüzum görmədim.
Bugünün reallığı yetərlidir ki, tarixə ekskurs etməyəsən. Nə qədər
kinli olasan ki, Qazağın yalnızca İncə dərəsinin bənzərsiz
poeziya ovqatını bilə-bilə, “qazaxşina”
yazmağa əlin gələ. O dərənin
cəmi üç kiçik kəndinin ədəbiyyatımıza uğurladığı
Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Məhəmməd Aslanbəyli,
Məmməd Dəmirçioğlu
və indi darmacalda adlarını yada salmadığım fərqli, amma elə o İncə dərəsinin saf suyu, qımqıması kimi dəyərli şairləri görməzlikdən
gəlmək nə dərəcədə doğrudur?
Tərəddüd etmədən demək
olar ki, bu dərənin havası Azərbaycan şeirinə xalq mifologiyasının müdrik
fəzalarından mayalanan
tamam fərqli bir ruhi hal
gətirib. Bir evin iki şairi
– İbrahim İlyaslı
və Məhəmməd
Aslanbəyli! (Əslində
doğma kəndindən
heç yana
ayrılmayan, amma əsərlərində Şərq
sufi düşüncəsini
gözəldən gözəl,
elə İncə dərəsinin özü
kimi incələyən
bu şairimizin haqqında ayrıca məqalə yazmaq və onun az
və öz şeirini araşdırmaq
tənqidçilərimizin boynunun borcu olmalıdır.) Suriyada sufizmin banisi Əl Məərinin məzar daşında belə bir yazı
oxumuşdum: “Mən atamın elədiyi yanlışlığı eləmədim”.
Nəymiş Əl Məərinin
atasının yanlışlığı?
Əlbəttə ki, evlənməyi! Yəni əgər insan
gerçəkdən də
Allahına ürəkdən
bağlıdırsa, Allaha
olan sevgisini kimsə ilə bölüşməməlidir, hətta sevdiyi qadınla belə. İstər İbrahim İlyaslının,
istərsə də onun doğmaca qardaşı Məhəmməd
Aslanbəylinin şeirlərində
Allaha olan sevgi kimlərləsə paylaşılmır. Öz təcrübəmdən
bilirəm, yaş ötüb keçdikcə
yollar boyu keçici “sevgilərin” hamısı bir-bir tökülüb gedir, qadın sevgisi də, yemək-içmək,
kef məclislərinin ləzzəti
də buxarlanır.
Bəs qalan nədir? Böyük Sözə və o Böyük Sözü bizə bəxş edən Allaha sevgi! Cəmiyyətdə baş verənlər təbiətdə olanların
bir baxıma təkrarıdır. Kökünü torpağa pərçimləyən
ağac Göyə-Tanrıya
yolçuluğunda hər
yaz yarpaqlayıb və bir yarpaq
boyu böyümək
üçün hər
payız yarpaqlarını
ayaqlarının altına
almırmı?
İbrahim İlyaslı, budurmu
qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı
buluncaymış fələyi
danmaq,-
Bildim nahaq nədir, haqq nədi, bildim.
. . . Qaranlıq könlümdə
yandıqca Şamlar
Ürəkdən əriyən yağ nədi bildim.
Əsas olan da bunları
bilmək deyilmi?
Ana övladını dünyaya tənd-dürüst
gətirmək istəyir. Əslinə baxsan şair özü də anadır, dünyaya Tanrı qatından şeir gətirən ana. Amma bugünkü Azərbaycan
poeziya mənzərəsinə
nəzər salsaq, dünyaya tən-dürüst
“övlad” gətirən
şairimizin nə qədər az
olduğunu görərik.
Bu mənada, İbrahimin
şeirləri hansı
mövzunu ələ almasından asılı olmayaraq, bütöv və mükəmməl şeirlərdir. Bəlkə bu
mükəmməlliyi İncə
dərəsinin sazlı-sözlü
aşıq mühitinə
borclu olmalıdır,
bilmirəm. Gəraylıya,
qoşmaya, aludəliyi
də bəlkə uşaqlıqdan kökləndiyi
aşıq, saz ruhundan qaynaqlanır:
İbrahiməm, için-için,
Göynəyirəm, gedir köçüm.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri!
Yaxud;
Odlara düşür, buzlayır,
Dərya içir, susuzlayır.
Yağı gönünü duzlayır,
Duzlu gönüynən
barışır.
Qalan şey yalandı, yalan,
Bir sualdı mənə qalan-
Kölənin köləsi olan
Hansı günüynən barışır.
Yaxud,
İznimiz var-xam xəyala
dalmağa,
Nə gedənik,
nə ümid var qalmağa.
Daş gəzirik başımıza
salmağa
Başdan-başa daş ölkənin içində. .
Yaxud,
Ömür deyiləni qılıqla,
yanla,
Fanidə
oyun qur cisimlə, canla
Bir zaman qapına gerçək yalanla
Qoşa gəlmişdimi, qoşa da getsin?!
Məni sevindirən odur ki, İbrahimin şeirləri indi yalnızca Azərbaycan ədəbi coğrafiyasında
qalmır, yavaş-yavaş
başqa iqlimlərə
də yol açır. Türkiyədə şeirləri tez-tez
çap olunur. Fevral ayında Moskvada olanda “Poeziya” almanaxının 2013-cü ildəki
ilk sayında İbrahimin
şeir silsiləsini görəndə çox
sevindim. Tərcümələr də yaxşı alınmışdı. Bu
“yaxşı alınmağı”
yalnızca tərcüməçinin
ayağına yazmaq yanlış olardı.
Şeirlərində ortaya qoyduğu
düşündürücü fikirləri ilə İbrahimin şeirləri
başqa dillərə
çevrilməyə çoxdan
haqq qazanmışdır.
Məqsədimiz İbrahim İlyaslının əsərlərini incələmək olmadığından misalları burada nöqtələyir, gözəl hisslər və duyğular şairi, mükəmməl şeirlər müəllifə İbrahim İlyaslıya bundan sonrakı yaradıcılığında başarılar diləyirəm! Əlli yaş nədir ki! Hələ bu ömrün, altmışı, yetmişi, hətta səksəni, doxsanı var!Öz təcrübəmdən bilirəm, içinə və tutduğu yola inananları nə ömür, nə də ilham yarıyolda, boynuburuq qoymur.
Mart. Çanaqqala, Türkiyə
Məmməd İsmayıl
525-ci qəzet.-
2013.- 12 mart.- S.7.