Müqəddəs amallara
qarşı yönələn qara əməllər
ORDUMUZU GÖZDƏN SALMAĞA CAN
ATANLAR SADƏLÖVH GƏNCLƏRİ ÖZ NİYYƏTLƏRİ
ÜÇÜN VASİTƏYƏ ÇEVİRMƏYƏ
ÇALIŞIRLAR
Son
vaxtlar Azərbaycan ordusunun qüdrətinə kölgə salmağa
çalışan bəd niyyətli qüvvələrin və
onların əlaltısına çevrilənlərin fəallığı
artıb. Hətta əsgər ölümlərindən siyasi
vasitə kimi istifadə edən belə bədxahlar bu
gün-sabah ordumuzun əsgərləri
olacaq gəncləri, yeniyetmələri də öz ətraflarına
cəlb edərək ictimai yerlərdə aksiyalar keçirməyə
səy göstərirlər. Ancaq xalqın gözü tərəzidir,
hamı yaxşı bilir ki, kim nə niyyətdədir, kim nə
işlə məşğuldur! Elə ona görə də
martın 10-da “Fəvvarələr” bağında keçirilən
aksiyaya çox az sayda insan qatılmışdı. Oraya
yalnız bir qrup emosional gənc toplaşmışdı. Bəlkə
də bu gənclərin əksəriyyətinin 15-18
yaşı var, onlar hələ lazımi səviyyədə
düşüncə, dünyagörüş sahibi deyillər,
sadəcə öz ani hisslərilə hərəkət edirlər.
Əslində də qara qüvvələrə, müstəqil
Vətənimizin və doğma ordumuzun inkişafını,
qısa zaman ərzində qazandığımız
uğurları gözü götürməyənlərə
belə gənclər lazımdır ki, onları arxalarınca
aparmağa imkanları olsun. Halbuki
sabahımızın əsgərləri olacaq bu gənclərə
vətənpərvərlik, Vətən sevgisi
aşılamaqla onların hər birini yurdumuzun etibarlı
müdafiəçisi olmağa hazırlamaq daha vacib və ən
müqəddəs vəzifədir. Axı sabah, o biri gün
bizim taleyimiz həmin gənclərə etibar ediləcək,
onlar səngərlərdə dayanıb ölkəmizin ərazi
bütövlüyünü qorumalı olacaqlar.
Heç
kimə sirr deyil ki, ordu cəmiyyətin ayrılmaz tərkib
hissəsidir və ətrafda baş verən hadisələr
ordu quruculuğundan da yan ötmür. Bu gün gənc nəslin
vətənpərvərlik tərbiyəsini gücləndirmək
ailə və məktəbdən tutmuş, bütün ictimai
təşkilatlarda çalışanlara kimi, hamının əsas
vəzifəsi olmalıdır. Çünki yetərli təlim-tərbiyə
görməyən və ilkin hazırlığı olmayan gənclər
ordu sıralarına çağrılanda belələrini bir
döyüşçü kimi tərbiyə etmək vəzifəsi
komandir heyətinin üzərinə düşür, bu isə
olduqca ağır və çətindir. Məsələn,
belə bir gənc əlində silahla gecənin bir aləmində
və düşmənin 3-5 addımlığında
döyüş növbəsi çəkir, bu vaxt isə
müəyyən psixoloji sarsıntılar keçirir. Çətinliyə
azacıq da olsa dözümü olmayanlar hətta bəzi
hallarda intihara əl atır və özlərinə qəsd
edirlər. Halbuki bu vaxta qədər həmin gəncləri
müəyyən qədər ordu həyatına mənəvi-psixoloji
baxımdan hazırlamaq lazım idi. Bax, vətənpərvərlikdən
geninə-boluna dəm vuran insanlar bu məsələdə
lazımi kömək göstərsələr, gənc nəslin
hərbi xidmətə hazırlanması üçün əllərindən
gələni əsirgəməsələr, onda bunun cəmiyyətimiz
üçün böyük faydası olardı.
Hissiyyatla
hərəkət edib ortaya atılan gənclər ilk növbədə
onları meydana səsləyənlərin, vətənpərvərlikdən
ağız dolusu danışanların kimliyilə
maraqlanmalıdırlar. Onda bir çox vacib həqiqət gənclər
üçün aydın olar. Anlayarlar ki, əslində həmin
şəxslər heç də təmiz niyyətdə deyillər,
gənclərdən özləri üçün vasitə
kimi istifadə etməkdən başqa fikirləri yoxdur. Belə
olarsa, gənclər daha faydalı, ölkəyə
lazımlı işlərə meyllənərlər. Onlar
ordumuzu ləkələmək istəyən keçmişi
qaranlıq, dəyərsiz şəxslərin ətrafına
toplaşmaz, belələrinin sözü ilə hərəkət
etməzlər. Onlar müqəddəs amallara xidmət edənlərin
əleyhinə yönələn bəd əməllərə
dəstək verməz, əksinə, bunların
qarşısını almağa can atarlar.
Çünki
həmin fərdlərin – ordumuzu ləkələmək istəyənlərin
yeganə bir məqsədi var: təcrübəli,
döyüş yolu keçmiş, həqiqi idarəçilik
qabiliyyəti olan yüksək rütbəli zabitlərin fəaliyyətinə
kölgə salmaqla ümumən ordumuza zərbə vurmaq, onun
güclənməsinə əngəl törətmək! Beləliklə
də Azərbaycan xalqını və dövlətini
düşmən qarşısında zəif vəziyyətə
salmaq! Onların ordu rəhbərliyinə qarşı qara əməllərinin
arxasında yalnız bu kimi yolverilməz məramlar dayanır.
Gənclər
bilməlidirlər ki, odlu-alovlu çıxışlarla
onları aksiyalara səsləyən, orduya qarşı
çağırışlar etməyə həvəsləndirən
şəxslər öz niyyətlərinə layiq olduqda da,
yaxud iflasa uğradıqda da dərhal aradan çıxacaq, gəncləri
çətin vəziyyətdə qoyacaqlar. Həmin adamlar ya
sakitcə bir kənara çəkiləcəklər, ya da
xaricə, oradakı havadarlarına üz tutacaqlar, meydana
çağırdıqları gənclərin taleyilə əsla
maraqlanmayacaqlar. Bununla əlaqədar neçə-neçə
misallar gətirmək olar. Bu yaxınlarda həmin adamlardan biri
də eyni yolla getdi. Ordudan yarıtmaz xidmətinə görə
qovulandan sonra bir çox tədbirlərdə özünü
“əsl vətənpərvər, ordu təəssübkeşi”
kimi göstərməyə çalışan, ara
qızışdırmaqdan başqa işi olmayan bir şəxs
iş bərkə düşən kimi xaricə üz qoydu.
Nə
qədər gec deyil, gənc nəslin ağılla
düşünməsi, təxribatlara uymaması
lazımdır! Gənclərimiz bilməlidirlər ki, Vətənə
xidmət etmək və dar gündə Vətənə gərəkli
olmaq ən şərəfli və ən müqəddəs vəzifədir.
Bu gün nəinki xidmətdə, hətta ehtiyatda olan elə
zabitlərimiz var ki, onların hər biri istənilən an
ordumuzu ləkələmək istəyən insanları
susdurmağa, onlara öz layiqli əməllərilə təsirli
cavablar verməyə hazırdırlar. Çünki onlar
yaxşı bilirlər ki, beş-on gün, uzağı bir ay
cəbhə bölgəsində xidmət etməyə,
oradakı çətin şəraitə dözüm göstərməyə
gücü çatmayanların bütövlükdə
ehtiyatda olan zabit kontingenti adından danışmağa qətiyyən
haqqı yoxdur.
Bu
gün Azərbaycan cəmiyyətində sağlam mövqeyə
malik olan vətəndaşlarımız yaxşı başa
düşürlər ki, doğma ordumuz qısa zaman ərzində
əhəmiyyətli uğurlara imza atıb. Hətta beynəlxalq
təşkilatların hərbi ekspertləri də ölkəmizin
az bir vaxtda ordu sahəsində əldə etdiyi uğurları
qiymətləndirir və Silahlı Qüvvələrimizin
yüksək döyüş hazırlığına malik
olduğunu etiraf edirlər. Şübhəsiz, bu böyük
nailiyyətlərin qazanılması ilk növbədə Azərbaycan
Prezidentinin yürütdüyü uğurlu siyasətin, Ali
Baş Komandanın misilsiz xidmətlərinin nəticəsidir.
Ancaq bu siyasətin, qarşıya qoyulan vəzifələrin
müvəffəqiyyətlə həyata keçirilməsində
Müdafiə Nazirliyinin hazırki rəhbərliyinin də
böyük xidməti, danılmaz əməyi var.
Dövlətimizin
rəhbərliyi ordumuzu daima diqqətdə saxlayır, hərbi
sahəyə böyük qayğı göstərir və
görülən işləri layiqincə qiymətləndirir.
Təsadüfi deyil ki, dövlətimizin
başçısı bu yaxınlarda keçirilən
yüksək səviyyəli bir toplantıda vurğuladı
ki, bəzi antimilli ünsürlər ordumuzun uğurlarına
kölgə salmağa çalışırlar, lakin belələrinin
əməllərinə heç zaman imkan verilməyəcək.
Vətənini, dövlətini sevən hər kəs bu
sözləri özü üçün bir vəzifə kimi
qəbul etməlidir. Buna görə də müstəqil Azərbaycanımızın
parlaq gələcəyini, doğma ordumuzun qüdrətlənməsini
düşünərək, sağlam mövqe tutmalı, bədxah
fərdlərin, qara niyyətli qrupların əməllərinin
qarşısının alınması üçün fəallıq
göstərməliyik.
Rövşən MƏHƏRRƏMOV,
Polkovnik
525-ci qəzet.- 2013.- 13 mart.- S.4.