Əlahəzrət kitab
Bəhruz
Axundov: “Kitab bəşəriyyətın ən böyük kəşfidir”
Söz sənətini
yaşadan, onun əsrlərin süzgəcindən keçərək
dövrümüzə qədər gəlib çatmasına
zəmin yaradan kitabların bəşər cəmiyyətinin
inkişafında əvəzsiz rolu haqqında nə qədər
danışılsa və yazılsa da, onun qüdrətini
təsvir etməkdə söz yenə də aciz qalar. Dəyərli
sözün qədrini bilərək onu həyat
şüarına çevirən, söz xəzinəsi olan
kitabları mədəniyyət və incəsənət
örnəyi kimi yaşatmaqdan zövq alan, dərin hörmət
əlaməti olaraq ona əlahəzrət kitab deyə xitab edən
təcrübəli jurnalist və naşir, Azərbaycan Naşirlər və
Poliqrafçılar İctimai Birliyi idarə heyətinin sədri
Bəhruz Axundovla söhbətimiz də məhz söz sənəti,
nəşriyyat və poliqrafiyanın incəlikləri, eləcə
də kitab mədəniyyətinin bir sıra özəllikləri
haqqındadır.
– Bəhruz
müəllim, kitab sizin üçün nədir?
– Mən
şablon ifadələr işlətmək istəmirəm. Ancaq etiraf etməliyəm
ki, kitab özümü dərk
edəndən bəri duyduğum, sevdiyim və
qarşısında hər an ehtiramla baş əydiyim ən
mötəbər varlıqdır. Ümumiyyətlə,
kitab, məncə, bəşəriyyətin ən
böyük kəşfi, sivilizasiyanın onurğa beynidir.
Mən də çox xoşbəxtəm ki, ömrümün ən qiymətli
32 ilini məhz kitab nəşrinə, çapına sərf
etmişəm.
Müasir dövrümüzdə kitab artıq mənəvi
həyatımızın rəhninə çevrilmişdir. Bunu daha
yaxşı anlamaq üçün bir anlıq təsəvvür
edin ki, dünyada mövcud olan bütün kitablar yox olub.
Onda nə baş verər, həyatımız nəyə
çevrilər, biz necə yaşayarıq? Bəşəriyyətin
minilliklərlə yaratdığı bugünkü sivilizasiya
nə günə düşər?..
Hər
şey kitabdan başlayır: təhsil, elm, mədəniyyət,
mənəviyyat, inkişaf, sivilizasiya. Ona
görə də sahib olduğumuz müsbət hər şey
üçün kitaba minnətdar olmalıyıq.
Günəşsiz, havasız, torpaq və susuz yaşamaq
mümkün olmadığı kimi, müasir dövrdə
artıq kitabsız da yaşamaq qeyri-mümkündür. Kitab o qədər
mötəbərdir ki, müqəddəs “Qurani-Kərim“ə
də kitab deyirik. Onu əlimizə
götürəndə ən yüksək ehtiramla öpüb
gözümüzün üstünə qoyur, ona and
içirik.
– Son
zamanlar kitab nəşrinə münasibət, deyəsən,
bir qədər dəyişib, axı elektronlaşdırma
dövrüdür.
– Hesab
edirəm ki, bu, keçici bir cərəyandır. Bəzən yenilik sevən insanlar ilk baxışdan
“real” görünən yeni bir fikir söyləyir və daim
sensasiya axtaran mətbuat (bu, dünyanın hər yerində
belədir) bu “real” fikri gündəmdə saxlayır. Əslində,
burda qeyri-adi və pis
heç nə yoxdur. Əksinə, əsl
həqiqət də elə bu müzakirələrdə meydana
çıxır. Lakin məni narahat edən dərindən
düşünülüb götür-qoy edilmədən
söylənilən fikirlərin bəzən çoxlarını təsir altına salması və bu
qeyri-ciddi münasibətlərin ictimai rəyə çevrilə
bilməsi təhlükəsidir.
Bu məsələdə
ziyalıların, əsl jurnalistlərin də tənbəlliyi olur. Bəzən
biz bir çox xeyirli və real fikirləri izah edib düzgün istiqamətləndirə
bilmirik. Məsələn, sizin toxunduğunuz məsələdə.
Məncə,
burada söhbət İKT-nin imkanlarından maksimum yararlanaraq
bütün sferalarda, o cümlədən, elm, təhsil, mədəniyyət,
səhiyyə, istehsalat və s. sahələrdə inkişafa
nail olmaqdan gedə bilər. Bu heç də
kitabdan tamamilə imtina etmək demək deyildir.
– Bəzi
fikirlərə və hesablamalara görə, yaxın 5–10 ildə
nəinki kitablardan, hətta dərsliklərdən belə
imtina edilərək, yalnız elektron kitablara, dərsliklərə keçiləcək.
– Bunlardan
qorxmağa dəyməz, çünki kitabın həqiqi
dostları onlardan da çoxdur və təbii ki, bu dostlar daha
elmli, dünyagörüşlü insanlardır. Hətta
onların arasında kompyuter üzrə mütəxəssislər
də az deyil. Əlbəttə,
bu, adi və bəsit bir məsələ deyil, bəşəri
bir məsələdir. Uzun zaman və hərtərəfli
araşdırmalar, müzakirələr tələb edən
bir mövzudur.
O ki
qaldı hesablamalara, kimlərin necə hesablamalar
apardığını bilmirəm, lakin məncə, əsl
gerçək hesablamaları vaxt, zaman özü aparacaq və
ən doğru qərarı da o verəcək. Əgər
bu asan bir məsələ olsaydı, İKT sahəsində
aparıcı rola malik olan dünyanın ən inkişaf
etmiş ölkələri çoxdan kitabları tamamilə ləğv
edərək elektron kitablara keçmişdilər. Təkrar
edirəm ki, mənim fikrimə görə, ölkədə
bütün sahələrin inkişafının təmin edilməsi,
eyni zamanda tədrisin keyfiyyətinin daha da yüksəldilməsi
üçün müasir İKT-nin gücündən maksimum istifadə
etmək vacib və qaçılmazdır. Son
dövrlərdə bu sahədə atılan önəmli
addımlar da, qazanılan uğurlar da göz
qabağındadır. Ölkə
başçısının 2013-cü ili
“İKT ili” elan etməsi də bu sahədə fəaliyyətin
daha da geniş vüsət alacağına ciddi bir mesajdır.
Əlbəttə, bunun özü ölkəmizin
hərtərəfli və sürətli inkişafında daha
böyük uğurlar qazanılacağından xəbər
verir və bu, kitab nəşri sənayesində də mütləq
özünü göstərəcəkdir. Hesab edirik ki,
məlumat kitabçalarının, sahə ədəbiyyatlarının,
hətta ensiklopediyaların və s. elektronlaşdırılması lazımdır və vacibdir. Tədris və elmi, hətta bədii ədəbiyyatların
da paralel olaraq elektron variantını hazırlamaq səmərəlidir
və bu təcrübə artıq özünü təsdiq
edir. Elektron
məlumat mərkəzlərinin (kitabxanaların) fəaliyyəti
də yaxşıdır. Lakin fikrimizcə,
yüksək (ciddi) ədəbiyyatın, xüsusilə, dərsliklərin,
ümumiyyətlə, kitabın elektron kitablarla tam əvəz
olunması qeyri-ciddi və müşkül məsələdir.
Dövlət
başçısının insan kapitalına, elmimizə, təhsilimizə, ümumən, mədəniyyət və
incəsənətimizə, o cümlədən, bütün
bunları özündə
ehtiva edən kitabların
nəşrinə verdiyi önəm bir daha əmin olmağa əsas
verir ki, Azərbaycan müstəqil
bir dövlət və millət kimi daim hərtərəfli inkişaf edərək
daha qüdrətli bir dövlətə çevriləcəkdir.
Bu yolda nə qədər çox vəsait xərclənsə,
yenə də azdır. Belə məsələlərdə
yersiz qənaətə, necə deyərlər, xəsisliyə
yol vermək olmaz.
O ki
qaldı elektron nəşrlərin kitabları tamamilə əvəz
etməsinə, burada çox vacib amillər var. Təhsilini,
bütün növ ədəbiyyatları, məlumatları
ancaq elektron daşıyıcılardan almağa, oxumağa məcbur
olan insanlar, xüsusilə də gənclər və yeniyetmələr
günün çox hissəsini kompyuter qarşısında
keçirməli olacaqlar. Bu zaman onların diqqət və maraqlarını təbii
ki, təkcə xeyirli bilik və məlumatlar deyil, həm də
virtual aləmdə olan bir çox xoşagəlməz saytlar,
linklər də cəlb edəcək. Bu
problem kompyuterin onların sağlamlığına vurduğu
ziyanlarla birləşəndə bizim sabahımız hara gedib
çıxacaq? Dünyaya açıq
internet məkanında Azərbaycanda buna necə nəzarət
olunacaq? (Qadağa qoyulmuş saytlara hər
evdə, hər məkanda güclü və daimi nəzarət,
zənnimizcə, müşkül məsələdir.)
Yəqin, elə bu səbəblərə görə
elektron kitablardan, hətta elektron dərsliklərdən
ağızdolusu danışan insanlar belə öz
övladlarına, nəvələrinə kompyuterin
qarşısında çox oturmağa, internetin bəzi
imkanlarından tam istifadə etməyə icazə vermirlər.
– Məncə,
burada başqa məqamlar da var.
– Əlbəttə. Axı kitabı təkcə dərs
oxuyanlar, elm adamları, müəyyən peşə sahibləri
deyil, adi vətəndaşlar, özünü bənzətmək
üçün qəhrəman axtaran yeniyetmələr,
sevib-sevilən romantik gənclər, əsəbləri yerində
olmayan insanlar və b. da oxuyur.
Çoxları kitabı başqa problemlərdən
qaçmaq, əsəblərini sakitləşdirmək, həyatdan
zövq almaq, bəziləri isə, sadəcə, yuxuya getmək
və s. məqsədlərlə oxuyur. Bu, ən
çox ədəbi-bədii əsərlərə aiddir.
Amma kompyuterin soyuq ekranından gözəl bir bədii əsəri,
təbii ki, qaynar
hisslə, qızğın ehtirasla oxumaq mümkün deyil. Bu, təxminən, şüşəli çərçivəyə
salınmış gözəl bir şəkillə sevişmək
kimidir. Özü də bu prosesləri
cansız düymələr idarə edir. Hər dəfə
səhifəni çevirmək və s. üçün soyuq
düymələrə toxunduqca elə bil gözəl bir
röyadan ayılır, sadəcə, bir kitab oxuduğunu, bu
hisslərin süni olduğunu duyursan. Bunu da kənara
qoyaq. Oxuduğun əsərdə hadisələrin
ən şirin yerində, maraqlı kulminasiya nöqtəsində
bir də görürsən ya internet xətti zəiflədi,
ya da, nə bilim, hansısa başqa bir texniki problem yarandı
və hər şey yarımçıq qaldı.
İnternet heç bir sivil ölkədə belə texniki xətalardan
xali deyil.
Əsl
kitabla isə canlı təmas var. Səhifələdikcə vərəqlərin
pıçıltısı, qoxusu, əlini onun səhifələrinə
çəkib oxşadıqca keçirdiyin xoş hisslər...
Oxuduqca hadisələri kənardan izləmir,
özün də bilmədən sanki onların
iştirakçısına çevrilirsən, qəhrəmanın
həyatını yaşayırsan, içində münasibət
yaranır, doğruya-yanlışa qiymət verirsən. Bu gözəl hisslər səni özündən
alıb başqa bir dünyaya aparır və heç bir
düymə bunları dayandıra bilmir, sən bu xoş hisslərin
ağuşunda şirin yuxuya gedə bilirsən. Nə sağlamlığına vurulacaq zərərdən
qorxursan, nə şüalanmadan, nə internetin
nasazlığı səni narahat edir, nə proqram təminatı,
nə də başqa problemlər.
Yeni çapdan çıxmış kitabının (lap
əllinci kitabı olsa belə) ilk nüsxəsini əlinə
alarkən müəllifin necə həyəcan keçirdiyini,
onu hansı xoş hisslərlə vərəqlədiyini, əlini
üzərində gəzdirib körpə balası kimi
oxşadığını, yəqin ki, çoxunuz
müşahidə etmisiniz. Bu gözəl
duyğuları, sevinc hisslərini hansı elektronika əvəz
edə bilər.
– Amma
İKT artıq həyatımıza daxil olub.
–
Heç bir ağıllı adam İKT-nin
əleyhinə ola bilməz. Nə mən, nə
də tanıdığım adamların heç biri bu
gün kompyutersiz keçinə bilmərik. Etiraf etməliyik ki, kompyuter və
digər informasiya-kommunikasiya sistemləri artıq həyatımızın bir
hissəsinə çevrilmişdir və onlarsız müasir həyatda önəmli
inkişafa, güclü iqtisadiyyata nail olmaq mümkün deyil.
Bu sistemlərdən kitab nəşri və
çapı proseslərində də çox geniş və
səmərəli istifadə olunur. Müəlliflər
də kitablarını
kompyuterdə yığırlar. Bunların
hamısı çox gözəl, səmərəli və
artıq qaçılmazdır. Lakin ən
ağıllı robotlar adi canlı insanı əvəz edə
bilmədikləri kimi, elektron kitabların da canlı
kitabları əvəz etməsi mümkün deyil.
Yaxşı ki, dünyanın zəkalı insanları,
xüsusilə Qərb alimləri kompyuterin, mobil telefonların
həyatımıza gətirdiyi bəlalar, insanların
sağlamlığına vurduğu ziyanlar və s. barədə
artıq açıq fikirlər söyləməyə
başlamışlar və hər dəfə bu həqiqəti bildirən məlumatlara
rast gəldikcə ürəyimdə
gur səslə deyirəm: “Yaşasın əlahəzrət
kitab!”
– Bəhruz
müəllim, sizcə, naşir kimdir?
–
Yaxşı sualdır. Təbii ki, hər bir
xalqın tarixini yaradanlar onun yetişdirdiyi ən zəkalı
insanlar, əzmkar liderlər, tarixi şəxsiyyətlər və
onlara inanıb arxasınca gedən xalqın özüdür.
Həmin tarixi yazılı ədəbiyyata, mənbəyə
çevirənlər tarixçi-alimlər,
yaradıcı-ziyalı insanlardırsa, bu yazılanları
kitaba çevirib gələcək nəsillərə, digər
xalqlara ötürənlər, necə deyərlər, nəfəs
verib yaşadanlar isə naşirlər və
poliqrafçılardır. Bura xalqın
milli mədəniyyətini, ədəbiyyatını və s.
əlavə etsək naşirliyin,
poliqrafçılığın nə qədər
lazımlı və şərəfli bir peşə, nəşriyyat-poliqrafiya
sahəsinin isə nə qədər gərəkli və vacib
bir sahə olduğu bir daha aydın görünər.
Lakin təxminən, 13 il bundan əvvəl qəbul edilmiş
və bu gün də hələlik qüvvədə olan “Nəşriyyat
işi haqqında” qanunda çox yanlış olaraq “naşir”
nəşriyyat məhsulunu maliyyələşdirən, nəşriyyat
sahəsi ilə əlaqəsi olmayan fiziki və ya hüquqi
şəxslər kimi izah olunur (I Fəsil, maddə 1). Belə
çıxır ki, naşirlik pulla əldə oluna biləcək
bir statusdur, yəni pulu olan hər kəs kiçik bir nəşr
məhsulunu maliyyələşdirməklə naşir ola bilər. Bəs onda əsl
naşirlər kimlərdir? Məncə, bu sözü
“sponsor” sözü ilə dəyişik salıblar. Bəlkə də, bu, texniki bir xəta üzündən
olub. Lakin mən dəfələrlə
demişəm, yenə də deyirəm, bütün hallarda bu,
tariximizin, elmimizin, mədəniyyətimizin və xüsusilə
də ədəbiyyatımızın bu gününü gələcəyə
daşıyan şərəfli bir peşə sahiblərinə
qarşı böyük hörmətsizlikdir.
– Bəs
bu sözün düzgün izahı necədir?
–
Naşir bütün nəşr proseslərinə rəhbərlik
edən şəxsdir – qısaca bunu belə izah etmək olar.
– Bir az da kitab nəşrindən, ona naşir
münasibətindən danışaq.
– “Təhsil
Nəşriyyat-Poliqrafiya“ birliyinin
girişində böyük hərflərlə bir cümlə
yazmışıq: “Pis kitab yoxdur, pis naşir var!”
Gözəl fikirdir, deyilmi? Çünki pis (zəif)
adlandırdığımız hər hansı bir kitabdan belə
yaxşı nə isə öyrənmək olar. Ona görə də,
şəxsən mənim üçün hər bir kitab qiymətlidir.
Lakin dolğun məzmunlu, keyfiyyətli nəşr edilmiş
kitab isə böyük anlamda əvəzsiz sərvət,
yüksək mənəvi dəyərdir.
Çox
təəssüf ki, kitabların yazılmasında, nəşri və çapında, ona oxucu
münasibətində hələ də xeyli qüsurlar və
xoşagəlməz hallar var. Bu sahədə elə
nöqsanlara rast gəlmək
olur ki, bəlkə də, onlar kompyuterin insanların
sağlamlığına vurduğu ziyandan daha çoxdur.
Başlayaq elə nəşriyyat və mətbəələrdən. Ən
dolğun məzmunlu kitabı da elə pis görkəmdə təqdim
etmək olar ki, oxucu nəinki onu alıb oxumaq, hətta
bağışlasalar belə, kitab rəfinə qoymaq istəməz.
Əksinə, məzmunca o qədər də dolğun olmayan
bir kitabı peşəkar naşir elə gözəl tərtibatda,
zövqoxşayan dizaynda və yüksək poliqrafik keyfiyyətdə təqdim edər ki, oxucu nəinki
onu istənilən qiymətə alar, hətta (oxumasa belə)
sevə-sevə vərəqləyər, şəkillərinə
baxar (indi çoxu belə edir) və rəfinin də ən
görkəmli yerinə qoyar. Başqa sözlə
desək, kitabın yüksək dəyərini,
ucalığını, mötəbərliyini qoruyub saxlamaq
üçün naşirdən yüksək peşəkarlıq,
zövq və xüsusi yanaşma tərzi tələb olunur.
Deyirlər, kitabın redaktoru onun ikinci müəllifidir.
Naşirlər və poliqrafçılar isə
ona nəfəs verən, həyat və ömür bəxş
edən şəxslər, obrazlı desək, valideynləridirlər. Bəli, əsl
naşir üçün nəşr etdiyi hər bir kitab onun
övladı kimidir. Kitaba ilk münasibəti,
sevgini də məhz naşir yaradır. Oxucu
kitabı əlinə alıb vərəqlədikdə,
naşirin onu xüsusi qayğı ilə, içindən gələn
sevgi ilə hazırladığını duymalıdır.
Bu, onda yüksək əhvali-ruhiyyə yaradar.
Əgər kitab həm də oxunaqlı və
dolğun məzmunlu olsa, oxucu onu, necə deyərlər, birnəfəsə
oxuyar və bundan həzz alar, hətta başqalarına da
oxumağı tövsiyə edər. Yaxşı
kitab bax belə yayılır. Bəzən
belə təbliğat qəzetdə, internet saytlarında verilən
elanlardan daha effektli olur. Fikrimi izah etmək
üçün qısa bir əhvalat danışım: lap bu
yaxınların söhbətidir. Tanışlarımdan
biri məndən M.Ə.Sabirin yenicə nəşrdən
çıxmış “Hophopnamə“sini hardan əldə edə
biləcəyini soruşdu. Mən açığı kitab verməkdən
qaçmaq üçün: “Necə yəni, bəyəm bu
günə qədər səndə “Hophopnamə“ yoxdur?
Gör neçə dəfə nəşr olunub“ – deyə soruşdum.
O: “Yox ey, varımdı, özü də iki nəşrini
almışam, ikisini də oxumuşam. Amma əlimdə
çözələnib gedib, cildləri də cırıq-cırıq olub. Kitabın heç vərəqlənməyə belə
heyi qalmayıb. Son nəşri isə
gözəl dizaynda, mükəmməl və çox keyfiyyətli
buraxıblar. O gün bir nəfərdə gördüm.
Ölürəm də yaxşı kitab üçün, o da
ola Sabirin kitabı. Qardaş,
gör bizim nə qədər nəhəng yazarlarımız
var ey?! Evdə on kitab şkafın olsa, yenə azdır,
oxu ki oxuyasan...“ – dedi.
Düzü,
onun sözləri ürəyimə yağ
kimi yayıldı. Elə yumşaldım ki, yeni
çapdan çıxmış “Hophopnamə“dən başqa
ona 3–4 əlavə kitab da hədiyyə etdim. (Hər zaman adamın əlinə belə kitabsevər
düşmür axı.) Kitabları
görəndə gözləri böyüdü. Uşaq kimi elə sevinirdi ki, elə bil ona
dünyanı bağışlamışdılar.
Kitabları xüsusi aclıqla vərəqləyir, az qala elə mənim otağımdaca oxumaq istəyirdi...
Yola
salanda o:
–
Qardaş, sən mənə kitab yox, elə bil həyat
bağışladın. Allah səni sevindirsin.
Ancaq utanıram da deməyə, yoldaşlardan
çoxu bu kitablardan almaq istəyir. Bunları
haradan almaq olar?
–Təəssüf
ki, bu kitablar cənab Prezidentin sərəncamı ilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən sifariş edilən
yubiley kitablarıdır, satış üçün deyil.
O, məyusluqla:
“Heyif, heyif“ – dedi.
Bu kəlmələrin altında gör neçə-neçə
naşirin, kitabsevərlərin arzuları yatır.
– Naşirlər
haqqında, onların nəşr işlərində rolu və
kitaba münasibəti haqqında, qısa da olsa, maraqlı
fikirlər söylədiniz.
Xahiş edirəm, bir az da
poliqrafçılar haqqında danışasınız.
–
Bildiyimiz kimi nəşriyyat işinin 3 əsas qolu var:
Birinci qol – yaradıcılıq işləri, yəni nəşriyyat
prosesləridir. Bura kitabın (kağızın)
ölçüsündən, şrift növlərindən
tutmuş ədəbi, bədii və texniki redaktəyə, rəssam
işlərindən başlamış korrekturaya, dizayna,
kompyuter icrasına, xammal və material çeşidlərinin
seçilməsinə və s. qədər olan proseslər
aiddir.
İkinci qol – istehsalat işləridir ki, bura
bütün poliqrafik proseslər aiddir.
Üçüncü qol isə kommersiya qoludur. Yəni
hazır məhsulun realizasiyası, başqa sözlə desək,
kitabın satışının təşkilidir. Bu
qolların hər birinin kitab nəşri işində
çox böyük rolu var. Onlar bir-birinə zəncirvari
bağlı və bir-birindən asılı proseslərdir. Hərəsi
haqqında ayrıca danışıb incəliklərini
açmaq üçün azı bir kitab yazmaq lazımdır
ki, “Nəşriyyat işinin əsasları“
kitabında biz buna cəhd etmişik.
Poliqrafiya haqqında isə qısaca onu demək olar ki, mətbəə
işi kitab nəşrinin özəyində duran həlledici
bir prosesdir.
Yuxarıda
söhbət açdığımız bütün amillərin
uğuru, reallaşması məhz poliqrafik proseslərin düzgün həyata
keçirilməsi ilə bağlıdır. Başqa
sözlə desək, müəllifin və nəşriyyatın
gərgin əməyinin nəticəsi poliqrafik icradan çox
asılıdır. Yuxarıda obrazlı şəkildə
dediyimiz kimi, kitabı bir övlad hesab etsək, onun valideynlərindən
biri naşirlərdirsə, ikincisi poliqrafçılardır.
Azərbaycanda nəşriyyat-poliqrafiya işinin tarixi
çox qədim olmasa da, bizim bu sahədə gözəl ənənələrimiz
var. Hər dövrün öz şərtlərinə cavab verən
bir çox gözəl nəşr nümunələrimiz
mövcuddur.
Bu iş indi də uğurla davam etdirilir. Müstəqilliyin bəxş
etdiyi azad-demokratik imkanlar zəminində son illər Azərbaycanda digər
sahələr kimi nəşriyyat-poliqrafiya sahəsi də
xeyli inkişaf etmişdir. Son illərdə
güclü bazaya və imkanlara malik bir neçə
nüfuzlu nəşriyyat və poliqrafiya müəssisələri
də formalaşmış və bu işin uzmanı olan
görkəmli naşirlərimiz yetişmişdir. Onların hazırladığı gözəl nəşr
nümunələri nüfuzlu beynəlxalq kitab sərgilərində
və müsabiqələrində yüksək mükafatlar
qazanmışdır. Heydər Əliyev
Fondunun bir sıra nəşrlərini ən müasir və
yüksək keyfiyyətli nəşr nümunələri
hesab etmək olar. “Təhsil“ nəşriyyatının
kitabı Azərbaycan nəşriyyat tarixində ilk dəfə
olaraq, hətta “Qran-pri” almış, ötən il Avropa
miqyasında keyfiyyətə görə “Qızıl medala“,
müasir kommunikasiya sistemlərindən səmərəli
istifadə edərək yüksək keyfiyyət əldə
etdiyinə görə, “Qızıl delfin“ mükafatlarına
və s. layiq görülmüşdür. “Şərq-Qərb”,
“CBS“, “Aspoliqraf”, “Çaşıoğlu” və s. nəşriyyat-poliqrafiya
birlikləri də böyük uğurlar qazanmışlar.
Respublikada dərslik çapında da
böyük irəliləyişlər var.
– Amma nə
yazıq ki, bu, kütləvi deyildir. Axı 3–5
gül ilə yaz olmaz.
–
Çox təəssüf ki, doğru deyirsiniz. Azərbaycanda
(Bakıda) ən müasir çap texnologiyalarına və
güclü bazaya malik 4–5, bir az onlardan
aşağı isə 7–8 mətbəə var. Sırf nəşriyyatlara
gəldikdə, təəssüf ki, onların sayı bir əlimizdə
olan barmaqların sayından yuxarı çıxmır.
Mən geniş imkanlara malik, stabil
çalışan əsl nəşriyyatları nəzərdə
tuturam. Əlbəttə, bu, çox
azdır və həm də onlar pis reklam olunurlar. Bəlkə də, buna görədir ki, bir çox
sifarişçilər, əsasən, xarici ölkələrə
üz tuturlar. Ancaq bu bədbinliyə əsas
olmamalıdır. Çünki hər şeyin
başlanğıcı bir az çətin
olur. Mən fürsətdən istifadə edib
sifarişçilərə də demək istərdim ki,
Bakıda onların hər cür tələblərinə
cavab verə bilən nəşriyyat və poliqrafiya müəssisələri
mövcuddur. Sifarişlərini burda ən yüksək keyfiyyətlə,
həm də xeyli ucuz qiymətə
yerləşdirə bilərlər. Lüzumsuz
halda pullarını xaricdə xərcləməyə ehtiyac
yoxdur.
Lakin məni daha çox narahat edən başqa məsələdir.
–
Piratçılıq?
– Bəli,
bu dəfə də düz təxmin etdiniz. Ancaq ondan da çirkin və qorxunc əməl olan qanunsuz
kitab çapı, xüsusilə də dərsliklərin
çapıdır. Mən bunları “saxta”
kitablar adlandırıram, onlar uşaqlarımızı, həqiqi
mənada, zəhərləyir, yeniyetmələrimizin
sağlamlığına və zəkasına ciddi ziyan vurur.
– Necə?
– Bu,
çox geniş söhbətdir, amma çalışaram
çox qısa bir anlayış yaradım. Bilirik
ki, kitab çapında kağız, karton kimi xammallardan və
onlarca digər əsas və köməkçi materiallardan
istifadə olunur (metal təbəqələrdən, cürbəcür
boyalardan, yapışqanlardan, laklardan, sellofanlardan, kimyəvi
maddələrdən və s.). Bunların hər birinin də
müxtəlif növləri və çeşidləri var. Məsələn, kağız
sellülozdan və çoxlu sayda tullantılardan, o cümlədən,
ekoloji cəhətdən
ziyanlı materialların tullantılarından
hazırlanır. Ona görə də kitab kağızı,
ayrılıqda dərsliklər çap olunan kağızlar digər növ
çap məhsullarının, hətta qəzetlərin belə
çapı üçün nəzərdə tutulan
kağız növlərindən
fərqlənir. Əsas fərq də onun
tərkibinin kimyəvi cəhətdən daha təmiz və
ziyansız olmasındadır. Bu fərqi
daha yaxşı duymaq üçün əsl nəşriyyatlarda
(mətbəələrdə) hazırlanmış bir dərsliklə
qanunsuz çap edilmiş saxta dərsliyi tutuşdurmaq və
onları qoxulamaq kifayətdir. Təbii ki, keyfiyyətli və
keyfiyyətsiz bütün mallar kimi, kağızların
da qiymətində müəyyən fərqlər var. Boya,
yapışqan və başqa materiallar da onun kimi.
– Sizcə,
bu kağız növləri arasında bu qədər keyfiyyət
fərqi olmasının səbəbi nədir?
– Əlbəttə,
ən
başlıcası
bazarın tələbatı və qiymət. Bir də həmin kağızların istifadə təyinatı.
Axı kağızdan təkcə çap məqsədilə, həm də
kitab-dərslik çapında istifadə etmirlər. Məsələn,
bir sıra çap məhsulları ilə, o cümlədən,
qəzetlərlə istifadəçinin (oxucunun) təması bir neçə
dəqiqə, ən çoxu yarım-bir saat olur. Kitablar, özəlliklə dərsliklərlə isə
oxucunun yaxın təması illərlə olur.
Uşaqlar onları özlərinə daha yaxın tutur, istər-istəməz
əllərini sürtür, sonra isə həmin əlləri
ağzına, gözünə vurur və s. Ərzaq, sənaye
və s. mallarının bükülüb qablanmasından
tutmuş əlsilənlərin, kabellərin, divar
kağızlarının, qapı üzlüklərinin,
pulların və s. hazırlanmasında istifadə
üçün müxtəlif növ və çeşidlərdə
kağızlar istehsal olunur. Təbii ki, hər növün,
çeşidin də özünə uyğun qiymətləri
var. Yalnız pul qazanmaq məqsədilə qanunsuz yolla saxta
kitablar çap etmək kimi alçaq işə qurşanan
şərəfsiz insanlar (bunu başqa cür deyə bilmərəm),
əlbəttə ki, hər şeyin ucuzuna, yəni keyfiyyətsizinə
qaçır. Bu dərsliklərin nəşr proseslərinə
(yığım, dizayn, rəssam və müəllif
qonorarları və s.) bir manat da xərcləməyən və
bütün növ vergilərdən yayınan, üstəlik
çap zamanı ucuz və keyfiyyətsiz materiallardan istifadə
edən belə “işbazlar” görün nə qədər
para əldə edir. Təəssüf ki, bir
çox valideynlər də beş-on qəpik qiymət fərqinə
aldanıb onları alırlar. Nəticədə
sağlamlığı pozulan uşaqlar, zərər çəkən
isə onların özləri ilə bərabər valideynlər
və bütün cəmiyyət olur. Biz
“zəhər“lənir dedikdə heç də tərkibində
ziyanlı maddələri olan hansısa ərzaq məhsulunun
bu gün yeyilib, sabah büruzə verməsini nəzərdə
tutmuruq. Təəssüf ki, burada məsələ
daha qəlizdir. Həmin zəhərli maddələr
tədricən gözdə, ciyərlərdə, nəticə
etibarı ilə qanda müəyyən xəstəliklər
yaradır ki, bu da ağlasığmaz bəlalara səbəb
olur.
– Bəs
bunların qarşısı necə alınmalıdır?
– Bu
işlərlə 20 ilə yaxın bir dövrdə
apardığımız mübarizə bizə kifayət qədər
təcrübə qazandırmışdır. Biz
deyəndə, təkcə bir qrup nəşriyyatları nəzərdə
tutmuram. Müəllif Hüquqları Agentliyini,
hüquq-mühafizə və vergi orqanlarını, Təhsil
Nazirliyini, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasını, eləcə də mətbuat və
televiziyanı nəzərdə tuturam. Bu illər
ərzində xeyli işlər görülüb, təkliflər
irəli sürülüb və s. Lakin
açığını deyək ki, bütün bunlar o qədər
də bəhrə vermədi. Bu sahədə
ən səmərəli addımı 2003-cü ildə
dövlət atdı. Ümummilli liderimiz Heydər Əliyevin
“Yoxsulluğun aradan qaldırılması...” ilə
bağlı tarixi fərmanına uyğun olaraq, əvvəlcə
ibtidai sinif dərslikləri, sonra iş dəftərləri,
daha sonra isə bütün orta məktəb dərslikləri
dövlət vəsaiti hesabına
nəşr etdirilərək şagirdlərə
pulsuz hədiyyə edildi və
bununla da, saxta dərsliklərin satışının
qarşısı yarıbayarı azaldı. Bu gün də bu gözəl
iş davam etdirilir, lakin dörd ildən bir. Həmin dərsliklər
təkrar istifadə üçün məktəb
kitabxanalarında saxlanılır. Arada qalan 3 il ərzində isə cəmi 25–30% həcmində
çap edilir. Görünür, valideynlərin
və məktəblilərin çoxu yeni dərs ilinə yeni
dərsliklərlə başlamağa üstünlük verirlər
və bu zaman da həmin “işbazlar” fəaliyyətə
keçirlər.
– Bəlkə,
dərsliklər qalın cilddə buraxılsa...
– Xeyr, bu da
tam çıxış yolu deyil. Əvvəla,
bu dərslikləri qalın cilddə buraxmaqla, onu ikinci dəfə həmin tirajla
çap etmək arasında maliyyə vəsaiti
baxımından o qədər də fərq yoxdur. İkincisi, bu, standartlara uyğun deyil, ən azı
ekoloji təmizlik, sağlamlıq, maliyyə və təhlükəsizlik
baxımından.
—
Xahiş edirəm, bu məsələyə bir az
aydınlıq gətirin.
– Maliyyə
məsələsini qısa da olsa, dedik. Keçək
ekoloji təmizlik və sağlamlıq məsələsinə.
Məlumdur ki, qalın (sərt) cildli kitablarda əlavə
olaraq kartondan, yapışqandan və s. materiallardan istifadə
olunur. Bunlar isə cild örtüyünün
altında qalır. Bu materialların nə qədər
ziyansız növləri olsa da, nəticədə onlar kimyəvi
üsulla istehsal olunurlar və onların nə dərəcədə
keyfiyyətli növündən istifadə olunduğunu yoxlamaq üçün
mütləq hazır məhsulun (kitabın) üz
örtüyünü və ya forzası qoparmaq
lazımdır ki, bu da mümkün deyil. Qalın
cildli kitab yumşaq üzlüdən xeyli ağır olur.
Qalın cildli kitabların sərt qapaqları ilə
uşaqlar bir-birinə, hətta bədən xəsarəti
yetirə bilərlər və s.
Həm də
əksər dərsliklərin ölçüsü və həcmi
onları qalın
cilddə buraxmağa imkan vermir. Yəqin, bu səbəblərə
görə də dünyanın heç bir ölkəsində
orta məktəb dərslikləri qalın cilddə buraxılmır.
Nəhayət, düşünürəm ki, dərsliklərin
üzlərini sərt, cildlərini qalın etməkdənsə,
uşaqlarımıza kitabla davranış mədəniyyətini
öyrətmək daha doğru olar və bu, onlara həmişə
gərək olar.
– Bir tərəfdən
narkotikaya meyillilik,
siqaretin vurduğu ziyanlar, ekologiya problemləri, keyfiyyətsiz ərzaq
məhsulları, elektron şüalanmalar, daha nələr-nələr...
Bir tərəfdən də qeyri-qanuni yolla
çap edilən saxta dərsliklərin vurduğu ziyan.
Bir ziyalı, təcrübəli bir naşir kimi
çıxış yolunu nədə
görürsünüz, bunun qarşısını necə
almaq olar?
– Ancaq
sivil yolla. Düşünürəm ki, dünyanın bir
çox inkişaf etmiş ölkələrində olduğu
kimi bizdə də dərslik komplektləri dörd ildən bir
deyil, hər il dövlət vəsaiti hesabına nəşr edilib
şagirdlərə pulsuz verilməlidir. Digər
bütün sahələrdə olduğu kimi, ulu öndərimizin
uzaqgörənliklə təməlini qoyduğu bu siyasət də,
yəqin ki, davam etdiriləcəkdir. Belə olarsa,
qeyri-qanuni yolla çap edilən saxta dərslikləri alan olmaz və bu məsələ birdəfəlik
həll edilmiş olar. Fikirlərimi ölkə
başçısı cənab İlham Əliyevin təhsillə
bağlı söylədiyi dərin məzmunlu sözlərlə
yekunlaşdırmaq istəyirəm: “...təhsilə diqqət
ölkə üçün həlledici məna daşıyan
bir siyasətdir. Əgər təhsillə
bağlı məsələlər düzgün həll
olunmasa, bu siyasət, bizim bütün başqa
uğurlarımız heç bir səmərə verməz”.
Gülnar MAYİSQIZI
Redaksiyadan: Müsahibə “Naşir”
jurnalının 1-ci sayından götürülüb.
525-ci qəzet.-
2013.- 13 mart.- S.5.