Deputat Sevinc Hüseynova:
“Məni axtaran yoxdur
“KİV-lə əməkdaşlıq qura
bilmirəm”
Bakı. Mübariz
Aslanov - APA. Milli Məclisə hakim Yeni Azərbaycan Partiyasının
(YAP) Gədəbəy rayonundan
seçilən deputatı
Sevinc Hüseynovanın
APA-ya müsahibəsi
- Deputat seçilənə
qədər fəaliyyətinizin
nədən ibarət
olduğunu bilmək istərdik….
- Milli Məclisə
deputat seçilənə
qədər dövlət
qulluğunda çalışmışam. Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra doğulduğum Gədəbəy
rayonuna qayıdaraq, əvvəlcə uzun müddət rayon torpaq şöbəsində müfəttiş
vəzifəsində, daha
sonra Rayon Gənclər
və İdman İdarəsinin rəisi,
rayon İcra Hakimiyyəti
başçısının müavini, ardınca Gənclər və İdman Nazirliyində şöbə müdiri işləmişəm.
- Bəs niyə Sizə elə gəldi ki, deputatlığa namizəd
olmalısınız?
- Təklif üzv olduğum hakim Yeni Azərbaycan Partiyasından
gəldi və namizədliyimi bu təklif əsasında irəli sürdüm. Yəni namizədlik öz təşəbbüsümlə yox, partiyanın məsləhəti ilə
olub. Buna da səbəb indiyə qədər işlədiyim sahələrdə
göstərdiyim xidmətlərə
partiya tərəfindən
verilən qiymətdir.
- Amma parlament seçkilərindən 3 ilə
yaxın vaxt keçməsinə baxmayaraq,
mətbuat sizi fəaliyyəti olmayan deputat kimi xarakterizə
edir. Hətta cəmiyyətdə əksəriyyə sizi deputat kimi tanımır.
Niyə?
- Ola bilər ki, bu, ya mənim
zəifliyimdir, ya da mənim KİV-lə əməkdaşlıq
qura bilməməyimdir.
Ancaq Sosial siyasət komitəsində hansısa
qanun layihəsinin müzakirəsi zamanı fikirlərimi bildirdiyim vaxt olub, plenar
iclaslarda da çıxışlarım olub.
Bundan başqa, KİV-dən hansı jurnalist mənimlə ünsiyyət
qurmaq istəyirsə,
mən ona “yox” deməmişəm.
Eyni zamanda bacardığım
qədər QHT-lərin
tədbirlərində də
iştirak edirəm, çıxışlar edirəm.
Seçicilərlə münasibətdə də daim fəalam.
- Dediniz ki, KİV-lə münasibət qurmağı bacarmırsınız.
Nədir
mane olan?
- Nə bilim. Buna
jurnalistlər özləri
də cəhd etməlidirlər. Məsələn, siz neçə gündür zəng etdiniz, amma mən
sizə imtina etmədim. İnanmıram
hansısa jurnalist, ya da operator desin ki, mənə
yaxınlaşmaq istəyib,
amma mən onları yaxına buraxmamışam.
- Sevinc xanım, jurnalistlər adətən
o deputatla maraqlanırlar
ki, o, hansısa layihənin, ictimaiyyət üçün ciddi maraq doğuracaq təklifin müəllifi olsun. Sizdə indiyədək belə
bir şey olub ki, bu
medianın nəzərindən
qaçsın?
- Deməli, sözünüzdən
belə çıxır
ki, millət vəkili hansısa ciddi tənqidi çıxış etməsə,
yaxud nəsə təklif etməsə, mətbuat onunla maraqlanmır? Amma bir dəfə
mənim Sosial siyasət komitəsinin iclasında gənclərlə
bağlı çıxışım
olub, bir dəfə də bir hərbi qanunla bağlı. Bundan başqa, Gədəbəydə
bir sosial problemlə bağlı çıxışım olub,
o zaman media məni axtara bilərdi, amma axtaran olmayıb.
Həm də bir şey
var ki, şou
xarakterli bir çıxış, məsələ
olanda jurnalistlər dərhal o deputatı axtarırlar. Amma bayaq
sadaladığım daha
dərin məsələlərlə
bağlı jurnalistlərdə
araşdırma apararaq
deputatı ona münasibət bildirməyə
sövq etmək yoxdur.
- Sizcə, bu sadaladığınız məsələlərə
görə mətbuat
sizi axtarmalıdır?
- Bəli. Siz jurnalistlər deputatın
fəaliyyətinin güclü
olmasını yalnız
onun parlaq çıxışları, ciddi
təklifləri, layihə
müəllifi olması
ilə qiymətləndirirsiniz.
- Biz qiymətləndirmirik, deputatın
fəaliyyətinin əsas
istiqaməti adətən
bundan ibarət olur...
- Mən də etmişəm. Necə yəni, siz
deyirsiniz ki, mən heç bir təklifin müəllifi olmamışam?
Gedin stenoqramı araşdırın,
tapacaqsınız. Yəni
demək istədiyim odur ki, mənim
elə bir təklifim olub, amma mənimlə maraqlanmamsınız...
- İddia olunur ki, sizin Gədəbəydə
uzun zamandır yaratdığınız böyük
bir biznesiniz var və siz
daha çox bununla məşğulsunuz...
- Nə?! Bu haradan
çıxdı? Mənim heç
bir biznesim yoxdur, mən ancaq deputat fəaliyyəti
ilə məşğulam
və başqa bir sahədən gəlirim yoxdur.
- Eyni zamanda iddia
olunur ki, məhz heç kimin tanımadığı
bəzi deputatlar kimi, siz də
yüksək vəzifəli
şəxslərlə qohumluq
əlaqələrinizə görə
deputat seçilmisiniz...
- Xeyr, yuxarı dairələrdə qohumum
yoxdur. Amma öz tutduğum
postdan yuxarı olmayan dövlət qulluğunda işləyən
qohumlarım var. Mən
öz fəaliyyətimə
görə deputat seçilmişəm, hansısa
əlaqələrə görə
yox. Moskva Dövlət Universitetinin
bitirəndən sonra orada mənə təkliflər də oldu, amma mən
Vətənə qayıtdım
və dövlət qulluğunda göstərdiyim
fəaliyyət, ona verilən qiymət nəticəsində Milli Məclisə seçildim.
- Deputatlıq fəaliyyətində
başlıca vəzifələrdən
biri qanunvericilik təşəbbüsünün müəllifi olmaqdır.
Sizin belə bir müəllifliyiniz olub?
- Rəsmi olaraq elə bir təşəbbüsün
müəllifi olmamışam.
Amma valideyn himayəsindən məhrum
olan uşaqların pulsuz ali
təhsil alması ilə bağlı son vaxtlar gündəmdə olan məsələ ilə bağlı komitənin iclasında çıxış etmişəm.
- Seçicilərinizi nə
dərəcədə qane
edirsiniz? Onlar hansı problemlərlə
bağlı müraciət
edirlər və siz hansı problemləri indiyədək
həll etmisiniz?
- Seçicilər əsasən
icraedici orqanlarla bağlı müraciət
edirlər. Sosial müavinətlərin verilməsi və s.-lə bağlı məsələlər olur
ki, həllinə nail oluruq. Təmsil etdiyim rayon dağlıq
rayon olduğu üçün
yol, qaz məsələləri ilə
bağlı müraciət
edirlər. Bizim rayonun
25 kəndinə qaz çəkilişi aparılıb
və bu, indi də davam
edir. Təbii ki bunların
hamısı mənim
dairəmə düşmür.
Bundan başqa, elektrik enerjisi ilə təchizat məsələsi
ilə bağlı seçicilərin müraciətləri
olub ki, bu da mənim
təklifimlə dövlət
tərəfindən yüksək
səviyyədə təmin
olunub. Yəni əsas müraciətlər
qaz, işıq və yol ilə
bağlıdır ki,
bunun da əsas etibarı ilə həllinə nail olmuşuq.
- Növbəti dəfə deputatlığa namizədliyinizi
vermək fikriniz var?
- Əgər seçicilərimin
və üzv olduğum YAP-ın etimadını doğrultsam,
əlbəttə, var.
- Siz bir xanım
kimi deputatlıq fəaliyyəti ilə yanaşı, ev
işlərinə nə
qədər vaxt ayıra bilirsiniz? Ailəlisiniz?
- Xeyr, ailəli deyiləm. Valideynlərimlə
yaşayıram və
çalışıram ev işlərinə də çox vaxt ayırım. Daha çox evdə təmizlik işləri ilə məşğulam.
- Bəs nə əcəb sizin kimi gözəl bir xanım indiyədək ailə qurmayıb?
- Bunu nəyə görə soruşursunuz?
- İctimai maraq kəsb edir, ona görə...
- Hə... Deməli, ictimai maraqdan
irəli gələrək
soruşursunuz. İstəməzdim bu barədə danışmaq, çünki
bu könül işidir. Yəni gərək bu,
insanın könlündən
gəlsin ki, olsun.
- Sizə xoşbəxtlik arzulayıram...
- Çox sağ
olun!
525-ci qəzet.- 2013.- 13 mart.- S.3.